Danimarkaya səyahət
Atam on beş yaşımı
maraqlı səfərlə
qeyd edəcəyimizi hələ iki ay əvvəldən vəd eləmişdi. Mayın doqquzu idi.
İkinci dəfə idi
ki, Kopenhagenə gəlmişdim. Ancaq bu səfər daha maraqlı oldu. Əvvəlki səfərdə Kopenhageni o qədər də gəzə bilməmişdik. Çünki hava çox soyuq və qarlı
idi. Amma bu dəfə Kopenhagenin maraqlı yerləriylə də tanış olduq.
Həm də ona görə maraqlı oldu ki, atamın dostu, uşaqlıqdan “İrena nənə” dediyimiz İrena Lasota da Vaşinqtondan
bizimlə görüşməyə
gəlmişdi.
İlk getdiyimiz
yer Tivoli adlı əyləncə mərkəzi
oldu. Tivoli şəhərin
mərkəzi vağzalı
ilə üzbəüz
yerləşir. İçəriyə girmək üçün
təxminən 1100 Danimarka
kronu ödədik.
Bu pula xüsusi qolbaqlar da daxil
idi. Biz bu
qolbaqlar vasitəsilə
bütün atraksionlara
kuponsuz girə bilirdik. Hər bir yelləncəyə
kupon alanda çox baha başa gəlir.
İçəriyə girdikdən sonra görüş yeri təyin edib atamgildən ayrıldıq. Tivoliyə ikinci
dəfəydi girirdim.
Keçən dəfə
bütün yelləncəklərlə
tanış olmamışdım. Ona görə
də heç birini buraxmaq istəmirdim.
İnsan
özünü burada
fərqli bir aləmdə hiss edir. Hər yer yaşıllıq, gül-çiçəkdir. Cənnət
kimidir. Çox qəribə duyğulardır.
Valideynlərdən ayrılıb ucu-bucağı
olmayan Tivoliyə daxil olduq. Bacım bəzi
atraksionlardan çox qorxur. Düzdür, hələ balacadır.
Bəlkə gələcəkdə
qorxusu keçəcək,
kim bilir?
Qardaşım isə tamam
ayrı cür düşünür. Ona elə
gəlir ki, onlara minmək dəlilikdir. “Axı niyə insan həyatını təhlükəyə atmalıdır?”
Amma məncə, insan öz qorxularını udmağı bacarmalıdır.
Oradakı atraksionların hərəsinin
özünəməxsus qəribəliyi
var.
İlk olaraq “Atmosfer” adlı yelləncəkdən başladım. Yerdən qəfil
sürətlə qalxaraq
göyün bir qatında dayanır.
Bütün Kopenhagen ayağının
altında qalır.
Özümü “Qulliverin
səyahəti”ndəki div adamlar
kimi hiss etdim. Bütün insanlar qarışqa boydaydı. Qəfildən 50 metrlik hündürlükdən
yerə düşdüm.
Ölümlə həyat arasındakı
incə xətti gördüm. Üfüq xətti
kimi. O saniyə ərzində sadəcə
ölməyi düşündüm.
Amma o bircə saniyədən sonra həyatın davam etdiyini anladım. Və mən də
“qarışqa boyda” olan insanların boyuna enərək sonrakı yelləncəyə
tərəf yol aldım.
Orada “Star Flyger”
adlı bir karusel də var idi. Qorxulu deyildi.
80 metr hündürlüyə
qalxaraq sakitcə fırlanır. Burada isə sadəcə
gələcəyim haqqında fikirləşdim. Nəyə
çata bilərəm, nəyə yox? Bilmirəm niyə 80
metrlik hündürlükdə sadəcə bunlar haqqında
fikirləşdim.
Mən
“Star Flyger”ə minəndə hava elə də qaranlıq
deyildi. Amma ora qaranlıq düşəndə minmək daha
maraqlı olar. Necə də olsa ulduzlara 80 metr daha
yaxınlaşırsan.
Bu qədər
macəradan sonra bir az bacımla qardaşıma da vaxt
ayırdım. Onlarla daha asan karusellərə mindim. Təki
onlar inciməsinlər.
Sonra
qorxularımı “udmaq” vaxtıydı. Mənim
üçün ən əsası isə “Təyyarə” adlı karusel idi. Ən qorxulusu da
elə bu idi. Bunu izah etmək çətindir. 10-15 metr
qalxdıqdan sonra “Təyyarə” başıüstə
beş-on dəfə çevrilirdi. Sonra daha da
hündürlüyə qalxırdı və dayanmadan
fırlanırdı.
“Təyyarə”yə
minmək üçün növbəyə duranda doğrudan
da qorxdum. Amma geri qayıtmağı özümə
sığışdırmadım. Mindim. Riskə getməyə
dəyərdi, çox maraqlı idi. Həyatda qəsdən
etdiyin şeylər gözlərinin qabağında
canlanır. Və bu etdiklərinə görə əzab
çəkirsən. Çünki öləcəyini
düşünürsən. Hətta buna inanırsan. Ancaq 4-5
dəqiqədən sonra bu əzab qurtarır. Bir gün
qurtaracaq həyat kimi.
Sonrakı gün Kopenhagenin böyük akvariumuna getdik. Akvariumun adı “Den bla planet” idi. ”Göy planet” deməkdir. Həqiqətən də hər
yer göy idi. 20 mindən
çox balıq 53 akvariumda yerləşdirilmişdi.
Köpəkbalıqlarını gördüm və
onlara yazığım
gəldi. Onlar kimi
yer üzündə minlərlə köpəkbalığı
var. İnsanları öldürürlər.
İstədikləri yerə üzə
bilirlər. Amma akvariumdakılar
elə deyildi. O vəhşi heyvandan əsər-əlamət qalmamışdı.
Həyatdan küsmüş şəkildə akvariumda
o baş-bu başa üzürdülər.
Çoxlu xırda balıq da vardı. Hər balığın
da özünəməxsus
rəngi. Sanki bizim ora gedəcəyimizi
əvvəlcədən bilib
ən gözəl paltarlarını geyinmişdilər.
Çox
maraqlı idi.
“Qəfəs” balıqlarını
ziyarətdən sonra azad balıqların yaşadığı sularda
turist qayığı
ilə Kopenhageni gəzməyə çıxdıq. Qatarla dəmiryolu,
maşınla asfalt, təyyarə ilə buludların üstündə
olmuşdum. Amma heç
vaxt suyun dərinliklərinə qədər
gedib dənizin ortasında üfüq xəttini seyr etməmişdim.
Qayığın burnu suyu yardıqca
su damcıları üzümə dəyirdi. Qayıqdakı bütün turistlər oturacaqlarda oturmuşdular.
Amma mən qayığın qırağındakı iki
pillənin üstündə
oturmuşdum. Oradan Baltik
dənizinin üfüqü
daha cazibədar görünürdü.
Sonrakı səfərimiz isə zoopark oldu. Orada Bakı
zooparkında görmədiyim
çoxlu heyvan var idi. Heyvanların
hər birinə o qədər də böyük olmayan yerlər ayrılmışdı.
Hər gün neçə yüz insan “İnstagram”a, ya da “Facebook”a qoymaq üçün onlarla şəkil çəkdirir.
Meşədəkilər zooparkdakı heyvanların
çox şanslı
olduğunu düşünürlər. Ancaq məncə,
bu heyvanlar daha çox həbs cəzası çəkirlər. Onlar bütün
günü yeyib yatırlar, qaçmağa,
gəzməyə yer yoxdur. Buna görə
də şişirlər
şişə bildikləri
qədər. Əziyyətsiz
ye, iç, yat! Bəzi insanlar kimi.
Orada zürafələrlə
bağlı yeni bir məlumat əldə etdim. Sən demə,
zürafələr yatanda
başlarını yerə
qoymur. Elə oturulu yatır.
Boyunları çox uzundur.
Əgər başlarını yerə qoysalar beyinlərinə qan sızar və ölərlər.
Amma mənim
üçün ən
maraqlısı meymunlar
oldu. İcma halında yaşayırdılar.
Başçıları bir erkək
meymundur. Sanki hər şeyə bu ata meymun
qərar verirdi.
Orada yeni doğulmuş bir meymun diqqətimi çox çəkdi. Səhv etmirəmsə,
iki həftəlik idi. Anası yanından heç
ayrılmırdı. Elə
meymunlara baxdığım
vaxt zooparkın işçisi onlara yemək verdi.
Meymunların əlləri ilə yumurta soyub yemələri, yemək üstə dava salmalarını gərək özünüz
görəydiniz. Meymunlara baxmağın
özünəməxsus ləzzəti vardı. Xüsusən
də insanın meymundan əmələ gəlməsi barədə
düşünəndə.
Kopenhagen çox gözəl turist şəhəridir. Adamları da
mehribandır. Orada
yadımda ən çox ”Təyyarə” və meymunlar qaldı. “Təyyarə”də ölüm haqda düşünsəm də,
meymunlarla daha fərqli hisslər yaşadım, yaşamaq necə gözəldir deyə düşündüm.
Nə isə,
əgər yolunuz Kopenhagenə düşsə,
Tivoliyə, Akvariuma və zooparka getməyi unutmayın.
Nərgiz Qazi
525-ci qəzet.-
2013.- 1 iyun.- S.14.