Məsum qurbanlar
İNSAN ALVERİ QURBANLARININ 26
FAİZİ UŞAQLARDIR
Bəzən cinayət saydığımız hallar ədalətsiz
dünyanın qanunlarına uyğun gəlir. Bu dünyada
insanın əxlaqı əxlaqsızlığı
yaymağa, hələ idarə etməyə də imkan verir.
Nəticədə heç bir məcburedilmə
faktı yoxdusa, insan alveri qanuni ticarətə çevrilir.
Bəlkə bu da məcburedilmənin bir
könüllülük prinsipidir: yuvalarından uçmuş
sərçələr şirin-şirin aldadılaraq qəfəslərə
salınır. Nəticədə heç bir zor
tətbiqindən söhbət gedə bilməz. Bəlkə elə bu da bir təsir vasitəsidir.
Ancaq suveren və eyni zamanda mənəvi dəyərlərə
hörmət bəsləyən cəmiyyətdə bu cür əxlaqsızlığı
asanlıqla əxlaq normalarına çevirmək
mümkün deyil.
Nəsə...
Danışmağa söz olmayanda bəzən
susmaq ən doğrusudur.
İnsan alveri güc işlətmə və ya güc
işlədiləcəyiylə hədələmə, məcburiyyət,
oğurlama, aldatma, köməksizlikdən sui-istifadə yolu ilə
insanların istismar edilməsidir. Təəssüflər
olsun ki, azyaşlı körpələr oğurlanaraq kölə
kimi məcburi əməyə cəlb olunur, cinsi təcavüzə,
zorakılığa məruz qalır və müxtəlif
cinayətlər törətməyə məcbur və məhkum
edilir. Dövrümüzə olduqca
yayğın ticarət kimi gəlib çatmış bu
alış-veriş qurbanlarının sayı
günü-gündən artır. Təsadüfi
deyil ki, dünyada narkotik və silah alverindən sonra
üçüncü yer tutan bu cinayətkar sahibkarlıqla
mübarizə heç də insan hüquqlarının
qorunması baxımından müdafiəyə, kəskin cəza
və qarşısıalınma tədbirləriylə
müşayiət olunmur. Bir anlıq hər şeyi qoyaq
kənara və düşünək: Uşaqlar bizim gələcəyimizdir
və eləcə də gələcəyimiz onlardan
asılıdır. Belə getsə, gələcək
və görəcək günlərimiz hələ
qabaqdadır. Xüsusilə məsum
körpələri uçurumdan qorumaq, onları müdafiə
etmək hər birimizin vəzifəsidir. Çünki
dövrümüzün gerçəkliyidir ki, insan alverində
əxlaqsızlıqdan tutmuş məcburi əməyə cəlb
olunmaya qədər bu məsum körpələr
hamısına asanlıqla məcbur edilə və cəlb
oluna bilərlər.
Qarşıma çıxaraq məndən çörək
pulu dilənən yeniyetmə uşağın taleyi qədər
acınacaqlıdır, kimsəsiz körpələrin taleyi. Əlbəttə,
ona pul vermədim. Sadəcə pis vərdişlərin
aludəçisi olmasından ehtiyat etdim. Onu
ərzaq dükanına apararaq qarnını doydursun deyə
gücüm çatandan alıb verdim. Söhbət əsnasında
o mənə (düz və ya səhv dediyini bilmirəm)
internatdan qaçdığını, ona yaxşı
baxılmadığını, böyrək xəstəsi
olduğunu dedi. Həyatda bir tək bacısı
var idi, o da həmin internatda qalır. Çoxlu pul
yığaraq bacısı ilə xoşbəxt həyat yaşamaq ən
böyük arzusudu. Ancaq əlindən təkcə
oğurluq gəlir. Onu çox başa saldım: “Bu
doğru yol deyil, öz həyatını bu yaşında ləkələmə,
çirkaba bulaşma”. Ancaq o da çox israrlı idi: “Mən
yalnız varlılardan alıb kasıblara verirəm!”. Yadıma nağıllar aləmindən bizə
tanış olan kasıb xalqın sevimlisi,
varlıları soyaraq yoxsullara əl uzadan nəcib Robin Qud
düşdü. Bu zaman bilmədim gülüm,
yoxsa bu bədbəxtin məhv olmuş dünyasına acıyım.
Faciəvi həyat yaşasa da yenə də
dünyaya nağıl kimi baxırdı. Bax budur, taleyin
zülmünə əyilməyən, nağıllarda
olduğu kimi sonda şər üzərində xeyrin qəlib
gələcəyinə inanan məsum uşaq dünyası...
Bir az sərt ol, mərhəmətin
olsun!
Uşaq oğurluğunun qarşısının
alınması və eləcə də qul ticarətinin istənilən
sahələrində düzgün müdafiə
üsullarının seçilməsi üçün qanun
daha da sərtləşdirilməlidir. Ancaq qanun da cəmiyyətdə istək
və arzudan doğan ali mərtəbədir.
Daxili İşlər Nazirliyinin məlumatına görə
ölkədə məcburi əməyə təhkim olunma
halı müşahidə olunmayıb. Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının (ATƏT)
İnsan alverinə qarşı mübarizə şöbəsinin
açıqladığı hesabatda isə dünyada
quldarlığın 26 faiz qurbanlarının 18 yaşına
çatmayan uşaqlar olduğu bildirilib. Azərbaycanda
isə 39 qurbandan birini körpələr təşkil edir.
Ümumilikdə isə bu cinayətin
qurbanları milyonlarla ölçülür. Qanun kitabımızda ölkə daxilində insan
alveri qurbanları yoxdur. Yalnız, yetkinlik
yaşına çatmasından asılı olmayaraq istənilən
şəxsin zor gücünə ölkə xaricinə
çıxarılması insan alveri hesab olunur. Sözsüz ki, qanun şahdır, əyilməzdir,
cinayətkar qarşısında mərhəmətsiz
olmalıdır. Lakin qanunun məsum
qurbanlaradamı mərhəməti, insafı çatmır?!
Bir az sərt ol, mərhəmətin olsun!
Zalıma acıma, məzluma rəhm et.
Bircə statistika
çatışmırdı...
ATƏT-in
insan alverinə qarşı mübarizə üzrə mütəxəssisi
Svetlana Svistunova Azərbaycanda baş verən zorakılıq
hadisəsi üstündə şəxsin cinayətkar
statusunun 2500 manat müqabilində şərti azadlıqla ləğv
edildiyini qeyd edib. O, bildirib ki, ümumiyyətlə insan alveri
üzrə Azərbaycan qanun məcəlləsində
“İnsan alveri haqqında” və
“Cinayətkarlıq haqqında” qanun yer alıb: “Məhkəmə
sistemində ikinci qanun işlək vəziyyətindədir. Bu isə cinayətin cəzasının nisbətən
yüngül olması deməkdir. Rusiya
qanunvericiliyində də bu baxımdan oxşar boşluqlar
özünü göstərir”.
S.Svistunova
deyib ki, beynəlxalq ictimaiyyətin insan alveriylə mübarizəsi
1905-ci ildə təkcə ağ
insanların məcburi əməkdən azad edilməsi
haqqında rəsmi sənədin imzalanmasıyla
başlayıb. Sözügedən sənəd
imzalandığı gündən heç bir əhəmiyyətə
malik olmayıb. Ancaq hər bir işin əvvəli
olmalıdır, təsir gücü olmasa belə...
Bu
baxımdan mütəxəssis qeyd edib ki, 1950-ci ildə insan
haqları və təməl haqlarla bağlı Avropa konvensiyasının
qəbuluna ehtiyac yaranıb: “Bu qərardan 2 il öncə –
1948-ci ildə Millətlər Təşkilatı
yaradılandan bəri onun şüarı – “İnsan
dünyaya azad gəlir” qəbul olunub. 2000-ci ildə
isə BMT insan alverini transmilli cinayətkarlıq elan edir.
Qəbul olunan protokolun əlavəsində bu tip cinayətkarları
gözləyən cəzalar da qeyd olunub. 2005-ci
ildə isə Avropa Şurası insan hüquqlarına dair
yeni konvensiya qəbul edib və Azərbaycan da bu dünyəvi
sənədə 2009-cu ildən qoşulub. BMT-nin 1950-ci il konvensiyası isə insan
hüquqlarını daha kəskin təbliğ etmədiyi
üçün onun təkmilləşmiş forması kimi
qitə şurasının sənədinə ehtiyac
yaranıb”.
ATƏT-in təqdim etdiyi hesabatda göstərilir ki, insan
alverinin qurbanlarının 55 fazini qadın və qızlar,
qalanını isə əks cinsin mənsubları təşkil
edir. 56 faiz
insan öz ölkəsində, 44 faiz isə transmilli məcburi
istismarlığın qurbanı olub. Müasir dövrdə 19,5 mln – 22,3 mln arası insan bu alverin qazanc mənbəyinə
çevrilib. Araşdırmalar nəticəsində o da məlum
olub ki, insan alverinin qurbanı olan insanlar əksər zaman
öldürülür, sağ qalanlar isə özləri
haqqında məlumatı gizlədirlər. Bu
cür addım atmalarına əsas səbəb isə nə
cinayətkar dəstə tərəfindən tətbiq
olunmaları, nə də gizli saxlamağa məcbur edilmələridir.
Əsas səbəb alver qurbanlarının sadəcə
özləri haqda cəmiyyətdə mənfi rəy
yaranmasından qorxmalarıdır.
Mütəxəssislərin
fikrincə, Azərbaycanda potensial uşaq alveri qurbanları körpələr evindən
çıxan, qanundankənar doğulan, küçədə
yaşayan uşaqlardır. Belə uşaqlar yetərli
dövlət qayğısıyla əhatə
olunmadıqlarına görə asanlıqla alver qurbanına
çevrilə bilirlər. Ancaq bununla bərabər
xeyli sayda müxtəlif təbəqələrə məxsus
azyaşlı uşaqların da
qaçırıldığı dünyada
yaşayırıq.
Daxili İşlər Nazirliyi 2012-ci ilin ilk 10 ayında Azərbaycanda
85 insan alveri halı aşkarlayıb. 53 nəfər qurban
müəyyənləşdirilib ki, onlardan bir nəfəri
azyaşlıdır. Dünyada isə bu rəqəm
durmadan artır. BMT-nin 2012-ci il
üçün Qlobal İnsan Alveri hesabatında bildirilib ki,
2007-2010-cu illərdə dünyada aşkarlanan insan alveri
qurbanlarının hər 100 nəfərindən 27-si
uşaqlardır. 2003-2006-cı illərdə isə
söhbət 20 uşaqdan gedib. Lakin bu o demək deyil ki, əvvəlki
dövrlər ərzində uşaq alveri yayğın biznes kimi
formalaşmayıb. Sadəcə bu cinayətkarlığın
qarşısının alınmasında boşluqlar
özünü göstərib ki, nəticədə
alverçilər bütün dünyada rahat şəkildə
çirkin əməllərini icra ediblər. Millətlər Təşkilatı bildirib ki,
narahatlıq yaradan məqam qurbanlar arasında qızların
sayca artımının müşahidə olunmasıdır.
Hesabat 132 ölkənin rəsmi faktları əsasında
hazırlanıb.
Keçən ilin on ayı ərzində Azərbaycanda
insan alverinin müəyyən edilmiş 53 qurbanından 19-u
Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb
Əmirliklərinə, 14-ü isə Rusiyaya aparılıb. Bu barədə Azərbaycanın İnsan alverinə
qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili
işlər nazirinin müavini Vilayət Eyvazovun Milli Məclisə
təqdim etdiyi illik hesabatında bildirilib. Bu
qurbanlardan 6 nəfər ölkə daxilində istismara cəlb
olunub.
Qurbanlardan 4-ü təhsilsiz, 4-ü natamam orta, 45-i orta təhsilli,
35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına
çatmayanlar olub. Hesabat xarakterli sənəddə qeyd olunub
ki, araşdırmalar Azərbaycanın insan alverinə məruz
qalan şəxslər üçün bu gün yalnız mənbə
ölkəsi olduğunu göstərir. Yəni,
son 2 ildə digər dövlətlərdən olan şəxslərin
respublikanın ərazisindən tranzitlə keçirilməsi
və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər
qeydə alınmayıb.
Qərbin Şərqə sözü
var...
Avropa
İttifaqının Azərbaycandakı səfiri Roland Kobia
bildirib ki, biz insan alverinə qarşı mübarizə aparmaq
üçün əsasən hökumətlərlə əməkdaşlıq
edirik: “Dövlət sərhədlərinin qorunmasına
hakimiyyət cavabdehlik daşıyır. Heç
bir halda dövlət sərhədlərinin pozulmasına –
qanunsuz daxilolma, daşınma və tranzit kimi istifadə
olunmasına imkan verilməməlidir. Bununla
bərabər biz hökümətə yalnız yardım
göstərə bilərik. Birlikdə
işləyərək, məlumat mübadiləsi apararaq
problemin həllinə nail olmaq olar”.
Dünyamızı özümüz
qoruyaq...
Hər halda insan alverinin, xüsusilə də uşaq
oğurluğunun sosial və eyni zamanda siyasi mahiyyət
daşıdığını və bununla da bir xalqın
genefonduna zərbə vurulduğunu yaddan çıxarmaq olmaz. Təbii ki,
bunun hesabına digər bir toplumun əhali nüfuzu
artırılır. Bu baxımdan
dünyanın super gücü – Birləşmiş
Ştatların nüfuz dairəsində zənci qulların sələfləri
kifayət qədər olmaqla bərabər, onlar
immiqrantların hesabına formalaşmış dövlətin
gələcəyinin mühüm təməl dayaqlarından
hesab olunur. Hal-hazırda da bu proses davam edir. Əksər qüvvələr digər bir dövlətin
genefondu hesabına öz nüfuz dairələrini genişləndirirlər.
Hakimiyyət, dövlət maraqları da
xüsusi təhkim olunmuş insanların hesabına təmin
olunur. Tarixdən də bizə məlum
olduğu kimi kölələr heç bir hüquqa malik
olmayıblar. Bu, indi də belədir, lakin başqa bir
formada: heç bir vətəndaş cəmiyyətində
qeydə alınmayan şəxsin təbii ki, heç bir sivil
hüquqları gözlənilməyəcək. Ona görə də insan alverinə qarşı beynəlxalq
mübarizədə toplumsal yanaşma bir millətin gələcəyi
üçün ən vacib şərtdir. Gəlin
dünyamızı özümüz qoruyaq!
Ceyhun ABASOV
525-ci qəzet.-
2013.- 8 iyun.- S.9.