Xalq əmanəti

 

Əmanətə xəyanət yoxdur – xalqımızın etnik şüurunun əsas istiqamətlərindən biri olan, mental təfəkkürümüzdə çoxdan sabitləşmiş bu hikmət əsrlərin sınağından uğurla keçərək, bizim günlərə qədər gəlib çıxa bilmişdir.   Tarix göstərir ki, ayrı-ayrı fərdlərin əmanətləri olduğu kimi, bütöv bir xalqın əmanətinin mövcudluğu da danılmazdır. Dünyanın bütün sivil dövlətlərində olduğu tək, bizim ölkədə də xalq öz əmanətlərini banklara etibar edib, vaxtaşırı divident götürə bilir. Müasir Azərbaycanın bank sistemində öz yeri, öz ciddi mövqeyi olan, etibarlığı və nüfuzu ilə əhali arasında özünə dərin ehtiram qazanmış “Xalq Bankı”ın rəhbərliyi belə doğru qənatdədir ki, maddi əmanətlərlə yanaşı, mahiyyət etibarı ilə heç də ondan geri qalmayan, xalqın əsrlər boyu yaradıb topladığı mənəvi-mədəni əmanəti də var ki, bu irsə də sahib çıxan, onu itib- batmağa qoymayan, onun dəyərli ənənələrini daha da zənginləşdirən, ona uzanan yad, bədxah əlləri ondan uzaqlaşdıran, vaxtaşırı bu əmanəti sahibinə, yəni xalqa qaytaran, bununla da nəsillər arasındakı mənəvi bağların qırılmağının qarşısını alan ciddi, məsuliyyətli bir qurumun mövcudluğu vacibdir. “Xalq Bank” bu xeyirxah, bu faydalı tarixi missiyanı könüllü olaraq öz üzərinə götürməklə, ictimaiyyətimizin dərin rəğbətini qazanıb. Bu bankın adında özünə yer alan “xalq” sözü qurumun öhdəsinə xüsusi bir məsuliyyət gətirir. Bankın “Xalq əmanəti” adlanan çox mühüm və dəyərli sosial –mədəni layihəsinin tarixçəsi hələ o qədər böyük olmasa da, cəsarətlə demək  olar ki, onun səs-sorağı respublikamızın hüdudlarını aşıb, çünki xoş əməl, faydalı, xeyirxah işin şöhrəti dərhal aləmə yayılır, onun xoş əks-sədası uzaqlardan gəlir. “ Xalq əmanəti” xalqın tarix boyu yaratdığı zəngin mədəni irsin incilərini toplayıb, onları xüsusi bir həssaslıq və qayğıkeşlik ilə cilalayaraq, yenidən xalqa qaytarır, ən önəmlisi də odur ki, bu mənəvi xəzinəni xarici ölkələrdə də təbliğ edib, ölkəmizin adına şan-şöhrət gətirir! Bu günə qədər “Xalq əmanəti” layihəsi əsasında Xalq rəssamları Maral  Rəhmanzadə, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə və Xalidə Səfərova, Mahmud Tağıyev kimi görkəmli fırça ustalarının çox nəfis, incə zövqlə, yüksək poliqrafiya mədəniyyəti ilə Azərbaycan, ingilis, rus dillərində nəşr olunmuş albomlarını, unudulmaz Xalq şairləri Məmməd Araz və Hüseyn Arifin yenə də yüksək poliqrafik məziyyətlərlə seçilən şeir toplularını ictimaiyyətə təqdim edərək, şeir, sənət aşiqlərini sevindirib. Tarix elmimizin ağsaqqalı, ömrünün 60 ildən çoxunu milli numizmatikamızın ardıcıl tədqiqatına və təbliğatına həsr etmiş professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” adlı elmi cəhətdən olduqca sanballı, çox zəngin və maraqlı faktoloji bazaya malik nəfis tərtibatlı albomunun “Xalq Bank” tərəfindən çap edilib, cəmiyyətə təqdim olunması tarixi əhəmiyyət kəsb edən çox əlamətdar bir hadisədir. Albomda Azərbaycan  ərazisində antik  epoxadan tutmuş ən yeni tariximizə qədər tapılan metal pulların təsnifatı verilir, onların elmi-tarixi, sosial-fəlsəfi əhəmiyyəti araşdırılır. Pul təkcə ödəniş vasitəsi deyil, özündə məxsus olduğu dövlətin müəyyən rəmzlərini əks etdirən dövlət atributlarından biridir, dövlət varsa, onun milli pul vahidləri də mövcuddur. Odur ki, bu dəyərli elmi əsərin, uzun illərin gərgin elmi axtarışlarının dolğun məntiqi nəticəsi olan “Azərbaycan sikkələri” albomunun zəngin faktoloji strukturunu nəzərdən keçirdikcə, milli dövlətçiliyimizin tarixinə çox maraqlı bir ekskurs edir, dövlətçilik tariximizin qədimliyi ilə qürur hissi duyur, əsərin böyük ictimai-siyasi əhəmiyyətini dərk edə-edə “Xalq Banka “ olan rəğbətimiz daha da artır. Bir faktı xüsusilə qeyd etmək vacibdir- “Xalq əmanəti” layihəsi kommersiya xarakterli layihə deyil! Bu işi həyata keçirənlər maddi maraq güdmür, qazanc əldə etmək, gəlir götürmək məqsədindən uzaqdırlar! “Xalq əmanəti” layihəsi çərçivəsində işıq üzü görmüş dəyərli əsərlər milli ziyalılarımızın öncül nümayəndələrinə, respublikada fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, respublikamızdakı bütün kitabxanalara, (orta məktəblərin kitabxanaları daxil olmaqla) Avropanın, Amerikanın məşhur kitabxanaları, o cümlədən, ABŞ Konqresinin kitabxanasına təmənnasız surətdə təqdim olunur, beləliklə, Azərbaycan mədəniyyət nümunələri “Xalq Bank”ın səyləri ilə beynəlxalq miqyasa çıxıb, Vətənimizin şan-şöhrətini artırır, Azərbaycanın bədxahlarının təxribat xarakterli fəaliyyətinin qarşısını inamla alır.

“Xalq əmanəti” layihəsinin son, uğurlu məhsullarından biri, XX əsr milli poeziyamızın ən parlaq simalarından biri tək tarixə düşmüş nakam şairimiz Mikayıl Müşfiqin seçilmiş əsərlərindən ibarət kifayət qədər sanballı poetik toplusudur. Müşfiqin yaradıcılığının təkrar nəşrlərini dəfələrlə nəzərdən keçirən oxucu kimi qətiyyətlə deyə bilərəm ki, “Xalq Bank”ın bu nəşri şairin ölümündən keçən 70 ildən yuxarı bir dövrdə onun əsərlərinin ən mükəmməl, ən dolğun, estetik cəhətdən ən kamil nəşridir. Bu topluda on illərlə nəşrdən-nəşrə keçib nüsxələnən kobud səhvlərin qarşısı ilk dəfə olaraq alınmışdır (İstər orfoqrafik, istər müəyyən üslub səhvləri, həmçinin şairin bioqrafiyası ilə bağlı bir sıra tarixi göstəricilərlə bağlı təhriflər nəzərdə tutulur).

Bu kitab da respublikamızın mədəni həyatında hadisəyə çevriləcək, bunu indidən əminliklə demək mümkündür! Bu dəyərli nəşri varaqlayıb mütaliə  edən poeziya həvəskarları nakam şairin ruhuna rəhmət oxumaqla, bu nəşri  ərsəyə gətirən “Xalq Bank”a öz dərin minnətdarlıqlarını bildirəcəklər. “Xalq əmanəti” layihəsi artıq tam sürət götürüb, günü-gündən daha inamla xalqa lazım olan bu tarixi missiyasını yerinə yetirməkdədir. Layihənin perspektiv planında daha maraqlı, daha miqyaslı işlər var, ictimaiyyətimiz bu əsərləri səbirsizliklə gözləyir və əmindir ki,  əmanətə xəyanət etməyən, əmanətin qədrini bilən “Xalq Bank” əsasını qoyduğu bu xeyirxah marafonda birincilik estafetini həmişə özündə saxlayacaq!

 

Yusif GÜNAYDIN

 

525-ci qəzet.- 2013.- 8 iyun.- S.25.