Hədəflər
...Məxmər
örtüklü masanın ortasında üçbucaq çərçivəsində
düzülmüş şarlar sərrast baxışların
və güclü əllərin nişan
aldığı ani bir zərbə ilə hərəkətə
gələrək, müstəvinin müxtəlif qütblərinə
doğru səpələnir, hərəsi müxtəlif səmtdə
yerini tutur...
Sonrakı
bir zərbə isə o qədər dəqiq və simvolik
alındı ki, ilk baxışdan bunun sadəcə bir bilyard
oyunu olduğuna inana bilmirsən...
Elə təkrarsız
kadrlar idi ki!...
O sərrast
baxışlar, çubuqla o dəqiq zərbə, məxmər
örtüklü masanın müxtəlif səmtlərindəki
koğuşlara doğru səpələnən bilyard
daşlarının o nizamı bu gün dünya müstəvisində
Azərbaycanın durumuna o qədər uyğun gəlirdi ki...
Prezident
İlham Əliyevin şarları hədəfə vurduğu o
kadrları ilk dəfə televiziyada izləyəndə, bir
anlıq özümü dünya boyda bilyard masasında gedən
gərgin bir oyunun tamaşaçısı kimi hiss
etmişdim.
...Və
elə o anlarda düşünmüşdüm ki, əgər
günlərin birində Azərbaycanın çağdaş
dünyamızdakı mövqeyi barədə yazacaq olsam, ilk
cümlələrim nə vaxtsa izlədiyim o qənimət
kadrlardan, HƏDƏFİ dəqiq müəyyənləşdirən
o iti və sərrast baxışlardan, yaşıl məxmər
üzərində nizamla koğuşlara doğru diyirlənən
o bilyard şarlarından başlanmalıdır...
lll
...Aradan
bir zaman ötəndən sonra indi həmin anlarla yenidən
baş-başayam, yelkənsiz qayıqla sahilə doğru
üzən dənizçi misalı tək mən də
içimdəki təəssüratlar ümmanından o
anların işığında - öz sahilimə,
qarşımdakı kağızların bəyazlığına
doğru can atıram.
İllərlə
qəlbimdə kükrəyən düşüncələri
nizama salıb Sözün hüzuruna gətirməkdən
ötrü qələm və kağız ən qüdrətli
həmdəmimdir, amma içində dolaşdığım təəssüratların
elə uzaq bir yerindəyəm ki, oradan üfüqlərə
nəzər salınca hələlik kağız və qələm
də məndən çox-çox kənar
görünür.
Yazmaq istədiyim
yüz minlərlə söz arasından nədənsə hələlik
tək bir söz var ağlımda...
“SAĞLAM”
sözü...
Onu
müxtəlif kəlmələrin epitetinə çevirirəm.
SAĞLAM
İNSAN...
SAĞLAM
RUH...
SAĞLAM
MƏNƏVİYYAT...
...Və
Müstəqil Azərbaycan!...
Bəlkə
bayaqdan axtardığım da elə budur?!.
Əslində,
bütün həyatımız, yaşantılarımız bu
kəlmənin gücündən asılı deyilmi?!
-
SAĞLAMLIQ həyatın və onunla birgə insanın
bütün arzularının, ümidlərinin
başlandığı yerdir, sağlam insan - həyatın
ümididir, sağlam ruh, sağlam mənəviyyat -
dünyanın, insanlığın xoşbəxtliyinə
doğru aparan yol...
Onun
öz həyat və fəaliyyəti ilə yaratdığı
nümunə də başqalarına ilk növbədə bunu
öyrədir: dünyaya fayda vermək üçün
sağlam cismə, sağlam ruha və sağlam mənəviyyata
sahib olacaqsan...
Belə
bir örnəyi hər bir fərdin, hətta cəmiyyətdə
böyük səlahiyyət yiyəsi olmayan ən sıravi
adamın da ömürlüyündə izləmək, əlbəttə,
böyük məmnuniyyətdir, amma əgər söhbət
dövlətə rəhbərlik edən, toplumun sabahına
görə məsuliyyət daşıyan Liderdən gedirsə,
yəqin ki, onun aid olduğu cəmiyyətin xoşbəxtliyi
barədə daha əlahiddə formullar axtarmağa lüzum
qalmır.
Çünki
Azərbaycan Prezidentinin aşıladığı dəyərlərdə
cəmiyyət xoşbəxtliyə doğru gedən yolunu
tapıb artıq...
lll
İlham Əliyevin
içində olduğu böyük siyasətdə təsadüfi
heç nə yoxdur!..
Burada ilk
baxışda sadədən-sadə görünən hər
kiçik jest də onun arxasında gizlənmiş incə mətləblərin
bələdçisidir.
Xaraktercə
sadə bir insan olan Azərbaycan Prezidenti idman-sağlamlıq
ocaqlarının açılış törənlərini,
el bayramlarını bəzən gözlənilməz və
böyük rəğbət doğuran hərəkətləri
ilə yaddaqalan edir...
Məsələn,
hansısa idman kompleksinin açılışında dövlət
rəhbərimizin ətrafdakıların və belə qiymətli
anları əsla qaçırmayan telekameraların
kadrlarından onu izləyən milyonların sevgi dolu
baxışları altında pencəyini qəfil
çıxarıb, çevikliklə turnikə yönəlməsini
və illərin davamlı məşqlərindən xəbər
verən mahir idmançı vərdişləri ilə
çoxları üçün mümkünsüz olan
çətin idman təmrinlərini yerinə yetirməsini necə
unudasan?!
...Yaxud,
Milli Parkda Novruz bayramı gəzintisində onun pəhləvanlarla
biləyinin gücünü sınamasını...
Və
yaxud, atıcılıq mərkəzində güllələri
dəqiq və düzgün hədəfə vurması...
Çoxları
üçün bəlkə də bu, sağlam həyat tərzi
keçirən və bunu öz vətəndaşlarına da
təlqin edən gənc ruhlu, enerjili, zəkası qədər
fiziki cəhətdən də qüvvətli Liderin idmana olan
qeyri-iradi həvəsidir.
Amma
bütün bunlar daha çox dünyaya ünvanlanmış
bir ismarıc kimi də gəlir mənə...
Prezidentimiz
bununla sanki Onun şəxsində ümumən MÜSTƏQİL
AZƏRBAYCAN dövlətinin sağlamlığını,
gücünü, heç bir maneəyə, təhdidə
baxmadan öz qolunun qüvvəsi ilə HƏDƏFLƏRİNƏ
yetişmək əzmini, heç bir kimsənin bizi öz
yolumuzdan sapdıra, başımıza hakim kəsilə bilməyəcəyini
göstərir...
lll
...Vaxtın
dövlət adamlarından cəngavərlik tələb elədiyi
illər çoxdan geridə qalıb. Amma indi dünya siyasətində
tətbiq edilən hiyləgər fəndlərin
döyüş meydanlarındakı mərdanə təhdidlərdən
daha az təhlükəli olduğunu kim iddia edə bilər
ki?!
Bu təhlükələrdən
yayınmaq üçün indiki dövrün dövlət rəhbəri
mükəmməl təhsillə, fundamental biliklərlə
silahlanmalıdır. İlham Əliyevin böyük siyasət
ustasının ailəsində dünyaya gəlməsi,
elmi-siyasi elitar mühitdə böyüməsi,
dünyanın ən nüfuzlu universitetlərindən birində
təhsil alması, apardığı elmi tədqiqatlarla
dünyada cərəyan edən yeni meyilləri incəliklərinə
qədər öyrənməsi ona zamanında bu imkanları
qazandırıb.
Azərbaycan
Prezidenti müasir dünya siyasətinin gözlənilməz fəndlərlə
dolu mübarizə meydanlarında həmişə
güclü tərəfdir!
Çünki
o, milli maraqlarımıza qarşı yönələn
gedişləri əvvəlcədən duyub vaxtında
güclü müdafiə taktikası qurmağı və həmişə
də ölkəmizin mənafelərinin qalibiyyətini təmin
etməyi bacarır.
Geosiyasi məkanda
ona qarşı hansısa təzyiq metodlarından istifadə
etmək mümkündür, siyasət tarixində əsrlər
boyu sınaqdan çıxarılmış
uğurlu-uğursuz üsulları da bir-birinə calamaq olar.
Amma bütün bu təzyiqlər, təsirlər, müdaxilələr
nəticəsiz qalacaq - Azərbaycan Prezidentinin qərarlarına
hansısa formada təsir göstərmək, onu dövlət
maraqlarına zidd nələrəsə vadar etmək, sadəcə,
mümkün deyil...
Hər
bir məsələ haqqında onun öz fikri var, məqamında
bu fikirlərini cəsarətlə bütün dünyaya bəyan
edər, doğru bildiyi addımı atmaqda heç kimdən
çəkinməz...
Çünki
söykəndiyi dayaq sağlamdır - əbədi olmayan
dostlarını həmişə əbədi maraqlarına
satmağa hazır beynəlxalq oyunçular deyil söykəndiyi,
yeddidən yetmiş yeddiyə öz Prezidentinə dəstək
verən, bütün qərarlarında onun yanında olan
qosqocaman Azərbaycan xalqıdır.
Bu
gücü, bu vəhdəti kim sarsıda bilər?!.
“...Əgər
tarixi perspektiv nöqteyi-nəzərindən baxsaq, prinsipcə
ötən yüz il ərzində dünya siyasətində
milli və qlobal maraqları təmin etmək formalarından
başqa heç nə dəyişməyib. Sadəcə, indi
başqa formalar mövcuddur. Praktiki olaraq elə həmin
üsullardan istifadə edilir: əmin etmək, əgər bu,
alınmasa təzyiq, bu da baş tutmasa, onda daha sərt
üsullar tətbiq olunur. Ona görə də prinsipcə
dünyada heç nə dəyişməyib. Sadəcə
örtük dəyişib və hansısa müddətdə
1990-cı illərdə müstəqilliklərini bərpa edən
bəzi dövlətlər nə baş verdiyini
anlamırdılar. Düşünürəm ki, indi xoş
günlər xülyası quran və hansısa strukturlara
daxil olanların bir çoxu dərin təəssüf hissi
keçirirlər. Nüfuz dairəsinə dair müəyyən
qarşıdurma indi də var, keçmişdə də olub.
Düşünürəm
ki, bu, bəzi dairələr tərəfindən sadəlövhcəsinə
qəbul olunur. Nüfuz dairəsi guya sənə hesabat verilən
yerdir. Əslində isə nüfuz dairəsi sənə rahat
olan, hörmət edilən, dəstək göstərilən
yerdir”...
Bu
sözlər möhtərəm Prezidentimizin dedikləridir...
20 ildən
çoxdur ki, taleyinə sahib çıxıb, kiminsə
himayəsinə sığınmadan müstəqillik
yollarında böyük nailiyyətlər əldə
etmiş dövlətin milli maraqlarına bütün
dünyanın hörmətlə yanaşmalı olduğunu
göstərməkdən ötrü Azərbaycan Prezidentinin səsləndirdiyi
bu həqiqətlər müasir dünya siyasətinin iç
üzünü açmaq üçün mümkün fikirlərin
nə birincisi, nə də sonuncusudur.
Amma
razılaşaq ki, yenicə müstəqillik qazanmış
ölkələrin müasir dünyadakı yeri barədə
bundan mükəmməl fikirlərlə hələ heç
bir siyasət, elm adamının
çıxışlarında rastlaşmamışıq.
lll
...Tarix
ömrünü at belində keçirərək
ucsuz-bucaqsız ərazilərdə imperiyalar quranlarla bu ərazinin
hansısa kiçik məkanında taleyini özünə
yurd bildiyi bir parça torpağın səxavətinə
bağlamış insanlar arasındakı sadə və
güclü qarşıdurmalarda öz əksini tapır.
Min illər
boyu insanlar öz dünyalarında bu cür ömür
sürüblər.
Bəs
onlardan hansının seçdiyi yol daha çox rəğbətə
layiqdir?
Zənnimizcə,
bu hökmün ən ədalətli münsifi ZAMANIN
özü olar, onun reallığında da nə vaxtsa at belində
qurulmuş ucsuz-bucaqsız imperiyalardan daha heç nə
yoxdur, onlar səhradakı qum təpəcikləri kimi
çoxdan göyə sovrulmuşlar.
Taleyini
torpağa bağlayıb torpağın bərəkətindən
barınanların yaratdıqları mənzərələrdən,
tikib-yaratdıqlarından isə dünyanın bugünkü
qüdrətli dövlətləri, onun daşlarda
naxışlanmış tarixi və indiki dünyamızda
öz dövlətinin qüdrətinə güvənən,
onun tarixi ilə öyünən xoşbəxt vətəndaşları
qalıb.
...Xəyalım
bir anlıq doğma məkanlardan ötür, fikrimdə şəhərlərimizin,
rayonlarımızın küçələrində,
parklarında, keçmişlə bugün arasında
dolaşıram, bugünə doğru addımladıqca,
öz görkəmini dəyişir hər şey. Nə
zamansa gəncliyimin bir parçası ilə
vidalaşdığım məkanlarda bahar fərəhini
yaşayan ağaclardan və xoş xatirələrdən
başqa indi heç nə qalmır.
Keçmişdən
daha az şey var bu məkanlarda, sanki ağaclar kimi,
binaların, daşın, dəmirin də baharı
başlanıb, onlar da libasını dəyişib. Allahın
quruca daşı da elə bil adamla dil açıb söhbətləşmək,
üstündə qərar tutduğu divarın üzərindəki
yöndəmsiz sovet izlərini itirdiyini, zamanında
mesenatlarımızın inkişaf etmiş Avropa ölkələrində
görüb bəyənib oxşarını şəhərlərimizdə
qurub-yaratdıqları tikililərin möhtəşəm ahənginə
qarışdığını və beləliklə, bundan
sonra min illərə iddialı yeni bir tarixin
başlanğıcına çevrildiyini anlatmaq istəyir...
Dövlətçilik
memarı Heydər Əliyevin irsindən güc alan Azərbaycan
Prezidentinin tikinti-quruculuq işlərinə
ayırdığı bu qədər böyük diqqətin
sirrini bir də bu həqiqətin işığında
açmağa çalışıram...
...İndiyə
qədər, sadəcə, vətəndaşların həyatını
rahatlaşdıran, uzaq yolumuzu yaxın edən, gün-güzəranımızı
yaxşılaşdıran layihələr, tikinti-abadlıq tədbirləri
kimi yanaşdığım bütün bu işlərə
artıq bir də vaxtın hündürlüyündən
baxıram...
Ölkəmizin
qiyafəsini dəyişən bu tikililər mənim
baxdığım yerdən sadəcə bina, körpü, yol
deyil, Azərbaycan xalqının dünyanın bəlli bir məkanında
özünüifadəsidir, Yer üzündə bu dövlətin
özü qədər əbədiləşən DAŞ
İMZALARDIR...
XX əsrin
əvvəllərində müsəlman Şərqində yox
yerdən ilk demokratik cümhuriyyət bina etmiş, indi nur
içində uyuyan zəkası işıqlı kişilərin
ümidlərində qırılmış tarixin o zaman
qaldığı yerdən davam etməsidir...
Bu halda ən
düzgün yol - keçmişə tarix kimi sayğı bəsləməklə
onun müsbət ənənələri üzərində
bugünün - dünyaya açılmış demokratik,
sivil Azərbaycanını formalaşdırmaqdır.
O
keçmişdən uzaqlaşdıran hər addım bizi xəyallarımızda
təsəvvür etdiyimiz Azərbaycana, Heydər Əliyevin
arzularında şəkillənmiş və bu gün Prezident
İlham Əliyevin xalqla çiyin-çiyinə, dünyada
işimizə dəstək olanların iş
avandlığı diləyi ilə daş-daş, kərpic-kərpic
torpağın köksünə köçürdüyü
gələcəyin Azərbaycanına doğru
yaxınlaşdırır...
lll
...Dahi
avstriyalı yazar Stefan Sveyqin XX əsrin birinci yarısında
Avropanın mədəni və siyasi həyatında baş verənləri
öz xatirələri fonunda təsvir etməkdən
ötrü qələmə aldığı “Dünənin
dünyası” kitabını az qala yüzüncü dəfə
vərəqləyirəm...
Diqqətli
oxucu üçün bu kitab Avropanın ən qibtə ediləsi
ölkələrini indiki uğurlarına qədər
aparmış izləri tapmaqdan ötrü etibarlı yol bələdçisidir.
Birinci dəfə
oxuyanda əsərin ilk cümlələri məni çox
heyrətləndirmişdi...
“...O
dövr üçün uyğun bir formul tapmağı təcrübədən
keçirsəm, düşünürəm ki, ən dəqiq
ifadə bu olardı: əmin-amanlıq içində
yaşamağın qızıl dövrü. Burada hər
şey möhkəm zəmin üzərində qurulmuş
kimiydi və dövlət bu davamlılığın ən
böyük qarantıydı. Dövlətin vətəndaşlarına
verdiyi haqlar xalqın sərbəst şəkildə
seçdiyi nümayəndələrindən təşkil
olunan parlamentdə təsdiqlənirdi. Pul vahidimiz dəyişməz
və dəyərini itirməzdi. Hamı nəyə sahib
olduğunu, payına nə düşdüyünü, nəyə
icazə verildiyini, ya da nəyin qadağan edildiyini bilirdi. Hər
şeyin bir qaydası, ölçüsü,
tarazlığı vardı. ...Heç kim müharibəni,
inqilabı, ya da hərbi çevrilişi ağlına belə
gətirməzdi. Hər cür köklü dəyişiklik, hər
cür zorakılıq ağlın müstəqil olduğu bu
dövrdə imkansız görünürdü.
Bu əmin-amanlıq
hissi milyonlarla insanın əldə etmək istədiyi bir sərvət,
ortaq həyat idealı idi. Həyat sadəcə bu əmin-amanlıq
duyğusuyla yaşanmağa dəyər olurdu. Hər keçən
gün daha geniş dairələr bu dəyərli sərvətdən
öz payına düşəni almaq istəyirdi.
...İnsanlar talelərinin mümkün zərbələrinə
qarşı həyatlarının bütün zəif nöqtələrini
möhkəmləndirə biləcəklərinə inanır
və etibar edirdilər. Onlar XIX əsr liberal idealizmi sayəsində
“mövcud dünyaların ən yaxşısına” doğru
səhvsiz yolla dümdüz getdiklərindən çox əmindilər”.
Şərhə
ehtiyac yoxdur əslində, amma bayaqdan zülməti yaran
işıq kimi gözlərimə hopan sətirləri
bugünün Azərbaycanından keçirməkdən də
özümü saxlaya bilmirəm.
Axı
bunlar indi bizim ölkəmizdə yaşananlardır...
Burada hər
sətrin ifadə etdiyi həqiqət - bugünün Azərbaycanına
aid bir reallığın güzgüsüdür və bu
güzgüdə Azərbaycanı gördükcə Birinci
Dünya savaşının acılarından sonrakı xiffətli
xatirələrinin bir küncündən boylanan “Dünənin
dünyası”nı bacardıqca daha yaxşı təsvir etməkdən
ötrü irəli sürdüyü formulun sərrastlığına
görə böyük söz ustadına həsəd aparmaya
bilmirəm.
...Doğrudan
da, əmin-amanlıq içində yaşamağın
qızıl dövrü...
Və bu
düşüncə ürəyimin yanından sözlə
ifadəsi mümkün olmayan qəribə bir rahatlıq mehi
kimi əsir...
Sveyq qələminin
təsvir etdiyi bu dövr Azərbaycan üçün “Dünənin
dünyası” deyil, içində
yaşadığımız bugünün və hər
gün bir yeni başlanğıc kimi ümidlə, ruhla
gözlədiyimiz növbəti sabahların dan yerinin
söküldüyü yepyeni bir dünyadır...
lll
Dövlət
adamlarının qəribə taleləri var, onların hətta
adları da tarixin parçasına çevrilir, bu adlarda
onların rəhbərliyi ilə yaşanmış,
yaşanan vaxtın ruhu, ab-havası əks olunur.
Böyük
ŞƏXSİYYƏT Heydər Əliyevin adı gələndə
qeyri-ixtiyari Azərbaycanın keçdiyi əzablı
yolları xatırlayırsan, zamanın ağır
tapdağı ilə əzib keçmək istədiyi köməksiz
insanları öz ardınca qorxusuz, hamar, sabit bir yola
çıxarmış liderin mübarizə dolu ömrü
keçir gözlərinin önündən.
Eyni
zamanı paylaşmış dövlət xadimlərinin taleyi
arasında da oxşarlıqlar olur və görünür, bu,
vaxtın irəli sürdüyü şərtlərdən irəli
gələn ortaq əlamətdir.
Əgər
zamanı qabaqlayıb Azərbaycan Prezidenti İlham Əliyevin
adında öz ifadəsini tapan tarixi təsəvvür etməyə
çalışsaq, bu, heç şübhəsiz ki, Azərbaycanın
bütün mənalarda rifahının tarixi olacaq!..
Azərbaycan
tarixinin İlham Əliyev dövrü elə bir vaxta təsadüf
edir ki, adına qloballaşma deyilən zaman seli
özünün sənətkarlıq, manufaktura, mexanikləşmə
və avtomatlaşdırma mərhələlərindən
keçərək indi bütün dünyanı daha sürətlə
ağuşuna almaqdadır. Bu, yaxşıdır, ya pisdir, -
demək bizə düşməz, çünki hər şey
iradəmizdən çox-çox kənarda baş verir, onu
yönəltmək, qloballaşma meyillərinə hansısa
formada təsir göstərmək imkanında da deyilik.
Dövlətləri,
xalqları, milli mədəniyyətləri sürətlə
öz subyektinə çevirib ölkələr
arasındakı sərhədləri bir anda ortadan götürən,
ibtidai insanlardan üzü bəri yaşadığımız
real dünyanın virtual alternativini yaradan qloballaşmanın
insanlara rəhbərlik edən liderlər qarşısında
irəli sürdüyü tələblər də
bambaşqadır. Bu tələblərə cavab verən
dövlət adamları xalqlarını irəli aparır,
vaxtın sürətində özünü itirib yanlış
qərarlar verənlərsə öz dövlətlərini,
xalqlarının milli kimliyini qloballaşma nəhrində
itib-batmağa məhkum edir.
Belə
bir zamanda Azərbaycana qlobal çağırışları
hamıdan daha düzgün dəyərləndirən, onun
müsbət meyillərindən faydalanmaq, mənfi təsirlərini
isə mümkün qədər dəf etmək
üçün mükəmməl bilik və bacarıqlara,
insanları yeni məqsədlər ətrafında səfərbər
etməyə qabil Liderin - İlham Əliyevin rəhbərlik
etməsi, yəqin ki, zamanın belə bir əhəmiyyətli
anında taleyin bizimlə xoş davranmasıdır...
Qloballaşma
bu gün ölkəyə rəhbərlik missiyasını
üzərinə götürmüş hər bir şəxs
qarşısında yaxşı menecerlik tələbini
aktuallaşdırır, önündəki məqsədlərin,
bu məqsədlərə doğru aparan yolların,
qazanılmış nəticələrin düzgün
ayırd edilməsi şərtlərini irəli sürür.
Azərbaycan
Prezidenti üçün menecerlik məcburən yiyələnməli
olduğu bacarıq deyil, anadangəlmə istedaddır!
Təfəkkür
tərzidir!
Və
bunu dövlət rəhbərimizin istənilən məsələlərə
yanaşmalarında izləyə bilərik.
O,
müxtəlif tədbirlərdəki
çıxışlarında bir adamın malik olduğu bu qədər
geniş bilgi dairəsi, informasiyalarla işləmək
bacarığı, analitik qabiliyyətləri ilə öz izləyicilərini,
sözün əsl mənasında, heyrətləndirir.
Azərbaycan
Prezidenti çıxışlarında müxtəlif məsələlər
haqqında söhbət açır, bu sahələrin hər
biri üzrə müqayisəli məlumatları, rəqəmləri,
göstəriciləri təqdim edir, proqnozlar irəli
sürür, nəticələrə uyğun qərarlar verir
və bütün bunların heç birində hər
hansı konspektdən, əvvəlcədən
hazırlanmış məruzə mətnlərindən istifadə
etmir, toxunduğu bütün məlumatlar, səsləndirdiyi
bütün faktlar məhz öz düşüncələrinə
istinaddır.
İlham Əliyevin
bir neçə xarici dildə sərbəst və sərrast
danışması, informasiya-kommunikasiya texnologiyalarından
istifadə vərdişləri dövrün siyasi liderlər
qarşısında müəyyənləşdirdiyi tələblərə
uyğun olmaqla yanaşı, Müasir Şəxsiyyət
Obrazının əyaniliyi baxımından da özündə
bu obrazı formalaşdırmağa can atan hər bir Azərbaycan
vətəndaşı üçün parlaq örnəkdir.
lll
Azərbaycan
Prezidentinin irəli sürdüyü vəzifələrə
diqqət yetirək, imzaladığı fərman və sərəncamların,
dövlət proqramlarının məqsədlərinə nəzər
salaq - bunların hər biri müasir dünyamızda istənilən
toplumun xoşbəxtliyini təmin edəcək yeni meyillərdir,
sivil dünyanı gələcəyə doğru aparan
aydın istiqamətlərdir, cənab İlham Əliyevin gələcəyin
Azərbaycanını bu yolun öncüllərindən biri
kimi görmək arzusudur...
Dövlət
rəhbərimiz zamanında çoxlarına əfsanə kimi
görünən bu arzuların mühüm qismini
reallığa çevirdi. O, ulu öndər Heydər Əliyevin
parçalanma təhlükəsindən xilas edib, min bir zəhmət
bahasına ayaq üstə qaldırdığı kiçik
ölkədən bütün dünyanın hesablaşmaq,
hörmətlə yanaşmaq məcburiyyətində
qaldığı qüdrətli bir dövlət
formalaşdırdı.
Azərbaycan
Prezidenti on illərlə dünyanın siyasi çevrələrində
kabus kimi dolaşan erməni mifini darmadağın etdi, Azərbaycanın
günbəgün yüksələn sosial-iqtisadi
üstünlüyü ilə, tutduğu qətiyyətli
mövqe ilə, apardığı məqsədyönlü
işlə təcavüzkar qonşularımızı da,
onların beynəlxalq aləmdəki havadarlarını da yerdən-yerə
vurdu, cəsarətlə üzərlərinə yeriyərkən
onların necə aciz, rəzil bir duruma düşdüklərini
bütün dünyaya sərgilədi.
O,
dövləti öz vətəndaşlarına daha da
doğmalaşdırdı, Azərbaycanı hər bir
soydaşımızın özünə isti ocaq bildiyi,
qayğısından barınıb, qeyrətini çəkdiyi
böyük bir ailəyə çevirdi.
Ən
yaxın silahdaşlarının - ölkəmizin birinci
xanımı Mehriban xanım Əliyevanın, doğma
övladlarının aləmə nur saçan xeyirxah əməlləri
misalında bu gün məhz Azərbaycanın bəşəriyyətə
təlqin etməli olduğu dəyərləri önə
çəkdi, ölkəmizi Yer üzündə
sülhün, mədəniyyətlər arasında dialoqun,
tolerantlığın qibləsi kimi tanıtdı.
İlham Əliyev
öz şəxsiyyəti ilə Azərbaycan insanının
kamillik haqqında təsəvvürlərini bütünləşdirdi,
sadəliyi, təvazökarlığı, lazımsız dəbdəbədən
uzaqlığı, kimliyindən asılı olmayaraq hər
bir insana sevgi ilə yanaşmağı, comərdliyi, kimsəsizlərə,
möhtaclara mərhəmətli, yolunu azmışlara,
harınlamışlara sərt olmağı, doğrunu
yanlışdan, yaxşını pisdən ədalətlə
ayırmağı bu təsəvvürlərin əsas cizgilərinə
çevirdi.
...Azərbaycanın
körpə vətəndaşları indi bu təsəvvürlərin
işığında boy atır.
Onlar
böyüdükcə biz daha güclü oluruq!..
Və əmin-amanlıq,
sabitlik, stabillik duyğusu ilə yaşanmağa dəyər
olan həyatın əsl xoşbəxtliyi də elə budur!..
Sübhçağı
- dünya şişmani və yuxulu gözlərini
ovxalayıb oyanmaq istəyəndə, mən də bu son sətirləri
yazıram və... yazıma ağaclardan süzülən
kövrək bir şeh damlası kimi nöqtə qoymaq istəyirəm...
Orda,
uzaqda - Xəzərin gömgöy sularının dünya ilə
qovuşduğu yerdəcə - topalanmış buludları,
dumanı, çəni, çiskini Xəzər və Günəş
şəfəqləri qovalayıb aparır, əridib yoxa
çıxarır...
Günəş
zərrin şəfəqlərini yaydıqca, gözlərim
önündə böyük sevgi ilə işlənmiş
MÜSTƏQİL AZƏRBAYCANIMIN tablosu açılır...
Bu
Xoşbəxtlik Əsərinin Müəllifinin - Azərbaycan
Prezidentinin işıqlı çöhrəsi
gülümsünür...
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı
525-ci qəzet.- 2013.-
4 iyun.- S.4.