Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi

 

Turxan Zeynal oğlu Gəncəyi 1925-ci il mart ayının 20-də Təbrizdə dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün İstanbula gedərək oradakı Universitetin türk və fars dilləri bölümünü bitirmişdir. Alim pedaqoji fəaliyyətə görkəmli şərqşünas Bombaçinin dəvətilə İtaliyanın Neapol Universitetinin Şərqşünaslıq İnstitutunda başlayıb. T.Gəncəyi bir sıra ölkələrdə – İtaliyada (1949- 1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə (1956- 1969) elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1969- 1970-ci illərdə bir neçə aylığa İrana qayıtmış, sonradan yenə İngiltərəyə getmiş, ömrünün sonuna qədər bu ölkənin universitetlərində fəaliyyət göstərmişdir. Alim 16 aprel 2005-ci ildə Londonda vəfat etmişdir.

Turxan Gəncəyi gənc yaşlarından geniş erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət mərkəzində olmuşdur. O, bir çox Avropa dillərini gözəl bilir və əsərlərinin əksəriyyətini də bu dillərdə yazırdı. Mübaliğəsiz deyə bilərik ki, Lütfi Zadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş geniş miqyaslı bir alim kimi Vətənimizin başını uca etmişdir.

Ötən əsrin 87-ci ilində “Sovetskaya türkologiya” jurnalında Turxan Gəncəyi əsərlərinin icmalını verən rus alimi A.M.Şerbakın dediyi kimi, alimin elmi maraqları əski özbək (cığatay), əski türk (osmanlı), əski Azərbaycan və fars-tacik ədəbiyyatını əhatə edirdi

 

Gəncəyinin ilk işlərindən biri Əlişir Nəvainin “Mühakimətül-lüğəteyn” əsərinin farscaya tərcüməsidir. Bunun ardınca o, Azərbaycan şairi, farsca divan və məsnəvi müəllifi Təsir Təbrizinin (1655-1717) türkcə şeirləri haqqında məqalə yazmışdır.

Şah İsmayıl Xətai divanının elmi-tənqidi mətnini Turxan bəy 1959-cu ildə tərtib edib. T.Gəncəyinin ən iri həcmli işlərindən biri XIV əsrdə yaşamış şair Xarəzminin “Məhəbbətnamə” əsərinin nəşridir.

Elxanilər dövrünün (XIII-XIV əsrlər) fars poeziyasında türk və monqol sözlərindən bəhs edən bir məqaləsində T.Gəncəyi göstərir ki, artıq Samanilər dövründə fars şairlərinin dilində (məsələn, Rudəkidə) türk dillərindən götürülmüş sözlərə rast gəlmək olur.

T.Gəncəyi məqalələrindən birini 1533-cü ildə Təbrizdə dünyaya gəlmiş görkəmli Azərbaycan şairi, alimi və rəssamı Sadiq bəy Sadiqinin şeirlərinə həsr edib.

Təəssüf hissi ilə deməliyik ki, böyük alimimizi Azərbaycanda kifayət qədər tanımırlar. Turxan bəyin elmi irsinin oxucularımıza çatdırılmasının bir çətinliyi ondan ibarətdir ki, onun məqalələri müxtəlif dillərdədir. Hər halda əlimizdən gələni etməliyik ki, T.Gəncəyinin Azərbaycan, türk, fars, ingilis, italyan, alman, fransız dilində yazdığı məqalələri tərcümə edib ölkəmizdə dilçilik, ədəbiyyatşünaslıq elmimizin ayrılmaz tərkib hissəsi kimi mütəxəssislərə, oxuculara təqdim edək.

Turxan Gəncəyinin ingilis dilində yazdığı “Turcica agemica” məqaləsi (tərcüməsi çətin olduğundan adını olduğu kimi saxladıq. Türkşünaslıq – əcəmşünaslıq – iranşünaslıq mənasını verir) Səfəvilər dövrü yazılı abidələrimizin dilinə dair maraqlı faktlarla zəngindir. Burada bir daha sübut edilir ki, Səfəvilər dövrü yazılı abidələri osmanlı yazılı abidələrinə nisbətən dilin türk qatını daha yaxşı mühafizə etmişlər. Görkəmli türk alimi F.Köprülü də bu fikirdə olmuşdur. Məqalənin tərcüməsini oxucuların diqqətinə çatdırırıq.

 

Paşa ƏLİOĞLU

AMEA Məhəmməd Füzuli adına

Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru

 

TURCİCA AGEMİCA

Turxan Gəncəyi, London

 

Təvəkküli (Tükli) bin İsmayıl bin Bəzzazın 759-cu ildə (m.1358), yaxud həmin ildən bir müddət öncə tamamladığı Səfəvilərin əcdadı, cəddi sayılan Şeyx Səfiəddinin ( ? – 735/m.1334) həyatı, kəlamları və möcüzələrindən bəhs edən farsca nəsrlə yazılmış “Səfvət üs-səfa” iri həcmli əsərdir. Əsər Şah İsmayılın erkən yaşlarında yazılmış və Səfəvilərin peyğəmbər nəslindən olduğunu göstərmək üçün dəyişdirilmişdir. Təhmasib Şahın hakimiyyəti zamanı Əbülfəth əl-Hüseyni tərəfindən əsərin dəqiq, düzgün olmayan yerləri kitabdan çıxarılaraq yeni tərcümə variantı tərtib edilmişdir.

Mir Əbülfəthin redaktə etdiyi tam əsər Dülqədir elinin Qavurğalu qolundan  olan Şahqulu Xəlifənin himayəsi altında 949-cu ildə (m.1542) Şirazda Nəshəti kimi tanınan Məhəmməd əl-Katib tərəfindən türk dilinə tərcümə edilmişdir. Şahqulu Xəlifə Təhmasib Şahın möhrdarı olmuşdur. Kitabın giriş hissəsində Nəshəti qeyd edir ki, o, bu işi bütün türk davamçılarının, hətta, bütün Türküstan xalqlarının (qamu türk müridlər, bəlki bütün Türküstan adamları) xeyri naminə görüb. Riyö kataloqunun şərqi türk əlyazmalarına həsr olunmuş bölməsində bu tərcümənin bir nüsxəsinin təsvirini verərək yazır ki, sözügedən tərcümənin dili təmiz cığatay dilindən ibarət deyil; burada Azərbaycan türkcəsinin müəyyən elementləri vardır.

Nəshətinin tərcüməsindən xəbərsiz olduqları güman edilən Köprülü və Ekman bu əsərin dili haqqında Riyönün dediyi fikrə münasibət bildirirlər. Əsərin girişində rast gəlinən və Riyönün işlətdiyi “Türküstan” ifadəsindən açıq-aşkar təsirlənən Köprülü belə şərh edir ki, bu əsər Səfəvi təbliğatının Mərkəzi Asiya türklərinin arasında yayılması məqsədilə və cığatay qızılbaşları tərəfindən oxunması üçün nəzərdə tutulmuşdur.

Yuxarıda adı çəkilən alimlərin fikirləri ilə ümumilikdə az-çox razılaşan Toğan Britaniya Əlyazmalar Kitabxanasına Tehran Şah Kitabxanasının iki əlyazması əsasında müraciət edərək söyləyir ki, bu tərcümənin dili qərbi türk qarışığı ilə türk-cığatay dilindədir. O, öz müşahidələrini belə qələmə almışdır:

“Bu əsər təkcə Şirazda işlədilən türk dilinin abidəsi deyil, ilk Səfəvilərin türk dilində danışmasına bir sübutdur”.

Şübhəsiz ki, qərbi türk dilində yazılmış bu əsərin dilini ilk dəfə olaraq, cığatay dili kimi təsvir edən Riyö əsərin orfoqrafiyası və yəqin ki, üstəlik, girişdə işlətdiyi “Türküstan” ifadəsi ilə mənim diqqətimi cəlb etdi. Bu əsərin orfoqrafiyası faktiki olaraq, Osmanlı mətnlərinin orfoqrafiyasından fərqlənir, cığatay orfoqrafiyası ilə isə oxşardır (lakin eyni deyil). Məsələn, damaqarxası və incə damaq sait səslərindən ibarət türk sözlərinin eyni zamanda s   t hərfləri ilə yanaşı işlədilməsi cığatay dil sisteminə ziddir. Bu orfoqrafiya Cahan Şah, Hidayət və Şah İsmayılın divanları ilə hədsiz oxşardır ki, bu xüsusiyyət Nəsiminin erkən (hər hansı bir düzəlişlər edilməmiş) əlyazmalarında da müşahidə olunur.

“Türküstan” ifadəsinə gəldikdə, o, burada Azərbaycan və qonşu türkdilli bölgələr üçün daha məhdud mənada işlədilmişdir. Bu mənada həmin ifadə başqaları tərəfindən də istifadə olunub; belə ki, XVII əsr müəllifi öz ana torpağı Gəncəni “əzəmi-biladi-Türkistan” hesab edir, Əhli-Haqq da Şah İsmayılı “Türküstanın piri” hesab edir.

Daha öncəki poetik əsərlərin söz ehtiyatı və morfologiya sahələrinin alternativ formalarının rast gəlinmədiyi Nəshətinin tərcümə etdiyi “Səfvət üs-səfa” əsərinin dilinin hərtərəfli öyrənilməsi İranda yazılı dil kimi formalaşan türk dilinin əsl təbiətini anlamaqda şübhəsiz ki, böyük əhəmiyyət kəsb edir. Bir halda ki, “Səfvət üs-səfa” əsərinin 861/m.1457 tarixli osmanlı türkcəsində yazılmış dördüncü babı bu günümüzədək gəlib çatmışdır, mən Andreas Titzeyə onun “Azəri-Osmanlı” marağını nəzərə alaraq, hər iki mətnin uyğun gələn hissələrini müqayisə etməyi və oğuz ədəbi dilinin bu iki qolu arasında əsas leksik fərqləri göstərməyi təklif edirəm. Zaman məhdudiyyəti səbəbindən mən bu leksik müqayisəni yalnız dördüncü babın bir bölməsinə əsaslanaraq aparmışam ki, bu bölmədə də hər iki tərcümədə rast gəlinən otuz üç hekayət vardır.

Tərcüməçilər klassik fars dilinin orijinalına müxtəlif cür yanaşırlar. Lakin Nəshəti fars mətnindəki sözləri təmiz türk ekvivalentləri ilə əvəzləməyə böyük səy göstərir və farsca nəzm əsərlərini sadə türk şeirlərinə çevirir. Osmanlı tərcüməçisi isə ərəb və fars sözlərindən gen-bol istifadə edir, tərcümə olunmuş, eləcə də tərcümə olunmamış fars şeirlərindən sitatlar gətirir.

Aşağıdakı siyahılarda Nəshətinin tərcümə etdiyi sözlər birinci gəlir:

 

ax  / rəvan ol “axın”

alqış / dua “xeyir-dua”

arıt / pak et “təmizlə”

artıq et / ziyadə eylə “artırmaq”

aşağı dəlük / maq’ad “arxa tərəf”

bay kişi / mun’im “varlı adam”

bəllü / zahir “zahir”

bitik / nuşa “yazı”

bitün / cəmi “bütün”

bulaq / çeşmə “bulaq”

bulaşıq / muləvvəs “çirkli”

buyruq / əmr “əmr”

çağ / vəqt “vaxt”

çahır içici / səribü’l-həmr “çaxır içən”

çox / cəmi “bütün”

dəngiz / dərya “dəniz”

dişi hatun / avrət “qadın”

doğ / vücuda gəl “doğulmaq”

ingən / qayət “çox”

ipək / ibrisüm “ipək”

iyi / rayihə “iy, qoxu”

it / kəlb “it”

neçə / xeyli “çoxlu”

öyüt / nəsihət “məsləhət”

örtül / məstur qal “örtülmək”

özgə / qayrı “başqa”

qamu / cəmi “bütün”

qarğa / zağ “qarğa”

qat / kərrə “dəfə”

qaranqğulıq / kudurət “qaranlıq”

qazma / külüng “külüng”

qulluq / həzrət “xidmət”

qurtul / halas bul “qurtulmaq”

satıcı / bazərgan “ticarətçi”

sayru / hasta “zəif, xəstə”

seç / farq et “seçmək, fərqləndirmək”

sevin / ferah bul “xoşbəxt olmaq və ya məmnun olmaq”

suçlu / günah işləyən “günahkar”

uşaq / vələd “uşaq”

yapınuq / kəfən “kəfən

yaqışur / münasib “münasib”

 

Lakin elə hallar da olur ki, iki tərcüməçi eyni orijinal ərəb-fars sözünü iki bir-birindən fərqli türk sözü kimi tərcümə etmişlər.

 

apar / ilət “aparmaq”

çevirt / döndür “döndərmək”

de / eyit “demək”

deyici / söyləyici “danışan”

dışaru / taşra “kənar”

donqğuz / tonuz “donuz”

doptalu / toptolu “çox, dolu”

eylə / it “etmək”

genə / gerü “yenidən”

mən / bən “mən”

nəstə / nəsnə “şey”

nisün / niçün “niyə”

öz /kəndü “öz”

qalx / qop, turu gəl “yuxudan durmaq”

qaranqğulu / qaranqu “qaranlıq”

qayıt / geri dön “qayıtmaq”

qıl / it “etmək”

sal / bıraq “tullamaq, atmaq”

söylə / eyd “demək”

sürü / bölük “sürü, davar”

tanı / bil “bilmək”

tap / bul “tapmaq”

tor / duzağ, tuzaq “tor, tələ”

ufat / sı “sınıq, qırıq”

ulu / büyük “böyük”

uşaq / oğlan “uşaq, oğlan”

var / git “getmək”

yaxşı / eyü “yaxşı”

yaman / yavuz “pis”

yan(ında) / qat(ında) “(onun) fikrincə”

yandur / yaq, göynəd “yandırmaq”

yengidən / gerü “yenidən”

 

Fars sözü olan tərkeş (oxqabı) osmanlı türkcəsinə bilik kimi tərcümə olunduğu halda, Nəshəti onun tərcüməsini monqol sözü ilə sədəq kimi tərcümə edir. Buna bənzər digər bir misal gətirək: ərəb sözü olan miqraz (“qayçı”) osmanlı mətnində türk sözü olan “sindu” kimi, fars dilinə yenidən edilmiş tərcümədə isə monqol sözü olan qayçi kimi verilir. Nəshətinin tərcümə variantında işlədilən həzə – farsca hənüz (hələ) və saya – farsca sadə, ərəbcə əmrəd (təcrübəsiz, sadəlövh gənclər) sözlərində Azərbaycanın itib-batmış İran dili – əl-ədhəriyyə dilinin izlərini görmək olur. Əl-ədhəriyyə dili türklərin bu əyalətə gəlməsindən öncə işlədilib.

Nəshətinin tərcüməsində təqdim olunan ədəbi dilin kökləri Azərbaycanın və İraqın Cəlayirid bölgələrinə gedib çıxır. Bu dilin sonrakı inkişafı da Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti altında elə həmin iki əyalətdə getmişdir. Bu dilin orfoqrafik sistemində saysız-hesabsız özünəməxsus xüsusiyyətləri var ki, açıq-aşkar osmanlı türkcəsindən fərqlənir, eyni zamanda osmanlı türkcəsinə ayrıca bir oxşarlığı da vardır. Bu həmin dildir ki, Səfəvilərin İsfahan dövründə “Qızılbaşı” adlanırdı. Yerli yazarlar onu həm osmanlı (Rumi), həm də şərqi türk (cığatay) dillərindən fərqləndirmək üçün belə adlandırmışdılar.

 

İngilis dilindən tərcümə edən:

 

 Sayalı ƏLİYEVA,

 

Paşa ƏLİOĞLU

 

525-ci qəzet.- 2013.- 8 iyun.- S.28.