İslam dini,
renessans, reformasiya haqqında düşüncələr
(davamı)
Monqollar
İranı, İraqı, Qafqazı işğal etdikdən
sonra Suriya, Fələstin və Misirə üz tutdular. Onlar
1260-cı ildə qıpçaq türkləri – məmlüklərlə
Fələstində qarşılaşdılar. Misiri idarə
edən məmlüklər Hülakünün ordusunun əfsanəvi
məğlubedilməzliyinə son qoyub, onu darmadağın
etdilər və irəli getməsinin qarşısını
aldılar. Daha sonra Suriya və Fələstini Səlib
yürüşünün döyüşçülərindən
elə mükəmməl təmizlədilər ki, yeni
yürüşün keçirilməsi fikri bir daha Roma
papasının ağlına belə gəlmədi.
Beləliklə,
qıpçaq türk tayfalarının Misirdə
yaratdığı Məmlük sultanlığı islamı
şərqdən monqol işğalından, qərbdən isə
xristianların yürüşlərindən qoruyub,
sözün həqiqi mənasında islamın hamisi və
xilaskarı oldu. Bununla da onlar təkcə islamı deyil,
xristian və Avropa mədəniyyətini də xilas etdilər.
Qıpçaq
türkləri qüdrətli monqol ordusunu darmadağın etməsəydilər,
Misirdən sonra xaç yürüşlərində yorulub əldən
düşmüş Avropada Hülakünün
qarşısında duruş gətirə biləcək bir
qüvvə tapılmayacaqdı.
lll
İslamın,
xristianlığın və bütövlükdə
Avropanın həyatında ciddi dönüş yaradan
qıpçaq türklərinin – Misir Məmlük
sultanlığının tarixə sığmayan möhtəşəm
rolu bu günədək həqiqi qiymətini almayıb.
İslam
alimlərinin tarixində möhtəşəm qələbələrdən,
qaliblərin, qəhrəmanların həyat və fəaliyyətindən
daha çox, məğlubların, faciələrin tarixi və
şəhidlərin xatirəsinin əbədiləşdirilməsi
üstün yer tutmuşdur.
Avropalıların,
xristianların, xüsusilə katoliklərin islama subyektiv
münasibəti onların gözlərini elə
qapamışdı ki, bu tarixi hadisənin mahiyyətini
görüb dərk etməmiş, indiyədək onun fərqinə
varmamışlar.
lll
Teymurləng
hakimiyyətə gəlib imperiyasını yaradandan sonra islam
Yaxın və Orta Asiyada nəfəsini dərdi. Onun varisləri
tərəfindən müsəlman renessansının cücərtiləri
suvarıldı. Elm ədəbiyyat, incəsənət,
memarlıq inkişaf etməyə başladı. Şair Cami, Əlişir
Nəvai, rəssam Behzad kimi nəhəng şəxsiyyətlər
meydana çıxdı. Teymurləngin nəvəsi Uluq bəy
dahiyanə kəşflərini dünya astranomiya elminə
töhfə etdi.
Onlar daha
sonra XVI-XVII ərslərdə Hindistanda Böyük Moğol
imperiyasını yaratdılar. İmperiya müsəlman
renessansının son qığılcımlarını elə
möhkəm alovlandırdı ki, onun işıqları təkcə
Hindistana yox, Cəvahirləl Nehrunun dili ilə desək, “bütün
Asiya və Avropaya yayıldı”.
lll
Vəhy və
ya ağıl, ehkam və ya yaradıcılıq, tale və ya
iradə azadlığı islam fəlsəfəsində həmişə
qarşı-qarşıya durmuşdur. Əməvilər
hakimiyyətə gələrkən həzrət Əlinin tərəfdarları
onların hakimiyyətini qeyri-qanuni və təbiilikdən kənar
hesab edərək, onlara beyət etmədilər. Cavabında əməvilər
hakimiyyətlərinin legitimliyinə bəraət
qazandırmaq üçün Qurani-Kərimə əsaslanaraq
“Allah istəməsə, sən istəyə bilməzsən”
dedilər (surə 81, ayə 29).
Bu isə
o demək idi ki, insanların seçimi onların iradəsindən
asılı deyildir. Hər şey taleyin, yəni Allahın
hökmü ilə baş verir. Bu məntiqə əsasən,
hakimiyyət də onlara Allahın iradəsi ilə
verilmişdir. Ona görə də onların hakimiyyəti
qanuni və təbiidir.
İmam Əlinin
tərəfdarları isə belə düşünmürdülər.
Onlar insanların “faili muxtar”, yəni işində, əməlində
ixtiyar sahibi olduğunu iddia edirdilər.
Bu və
digər səbəblərdən şiələr, əməvilər
və sonrakı digər müsəlman sülalələrinin
ideologiyası, siyasəti və əməli fəaliyyəti
ilə barışmayıb, əsrlərlə müxalifətdə
qaldılar.
lll
Abbasilərin
hakimiyyəti dövründə bu fəlsəfi fikir
qızğın diskussiya predmetinə çevrildi. Nəhayət,
xəlifə əl Məmun ağılı,
yaradıcılığı, iradə
azadlığını rəsmi olaraq xilafət siyasətinin
və fəlsəfəsinin başlıca strategiyası kimi qəbul
etdi. Vəhy, ehkam, tale ikinci plana keçdi. Əl Məmunun
ölümündən sonra bu strategiya unuduldu, yayılması
və genişlənməsinin qarşısı alındı,
nəticədə qadağan olundu. Vəhy, ehkam və taleyin
hökmü önə keçdi. Əl Məmunun
strategiyasının tərəfdarları təqib olunmağa
başlandı. Bu da insanların zəkasının, fikir və
iradə azadlığının,
yaradıcılığının, bütövlükdə
müsəlman renessansının inkişafının
qarşısına sədd çəkdi, onu tənəzzülə
apardı. Çünki bu, dövlət və dini hakimiyyəti
öz əlində birləşdirən xəlifələrin
maraqlarına uyğun deyildi. Onların istibdadının
legitimliyinə və təbiiliyinə bəraət
qazandırmırdı.
lll
Beləliklə,
bir tərəfdən monqol işğalı, digər tərəfdən
dini və dövlət hakimiyyətini bir əldə birləşdirən
xəlifələrin vəhylərə, ehkamlara və taleyin
hökmünə söykənən radikal siyasəti
renessansın islam dünyasında ərsəyə gəlməsinə
imkan vermədi. Minilliklər ərzində Asiya və Avropada
yaranmış dünyəvi dəyərləri
yığıb toplayan, onu qoruyub inkişaf etdirən, müsəlman
renessansının möhtəşəm mirasına XIV əsrdən
etibarən, Avropa sahiblik etməyə başladı və onu
sona çatdırdı.
Şərq
isə öz möhtəşəm tarixinin kölgəsində
yatıb qaldı.
lll
BÜTÖVLƏŞMƏ
Renessans Avropa ölkələrində XIV əsrdən
başlayaraq (Petrarka, Nikolay Kopernik, Rafael, Mikelancello və
başqaları) müsəlman renessansının qoruyub
inkişaf etdirdiyi dəyərlərin, antik işıqlı,
azad fəlsəfənin, ədəbiyyatın, elm və incəsənətin,
rasional təfəkkürün üzərində quruldu.
Renessansın aparıcı qüvvələri isə elm, ədəbiyyat,
incəsənət xadimləri, maarifçilər oldular.
Dirçəlişin
inkişafı insanları orta əsrlərin mistika, cəhalət
və ehkamlarından xilas edib, onların dünyaya
baxışında təbəddülat yaratdı. Artıq
onlar papanın və kilsə keşişlərinin müqəddəs
kitablardakı vəhylərin təfsirlərindən daha
çox, elmə və məntiqə, azad fikirlərinə,
görüb anladıqları reallıqlara daha çox
inanmağa başladılar.
Maariflənmiş
xalq özünü dərk etməyə başladı və
anladı ki, dünyanı dərk etməyin yolu
özünü dərk etməkdən keçir. Daha sonra
özünə və şəxsiyyətinə, eləcə
də tarixinə və dünyəvi dəyərlərə
sahib çıxıb, bütövləşdi.
lll
DÖVLƏTLƏŞMƏ
Reformasiya
dövründə elm xurafatı, zəka cəhaləti, azad
fikir və iradə ehkamları üstələdi. Cəmiyyətdə
alışan bu məşəl Roma papasının hakimiyyət
dairələrinin, katolik kilsələrinin daxilində
qığılcım yaratdı. Katolik kilsələrindəki
hüdudsuz hakimiyyətə, korrupsiyaya,
özbaşınalığa, uydurma “cənnət qəbzlərinə”,
amansız cəza sistemlərinə qarşı
yürüş başlandı.
Avropa
monarxları papanın onların hakimiyyətinə müdaxilə,
iddia və tələblərinə etiraz əlaməti olaraq hərəkata
təkan verdilər. Nəhayət, reformasiya başa
çatdı. Romadan başlamış bütün katolik kilsələrində,
bütövlükdə xristian dinin daxilində ciddi islahatlar həyata
keçirildi. Xristian dininin daxilində katolik və pravoslav
qolundan əlavə yeni, müstəqil protestant qolu yarandı.
İngiltərədə, Skandinaviya ölkələrində Mərkəzi
Avropada katolik kilsəsindən və papanın nəzarətindən
azad protestant kilsələri fəaliyyət göstərməyə
başladılar.
Ölkələrdə
xristianlaşmanı dövlətləşmə əvəz
etdi. Hakimiyyətin ağırlıq mərkəzi kilsədən
dövldətin əlinə keçdi. Xalqlar elm dilindən
kilsələrin rəsmi dilinə çevrilmiş latın
dilindən imtina edib, ana dillərində yazıb, yaratmağa
başladılar.
Din
dövlətdən ayrıldı. Hər ikisinin fəaliyyətini
qanunlara təbe etmək uğrunda mübarizə önə
keçdi.
lll
MİLLƏTLƏŞMƏ
Dirçəliş
və reformasiya dövründə elm, məntiq, özünə,
şəxsi fikirlərinə inanan, bütövləşmiş,
dövlətləşmiş insanlar ordusu yaranmağa
başladı. Onlar orta əsrlərin qara pərdələrini
yırtaraq, dünyanı öz gözləri ilə daha
aydın görür, monarxlara, monarxiyaya, feodallara, onların
üsul-idarələrinə, lüzumsuz imtiyazlarına nifrətlə
baxıb, azadlıq və bərabərlik hüququ qazanmaq
haqqında düşünürdülər.
Yenicə
yaranmış burjuaziyaya əsrlərin ənənələrinin
mütiliyindən, kilsələrin itaətkarlığından,
monarxiyanın hüdudsuz hakimiyyətindən, feodalların
imtiyazlarından azad, yeni insanlar – işçi qüvvəsi
lazım idi. Onlar monarxların hakimiyyətini məhdudlaşdırmaq,
ona nəzarət hüququnu qazanmaq üçün siyasi
mübarizə meydanına atıldılar. İnqilablar mərhələsinə keçdilər
və qalib gəldilər.
lll
Bu qələbə
təkcə burjuaziyanın deyil, yeni dövrün, köhnə
dağınıq, parçalanmış feodal
dünyasının üzərində qələbəsi idi.
Bu qələbə elmin, mədəniyyətin, tərəqqinin,
maarifin, bütövlükdə ümumi Avropa
sivilizasiyasının qələbəsi idi. Bununla da Avropa bəşər
tarixində yeni dövrə qədəm basdı, haqq, ədalət,
azadlıq, bərabərlik, demokratiya uğrunda mübarizə
üçün uzun bir yol aşdı.
Avropa
xalqları həqiqətə, gerçəkliyə xeyli
yaxınlaşdılar, milli kimliklərini dərk etdilər,
bütün sahələrdə daxili münasibət tellərini
möhkəmləndirdilər. Kapitalizmin – yeni dövrün
siyasi, iqtisadi qanunları, fəlsəfəsi, ideyaları, pərakəndə
feodallıqlardan ibarət coğrafi ərazilərinin
bütün məntəqələrinə, məhəllə
və evlərinə, təbəqələrinin bütün
qruplarına, hər bir insanın qan damarlarına, beyninə və
hüceyrələrinə yeridi. Onları ərazi, iqtisadiyyat,
siyasət, mədəniyyət, mənəviyyat, adət-ənənə,
mentalitet və dil birliyi ilə millətləşdirdi.
lll
Renessans,
reformasiya, inqilablar dövründə bütövləşən,
dövlətləşən, millətləşən Avropa
son dərəcə gücləndi, köhnə dünya ilə
kifayətlənməyib, Yer kürəsində yeni bir
dünya kəşf etdi. Köhnə və yeni dünyaya
bütövlükdə ağalıq etməyə
başladı.
(Ardı var)
525-ci qəzet.- 2013.- 7 iyun.- S.6.