İşıq,
ümid və inam şairi – Fikrət Sadıq
Ta qədimdən istedadlı
qələm sahibləri
ilə zəngin olan Azərbaycan ədəbiyyatı 60-cı illərdə
yeni epoxaya qədəm qoydu. Məhz bu nəslin nümayəndələrinin yaratdığı
əsərlər ədəbiyyatımızın
zənginləşməsində böyük rol oynamış, o cümlədən
insana, mənəvi mühitə daim təsir etmişdir. Bu nəslin böyük
yaradıcılıq imkanlarına
malik ədəbi simalarından biri də şair, Azərbaycan Dövlət Mükafatı Laureatı Fikrət Sadıqdır.
Fikrət Sadıqla tanışlığım
2011-ci ildən – doktoranturaya
qəbul olduğum vaxtdan başlayır.
Amma düzünə qalsa o məni bu tarixdən
tanıyır, mən
isə bir Azərbaycan oxucusu kimi şeirə olduqca həssas olduğumdan, yaradıcılığına
bələd olduğum
şairi əvvəldən
tanıyır və daima şeirlərini mətbuatda sevə-sevə
izləyirdim.
Xalqımızın ədəbi-estetik zövqünün formalaşmasında
ən istedadlı şairlərimiz böyük
rol oynayıblar.
Tədqiqatçılar haqlı olaraq
yazırlar ki, Azərbaycan şairlər
Vətənidir (Səməd
Vurğun). Bu gün
məmləkətimizin az qala hər
qarışından bir
şair göyərir...
Burada həmişə böyük
şairlər yetişmiş,
şeirimizi, bədii söz sənətini zənginləşdirmişlər. Tarix göstərir ki, bütün zamanlarda şeir yazanlar az
olmamışdır. Orası da
var ki, hər
parlayan qızıl olmadığı kimi hər şeir yazan da şair
sayılmaz. Amma Fikrət
Sadıq yaradıcılığı
çox zəngin poetik bir aləmdir.
İlk tanışlığımızdan
Fikrət Sadıq haqqında ilkin təəssüratım şairdə
gördüyüm sadəlik,
təbiilik, nikbinlik oldu. Bir məqamı xüsusi
qeyd etmək lazımdır ki, Fikrət Sadıq əksər vaxtlarda şeirlərinə verdiyi
başlıqlarda da, demək olar ki, inam, ümid
və nikbinliyə işarələr edir.
Məsələn, “Ağ bənövşə”,
“Ümid”, “İşıq
şeirləri” və
sairə.
Quş qanadına inanar,
Kor əl ağacına,
Mən ümidimə.
Quşun
qanadı qırıla
bilər,
Korun əl ağacı,
Ümidim
yox!
Demək
olar ki, şairin nəşr etdirdiyi kitablarına verdiyi adlar da
belədir: “Sevgi yağışı”, “İşığın
yaşı”, “Ağ cığır”, “Yerdən
göyə ümid” və s.
Həyatı zəhmətlə yaşamağı
seçən şair
haqqında Xalq yazıçısı Elçin
belə demişdir ki, “Fikrət çətinliklərdən yazır
– özü çətinliklər
çəkmişdir, müharibə
illərinin ac-yalavac uşaqlığından, yeniyetməliyindən
yazır – özü elə bu cür
yaşamışdır. İşıqçəkən bir fəhlənin
həyatından poema yazır – özü işıqçəkən fəhlə
olmuşdur. Fikrətin istedadlı
poeziyası belə bir nüfuzlu təcrübəyə arxalanır”.
Fikrət Sadıq (Sadıqov Fikrət Abbas oğlu) 1930-cu ilin xoş bir çağında
Azərbaycanın dilbər
guşələrindən biri
olan Şamaxı şəhərində anadan
olmuşdur. O, Xaqani, Nəsimi, Seyid Əzim, Sabir və başqa böyük dahi şairlərin məskəni
sayılan Şirvan ədəbi mühitinin istedadlı şairlərindən
biri və böyük sənət müəllimlərinin layiqli
davamçılarındandır. F.Sadıq da Sabir kimi
eyni gündə (fərqli illər), yəni mayın 30-da dünyaya gəlib. Zəhmətkeş insan kimi gündüz dəmir yolunda elektrik montyoru işləyə-işləyə
axşamlar oxuyub orta məktəbi bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə
daxil olmuş, 1961-ci ildə oranı bitirmişdir. O, tələbəlik
illərindən ədəbi
fəaliyyətə başlamış
və ilk dəfə
“Ana əli” poeması
Universitet nəşriyyatının
“Gənclik nəğmələri”
almanaxında işıq
üzü görmüşdür.
Sonralar F.Sadığın
bir sıra şeirləri Şamaxıda
çıxan “Yeni Şirvan” qəzetində,
“Ədəbiyyat və
incəsənət”, “Azərbaycan
gəncləri”, “Azərbaycan
pioneri” və s. mətbuat orqanlarında çap olunmuşdur. Xalq yazıçısı”
Anar yazır: “O vaxtlar hələ indiki şöhrətlərinə
çatmamış Fikrət
Sadıqla Fikrət Qocanı bəzən dəyişik salırdılar.
“Qoca” sözü Fikrət Sadığa daha uyğun gəlirdi. Ümumiyyətlə, Fikrət Sadığın
zahiri görünüşü
onu tanıyan insanlarda müxtəlif anımlar oyadırdı.
Şairin portretini çəkmiş
Toğrul Nərimanbəyov
onu gürcüstanlı
rəssam Pirosmaniyə
bənzədirdi. Qabil israr
edirdi ki, zahiri görkəminə, mənəvi saflığına
görə Dədə
Qorqud roluna məhz Fikrət Sadığı çəkmək
lazımdır. Onu gah Balzaka, gah Mopassana
oxşadırdılar”.
F.Sadıq onu F.Qocayla dəyişik salınmasına
görə “Fikrətdən
Fikrətə” şeirində
yazır:
Mən tələsib qocalanda demişdin:
“Fikrət Sadıq, sən qocalma qoca var”.
Bir dünya ki, Qocanı da qocaltdı,
Bu dünyadan baş götürüb “qaça”
var!
F.Sadığın “Cığır” adlı
ilk şeirlər kitabı
1963-cü ildə nəşr
olunsa da daha sonralar iyirmidən
çox şeirlər
kitabı, bir neçə publisistik toplularını çap etdirmişdir. O, bədii tərcümə ilə də müntəzəm məşğul olmuşdur.
Böyük Azərbaycan
şairi Şəhriyarın
məşhur “Azərbaycan”
şeirini farscadan Azərbaycan türkcəsinə
çevirən şair
haqqında Xalq şairi Qabil yazmışdı: “Şəhriyarın
məşhur “Azərbaycan”
şeirini Fikrət kimi tərcümə edən ikinci adam çətin
ki tapıla”:
Könlüm quşu qanad çalmaz
sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam
xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm
də mən,
eşqin ilə yaşayıram,
Paralanmış qəlbim kimi qəlbi viran,
Azərbaycan!...
“İçərişəhər”,
“Naxçıvan – 50”, “Süleyman
Rüstəm” sənədli
filmlərinin, “Cırtdanın
yeni sərgüzəştləri”
cizgi filminin ssenariləri yazmışdır. Nəsr
sahəsində də
qələmini sınamışdır:
“Xırdaca gəlin”,
“Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. onun qələminin məhsuludur
(1962-1987).
F.Sadıq uşaqlar üçün
də bir neçə pyes yazmışdır: “Yumaq
top” , “Bir parça Vətən”, “Oğul”, “Biri vardı, biri yoxdu” pyesləri tamaşaya qoyulmuşdur.
Hələ yaradıcılığa gəldiyi ilk vaxtlarda F.Sadıq haqqında Mirvarid Dilbazi “Bir gəncin şeirləri haqqında”
məqaləsində yazırdı:
“Azərbaycan ədəbiyyatı
hər il çoxlu pöhrə verən, düymə bağlayan bir gül bağına bənzəyir. Bu pöhrələr,
bu qönçələr
ədəbiyyatımızın sabahkı ətirli gülləridir... Oxuculara tanıtmaq
istədiyim Fikrət Sadıq da bu
gənclərdən biridir.
Fikrətin “Cığır”,
“Bulud” və xüsusilə xalq əfsanəsi əsasında
yazdığı “Ana əli”
poeması onun gələcəkdə yaxşı
bir şair olacağını göstərir”.
Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə olmayan əbədi bir şöhrət vardır
(V.Q.Belinski). Doğrudan da
belədir. F.Sadıq
həmişə şeirə,
poeziyaya yüksək qiymət verib:
Şair
də xəyalına arxalanıb
özü yorulanda,
xəyalı qalır
oyaq,
xəyalı yorulanda
– özü.
Qoşa
addımlayırlar beləcə
bir ömrün
Enişli-yoxuşlu yollarında.
F.Sadığın yaradıcılığında diqqəti xüsusilə çəkən “Miniatür
şeirlər” silsiləsidir
ki, o, burada beş, üç,
iki və hətta bir misrada az sözlə
böyük mənalar
ifadə edilir:
Yalan ayaq tutsa da yeriməz
deyiblər.
Amma bir yalançını işə gələn
görürəm hər səhər.
Və ya;
Birisi öləndə gülən
var hələ
Birisi güləndə
ölən var hələ.
Düzdür, bəzən heca,
əsas etibarilə də sərbəst vəznin geniş imkanlarından yüksək
sənətkarlıqla dəyərlənən,
öz poetik üslubunu yaratmağa müvəffəq olan, ən aktual və maraqlı mövzulara müraciət
etməyi bacaran şairin zaman keçdikcə yazdığı
şeirləri dolğunluğa,
böyük məna tutumuna görə ilk şeirlərdən fərqini
görmək elə də çətin deyil. B.Vahabzadə, B.Nəbiyev, A.Axundov,
Ə.Cəfərzadə və
b. böyük ədəbiyyat
adamları öz məqalələrində F.Sadıq
yaradıcılığını müxtəlif aspektdən
təhlil etmiş və yüksək qiymətləndirmişlər. Bəxtiyar Vahabzadə yazmışdı
ki, “Bu cavan şairin xoşbəxtliyi
orasındadır ki,
o, nəinki başqalarını,
hətta öz-özünü
belə təkrar etmir”.
İstedadlı şair və gözəl insan kimi oxucu yaddaşına
həkk olunmuş Fikrət Sadığı
doğum günü münasibətilə təbrik
edirəm. Xalq şairi Qabil yazdığı kimi:
Saçın zirvələrin qarından
bəyaz,
Ümman
dərinisən – deyilsən
dayaz!
Ay qələmi silah, çəliyi dayaq,
Səni
çox görməsin
xalqıma, Allah!
Yeganə QURBANOVA
525-ci qəzet.- 2013.- 7 iyun.- S.7.