Makovelski zirvəsi
Aleksandr
Osipoviç Makovelski. Görkəmli rus və Azərbaycan
alimi. Mənşəcə polyakdır.
2 iyul 1884-cü ildə Qrodno şəhərində
anadan olub. 16 dekabr 1969-cu ildə Bakı şəhərində
vəfat edib. İxtisasca tarixçi-filosof
idi.
1946-cı ildən SSRİ Elmlər Akademiyasının
tarix və fəlsəfə bölməsinin müxbir
üzvü (tarix-fəlsəfə üzrə) olub.
1949-cu ildə Azərbaycan SSR Elmlər
Akademiyasının akademiki seçilib.
Fundamental əsərləri antik fəlsəfə, məntiq
və Yaxın Şərq xalqlarının fəlsəfə
tarixinə həsr edilib.
Desəm ki, Makovelski mənim adını eşitdiyim ilk
filosoflardan olub, təəccüblənməyin. Bunun öz tarixi var. Məsələ
burasındadır ki, qonşumuz, tanınmış pedaqoq
Qasım Köçəri oğlunun yolu hərdən
Bakıya düşürdü və oradan qayıtdıqdan
sonra o, öz təəssüratlarını həvəslə
həmkarlarına və şagirdlərinə
danışırdı. Onun Makovelski adlı (mən
o zamanlar, uzaq uşaqlıq illərində, bu sözü
familiya yox, ad hesab edirdim) bir alim haqda söylədikləri isə
dinləyicilər arasında xüsusi maraq kəsb edirdi.
O vaxt mən orta məktəbin aşağı sinfində
oxuyurdum. Qasım Köçəri oğlu bizim
qohum və qonşu idi. Onun oğlu tanınmış
filosof Firidun Köçərli o vaxtlar Fəlsəfə İnstitutunun direktoru
idi. Sən demə, Firidun müəllimdən əvvəl
həmin instituta (sekrora) məhz akademik Makovelski rəhbərlik
edib. Qasım Köçəri oğlu
Makovelski haqda, bu böyük alimin sadəliyini,
böyüklüyünü təsdiq edən çox
maraqlı əhvalat və epizodlar danışırdı.
Xatirimdədir, bir gün Bakıya növbəti
səfərindən kəndə qayıdan qocaman müəllimimizin
əlində çox yaraşıqlı bir əsa gördük.
Əsanın üzərindəki zərli
işləmələr uzaqdan adamın diqqətini cəlb
edirdi. Qasım müəllim həmin əsanı
ona Makovelskinin hədiyyə etdiyini qürurla söyləyirdi.
Bəli, elə deyilişi, səslənməsi belə
özlüyündə maraq doğuran bu “Makovelski” adı mənə
elə o vaxtlardan tanış idi. Sonralar mən
bu böyük alimin elmi irsi ilə tanış
oldum. Onun antik fəlsəfəyə aid tədqiqatları
və orijinaldan tərcümələri bu gün də öz
dəyərini saxlamaqdadır. Mən özüm vaxtilə “Avesta” ilə
bağlı yazdığım silsilə məqalələrdə
bir neçə dəfə onun əsərlərindən
iqtibas gətirmişəm.
Aleksandr Osipoviçin ölümündən onillər
keçir. Doğrusu, mən bu böyük alimin Bakıda indiyəcən
hansısa vərəsəsinin qalması barədə məlumatsız
idim. Bir dəfə görkəmli şair İlyas
Tapdıqla məşhur “əjdəha” heykəlinin yanında
yerləşən və o heykəldən heç də az məşhur
olmayan “alimlər evinin” qabağında gəzişərkən
müsahibim, yaxınlıqdakı skamyada əyləşib nəzərlərini
uzaqlara dikmiş nurani, ahıl bir qadını göstərib
məndən soruşdu: “Bilirsən o qadın kimdir?” Mən qadını tanımadığımı bildirdim.
O, gülümsəyib dedi: “Bu xanım sənin məşhur həmkarın
filosof Makovelskinin nəvəsi Olqa xanımdır. Mənim qonşumdur. Musiqiçidir.
Çox mədəni xanımdır. İstəsən səni tanış edə bilərəm.”
Tanışlıqdan sonra mən Makovelski haqqında onun
nəvəsinin xatirələrini qələmə almaq istədiyimi
bildirdim. Olqa Alekseyevna Yujanina-Makovelskaya ilə vədələşib
bir neçə gündən sonra onun mənzilində
görüşdük.
Bu mənzildə
hər şey qədimlikdən xəbər verir: mebellər də,
kitab rəfi də, rəfdəki kitablar da... Burada
vaxtilə böyük alim yaşayıb. Azərbaycan
(və eləcə də dünya) fəlsəfi fikrinin
görkəmli tədqiqatçısı bu mizin arxasında əyləşib,
bu döşəmənin üstə gəzişib.
–Olya
xanım, babanızı necə xatırlayırsınız?
O, xeyli
fikrə gedib aram-aram öz yaddaşını təzələməyə
çalışır.
– Babam çox
vicdanlı, zəhmətkeş, sadə, təvazökar adam idi. Öz arvadını, yəni
mənim nənəmi sonsuz bir məhəbbətlə sevirdi.
Ümumiyyətlə, onlar bir-birinin vurğunu
idilər. Gecə-gündüz işləyirdi.
Özünü Azərbaycan alimi hesab edirdi.
Əsl vətəndaş idi.
–O, daim,
bütün yaradıcılığı boyu dövlətin,
partiyanın himayəsində olub, mükafatlara, təltiflərə
layiq görülüb...
–Bəli,
onunla yaxın təmasda olan adamlara həmişə belə gəlib.
Amma əsl mahiyyətdə belə deyil. Bəlkə də indi çoxlarına qəribə
gələ bilər; babam heç kommunist partiyasının
üzvü də deyildi. Ona dəfələrlə
partiyaya keçməsini təklif etmişdilər, amma həmişə
bu təklifdən yayınmışdı. Cavanlıqda deyirdi
ki, özümü hələ kommunist olmağa hazır bilmirəm,
qocalanda isə artıq bunun gec olduğunu bildirirdi... Sizə bir məsələni bildirmək istəyirəm,
Aleksandr Osipoviç gəncliyində Rusiyada Sovet hakimiyyətinin
qurulmasını faciə hesab etmişdi. Bunun
da öz səbəbi vardı. Makovelski hələ
lap gənc yaşlarından bir fəlsəfə tədqiqatçısı
kimi məşhur idi. Artıq 1914-cü ildə
fundamental “Sokrataqədərkilər” əsərinin birinci cildi
işıq üzü görmüşdü. Bu zaman alimin cəmi-cümlətanı
otuz yaşı vardı.1915-ci ildə ikinci cild çapdan
çıxdı. Bu əsərin işiq
üzü görməsi Rusiya və Avropanın elmi ictimaiyyəti
üçün böyük bir hadisə oldu. ”Sokrataqədərkilər” əsərinin hər iki
cildi çapdan çıxdıqdan sonra mətbuatda
çoxsaylı rəylər, resenziyalar dərc olundu. Elmi ictimaiyyət, alimlər, filosoflar qiymətli əsərin
ərsəyə gəlməsini müsbət rəylərlə
və böyük razılıqla
qarşılamışdılar. 1918-ci ildə
“Sokrataqədərki fəlsəfə” əsəri, yəni
tarixi-təndiqi mənbələrin xülasəsi, kitab
halında işıq üzü gördü, 1919-cu ildə isə
“Sokratagədərkilər”in üçüncü cildi
çap olundu. Təsəvvür edin ki,
bütün bunlar vətəndaş müharibəsinin
qızğın dövründə Kazan şəhərində
yazılmış və çap olunmuşdu. Dediyim odur ki, Aleksandr Osipoviç bütün həyatını
elmə bağlamışdı və ona elə gəlirdi ki,
Sovet hakimiyyəti bəşər mədəniyyətinin
mövcud dəyərlərinin üstündən xətt
çəkəcək. Onun belə
düşünməsinin bir əsası da vardı; fəhlə-kəndli
hökumətinin cəza dəstələri həmin illərdə
bir çox görkəmli elm adamlarını məhv
etmişdi. Babam depressiyaya
qapılmışdı, özünü güllələmək
istəyirmiş, onu bu fikirdən nənəm
daşındırıb. Sonralar onlar bu barədə
danışanda mən eşitmişəm.
Mən
Olqa xanımın dediklərinə əlavə edirəm:
–Aleksandr Osipoviçi kommunistlər öldürmədi,
o, sovet hakimiyyəti illərində geniş elmi fəaliyyətlə
məşğul oldu. Nəinki, rus və Azərbaycan, hətta,
bütün dünya fəlsəfi elmi bundan qazandı.
–1920-ci ildə babam müxtəlif şəhərlərdəki
universitetlərdən, o cümlədən Bakı Universitetindən
dəvət almışdı. O, azərbaycanlıları çox
sevirdi, elə buna görə də tərəddüd etmədən
Bakını seçdi. 1920-ci ildən ta
1960-cı ilə qədər Bakı Universitetində müəllimlik
etdi. Eyni vaxtda o, Politexnik və Pedaqoji
İnstitutlarda, Müəllimlərin Təkmilləşdirilməsi
İnstitutunda, Xalq Təhsili İnstitutunda mühazirələr
oxumuşdu. Elmi-Tədqiqat Pedaqoqika
İnstitutunda da işləmişdi. Universitetdə babam
bir neçə predmetdən müharizələr oxuyub: fəlsəfə
tarixi, sosial-siyasi nəzəriyyə tarixi, məntiq, psixologiya,
məntiq tarixi, estetika, etika, pedaqogika... Babam ensiklopedik adam idi. Hətta, ahıl
yaşlarında belə oxumaqdan yorulmazdı. O, əsl
filosof, mütəfəkkir və pedaqoq idi.
–Bilirəm,
o, lap gənclik illərindən dərin elmi tədqiqat işləri
ilə məşğul olub.
–Bəli,
1904-cü ildə üçüncü kurs tələbəsi
olarkən Kazan Universitetinin yüzillik yubileyində “Sofoklun
“Antiqona” faciəsində dramatik konfliktə yeni
baxışların dəyərləndirilməsi” adlı əsərinə
görə medalla mükafatlandırılmışdı. O
vaxt onun cəmi iyirmi yaşı vardı.
–Makovelskinin
Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində də əvəzsiz xidmətləri
olub. Nizami və Vazeh haqda qiymətli tədqiqatların
müəllifidir. O, bizim ölkədə yeni elmi sahənin
əsasını qoyub bu, Azərbaycan fəlsəfəsinin
tarixi adlanır.
–Bilirəm.
Artıq sizə bayaq dediyim kimi, o, Azərbaycanı
və azərbaycanlıları çox sevirdi. Elə bu məmləkətdə yaşayıb
işləmək istəyi də bu sevgidən
qaynaqlanmışdı.
–Onun bizdə
çoxlu yetirmələri-ardıcılları və
şagirdləri olub.
–Mən
onların, Makovelskinin yetirmələrinin demək olar ki,
hamısını görmüşəm. Heydər
Hüseynov, Şükufə Mirzəyeva, Möhbalı
Qasımov, Firidun Köçərli onun tələbələri
olub. Heydər Hüseynovun ölümü babama
çox təsir etmişdi, o, uzun müddət özünə
gələ bilmədi. İndi mən sizə
bir şəkil göstərəcəm, görün
oradakı adamlardan kimisə tanıyırsınızmı.
Yeri gəlmişkən onu da deyim ki, Olqa xanım bu
yaşda komputeri öyrənib, internetdə öz
övladları, indi Sankt-Peterburqda yaşayan oğlanları ilə
yazışır. O, ayağa durub komputeri işə salır, ekrandan mənə
sanki tarix boylanır. O, söhbətini davam etdirir
:
–Bu şəkil
min doqquz yüz altmış dördüncü ildə çəkilib.
Babamın səksən illiyi münasibətilə
onun dostları və tələbələri bizim mənzilə
toplanıblar. Bax, babam burada, ortada əyləşib.
–İcazə verin buradakıların bir qismi barədə
də danışım. Bax, burada, kresloda əyləşmiş
Aleksandr Osipoviçın arxasında dayanan adamların bəzilərini
mən şəxsən tanıyıram. Akademik Firidun
Köçərli, akademiyanın müxbir üzvləri Məqsəd
Səttarov və Ziyəddin Göyüşov. Vaxtilə,
onlar məndən imtahan götürüblər, müəllimlərim
olublar. İndi onların heç biri həyatda
yoxdur. Allah hamısına rəhmət eləsin.
–Heyif,
hamısı gözəl, istedadlı adamlar idi.
–Siz
babanızın son günlərini necə
xatırlayırsınız?
–Ömrünün
son illərində onun eşitmə və görmə qabiliyyəti
zəifləmişdi. Amma yaddaşı, zehni
çox iti idi. Biz onun dediklərini
kağıza köçürürdük. Aleksandr Osipoviç
özünü heç vaxt işsiz təsəvvür
etmirdi. Daim axtarışda idi.
–Onun əlyazmalarını
saxlayırsınızmı?
–Min doqquz
yüz səksəninci illərin birinci yarısında
babamın vaxtilə işlədiyi instituta Moskvadan çox
görkəmli bir alim dəvət olundu. Zahid Orucov...
Tanıyırsız yəqin...
–Bəli.
Dialektik məntiq üzrə dünyada
tanınmış mütəxəssisdir.
–O, mənə
bir dəfə zəng vurub babamın nəşr
olunmamış əsərlərinin taleyi ilə maraqlandı.
Mən o vaxt indi haqqında
danışdığım əlyazmaları aparıb instituta
verdim. Sonrasından xəbərim
olmadı.
–Mən
bu məsələ ilə maraqlanaram.
(P.S. Maraqlandım. Öyrəndim ki, böyük alimin əsərləri
yığılıb, nəşrə hazırdır, sadəcə
çap üçün vəsait çatışmazlığına
görə “yatıb qalmaqdadır”).
Hiss olunur
ki, Olqa Alekseyevnanın mənzilinin təmirə ehtiyacı
var. Mən bunu eyhamla bildirirəm:
–Sizin
yaşadığınız bina təmir olunub, amma mənziliniz...
–Bilirəm
siz nə demək istəyirsiniz. Mən
ömrümdə kiməsə ağız
açmamışam, innən belə də bu barədə
kiməsə müraciət edən deyiləm. Babamın adı, xatirəsi Azərbaycanda daim əziz
tutulub. O, indi Fəxri Xiyabanda uyuyur. Amma
ürəyimdən bir istək keçir. İstərdim
ki, əlaqədar təşkilatlar mənim bir istəyimin
reallaşmasına kömək etsinlər. Bizim binanın fasadında görkəmli alimlərin
çoxunun xatirə lövhələri vurulub. Məncə babam da belə nadir simalardan olub. İstərdim ki, onun da adı əbədiləşdirilsin.
Axı Azərbaycan elminin inkişafında onun
rolu çox olub.
Mən Olqa Alekseyevna ilə xudahafizləşirəm.
Bu
yazını işləyərkən Makovelski ilə, habelə,
onun şəxsi həyatı ilə bağlı bir sıra
materiallarla, sənədlərlə tanış oldum. Öyrəndim
ki, böyük alim 1908-ci ildə gələcək arvadı
Vanda Zalevskaya ilə tanış olaraq evlənib,
60 il birgə həyat sürüblər. 1909-cu
ildə onların Sofya adlı qızları dünyaya gəlib.
Mənim müsahibim Olqa Alekseyevna Sofyanın
qızıdır. Olqa xanımın bir məqaləsində
nənəsindən misal gətirdiyi bir şeir diqqətimi
çəkdi.
Jiznğ
– ne uvleçenğe, jiznğ –
odno
stremlenğe,
Tornaə doroqa v solneçnuö dalğ.
Dlə
toqo, kto lovit kajdoe mqnovenğe,
U koqo estğ volə, tverdaə, kak stalğ.
Yeri gəlmişkən xatırlatmaq istərdim ki, Olqa
Alekseyevna Yujanina-Makovelskaya Azərbaycandakı polyak
icmasının sədridir. Tanınmış
skripka ifaçısıdır. Çoxlu
şagirdləri var. Öz peşəsinə ürəkdən
bağlıdır.
Gələn
il böyük alimin, dahi filosofun anadan olmasının 130, vəfatının
45 illiyidir. Heç şübhəsiz ki,
dünya fəlsəfə elminin böyük simalarından,
titanlarından, zirvələrindən biri də Aleksandr
Osipoviç Makovelski olub.
Güman edirəm ki, Olqa xanımın arzusu tezliklə
çin olacaq.
Firuz Mustafa
525-ci qəzet.-
2013.- 1 iyun.- S. 29.