Böyük tarixçi,
unudulmaz ustad
Bir neçə tarixçi nəslinin ustadı, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əbdülkərim oğlu Əfəndiyev 2013-cü il fevral ayının 26-dan 27-nə keçən gecə 87 yaşında vəfat etdi.
O.Əfəndiyev 1926-cı il martın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. O, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Moskva Şərqşünaslıq İnstitutunu bitirmiş, SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdı. 1955-ci ildə namizədlik dissertasiyasını, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdı. Altmış ilə yaxın bir müddətdə AMEA Tarix İnstitutunda çalışmışdı. 2001-ci ildən etibarən AMEA-nın müxbir üzvü idi.
O.Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut etmişdi. Oqtay müəllimin araşdırmalarından əvvəl dövlətçiliyimizin Səfəvi dövrü sanki tariximizin qaranlıqlarında itib-batmış gizli bir xəzinə idi. Əgər bu xəzinənin üzərinə O.Əfəndiyev günəşinin şəfəqləri düşməsə idi, yəqin ki, bizlər bu zəngin irsin bərq vuran parlaqlığını hələ uzun müddət aydın bir şəkildə müşahidə edə bilməyəcəkdik. Görkəmli tarixçinin bu mövzuda nəşr etdirdiyi əsərlər dövlətçilik tariximizin öyrənilməsi baxımından əvəzsiz rol oynamışdır.
Mərhum alim Səfəvi tarixi ilə əlaqədar bir sıra kitablar – monoqrafiyalar və qaynaqlar nəşr etdirmişdir: “XVI əsrin əvvəllərində Azərbaycan Səfəvilər dövlətinin yaranması” (rusca: Bakı, 1961), “Azərbaycan Səfəvilər dövləti XVI əsrdə” (rusca: Bakı, 1981; azərbaycanca: 1993 və 2007), “Oruc bəy Bayatın – İranlı Don Juanın kitabı” (rusca: Bakı, 1988 – A.Fərzəliyevlə birlikdə), “Venesiyalılar Şah I Təhmasibin sarayında” (azərbaycanca və rusca, 2005), “Rusiya və Avropa Oruc bəy Bayatın – İranlı Don Juanın gözü ilə” (rusca: Sankt-Peterburq, 2007 – A.Fərzəliyevlə birlikdə), “İsgəndər bəy Münşi. Tarixi-aləmarayi-Abbasi. I cild. Ön söz, tərcümə, şərhlər və göstəricilər” (azərbaycanca, 2009 – N.Musalı ilə birlikdə). Bunlardan əlavə, Oqtay müəllim Azərbaycan tarixi üzrə 10-a qədər ümumiləşdirici əsərin yazılmasında yaxından iştirak etmiş, müstəqillik illərində çapdan çıxmış yeddicildlik “Azərbaycan tarixi”nin üçüncü cildinin məsul redaktoru və başlıca müəlliflərindən olmuşdur.
O.Əfəndiyev öz elmi fəaliyyəti ərzində azərbaycanca, türkcə, rusca, ingiliscə, fransızca, farsca və s. dillərdə 200-dək elmi və ensiklopedik məqalə, məruzə, tezis, tarixi xəritə və s. nəşr etdirmişdir. Bu əsərlərin 50-dən çoxu respublikamızdan kənarda (Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda, Qazaxıstanda, Əfqanıstanda, Fransada, İngiltərədə, ABŞ-da və s.) çap olunmuşdur. O, 30-dək beynəlxalq elmi konfransın iştirakçısı olmuş, Sankt-Peterburqda, Moskvada, Almatıda, Tiflisdə, Suxumidə, Batumidə, Londonda, Madisonda, İstanbulda, Kayseridə, Ankarada, Bodrumda, Bağdadda və s. şəhərlərdə keçirilən elmi toplantılarda oxuduğu məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir. Beynəlxalq ictimaiyyət tarixi keçmişimizlə bağlı bir çox gerçəklikləri məhz onun dilindən eşitmiş və onun qələmindən oxumuşdur.
Alimin məqalələri başlıca olaraq Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi və sosial-iqtisadi tarixinin çoxşaxəli tədqiqinə, həmin dövr tariximizin mənbəşünaslığına və tarixşünaslığına həsr edilmişdir. Bundan başqa, Oqtay müəllim Vətənimizin orta əsrlər tarixinin digər dövrlərinin və problemlərinin öyrənilməsinə, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və Şirvanşahlar dövlətlərinin araşdırılmasına yönəlmiş məqalələrin də müəllifidir. O, Azərbaycan tarixinə dair farsdilli mənbələrə (“Təkmilətül-əxbar”, “Xülasətüt-təvarix”, Rəşidəddin “Oğuznamə”si, “Tarixi-elçiyi-Nizamşah”, “Zübdətüt-təvarix”, “Tarixi-Şah İsmayıl”, “Həbibüs-siyər”, “Kitabi-Diyarbəkriyyə”, Şah Təhmasibin təzkirəsi, N.Tusinin maliyyə risaləsi və s.), Osmanlı (İbrahim Rəhimizadənin əsərləri) və Avropa (Oruc bəy Bayatın, Minadoinin, Membrenin əsərləri və s.) qaynaqlarına aid məqalələri ilə neçə-neçə öyrənilməmiş və lazımi diqqətdən kənarda qalmış ilkin məxəzləri elmi ictimaiyyətə tanıtmışdır. O.Əfəndiyevin tarixşünaslığa dair məqalələri tarixçi alimlərimizin elmi fəaliyyətlərinin təhlilindən və Azərbaycan tarixinə həsr olunmuş ümumiləşdirici əsərlərin və monoqrafiyaların tənqidi dəyərləndirilməsindən ibarətdir. Onun Ə.Quliyevin, Ə.Əlizadənin, S.Aşurbəylinin, V.Bartoldun, F.Sümerin, F.Kırzıoğlunun, S.Erşahinin, R.Rəisniyanın, C.Heyətin və başqalarının elmi axtarışları və əsərləri haqqında yazdığı məqalələr bu səpkidəndir.
Tarixçinin bir sıra tədqiqatları Azərbaycanın dövlətçilik ənənələrinə, ölkəmizin hərbi və ictimai-siyasi tarixinə həsr edilmişdir. O, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mülki və əsgəri təşkilatına, Səfəvilərin XV əsrdəki fəaliyyətlərinə, I Şah İsmayılın daxili və xarici siyasətinə, I Şah Təhmasibin şəxsiyyətinə, Şirvanşahlar dövlətinin son dövrünə, Səfəvilər dövlətinin qurulmasında türk tayfalarının roluna, Səfəvi – Osmanlı münasibətlərinə və s. bu kimi məsələlərə dair çoxsaylı məqalələrin müəllifidir. Orta əsrlər dövründə Azərbaycan tarixinin sosial-iqtisadi məsələləri tədqiqatçının diqqətini cəlb edən mühüm amillərdən olmuşdur. Alimin XIII-XVII əsrlərdə Bakıda neft hasilatı, XV-XVI əsrlərdə Azərbaycanda feodal torpaq mülkiyyəti formaları, soyurğal təsisatı, tamğa vergisi, monqol-tatar yürüşləri sonrasında Orta Şərqdə oturaq və köçəri əhali qrupları və s. haqqında məqalələri məhz ölkəmizin və bütövlükdə Şərq aləminin sosial-iqtisadi tarixi üzrə problemlərin öyrənilməsinə həsr olunmuşdur. O.Əfəndiyevin Azərbaycanın ayrı-ayrı bölgələrinin – Qarabağın, Gəncənin, Şirvanın, Təbrizin, Ərdəbilin tarixinə dair müxtəlif araşdırmaları mövcuddur.
Mərhum alim həmçinin “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada dərc edilmiş çoxcildlik “SSRİ tarixi”nin və “Sovet Tarix Ensiklopediyası”nın, İstanbulda yayımlanmış “İslam Ensiklopediyası”nın müəlliflərindən olmuşdur. O.Əfəndiyev “Azərbaycan Milli Ensiklopediyası”nın redaksiya heyətinin üzvü idi.
Ustad tarixçi 20-dən artıq kitabın elmi redaktoru olmuşdur. Ağqoyunlu saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini” əsəri, Şah Təhmasibin təzkirəsi, bir sıra çağdaş tarixçilərin monoqrafiyaları məhz O.Əfəndiyevin redaktəsi altında elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına təqdim edilmişdir.
Uzun illər ərzində AMEA Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə rəhbərlik edən Oqtay müəllim 6 elmlər doktoru və 12 elmlər namizədi yetişdirmişdir. O.Əfəndiyev kimi görkəmli bir elm xadiminin rəhbərliyi altında və onun dəyərli məsləhətləri əsasında tədqiqatlar aparmaq və dissertasiya yazmaq səadəti bu sətirlərin müəllifinə də nəsib olmuşdur. Necə ki, Şah Xətai buyurmuşdur:
“Rəhbərsiz heç yol bulunmaz,
Buldum deyən yalan söylər”.
Elmi axtarışlarım ərzində mənə bir mayak kimi daim doğru yol göstərmiş mərhum ustadımı hər zaman minnətdarlıq hissi ilə xatırlayacağam. Hələ tələbəlik illərimdə elmi əsərlərini heyranlıqla mütaliə etdiyim O.Əfəndiyevlə 2001-ci ildə, AMEA Tarix İnstitutunun aspiranturasına qəbul olduğum zaman şəxsən tanış olmaq şərəfinə nail oldum və 11 ildən artıq bir müddətdə bu böyük alimlə bərabər çalışdım. Oqtay müəllim dünyamiqyaslı bir elm xadimi olmasına baxmayaraq, təkəbbür hissi ona tamamilə yad idi. Məhz onun səmimiyyəti, təvazökarlığı və qayğıkeşliyi sayəsində bu illər ərzində aramızda mehriban dostluq münasibətləri yaranmışdı. Oqtay müəllimlə müxtəlif elmi mövzularda saatlarla söhbət edər, onun fikirlərindən, düşüncələrindən, mülahizələrindən və tövsiyələrindən bəhrələnərdik. Ustadımızın əziz və unudulmaz xatirəsi hər zaman qəlbimizdə və yaddaşımızda yaşayacaqdır.
Nüfuzlu alim bir müddət həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və Türkiyənin Mərmərə Universitetində mühazirələr oxumuşdur. O.Əfəndiyev 1994-2004-cü illərdə Xəzər Universitetində çalışmış, burada fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru olmuşdur. Tarixçi alimin 70 illik yubileyi Xəzər Universitetində, 85 illik yubileyi isə Dünya Azərbaycanlıları Konqresində təntənəli mərasimlə qeyd olunmuşdur. 1996-cı ildə Xəzər Universiteti, 2007-ci ildə isə AMEA Tarix İnstitutu tərəfindən alimin biblioqrafiyası nəşr edilmişdir.
Tarix elmi qarşısındakı xidmətləri müqabilində O.Əfəndiyev “Şərəfli əməyə görə” medalı (1982), “Şərəf nişanı” ordeni (1986) və Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2004) ilə təltif edilmişdir. 2006-2007-ci illərdə görkəmli alim Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının sədri olmuşdur.
O.Əfəndiyev xarici ölkələrdə ən çox istinad olunan tarixçilərimizdən biridir. İ.P.Petruşevski, H.R.Roemer, Jan Pol Ru, F.Sümer, Y.E.Bregel, İ.Melikoff, A.Allouç, S.Kitaqava, O.Altştadt, K.K.Kutsiya, E.Qrüner, A.Yaman, M.Temizkan, N.Çetinkaya, Y.İ.Vasilyeva, L.P.Smirnova və dünyaca məşhur bir sıra digər əcnəbi tədqiqatçılar onun əsərlərinə dönə-dönə müraciət etmiş, öz tədqiqatları zamanı Oqtay müəllimin ortaya qoyduğu elmi nəticələrdən bəhrələnmişlər. Onun Azərbaycan Səfəvilər dövləti ilə əlaqədar tədqiqatları böyük elmi əhəmiyyət kəsb etməsi ilə yanaşı, həm də neçə-neçə nəsillərin vətənpərvərlik ruhunda tərbiyə alması üçün ilham mənbəyi olmuşdur. Böyük ustad bütün bu nailiyyətləri Azərbaycanın, keçmiş SSRİ-nin, bəzi Avropa ölkələrinin və Türkiyənin arxivlərində, əlyazma kolleksiyalarında və kitab fondlarında keçirdiyi gərgin axtarışların sayəsində əldə etmişdir.
Vətənimizin orta əsrlər tarixinin yazılmasından bəhs edərkən Oqtay müəllim deyərdi: “Orta əsrlər tarixi öz tədqiqatçısının göz yaşları ilə yazılan tarixdir. Belə ki, biz orta əsrlərə aid qaynaqların əksəriyyətində Azərbaycan tarixinin sistematik şərhinə rast gəlmirik. Vətənimizin orta əsrlər tarixini araşdırmaq məqsədi güdən tədqiqatçı dünyanın müxtəlif kitab kolleksiyalarına səpələnmiş, əsasən ərəb və fars dillərində, həm də çox təmtəraqlı bir üslubda yazılmış əlyazma qaynaqlarını diqqətlə oxumağı və tariximizlə bağlı məqamları aşkarlayıb təhlil etməyi bacarmalıdır. Hər bir nöqtənin vacib əhəmiyyət daşıdığı və mənanı dəyişə bildiyi ərəb qrafikalı əlifba ilə müxtəlif xətt növlərində qələmə alınmış və əsrlərin sınağından, təbiət hadisələrindən, rütubətdən və s. səbəblərdən korlanmış, ilkin görkəmini itirmiş bu cür əlyazmaların tədqiqi üzərində illərlə çalışmaq tədqiqatçıdan böyük bir zəhmət və təmkin tələb edir. Bu isə ilk növbədə tədqiqatçının göz nuru və göz yaşları hesabına başa gəlir. Uzun müddət qədim əlyazmaları tədqiq edən və mətndəki hər bir nöqtəyə diqqət yetirən alimin iş prosesində gözləri yaşarır və o, tarixi təkcə mürəkkəblə deyil, həm də öz göz yaşları ilə yazmalı olur. Orta əsr tədqiqatçılarını digər dövrlərin araşdırmaçılarından fərqləndirən amillərdən biri də elə budur”. Oqtay müəllim də tariximizi göz yaşları ilə yazan tarixçilərdən idi. Lakin bu göz yaşları təkcə mətnşünaslıq prosesinin ağırlığından deyil, həm də tariximizin fərəhli və ağrılı səhifələrindən doğan sevinc və kədər yaşları idi. O.Əfəndiyevin yazdığı tarix də göz yaşları qədər şəffaf idi. Burada saxtakarlığa, riyakarlığa və yalana yer yox idi. O, gündəlik həyatında səmimi insan olduğu kimi, tədqiqatçı kimi fəaliyyətində də obyektiv və qərəzsiz idi.
O.Əfəndiyevin vəfatı ilə Azərbaycan tarix elmində elə bir boşluq yaranmışdır ki, bu boşluğu uzun illər boyu doldurmaq mümkün olmayacaq. Allah sənə rəhmət eləsin, Ustad!
Namiq MUSALI,
tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 4 iyun.- S.7.