İslam dini,
renessans, reformasiya haqqında düşüncələr
Çox hallarda renessans, reformasiya və inqilab
anlayışları ümumiləşdirilib, Qərbdə
renessans, Şərqdə isə intibah adlandırılır. Əslində XIV-XIX əsrləri
əhatə edən, bəşər tarixində misli
görünməmiş, möhtəşəm, çoxcəhətli,
uzunmüddətli bu hərəkat elmdə,
dünyagörüşündə dirçəliş
(renessans), xristian dininin, xüsusilə Roma kilsəsinin daxilində
köklü keyfiyyət dəyişikliyi (reformasiya), siyasi
hakimiyyətdə, cəmiyyətin idarə olunmasında
renessans və reformasiyanın tələblərinə cavab verən
yeni ictimai quruluşun (kapitalizmin) yaranması uğrunda
mübarizə – inqilabdır.
Bu üç mərhələ feodalizmdən kapitalizmə,
tarixin orta əsrdən yeni dövrə keçidin inkişaf
yoludur və vahid zəncirin həlqələri kimi bir-biri ilə
sıx bağlıdır.
Renessans deyəndə Avropanın xatırlanmasına
baxmayaraq, əsl həqiqətdə bu işıqlı hərəkatın
təməl prinsipləri VIII – XIII əsrlərdə müsəlman
dünyasında qoyulub.
lll
IV əsrin
ortalarında Roma imperatoru Konstantin imperiyada
xristianlığı rəsmi dövlət dinlərindən
biri elan etdikdən sonra bu din, sürətlə
yayılmağa və hakimiyyəti şəriksiz mənimsəməyə
başladı. İlk növbədə antik
sivilizasiya və onunla bağlı nə varsa, hər şeyi
allahları, fəlsəfəni, elmi, əxlaqı, ədəbiyyatı,
incəsənəti, memarlığı və sairəni
özünün düşməni elan etdi. Bütpərəstliyi
az vaxt ərzində ən faydalı ideya və
əməlləri ilə birlikdə, süpürüb atmaq
üçün ən müdhiş üsullara əl atdı.
Roma katolik kilsəsi özünü “kainatın
ağası” elan etdi. Qısa vaxt ərzində
qədim dünyanın azad, realist ictimai şüurundan,
rasional təfəkküründən əsər-əlamət
saxlamadı. Hiss olunmadan dövlət hakimiyyətinin
ağırlıq mərkəzi ordudan kilsənin əlinə
keçdi. İnsanlarla birgə elm və incəsənət
də azadlığının həyati, təbii
inkişafindan məhrum olundu.
Əsrlər boyu yenilməzlik, igidlik, cəsurluq, qəhrəmanlıq,
cəngavərlik rəmzi sayılan Roma imperiyasının əski
əxlaqı büsbütün dəyişdi. Bibliyanın
ehkamlarına müvafiq olaraq, romalıların sol üzünə
tüpürəndə, onlar sağ üzlərini də
tüpürmək üçün məmnuniyyətlə
çevirməyə başladılar. Beləliklə,
bütün dünyanın yollarının keçdiyi Roma,
öz yolunu katolik kilsəsindlən salmağa məcbur oldu.
Antik dünyanın ruhunun məğrur
daşıyıcısı, Roma imperiyasının yenilməz
ruhu yenildi, onu müqəddəs vəhylər, ehkamlar, dini
fanatizm, cəhalət və mütilik əvəz etdi.
lll
İslam bərqərar olandan sonra onun ən qatı
düşməni bütpərəstlik, Zərdüşt,
“Avesta” və atəşpərəstlik oldu. İlk
növbədə bütün bütləri yerlə-yeksan
etdi, daha sonra atəşpərəstləri Zərdüştün
“Avestası” ilə birgə Hindistana qədər qovdu.
Lakin islamın antik dünya elmi və mədəniyyəti
ilə tanışlığı olmadığı kimi, ədavəti
və rəqabəti də yox idi. Xristian
dünyasında özünə yer tapa bilməyən antik fəlsəfə
və digər dünyəvi elmlər müsəlman
dünyasının diqqətini çəkdi.
Tarixdə
ilk dəfə olaraq islam, dünyəvi dinlər
arasında, həmçinin cəmiyyətdə və elmdə,
milli, irqi ayrıseçkiliyə son qoydu.
lll
VII əsrin
birinci yarısında bədəvi ərəb icmaları Həzrəti
Məhəmməd peyğəmbər qəbul edib, Qurani-Kərimdəki
ali ideyalar ətrafında sıx birləşdilər.
Peyğəmbərin vəfatından sonra Əbu
Bəkrin xəlifəliyi dövründə onlar andlarına
xilaf çıxaraq, Məhəmməd peyğəmbərə
və Qurani-Kərimə sədaqətləri zəiflədi.
Hamının ümidini itirməsinə
baxmayaraq, çox həlim, mötədil görünən Əbu
Bəkr sona qədər ruhdan düşmədi, dəmir kimi
möhkəm iradəsi ilə peyğəmbərə və
islama misilsiz sədaqət nümunəsi göstərdi.
Çox çətin şəraitdə Mədinə
və onun ətraf ərazilərində hakimiyyəti saxlaya
bildi.
Ömər xəlifə seçiləndən sonra xilafətin
hakimiyyətini, bütün Səudiyyə Ərəbistanında
möhkəmləndirdi və cəsur ərəb süvarilərini
qətiyyətlə Suriya, Fələstin, Misir, İran və
İraqa istiqamətləndirdi. Qüdrətli təşkilatçılıq
və rəhbərlik bacarığına malik olan Ömər
və onun silahdaşları, işğal olunmuş ölkələrdə
klassik dövlət quruculuğu, divan işləri ilə tanış olub, onları şəriət
qanunlarına uyğunlaşdıraraq, xilafətdə geniş
tətbiq etməyə başladılar.
İslamın qədim dünya sivilizasiyası ilə
tanışlığı belə başladı.
lll
Əməvilərin hakimiyyəti dövründə daha
da genişlənən bu tanışlıq, abbasilərin
dövründə möhkəmləndi, xüsusilə, xəlifə
əl Məmunun vaxtında əməkdaşlığa,
ehtiram və hörmətə çevrildi.
lll
Xəlifənin sarayında dini kitablarla yanaşı,
dünyəvi elmlərdən bəhs edən kitablardan ibarət
Kitab Evi, dünyəvi elmlər tədris olunan məktəb təşkil
olundu. Əl Məmunun şəxsi təşəbbüsü
ilə indiki Elmlər Akademiyasını xatırladan və
Müdriklik Evi adlandırılan elmi mərkəz
yaradıldı. Dünyəvi və dini
elmlərə fərqli münasibət aradan
qaldırıldı, daha sonra dünyəvi elmlər ön
plana keçdi.
Müdriklik Evinə dinindən, dilindən, irqindən
asılı olmayaraq, dünyanın müxtəlif ölkələrindən
alimlər, tərcüməçilər cəlb olunurdular.
İslam
dünyasının mərkəzi Bağdada Çin, Hindistan,
Yunanıstan, Roma, Bizans, Suriya, İran və s. ölkələrdən
antik dünyanın görkəmli alimlərinin əsərləri
axıb gəlirdi. Bir-birinin ardınca Platonun,
Aristotelin, Qalenin, Ptolomeyin, Hippokratın və digər onlarla
antik mütəfəkkirlərin əsərləri ərəb
dilinə tərcümə olunub, maneəsiz
yayılırdı.
Bizans müharibədə məğlubiyyətə
uğradıqdan sonra əl Məmunun tələbi ilə
imperiyanın kitabxanalarındakı elmi əsərlərin hərəsindən
bir nüsxə Bağdada gətirilib ərəb dilinə tərcümə
olundu.
Müsəlman renessansı təkcə xəlifənin
sarayında, Bağdadda kök atmadı, Mərkəzi Asiyadan
Hindistana, Şimali Afrikaya qədər böyük bir
arealı əhatə etdi. Buxara, Səmərqənd, Mərv,
Herat, Qahirə və digər şəhərlər elm mərkəzlərinə
çevrildilər.
lll
İslam sivilizasiyası İspaniyada özünəməxsus
xüsusi yolla inkişaf etməyə başladı. Kordova, Sevilya, Toledo və
digər şəhərlərdə akademiyalar, ali
məktəblər, yaradıldı. Həmin
akademiya və məktəblərdə dünyəvi elmlər
– fəlsəfə, riyaziyyat, astronomiya, tibb, tarix, kimya və
digər elmlər öyrənilib, tədqiq və tədris
olunmağa başlandı.
“İspaniyada parlayan islam sivilizasiyasının
şüaları sonradan bütün xristian
dünyasını işıqlandırdı. Müsəlmanlar
Kordova və Toledoda yunan elminin axırıncı
qığılcımlarını qayğı ilə
yığıb alovlandıraraq, bizim üçün
qorudular. Biz, avropalılar yeni dövrün
kəşfləri üçün islam dünyasının
müdrikliyinə borcluyuq.” (Q.Fr. Kolb, Bəşər mədəniyyətinin
tarixi, Kiyev, 1899, üçüncü bölmə, səh.127)
lll
İslam fəlsəfəsi, elmi, mədəniyyəti, ədəbiyyatı,
dünyagörüşü xristian dünyası ilə
müqayisədə ağılasığmaz dərəcədə
yüksəldi, müsəlman dünyası qədim və
orta əsr ümumbəşər elminin və mədəniyyətinin
daşıyıcısı, qoruyucusu və hamisinə
çevrildi.
Məhəmməd
əl Xarəzmi, Cabir İbn əl Həyyan, əl Fərabi,
Biruni, İbn əl Heysəm, İbn Sina, Ömər Xəyyam,
Firdovsi, Nizami Gəncəvi və onlarla başqaları
dünyəvi elmlərin, mədəniyyətin və ədəbiyyatın
aparıcı şəxsiyyətləri oldular.
Xristian
dünyasının elm adamları müsəlman adı
altında gizlincə Kordova və digər ali
məktəblərə yol tapır, həmin təhsil müəssisələrində
dünyəvi elmlərin əsaslarını öyrənməklə
fəxr edirdilər.
lll
Qərb və Şərq sivilizasiyası antik dövrdə
Makedoniyalı İsgəndərdən sonra bir-birinə
qovuşaraq ellinizm adını aldı, orta əsrlərdə
isə Məhəmməd peyğəmbərdən sonra həmin
inteqrasiya müsəlman renessansı adını alaraq,
ümumbəşəri dəyərləri daha yüksəklərə
qaldırdı.
Qərb və Şərq elmi fərq qoymadan görkəmli
mütəfəkkirləri hər yerdə doğma adamları
kimi qəbul etməyə başladı. Hətta Qərb
alimlərinin adları Şərqdə şərqləşdirildi,
Şərq alimlərinin adları isə Qərbdə
latınlaşdırıldı. İslam
dünyasında Platon Əflatun, Aristotel Ərəstun, Qərb
dünyasında Cabir İbn əl Həyyan Gerber, İbn əl
Heysəm Alqazen, İbn Sina Avitsenna adlandırıldı.
lll
X-XIII əsrlərdə
islam dünyasında türk sülalələri
islamın başlıca siyasi, elmi və hərbi qüvvəsinə
çevrildilər. Şved alimi, görkəmli
şərqşünas Adam Mets haqlı olaraq, həmin
dövrü “müsəlman renessansı” adlandırır.
Bu əzəmətli möhtəşəm
dirçəliş və tərəqqinin
qarşısını üç əsrlik mənasız,
dağıdıcı, amansız səlib yürüşləri
belə ala bilmədi. Şərqdə
müsəlman, Qərbdə xristian xalqlarına böyük
faciə və fəlakətlər gətirən xaç
yürüşlərinin uğursuzluqları müsəlman
renessansından daha çox katolik kilsəsinin prestijinə və
siyasi mövqeyinə zərbə vurdu.
lll
Başlanğıcını antik dünyanın
toxumlarından götürüb cücərdən, onu Roma
kilsəsinin təqiblərindən qoruyub inkişaf etdirən
müsəlman renessansı XIII əsrdən başlayaraq tənəzzülə
uğramağa başladı.
Buna səbəb nə oldu?!
lll
XIII əsrin birinci yarısında Çingiz xan,
Hülakü xan, ümumiyyətlə, bir çox monqol
işğalçıları, islama və onunla bağlı nə
varsa, hər şeyə qarşı on illərlə
amansızcasına mübarizə apardılar. Bu da müsəlman
renessansına çox ciddi zərbə endirdi. Əvvəlcə
Şərqin ən böyük mədəniyyət mərkəzi olan
Xarəzm şahlığını darmadağın etdilər.
Səmərqəndi, Xivəni, Buxaranı külə döndərdilər.
İslamın dünyəvi paytaxtı, “Min bir
gecə” nağıllarının əfsanəvi rəmzi
Bağdad şəhəri yerlə- yeksan olundu. Müsəlman dünyası və onun mədəniyyəti
Misir, İspaniya, Şimali Afrikaya
sıxışdırıldı. Bağdad bir daha əvvəlki
ucalığına yüksələ bilmədi və islam dünyasının ümumi, birləşdirici
mərkəzinə çevrilmədi.
(Ardı var)
Hüseynağa Qəniyev
525-ci qəzet.- 2013.-
6 iyun.- S.6.