Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

Transliterasiya redaktorları:professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

(1917-aprel 1918)

IV cild

Fitnələr həqqində

 

Həqiqi sosialist qəzetəsi bolşevik “B.Raboçi”nin pək doğru bir təbirincə tazə hürriyyət zamanında müsəlmanların halı köhnə istibdad zamanındakı yəhudilərin halına döndü. Heç şübhə etmiyoruz ki, bolşevik qəzetəsi yuxarıdakı cümləsini həmdərdinin hissilə yazmışdır. Fəqət mətləbə başqa bir nöqtədən baxılarsa, bu sözdən başqa bir məna dəxi sezilir. Yəhudilər hürriyyətpərvər olduqları üçün müstəbid Rusiyada fəlakətlərə uğrayorlardı. Azad Rusiyada müsəlmanların fəlakətlərə uğraması əcəba, necün? Hürriyyət əleyhinə olduqları üçünmü?

Bir dəqiqə başqalarının nöqteyi-nəzərində dayanıb müsəlmanları şiddətli din təəssübi ilə ruhlanmış bir xəlq – deyə təsəvvür etsək belə, onların hürriyyət əleyhində degil, bütün varlıqları ilə azadlıq lehində olmalarına hökm vermək gərək. Çünki köhnə üsuli-idarənin ən çox sıxışdırdığı şey məhkum millətlərin, bilxassə müsəlmanların hissiyyati-diniyyələri idi. Halbuki yalnız dincə degil, müsəlmanlar hər cəhətcə məhkum və məzlum idilər.

O halda nədən müsəlmanlara qarşı bir növ məhəbbətsizlik, daha doğrusu bir növ ədavət görülüyor.

Hamımızca məlumdur ki, İkinci Nikolay təxtindən uçurulduğu günə qədər Rusiyada bir çox qara qüvvələr, soyuzniklər, rasputin becərən xuliqanlar vardı. Hürriyyət elan olunması ilə artıq Rusiyada istibdadpərəst bir kəs qalmadı. Bir növ möcüzə oldu. Adamlar bir göz qırpımında birər inqilabçı, birər sosialist kəsildilər.

Bəsirət əhlləri heç şübhəsiz bilərlər ki, bir din bizə böylə bir təbdili-vaqe olamaz. Çox yaxşı dərk ediyorlar ki, köhnə idarənin adamları rahət durmayıb işləyəcəklərdi. Və aşkar işdir ki, bunlar xəlqi qəlbən tazə hökumət əleyhinə çağıra bilməyəcəklərdi. O halda əllərində bir vasitə qalıyordu. Ortaya fəsad salmaq, millətləri çalışdırmaq. Bundan ötrü hər şeydən əvvəl bu günün həqiqi qüvvəsini təşkil edən ordunu zəhərləmək lazım idi. Bundan ötrü də slavafil əskərlərdən istifadə etmək mümkün idi. Fəqət ordu daxilində hamı millətlərin nümayəndələri mövcud olduğundan bittəbii müftinlər ən az müqavimət göstərmək imkanında olan tərəfi – müsəlmanları – aldılar. Bu xüsusda Qafqasiya gözəl bir zəminə idi. Çünki Qafqasiya müharib Türkiyə ilə sərhəd olub əhalisinin də çoxu türk idi. Əlavə olaraq burada milli hirs və mənfəətlər də fitnəyə müsaid idi. O halda niyə durmalı: “Bu hiyləkar türklər Rusiya əleyhinə hazırlanıyorlar” – deyə şayiə buraxmalı. Bu şayiəyi qüvvətləndirmək üçün dəxi “İştə, silahlanıyorlar” – deyə göstərməli. Yalan-yalnış dəlillər iqamə etməlidir.

İştə, irtica tərəfdarlarının eninə-uzununa istifadə elədikləri material.

Böylə bir fitnə əlbəttə ki, yəhudilər, gürcülər, maloruslar həqqində də edilə bilərdi, edilər də. Fəqət faidə vermiyor. Haman dəf və rəf olunuyor. Çünki ordu içində gürcü var, yəhudi var. Fitnə başlandığı kibi yatırılır. Halbuki müsəlmanlar bu vəziyyətdə degildirlər. Onlar ordu içində bulunmadıqlarından bu fitnələrdən ancaq müəssif vaqeələr halına yendikdən sonra xəbər tutuyorlar. Məlum işdir ki, bu surətlə onlar fitnə ilə əsaslı surətdə mübarizə edəmiyorlar.

Çox yerdə fitnələrə səbəb olmaq üzrə müəyyən bir taifəyə mənsub adamlardan bəhs olunuyor. Şübhəsiz ki, müsəlmanlar həqqində mövcud olan fitnədə bu adamların da iştirakı var. bundan ötrü cəhət də, səbəb də vardır. Keçirdigimiz əhvali-tarixiyyə öylə bir takım şərait meydanə gətirmişdir ki, bu şərait daxilində müsəlmanlar əleyhinə olan fitnədə əksəriyyətlə bir qism əhali nümayəndələri fəzlə qeyrət göstərə bilərlər. Fəqət bu fitnələrin mütləq bir cəmaət və bir millət tərəfindən vaqe olduğunu güman etmək dəxi doğru olamaz. Çünki dünyada heç bir millət yoxdur ki, başdan-ayağa fitnəkar və müfsid olsun.

Əvvəldən bəri söylədiklərimizdən görülüyor ki, müsəlmanlar əleyhiə vaqe olub da bütün Qafqasiya müsəlmanlarını bir növ “asma qılınc” altında bulunduran fitnə irtica qüvvətinin zəif bir nöqtə tapıb da oradan baş qaldırmaq istəməsindən başqa bir şey degildir. Bu nöqtədən müsəlmanlar həqqində xüsusi bir kin və ədavəti olan şəxslərlə bərabər müsəlmanlara məxsus bir kin olmuyub, onların fəlakətilə əlindən acıqlı və yanıqlı olan, hürriyyətə zərbə vurmaq istəyən xain mürtəcelər də az degildir. Bu mürtəcelər ermənilərdə olduğu kibi ruslarda da çoxdur. Ehtimal müsəlmanların öz aralarında da vardır.

İştə, fitnədən bəhs olunduğu zaman burasını daima nəzərdə tutmalı, ona görə də hərəkət eləməlidir. Bu xüsusda heç şübhəsiz ki, ən faidəli çarə müdafiəyi-hissə mühəyya olmaq, bundan ötrü də bu gün inqilab və əskəri müəssisələr ilə həqiqəti-əhvalı anlatmaq lazım. Zənn olunmasın ki, bu xüsusda müsəlmanların səsi eşidilməz. Zənn olunmasın ki, çoxmilyonlu xəlq bir kaç müfəttin məqsəd mürtəcenin bazıcəyi-həvəsati olub qərəzkar bir takım adamların sözünə böyük bir millət suyi-zənn altına alınar da fəlakətlərə məruz buraxılar.

Milli komitənin rəisi Məhəmməd Həsən Hacınskinin Milli Şura iclasında dedigi söz, yerində söylənilmiş sözdür. Qeyri millətlər arasında həqiqi sosialistlər vardır ki, onlar öz təşəbbüslərilə, bizim tərəfimizdən heç bir xahiş vaqe olmadan müsəlmanlar həqqində olunan fitnələrə diqqət edib səslərini onların müdafiəsinə qalxızmışlardır.

Əvət, min dürlü fitnələrə məruz olduğumuza baxmayaraq Bakı Əmələ və Əskər Vəkilləri Şurasının nəşri-əfkarı “sərkeş başımız”ın Rusiya inqilabı qarşısında əgilməsini tələb edib durduğu zaman ancaq “B.Raboçi” qəzetəsi idi ki, rəfiqinin bu hərəkətinə “yabançı sosialistlik” namı verərək protesto eləmişdi.

Fəqət təəssüf olunuyor ki, bizi fitnələrə qarşı müdafiə edən həqiqi sosialistlər özləri dəxi az fitnələrə məruz degildirlər.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 30 iyun 1917, ¹509

 

 

 

Bazicə – oyuncaq

Suyi-zənn – pis xəyal

Müəssif – təəssüf doğuran

Seçkilər

 

 

 

Cəmaət idarəsinin nə olduğunu bilənlər seçki nədir bilirlər. Seçki, onun üsuli-idarəsi haman cəmaət idarəsinin ruhu, canı və qanıdır. Çox cəmaət idarələri vardır ki, seçki üsulunun yanlışlığı və yainki cəmaətin seçkiyə laqeydligi üzündən cəmaətlikdən çıxıb bir nemət ikən dönüb nəkbət olmuşdur.

İləridə tazə şəhər dumalarının seçkiləri gəlir. Bu seçkilər heç şübhəsiz böyük bir siyasi əhəmiyyətə malikdir. Bilxassə ondan ötrü siyasi əhəmiyyətə malikdir ki, bu seçkilərdən sonra Məclisi-Müəssisan seçkiləri gələcək. Məclisi-Müəssisan seçkilərindən ötrü heç şübhəsiz ki, imdiki duma seçkiləri bir təcrübə olacaqdır.

Bu təcrübəyə bütün qüvvələr, siniflər və millətlər hazırlaşıyorlar. Müsəlmanlar da hazırlaşmalıdırlar. Bilməlidirlər ki, bu seçkilər keçən ayın 21-də vaqe olan məhəllə komitələrindən min kərə əhəmiyyətlidir. O vəqt biz müsəlmanlar özümüzün nə qədər qüvvət və ədəd sahibi olduğumuzu nümayiş etdirdik. Fəqət bu dəfə nə dərəcədə idraklı və siyasi bir həddi-buluğa gəldigimizi isbat eləməliyiz. Bunun üçün hər şeydən əvvəl özümüzü siyahılardan salmayıb bütün qüvvətimizi, səyimizi, əməgimizi buna həsr eləməliyiz ki, adımız seçki dəftərindən düşməsin. Bunun üçün ən əvvəl siyahılar yazılarkən qafil durmamalıdır. İmdi işin bu cəhəti keçmişdir. Fəqət vəqt yenə gec degildir. Əldə yenə fürsət vardır. Hər kəs siyahı kartoçkası olmamış və buna görə də yazılmamışsa, həqqi vardır gedib dumadakı statistik bürosuna müraciət eləsin, kartoçka istəyib özünü yazdırsın. Hətta bundan ötrü “biz yazılmamışıq” – deyə xəbər vermək də bəsdir. Bundan keçdikdən sonra yaxında seçkilər siyahısı nəşr olunacaq, bu siyahılara diqqət olunub hər kəsin adı orada yoxsa, üsuli vəchlə gərək gedib bu xüsus yerinə elan eləsin və əlbəttə, özünü qeyd etdirsin, yoxsa tamamilə seçki həqqini itirmiş olacaq.

Bunlardan keçəndən sonra seçkilər yaxınlaşdıqca seçilənlər məsələsi meydana çıxacaq. Kimləri gərək şəhər dumasına seçək. İştə, bu məsələ imdidən gərək bütün seçkiçiləri məşğul eləsin. Hanki sinfi, hanki məslək arayanı gərək öz aramızdan intixab edib müqəddəratımızı onlara tapşıraq?

Bu böyük məsələdir.

Şübhəsiz ki, seçki yaxınlaşdıqca bu məsələ də itiləşəcək və siyasi təşkilatlar hərə özünə bir siyahı düzəldib o siyahıya etimad etməyi təklif edəcəkdir. Seçkiçilər kəndilərinə təklif olunan bu siyahıları tənqid eləməli, hanki siyahının hanki firqə tərəfindən təqdim olunduğuna və bu siyahıyı təqdim edən firqənin nə kibi bir proqram və məsləklə meydana çıxdığına diqqət eləməlidir.

Qayət təbii şeydir ki, müsəlmanlar öz müsəlman siyahılarına meyl göstərəcəklər. Fəqət hər siyahının yalnız müsəlman siyahısı olduğuna inanmaq nə məntiqə, nə də xəlqin faidəsinə uymaz. Müsəlman siyahısı da tənqid olunmalı, bu siyahıyı təklif edənlərin nə kibi firqələrdən ibarət olduğuna etina eləməlidir.

Bu etina və diqqət üçün bir ölçü və mizan olmazsa, o vəqt şübhəsiz ki, siyahıları sağ və çürük etmək mümkün olmaz. Əsl cəmaət mənfəəti nöqteyi-nəzərindən baxanda bu mizanın nədən ibarət olduğu meydana çıxar.

Seçkilərdə bütün xəlqə həqq verilmişdir. Xəlq arvadlı-kişili hamısı seçkiyə iştirak edə bilər. Həm seçər, həm də istərsə seçilə bilər.

Şübhəsiz ki, xəlq tərəfindən seçilən adam gərək ki, həm halilə, həm də misalı ilə xəlqin mənafeini gözləyən, onun dərdinə qalan adamlar olsun. Bunun üçün dəxi o adamın “Vallah, bən xəlq tərəfdarıyam” deməsi bəs degildir. Lazımdır ki, onun xəlq faidəsini hanki proqramda gördügi və seçilərsə cəmaət üçün nə kibi işlər görəcəgi əvvəlcədən məlum olsun.

Fəqət burada bir məsələ dəxi vardır. Çox adamlar tapılar ki, özünü seçdirmək üçün cəmaətə qızıl dağları vəd eləsin. Cəmaət gərəkdir sayıq olsun ki, bu vədlərin nə dərəcədə vücudə gələ biləcək həqiqi vədlər olduğunu seçə bilsin, həm də vəd edən adamın vədəsinə vəfa edən “kərim”lərdən olmadığına diqqət yetirsin. Bu diqqəti isə şəxsi-məzkurun bundan əvvəlki həyatına baxmaq, elədigi vədləri tutub-tutmadığını ölçüyə vurmaqla olar.

Bu xüsusda ən müvafiq üsul, cəmaətin rəyini bir adama, yainki ayrı-ayrı adamlara vermək olmayıb, meydana çıxan siyasi firqələrdən birisinə inanmaqdır.

Bir fərz, bir siyasi firqənin təklif elədigi namizəd sonradan xəlqə vəd edilən məsləkdən xaric hərəkət edərsə, seçkiçilərin mənafeini ayaq altına alarsa, o zaman məsuliyyət bir şəxsin degil, bütün bir firqənin öhdəsinə düşər.

Siyasi firqələrdən hankisi o birisinə tərcih olunmalıdır?

 

Bu xüsusda ayrıca.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 2 iyul 1917, ¹510

 

 

 

Nəkbət – bədbəxtlik, fəlakət, düşgünlük

 

Bu nədir?

 

 

 

Bəyazidov, köhnə idarənin bu rəzil xidmətkarını bilərsiniz. O xidməkarı ki, bu gün Rusiya müsəlmanlarının etiraz və lənətlərinə baxmayaraq Nikolay hökuməti onu müftiligə təyin eləmişdi. O Bəyazidov ki, inqilab elan olunur-olunmaz müsəlmanların müraciəti üzərinə bir mürtəce kibi həbs olunmuşdu. İştə, bu mürtəce imdi inqilab hökuməti tərəfindən sosialist Kerenski idarəsində bulunan hərbiyyə vəzarətinin əskəri axundluğuna təyin olunmuşdur.

Ümumrusiya Müsəlman Şurası gərək bu axundun təsbitini və gərək müsəlmanlardan ötrü daha müzürr olmayan Tarnovskinin ruhani işlər dəftərxanəsi müdürliginə məmuriyyətini protesto eləmiş, qeyri-məzhəb işlər idarəsinin müdiri professor Kotlyarovskidən bu iki adamın əzlini istəmişdir. İki gün əvvəl aldığımız şura teleqrafından anlaşıldığına görə Milli Şuranın bu müraciəti Kotlyarovski tərəfindən rədd edilmişdir. Demək ki, bütün Rusiya müsəlmanları naminə vaqe olan müraciət etinasız buraxılmışdır. Kotlyarovski bütün Rusiya demokratiyasının etimadından məhrum Kadet firqəsinə mənsub professorlardandır. Burasını nəzərə aldıqda Bəyazidov kibi adamlarla həmkarlıq edə bilər – deyə təsəvvür olunur. Fəqət demokratiyanın etimadını qazanmış yarım sosialist bir hökumət nümayəndəsi olmaq sifətilə professorun bu etimadsızlığı şübhəsiz ki, yalnız knyaz İvanovun degil, qrajdanin Kerenskinin də hesabına daxildir. Bilxassə ki, Bəyazidov kibi bir mürtəce haman Kerenski idarəsindəki hürriyyət ordusunun axundluğuna təyin olunmuşdur.

Milli Şura həqli tələbi qarşısında gördügü etimadsızlıqdan bütün Rusiya müsəlmanlığı naminə inciyərək təəssüflə bütün Rusiya müsəlmanlarına müraciət eləmiş, Milli Şuranın qərarına əməl oluncaya qədər başqa məzhəb işləri dairəsi ilə hər növ əlaqələrini kəsməyi tövsiyə etmişdir.

Milli Şura ilə hökuməti-müvəqqətəsində zühur edən bu ixtilaf daha rəf edilməmiş və zehnlər onun təsirilə həyəcanda ikən ikinci qara bir xəbər də alındı. Kazandan gələn bu xəbər dünki nömrəmizdə dərc edilmişdir. Bu xəbərdə müvəqqəti müsəlman əskərləri şurasının rəisi İlyas Alkin cənabları iyulun 15-də yığılması müqərrər olan ümumrusiya müsəlman əskərləri syezdinin müsəlmanlardan ötrü təhqiri mütəzəmmin gəlmələrlə rədd edildigini bildiriyor. Təəssüf olunuyor ki, teleqraf böylə mühüm bir məsələdə çox müxtəsər çəkilmişdir. Teleqrafın müxtəsərligi üzündən “təhqiramiz gəlmələrin” nədən ibarət olduğu məlum degilsə də, syezdin məni aşkardır.

Kerenski cənabları hərbiyyə vəzarətinə keçər-keçməz sosialistlərə yaraşan tovla və təbliğdən ziyadə əmr və təshi ilə iş görməgə başlamış. Bu tövr əmr insanı da bilxassə inorodistlər həqqində göstərmişdir.

Əvət, Kerenski Finlandiyada söylədigi təhdidamiz nitqindən sonra ukranıyalılara qarşı amiranə bir vəziyyət aldı. Ukrayna Məclisi-Kəbiri-Millisini ictimadan mən etdi. Fəqət ukranıyalılar dinləmədilər, bilaicazə ictima etdilər.

Müvəqqəti Müsəlman Şurası Əskəriyyəsi dəxi ukranıyalılar kibi bilaicazə yığışmaq qərarını almış və iyulun 15-də hökmən toplanmaya əzm etmişdir.

“Ən gözəl müdafiə hücumdur” şüarı ilə qarşı çıxıb da hücumun hürriyyətə degil, irticayə xidmət edəcəgini iddia edən Rusiya amədpərvərləri görünüyor ki, pək də həqsiz degildirlər. Hücum başlanıyor-başlanmaz hürriyyəti rəxnədar edəcək bir çox əlamətlər görünməgə başladı. O əlamətlərdən birisi də iştə, müsəlman syezdinin mənidir. Məlum olduğu üzrə inqilabın elan elədigi müqəddəs əsaslara görə sair hürriyyətlərlə bərabər ictima azadlıqları da mütəntən bir surətdə elan olunmuşdur. Syezdin məni isə hürriyyətin ən böyük rüknü olan ictima azadlığına bir zərbədir.

Azadlığa endirilmiş hər zərbə təbii olaraq əks zərbəyi mucib olur. Müsəlman əskərlərinin bilaicazə olsa da, syezdi toplamaq əzmində olmaları iştə, məcburiyyətlə hasil olmuş əks zərbələrdən biridir.

Əcəba, hanki məntiqlədir ki, yarım sosialist hökuməti bu kibi qatı tədbirlərə mən və imtinah siyasətlərinə müraciət ediyor? Kəndisinin böylə mən və imtina siyasəti nəticəsində iş başına gəldigini və bütün vücudilə şiddət politikasının doğurmuş olduğu bir novzad olduğunu unutdumu? Nə tez unutdu? Unutmadısa da bu hərəkətlər nədir?

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 5 iyul 1917, ¹513

Tazə rəfiqimizi təbrik

 

 

 

Türk mətbuati-mövqutəsi yeni bir əsərlə daha zənginləşdi. “Hümmət” qəzetəsi nəşr olundu. “Hümmət” Rusiya ictimaiyyun-ammiyyun fəhlə firqəsinin müsəlman təşkilatı “Hümmət” tərəfindən həftədə bir dəfə nəşr olunuyor. Məsləki sosializm tərəfdarı olub fəhlə və əmələ qisminin mənafeini gözləməkdir. Baş məqaləsində məsləkini təyin edərkən diyor ki: “bizim məsləkimiz bütün insanları birləşdirməkdir. Biz diyoruz: hamı millətlər üçün məqsəd (ideal) birdir: bu ideal hamı millətləri qardaşlığa dəvət ediyor. Bu müqəddəs nöqtəyə çatmaq üçün hər bir millət öz yolu ilə getməlidir. Çünki bu təbiidir. Fəqət bu nöqtəyə ciddi surətdə yeriş etmək hankı üsuli-idarədə mümkündür? Müsavi yaşayış, ciddi tərəqqi, ruhun təmizlənməsi və ucalması ancaq cümhuriyyət üsuli-idarəsinə bağlıdır”.

 

“Hər bir millət öz yolu ilə getməlidir” – Amənna!

“Çünki bu təbiidir” –

 

Pək doğru. Bu xüsusda tazə rəfiqimizlə razı olmamaq mümkün deyildir. Həqiqi hürriyyətin ancaq cümhuriyyət üsuli-idarəsinə bağlı olduğuna gəlincə, yəqin ki, burada cümhuriyyətdən məqsəd əvvəla “Cümhuriyyəti-ənam” olduğu və saniyən “Cümhuriyyəti-ənam”ın belə məqsəd deyil, ancaq vasitə olduğu unudulmuş, çünki hər bir sosialistcə müsəlləmdir ki, həqiqi azadlıq yalnız siyasi azadlıqla başa gəlməyib, ancaq sosializmin bərpa olması ilə əmələ gələ bilər.

Müəyyən bir partiya vasiteyi-nəşri-əfkari olmaq üzrə “Hümmət” Qafqaziya türk mətbuatı arasında zaman etibarı ilə birinci qəzetədir. Səmimi partiya ixtilafı haman “rəhmət” deyə elan olunan ixtilaflardandır. Yeni rəfiqimizin böylə rəhmətlik bir qəzetə olacağını ümid edərək, kəndisini ürəklə təbrik edər, məsləki yolunda kəndisinə istiqamət və səbat diləriz.

“Hümmət” qəzetəsindən bəhs edərkən Qafqaziya türkləri cavanlarının həyatında tarixi bir əhəmiyyətə malik olan 1905-ci il “Hümmət”ini unutmaq olmaz. 15 illik tarixçəsi fövqüzzikr qəzetədə nəql olunan “Hümmət” təşkilatı ismini kiçik mütəəllimlər heyəti tərəfindən 1905-ci ildə gizli surətdə jelatin yapı ilə nəşr olunan “Hümmət” məcmuəsindən almışdır. Bu məcmuə cəmən 5-6 nömrə nəşr olunmuşdur. Bu sətirləri yazarkən 3-cü nömrəsi əlimiz altındadır. Tarixi bir əhəmiyyətə malik olduğu üçün nümunə olaraq məzkur nömrədən aşağıdakı məqaləyi nəql ediyoruz:

“Hümmətür-rical, təqləül-cibal”

Bu kəlami-hikmət nizam ki, bizim cəridənin hər səhifəsinin əvvəlində, intibahnamələrin ünvanlarında, cavanlarımızın övradi-zikrində mütədavil və bərqərardır – nə deyən sözdür bilməli.

Bu kəlami-izan həzrət əmirülmöminin Əli ibn Əbu Talib əleyhissəlamın kəmali-möcüznümalarından olub, “Kişilərin hümməti dağları qoparar” – dediyini hamımız bilirik. Və bu sözü özümüzə ünvan qayırdıqda bu söz bizə dəsturüləməldir. Xəyal edirik və özümüzü bu dəsturüləməldən mütəxəllif hesab ediyoruq. Amma həqiqətdə isə belədirmi? Özümüzə ünvan tutduğumuz qaydaya müvafiq gedirizmi? “Hümmətür-rical” – kəlməsinin əsl mənasını fəhm edirizmi? Biibarəti üxra, müəyyən bir məsləkimiz varmı? Bu sözü özünə ünvan edən bir dəstənin bu suallara cavabı nə olmalıdır? Əlbəttə ki, belədir: bu sözün məzmunu ilə müvafiq hərəkətdəyiz. Demək lazımdır və illa qövldə bir, feldə qeyri olmalıdır. Biz isə bu suallara bu cür cavab verməliyiz. Həm müttəhidülkəlmə və həm qəlbən cavab verməliyiz. Amma bu cür cavabı vicdanımız təsdiq edirmi? Bu cavabı verib də səvab da buluyoruzmu? Gümanımızca bizim cavanların cəmiyyəti həmin suallara sidq ilə bu cavabı verməyə muxtar deyildirlər. Ona görə ki, “hümmətür-rical” – “kişilərin hümməti” deməkdir. Hümmətür rəcül – kişinin hümməti deyil, yəni “hümmətür-rical” – cəmdir, müfrəd deyildir. Burada təəmmül etməli, dərin fikr edib kəlamın lübbünü bilməlidir. Bu kəlam “Kişilərin hümməti birləşsə, dağları qoparar” deməkdir. Həqiqətdə də öylədir. Hər bir şeyin qüvvəti birlikdədir. Birlik isə yalnız “Mən sənə yoldaşam” – deyib təsəlli verməklə olmaz. Bu, dildə deyilən sözü əməl ilə də göstərməlidir.

Bir neçə şəxsin arasında ittihad həmfikirlilik, həmməsləklik ilə olur. Və illa ila yovmilqiyamə nifaq üzrə baqi qalacaqlar. Məsələn, biz cavanların biri millətpərəst, o biri demokrat, üçüncüsü ətiqpərəst, dördüncüsü cədidpərəst olub da, bu cür dəstə-dəstə olmaqda, hərəmiz özünəməxsus bir yol götürüb, müəyyən bir məslək ilə getməkdən hamımız tək-tək tələf olluq. Və heç birimizin əli muradına çatmaz. Yaddan fəramuş etməməlidir. Bu təfriqəbazlıqla belə hamımızın dilində virdimiz “hümmətür-rical, təqləülcibal” sözüdür. Bəs biz müttəfiq olmaq istəsək, bu kəlam ki, hamımız ona mütəkəllimik, mənasını qanıb dildə vird edən kimi, ürəkdə də qəbul etsək müttəfiq, müntəzəm, müttəhid olmağımıza hərgiz şəkk şübhə yoxdur. İndi yoldaşlar! Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikr və fellərimizdən bir-birimizi hali etməliyiz. Millətpərəstlik bizə yararsa, hamımız millətpərəst, demokratlıq yararsa, hamımız demokrat və qeyri bir yarar məslək üzrə olub, müttəhidül-qövl vəl fel iş görək.

Bəndəyə qalır isə hər bir dəstədən olursa olar, ancaq islamiyyət üzrə olaq. İslamiyyətdən kənara çıxsaq fəlakət bizi gözləyir. İslam bizə rahi-nicatdır – desəm eyni səvabdayam. Nə sosializmin, nə demokratizmin ümdə əqidələri islam ilə müxalif deyil. Bəlkə şarəyei-müqəddəsi-islam qoyduğu qəvaidlə eyni mütabiqətdə və müvafiqətdədir. Zəkat, fitrə və qeyrə sədəqələr vacibi-sünnəti materializm deyil də nədir? Bərəkət cəmaətlikdədir. Ümur cümhuri-şura ilə görülməlidir – kəlamları demokratizmi icab etməzmi? Xülasə, yenə də təkrar edirəm, hər nə olmalıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki, bu eyni insaniyyətdir.

 

“Açıq söz”, 5 iyul 1917, ¹513

 

 

 

Övradi-zikrində mütədavil – həmişə dilinin əzbəridir

Biibarəti-üxra – başqa sözlə

Müttəhidülkəlmə – yekdillikLübb – cövhər, məğz

İla yovmilqiyamə – qiyamət gününədək

Mütəkəllim – deyən, danışan

Vird – dilinin əzbəri

Müttəhidül-qövl vəl fel – sözü və işi bir olan

 

 

 

Eydi-fitr münasibətilə

 

Bu ilki orucluq bayramını Rusiya müsəlmanlığı başqa bir hal içərisində istiqbal ediyor. Neçə ildən bəri keçirdigimiz bayramları dəhşətlər, vəhşətlər, fəlakət və məşəqqətlər içində keçirdiksə, bu ilki bayram saydığımız halların vücudilə bərabər başqa bir hal və hissiyyat ilə qarşılanıyor.

Qanlı dünya müharibəsinin bəşəriyyətə gətirdigi qorxu hala davam etməkdədir. Fəqət bu “bim” (qorxu) ilə bərabər 1917-ci il bir “təyid” dəxi veriyor. Keçən il bayramları “bim” günləri idisə, bu ilki bayramlar “bim və ümid”lərlə doludur.

Əvət, Rusiya irtica və istibdadı son dərəcəyi-məzalimanə çıxdığı günlər bütün Rusiya hürriyyətpərvərlərilə bərabər Rusiyada yaşayan məhkum millətlərin qəlbi dəxi xof və dəhşətlərlə parçalanıyor, hər kəs yarınki günün məchuliyyəti qarşısında naümid bir hal içində bulunuyordu.

Nagah tarixin ən böyük bir vaqeəsi üz verdi. Böyük fevral inqilabı hadis oldu. Demokratiya, vətəndaşlıq, insaniyyət və millətin hüquqini elan ilə Rusiyanın ən qaranlıq guşələrini işıqlandırdı, ən naümid ürəklərə ümidlər verdi.

Hürriyyətin bal ayları keçdi. Böyük Rusiya kibi bir məmləkət şübhəsiz ki, asanlıqla tarixi bir inqilabı tarixi bir “sükut”la keçirə bilməzdi. Burada hər növ firqələr, təriqətlər, əksinqilablar, şiddəti-inqilablar olacaqdı.

Fevral ayından bəri Rusiya inqilabı haman bir neçə dövrələr keçirdi. İmdi dəxi ciddi və ciddi olduğu qədər də böhranlı və qorxulu bir dövrə daxil oluyor. Bir tərəfdən Rusiya millətləri elan olunan hürriyyətdən kəmalilə istifadə etmək istiyorlar. Finlandiya ilə Ukrayna haman “əlhürriyyət və ila istiqlal ayətən min ayatullah” bayrağını qaldırıb kəndi həqlərini Məclisi-Müəssisanı gözləmədən yerinə yetirmək istiyorlar. Başqa millətlər dəxi getdikcə böyük Rusiyanın millətlərə məxsus muxtariyyətlərdən mütəşəkkil bir cümhuriyyətdən başqa surətlə idarə olunmayacağına getdikcə inanıyor. Bu xüsusdakı imanları artdıqca artıyor.

Məhkum millətlərdən başqa məzlum siniflər dəxi hürriyyətdən tamamilə faidələnmək istiyor, demokratiya ələ keçirdigi səngərlərini öylə bərkitmək istiyor ki, bu səngərlərdən yalnız siyasi hürriyyəti degil, iqtisad azlığını da müdafiə etmək mümkün olsun.

Əlbəttə ki, dövri-sabiq mürtəcelərindən ötrü bu kibi halları görmək çox xuni-cigər yeməkdir. Fəqət yalnız srağa günki mürtəcelər degil, dünki hürriyyətpərvərlərdən də bir çoxu vardır ki, artıq “bəsdir!”deyə bağırıyor, köhnəyə qayıtmaq arzusunu könlündən keçirib də inqilabdan bıyıkırlar. Şübhəsiz ki, zahirdə görünən ixtilal və iğtişaş ərləri bir çox zəif və natəvan qəlbləri hürriyyətin feyzinə inanmaqdan mən ediyor.

İştə, əhval böylə qarışıq bir zaman keçiriyor. Öylə bir zaman ki, bir tərəf sollaşdıqca sollaşıb, digər tərəf də özünü toxdadıb sağa tərəf meyl ediyor, ortada heyran qalıb da ətrafına baxınan və hanki tərəfə gedəcəgini bilməyən “avarə”lər də çox.

Hər kəsdə bir bim, eyni zamanda da hər kəsdə bir ümid!

İştə, böylə bim və ümidlərlə dolu bir dövrdə bu ilki eydi-fitri keçiriyoruz.

Əhvaldakı inqilab, inqilabın rəvişindəki ixtilal bizə xəşyətlər veriyor, sabahı düşündürüb də bim və əndişələrimizi mucib oluyorsa da hər növ dəhşətlərə qarşı durmaq səbatını verən ümiddən məhrum degiliz. Hürriyyət, muxtariyyət Rusiyayı azad, millətimizi məsud görmək ümidi. Bu ümidlərlə biri-birini təbrik edəlim, bu ümidimizi qüvvətləndirmək üçün yarın məhəllələrdə toplanacaq milli fond ianəsinə iştirak edəlim!

Orucluq bayramı bir gündür ki, o gün möminlər təzkiyeyi-nəfs üçün gördükləri riyazətdən qurtarıyor, vəzifələrini gördükləri üçün vicdan istirahəti hiss ediyorlar. Keçirdigimiz inqilab ayları dəxi millətlərdən ötrü milli məqsədlər, vətəni hüquqlara yetmək üçün bir növ riyazət günləridir.

Bu riyazətlərin dəxi bir eydi-fitri, bir oruc bayramı vardır. İştə, bu bayramda ikən, amma o bayramımızı da unutmayalım!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 7 iyul 1917, ¹515

 

 

 

Fitr – orucdan çıxma, orucu qurtarma

Xəşyət – qorxu

Təyid – qüvvətləndirmə; yardım, kömək

Rəviş – gediş

Riyazət – çətinlik

Xuni-cigər – qəm-qüssə

 

Ardı var

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 1 iyun.- S.26-27.