Dalımca bir qara şeytan hərlənir,

 

Haraya gedirəm izləyir məni.

Yanımda, yörəmdə elə girlənir,

Qurbanlıq quzutək gözləyir məni.

 

Yaman arxayındı fitnə-felinə,

Heyrətə gətirir – fələk deyirsən.

Elə inandırır buğda dilinə,

Belə yaranmayıb mələk deyirsən.

 

İçimdə elə hey ocaq qalayır,

Alova döndərir, gülləyir məni.

Səbrimi basıram – dodaq sallayır,

Qəzəbim tutdumu – yelləyir məni.

 

Hiyləsi, kələyi əbədi sənət,

Adamı yerindən qaldırmağı var.

Atdığı çamurdu, qazancı lənət,

Adamı adama saldırmağı var.

 

Bir zəif görəndə, dərdli görəndə,

Girər qılığına, tumarlayar tez.

Çıxardar dağlara günün birində,

Dağların başından yuvarlayar tez.

 

Fitnədən yoğrulub mayası tamam,

Bilmirsən böyründə haradan çıxır.

Hey ara vurmaqdı qayəsi tamam,

Aranı qatdımı – aradan çıxır.

 

Düz sözü Allahım söyləyər mənə,

Çəkdiyim bəsimdi – dağlıdı qəlbim.

Yüz şeytan yığıla neyləyər mənə,

Şeytana, iblisə bağlıdı qəlbim.

22.02.2013

 

Qış və əcəl

 

Qış qəfildən gəlməyir,

Əvvəl düşür dağlara.

Meşələri adlayır,

Sonra gəlir bağlara.

Sonra qırov, sırsıra,

Dalınca gəlir özü.

Bir də baxıb görürsən

Qapıda gülür üzü.

 

Əcəl də qış kimidi, –

Çox uzaqdan başlayır.

Süləngi itlər kimi

Sonra qapılar sayır.

Gəldimi – aparacaq,

İstəyirsən çıx Aya.

Ordan-burdan çıxan səs

Xəbəridi hamıya.

25.03.2013.

 

Bu qərib axşamın qəribi mənəm

 

Bu qərib axşamın qəribi mənəm,

Payız səmasıyam, elə dolmuşam...

Bir həzin kamana dönübdür sinəm,

Elə bil anasız körpə olmuşam.

 

Görünmür gözümə nə dövlət, nə mal,

Dünya gözlərimdə heç olub gedir.

Gözümdə həsrətdir, könlümdə məlal,

Ötənlər, keçənlər köç olub gedir.

 

Nələrdən keçdiyim gözümə durur,

Çəkdiyim zəhməti dananlar danır.

Çörək verdiklərim üzümə durur,

Özgə bildiklərim halıma yanır.

 

Səpib tökdüyümü yad götürübdü,

Bu qərib axşamda nəm çəkirəm, nəm.

Kipriyim bir ömür od götürübdü,

Geriyə baxanda heyrətlənirəm.

Maraqlar, məqsədlər qeylü-qal dadır,

Hər oğul elinə ad-san olmayır.

Ağaran bənizlər adam aldadır,

Doğulan hər adam insan olmayır.

 

Gələnlər nəslinə, kökünə çəkir,

Calana-calana kök də cırlaşır.

Çökənlər içində günbəgün çökür,

Cırlaşan bətində, kökdə cırlaşır.

 

Bu qərib axşamın qəribi mənəm,

Əllərim qalxmayır bir budaq əyəm.

Bir həzin kamana dönübdür sinəm,

Anasız tək qalmış uşaq kimiyəm.

21.03.2013.

 

Şəhla balama

 

Mən toy diləyində ikən qızım ağır bir dərdə tutuldu. İyirmi il evdə bu faciəni yaşadıq. Toya, qələmə, sözə həsrət qaldım. Nəhayət, bir dəfə mənə çay gətirə bildi.

 

Bax mənim gözümdə fərəhdən yaşa,

Süfrələr açırsan, çay gətirirsən.

Ömrümün yayında düşmüşdüm qışa,

Ömrümün qışında yay gətirirsən.

 

Usandım gələnin qınaqlarından,

Sən keçdin Tanrının sınaqlarından.

Əzabın, zillətin caynaqlarından,

Dünyanı sən mənə pay gətirirsən.

 

Nələr yaşamadıq biz dədə-bala,

Heç əksik olmadı başından bəla.

İndi sağalırsan, gəlirsən hala,

Dağları sən mənə tay gətirirsən.

 

İllərdi hayımda haya həsrətəm,

Payıza həsrətəm, yaya həsrətəm.

Evimdə bir ömür toya həsrətəm,

Çay nədir, sən mənə toy gətirirsən.

18.02.2013

 

Qaldı

 

Yola çıxdm, mənzil aldım,

Sislik elə sisə qaldı.

Sazaq oldu, od qaladım,

Hislik elə hisə qaldı.

 

Bulaqlardan içib getdim,

Sözü sözdən seçib getdim.

Səd çəkdilər, keçib getdim,

Pislik elə pisə qaldı.

 

Qazancı nə yaman kəsin,

Qazanmışam, yeyən yesin.

Yeyən yesin, deyən desin:

O Cavaddan nəsə qaldı.

22.01.2013

 

Elə mayalanıb çiliyin sənin...

 

Döşünə verirsən bacılarını,

Bacı kölgəsində kölgələnirsən.

Bacılar çəkirlər acılarını,

Gümandan gümana bəlkələnirsən.

 

Mataha dönürsən, novruzlanırsan,

Yeyirsən, içirsən, sərələnirsən.

Fərələr yanında xoruzlanırsan,

Xoruzlar görəndə fərələnirsən.

 

Söz deyən yanında sözün olmayır,

Söz deyən yanında diligödəksən.

Qabağa çıxmağa üzün olmayır,

Qabaqda gedənə qoşqu-yedəksən.

 

Fitnədən yoğrulub iliyin sənin,

Bir duru baxışın, saf niyyətin yox.

Elə mayalanıb çiliyin sənin,

El mayalanıb – şəxsiyyətin yox.

 

Qabağa verirsən bacılarını,

Daldada, bucaqda girələnirsən.

Bacılar çəkirlər acılarını,

Ümidlər qoynunda kirələnirsən.

 

Ürəyə qidadı ümid, təsəlli,

Düşüncə zəhmətlə yarıbayarıdı.

Qardaşın bacısı bəllidən bəlli,

Bacının qardaşı tamam ayrıdı.

03.01.2013.

 

Nə qaldı ki

 

Cavan idim, bir kəs idim,

Başdan-başa həvəs idim.

Bir dünyaya mən bəs idim,

Məndən mənə nə qaldı ki?

 

Ha qazandım – saydılar hey,

Saydılar hey, soydular hey.

Hoydulara qoydular hey,

Məndən mənə nə qaldı ki?

 

Dünya gidi – gərlik itib,

Gər olanda zərlik itib.

Ər olanda ərlik itib,

Məndən mənə nə qaldı ki?

 

Çox yalvardım çox, özümə,

Heç baxmadı haq sözümə.

Daha sözüm yox özümə,

Məndən mənə nə qaldı ki?

 

Yaxşı düşdün oda, Cavad,

Vur dizinə, buda, Cavad.

Gəldim-getdim – bu da Cavad,

Məndən mənə nə qaldı ki?

Məndən mənə nə qaldı ki?..

20.02.2013

 

Gülüş miras

 

Birindən soruşdular haralısan,

dedi hələ evlənməmişəm.

Xalq misalı

 

Oğuldu bu,

Noğuldu bu.

Boy-buxunu tamaşa,

Təbərrikdi, təbərrik.

Yetişibdi gör necə,

Lap ərrikdi, lap ərrik.

Allah, bundan çox elə,

Allah çoxu yox elə.

 

Kasıb itinin adı

Qızıl, ya gümüş olar.

Öz yurdunu sevməyən

Bax, belə gülüş olar.

29.03.2013

 

Yapış

 

Fəsillərin tacı yazdı,

Qışdan çıxdın – yazdan yapış.

Tar da, saz da ayrılmazdı,

Tarı dinlə, sazdan yapış.

 

Dərd çəkənə sər qismətdi,

Dərdiyini dər – qismətdi.

Var-dövlət də bir qismətdi,

Varı qoru, azdan yapış.

 

Dünya nağıl, dünya yalan,

Biri satan, biri alan.

Qocalara qızdı qalan,

Oğulu sev, qızdan yapış.

24.01.2013

 

İkisi də

 

İkisi də yan-yana

Yarınmağa getdilər.

Yağdırıb tərifləri

Barınmağa getdilər.

Qayıtdılar bir azdan,

Biri çıxmışdı yaza,

Biri düşmüşdü qışa.

İkisi də göstərmə,

İkisi də tamaşa.

12.02.2013

 

Şam kimiyəm

 

Şam kimiyəm, şam,

Bərk tut məni.

Tutmursan,

qırağa qoy,

unut məni.

Şam kimiyəm, şam,

Yanmağa doğulmuşam.

 

Yandırsan

işığa, nura

dönüb gedərəm.

Üfürsən,

elə zərifəm –

sönüb gedərəm...

04.06.2012

 

Belə deyin

 

Mən bir sevda misalıyam,

Sevənlərin timsalıyam.

Bir kəlmədən asılıyam,

Ona elə belə deyin.

 

Ova çıxdım, qara düşdüm,

Qar sovurdu, tara düşdüm.

Ovçu idim, tora düşdüm,

Ona elə belə deyin.

 

Mən Cavadam, gəldim getdim,

Nələr çəkdim, bildim getdim.

Ayaq üstə öldüm getdim,

Ona elə belə deyin,

Ona elə belə deyin.

20.02.2013

 

Rübai

 

Qəzəbin, nifrətin – darlığın sənin,

Paxıllıq, xəbislik – karlığın sənin.

Canından çıxarsaq saydıqlarımı

Özün de, nə olar varlığın sənin?

31.12.2012

 

Nöqtə

 

Bir nöqtə bilirəm varlığını mən,

Varlığın yerləşir bircə nöqtədə.

Sən qara nöqtəcə göründüyündən,

Bir kitab söz deyir bircə nöqtə də.

 

Yaşamın eynidi, çölümün eyni,

Bir nöqtə çevrəsi hərlənməyin var.

Toplamın eynidi, bölümün eyni,

Bir nöqtə tutumu gərlənməyin var.

 

Bir tuma, toxuma sular içirib,

Bir kimə, kimsəyə əl tutmamısan.

Bir oğul böyüdüb, bir qız köçürüb,

Bir nəvə qazanıb bal tutmamısan.

 

Yaxşıca batmısan zığa, lığa sən,

O zığdan o yana nə var yadında?

Bir qara ləkəsən insanlığa sən,

Bir qara ləkəsən nöqtə adında.

 

Ballan, barmağımın ballan ucundan,

Söyləyim, əzbərlə diqtə şeirimi.

Sallan, qələmimin sallan ucundan,

Bitirim qoy mən də nöqtə şeirimi.

21.12.2012.

 

Bayatılar

 

Ala çəkər,

Ariflər ala çəkər.

Dəli könlüm üzə,

Gözlərim ala çəkər

lll

Tən sayır,

El igidi tən sayır,

Sevgiyə bax quşda sən,

Tikanı Vətən sayır.

lll

Gəzəm mən,

Ayaq getmir gəzəm mən.

Hanı elə bir sözüm

Ağız-ağız gəzəm mən?

lll

Adam demə,

Dillərdə adam demə.

Nəfsin iti, gözün ac,

Özünə adam demə.

lll

Ocağına yiyə qız,

Qarı gözə tiyə qız.

Hamıya dərs verirsən,

Qarımısan niyə qız?

lll

Qarabağ...

Qara kölgə, qara bağ.

Dilim kösövə dönür,

Hər deyəndə Qarabağ.

lll

Tirəyə,

İgid hanı tir əyə.

Qələmin sınsın, şair,

Xalqı böldün tirəyə.

lll

Bala dərdi,

Yamandı bala dərdi.

Sinəmi şan eylədim,

Bal oldu bala dərdi.

lll

Qönçəni alaq sayır,

Cırını calaq sayır.

Vəzifəli görəndə,

Üzünü yalaq sayır.

 

Cavad Zeynal

 

 525-ci qəzet.- 2013.- 1 iyun.- S. 30.