Yüz
gözəl sevgi şeiri-
“... Hayıf ki, deyil!”
PƏRVİNin təqdimatında
İstənilən yola aşağıdan,
sıfırdan başlayırsan...
Sürətlə, ya aramla irəliləməyin
isə istedadına, bacarığına, zəhmətkeşliyinə
və daha çox xarakterinə bağlıdır. Bir də
səni çəkən
o zirvənin cazibəsinə.
Sevgi yolu fərqlidir. Yeganə yoldur
ki, zirvədən başlanır, ondan yuxarıda nəsə yoxdur. Və o yol üzüaşağı
aparır. Enmə sürətin
təkcə səndən
yox, müxtəlif amillərdən asılıdır.
Həmin
amilləri nə qədər zərərsizləşdirə
bilirsənsə, zirvədə
də o qədər qalırsan. Bu yolda əsas düşmənin zamandır.
Sevginin canına o zəhəri buraxan saatın bapbalaca əqrəbidir... Və Sən!
Yaraqlanıb, yasaqlanıb
məhəbbətin uğrunda
hər cür döyüşə hazır
olsan da, ürəyini saniyə-saniyə
zəhərləyən, keyləşdirən
“əqrəb”lə heç
nə edə bilmirsən. Vaxt gedir.
Yolun üzüaşağıdır. Hərdən
üsyan edib geri qayıda, yenə o zirvəyə qalxa bilərsən. Hərdən! Onu da əgər bacarsan...
... Sevginə qənim kəsilmiş zamanla paxıllardan, yazıqlardan, çarəsizlərdən,
çürüklərdən ibarət mühit birləşsə, o zirvədən
yıxıla da bilərsən. Özü
də kəlləmayallaq!
Nə qədər ki, gəncsən, bu enmələr, yıxılmalar, düşmələr
eyninə olmur... Ayağa durub, üst-başını çırpıb
davam edə bilərsən... Nə qədər ki, gəncsən! Amma həyatının birinci yarısını geridə
qoymusansa, sadəcə
ayağının büdrəməsindən
belə təlaş keçirəcək, qorxacaqsan...
Poeziyamızda, o cümlədən xalq şeirində, bayatılarda ötüb keçmiş ömrün
təəssüfü çox
incə ifadə olunur. “Keçən günə gün çatmaz, calasan günü günə...”, yaxud “ömür
keçdi, gün keçdi, cavan olmam bir də
mən...” Fikrət Qocanın “Yaş
o yaş deyil” şeiri də eyni ovqatla yazılıb.
Amma şeirin unikallığı
məhəbbətin iki
əsas düşmənini,
zamanı və mühiti “ifşa” etməsidir. Şeirdə ən kədərli olan budur ki,
vaxt öz işini aşiq sevgilisinə rast gələnə kimi görüb. Məhz buna
görə şair itmiş gəncliyindən
soraq gətirən Qadını ən acı həqiqət hesab edir. Lap əvvəldən aşiq
üzrxahlıq edir...
On yeddi yaşında
sevdiyi kimi sevə, sevgilisini izləyə, yolunu kəsə, küsüb barışa bilmədiyinə
görə... Amma şeirin
iki misrasında əsl səbəb açılır, məsələnin
təkcə yaşda olmaması aydın görünür. Aşiqin
dərdi yaş deyil... Başqadı. “Hamı mənə baxıb gülür elə bil...”, “Görənlər,
bilənlər nə deyər mənə?!”
Vəssalam. Bütün günahlar Hamıda
və Görənlərdə,
Bilənlərdədir.
...Aşiq zamanın, mühitin qoyduğu qanunlara əsir olur. Və sonda
sanki qəlbinin ən dərin guşəsindən gələn
bir fəryad qopur: Hayıf ki, yaş o yaş deyil.
...Amma əslində, bəlli deyil. Bu Görənlər, Bilənlər
on yeddi yaşında cavana xoşbəxt olmağa imkan verərlərmi?! Sevməyinə
söz deməzlər,
əgər bədbəxt
olsa, intihar eləsə, sevgidən ölsə, lap yaxşı...
Adına dastanlar qoşub, poemalar yazarlar... Amma xoşbəxtlik? Əsla! Ona görə məncə, sevmək üçün
yaş həmişə
o yaşdır! Əgər
görənlər, bilənlər,
hamılar olmasa!
Fikrət Qoca: “Yaş o yaş deyil ki...”
Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim
ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq
gətirən
Sən mənim
ikinci məhəbbətimsən.
Yaş
o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş
deyil ki, açım qəlbimi.
Təzədən başlayım barışım,
küsüm
On yeddi yaşında
cavanlar kimi.
Yaş
o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə?!
Səni
hər görəndə
çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü
Yaş o yaş
deyil ki... hayıf ki, deyil.
PƏRVİN
525-ci qəzet.- 2013.- 8 iyun.- S.21.