Demokratiya və layiq olanların
hakimiyyəti
Amerika
modeli spesifik tarixi-mədəni şəraitdə
yaradılmışdı, ona görə də
üzünü köçürməklə onu təkrar etmək
uğur qazanmadı. Burada federal hökumət ştatlar
(keçmiş koloniyalar) tərəfindən qurulmuşdu, bu koloniyalar
isə uzun müddətli mövcudluq dövründə
yüksək dərəcədə muxtariyyətə malik
olmuşdu. İdeal çevikliklə yanaşı, burada sərt
intizama malik olmayan partiyalar fəaliyyət göstərirdi və
yerli ehtiyaclara istiqamətlənmiş siyasət yeridilirdi.
Amerikan
siyasi sisteminin ideoloqları dövlət hakimiyyətinin təmərküzləşməsindən
ehtiyat edirdilər. Ona görə də Amerika siyasi sisteminin əsasında
hakimiyyətin bölgüsü prinsipi dururdu, həm də ali
qanunvericilik orqanı olan ABŞ Konqresi və ali icra vəzifəsi-
ölkə prezidenti seçkili idi. Ölkənin tarixində
yalnız F.D.Ruzvelt dörd dəfə (1932-1944-cü illərdə)
prezident seçilmişdi. 1951-ci ildən isə Konstitusiya edilən
dəyişiklik əsasında prezidentin hakimiyyətdə
olması hər biri dörd il olan iki müddətlə məhdudlaşdırılmışdır.
Məhkəmə,
hakimiyyətin digər qollarından yüksək dərəcədə
müstəqilliyə malikdir, baxmayaraq ki, hakimlərin ideoloji
meylləri bəzən qəbul edilən qərarlara öz təsirini
göstərir. Ştatlara xeyli dərəcədə hakimiyyət
qalmışdır, onlar öz konstitusiyalarına və qanunvericilik
məclislərinə malikdirlər. Qubernatorlar və
ştatların əksəriyyətində ali məhkəmələr
də vaxtaşırı seçilirlər. Bu qayda həm də
yerli səviyyələrdə də tətbiq olunur.
Bütünlükdə ABŞ-dakı 500 min saydakı vəzifəli
şəxslərdən 8500-dən azı federal və regional
səviyyələrə aiddir, qalanların hamısı isə
yerli özünüidarəetmə orqanlarında işləyirlər.
ABŞ
prezidentinin seçkisi müstəqil (birbaşa) deyildir. Ancaq
Elektorlar Kollegiyası prezidenti seçməyə qərar
verdikdə heç vaxt ümumi qaydada səs verən
seçicilərin iradəsi əleyhinə
çıxmır.
Britaniyadan olan ilk məskunlar (puritanlar) 1620-ci ildə
“Meyflauer” gəmisində Yeni Dünyaya gəlmişdilər
ki, dini ibadətlərini azad şəkildə icra etmək
şəraitinə malik olsunlar. 101 nəfərdən
ibarət olan bu adamlar Massaçuets körfəzində sahilə
çıxmamışdan əvvəl gəminin göyərtəsində
gələcək koloniyanın idarə olunması
qaydalarını nəzərdə tutan ilk müqaviləni
imzalamışdılar. Bu sənəddə
başqa cəhətlərlə yanaşı, demokratik prinsiplər
öz əksini tapmışdı. Belə ki,
koloniyanın qubernatoru hər il səsvermə
yolu ilə seçilməli idi və bu qaydaya sonralar dəqiqliklə
əməl olundu. Ona görə də “Merflauer”
gəmisində bağlanan müqavilə ABŞ
Konstitusiyasının rüşeymi hesab olunur. Lakin yeni
yaradılan dövlət olan ABŞ-da vicdan azadlığı
ön plana çəkilsə də, din dövlətdən
ayrıdır və Konstitusiya bu və ya digər konfessiyaya
üstünlük verməyi və kilsəyə dövlət
subsidiyası ayırmağı qadağan edir.
Amerika siyasi sistemi anlayışı vətəndaşlara
müxtəlif vasitələrlə təlqin edilir, bu
onların fəallığına şərait yaradır. Onun əsası
isə məktəbdə qoyulur, şagirdlər
Konstitusiyanı və ölkə ideoloqlarının əsərlərini
fənn kimi öyrənirlər. Sistemin
prinsipləri ondan ibarətdir ki, hökumət dəyişən
olmalıdır və vətəndaşlar
qarşısında hesabat verməlidir. Bütün
vətəndaşlar qanun qarşısında bərabərdir,
həm də ölkədə ideyaların sərbəst rəqabəti
mövcüd olmalıdır.
Bütün bunlar elə təsəvvür
yaratmalıdır ki, Birləşmiş Ştatlarda problemlər
yoxdur. Amerika imkanlar məkanı olsa da, o demək deyildir
ki, hamı bir nəfər kimi hamı bu imkanlardan istifadədən
uğur qazanır.
Amerikada
işsizlər ordusu böyükdür,
iş qabiliyyətli əhalinin hər on birinci nəfəri
işsizdir. Yoxsullara, evsiz-eşiksizlərə
rast gəlmək da təəccüb doğurmur. Cinayətkarlıq, xüsusən odlu silahdan istifadə
etməklə qətl hadisələri çoxdur və
hökumət hələ də həmin problemlərin qaydaya
salınmasında böyük uğurlar qazanması ilə
öyünə bilməz.
Aleksis de Tokvil yazırdı ki, “ABŞ-da olduğum
müddətdə diqqətimi cəlb edən çox sayda
şeylərin və hadisələrin arasında adamların
mövcudluq şəraitlərinin bərabərliyi məni
heyrətə gətirdi. Bərabərlik rəy yaradır, müəyyən
hisslər əmələ gətirir, adət təlqin edir,
onların bilavasitə həyata gətirmədiklərini isə
modifikasiyaya uğradır”.
Doğrudan da sadə müşahidə də, dərin nəzəri
analiz də ABŞ-da dövləti xalqın idarə etdiyi
düşüncəsini yaradır. Amerikada xalq həm
qanunları yaradanları, həm də onları icra edənləri
seçir. Xalq həmçinin andiçənlər
məhkəməsini seçir, onlar isə qanunu pozanları cəzalandırır.
Abraham Linkolnun dediyi “xalqın hökuməti, xalq tərəfindən
idarə olunan və xalq üçün mövcud olan
hökumət” ABŞ reallığında öz əksini
tapdı. Bütün dövlət institutları təkcə
demokratik prinsiplərə uyğun olaraq
formalaşdırılmır, həm də onlar həmin
prinsiplərin istiqaməti ilə fəaliyyət göstərirlər.
Perikl Afinasanın vətəndaşı
ABŞ-ı görsəydi, yəqin ki, fransız filosofunun rəyini
təsdiq edib, bu ölkədə demokratiyanın təntənəsinə
öz təəccübünü gizlətməzdi.
Layiq
olanların hakimiyyəti – meritokratiya
Demokratiyadan tam fərqli olan bir dövlət hakimiyyəti
– layiq olanların hakimiyyəti və ya meritokratiya da bəşəriyyət
tarixində öz nümunəsinə malikdir. Lakin bu
nümunə Şərqi Asiyada – Çində
yarandığından uzun müddət ərzində onun
geniş xüsusiyyətləri dünyanın başqa hissələrinə
məlum olmamışdır. Bu hakimiyyət
də özünəməxsus olan üstünlüklərə
malikdir. Layiq olanların hakimiyyəti mənasını
verən meritokratiya termini latın sözü olan meritus “layiq
olan” və qədim yunan sözü olan kratos “hakimiyyət”,
idarəetmə” ifadələrindən yaranmışdır,
elə idarəetmə prinsipidir ki, ona müvafiq olaraq rəhbər
vəzifələri sosial mənşələrindən və
maliyyə imkanlarından asılı olmayaraq ən qabiliyyətli
adamlar tutmalıdırlar. Bunu mümkün edən
birinci halda, rəhbərlər xüsusi himayə edilən
istedadlar sırasından təyin edilir. Bu
sistem özlüyündə aristokratiyaya olduğu kimi, həm
də demokratiyaya ziddir. Çünki burada
söhbət hansısa silkə mənsubluqdan və xalqın
hansısa seçimindən deyil, vəzifəyə təyin
olunmadan gedir.
İkinci halda isə, obyektiv olaraq istedadlı və zəhmətsevər
adamlara ilkin şəraitlərin yaradılmasından gedir. Bu tədbir
ona görə vacibdir ki, gələcəkdə onlar azad şəraitlər
rəqabətində yüksək ictimai vəzifələr
tutmaq imkanına malik olsunlar.
Bu termini geniş qaydada istifadəyə ingilis sosioloqu
Maykl Yanq vermişdir. Onun 1958-ci ildə çapdan
çıxmış “Meritokratiyanın yüksəlişi”
(1870-2033-cü illər)” antiutopik əsərində futurist (gələcək)
cəmiyyət təsvir edilir, həmin sotsiumda ictimai mövqe
“intellekt əmsalı” ilə (ingilis dilində IQ – “intelligence
quotient”) müəyyən edilir. Sonralar
meritokratiya terminində daha pozitiv çalarlar meydana gəldi,
bundan, imkan bərabərliyinin tərəfdarları istifadə
etməyə başladılar. Digər
sosioloq Deniel Bell özünün 1973-cü ildə çapdan
çıxmış “Gələcək postindustrial cəmiyyət”
kitabında belə güman edir ki, meritokratiya
bürokratiyanı ləğv etməyə imkan verəcək,
həmçinin bütünlükdə cəmiyyətin sosial
quruluşunu dəyişəcəkdir. Meritokratiyanın
həyata keçirilməsinə gəldikdə, bir sıra tədqiqatçıların
rəyinə görə tarixin müəyyən dövrlərində
Çin bu məqsədin reallaşmasına daha yaxın
olmuşdur. Axı Birləşmiş
Ştatlarda, İngiltərə, Fransa və Rusiyada da Yeni tarix
ərzində rəhbər vəzifələrə
adamların irəli çəkilməsində və
seçilməsində meritokratiya elementləri müəyyən
yer tutmuşdur, hətta ümumi prinsiplər mühitində də
öz gücünü göstərə bilmişdir. Çində isə meritokratiya bir aparıcı
sistem kimi böyük tarixi dövr ərzində mövcud
olmuşdur. Sui sülaləsi zamanında
imtahanların üç pilləli sistemindən geniş
istifadə edilmişdir. Onun köməyi
ilə imtiyazlara yiyələnmək roluna incəsənəti,
konfutsiçiliyi və inzibati problemləri digərlərindən
daha yaxşı dərk edənlər seçilirdilər.
Amerika Birləşmiş Ştatlarında belə bir rəy
yayılmışdır ki, artıq orada meritokratiya prinsipi həyata
keçirilmişdir. Tomas Cefersonun, Abraham Linkolnun və Franklin Delano Ruzveltin
prezident seçilmələrinə görə bu fikrə haqq
qazandırmaq olar. Birincinin prezidentliyi
dövründə Luiziananın Fransadan satın
alınması ilə ölkə ərazisi iki dəfə
böyümüş, dövlətə xaricdən təcavüz
imkanları xeyli azalmışdı. Abraham Linkoln ölkənin
ərazi bütövlüyünü qoruyub saxladı və
quldarlığın ləğvinə nail oldu. Franklin
Delano Ruzvelt sərt iqtisadi tədbirlərin köməyi ilə
Böyük Depressiyanın dağıdıcı
gücünü azaltdı. Ancaq ABŞ
prezidentləri içərisində Herbert Klark Huver və
Kiçik Corc Buş kimi “axsaq ördəklər” də
olmuşdur.
Birincinin prezidentliyi (1929-1933-cü illər) bir sıra
böyük iqtisadi və sosial böhranlarla müşayiət
olunmuşdu. Məhz bu dövrdə Böyük Depressiya
tüğyan etmişdi. Kiçik Corc
Buş isə (2001-2009-cu illərdə) Əfqanıstanda və
İraqda müharibə başladı, axırıncıda təcavüz
üçün prezidentin gətirdiyi saxta səbəblər
öz təsdiqini tapmadı. Hər iki
müharibə ABŞ-a trilyon dollarla ölçülən
ağır xərclərə başa gəldi.
Dünyanın ayrı-ayrı ölkələri
meritokratiyanı tətbiq etmələri ilə öyünməsə
də, onlar da bu nəcib üsluba biganə qalmamışlar. Çində geniş tətbiq
edildikdən az sonra ərəb şərqində
hakimiyyətə gələn Abbasi xilafətində təhsilə,
elmə ciddi fikir verildiyi kimi dövlətin idarə
olunmasına istedadlı adamlar cəlb edilirdi, bu məsələdə
hətta həmin şəxslərin başqa dinə sitayiş
etmələrinə də məhəl qoyulmurdu. Abbasi xəlifələrinin sarayında öz vəzifəsini
uğurla icra edən xristianlara və yəhudilərə rast
gəlmək təəccüb doğurmurdu. Bu xəlifələr qədim yunan fəlsəfəsinin,
xüsusən Platonun və Aristotelin əsərlərinin
başqa dillərin köməyi ilə ərəb dilinə tərcümə
edilməsinə böyük diqqət verir, qayğı
göstərirdilər. Ərəb dilindən
isə bu əsərlər İspaniyadakı Kordoba xilafəti
vasitəsilə başqa dillərə tərcümə
edilib, Avropada yayılırdı.
Antik biliklərin Avropadakı intibahında ərəblərin
böyük xidməti danılmazdır.
Qədim
yunan fəlsəfəsindən istifadə edən islam alimləri dini ehkamların izah
olunmasında ciddi uğurlar qazanmışdılar. Yunan fəlsəfəsi
islam biliklərinin əsaslandırılmasında
əvəzedilməz rol oynayırdı. Ona görə də ərəb
şərqində Platonun və Aristotelin şöhrəti
geniş yayılmışdı və xüsusi məhəbbət
əlaməti olaraq onların adları ərəb dili
qaydalarına yaxınlaşdırıb, dəyişdirilməklə
“Əflatun” və “Ərəstun” kimi məşhurlaşmışdı.
Osmanlı imperiyasının banisi Mehmet Fateh də
meritokratiyanın tətbiqinə diqqət verərək,
sarayındakı imperiya şurasına istedadlı adamları
cəlb edirdi.
Şuranın köməkliyi ilə o, iri
imperiyanı məharətlə idarə edirdi.
Avropada da Yeni tarixin başlanğıcından saraylara
istedadlı adamların cəlb olunması dəbi
yaranmışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində
Fransa kralı IV Henrinin maliyyə naziri olan Maksimilian Syulli
ölkənin maliyyə vəziyyətini möhkəmləndirmişdi.
XVII əsrdə Günəş kralı XIV
Luinin uzun müddət maliyyə naziri işləmiş Jan
Batist Kolber merkantimizmin əsasını qoymaqla, ölkənin
iqtisadiyyatına güclü təkan vermiş, ağır
müharibə xərclərinin ödənilməsinin öhdəsindən
gəlmişdi.
İnqilaba qədərki Fransada sonrakı dövrlərdə
də güclü maliyyə nazirləri Ann-Robert Jak Turqo və
Jan Nekler fəaliyyət göstərmişdilər.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2013.- 8 iyun.- S.18.