Şeirin havası
YENİ DÜNYANIN ŞAİRLƏRİ:
ƏLƏKBƏR SALAHZADƏ
...Sərhədlərinin
tikanlı məftilləri idrak və düşüncənin
üstündən çəkilmiş sovet ərazisində ədəbiyyatımızın
məhbəs həyatı ağır olsa da, “sərhədlərə”
məhəl qoymayıb ədəbi düşüncəsini
sonrakı yüzilliklərə qədər genişləndirə
bilən ədiblərimiz oldu. Həmin
yazıçı və şairlər partiya
orqanlarının ədəbiyyat haqqındakı qərarlarının
tələblərinə cavab verməyənlər idilər.
Bu cür görkəmli söz-sənət adamlarından biri
şair Ələkbər Salahzadədir... Onun
şeirinin canında dünyanın havası gəzir.
Dünyanın havası
Dünya
dopdolu sirdi... Dünya haqqında çox
yazılıb. Şübhəsiz, söhbət
poeziyada yazılanlardan gedir.
Fəqət dünya deyilən şeyin nə olduğunu az
adam ( şair, yazıçı )
“doğru-dürüst”, insanın gen yaddaşına uyğun
aydınlıqla sözə çevirə bilib. “Dünya” mətnlərinin çoxusu onu zahirən
“vəsf” etməkdən uzağa gedə bilməyib. Ə.
Salahzadənin məsələn, “Hərəkət” şeiri
“dopdolu” bir dünya əhvalatıdır. Yerin
damarlarında yol azmış qanı, kömür laylarıtək
donub qalmış odu hərəkətə gətirdik; suyu,
ağacı, otu hərəkətə gətirdik.
Tanış olduğumuz bu dünya içində insan
yaşayan, “yerin-göyün, odun-suyun gücünü” ovcuna
toplayan, “hələ ki kələfin ucunu itirməyən”
insandan ibarət olan, “hərəkətə gəlib
gücüylə, qüvvəsiylə daşıb gedən”
dünyadır. Bu hərəkətin içində
bir misra da parıldayıb sönür. Bu
misranı ayrı-ayrı zamanların qovşağında
görüb tanıyan, yaxud tapıb hisini, pasını silib
üzə çıxaran elə böyük şairlər
olur.
Öyrəndiyi,
gördüyü, tanıdığı dünyanın bir tərəfi
Afrika qitəsidir. Daşıyıblar hər şeyi;
gözəl üçün ədanı, dərdli
üçün siqarı, muzey üçün şöhrəti,
ölkə üçün vüqarı... Afrikanın
tarixində baş vermiş məlum faciəli hadisələr
“Afrika, Afrika” şeirində bədii təsdiqini taparaq,
dünyanın digər ərazilərində də
üstünü qaranlıq örtmüş buna oxşar fəlakətlərin
üzərinə işıq sala bilir. Şərqin mənəvi
sərvətlərinin, söz-sənət xəzinəsinin səsi-sorağı
hələ də
Qərbin muzeylərindən, kitabxanalarından gəlir. “Ölkə
üçün vüqarı” daşınan ölkə baxın indi nə
gündədir. Tarixin ən ədalətsiz
davranışları ilə üz-üzə qalan, muncuqla...
aldadılıb fil dişi, qızılı daşınan
ölkə. Daşıyıblar hər şeyi; silahlara
tökülüb hər zərrə uran belə, hər qram
gümüş belə. Axtarsan– burdan gedib
ağların dişlərində ağaran gülüş
belə. Təkcə dişləri ağ görünən
qaradərili ilə ağını çıxaran əməllərlə
və ağ üzü yox, ikrah, qorxu yaradan ağ
gülüşü ilə yadda qalan
ağdərili yanaşı təqdim olunur. Daha sonra şeir bu cürdür:
Daşıyıblar hər şeyi. Burda kin, qəzəb
qalıb, burda min əzab qalıb, burda suallar qalıb,
zaman-zaman daşınıbdır cavablar! Bu
şeir 1962-ci ildə yazılıb. Həmin
illərin başqa bir şeiriyyət “dünyasına” üz
tutaq. Bu dünyanın – “yarımkürə”nin “sakinləri” də “qaradərilidir”. Leyk
dünyanın işləri burda ayrı
cürdür.Qarışqa yuvası – kiçik bir
yarımkürə... sim pəhləvanıtək
uzun bir çöplə adlayıb otdan ota yem
daşıyırlar kürəmizdən, dən
daşıyırlar kürəmizdən... Şeirin
yaradıcı enerjisi “naqil” misralarda
daşına-daşına sonda əsərin ideyasını
kodlaşdırır: ...Təlaşımızı
duyurlarmı? Dava-dalaşımızdan xəbərsizmi
gedirlər? Dişlərinə dəyirmi
sevincimizdən, acımızdan? Şeirə
sərf olunmuş əməyin (yazarın və oxucunun əməyi)
uğurlu nəticəsi göz qabağındadır. Kəskin duyğusallıqla və bədii
ustalıqla deyilmiş sosial gerçəklər bir anın
müddətində insanın beynində profilləşir,
vicdannda əks-səda yaradır. Sevincimiz, acımız , doğrudan da , həddən ziyadədir
, hətta qarışqanın dişinə dəyəcəyi
qədər. Yüzlərlə başqa
şeirlərində olduğu kimi burada da şairin sənətkarlıq
məharəti adamı heyran edir. “Sim pəhləvanı”
ifadəsi şeirə daxil edildiyi məqamda insana aid cəldlik,
əzmkarlıq, səy, həvəs duyğusu və s. bu kimi
xüsusiyyətləri tamamilə, başabaş özündə
ehtiva edə bilir.
Kodlaşdırılmış mətnlər
Bayaqkı
nümunədən
göründüyü kimi, Ə. Salahzadənin
şeir yaradıcılığı, sanki kodlarla
açıla bilən mətnlərdən ibarətdir. Şərqin təsəvvüf ədəbiyyatına
xas olan bu keyfiyyət Ə. Salahzadə
yaradıcılığı üçün yeni məzmunda,
çağdaş texnoloji yeniliklərlə özünü
üzə çıxarır. Onun söz qurma, şeir
yaratma texnolojisi
şairin özü üçün artıq
çoxdan qəlibləşmiş, standartlaşmış
haldadır. Zira ədəbiyyatımız
üçün Salahzadə hər zaman yenidir. Şairin, onsuz da, ədəbiyyatımızın
elitar camaatı tərəfindən yeri düşəndə
tez-tez adı çəkilən “13 fevral” şeirindən
bir-iki kəlmə yazmaq düz olar. Şeirin əvvəli
belədir: 13 ildən çox olar, 13 fevral – mənim
üçün qarlıdır, çiynində bir nənə
keçir, çarşablardan qaradır qar, mən qıraqda
kövrək uşaq, qırıq bir sözə bəndəm.
Bu söz sırasının metaforik səliqə-sahmanı
elədir ki, heç məzmununa varmadan da bir insan
ölümündən doğan hüzn, kədər adamın
ovqatına qarışır. Bunun səbəbi,
sirri nədədir, görəsən? Bəs
şeirin məna və məzmununa necə vaqif omaq
lazımdır? M.Füzuli və başqa klassik
yazıçılarımız, adətən, buna oxşar əhvalatları
yazanda öncə “peyzaj” adı ilə məşhur olan bir bədii
priyomdan istifadə ediblər, adi halda belə şeylərə
bir neçə səhifə yer ayırıblar. Bundan sonra qəmli, kədərli olayları qələmə
alıblar. “13 fevral” şeirində də
peyzaj var. Ancaq burada bütün hadisə və təfərrüatlar
simvolizə edilmiş, “gizli” işarələnmiş,
kodlaşdırılmış şəkildədir. On üç rəqəmi də, fevral, qar,
çarşab, qara, kövrək uşaq, qırıq bir
söz ifadələri də şeir mətnindəki
funksiyasını çox “uğurla” yerinə yetirir. Çünki bu sözlər mükəmməl bir
cihazın ayrı-ayrı detalları, hissələri kimi
düzgün quraşdırılıb. Fevral
qış fəsli üçün tipik aydır. 13 rəqəmi də insan üçün xoş
olmayan təəssüratlarla əlaqəlidir. Həmin
günün məhz “mən” üçün – “qıraqda
kövrək uşaq” üçün qarlı olması, bu
qarlı gündə “nənə”nin – bu kövrək
uşağın tanımadığı “elə-belə qoca
bir qarı”nın dəfn karvanı ilə təsadüfən
üzləşib həyəcanlanması, “qırıq bir
sözə bənd olmağın” ardınca ağlamaq
aktının olduğunun yada salınması, eyni zamanda
“çiyin” və “çarşab” sözləri vasitəsi ilə
yas yerində qara geyinmiş qadınların toplanması,
insanın mənəvi anlamda çiynində nə qədər
ağırlıqların mövcudluğunun
xatırladılması – bütün bunlar bu şeirin müvəffəqiyyətini
təmin edir. Bir uşağın gözüylə
seyr edilən bir kənd hadisəsi hər kəsi öz
uşaqlıq xatirələrinə alıb aparır, belə
səhnələr gözünün qabağına gəlir,
dünyanın onda, uşaqlıq illərində nə qədər
məsum və abırlı olduğunu adama anladır. 13
ildən çox olar kəndimizdən bir qarının
keçdiyi... 13 ildən çox olar, 13 fevral çiynində o nənəni aparar; Aparar, aparar,
amma dəfn edə bilməz, bir il sonra yenə başqa 13
fevral alar çiyninə. Üstündən 13 il
keçsə də, əsərin qəhrəmanı təsadüfən
üzləşdiyi bir mənzərəni, o vaxt onun
üçün çox qəmli olan bir mənzərəni
xatiratından hələ də silə bilmir. 13
fevral, bəlkə də, qışın hər hansı
qarlı bir günü onun üçün qara
çarşab, qara paltar, lap elə “qara qar” rəngindədir.
Bu qaralığı, hüznü, qəmi,
qüssəni şiddətləndirməkdən ötrü
“çarşab” ifadəsi çox dəqiqdir. Həmin
qarlı gün təbiətin ağappaq rənginə rəğmən
yas mərasiminin doğurduğu
qara rəngdə görünən təəssüratlarla
xatirələşərək hər il yada
düşür.Qarın, qarlı-sazaqlı havanın kövrəkliyi
ilə qırıq bir sözə bənd, qırıla,
ağlaya bilən kövrək uşağın
arasındakı oxşarlıq, qarın ağlığı
ilə qara paltarın – çarşabın, ölüm
acısının qara rəngli təəssüratlarının
təzad təşkil etməsi bu şeirin quruluş və
kompozisiyasının əsas elementləri kimi nəzərə
alına bilər. Bu şeir əslində çağdaş
dünyamızda gündə yüzlərlə insan
ölümünə alışmış adamlar üçün onların hərdən
həyat və düşüncələrindən gəlib
keçən, lakin bir qədər unudulan ən təmiz ,
ruhani şeyləri qoruyub saxlayır və adamı təmizləyir.
Çarşablardan qaradır qar,
ağır-ağır yağır qar, mən qıraqda bir
uşaq, qırıq bir sözə bəndəm. Hər halda bu şeirin
arxitekturasında hiss, duyğu aydınlığı ilə
birgə samit səslərin yaratdığı
obrazlılıqda mühüm əhəmiyyət
daşıyır.
Şedevr şeirlər
Onun ayrılıqda götürülmüş hər
hansı şeiri telefon aparatının
qulaqcığındakı səs membranını
xatırladır. İnsanın nəbzini , ürəyinin döyüntüsünü bir
nöqtədə, bir əzasında müəyyənləşdirmək
mümkün olduğu kimi, bir şeiri ilə bütün
yaradıcılığı arasındakı əlaqəni,
ritmi, ahəngi hiss etmək, duymaq olur. Çağdaş
kompyuter texnologiyası ilə şəbəkələşən
cəmiyyətimiz daha şüarlarla düşünə və
yaşaya bilmir. O, hələlik iki işıqda –
intellekt və kompyuter ekranının işığında
işləməyi sevir. Belə vəziyyətdə
əl barmaqlarının ucunda bütün dünyanı gəzib
dolaşmağa alışmış oxucu üçün
tribuna və ya hər hansı tamaşaçı zalı
heç bir əhəmiyyət daşımır. Axtarış sistemləri ilə, proqram və
fayllarla işləməyi bacaran müasir obıvateli də, əsrin
zirək və ayıq adamını da daha çox ilgiləndirən
informasiyadır. Bugünkü cəmiyyət
poetik şüurun ehtiyaclarını ödəmək
üçün postmodern adı ilə internet səhifələrində
yer tutan ədəbiyyat mətnlərinə müraciət etməli
olur. Elə mətnlərə ki, orada onlar
ən “doğru” bədii informasiyalara rast gəlirlər.
Hərçənd son on-on beş ilin
modern şeirində bir qədər poeziya
qıtlığı da hiss olunur. Ə. Salahzadənin
keçən əsrdə də, yeni yüzilliyin əvvəllərində
də yazdıqları ən müasir poeziyanın tələblərinə
tamamilə cavab verir. Bu şeirlərin antivirus
proqramları yaxşı yazılıb. “Köhnəküt”
ədəbiyyat kəndxudalarının dərsliklərimizdən
gizlətdikləri həmin şeirlərin müasirlikdən
asılı olmaq qorxusu yoxdur. Ə. Salahzadənin
kitablarını kim havaxt istəsə,
açıb oxuya bilər. Tək bircə
şeirilə də şairlə poeziya haqq-hesabı aparmaq
olar. Çünki onun hər şeiri
uzun-uzun illərin, uzun-uzun yolların şeiridir. ...bir
iynəyəm, götürün uzun-uzun yollarla saplayın, hey
saplayın, dünən-sabah arası hesablayın məni,
hesablayın!
“O qar”,
“Axşam”, “Yol”, “Saz”, “Müşfiqin monoloqu”, portretlər
silsiləsindən bir-birindən maraqlı şeirləri və
s. və s. – bütün bunlar ədəbiyyatımızda
şedevr poeziya nümunələridir.
Ana dilimizin inkişafı bu cür istedadlı qələm
sahiblərinin varlığı ilə bağlıdır. Böyük
Füzulinin təbirincə desək, dilimizi diri saxlayan da, ona
yeni nəfəs verən də böyük ədəbiyyatdır.
Dilin məcaz qatını, frazeologiyasını
onun şah damarı hesab etsək, bu damara gələn
qanın saflığını təmin edən ürək
aparatı ədəbiyyatdır.
Sözün rəngi
Ustad sənətkarlarımız
“məcazi danışıb məcazi gülməyin” sənət
üçün vacib şərtlərdən olduğu haqda çox bəhs
etmişlər. Xalq dilinin ətə-qana dolub
“rüxsarının”
gözəlləşməsində onun
frazeologiyasının böyük əhəmiyyəti
vardır. Nitqin frazeoloji qatı hər bir
qüdrətli yazıçı üçün metalı
eroziyadan qoruyub saxlayan mühafizəedici təbəqəyə
bənzəyir. Ə. Salahzadənin olduqca zəngin və
şirin frazeologiyası vardır.
Gedirdilər
–
baxışları qaranlıqda
itilənə-itilənə.
Bu cür
frazemlərlə qurulan təsvir, təhkiyə vaxtın, zamanın da intəhasızlığından
güc alaraq dilin özü qədər mövcud olub
yaşamağa qabildir. Ə.Salahzadənin
şeir arxitektonikası onun uçma, dağılma, köhnəlmə
risklərini heçə endirir. Yıxılıb
yatıram gecə dünyaya göz yuma-yuma. Qəribə
yuxular görürəm, qəribə; ağlıma gəlməyənlər
girir yuxuma... Heç vaxt görmədiyim bu
qız kimdi bəs, tuşlanır düz ürəyimə
kirpiyi sanı oxu? Köksümdən vuruluram, oyanıram
– çilik-çilik olur yuxum... Buradakı
danışıq üslubu da, bədii nitq də frazeoloji
düşüncənin və ifadələrin konteksində
bütövləşərək şeir üçün
lazım olan materiala çevrilə bilibdir. Bəzən şeirlərinin adında təsbit
olunan frazeologizm o şeirin mövzusu və ideyası
üçün də dolğun materiala çevrilir. “Qəm
yemə”, “Qansızlıq”, “Uzun işlər”, “Kim nə
çəkir”, “Könlü balıq istəyən”, “Gün
görməyən gün”,
“Göy üzü damar-damar” və s. bu kimi şeirlərin
həm adı, həm də məzmunu bu cür idiomatik təfəkkürün
reallıqları ilə bağlıdır. Məsələn,
sonuncu şeirin damarını tutan söz “öncə ürəyə
damır” ifadəsidir. İdiomatik ifadələr
həm də milli xüsusiyyətli olduğuna görə
şeirin dilini də milliləşdirir, əsərin
ictimai-siyasi məzmununu da xalqın tarixi ilə
uzlaşdıra bilir. Tez keyidir, tez soyudur,
vaxt uyudur hirsimizi. Altdan-altdan Daşdəmirtək
yumşaldır ən tərsimizi. Bu
misraların arğacı məşhur “adın nədir,
Daşdəmir...” frazemindən keçib. “Gözüm səndən su
içmir” şeirdə belədir: Uzağında,
yaxınında iblislər ilbiz qınında. Nə işdisə,
yağının da ta gözü bizdən su içir!...Yaxud bu əsri görüb
Şuşasız ölüb yerə girir adam. Müstəqim mənada
dəyərləndirilə bilən “kitab varaqlamaq”
anlayışı ilə paralellik təşkil edən xeyli
sayda söz birləşmələri var və ya qurmaq
mümkündür. Məsələn,
“ömrün səhifələrini varaqlamaq”, “xatirələri
varaqlamaq” və sair. Ə. Salahzadə bu xüsusda tam
orijinal bir bacarıq sərgiləyərək, həmin
sözün frazeoloji qatlarını axtarıb kəşf edərək
şeirin yazılmasında ondan məharətlə bəhrələnmişdir.
Açıb bir-bir günləri varaqladıq kitabları; pillə-pillə
qalxdıq-endik, açdıq-örtdük qapıları...
Varaqladıq fəsilləri: köpüklənib yaz gətirən
selləri. Meydanlarda xəzəl
örtmüş soyuq qarı varaqladıq. Tətil vaxtı kənddə qarı varaqladıq.
Nənəmizin saxlayan baxışıyla evimizə
üç gün artıq bağlandıq. Qayıdanda
dekanlıqda soraqlandıq; bir töhmətlə
varaqlandıq... Gözəl görüb gözlərini
gizli-gizli varaqladıq, üzlü-üzlü,
sözlü-sözlü varaqladıq... Universitet yola saldı,
budur, biz də varaqlandıq; demək, biz də oxunduq, demək,
biz də bağlandıq... “Şeir və şəhər”
şeirinin xəmirmayası “ədəbiyyata gəlmək” deyimindən
alınıb. Deyəsən, indi hamı ya şəhərə,
ya da şeirə gəlir; payi-piyada şəhərə cuman
həm də payi-piyada şeirə gəlir... İndi
qafiyə tutan bir balıqçı da, iti dağda azan bir
baş çoban da yazmağa-pozmağa şəhərə gəlir.
Suçu əlində bel, şlanq, odunçu əlində dəhrə
gəlir... Frazeoloji təfəkkürün əsasında
qurulan nitq şeirin məna və məzmununun təsirliliyini çoxaldır. Xüsusən, ictimai-siyasi motivli şeirlərdə
bu keyfiyyət qabarıq görsənir. Şeirin
misrasına, bəndinə –“divarına” elə sözlər,
söz birləşmələri – “daşlar” yerləşdirilir
–“hörülür ki, bunların hər biri tarixi:
keçmişdə və indi baş verənləri,
insanların bildiyi həqiqətləri əks etdirə bilən
sözlərdir – tarixin “nişanələridir”. ... İlahi, sən
qoru Azərbaycanı! Yerdən, göydən ( təbii
fəlakətlərdən ), sudan, qurudan qoru ( Xəzəri,
torpaqlarımızın quru hissəsini
bölüşdürmək istəyənlərdən ),
altından, üstündən (neft, digər sərvətlər)
gözlə, üstünün altına qəsdindən qoru. Qanına susayan borudan qoru, oğrudan-əyridən
gözlə, qorunu naşının hifzindən qoru, məmur
tamahından nəfsindən qoru.
... Bu
dünyada hamı damla
Ə.Salahzadənin
poeziyasında ən kiçik nitq vahidinin də damla əzmi və
gücü var. Həm də damla
uzunömürlülüyü, damlanın, zərrənin
yüksək trotilli partlayışları var. Damla
qarşısıalınmazlığı, dönməzliyi
materiyanın – yerin-göyün əbədi qanunudur. Ələkbər Salahzadə poeziyasını bir
çox hallarda təkin çoxla, zərrənin
bütövlə, xırdanın nəhənglə... qarşılaşdırılması
anının poeziyası kimi də qiymətləndirə bilərik.
Bir çöp hardansa düşüb, dəniz
gözünü silə bilmir. ...batıra
bilmir çöpü. Ləpə-ləpə
layla çalır, yatıra bilmir çöpü. Qəzəbinə sığmır, şişir,
köpür dəniz. Yatırmaq istəyən yerdə
qaldırır çöpü dəniz! Özünü
gücdən salır, özünü yorur dəniz. Sonra da quzulaşır, sanki, saman çöpündən
yapışıb durur dəniz. Burada saman
çöpü gücün, öcün, inadın – zərrənin
poetik təcəssümüdür. Heç
kəsin vecinə almadığı, əhəmiyyət vermədiyi
ən xırda varlıqların bətnində, daxilində, əslində,
dənizləri yorub haldan salan güc, enerji varmış.
Bu silsilədən ot, od, su, qan, an, qum, tum,
nöqtə, kibrit çöpləri və s. şairin ən
maraqlı obrazları kimi dəyərləndirilə bilər.
Bunların hamısının bir adı var.
Damla. Bir də ki, həyatı bu cür təqdim-təsvir
üsulu metonimik düşüncədən irəli gəlir.
Şairin nəinki şeirlərində, poemalarında da hissə
tamı, parça bütövü əvəz
edir. Əlimdə bir qələm vardı, keçdiyi yollardan
od tökülürdü, gecələr
yola çıxırdı, çapırdı,
çapırdı obaşdan nalında dan sökülürdü...
Şairə görə, məsələn, insan –“əllərinin
ölkəsində” yaşayır, “su üzündə tənha
qayıq” ( eyni adlı poemada), əslində,
tək-tənha qalmış və əbədi səyahətin
yolçusuna bənzədilmiş Yer kürəsidir.
Vətən
şeiri
Vətən haqqında şeir yazmağın
qaydalarını vaxtilə Kommunist partiyası necə müəyyən
edibsə, indi də elədir. Son illərdə
ayrı-ayrı mediya qurumlarının hazırladıqları
xüsusi buraxılışlar, “Vətən” topluları da
bunu təsdiq etməkdədir. Şairliyin əlamətlərindən
biri də şeirdə bayağı, qondarma fikirlərin yer ala
bilməməsidir. Basmaqəlib epitetlər,
sözün şitini çıxaran qafiyəli bər-bəzək
oxucuda yaxşı təəssürat oyada bilməz. Belə
yazılar Vətən, torpaq haqqında düşüncənin
daşıyıcısı ola bilməz. Yeni dövrdə Cəlil Məmmədquluzadənin
“Azərbaycan” məqaləsində Vətənimizin ədəbiyyatı
və ədəbiyyatımızın Vətəni
üçün doğru-dürüst bir düstur
yazılıb hazırlanmışdır. Ədəbiyyatımızın
sadiq nümayəndələri bir dəfə də olsa,
heç kəsi “Vətənin seyrinə
çağırmadılar”. Hərçənd
onların yazdıqları başdan-başa Vətən
haqqındadır. Həyatı boyu
“seçilmiş əsərlər” yazıb-yaradan Ə.
Salahzadə yaradıcılıq potensialını aydın,
saf, təmiz siyasi düşüncəsi ilə kinetik enerji
halına gətirərək onu bir işıq kimi müasir cəhalətlərin
başı üstündə yandıra bilir. C. Məmmədquluzadələrin,
Məhəmməd Hadilərin platformasında duran Ə.
Salahzadə ən səmimi duyğularını Vətəninə
həsr etdi. “Kürdəmir” şeiri azərbaycanlının
yurdu haqqında yazılmış ən şirin bir bayatı
qədər təsirlidir. Hərdənbir Kürdəmirdən
də ötə gərək adam, Kürdəmir
də gərək keçə hərdən adamdan... Kirpiyində
od götürən nar bağları gərək
keçə. Qatarların vaxtlı-vaxtsız
reysləri gərək keçə. Fit səsləri
altında ekvator-relsləri gərək keçə. Bir
qocanın “Hophop” şeiri kimi tünd sözləri,
uşaqların qatarlara baxmaqdan iri-iri gözləri gərək
keçə... Vətən üçün onun
doğmalıq halı başlıca şərtdir. Poeziyada o doğmalıq adama sözün qüdrəti
ilə xatırladılmalıdır.Lap adı “Vətən”
olan bir şeirə diqqət yetirək. Əvvəldən
axıra qədər bu şeirdə Vətən kəlməsi
yoxdur. Lakin Vətənin nə olduğu, onun
doğmalığının nədən ibarət olduğu –
ölkə övladı yaşadığı yerlərdə
“xatirə cızığıyla” bir də gəzdirilərək
anladılır. ... Toxum kimi en yerə,
qalx, sünbüldən dən-dən düş. Bu torpaqda ilk cığırın ucundan tut, xəyalların
göyündən düş. Dağından
vur, qumundan çıx..., en bir xalı naxışından,
çıx bir Bakı metrosundan... və s.
Ə.
Salahzadənin təsvir və tərənnüm etdiyi Vətəni
göy gurultusu, ağacları,
çiçəkləri ilə şəhərə gəlib
çıxan kəndimizin göylərindən, havasına
qayıtdığımız palıdından, canında tükənməz cingilti
yatıb qalan Lahıc qabından, yelpik-yelpik
yarpaqlarının havasından, ayağı yalın
dumanından, muzeyin vaxt dəryasında
əl-qol atan xalısından... tanımaq olur. Son dövrlərdə
Vətən haqqında yazılan əsərlərdə mövzu olaraq onun ağır,
faciəli tarixi üstünlük təşkil edir. Lakin bu mövzunun ədəbi təqdimatı
çox vaxt publisistikanın etdiyindən o qədər də
fərqlənmir. Ədəbiyyat həyat
hadisələrinin tipikləşdirilməsi yolu ilə yarana
bilər. Məsələn, Ə. Salahzadənin
“İz” şeiri 20 Yanvar hadisələrindən bəhs edir.
Cinayət hadisəsi üçün ən tutarlı dəlil
“iz” ola bilər. Şair iz itirmək, cinayətin
izi kimi ifadələrin yaratdığı təsəvvürlərlə
müdhiş bir qətlin mahiyyətini açmağa nail ola bilir. ... Bəsincə yaz,
kefincə poz – iz itir, özün uydur, özün də yaz –
iz itir. .. Boz varaqda laxtalanan gürzə
imza cinayətin izidir.
Yolu Vətənin
içindən gəlib keçən bir mövzu da 41-45
davası ilə bağlıdır. Nefti
dava yandırdı, davanı neft yandırdı. Neftimi yandıran davalar yandırır məni. Tarixin ən müdhiş cəngi olan İkinci
Dünya müharibəsinin odu, tüstüsü göylərimizin
üzərindən hələ də çəkilməyib.
Bu müharibənin ədəbiyyatımızdakı
qələbə və məğlubiyyətləri hələ
bundan sonra da dönə-dönə nəzərdən
keçiriləcək və təhlil olunacaqdır. Tarix üçün də, ədəbiyyat
üçün də həmin savaşın qəhrəmanı
xalq idi. Bu savaş tək fürerizmə
qarşı yox, dünyanın hər yerinə, o cümlədən
ən ucqar yaşayış yerlərinə hücum edən
yüz cür adı olan şərə qarşı idi.
Bu şərin – müharibənin axırına
çıxmaq hər yerdə hər kəsin bir nömrəli
vəzifəsi idi. Davanın ən dəhşətli
yeri də o vaxt arxa cəbhə idi. Ə. Salahzadə
“Yeddi para kəndin nağılı” poeması ilə 41-45
davasından yazan o şairlər sırasında durur ki, onlar
müharibə aparan ölkənin qanlı döyüşlərin
getmədiyi şəhərlərindən, qəsəbə və
kəndlərindən yazırdılar. “Yeddi para kənd” kəlməsi
həm o müdhiş davanın para-para saldığı yer
üzünü, həm də amansız bir siyasi sistemin
gücün, zorun ağzına verdiyi azlığı, köməksizliyi,
talesizliyi ifadə edir. Barmaqları göynək-göynək
Qəmər köynək toxuyurdu. Bu əsərin
fabulası Qəmərin cəbhədəki oğulları
üçün əlcək, köynək, corab toxuması
üzərində qurulub. O müharibədə
düşmən əsgəri ilə birlikdə
üstümüzə soyuq, şaxta, aclıq gəlirdi. İkinci dünyanın yun çırpanları, yun
əyirənləri, başa corab hörənləri, Stalinlərin,
Hitlerlərin başına ip salıb gəzdirənləri
dünyada olduqca, yun çırpıb, əlcək toxuyub bu
müharibələrin axırına çıxmaq istəyən
Qəmər kimi analar da olacaqlar. Bu poemada
müharibə iştirakçısı olan Vətən təsvir
olunub.
Belədir, hər misrasında, şeirinin bəndində
“obraz daşıyan”, “poetik gülümsəyən” Ələkbər
poeziyasının hərəkətverici qüvvəsi Vətəndir. Vətənin tarixini ikicə
kəlmə ilə yazıb başa çatdıra bilmək
şairlərin işidir: Xəyalım yetən günlərdən
ah, nələr keçir? Köhlənlər
şahə qalxır, cüyürlər mələr
keçir. O Vətənin bütöv dərki
parçaların, hissəciklərin, yaddaşda, xatirədə
olanların təfərrüatlarından, təfsilatlarından
gəlib keçir. Şair Vətəni
onun yazı, payızıyla, küləklərin indi qatıb
qabağına otardığı xışıltılarla da
tanıda bilir, sevdirə bilir. O, hamımızın bir
yerdə sevib doğmalaşdığımız Vətəni
içəridən – ömrümüzün
acılı-şirinli dünənindən, bugünündən
vəsf edə-edə bizi Vətəndə
yaşamağın və ölməyin xoşbəxtliyinə
inandıra bilir. Bax ona görə də oxucu
olaraq Ələkbər Salahzadənin yazdıqlarına biz də
inanırıq.
Zakir MƏMMƏD
525-ci qəzet.-
2013.- 8 iyun.- S.19.