Durna taleyi
Anam Nigar
xanım Gəncənin məşhur Rəfibəylilər nəslindəndir.Hələ
keçən əsrdə başladığım və iyirmi ilə yaxın bir
müddətdə yay
aylarında üzərində işlədiyim “Əslim,nəslim,əsrim”
anılar düşüncələr romanı əcdadlarımıza,ailəmizə,valideynlərimə
həsr olunub.Əsərin ilk fəsillərindən biri – ata tərəfdən nəslimizə
aid “Məmmədxanlılar” fəsli
– bu yaxınlarda “525-ci qəzet”də dərc edildi.Bundan sonra gələn
fəsil – “Rəfibəylilər”
fəsli ana tərəfdən nəslimizə
həsr olunub.Anamın babası
el ağsaqqalı,görkəmli ictimai xadim,maarifçi Ələkbər
bəyi “Gəncənin
atası” adlandırırdılar. İ.Qasprinskinin
“Tərcüman” qəzetində yazıları çap edilən
Ələkbər bəy Gəncədə ilk teatr
tamaşalarının da təşəbbüskarı
olmuşdur. Azərbaycan ilk siyasi partiyanın –Bakıda Əhməd
bəy Ağayev tərəfindən əsası qoyulan “Difai” partiyasının – Gəncədə yaradanlardan biri Ələkbər
bəy sonralar bu partiyanın fəxri sədri seçilir.Rəfibəylilər
nəslinin sülalə gerbi
“Difai” partiyasının emblemi olur.1919-cu ildə Ələkbər
bəyin vəfatı bütün Azərbaycanda böyük
hüznlə qarşılanmışdır, dövrün
görkəmli siyasi xadimləri Məmməd Əmin Rəsulzadə,
Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev,məşhur
ziyalılar Firudin bəy
Köçərilidi, M.S.Ordubadi ,Əhməd Cavad mətbuatda
başsağlığı yazıları dərc etdirmişlər.
Ələkbər
bəyin oğlu ,Nigar xanımın
atası Xudadat bəy Rusiyada (Xarkov və Peterburq şəhərlərində)
təhsil almış ilk azərbaycanlı cərrahlardandır.
Uzun zaman Gəncədə tibb cəmiyyətinə rəhbərlik
etmiş,Azərbaycan müstəqilliyini elən edəndən sonra Fətəli
xan Xoyski hökumətində Cümhuriyyətimizin ilk səhiyyə
naziri olmuşdur. Sonra yenidən Bakıdan Gəncəyə
qayıtmış və xalqın israrlı təkidiylə Gəncə
quberniyasının
valisi vəzifəsini tutmuşdur.
Böyük
Britaniyanın səfiri O.Vordrop Azərbaycana səfəri
haqqında Londona göndərdiyi məlumatda yazırdı:Gəncəyə gəldiyim zaman məni
general-qubernator doktor Xudadat bəy Rəfibəyov və
bütün başqa əsas hərbi və sivil məmurlar
qarşıladılar.Dəmiryolu Vağzalı
gül-çiçəklə və xalılarla bəzənmişdi,əhali
milli bayraqları ucaltmışdı”.
Daha əvvəl
1918-ci ildə Qafqaz İslam ordusunun başında Gəncəyə
gələn Nuri paşanı qarşılayanlar
sırasında da Ələkbər
bəy və Xudadat bəy Rəfibəylilər vardı və bu fotolarda da əks
olunub.
Onu da
deyim ki, “Əslim, nəslim, əsrim”
romanımın mənimçün
ən çətin yazılan fəsli məhz “Rəfibəylilərə” aid fəsil oldu.Ona görə ki,indi
bütün burda yazdıqlarımı və bundan daha geniş, ətraflı, müfəssəl
şəkildə Rafael Hüseynov
“Rəfibəylilər” adlı çox dəyərli
kitabında yazıb.Bu kitab çıxandan sonra Rafaelə deyirdim ki, daha ana nəslim
haqqında yazmağa mənə bir şey qoymamısan. Bu
yaxınlarda “Rəfibəylilər” kitabının təkmilləşdirilmiş
və əlavələrlə zənginləşmiş yeni nəşri
– “Yurdun adındakı can” adıyla yenidən çap edildi. Kitabın
böyük bir fəsli “Gəncənin
atası” fəsli Ələkbər bəyə, “Yetim
ağ at” adlı başqa
iri fəsli Xudadat bəyə, “Nigaran
çiçəklər” adlı
geniş fəsli də Nigar xanıma aiddir.
“Nigaran çiçəklər” N.Rəfibəyliyə
həsr olunmuş bu qarşınızdakı xatirələr
kitabına da daxil edilib.
Nigar Rəfibəyli
1913-cü il iyulun 29 –da Gəncədə dünyaya gəlib,
1981-ci il iyulun 10-da Bakıda vəfat etmişdir.Bu 68 illik
ömrün bəlkə də yeganə
qayğısız,qorxusuz illəri balaca Nigarın yeddi
yaşına qədər yaşadığı illərdir.Onun
hələ yeddi yaşı tamam olmamış Azərbaycanı
istila edən bolşevik rejimi atası Xudadat bəyi heç
bir günahı olmayan məsələlərdə
suçlayaraq Xəzər
adasında güllələdi.
Balaca
Nigarın yeddi yaşına qədər keçən
ömrü haqqında
özünün yazdığı “Yadımda qalanlar” adlı
bitirilməmiş yazısından
və qardaşı Rəşid Rəfibəylinin mənim
xahişimlə qələmə aldığı “Ailəmiz
haqqında xatirələr”indən bəzi bilgilər alırıq. Bu xoşbəxt,atalı-analı
uşaqlığın ən böyük
“qayğısı” ona “gəlinim” deyən Şirin-bəyimin
( Hüseynqulu xan Xoyskinin arvadı) onlara qonaq gəlməsi
imiş. Bu anlarda “gəlinim”
sözündən ürkən balaca Nigar anasının
balağına sığınarmış.Bu illərin
başqa bir “problemi” də özündən iki və dörd
yaş böyük qardaşlarıyla gecələr “balış davasına”
çıxmasıymış.Hə, bir də onu körpəlikdən böyüdən, çox
bağlı olduğu dayəsi Nastya xalanın onlardan
ayrılıb qızının yanına getməsi,balaca
Nigarın əzablarına, göz yaşlarına səbəb
olubmuş. Xatirələrində yazır ki, “Sonralar çox ayrılıqlar
gördüm,amma ilk ayrılığın
ağrısı uzun zaman keçmədi”.
Bir də
balaca Nigarı vahimələndirən nənələrinin
danışdıqları “qorxulu nağıllarmış” . “Nağıllar mənim körpə ürəyimin
böyük iztirabına səbəb olur,gecələr
səhərəcən qorxudan yorğanın altında əsim-əsim
əsirdim. Bu saysız-hesabsız cinlər,şeytanlar,
qulyabani-lər,ağ divlər,qara divlər, yeddibaşlı əjdahalar,küpəgirən
qarılar qorxunc xəyallarıyla körpə təsəvvürümü
vahiməylə doldurur,mənə rahatlıq vermirdi. Yaxud təndirdə,əl-ayağı kəndirdə olan Fatma
bacı,qırx arşın quyunun dibinə
düşmüş Məlikməmməd və başqa bu
kimi əzab çəkən personajlar mənim də əzablarıma
səbəb olurdu”...
Xoşbəxt
bir ailədə böyüyən, babalarının,nənələrinin nəvazişinə
bürünən,atasının çiynində gəzən,anasının
ağuşuna sığınan qızcığaz hardan biləydi
ki,amansız həyat gələcəkdə ona nə
sürprizlər hazırlayıb. Nə biləydi ki,çox gənc
yaşlarından,yeniyetməlik çağından, ən dəhşətli
nağıl personajlarından daha qorxunc “yeddi başlı əjdahalarla”,
növbənöv “şeytanlarla” və
şeytançılıq edənlərlə
qarşılaşacaq, uzun gecələrdə yuxusunu
qaçıran nağıl süjetləri yox,acı
gerçəkliyin repressiya,sürgün,məhbəs təhlükələri
olacaq.
Gəncliyində
yazdığı ilk şeirlərindən birində bu şüuraltı təlaş,
öncədən duyulan nigaranlıq heyrətamiz şəkildə
ifadə olunmuşdur.
Sönür
dünən gecə yandırdığın şam,
Xəstəyəm,verən yox bir az su,ana,
Vaqon
yırğalayır səni bu axşam
Ey uzaq
yolların yolçusu ana...
“Anama”
şeirindəki qəribə ifadə “ey uzaq yolların
yolçusu ana” sətrindədir.O illər Gəncədə
yaşayan anası Cavahir xanım Bakıya, qızının
yanına gələr və sonra yenə Gəncəyə
qayıdardı.Nədən Bakı-Gəncə yolu uzaq yollar
adlandırılsın,həm də ana bu “uzaq yolların”
yolçusu” sayılsın?Bunun səbəbi ikinci bənddə
açılır:
Darıxır
ürəyim,yanır nəfəsim,
Başımın
üstündə yoxdur bir kəsim,
Qəlbimi
köz kimi yandırır,səni
Bir daha
görməmək qorxusu,ana.
Altını
cızdığım sətir otuzuncu illərdə
yazılmış şeirdəndir.Yəni NKVD-nin rəhbərlərindən
Xoren Qriqoryanın 40-cı illərin ikinci yarısında M.C.
Bağırova ünvanladığı təqdimatdan – Nigar Rəfibəylinin
və anası Cavahir xanımın sürgün edilməsi
haqqında təqdimatından azı on il əvvəl
yazılıb.Sanki gələcək qorxuları çox
öncədən ona xəbərdarlığını
göndərir.
Nigar Rəfibəylinin
1934-cü ildə nəşr olnumş “Şeirlər” adlı
kitabında başqa bir şeir o dövrün
tanınmış tənqidçisi Əli Nazimi “şübhələndirmişdi”.
“Şair qız” adlı məqaləsində(
bu məqalə də qarşınızdakı kitaba daxil
edilib) gənc şairənin yaradıcılığına
ümumiyyətlə müsbət qiymət verilir.Əli Nazim
Nigarın ayrı-ayrı şeirlərini xeyirxahlıqla təhlil etsə də
“Məktub” şeirinə kəskin
iradlarını bildirir:
“Nigarın
“Məktub”u onun təhtəlşüurunda
gizlənmiş və çoxdan bəri atılmalı olan bir
məfkurəvi momenti ifadə edir. Çox qüvvətli bir
lirika ilə yazılımış(tənqidçi
bunu qeyd etməyə bilmir – A.) bu şeir müşaiyət
etdiyi “gözəl dost”undan ayrılışına həsr
edilmişdir.“Gözəl dost”una dediyi bu sözlər onun kim olduğunu yaxşı göstərir.
Sən
indi uzaqlarda,
bizdən
uzaqlardasan,
Yolun gecədən
qara,
oldu
yolun gecələr
Bəlkə
gecə yaş tökür,
gündüz anırsan bizi,
Bəlkə həsrət çəkirsən yad edib
ölkəmizi.
Bu
“gözəl dost” deyil,bəlkə də
keçmişdə şair qızla çox dost olan bir
yabançıdır. Şair özü də deyir ki, “gəmi
uzaşdı getdi,biz ayrıldıq o
gündən” və “biz ki, səninlə çoxdan
ayrılmış bir eşdik”. Belə bir dost ilə
ayrılıq xatirəsinə həsr edilmiş şeirin əsl
mərkəzini təşkil edən cəhət həmin
“dost”a qarşı Nigarın sağlam və sabit bir münasibət
yarada bilməməsidir. “Dostunun bu məktuba
gülüb-gülməyəcəyin”i belə kəsdirməyən
şair şeirinin sonunda “Bəlkə bir gün bu yolun
ayrıcında birləşdik” və “Bəlkə də bir
günün sevgisini yaşatdıq” deyə dumanlı
xülyalara qapılır”.
Şairə
özünü sığortalamaq üçün şeirini
“bəlkə ayrı cəbhədən bir-birimizə daş
atdıq” misrasıyla bitirsə də Əli Nazım bunu,yəni “gözəl dost”la mübarizə
ehtimalını zəif ehtimal sayır: “nə qədər tənbəl
bir mübarizə hazırlığı” –deyə hökm
çıxarır. “Doğrudanmı Nigar “gözəl” dostu deyil,
yabançı,düşmən dostu ilə bir günün
eşqini yaşatmağa hazırdır?”
Yazısında
sovet ideolojisinin sayıq keşikçisi kimi
çıxış edən tənqidçi aydın dərk
edir ki, bu şeirdə hər halda calayı-Vətən olmuş
bir mühacir qəsd edilir.Və
bunu açıb–ağartmaqdan, başqa sözlə gənc
şairəni təhlükəli zərbə altında
qoymaqdan çəkinmir. Üç il sonra Əli Nazim də
bir çox başqa günahsız
ədəbiyyat,elm adamları kimi repressiya qurbanı
oldu.Bu gün repressiya qurbanlarına haqlı olaraq acıyarkən
və bəzən repressiyalardan xilas olmuşlara ən azı
şübhəylə yanaşılarkən,o illərin
ideoloji mübarizələrində bada verilənlərin
başqaların bada vermək cəhdlərini də
unutmamalıyıq.Əlbəttə “badə vermək” ifadəsini
parlaq tənqidçi və özəlliklə Nigar Rəfibəylinin ilk
kitabını təqdir edən
Əli Nazimə şamil edilməməlidir, amma bu sayaq
ideoloji “ifşalarla” Nigar xanım
yaradıcılığının müxtəlif mərhələlərində dəfələrlə
rastlaşıb.
Anamın
30-cu illərdə
yazdığı “Komandan” şeiri haqqında 40-cı illərdə
danos vermişdilər ki,bu şeir Müsavat zabitinə həsr
edilib..
Mən qəlbimin
ilk eşqini
Sənə
verdim uzaqdan,
Bu gün
də xəyalımda
Bəslədiyim
komandan!
Mən
kiçikdim o zamanlar
Sən
göy atın belində
Hacıkəndin
dağlarında
Gözəl
Vətən elində,
At
çapardın, təlimlərdə
Vurar,nişan alardın,
Göy
dağların sinəsinə
Sən vəlvələ salardın.
Mən
dalınca baxa-baxa
Həsrət
çəkərdim sana,
Komandanım
o günləri
Bir
yadına salsana
Bilirdim ki,sən qoymazsan
Düşmən
mənə kəm baxa
Gəncliyimin
şən çağından
Bahar
ötə,qəm baxa...
Əlbəttə
“mən kiçikdim o zamanlar” işarəsi də,gözəl Vətən elində, göy
atın belindəki komandan da sovet zabitini yox,Cümhuriyyət
ordusunun süvarisini xatırladır. “Komandanım o günləri
bir yadına salsana” çağırışı da,düşmənin kəm baxmasına imkan verməyəcəyinə
ümid də danos verənin əsassız
olmadığını göstərir. Amma necə olur olsun,danos danosdur...Və belə
şeytançılığın ən ağır nəticələri
ola bilərdi...
Mən dəfələrlə
qeyd etmişəm ki,sovet dövründə yaranan ən namuslu
ədəbiyyat çox vaxt Ezop
dilindən istifadə etməyə məcbur idi.İndi
anamın şeirlərini yenidən,necə deyərlər təzə
gözlə oxuyarkən əvvəllər
tam mənasında dərk etmədiyim çox mətləbləri
aydın görürəm.Cavanlığımda Nazım Hikmətin
bir misrasını tez-tez təkrar edərdim:
Mühacirlik ölümdən betər.
Bu
misraları oxuduqca anamın gözlərinə çökən
kədərin uzun zaman fərqinə varmamışdım.Nəhayət
bir gün: –xahiş edirəm bu misraları daha oxuma-dedi və
o anda birdən ağlıma batdı ki,axı
bu sözlər ona ovunmaz dərdini – mühacir qardaşı
Kamil həsrətini xatırladır.
Və
indi,çox illər sonra bu həsrətin
izlərini onun bir çox şeirlərində görürəm.Bəlkə
yeddi yaşında atasını əbədi itirmiş balaca
qızcığazın qəlbində bu itgidən daha çox yeniyetməlik
çağında ayrıldığı və otuz il öldüsündən-qaldısından
xəbəri olmayan böyük qardaşının nisgili
qövr eləyirdi.
Ürəyim
torpaq kimi yaralıdır
Üstündə
tikanlı məftillərin
Qanatdığı
yaraların ağrısı var
Hicran
yarası da var ürəyimdə,
həsrət dağı da....
Eyni
duyğular Fizüliyə həsr etdiyi şeirində də
ifadə olunub:
Dünyada
ən qəmli diyar qürbətdir,
Qürbətdə
yandıran səni firqətdir
Qürbətdə
açılmaz könlü insanın,
Ən qəmli
yeridir qürbət dünyanın
Çağırmaz
bir əziz,doğma səs səni.
Bolşeviklər
Azərbaycanı ,o cümlədən Gəncəni
istila edib qubernator Xudadat bəyi güllələnəndən sonra Cavahir xanım əvvəllər
nökərləri olmuş birisinə deyib: sənə
özümün də, üç balamın da qanını
halal edirəm,görsən ki,biz ermənilərin əlinə
düşürük hamımızı özün
öldür.
Azərbaycanın
bəy-xan nəsillərinə, ziyalılarına,ümumən üzdə olan hər şəxsiyyətinə
daşnaklar qədər nifrət bəsləyən
“özümüzünkülər”
özümüzə divan
tutur, hələ bununla öyünürlərmiş də.
Sonralar özü də repressiya qurbanı olmuş azərbaycanlı komissar: Gəncədə
bir başı papaqlı qoymadım – deyə qürrələnirmiş..
Cavahir
xanımın təkidiylə hər iki oğlu Vətəni tərk
etməli olur:Rəşid Rusiyaya
köçür,Kamil bircə
tarını götürüb İrana, ordan da Türkiyəyə
keçir.
Dostum bu yerlərin qürbətdir adı.
Qürbətdə
insanın könlü açılmaz
Yaralı
quş kimi sınar qanadı,
Xəyal
bu göylərdə edərmi pərvaz
Ay bir
çığır salıb dənizə nurdan
Ağaclar başını əyibdir yerə.
Xəyalım
dağınıq,könlüm pərişan
Baxıram
bu qərib yad sahillərə
Vətən
həsrətiylə qəlbim döyünür
Neylərəm
cənnəti Vətəndən ayrı
Şirindir
Vətəndə hər acı tüstü
Şirindir
Vətənin küləkləri də...
Bu
şeir ruhu,hətta bəzi oxşar ifadələriylə
Almas İldırımın “Azərbaycan oy” rədifli məşhur
şeirini xatırladır.Əlbəttə Nigar
xanımın bu şeirdən xəbəri yoxdu,amma qəribəsi
odur ki,Almas İldırımın mühacirliyin
acısını duyaraq qürbətdə yazdığı
şeirin ovqatı Nigar Rəfibəylinin Vətəndə
yazdığı şeiriylə həmahəngdir.Sanki Nigar
xanım bu şeiri böyük qardaşının
duyğularını,Vətən həsrətini ifadə edərək
yazmışdır. Emin Sabitoğlu Moskvada Konservatoriyada oxuyarkən
yəqin ki,o
da qəriblik hissləri keçirərək bu şeirə mahnı bəstələmişdi.Anam
bu mahnını dinləyəndə həmişə gözləri
yaşarardı...
Qürbət
motivləri Nigar xanımın ayrı-ayrı mövzularda
yazdığı müxtəlif şeirlərinə də səpələnib:
Bir ovuc Vətən
torpağına
Həsrət
olanları düşünürəm
Vətəndən
ayrı düşüb
Qürbətdə
qalanları düşünürəm
Dolayısıyla bu hisslər dənizə həsr
olunmuş şeirlərində də əks-səda verir. Dənizi,özəlliklə
Xəzər dənizini çox sevirdi,amma Qara dənizə də
şeirlər yazırdı:
Qara dəniz
sularında əriyir axşam
Uzaq sahillərdə işıqlar yanır.
“Qara dəniz”
adlanın bu şeirində “uzaq sahillər” deyəndə
Türkiyəni qəsd etmirdimi,Kamili
xatırlamırdımı?
Unutmaq istəyirəm
xatirələri,
Dənizin
səsi gəlir
Unutmaq istəyirəm
Acı-şirin
xatirələri
Dənizin
səsi gəlir
Dəniz,sevdalı dəniz
Sinəsi
sinəm kimi
Hicran
dağlı dəniz
Dənizlərlə
bərabər dağları da çox sevirdi.Əgər dənizlər
daha çox sonrakı ömrünün həsrətli
xatirələriylə bağlıydısa,dağlar qayğısız
uşaqlığının sevinclərini yada salırdı.
Çiçəkli,səfalı yaylaq!
Qonşun
Pirsultan,Müşavaq...
Heç
doymadı gözüm ancaq
Xaçbulaqdan,Xaçbulaqdan
Yuxularına
“Hacı kəndin palıd meşələri” girirdi, Gəncliyi
“Xaçbulaq yaylağında sarı çiçək dərirdi”.
Ancaq
xoşbəxt uşaqlığının dağları da
ahıl çağında ona yasaq olmuşdu:
Dağlara
çıxmağa həkim qoymayır
İntizar
çəkməsin dağ çiçəkləri
Doğma
təbiətdən gözüm doymayır
Sifariş
eylərəm
xoş küləkləri
Qocalsam,xəstəlik alsa üstümü,
Dəliboy,kəkotu,reyhan gətirin
Aranda
qalsa da vücudum mənim
Qızlar,xəyalımı dağa yetirin
Ən kədərli,ən təsirli şeirlərindən birini də
dağlara müraciətlə yazıb:
Mən
sizi bir daha görə bilməsəm,
Xatirəmi
əziz saxlayın dağlar,
Döşünüzdən
lalə dərə bilməsəm
Siz məni
aranda yoxlayın dağlar...
Uca
başınızdan külək göndərin,
Məxmər
döşünüzdən çiçək göndərin,
Buluddan
bir bəyaz örpək göndərin,
Matəm
yaylağını bağlayın dağlar
Mən ki,çox sevərdim dağ havasını,
Sevən
ürəklərin cox sevdasını
Bir qərib gəlinin
tutub yazını
Dost kimi
doyunca ağlayın dağlar...
Nazım
Hikmətin poeziyasını çox sevirdi.Körpəliyimdə,hələ
əlifbanı öyrənib qiraət edə bilmədiyim vaxtda anamın mənə
oxuduğu iki kitabdan biri
“Koroğlu” dastanı ,biri Nazımın “Günəşi
içənlərin türküsü” şeir toplusu
idi.Nazım atamgilin evində
qonaq olarkən nə qədər təkid etsə də anam
öz şeirlərini oxumaqdan imtina edirdi.Bir dəfə
şeirlərini əzbər bildiyi
Əhməd Haşım haqqında söz düşəndə
Nazım ağız büzüb: “salon şairidir” –
demişdi.Sonra anam Nazıma şeir oxumamasının səbəbini
bizə izah edərkən
deyirdi: Əhməd Haşamı bəyənməyən,mənim
şeirimi bəyənəcək? Amma hər halda bir dəfə
Nazım bizdə olarkən “bir son bahar da
düşdü, ömrümün təqvimindən”
misrasıyla başlanan şerini oxudu.Sonra bütün
axşam boyu Nazım bir neçə dəfə bu misranı
təkrar edirdi: “bir son bahar da düşdü
ömrümün təqvimindən”...Özü də nə
isə sanki özünə aid olan bir etiraf kimi təkrar edirdi
bu sətri...
Nazımın
vəfatı atama da,anama da çox ağır təsir
etmişdi, xəbəri eşitdikləri axşamın səhərisi
gün hər ikisi Moskvaya uçmuş,böyük
dostlarının dəfnində iştirak etmişdilər, Rəsul
Rza dəfndə çıxış da etmişdi. Nazımın ölümündən
sonra anamın yazdığı şeirdə belə misralar
var:
Oğlu
idin böyük bəşəriyyətin,
Quruyan
budağın,
şikəst heyvanın
sönən ulduzun kədərini
duyurdun.
İnsanın
qəmini
hamıdan əvvəl
Nigar
xanımın Nazım şeirində nəzərə
çatdırdığı bu özəllik onun
özünün poeziyasına da xasdır.O da şeirlərində
“Dənizdə boylu çinar kimi yüksələn tənha
buruğun təklik qəmini” duyur,o da neçə “saysız
çalarıyla xalqa,yurda, məmləkətə,
ulduzların karvanına, aya, günə, quşa, xallı kəpənəyə,əlvan,zərif
çiçəklərə”
böyük insan məhəbbəti bəsləyir,
“tanıdığı və tanımadığı
adamların ağlamasına dözə bilmir”.O da Nazım Hikmət kimi, “məni
yatmağa qoymur dünyanın dərdi” deyən Rəsul Rza
kimi “qəmi aləmi”(Füzuli)
çəkənlərdəndir.
Dünya,bir sirrini aşkar et mənə,
Nədən
parlayırsan,nədən sönürsən?
Bu qədər
siqləti alıb arxana
Sən öz məhvərində necə dönürsən?
Kaş
güllər,çiçəklər
olaydı yükün
Ağır
mərmiləri
daşımayaydın,
Şəfəqlər
öpəydi alnından hər gün
Sis-duman
içində yaşamayaydın...
Odur ki,
Nigar Rəfibəyli poeziyasının qəhrəmanları
sırasında təbii və
üzvə şəkildə
ispan inqilabçısı Doldores İbarrurini, mübariz əlcəzair
qızı Cəmiləni,xarüqəvi səsə malik olan
Peru müğənnisi İma
Sumakı, “mənim şair qardaşlarım”
adlandırdığı Azərbacanlı həmkarlarıyla bərabər tatar xalqının sənətkar
və qəhrəman oğlu Musa Cəlili də
görürük.
Müxtəlif
illərdə yazdığı şeirlərini yenidən
mütaliə edəndə ona da diqqət etdim ki,ilk yazıları belə sanki püxtələşmiş
bir qələmin məhsuludur.Birinci
kitabına 1929-cu ildə,yəni on altı yaşında
yazdığı “Tirendə”
şeiri daxildir:
Yaşıl
dalğalı bi dəniz kibi,
Arasından
taxılların
Sürünüb
keçdi bizim qatar,
Sürətini
yükləyərək
Saatların
arkasına
Günəş
sularda doğar,batar,
Yüksəlir,
Günəşin
evindən işıqlar gəlir...
Gecə bəyaz
Bir Qafqaz
qızı kibi incə belli
Çamların
qoynuna girmiş
İrmaqlardan
çağlayan
bir masal
söyləyirmiş...
Qıvırcıq
başlı topbul söyütlər
Əymişlər
başlarını
Mina rəngli
sulara...
Yol uzun,
gecə
bəyaz
gecəyə axan
bir səs,
bir
musiqi səsi var
bu səs,bu
ahəngdar
Melodi
Relslərdə
çırpınan
çarxların səsi
Şeirdə
o dövrün dil özəllikləri əks olunmuşdur ,”qatar” əvəzinə “tiren” ,bu günki dilimizdən
çıxmış “masal”,
“irmaq” kimi sözlər, “kimi” deyil “kibi”, “şamlar” deyil “ çamlar” işlənmişdir. Əsas
isə o dövr üçün xas olan “qatar,hərəkət,çarxların
səsi, günəşə yaxınlıq” kimi ibarələr
yer almışdır,həm də bu ədəbiyyatımızda
şərbəst şeirin ilk nümunələrindəndir.Nigar
Rəfibəyli sonrakı illərdə də ara-sıra sərbəst
vəznə,bəzən də əruza müraciət
etmişdir,amma şeirlərinin əksəriyyəti
hecadadır. Bu şeirlərində də orijinal ifadələr,yeni
təşbehlər çoxdur: “uzaq-uzaq ölkələrdən,elə
bil küsüb gəlir bahar”, “Meh əsir,budaqlar
yavaşdan-yavaşdan deyinir”, “kimi yumub
gözünü,mürgülədi narın-narın”...
Bu
yazını yazdığım günlərdə Nigar Rəfibəylinin
ölümündən – 1981-ci il iyulun 10-dan – az qala 32 il keçib, amma mənimçün
o məşum gün sanki dünən idi.Vaxt mənimçün o gün dayandı, həmin ilin 1
aprelində – atamın ölüm günü – dayanan kimi...O
tarixlərdən sonra yaşayan,işləyən,çıxışlar
edən, nə isə yazan, kimlərləsə
görüşən, haralarasa səfər edən insan – mən
deyiləm,mənim qiyafəmdə,mənim sifətimdə
başqa bir adamdır.Yunis İmrə deyir:
Məni məndə
sorma,məndə deyiləm,
Bir mən
vardır məndə məndən içəri
Mən isə
deyə bilərdim:Məndən
çöldə zahirən mənə bənzəyən,bəlkə
mənim klonum olan başqa bir şəxs var,hamı onu “mən”
bilir, amma o mən deyiləm...
Axır vaxtlar,tez-tez olmasa da onları yuxuda görürəm.Onların
vəfatlarından sonra nəşr olunmuş foto-albomlarına
baxırıq,hansı şəkillərisə müzakirə edirik,onlardan sonra
çıxan kitabları haqqında fikir söyləyirlər,mənim
“Sizsiz” romanıma qeydlər edirlər.Mən onların
bioqrafiyalarının hansısa faktlarını özlərindən
soruşub dəqiqləşdirirəm.Amma cavab ala bilmirəm.Yuxudan
oyanıram. Günahımdan qovrula-qovrula qalıram, axı niyə,niyə axı mən onlar həyatda olarkən
talelərinin müxtəlif məqamları haqqında özlərindən
soruşub eşitdiklərimi yaddaşımda saxlamamışam?Axı niyə
onlar qismətlərinə düşən çətinliklər haqqında
bizə belə az bilgilər verdilər? Xüsusilə ona
yanıram ki, Rəfibəylilər nəsliylə,anamın öz ailəsinin başına gələnlərlə belə ötəri
maraqlanmışam, onun özündən sistemli,ətraflı
məlumatlar almamışam.Başa düşürəm
ki,özü bu temalara yasaq qoymuşdu,bizim qəlblərimizi
intiqam,qisas duyğularıyla,ya sadəcə nifrət hissləriylə doldurmamaq üçün,
bolşevik rejimindən çəkdiklərini heç vaxt bizə
danışmazdı.
Yaxşı,
bəs onda biz,xüsusiylə
övladlarının ən böyüyü,həm də
peşəsini ədəbiyyatla bağlamış adam nəyə
görə ondan bütün bu
gizlində saxladıqlarını qopartmamışam,o şeyləri
ki,indi,onların vəfatından sonralar üzə
çıxan sənədlərdən öyrənirik.Heç
kəsi,ilk növbədə də bizi övladlarını dərdlərlə
yükləməmək üçün,bütün
ağrılarını öz içində çəkirdi.Bunun
acısını ancaq arabir şeirlərinə sızdırırdı:
Gizlin
yaradan ağrısı
çox
yarə tapılmaz.
İndiyəcən
“Sirrlər xəzinəsində” saxlanan ailəmizlə bağlı sənədləri
üzə çıxaran Rafael Hüseynova bir daha minnətdarlıq edirəm, Xudadat bəyin
bəraət alması üçün lazımi
materialları toplayan və bu bəraətə nail olan
hüquqşünas,ədliyyə generalı, Rəfibəylilərin
ağsaqqalı Akif Rəfiyevə dərin təşəkkürlərimi
bildirirəm.
(Ardı növbəti
sayımızda)
ANAR
525-ci qəzet.- 2013.-
8 iyun.- S.14-15.