Oralarda kimlər
var: Akif Mirili-2
– Mənim
üçün maraqlıdır; tələbələr
qeyri-ixtisas fənlərə, məsələn, Azərbaycan
dilinə necə yanaşırlar? Daha açıq desəm,
ali məktəblərdə belə fənlərin olmasına
tələbələr necə baxırlar?
– Mən
bu suala da dolayısı ilə ötən həftəki
cavablarımda toxunmuşdum. Əslində qeyri-humanitar
fakültələrdə ictimai elmlərin, dillərin,
informatika fənlərinin keçilməsi təbiidir. Bu
günün həkimi, mühəndisi,
iqtisadçısı... Sabah ən müxtəlif vəzifələrdə
işləyə bilər. Ona görə o, yüksək
dünyagörüşü, təşkilatçılıq,
rəhbərlik bacarığı, müasir idarəçilik
vərdişlərinə yiyələnməlidir: əlbəttə,
bu qabiliyyəti həmin qeyri-ixtisas fənlərlə əldə
etmək mümkündür. Mən belə
düşünürəm ki, ali məktəblərin tədris
proqramları tərtib edilərkən bütün bunlar nəzərə
alınır.
– Sizin fənnin
ucbatından ali məktəbdən kənarda qalan olubmu?
– Əvvəllər
bu cür hallara çox az təsadüf olunurdu. Ancaq indi bizim
fəndən də lazımi miqdarda bal toplamayan tələbə
olur, belələri mütləq növbəti semestrdə,
yaxud əlavə təşkil olunmuş semestrdə keçəri
bal toplaya bilməsə yenə kəsir kimi qalır. Qurtarana
kimi verə bilməsə, diplom ala bilmir. Ancaq biz
çalışırıq belə hallar olmasın.
– 35 ildir
ki, tibb təhsili verən ali məktəbdə
çalışırsız, vaxtilə sizinlə oxumuş
yoldaşlarınızdan kimləri
xatırlayırsınız?
– Mən
tələbə yoldaşlarımla həmişə əlaqə
qurmağa çalışmışam. Ancaq ən çox Azər
Abdulla ilə əlaqəm olub. Biz 1962-ci ildən ünsiyyətdə
olmuşuq, bu ünsiyyət, məncə, artıq çoxdan
ailəvi dostluğa çevrilib. Əli Həsənli ilə
də vaxtaşırı görüşürük.
Mövludu da unutmamışam, ancaq görüşə
bilmirik, yəqin vaxtı olmur. Belə... Bir dostum da var idi,
ancaq yeni siyasi-iqtisadi münasibətlərdən sonra əlaqələrimiz
kəsildi (1991-ci ildən)...
– Bildiyimə
görə 70 yaşınız tamam olub.Bu ömürdən
razısınızmı?
– Əlbəttə,
razıyam. Mən adi bir kolxozçu kişinin oğluyam.
Uşaqlığım çox kasıblıqla keçib, rəhmətlik
atam heç mənim ali məktəbə daxil
olmağımı istəmirdi. Ancaq qardaşlarımın, digər
qohumların təkidi ilə mən ali təhsil aldım,
müəllim işlədim. İndi balaca da olsa, bir kollektivə
rəhbərliyi mənə tapşırıblar. Elmlər
namizədiyəm, dosentəm, tədrislə yanaşı elmi,
bəzən də publisistik yaradıcılıqla məşğul
oluram, respublikada nüfuzlu bir universitetin böyük və
kiçik elmi şurasının üzvüyəm,
respublikanın qabaqcıl təhsil işçisiyəm. Səmimi
demiş olsam, mən rayondan gələndə bir qohumumdan 50
man borc almışdım. Ancaq 5-6 il sonra – 1978-ci ildə fərdi
evim var idi. (düzdür, yeni iqtisadi münasibətlər
dövründə satmalı oldum). Üç övlad
atasıyam. Üçünün də diplomu var, ailə qurublar.
Böyük nəvəm ıv sinifdə oxuyur (onlar
Sankt-Peterburuq şəhərində yaşayırlar), ondan
kiçiyi II sinifdə. 5 nəvəmin ikisi oğlandır –
birinin 3 yaşı var, o biri biraylıqdır. Həyatda bundan
artıq xoşbəxtlik ola bilərmi?! Əvvəlki
sualların cavabında da demişdim, mən indi çox
iş görmüş olmalı idim. Ona görə
ömürdən yox, “özümdən narazıyam” (Allah bəxtiyar
müəllimə rəhmət eləsin).
– Bu
ağır zamanda uşaqlarınızın yanında
başınız aşağı deyil ki?
Uşaqlarınıza gün ağlaya bilmisiz?
– Bu
sualınızın cavabı çoxlarını kövrəldə
bilər. Mən həmişə o fikirdəyəm ki, müstəqilliyi
həmişə gözləmişik, ən çox da ana
dilimiz, ədəbiyyatımızla bağlı olan adamlar.
Ancaq iqtisadi münasibətlərin dəyişməsi biz
yaşda, bizdən bir az kiçik yaşda olanları çətin
maddi duruma saldı. Məsələn, quruluş dəyişəndə
mənim 50-yə yaxın yaşım var idi. Bu yaşda mən
necə sahibkarlıq fəaliyyəti ilə məşğul
ola bilərdim? Neçə adam tanıyıram, əlində
olan mayanı qoyub ki, iş görsün, iş də
alınmayıb, əlində olanı da batıb.
Sözümün canı odur ki, uşaqlarımın yanında
elə də alnıaçıq ola bilmirəm. Mən onlara
heç nə verə bilməmişəm. Ancaq özləri
öz ehtiyacları ilə qalmalı olublar. Biz də – valideynlər
də maaşımızın imkanı dairəsində
köməyimizi əsirgəmirik. Sualınızın ikinci
hissəsini də müəyyən qədər əhatə
etdim. Mənim uşaqlarım Bakıda doğulub, Bakıda
böyüyüblər. Böyük qızım xaricdə
yaşayır. Kiçik qızım Bakıda kirayənişindir.
Oğlum bizim normal şəraiti olmayan üç otaqlı
(iç-içə) mənzilimizdə ailəsi ilə birgə
yaşamağa məcburdur. Hər ikisinin diplomu var, ancaq o diplomlar
onlara iş tapmağa heç bir üstünlük vermir. Yenə
Allah dövlətimizə daha da qüvvət versin, yəqin
onda bütün vətəndaşlarının
qayğısına qala biləcək.
– Daha
hansı sualı verməyimi istəyərdiniz? Xahiş edirəm,
o suala cavab verin.
– Mən
istərdim, belə bir suala cavab verim: bu yaşınızda ən
çox arzuladığınız şey nədir? Və icazə
verin bu suala bir az ətraflı cavab verim. Tofiq bəy, biz qədim
və şərəfli tarixi olan xalqlardanıq. Başqa dəyərlərimizi
demirəm, təkcə bizim folklorumuz, şifahi ədəbiyyatımız
kifayət edər ki, biz özümüzü zəngin xalq
hesab edək. Mən az-çox başqa xalqların mətbəxi
ilə tanışam, ancaq bizimki qədər rəngarəng,
səliqə-sahmanlı, dadlı və xeyirli yeməkləri
olanını təsəvvür edə bilmirəm. Ancaq belə
bir xalq indi parçalanmış, didərgin
düşmüş vəziyyətdədir. İndi elə bir
Azərbaycan ailəsi çətin tapılar ki, onun əlili,
şəhidi, qaçqını, köçkünü
olmasın. İndi biz gərək şəxsi arzumuzu yox,
ümumixalq arzumuzu önə çəkək. Bu da, əlbəttə,
torpaqlarımızın işğaldan azad olmasıdır. Bir
də mənim ən vacib saydığım arzu hörmətli
prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, vətəndaşların
korrupsiya, rüşvətxorluq, adambazlıq düşüncəsindən
azad olmasıdır. Mən elə bir kəşf etmiş
olmaram, deyim ki, cəmiyyətin inkişafını təmin edən
bir əsas amil var – ədalət, bərabərlik!! İnsan
öz qabiliyyətinə, əxlaq dəyərlərinə
görə qiymətləndirilməlidir. Mənim Allahdan da, əlində
imkanı olanlardan da təmənnam budur: işləri ədalətlə
yerinə yetirin, heç vaxt yaxşını yamanın
ayağına verməyin.
ONLAR NƏ
DEDİLƏR :
SƏYYAD
ARAN
Dini Qurumlarla
iş üzrə Dövlət Komitəsi sədrinin
birinci müavini, filologiya elmləri namizədi
Akif Mirili mənə onuncu sinifdə dərs deyib – 1967-ci ildə. İlk gündən geyimi, davranışı, dərs üsulu, izahı, danışığı, jestləri ilə biz qarşımızda müasir, bənzərsiz, həsrətində olduğumuz müəllimi gördük. Sanki hamı itirdiyini tapmışdı. İntizarla sinfə girəcəyi anı gözləyirdik ki, görək bu dərsi necə keçəcək, nə cür başlayacaq. Ondan əvvəlki müəllimlərimizin “dədə-baba” qaydasında – Kim gəlib? Kim yoxdur? Və ya jurnalı başdan-ayağa oxuyub “hazır-qayıb” proseduru – Allah, sən saxla! – bizi bıkdırmışdı. Akif müəllim, demək olar ki, məktəbdə tam bir inqilab etmişdi, heç kimə bənzəmirdi, savadı, intellekti ilə açıq-aşkar seçilirdi. Yaşlı müəllimlərlə tez-tez elmi mübahisələr edir, hər zaman da haqlı, qalib olurdu.Uzun illər “hegemonluq” edən yaşlı nəsil onun sərbəstliyini, şagirdlərlə “tay-tuş” kimi davranmağını, yoldaş, sirdaş, böyük qardaş kimi “oturub-durmağını” bağışlamırdılar, “uşaqları üstümüzə qaldırırsan” deyirdilər. O isə dəlil sübutlarla şagirdləri daim qorxu altında saxlamağı, döyməyi, təhqir etməyi, sərt pedaqoji üsulları yolverilməz hal sayır, indiki terminalogiya ilə desək, onların da hüquqları olduğunu söyləyir, sözlə, məsləhətlə, məhrəmanə münasibətlə həll etməyin daha düzgün vasitə olduğunu göstərirdi, illərdən bəri davam edən ənənəvi sərt pedaqogikanı darmadağın edirdi. Məktəbdə belə bir ifadə şagirdlər arasında məşhur idi: direktorun, “zavuçun” Akif müəllimə gücü çatmır, ondan çəkinirlər.
Bu gün də Akif müəllimin RPK-nın ı katibi ilə o dövr üçün görünməmiş cəsarət nümunəsi dildə-ağızda dolaşır. Yük maşınında pambıq yığmağa gedən şagirdlərin azlığını görən katib kimin sinifi olduğunu soruşur və sinif rəhbərini tələb edir. Akif müəllimə üzünü bozardaraq niyə davamiyyətin zəif olduğunu soruşur. Akif müəllim deyir:
– Bir aydan çoxdur dalbadal müxtəlif kolxozlara gedirlər. Yorulublar, xəstələniblər, çoxlarının evlərində axırıncı toyuq-cücə də kəsilib, çölə aparmağa bir şeyləri yoxdur. Utanırlar axı. Hər gün necə gəlsinlər? İnsanları məcbur eləmək olmaz. Bir də pambığı kim əkib, o da yığsın. Uşağın nə günahı, müəllimin nə günahı?
Məncə, yalnız o dövrü yaşamış insanlar bu cəsarətin neçəyə başa gəldiyini bilərlər.Qəzəbindən alışıb-yanan katib:
– Bura bax, səni ilim-ilim elə itirərəm ki, yerin də bilinməz! – deyib təhdid edəndə, Akif müəllim:
– Edə bilərsiniz, gücünüz, vəzifəniz çatar, amma bu o qədər asan deyil, dərəbəylik dövrü keçib – deyərək ultimativ formada cavab qaytarmışdı. Ağsaqqallar, vəzifəli şəxslər ortaya girib qızışan münaqişəni birtəhər söndürmüşdülər.
Bir müəllim kimi, əlbəttə, Akif Miriyev mənim kumirim olub. Onu çox sevmişəm, həmişə müəllim, pedaqoq kimi ona oxşamağa çalışmışam. Onun kimi mən də fəaliyyətimdə cəsarətli, istedadlı şagirdləri müdafiə edib, ədalətli olmağa səy göstərmişəm. Mən də fizika, riyaziyyat, kimya sahəsində xüsusi istedadı olan şagirdləri “mənim fənnimi niyə yaxşı oxumursan?” Deyib qiymətini namərdcəsinə kəsib “3” yazmamışam. Eyni zamanda ədəbiyyatı, tarixi, coğrafiyanı xüsusi həvəslə oxuyanları texniki fənn müəllimlərindən “müdafiə” edərək onların attestat qiymətlərinə xələl gətirəcək qiymətlər yazılmasına yol verməmişəm.Akif müəllim, səhv etmirəmsə 3-4 il pedaqoji fəaliyyətlə məşğul oldu. Müddəti bitdikdən sonra Bakıya qayıtdı, aspiranturaya girdi, namizədlik dissertasiyası müdafiə etdi. Demək olar ki, ömrünün sonrakı mərhələsini Tibb Universitetində Azərbaycan dili kafedrasında işləyərək rus bölməsində Azərbaycan dilindən dərs verdi. Hal-hazırda həmin kafedranın müdiridir.Bir maraqlı və ibrətamiz cəhəti qeyd etməklə qısa fikrimi bitirmək istəyirəm. Uzun illərdən sonra onu görənlər heyrətlənirlər ki, Akif müəllim heç qocalmayıb, əksinə, Allahın möcüzəsidir ki, getdikcə, gəncləşir, gözəlləşir, sifətinin nuru artır.Ona görə ki, içində ilan balalamır, xəbis deyil, xain deyil, başqasının sevincinə, uğuruna öz nailiyyəti kimi sevinir. Həsəd, kin, paxıllıq ondan uzaqdır. Bütün istedadlı, savadlı adamlar kimi qəlbi təmizdir, hamının qarşısında insanların gözünə dik baxmağı bacarır. Çünki qorxacaq, çəkinəcək yeri yoxdur.
(son)
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 8 iyun.- S.23.