Havasızlıq
(hekayə)
Çox soyuq idi. Çox
soyuq. Belə soyuq hardasa 20 il bundan
qabaq olmuşdu. Onda da kənddə hər tərəf
qara bürünmüşdü. Ağacların beli
qarın ağırlığına tab gətirməyib əyilmişdi.
İndiki kimi elə bil həyat da donmuşdu. Küləyin
qorxunc vıyıltısının qulaq batırdığı həyət-baca
elə kədərli görünürdü ki... İri gövdəli armud, qoz
ağacları qarın altında elə yazıq görkəm
almışdılar ki... İşə bax! İllərin
istisinə, sazağına, şaxtasına tab gətirən
ağaclar indi pambıq kimi yumşaq və çəkisiz
görünən qarın altında əyilmişdilər, deyəsən,
lap əzilmişdilər. Yəqin acağlar da
adamlar kimidir.
Bəzən illərin vurduğu yaralar, ürəyə ən
iti ülgüclə salınan izlər cavan adamın da belini
bükür.
Zərrin də bu axşam
kiçilmişdi.Yumrulaşıb, lap elə zərrə boyda
olmuşdu. Otağın küncündəki balaca ,qədim, örtüyü
cırılmış kresloda
bardaşqurma oturub, başını aynabəndi ikiyə
bölmək üçün asdıqları divar əvəzi
qalın pərdəyə söykəmişdi. Əlləri ilə
qulağını bərk-bərk tutmuşdu. Tutmuşdu ki, qonaq otağından gələn səsləri
eşitməsin. Başını da pərdəyə söykəmişdi
ki, o səsləri
tıxanmış qulaqları ilə daha aydın eşitsin. Eşitməyə bilməzdi. O səs onun
qanına, canına hopmuşdu. Ürək pərdəsinin bütün simlərində dillənən, vücuduna sirayət
edən ,o səs onun
üçün dünyada hər şeydən doğma,
əziz ,müqəddəs idi!
Bu səs
həzin, mehriban olsa ,onu ölüm
yatağından belə qaldıra bilər. Bəs əksinə olanda? Yenə tükü
ürpəşdi. Bədəninin şəklini
almış kresloda ilan kimi qıvrıldı. Yumağa döndü. Bunu fikirləşəndə
belə əcaib, bədheybət varlıq görürmüş
kimi gözləri bərəlir,rəngi
saralır,əlləri əsirdi
Zərrinin. Hiss elədi ki, boğazı
quruyur.Ayaqlarını ehmalca yerə qoydu ki, gedib mətbəxdən
su gətirsin.Bayaqki səsi xatırladı.
–Ortalıqda
görməsinlər ,səni.
–Mən sənə
görə...Sənin üçün...
–Mənə
görə heç nə lazım deyil.
Zərrinin
səsi də özü kimi titrəyə-titrəyə, mən
hər şeyin yaxşı olmasını istəyirəm,
dedi.
–Yaxşı
olmasını istəyirsənsə, görünmə! Onda hər
şey daha gözəl olar!
– Ah,olsun.Təki sənə yaxşı olsun. Əlini mətbəx bıçağının
üstünə qoyduğunu, bu dəmir parçasının
sümüyünə dirəndiyini hiss etmədi. O,
otaqdan çıxandan sonra başı gicəlləndi. Sözlərin ağırlığı
gözünə doldu elə bil.Göz qapaqlarını
qaldıra bilmədi. Əli ilə gözünü
açmaq istədi ki, otağa keçsin! Bıçağın zəli kimi
sümürdüyü qan üzünə
yayıldı. Uf,bu nədi ?! Zəhrimar əlimi kəsib.
Sonra istehza ilə bıçağa
güldü. Bu ağrı nədir ki, 20 il bundan əvvəlki o dəhşətin
qabağında? O ağrının öz tarixçəsi
var! Onu anlamaq üçün oxumaq yox,yaşamaq
lazımdır.
Su dalınca getmədi, pəncərəni açdı. Kaş ürəyin
də pəncərəsi olaydı. Hərdən
açıb havasını dəyişəydik ki, ruhumuz
içində boğulmasın.Pəncərədən həyətin
özü kimi yazıq simasına baxdıqca
,haradansa yadına düşən misraları
xatırladı.
Çərxi-
fələk nə sayıb,
Nə sayıbsa tərs sayıb.
Yazda
insanın üzünə gülən,qəlbini
riqqətə gətirən, ,ətri ilə insanı
xumarlandıran rəngbərəng güllü,
yamyaşıl xırda otlarını əzməyə
sarsıldığın bu həyəti soyuq fevralın
ayazı dondurmuşdu. Amma onun könlünü, vücudunu donduran nə
idi? Yataq otağına keçib,ehmalca
taxta çarpayıya uzandı.Yanındakı dolabın
üstündəki abacuru yandırdı. Otağa
mavi-çəhrayı-ağ qarışıq südlü
bir işıq doldu. Əvvəllər bu otaq həmişə belə
nurlu olardı...
Həmin gün yun şalını çiyninə salmaq
üçün otağa girəndə, buranı bir anlıq
həsrət dolu baxışla süzdüyü yadına
düşdü.Niyə elə baxmışdı otağa? Bəlkə gələcək
fəlakəti hiss eləmişdi?!... Onda tək bu otaq yox,
bütün ev ona məhəbbətlə
baxırdı. Pəncərələr,şkaflar,hətta
əlinə götürdüyü çəngəl,
bıçaq da. Pərdələr də nazlı-nazlı
süzürdülər onu. Bəs nə
oldu bu evə? Zərrin
sağ tərəfə çevrilib dirsəkləndi. Kim gətirdi bu bozluğu, 20 ilin o tayından boylanan
xatirələri təzələnməyə qoymayan bu
dumanı?
Dərdi
fələk gətirdi,
Qucaq-qucaq gətirdi.
Elə
bil bu misraları çarpayı ilə üzbəüz divar
boyunca qoyulan,nisgil dolu tanış
baxışlarla boylanan, böyük,aynalı şkaf da dedi. Hə ,hə. Şkafın da ona yazığı gəlirdi.
Zərrinə elə gəlirdi ki, bu evdə
adamlardan başqa hər şeyin ona yazığı gəlir.
Təkcə
çəngəl, qaşıq , bayaq
sırtıq-sırtıq əlini kəsən
bıçaqdan savayı. Hə,çəngəl
və qaşıqlar da onu sevmirdi. Güclə,zorla
ağzına girib,dişinə sürtünüb ət
tökən səs çıxarır,
dilini,damağını deşib yara edirdi. Nə
bilmək olar? Bəlkə də əsl dostu onlar idilər. Onu
boğa-boğa,hülqumunu
yırta-yırta mədəsinə düşən tikələr
onu ölməyə qoymurlar. İllah da iştahsız-iştahsız ,xörəyin içində iyrənə-iyrənə
qurd-quş axtarırmış kimi eşələnməyinə
hirslənən Onun tənəsindən qoruyurdular.
Sənə
baxanda iştahım küsür, ətrinin iyi məni
qıcıqlandırır, üzbəüz oturanda ürəyim
bulanır kimi Zərrini diri-diri yandırıb, ürəyini
kabab edən manqal sözlər. İstədi ki, O ,iyrənməsin deyə
dırnaq boyası ilə işarələdiyi çəngəl
və qaşıqları təmiz süfrə salfetinə
büküb yastığının altına qoysun.Lənət
şeytana, deyəsən,dəli oluram axı. Bircə
bu qalmışdı.Durub şkafın önündəki
güzgünün qabağına gəldi. Hər dəfə özünə baxanda
gözündə Onun gözünü görürdü Zərrin.Çünki
bənzərlikləri çox idi.Yadına bazar günü
atasının Onu danlamağı düşdü. Onun
qızaran üzü,dolan gözü,hirslə
dodağını çeynəyən dişinə baxıb
dözə bilməmişdi Zərrin! Mətbəxə
keçib ağlamışdı .O da sakitləşsin deyə
soyuducudan sərin su götürmək üçün mətbəxə
girmişdi. Zərrinin saçını yola –yola
,yanan ürəyinə qurban olum deyib,
ağlamağına etinasızlıqla baxaraq,var gücü ilə ,deyəsən, dəli olmusan. Həyatımın
kabusuna çevrilmisən,çıx get də,
bağırmışdı. Axı niyə ölmürsən
deyib, onu köhnə futbol topu
kimi itələyə-itələyə
mətbəxdən çıxardığı gün Zərrinə
elə gəlmişdi ki, deyəsən, O, özü dəli
olub.Elə həmin gün Onun
gözündə özünə qarşı dərinləşən
nifrət ,beyninin hüceyrələrində cücərib,ürəyində
böyüyən,ora da sığmayıb, köpüklənə-köpüklənə
dodağına süzülən nifrəti duymuşdu Zərrin.
Bu nifrəti əridə biləcək qüvvənin
varlığına inamını
itirmiş,öz-özlüyündə taleyinə üsyan edə
bilməyəcək acizliyinə söymüşdü.
Tanrının bu hökmünə də başını əyib,anlamışdı ki,onu itirib. Vəssalam!
Elə həmin
gün onun dümsüklədiyi qolundakı ağrı əvvəlcə
bədənini sarıdı,sonra
yumrulaşıb ürəyinin bir güncündə ocaqdan
ayrılan köz kimi işıldadı,sonra necəsə
ürəyindən qopub boğazına yapışdı.Elə
hey göynədə-göynədə onu incitməyə
başladı.Nə qədər su içir,onu udmağa
çalışırdı,alınmırdı. Yumru
ağrı dolaşıq düşüb,ucu
tapılmayan ip kimi nə qırılır,nə
haçalanır,nə də açılırdı. Eybəcər
şəkildə
qalın kürk düymələrinin arxasına
yapışan sap kimi boğazına
dürtülmüşdü. Pərdənin
o tayında
dalğa-dalğa yayılan musiqinin batırmaq istədiyi səslər
arabir ucalır,Zərrini fikir məngəsindən xilas
edir,sonra yenə hansısa
gözəgörünməz əl onu cəhənnəm qazanı kimi
şaqqaşaq qaynayan dərd gölünə
batırırdı.
Kimsə
diqqəti özünə cəlb etmək üçün
var gücü ilə qışqırıb,qulaq
asın,tost deyirəm söylədi. Musiqinin səsi
azaldı. Araya sakitlik çökdü.
Zərrin fikirləşdi ki, yəqin indi hamı- O da qeyri
–adi, heç kimin,heç yerdə
eşitmədiyi sağlıq gözləyir.Bayaq
qışqıran səs indi aramla danışmağa
başladı.
–Sənə səadət
dolu günlər arzulayıram.Gül ol,bülbül ol ,qəfəsdə
olma.
Ardını Zərrin eşitmədi. Elə bil
qurbağa gölünə daş atdılar.
– Yekə
kişisən, bundan ötrü saxlamışdın bizi? Gül kimi oynayırdıq da.
–Kişi
qızıl xırdaladı.Ha-ha-ha.
–Səadəti
arzulamaqdansa onu götürüb, gələydin də.
Boğazındakı ağrı bərkidi. Şiş elə bil lap
böyüdü.Uf! Zərrinin əlləri əsdi,başı
gicəlləndi.Ömrü boyu Onu yaxşı, alicənab,mükəmməl
adamların sırasında görmək istəmişdi.Onu
qoruya-qoruya,roman qəhrəmanlarına bənzətmişdi xəyallarında.Yazda yamyaşıl,təzə
tumurcuqlayan alça ağacının altında ona
öyüd-nəsihət verəndə qonşular çəpərdən
baxıb,gülüşürdülər .Qız-zaddı bəyəm,
deyib, onu məzəmmət edirdilər.İndi əhatəsində
məzmunsuz formaları görəndə bağrı az
qalırdı partlaya.
Ayaqları ağrıdı. İndi hiss elədi ki, bayaqdan durub
güzgünün qabağında. Güzgüdən
özünə baxan özünü gördü. Nəyə
oxşayırdı, ilahi! Gözlərinin
parıltısı sönüb, içki
düşkünü olan adamlar kimi içi
qıpqırmızı olub, arıqlıqdan ordları
batıb, üzü o qədər uzanıb ki, elə bil kimsə
çənəsini tutub var-gücü ilə
aşağı dartıb. Saçları
yapırğıyıb,başına
yapışıb. Boynunun sümükləri elə
qabarıq görünür ki, sanki fil dişindən muncuq
asmısan. Yaman
kövrəldi. Zərrinin gözü bu evdə
yaşadığı dəhşətləri
görə-görə bərəlmişdi. Bu dəhşətin
vəhşətindən bəbəklərinin
parıltısı sönmüşdü. Sıxıntı
əzrayıl kimi canını alıb,son
nəfəslə çıxarmaq üçün burnunda
saxlamışdı.Ona görə arıqlayıb üzülən
üzündə fındıq boyda burnu şişib tuluğa
dönmüş ,artıq ət kimi sallanmışdı. Rəngi də qaralmışdı. Nənəsinin
ağ gün adamı ağardar,qara gün
qaraldar sözləri yadına düşdü. Dərindən
ah çəkdi.
Yenə boğazı ağrıdı. Hər dəfə Onunla
danışmaq istəyəndə də boğazına tıxanan o zəhlətökən
qubar şişir,akulaya dönür,sözlərini diri-diri
udurdu. Zərrin nə qədər çalışırdısa
,danışa bilmirdi. Ağzı saatlarla
açıq qalırdı. Ancaq Onun, ağzını
yum, qarnının içindəkiləri görməkdən
yorulduq dediyi vaxt bunu hiss edirdi. Gözünün suyu axa-axa
öz yuvasına, bədəninin formasına alan
kresloya güclə oturdu. Hə ,nəyə
oxşayırdı ? İtə ! İtə
oxşatdı özünü. Əvvələr
bütün kəndin sonaya bənzətdiyi Zərrin indi itə
oxşayırdı.Onun yumru üzü,parıltılı
gözləri ,gur saçları,kəndin
oğlanlarının toylarda
oğrun-oğrun baxıb köks ötürdüyü dolu bədəni,
mərmər sinəsi, bədəninə mütənasib
gözəl ayaqlarından zərrə
də qalmamışdı.
Qonşu otaqdan yenə kimsə Ona səadət
arzulayırdı.Lap əsəbiləşdi. Nədi axı, bu zəhrimar,mücərrəd
səadət? Düz 20 il bundan əvvəl qaynanası ,elə otaqda,Onun dostlarının qənşərində
oturduğu o pianonun qabağında Zərrinə həmin
səadəti,hamının axtarıb
tapmadığı o xəsis,xudpəsənd,paxıllıqdan
adamlardan gizlənən səadəti arzulamışdı.
Analıq səadətini.Zərrin düz 20 ildən sonra
anlamışdı ki,o zaman səslənməsindən belə
ürəyi qürrələnən Analıq səadəti
doğuşdan sonra məsum,dünyanın ağını
–qarasından seçə bilməyən körpənin
üzünə baxdığın bir neçə saniyədən
ibarət imiş. Bir dəqiqədən sonra körpəni
kimsəsiz, köməyə ehtiyacı olan pişiyə bənzətmiş,illər keçdikcə pişik şirə
dönmüşdü. Eh ,bəsdir də .
Bu nə xasiyyətdi onda .
İnsanları heyvana bənzətməkdən bezmişdi.Bunu
nə qədər tərgitmək istəyirdi
,bacarmırdı .Tanımadığı adam görən
kimi fikirləşirdi ki,bu, hansı heyvana oxşayır
görəsən.
Ürəyi sıxıldı. Bu dəfə özünü səssiz-səmirsiz
çöllükdə ulayan bayquşa bənzətdi. Çiynindəki
şalı açıb, yorğan kimi başına çəkdi. Havasızlıqda üşüdü. Bədəninə
gizilti gəldi.Ay allah,bu ev niyə isinmir? Şalı aralayıb,
boylandı ki, bəlkə ,sobada odun qurtarıb.Yox. Odunlar sevinə-sevinə
yanırdılar ki,külə dönüb
qurtarsınlar bu əzabdan.Ağlına gəldi ki,ocaq da torpaq
kimidir.Haram götürmür.Onu da Zərrindən
oğurlamışdılar.Oğurluq isə həm haram,həm
də ocağı natəmizliyə
aparan yoldur.Haramdan qidalanmış ocağın istisinə kim
qızına bilər ki? Bu ocağın ətrafı
çirkləndirən tüstüsündən başqa nəyi olur ki? Qızınmaq üçün şalı indi də
ayaqlarına bükdü. Ona görə bu
həyət-bacada hər şey dumanlıdır. Gözlərinin rəngini də,elə ürəyini də bulandıran bu
tüstü imiş,bəlkə. Divardaki saat
12-ni vurdu. Otaqdakı səs-küy daha da
çoxaldı. Kimi əl çalıb, camaatı sakitləşdirməyə
çalışır,kimisi əlindəki
çəngəllə boşqabı döyəcləyir, bəzisi
də barmaqlarını sobanın külünü
qarışdıran maşa kimi stolun qırağına
vururdu. Bu hay-haray
isə səs, ton və küyün
qarışığından ibarət balta şəklində Zərrinin
başına çırpılırdı.
Tık-tık,danq –daranq. Əvvəlcə
aramla,sonra daha tez-tez. Şalı bərk-bərk başına
çəkdi. Zərbədən qorunmaq üçün əli
ilə
üzünü örtdü. Zərbələri
indi daha yaxından hiss etdi. Soyuq su ilə həyət-baca,
ev-eşiyi təmizləyən əlləri köhnəlmiş
bezin kələ-kötür sapları tək üzünü
daladı. Nəbzini tutdu.Vuran ürəyi
idi. Az qala ağzından
çıxacaqdı. Köksündə nəsə
alovlandı. Odun atəşini ağzında da hiss
etdi.Dili ilə dodaqlarını yaladı. Ürək
Allah ocağıdır-düşündü. O isə Tanrının qəlbini isitmək
üçün köksünə yerləşdirdiyi bu
ocağın kösövü idi. Zərrini
isitmək əvəzinə yandırırdı. Hiss elədi
ki,bayaqdan su istəyir. Ortalıqda
görünməsin deyə durub pəncərəni
açdı. Əli ilə məhəccərdə buza
dönmüş qardan bir parça qoparıb ağzına apardı.Bu yanğını
isə nə buz,nə qar, nə də bir okean su söndürə
bilməzdi. Bu bala
yanğısı idi. Yadına keçən il
qonşudakı yas mərasimində ağı deyən qadının ,can ay
bacı, nə yaman bala, bala, deyib ağlayırsan.Sən də
mənim kimi nakam
basdırmısan ,soruşması düşdü.Ürəyi
bulandı. Onu yandıran doqquz ay bətnində gəzdirdiyi, həm də zorla gəzdirdiyi, ölüm-zülüm dünyaya gətirdiyi
, dəli eşq,ilahi sevgiylə sevdiyi balası idi. Sənə
dünyanı göstərəni necə görməmək
olar, sənə həyat verənin həyatını necə
zəhərləmək olar ,ay bala? Ümidlərimi
qıran Ümidim. İstədi qışqırsın,
amma boğazındakı o ləçər düyün şişib, həyasızcasına
,maqnit kimi sözləri geri çəkə-çəkə,
dilini də uddu deyəsən.
Otaqdan səs gəldi.
–Ay
uşaqlar, bir dayanın da, olmadı ki. Ağız
deyəni qulaq eşitmr. A Ümid ,bura
gəl. Saata bax, doğulmusan
,a qardaş.Bu əclaf, nankor, bivəfa dünyaya xoş
gəlmisən.
Bu səsi
tanımadı,doğulmusan sözü
üzünə sillə kimi çırpıldı. Ayağa
durub qonaqların
oturduğu otağa sarı addımladı.Belində dəhşətli
ağrı hiss etdi.Eh,uzanıb qəfil durmaqdan belim səpdi,
deyəsən. Yox, ağrı böyrəklərinə
də yayıldı.Divardan tutdu. İndi də qarın
boşluğuna yayılan ağrını hiss etməməkçün
,nəfəsini dərib saxladı. Ağrı isə
şapıltı ilə əlindən çıxıb
, yerə düşən bazar səbəti kimi dizlərinə
çırpıldı.Bu nədi ,yoxsa yıxılıram. Ay
Allah ,özün kömək ol. Onun üzünü görməliyəm. Bu an,bu saniyə,dünyaya gəldiyi saatın
tamamında. Güclə özünü yetirib
kresloya oturdu. Bayaq
qulağını dayadığı divara bənzər qalın pərdəyə indi üzünü söykəyib,
gözünün ucuyla otağa baxmağa başladı. Toz
qarışıq şüanın yayıldığı o məsum
üzə baxdıqca
düşüncəyə daldı.Bu məsum üzü düz 20 il bundan qabaq ,bax bu
günün,bu saatı,bu saniyəsində ,elə şimşək
kimi qəfil çaxan bu ağrının altında
görmüşdü axı.
O zaman Zərrin
Ana olmuşdu.Aman-zaman,yeddi qurbanlar üstə,dizin-dizin
pirləri gəzib duaların fəryadında Ümidini
tapmışdı. 20 il bundan əvvəl kənd xəstəxanasının
birinci mərtəbəsinin yarıqaranlıq
otağında canından ayrılan can nura
boyamışdı. Zərrin elə bilmişdi ki, Günəşi
o doğub.Bəs indi ? Niyə
o günəşin hərarətində qızına bilmir,
niyə tənhalıq ocağında qovrulur? Bu zəhrimar
ağrı da ,vaxt tapdı elə
bil.Özünü ələ almağa çalışdı.
Bu doğuşa bənzər ağrı idi. Hə,hə.
Bu dəfə onun içini zülmətə boyayan,hər şeyi,hər kəsi donduran,mayası
təhqir,acı,nifrətdən yoğrulan, onu
daşlaşdıran,çiyinlərini əyən dağ
doğurdu Zərrin. Bala dağı ! Otaqdakı qədəhlərin cingiltisini zəif-zəif
duymağa başladı. Kiminsə uzaqdan Onu
çağırdığını eşitdi.Gəl
bura,Ümid, axı sən baş roldasan. Gəl hədiyyələrini qəbul
et. Zərrin də
var-gücü ilə bağırmaq istədi ki, mən də
hədiyyə istəyirəm. Öz hədiyyəmi!
Taleyimin,gəncliyimin,gəlinlik,analıq hədiyyəsini
! Onu istəyirəm! Balamı! Ümidləri puç edən
Ümidimi.Bu kəndin,bu evin mənim
üçün qəfəs rolunun bitməsini istəyirəm
,bala. Sənin baş rolda olacağın bu günü gözləyə-gözləyə ,axı mən 20 il özüm oynamışam
ümid rolunda. Zərrini soyuq tər basdı, bütün bədəni
boşaldı, qaçmaq istəyirmiş
kimi dizləri atıla-atıla titrədi.Amma içindəki
səs daha da ucalırdı.Elə bil vücudunda səsdən
başqa heç nəyi
qalmamışdı.Tapda,sındır,əz ,öldür məni
.Analıq təşnəmi,ruhumu söndür,məni
yaşamaqdan iyrəndirib,həyatdan küsdürən, balam. Onsuz da meyit rolunda yaşamaqdan bezmişəm. Ad günün mübarək
,oğul. Mənim səsimi duymayan balam,qanımı
içməkdən doymayan balam. Səni təmənnasız
sevib,nazını çəkən,
canını uf demədən yolunda fəda etməyə
hazır,beşiyinin qulu, dillərdə yalandan müqəddəs ananı it yerinə
qoymayan ,balam. Zərrin udqundu. Bu dəfə çox rahat. Keyləşən
vücudunda təkcə o düyünün
olmadığını hiss etdi.
Üzünə
qəfil səpilən soyuq sudan diksinib
gözünü açanda bir cüt yaş süzülən
parlaq bəbəyin gözünə dikildiyini gördü. Bu Onun gözü idi. Zərrinin
ayıldığını görüb duruxdu.Bu zaman
gözündəki yumrulaşan yaş diyirlənib
düşdü və Zərrinin kipriyinə toxundu.Zərrin
bu yaşın zər parıltısını söndürməməkçün
gözünü yumdu. Gözlərini sol ucundan diyirlənən
yaş Onun zər dənəcəyinə qarışıb
yanağına, oradan boynuna iz sala –sala köksünə
çatdı.Sərinliyi köksünə yayılan o
damlanın fərəh hissinin gücündən idimi,və ya başqa bir şey Zərrini tərpənməyə
qoymadı. Elə bil bütün kəndin
camaatı abqora hazırlamaq üçün bir teştin
içinə üzüm əvəzinə Zərrini qoyub təpikləmişdi.
Tərpənmək istədi alınmadı.
Havasız boşluqda ,ətrafına
toplaşan dumanlı üzlər içində təkcə
Onun məsum üzü,sevgi dolu baxışlarını
aydınlıqla sezdi.Bu an, bu dəqiqə onun canından
keçən qığılcıma bənzər istilik təntənə
hissi idi-əzabın təntənəsi! Hansı səbəbdən
yarandığını,nəyin nəticəsi
olduğunu Zərrin ayırd edə bilməsə də...Dünyanın
əzab və iztirablardan ibarət vakuum olduğunu duya bilənlər
xoşbəxt olurlar.Bəlkə,buna görə Zərrin
xoşbəxt ola bilməmişdi.Doğuş əzab,ölüm
əzab,xəstəlik əzab,sevmədiyin insanla təmas əzab,sevdiyindən
ayrılmaq əzab.Bütün bunlar fəlsəfənin yoza
biləcəyi şeylərdir ki,Zərrinin həyat fəlsəfəsinin
həndəvərindən keçə bilməzdi. Ümidin
daxilindəki əzab labirintini isə bu gecə hansısa
gözəgörünməz mistik varlıq
işıqlandırdı .O,evdəki səs-küyü
eşitmir, Zərrinin başına qarışqa kimi
toplaşan az qala bütün kəndin adamlarını
görmürdü.Bu günün hədiyyəsini tanrı son
anda vermişdi ona.Yaxşı və pis,dəyərli,yaxud qiymətsiz
olduğunu təkcə Ümid bilirdi. İçində
kimsə oxuyurdu elə bil. Qırıq-qırıq gələn
səs məlahətli,həzin,ən
başlıcası doğma idi.
Əlində
güldəstə gəl,
Dərdi
qoy,dərd üstə gəl.
Can
verirdim gəlmədin,
İndi qəbrim üstə gəl.
Bu səs
həzin,mehriban olsa,onu ölüm
yatağından belə qaldıra bilər.Bəs əksinə
olanda?!...
Təcili
yardım maşını həyətdən çıxanda
dostları da tələm-tələsik qonşunun taksisinə
oturub,onun dalınca getdilər. Kimsə
soruşdu ki,bəs Ümid necə oldu?
–Ay
Ümid,bəs sən gəlmirsən?
–Sonra gələr,tez olun...
Həyətdəki
uçuq təndirxananın divarına söykənən
Ümid də dodaqaltı cavab verdi.
–Hə,hə tez olun.
Və boylana –boylana o səsin arxasınca
getdi.Addımladıqca səs uzaqlaşırdı.Kəndin ətəyində,
qalın ağacların bərk-bərk qucaqlaşıb, tələyə
oxşar görüntüsünə yaxınlaşanda qaş
qaralmışdı. Səs hələ uzaqda idi...
Elnurə Cavadzadə
525-ci qəzet.-
2013.- 11 iyun.- S.7.