Mozaik dünyamız: dinlərin
güzgüsündəki mənzərə
“İsgəndərin aynası Cam-i Cəmdir,
baxsana”
Hafiz
Şirazi
Bu yaxınlarda maraqlı və mənalı bir filmə
baxdım – “Pinin həyatı”. Çox təsirlənsəm
də, məni düşündürən mənanın nə
olduğunu aydın təsəvvür edə bilmədim.
Ta ki, rəngli sınıq şüşələrdən
düzəldilmiş gözəl bir mozaikanı görənə
qədər.
Film gündə üç dəfə namaz qılan, yeməkdən
öncə İsaya dua edib xaç çevirən,
Buddanın önündə səcdə edən, universitetdə
Kabbaladan mühazirə oxuyan bir hindli professorun həyat hekayəsidir. Daha
doğrusu, onun hələ gənc yaşlarında tufandan sonra
okeanın ortasında kiçik bir qayıqda vəhşi bir pələnglə
təkbətək qalması və həyat üçün
mübarizə aparması barədədir. Amma
həyəcan dolu süjetlərdən daha çox filmdə məhz
bəşəriyyətin mənsub olduğu bütün
böyük dinlərin hissələrindən möhtəşəm
bir mozaikanın yaradılmasıdır. Bəli, filmin qəhrəmanının
kamil imanı, ən ali səviyyədə
olan zövqü və mənəviyyatı, Yaradana
güzgü ola biləcək qədər saf “Mən”i bir-birinə
az qala düşmən kəsilən, öz içindən
özünü çürütməklə məşğul
olan müxtəlif dinlərin ayrı-ayrı hissələrindən
“qurulmuş” mozaikanı xatırladır. İlk baxışda
fərqli şüşə qırıqları, bütöv
baxanda isə möhtəşəm və mükəmməl
bir mənzərə!
Təsəvvüfdə qəbul olunmuş həqiqətə
görə, insan o dərəcədə kamilləşməli
və qəlbini o dərəcədə cilalamalı, pisliklərdən
təmizləməlidir ki, Yaradan bir güzgü kimi
Özünü orada görə bilsin. Özünü
görə bilmək, özünü tanımaqdır,
özünü tanımaq isə yaradıcılıq xəzinəsidir.
Lap məlum qüdsi hədisdə deyildiyi kimi: “Mən gizli xəzinə
idim, tanınmaq istədim, xəlqi yaratdım”. İlahi
sifətlərin daşıyıcısı olan insanın da
pak, təmiz bir güzgüyə ehtiyacı var. Axı o da naməlum
bir xəzinədir, tanınmaq istəyir. Ona görə,
böyük Hafizin də nəzmə çəkdiyi kimi, gah
“İsgəndərin aynası”na, gah “Cəmşidin
camı”na, gah da “könüllərin gözü”nə
baxmağa çalışır ki, bu dünyanın tam,
bütöv hikmətinin mükəmməlliyini görə
bilsin. Amma bu gün insan öz
yaratdıqlarına baxsa da, ya özünü görə
bilmir, ya da eybəcərləşmiş bir mənzərə
ilə üz-üzə gəlir. Çiliklənmiş
güzgüdə nə görə bilər ki!
Bəli, dünyanın güzgüsü bu gün
çiliklənibdir. Qədim çini vaza kimi, böyük bədənnüma
güzgü kimi səpələnib ayaqlar altına. Bilmirəm hansı ildə, kimin əli dəydi,
kimin daşı tuş gəldi, amma sındı bu
dünyanın şüşəsi. Köhnə bir
dastanda oxunan bir beyti xatırlatdı mənə:
Qızıl
deyil, gümüş deyil,
şüşədi, ay şüşədi,
Düşdü
yerə, sındı qəlyan,
neynim ay
neynim.
İndi bu sınmış güzgüdə insan
özünü qırıq-qırıq görür – ya
gözünü, ya qaşını, ya da
barmağını. Yadıma hələ “Kəlilə və Dimnə”də
yazılmış, sonralar Mövlananın da qələmə
aldığı məlum “Fil” əfsanəsi düşdü:
heç vaxt fil görməyən insanlar qaranlıqda onun
xortumuna, ayağına, qulağına toxunur və onu fil zənn
edirlər. Axı insanın qələmindən,
fırçasından, dilindən, ümumiyyətlə, qəlbindən
süzülüb gələnlər onun hər mənada
“gördükləridir”. İndi
insanların gördükləri də bu qırıq
çiliklərdəki yarımçıq, naqis
“insanlardı”. Nəticədə ortaya dəhşəti
filmlər, insanlığı məhv etməyə hazır
olan obrazlar çıxır.
Hərdən düşünürsən, bəlkə bəzən
o güzgünün müəyyən hissəsini bərpa etmək
mümkün olanda insan orada öz surətini görüb dəhşətə
gəlir və yenidən bu güzgünü çilikləyir?
Əslində mütəfəkkirlərin, filosofların
yaradıcılığı bu qırıqları
yığıb güzgünü bərpa etmək, insana
özünü tam olaraq göstərmək cəhdidir. Əsrlərdir fəlsəfi
sistemlər yaranır, yeni ideyalar irəli sürülür...
Amma onu zor, hərb gücünə bərpa etməyə
çalışanlar da var. Və uyğun qırıqları
axtara-axtara vurnuxduqca, bəzi qırıqlar qalır ayaqlar
altında, daha da əzilir, bəziləri “müqavimət”
göstərir, qan tökülür. Necə ki,
demokratiya adına bu gün Bağdadda
insanlar ayaq altında əzilir, terrorda neçə-neçə
günahsız canlar alınır. Beləcə,
sınmış güzgü bütövləşmir ki,
bütövləşmir. Daha qorxulusu,
bütövləşməsinə ümid də azalır.
Bəli, bu qırıqlardan çətin bir də
sağlam güzgü alına. Qədim sivilizasiyalara,
bu gün də aktuallığını itirməyən fəlsəfi
ideyalara baxanda belə düşünmək olur ki, insanlar o
güzgüdə çox möhtəşəm şeylər
görürmüş. Mənə isə
o qırıqlardan bu gün düzəldilmiş iki mozaika
haqqında danışmaq qalır.
Xristian mozaikası
Xristianlıq bəşəriyyətə nazil olmuş ən
məsum, sevgi dolu, sülh nəfəsli dinlərdən
biridir. Allah-Təala Müqəddəs Məryəmə
öz kəlamını İsa surətində
çatdırdı və İsanın varlığı bir
möcüzə kimi insanların qarşısında
dayandı. Bu dinin nazil olmasında – Xristianlığın
bütöv mənzərəsində Allahın insana çox
işarələri var idi.
Hər şeydən əvvəl, burada Allahın insana
sonsuz yaxınlığı var idi. Bu – imana, insanlığa, sevgiyə
bir çağırış idi.
Burada İnsanın özünün bir Allah Kəlamı
olması ideyası var idi. Sonralar Əbu
Turxanın insanı müqəddəs kitablarla, təbiətlə
bərabər üçüncü kitab adlandırması da
təsadüfi deyil. Bəli, insan bir kitab
kimi özündə çox həqiqətləri ehtiva edir,
sadəcə ağılla onu oxumağı bacarmaq
lazımdır.
Nəhayət, bu bütöv mənzərədə
insanın özünün öz Sözünə görə
məsuliyyət daşıması var idi.
Bu mənzərə bir neçə dəfə
sındırılıb bərpa olunub. Bərpada təhriflər
olduğuna görə, sındırılıb yenidən
yapışdırılıb. Təbii ki,
alınan mənzərələr orijinala o qədər də
bənzəmir. XI əsrdən başlayaraq 13-cü əsrə
kimi davam edən, ölkələri viran qoyan, dinc insanları
qətlə yetirən yeddi səlib yürüşü, bir
gecədə 30 min insanın həşərat kimi məhv
edildiyi XVI əsr Varfolomey gecəsi, zəngin xəzinələr
üzərində oturub açılmayan sirlər uğrunda
din qardaşına qılınc çəkən müxtəlif
ordenlər, təriqətlər, elm adamlarının,
yaradıcı insanların edamları və daha nələr.
Hə, belə şüşə qırıqlarını əlinə
alsan, mütləq əlinə batıb, qanadar...
Hətta düşüncə insanları da öz dinlərini
məhz belə qırıq şüşələrdə, təhriflə
bərpa olunmuş mənzərələrdə müşahidə
etdiklərinə görə, dəhşətlə geri
çəkilirdilər. Erkən Renessans dövrlərində Almaniyada kilsə əleyhinə
hərəkata və islahatçılara qoşulan, hətta
bir sıra kilsələri “iblislər mağarası”
adlandırıb dağıdan teoloq Tomas Müntzer
“Yalançı imanın ifşası” adlı əsərində
yazır: “Lukadan olan İncilin hamısı xristianlar
üçün inkaredilməz sübutdur ki, müqəddəs
xristian imanı elə nadir və qeyri-adi hadisəyə
çevrilib ki, vicdanlı birisi xristian cəmiyyətinin
korluğunu görsə, qanlı göz yaşı töksə,
təəccüblü olmazdı”. Volter isə
dəhşətlə deyir ki, “bütpərəst dinlər az
qan tökdükləri halda, bizim din bütün
torpağı qanla suvardı. Əlbəttə, bizim
dinimiz tək xeyirxah, tək həqiqi dindir, lakin biz ondan istifadə
edərək nə qədər pisliklər törətdik” və
“bütün törətdiyimiz dəhşətlərdən
sonra bizdə başqalarını barbar adlandırmaq cürəti
də var”.
Nəhayət,
XIX əsrin “güzgüsündə” insanı normal insani
keyfiyyətləri ölmüş bir varlıq kimi görən
Nitsşe “üsyan elədi”: “Xristianlıq insanın ali tipinə ölüm-dirim müharibəsi
elan elədi; o, bu tipin bütün əsas instinktlərindən
üz çevirdi; bu instinktlərdən o, şər
anlayışını, şər insanı sıxıb
çıxartdı. Güclü insan
yararsız insana, “səfilə” çevrildi”. Üsyanının sonunu “Tanrı öldü” deməklə
kulminasiya anına qaldıran Nitsşe bu əyilmiş, pas
atmış güzgünü sındırıb başqa bir mənzərə
qurmaq istədi.
Nitsşenin “bərpa elədiyi” güzgüdən isə
artıq fukoların, freydlərin və daha kimlərin
siması boylandı. “Qeyri-normalların” düşüncələri,
“ikinci cinsin” “ürək bulantıları” populyarlaşdı,
“Tam sürətlə geri” getdiyini anlayanda isə gec idi,
artıq sürəti dayandırmaq olmazdı və
dünyamız tamam çilikləndi.
Xristianlığın
sağ qalan bir-iki parçasına baxanda belə qənaətə
gəldim ki, bu gözəlliyi, bu ülviyyəti, bu ali həqiqəti dərk etmək, yaşamaq
üçün İslamı dərk etmək lazımdır.
Amma hansı islamı? Axı o da çiliklənib...
İslam
mozaikası
Tarixə baxsaq, görərik ki, İslamın
missiyası daha ağır olub. VII əsrdə
xristianlığın çiliklənmiş və sonra yenidən
“bərpa olunmuş” güzgüsündə insan çox fərqli
şəkillərdə əks olunurdu. Qarşında
gah “tanrılaşmış insanı” görürdün, gah
da günah içində rəzilləşmiş insanı.
İnsanın söz və düşüncə
haqqı da qalmamışdı. Allah insana
bu qədər yaxın ola-ola insan Ona müraciət etmək
üçün vasitəçiyə – “sözçüyə”
üz tutmalı olurdu. İslam insana yeni
güzgü olmaq üçün nazil olmuşdu.
Bəli, islam insanın iman, söz və
düşüncə haqqını qaytarmaq üçün
bu həyatın bütün incəliklərinə qədər
izah verməyə, bələdçilik etməyə
başladı. Bir fərddən bir ailə
üzvünə, bir cəmiyyət üzvündən bir vətəndaşa,
bir adi məxluqdan bir Allah xəlifəliyinə qədər
bütün mərhələləri ehtiva edən kamilləşmə
xəritəsi oldu Qurani-Kərim. Bu hikmətlərlə
silahlanan müsəlmanlar elmdə kəşflər etdilər,
fəlsəfə tarixində yeni səhifələr
açdılar, güclü dövlət qurdular.
Amma İslamın da güzgüsü sındı. Var-dövlət
hərisliyimi bais oldu, şəxsiyyətə pərəstişmi,
bilmirəm, amma sındı. Və
sınıqlar yenidən birləşdiriləndə önə
fərqli prinsiplər çıxdı. İslam
dövlətinin başında duranlar xəzinə
yığmağa başladılar, İslam bir tərəfdən
qılıncla, digər tərəfdən cəhalətlə,
mövhumatla eyniləşdirildi. Elmə
verdiyi yüksək dəyərə baxmayaraq, əsrlər ərzində
təfsirlərdən və şərhlərdən çox
uzağa getmədi. İnsana kamillik yolu
göstərsə də, islamın ən çox müzakirə
edilən prinsipləri qara çadra və dörd arvad almaq
hüququ oldu. Təriqətlər göbələk
kimi artdı, məzhəblərarası mübahisələr
müharibəyə çevrildi.
Ən dəhşətli
bərpa isə Məhəmməd peyğəmbərin (s.) surəti
oldu. Xristianlıqda İsa Məsihin Tanrının oğlu
olub-olmaması nə dərəcədə ağrılı
bir məsələdirsə, Məhəmməd peyğəmbərin
(s.) adi bəşəri keyfiyyətlərə, istəklərə
malik olmasını iddia etmək də tədricən elə
bir ağrılı məsələyə çevrilməkdədir.
Bu yeni güzgüdə peyğəmbərlik
idollaşdırılıb, islamın əsas prinsipləri isə
hansı isə qırıntıların altında
itib-batıb. Cahiliyyə dövründə
daş bütü təhqir etməklə həmin inanc sahiblərinin
düşüncələrini, mənəviyyatını, əsil-kökünü
təhqir etmiş sayılırlar. Bu
gün xristianlar öz “bütləri”, kultları, idolları
uğrunda vuruşur, müsəlmanlar isə özlərinin.
Tarixin acınacaqlı səhifələri təkrarlanmış
olur.
İslamın
çiliklənmiş obrazını yenidən bərpa etmək
istəyən mütəfəkkirlər isə sadəcə islam ölkələrindən sürgün
edilirdilər. Lap islam cəmiyyətləri
öz dəyərlərinə sahib çıxa bilməsələr
“zəlil bir şəkildə tarix səhnəsindən silinəcəyini”
xəbər verən Cəmaləddin Əfqani kimi. Doğrudan da, müsəlmanlar nə vaxtsa
qalxmış olduqları yüksək səviyyədən
dünyanın ən yazıq, ən bədbəxt, ən geridəqalmış
vəziyyətinə düşdülər.
Qırıqlardan bərpa olunmuş islam
obrazı Qərbin fobiyasına çevrildi və islam
obrazı yenidən çilikləndi. Amma islamın son
dövrlər tarixinə, xüsusilə vəhhabiliyin yaranma
tarixinə, Bin Ladenə, Səddam Hüseynə və
bütün bu hadisələrin müsəlman
üçün fatal nəticələrinə baxanda belə
düşünmək olar ki, bu gün İslamın yeni
obrazını bəzən artıq Qərb özü
“düzüb-qoşub”, sonra da öz yaratdığından
canını qurtarmağa çalışıb. Əslində bir şey qırılandan sonra hərənin
onlardan bir şey quraşdırmağa
çalışması normal görünə bilər.
Hünər salamat hissələri çiliklənməkdən
qorumaqdır.
Nəticə
və ya ümid qığılcımı
Mən təsadüfən “Pinin həyatı”ndan
başlamadım. İstər-istəməz qloballaşma adlanan, bəzi
xalqları boya-boy, bəzilərini isə liliput, birini əjdaha,
o birini “yem” göstərən yeni bərpa olunmuş “güzgü” ilə müqayisə
etdim. Düzdür, film bir yazıçı təxəyyülüdür.
Amma belə məlum olur ki, orijinalı tam bərpa
etmək mümkün olmasa da, qırıqlardan onun möhtəşəmliyini
çatdıran mozaika qurmaq mümkündür. Sadəcə sağlam hissələri düzgün
bir harmoniya ilə düzmək tələb olunur.
Məncə, Yaradan öz yaratdıqlarına baxanda,
Öz möhtəşəmliyini görə bilməsə,
cahanı məhv edər.
Könül Bünyadzadə,
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2013.-
8 iyun.- S.22.