Sizifin daşı, yaxud faydasız və ümidsiz əmək haqqında əfsanə

 

Yunan əfsanəsinə görə baş allah Zevs Asopun qızı Egini oğurlayır. Sizif isə Zevsin sirrini, qızını axtaran Asopa açır. Bundan xəbər tutan Zevs, Sizifin hərəkətini allahların iradəsinə itaətsizlik, qüdrətinə yüngül,yelbeyin münasibət kimi qiymətləndirir, onu ən ağır cəzaya- əbədi faydasız və ümidsiz əməklə məşğul olmağa məhkum edir: Sizif başı və qolları ilə böyük bir daşı dağın zirvəsinə qaldırıb, o tərəfə aşırmalı idi.

O, hər gün səhər tezdən daşı zirvəyə qaldırmaq üçün çalışır,günün sonunda daş  yarı yoldan diyirlənib, aşağı düşür və əvvəlki yerində durur.

 

lll

 

Qədim yunanlar Sizif haqqında əfsanə ilə allahlarin qəzəbinə tuş gələn insanlar üçün gerçək, işıqlı dünyanın cəhənnəmə necə çevrildiyini təsvir etmişlər. Sizif həmin insanların –cəhənnəmin əbədi əzabkeşlərinin ümumiləşdirilmiş mifoloji obrazıdır.

 

lll

 

Sizif taleyinə çevrilmiş daşa yaxınlaşır.O, qayadan qopmuş ağır,yöndəmsiz daş parçası – qaymadır. Cəhənnəmin əbədi əzabkeşi əvvəlcə taleyinin daşına, sonra zirvəyə, daha sonra zirvəyə uzanan yoxuşa baxır. Daşa dönmüş əlləri ilə qaymaya toxunur. Başı və əlləri ilə daşı yuxarı qaldırır. Yerə möhkəm  sıxılmış ayaqlarının altından torpaq qaçaraq ətrafa sıçrayır. Arxadan boynunun, belinin,ayaqlarının, əzələlərinin necə gərildiyi aydın görünür. Bu tarımın son həddidir. Onu heç kim,heç yerdə,heç zaman görməyib. Sizif daşı zirvəyə qaldırmaq üçün cəhdlərinin sayını unudub. Onun beynində bircə fikir var: daşı zirvədən aşırmaq.

                                 

lll

 

Sifətində qəribə ifadələr görünür:həyat  eşqi, əzab, işgəncə,ümid, ümidsizlik və s. Təbiətindən, daxilindən,varlığından, üzə çıxan bu ziddiyyətli hiss və həyəcanların səbəbini görəsən başı araşdırıb, anlayırmı ?!

Sualın konkret, tam, dolğun cavabı yoxdur.

Elə suallar var ki, onları araşdırdıqca cavab əvəzinə yeni – yeni suallar meydana çıxır.Anladığı odur ki, əlləri, başı, sinəsi və çiyinlərilə daşı yuxarı qaldıranda daş xəyalında fırlana – fırlana üzü aşağı yuvarlanır. Buna baxmayaraq, tarıma çəkilmiş əzələləri qeyri –iradi daşı zirvəyə qaldırmağa cəhd göstərir.

Budur, onun xəyalı çin olur. Sizif aşağı diyirlənən daşın ardınca baxır.

 

lll

         

 Əbədi cəfakeş ani olaraq durduğu yüksəklikdən arxaya baxır.Onun baxışları cəhənnəmdən cənnətə baxan insanın baxışlarını xatırladır.

Sizif həyatı çox sevirdi. Onu insanlar üçün əbədiləşdirmək məqsədilə Ölümü zəncirləyib qandallamışdı.Pluton buna dözməyib, müharibə allahının köməyilə Ölümü azad etmişdi. İndi isə onun çox sevdiyi həyatı, daşı ilə birgə dağın yoxuşuna dirənmişdi.

 

lll

 

Homer Sizif və onun daşı haqqında  əfsanəni üç min il əvvəl söyləmişdi. Lakin bu gün də gündəmdən düşməyib. Onun daşı min illərdir ki, zirvəni aşmır. Həmin daşı quldar köləyə,feodal təhkimli kəndliyə, burjua isə “azad” adlandırdığı insana yükləyib.                                                          

lll

 

Zevs təkcə Sizifin yox, həm də bir qarın çörək üçün hər gün axtarışa çıxan insanların allahıdır. Özünün, övladlarının adi, zəruri insani ehtiyaclarını ödəmək arzusuyla ən ağır zəhmətə qatlaşmağa hazır olanların; əməyini ən ucuz qiymətə satmağa bazar axtaranların; çörəyi,damı, əyin – başı olmayan “demokratik” ölkələrin “azad”  vətəndaşlarının allahıdır.

Bəs, “qul bazarında” iş tapa bilməyən biçarələrin allahı kimdir?!

Sualı biçarələrə ünvanlasaq, cavabı bıçaq kimi sümüyə dirənər. Ümid büsbütün yoxa çıxar. Ölüm təhlükəsi arxa plana keçər. Qəddarlığın, mütiliyin anası, qorxu hissi ölər. Mütilik itaətsizliyə, nifrətə, son nəticədə qəzəbə çevrilər. Qəzəbi söndürmək isə yanğını söndürmək qədər çətindir.

Sizifin daşı isə,  30-40 il vicdanlı əməklə məşğul olan qocalığı, aclıq və səfalət içində çabalayan  pensiyaçıların  məhək  daşı ; bir ay işləyib on günlük çörək pulu qazanan muzdurların əlhəd daşı; hakimiyyətdən, cəmiyyətdən haqqını ala bilməyən  dəyərli insanların nahaq daşı; azar-bezarını müalicə etməyə tibbi sığortası və maddi vəsaiti olmayan köməksiz və kimsəsiz ölənlərin baş daşıdır.

 

lll

Müdhiş mənzərədir. Daş qərinələrdən, əsrlərdən, minilliklərdən “uğurla” keçərək, tarixdə qalıb. Siziflərin ağır, məşəqqətli, səmərəsiz zəhmətlə dolu, həlli mümkünsüz problemləri bu gün də diridir, canlıdır. Həmin problemlər itaətkar mütiliyin inanc allahlarının yaratdığı süni əngəllərdir. Onlar insanlıqdan, əxlaqdan, dindən, təbiilikdən, əndazədən, abır – həyadan və faydadan uzaqdır. Bu dəhşət, vahimə və qorxunu ehtiva edən müdhişlikdir! Elə isə kimdir müdhiş ?! Zevs ya Sizif ?! Quldar, feodal,burjua ya qul, təhkimli kəndli, “azad” adlandırılan kölə insan?!

Allahlıq iddiasında olan zalım, yaxud allahın ona bəxş etdiyi həyatı halallıqla yaşamaq istəyən məzlum?!Birincilər müdhiş qərarlar verib, insanları onların icrasına məcbur edir,ikincilər ağır, faydasız əməklə dolu, həlli mümkünsüz müdhiş problemlərin icrası üçün itaətkarlıqla çalışırlar.Kimdir müdhiş?! Qəddar zalım, yoxsa itaətkar müti?!

 

lll

                                           

İtaətkar mütiliyin daşı Sizifin daşından heç də yüngül deyil.Belə olmasaydı həmin daş, diyirlənə – diyirlənə haqqı, ədaləti, insaf və mürvəti əzə – əzə əsrləri arxada qoyub, bu günümüzə yetişə bilməzdi. Elə isə onu qoruyan nəsillərdə – nəsillərə, əsrlərdən – əsrlərə ötürən qüvvənin mənbəyi haradadır?!

Görünür bunu qəddarlıqla itaətkarlığın , zalımlıqla məzlumluğun vəhdətində, tarazlığında  və barışığında axtarmaq lazımdır. Necə ki, əsrlərlə zalımların “qara daşını” zirvəyə qaldırmaq üçün əzab çəkən xalqımız ötən əsrin 90 – cı illərinin əvvəllərində bu tarazlığı pozdu, itaətkarlıqdan üz döndərdi, birləşdi, daşı zalımların üzünə tuşladı, azadlığa    müstəqilliyə qovuşdu.

 

Haşiyə:

           

Minilliklər ərzində təkamülün insanların beynində proqramlaşdırdığı qorxu hissindən xilas olmaq üçün onlar xəyallarında bütləri – hər hansı bir insanı,daşı, ağacı, dağı,hətta inəyi, pişiyi və s. müqəddəsləşdirib,ilahiləşdirmiş, ona sitayiş etmiş və kömək diləmişlər.

Bu fikrimlə kiminsə inancına müdaxilə etmək fikrindən uzağam. Hər kəsin inamı onun yaşadığı ictimai – siyasi mühitin,ideologiyasının, məntiqinin, dünyagörüşünün və fəlsəfəsinin məhsuludur.

Əsası  faydası olmayan qorxudan yaranan köranə inanc itaətkarlığın da, cəsurluğun, da enerji mənbəyinə çevrilə bilər. Qorxu yoluxuculuq xüsusiyyətinə malik olduğu üçün hökmdarlar ondan kütləvi siyasi təsir vasitəsi kimi istifadə etmişlər.Onlar qorxu vasitəsilə vahimə yaradıb, təbəələrinin iradəsini sındırmaq üçün ata – analarını cəzalandırmaqdan, hətta övladlarını qətlə yetirməkdən çəkinməmişlər. Yuli Sezar Misiri fəth edərkən insanların qətlə yetirilməsindən daha çox, pişiyin öldürülməsindən ehtiyatlanırdı.Çünki misirlilər pişiyin müqəddəsliyinə möhkəm inanırdılar. Romalılar tərəfindən bir pişiyin öldürülməsi belə misirlilərin heysiyyatına toxunub, daxili enerji və cəsarətini  oyadacaq; inanclarını – şərəf və ləyaqətlərini qorumaq üçün bütün misirliləri düşmənə qarşı birləşdirəcək;ən müti və məzlum insanları belə cəsur döyüşçüyə çevirəcəkdi. Pişiyin imicinə sitayiş üzərində qurulmuş bu mənasız və faydasız kor döyüşü yenilməz sərkərdəyə əsla lazım deyildi.

Təbii, gerçək, qüvvəyə söykənən  inanc, nə yersiz mütiliyi, nə də lüzumsuz cəsurluğu qidalandırmır. O, nə qızğındır,nə də müti: müdrik,igid,təmkinli və qətiyyətlidir, hər zaman, hər yerdə güclüdür,qalibdir.                                                                          

Vaxtilə materiyanın başlanğıcının gözəgörünməz otom –“bölünməz” zərrəciklərdən ibarət olduğunu iddia edirdilər.

Sonralar alimlər bölünməzi parçaladılar. Bununla da onların 2500 il itaət etdiyi ehkam və inanc parçalandı.Lakin bölünməzin parçalanmış zərrəciklərinin obrazını, surətini, təbiətini,fizikanın qanunları ilə vizuallaşdırıb, xassəsini öyrənə bilmədilər. Sübuta yetdi ki, o, ümumiyyətlə fiziki varlıq deyildir.

Avstriyalı alim Ervin Şreydinger atomun parçalanmış zərrəciklərinin təbiətini riyazi yolla öyrəndi.

Alimlər materiyanın başlanğıcı və yaradıcısı olan atomun daxili strukturunu gözlə görə bilmədilər.

Aydın oldu ki, ilahi qüvvə insanın gözlə gördüyü bütlər deyil: o,   sitayiş və itaət etdiyi insan, nə ağac, nə inək, nə pişik, nə də maddi varlıqdır.

Nə isimdir, nə cisimdir,nə cövhər... nə materiyadır, nə də ideya... insan zəkası və ruhu kimi ölçüyəgəlməz, gözəgörünməz möhtəşəm qüvvədir.

O, zamanın, məkanın, materiyanın, gözə görünən və görünməyənlərin, yerin, göyün, varlığın, yoxluğun, əvvəlin, sonun, sonsuzluğun mütləq, şəriksiz yaradıcısı, dağıdıcısı və sahibidir.

lll

 

Bəs Sizifin daşının sahibi kimdir ? Onu bəşər tarixinin gündəmindən kim, nə vaxt, necə çıxaracaq ?!

Bu sualın cavabı sadə görünsə də, icrası mürəkkəb, çətin, Sizifin daşı qədər ağırdır.

Sizifin – insanın, Zevsə – tanrıya qalib gəlməsinin bircə yolu var: Sizif itaətkar mütiliyin daşını atıb, zəkasının, ruhunun, taleyinin sahibinə çevrilməlidir! Səbəbini isə ilahiləşdirdiyi bütə sitayişində,yanlış inancının mahiyyətində axtarmalıdır.

Ey insan! İçindəki süni, yalançı, mövhümi tanrıları öldür, idrakının, ruhunun gücünə inan, real həyatına, özünə, təbiətinə qayıt, onun qanunlarını dərk et! Taleyinin, müstəqilliyinin gerçək arzu və istəklərinin tanrısına çevrilmədən, yaratdığın xəyali, mütilik tanrısına qalib gələ bilməzsən.

Müdrikliyin, igidliyin, qətiyyətin, ən əsası azadlığın yolu budur!

 

Hüseynağa Qəniyev

 

525-ci qəzet.- 2013.- 1 iyun.- S.28.