Uşaqlığın xatirəsi,
keçmişin nəğməsi
NOVRUZ NƏCƏFOĞLUNUN
“KEÇƏN CAVAN ÇAĞIM OLA” POVEST-PORTRETİ HAQQINDA
Qələm dostum Novruz Nəcəfoğlunu bir neçə ildir ki, tanıyıram. Bizi yazıçı dostumuz Aydın Tağıyev tanış edib. Və xatirələrimizin böyük bir hissəsi də Aydınlı günlərlə bağlıdır. Heç nə onsuz ötüşməz. Xatirələr yaxşı insanlar, dostlarla zənginləşir. O xatirələrin usta yazarlarından biri də Novruz Nəcəfoğludur.
Novruz müəllimin hekayə və povestlərini öncələr də oxumuşam, öz jurnalımızda dəfələrlə çap etmişəm. Ölkəmizin digər tanınmış ədəbi nəşrləri də onun yaradıcılığına səxavətlə yer ayırıb. Əsərləri qardaş Türkiyənin bir sıra nüfuzlu dərgilərinin qonağı olub, Ankarada “Çarəsiz yolçu” hekayə və povest toplusu nəşr edilib.
Həmişə bir şeyə fikir vermişəm ki, Novruz Nəcəfoğlu öz uşaqlığından, öz kökündən ayrı yaşaya bilməyən adamdır. O, yaradıcılıqda da belədir, həyatda da. Həyətində əkdiyi ağacların boyunu əsərlərindəki kimi oxşayır. Kitabda da, həyatda da çox sevdiyi atlara eyni cür yanaşır.
Bəziləri yazıçılığı uşaqlıq xatirələrinin, bəziləri xiffətin, bəziləri yaddaşın ayağına yazır. Hamısı da düzdür. Üçü bir yerdədir. Və bunu sübut edən ən gözəl əsərlərdən biri “Ötən günlər” dəftərindən olan “Keçən cavan çağım ola” povest-portretidir. Onu xatirə-povest kimi də dəyərləndirmək olar. Janr bir tərəfə, çünki şərti bir şeydir. Əsası necə yazmaqdır. Akademik düşüncə ilə yanaşsaq, bu əsər ipressionist çalarlıdır, bəlkə də elə onun özüdür, çünki xiffət və nostaljiyə köklənib.
Novruz Nəcəfoğlunun bu əsəri ona görə mənə doğmadır ki, mən onu oxuyarkən öz uşaqlığımı xatırlayırdım. Hekayələrimə bələd olanlar sözlərimi qəribçiliyə salmazlar. Mən də uşaqlığıma və xatirələrimə bağlı adamam. Ona görə də bir yazımda demişəm: yaddaşı olmayanın xatirəsi, xatirəsi olmayanın yaddaşı olmur.
“Keçən cavan çağım ola” povestini oxuyarkən “Keçən günlərimi qaytaraydılar”, “Keçib getdi cavanlığım” mahnılarını zümzümə edirdim. Və mübaliğəsiz deyə bilərəm ki, Novruz qardaşımızın povesti keçmişə nəğmə, gələcəyə yaddaş ensiklopediyasıdır. Onun yazılarında doğulduğu yerlərin, gəzdiyi obaların portreti var. Əsəri oxuyarkən quşların ötməsi, atların kişnərtisi, çayların, bulaqların şırıltısı adamın qulaqlarında səslənir. Çünki təsvirlər çox canlı və diridir. Bu mənada qələm dostum Aydın Tağıyevin Novruz Nəcəfoğlunun yaradıcılığı barədə dediyi sözlər tam yerindədir: “Povest-portretində torpaq sevgisi, el-obaya bağlılıq, həyat, zaman barədə düşüncələr, doğulub boya-başa çatdığı, əzəli və əbədi Vətənimiz Azərbaycanın dilbər guşələri – dağları, əsrarəngiz təbiəti, gözəllikləri, elə dağlar qədər uca və saf adamları, müqəddəs ocaqları, adət və ənənələri şirin, oxunaqlı və koloritli bir dillə az qala tərənnüm olunur”.
“Keçən cavan çağım ola” əsərini iki dəfə oxumuşam. Bu tipli əsərlərdən biri də gürcüstanlı dostum Quram Odişariyanın “Kot prezidenta” (“Prezidentin pişiyi”) romanıdır. Bu əsər mənim stolüstü kitabımdır. Çünki ordan götürüləsi və öyrəniləsi çox şey var. Quram portret ustasıdır. O, həm də publisistika ilə nəsrin sintezini uğurla yaradan sənətkarlardandır. Quramı nahaqdan xatırlamadım. Bu yaxınlarda həm ölkəmizin, həm də mənim qonağım olmuşdu. İndən sonra Novruz müəllimin də kitabı mənim stolüstü kitabıma çevriləcək. Buna şübhəm yoxdur və bu belədir.
Novruz Nəcəfoğlu uşaqlıq xatirələrinə əbədiyyat kompleksi ucaldıb və onun ortasındakı ən böyük abidə “Kəlbi əmi” deyə çağırdığı şəxsindir.
“Keçən cavan çağım ola”
povest-portretinin qəhrəmanı müəllifin
atasının dostu Kəlbi əmidir. Mən onu bir ata, bir baba, bir
böyük qardaş kimi sevdim. Çünki (yenə
də özümdən deyəcəm) mən bu obrazın
xarakterinə, oturuşuna-duruşuna bələd olanda,
köhnə kişiləri, atamı xatırladım. O
da əlinə bir çöp də almazdı. Heç
kimin qapısını açmazdı.
Açdığı qapını özünə dost bilərdi.
Və həmin evdə də bilirdilər ki, bu kişi
boğmalı (armudu) stəkanda pürrəngi çay
içməyi xoşlayır. Ona görə də
onun qabağına boğmalı stəkanda çay
qoyulardı. İşdən evə dönəndə təsadüfən
əlində şirniyyatdan-zaddan gətirirdisə anamız
özünə əl qatardı və mənə deyərdi:
“Biabır olduq, atan əlində nəsə gətirir.
Qaç get, onu al, görən olmasın”.
O da Kəlbi əmi kimi “zakaznoy” pencəklər geyərdi.
Əsərdən
bircə epizod verim ki, dediklərimə tutalqa olsun:
“Bizlərə gəlib-gedəndə gətirdiyi
ayın-oyunu böyrüncə gələn qadınlara, ya da
uşaqlara daşıtdırardı. Özü isə uzun qollarını
yellədə-yellədə irəlidə gedərdi.
Atam: – Nədi, yenə bu arvad-uşağı əsir-yesir eləyibsən.
Onlar yük daşıyandı? Nə ehtiyac var bunlara? –deyə
dostuna ərklə irad tutardı. Kəlbi əmi isə
cavabında: –İstəyirəm e, istəyirəm ki, əziyyətini
özüm çəkəm, ancaq mən şələkeşliyi
bacarmıram, vallah,- deyib yaxasını
kişinin məzəmmətindən birtəhər
qurtarardı.”
Meşədən ulaqla odun daşımaq əhvalatı
da maraqlıdır. Bircə dəfə meşəyə gedən
Kəlbi əmini ulaq öz fərsizliyilə pərt edir və
o ulağı şələ qarışıq
götürüb qayadan tullayır. Ona
görə də bu kişinin ulaqlarla heç zaman arası
olmayıb.
Lerikdə bircə dəfə olmuşam. Dostum İlqar
Rüstəmovun toyunda. Elə onun
hesabına da ilk dəfə Yardımlıya tələbə
dostum Faiq Novruzovgilə getmişəm. Novruz
Nəcəfoğlu hər iki rayonda oxuyub və işləyib.
Həmin yerləri təsvir edərkən
bir-birindən ayırmır. Cavanlıqda gəzdiyim yerləri
mən indi daha çox sevdim: Novruz müəllimin hesabına.
Novruz Nəcəfoğlu
Kəlbi kişinin mərdliyini, dostluğa sədaqətini,
insanlara diqqət və qiymətini, dünya malına etinasızlığını
elə gözəl boyalar və misallarla təsvir edir ki, adam bu obrazı sevməyə bilmir.
“Keçən
cavan çağım ola” povest-portreti zəngin
ədəbi dilə malikdir. Burada hər şey
öz adı ilə çağırılır, dialekt və
şivələr elə yerində işlədilir ki, hətta
mən o sözü bilməsəm də təsəvvür
edirəm, bizim zonada (Qarabağda) işlənən sözlərin
qarşılığı beynimdə canlanır.
Türkiyəli
yazar dostumuz İmdat Avşarın Novruz Nəcəfoğlu barədə
yazdığı bu cümlələrə şərikəm:
“Toxunulan
mövzuları və insanın iç dünyasının təsvirinə
yönələn bədii detalları ilə Novruz Nəcəfoğlunun
hekayələri orta nəsil Azərbaycan nəsrinin
bütün keyfiyyətlərini özündə əks
etdirir.
Novruz Nəcəfoğlunun sadə və təbii
üslubu, axıcı təhkiyəsi və rəvan dili bu mətnləri
oxucunun ürəyinə istilik gətirən, ona doğma olan
duyğu və hissləri özündə əks etdirən
maraqlı hekayələrə çevirir.
O, hekayələrində
doğulduğu torpağa duyduğu böyük sevgi və
torpağa bağlılıq hissinə mümkün qədər
geniş yer vermişdir. Aid olduğu
torpağı – ağacı, çiçəyi, gülü,
yarpağı, dərəni, dağı, qurdu, quşu, kəndi
və şəhəri ilə birlikdə sevən yazarın bu
xüsusiyyəti sətirlərin arasından bir vulkan kimi
püskürərək Vətən sevgisinə çevrilir.
Onun hekayələrindəki gənc, qoca,
qadın, kişi, uşaq – bir sözlə, bütün
insanlar mərhəmət və sevgi ilə əhatə
olunublar”.
Ola bilsin
İmdat bəydən gətirdiyim sitat bir az
uzun oldu. Amma bu dəqiq müşahidə Novruz
Nəcəfoğlunun yaradıcılığını
özündə tam ehtiva edir.
At müqəddəsdir. Bu təkcə
türklərdə yox, elə bütün döyüşkən
xalqlara, xüsusən də dağ adamlarına xasdır.
Kəlbi əminin ata münasibəti əsərdə
yaddaqalan təsvirlərlə verilib. Bu məxluqa sevgisindəndir
ki, bir atının yoxa çıxması ilə kişi az qala vərəmləyir,
yağışlı bir gündə onun izinə
düşür, atı tapır, amma bu olay ona elə təsir
edir ki, yatağa düşür və bir daha ordan qalxa bilmir. Son günlərində isə əsər müəllifini
yanına çağırıb, bu yataqdan bir də
qalxacağına ümidi olmadığını deyir və
uşaqlarını ona tapşırır.
Xatirəsinə
abidə ucaltdığı Kəlbi əmi haqqında
yazıçı son sözlərini belə deyir:
“Ömrü boyu heç kəsə, heç kimə yenilməyən
kişi xəstəliyə yenilmiş, həyatdan ümidini
üzmüşdü. Xasiyyətini bilirdim.
Əgər yaşamağa ümidli olsaydı,
ürəyindəki nigarançılığını dilinə
gətirməz, heç nə söyləməzdi. Mən
Kəlbi əmini belə görmüşdüm, belə
tanımışdım, belə sevmişdim...”
Novruz Nəcəfoğlunun Kəlbi əmini sevməsinə
çox səbəblər var. Onlardan biri də, bayaq dediyim
kimi, atdır.
“Atam kəhər atımızı Nuru kişiyə
axtalatdırmışdı...Yerişi-qaçışı
yerində olsa da, at bir daha kişnəmədi.
Kəlbi əmi:
– Atın
nə əcəb kişnəmir? – deyə
soruşdu.
– Bu at
daha kişnəmir ki, Kəlbi əmi, atam onu baytar Nuruya
axtalatdırıb.
Kəlbi əmi
bir an duruxdu...Böyük atının, Səmənd
madayanın bir yaşın içərisində olan
dayçasını göstərib:
– Bu
göy daylağı bağışladım sənə, –dedi
və başını çevrib şəstlə mənə
baxdı”.
Kəlbi əmi dilinə gətirməsə də,
heç şübhəsiz, öz ürəyində
“kişinin atı kişnəməlidir” – deyə
düşünüb.
Povesti oxuyub qurtaranda gecə saat birə işləmişdi. Mən,
söz yox, Kəlbi kişinin ölümünə kədərlənmiş,
təsirlənmiş və kövrəlmişdim. Amma bir şeyə də çox təəssüf
edirdim ki, o kişinin vaxtsız və qəfil ölümü
olmasaydı, xatirələr də, bu əsərin həcmi də
geniş olardı və mən bu əsərdən hələ
bir müddət də zövq alardım. Povesti
başa vursam da, onun təsirindən hələ də
qurtulmamışam.
Torpağa, insanlara sevgi Novruz Nəcəfoğlunun xasiyyətində
humanistlik qatlarını daha da artırıb.
İlk tanışlığımız zamanı
ordan-burdan danışdıq. Ən çox
dayandığımız nöqtələr kənd-kəsək,
bağ-bağat və uşaqlıq oldu. Sonra
Şabran rayonu, onun tarixi barədə danışdıq.
Söhbət zamanı o dedi:
“Mən rayona təzə gələndə gördüm
ki, el-obanın yaylaq yolunu bağlayıb, oraları hasara
alıblar. Mən hamin adamlara başqa yerdən torpaq verdim, yolu
isə açdırdım. Camaatın dədə-baba
yolunu kəsmək olmaz”.
Novruz Nəcəfoğlu harda olur-olsun, hansı vəzifədə
işləyir işləsin, el qədri biləndir. Qıraqda gördüyü
yaxşı nümunələri də Vətənə gətirməyi
xoşlayır: ən azı qələmində. Ona görə də “Dünya duracaq yer deyil”,
“Sinqapur – böyük dünya şəhəri, iddialı
ölkə” kimi publisistik kitabların da müəllifidir.
O, təsvir
etdiyi Kəlbi əmisinə oxşayır. Onun
kimi humanist, əliaçıq və mərddir. Hər kəs öyündüyü insana bənzəməyə
çalışır. Bu, bilərəkdən
yox, təhtəlşüur baş verir. Bu
mənada Novruz müəllim həm qədrini bildiyi insana
(insanlara), həm də özünə yaşarı bir povest
bəxş edib.
İnanıram ki, qələm dostum Novruz Nəcəfoğlu
bizi yeni və gözəl əsərlərilə sevindirməkdə
davam edəcək.
Elçin
Hüseynbəyli
525-ci qəzet.-
2013.- 8 iyun.- S.20.