Durna taleyi
(davamı)
Bəzən
yuxularımda anamla danışıram,deyirəm ki,babası Ələkbər
bəyin də,atası Xudadat bəyin də tər-təmiz
adları, şər, böhtanlar və yalanlar girdabından
çıxarılıb,tariximizdə layiq olduqları şərəfli
yeri tutublar.Bizim günlərdə nəşr olunmuş “Cümhuriyyət
ensiklopediyası”nda altı Rəfibəyliyə
– Ələkbər bəyə,Xudadat bəyə, Cəmil bəyə,
Cavad bəyə, Əyyub bəyə(Sayqına), Səməd
bəyə(Sayqına) ayrıca maddələr-məqalələr
həsr olunub.İndi qədim Gəncədə dörd Rəfibəylinin
adına küçə var Ələkbər bəy
küçəsi,Xüdadat bəy küçəsi,Cavad bəy
küçəsi,Nigar Rəfibəyli küçəsi...Xan
bağında (keçmiş adıyla Sərdar
bağında) Nigar xanımın
əzəmətli heykəli ucaldılıb,adına məktəb
var,yaşadıqları evin divarına xatirə lövhəsi
vurulub.Bilmirəm anam yuxuda ona danışdıqlarıma necə
münasibət bəsləyir.Ayılıram yuxudan.Amma əminəm
ki, yaşasaydı bu faktlardan,özəlliklə
babasının,atasının,nəslinin adının süni
ləkələrdən təmizlənməsinə çox
sevinərdi.Axı sovetin ən qatı qəddar illərində
soyadını da dəyişməmişdi və belə bir bənd
yazmağa da cəsarət etmişdi:
Mən
könül mülkünün tacidarıyam
Xəyal dünyasının şah nigarıyam.
Vətən
torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Nigarın
17 yaşı olanda sovet hökuməti Gəncədəki evlərində
növbəti axtarış aparanda bir şeir
tapılmışdı.Bu imzasız şeirdə deyilirdi ki,
“günəş şərqdən doğub,şərqdən
doğacaq”.Bir həngamə qaldırdılar ki,gəl görəsən.
Mərkəzi Komitənin katibi Əliheydər Qarayev bir neçə qəzetdə iri
bir məqalə dərc etdirdi, gənc şairəyə ən
ağır ittihamlar verdi.Qarşınızdakı xatirələr,məqalələr
kitabında bir neçə yazıda bu barədə məlumat
verilir,özəlliklə R.Hüseynov “Nigaran çiçəklər”
essesində bu barədə ətraflı yazır.Odur ki,burda Ə.Qarayevin cızma-qarasından sitatlar verməyəcəm.Bir onu
qeyd etmək istəyirəm ki,bu məqalədən sonra Nigar
hər yerdən çıxarılır, işsiz
qalır,özü də,himayəsində olan anası da bir
parça çörəyə möhtac olurlar.Amma heç
yerdə demir ki, hücumlara hədəf
olmuş bu şeir onun deyil,Mikayıl Rzaquluzadənindir.
Böyük qardaşlarının Kamilin və Rəşidin
dostu Mikayıl o vaxt Moskvada təhsil alırmış, gənc
şeir həvəskarı Nigarla da məktublaşırmış.Bu
şeiri məktublarının birində göndəribmiş.Amma anam
Mikayıl Rzaquluzadənin taleyini təhlükə altında
qoymamaq,təhsilini pozmamaq üçün şeirin kimə
aid olduğunu heç yerdə demir.R.Hüseynov Nigar Rəfibəylinin
arxivində gənc şairənin Fəhlə –kəndli
inspeksiyası Komissarlığına
ünvanlandığı məktubun surətini aşkar edib.Bu
mərd və cəsarətli məktub gənc şairənin
ləyaqət və qürurunun heyrətamiz örnəyidir.
Nigar
yazır ki,Ə.Qarayevin məqaləsinin
böyük hissəsi ona, N.Rəfibəyliyə həsr edilib. “Məqalə bir tərəflidir,faktlar təhrif olunub və həqiqətə
uyğun deyil”. Mərkəzi Komitə katibinin imzasıyla
çıxan məqalə haqqında məktubda belə sərt
sözlər deyilir.Şairə yazır ki,bu
məqaləyə qədər Azərkinoda tərcüməçi
işləyirdim. Bu yazıdan sonra məni
işdən çıxardılar.
Bu vaxt məsələ
Mikayıl Rzaquluzadəyə çatır və o kişilik
göstərərək Bakıya məktub yazır,şeirin məhz
ona məxsus olduğunu etiraf edir. O vaxtacan hücumlar
kampaniyası də səngiyir və Nigarı yenidən işlə
təmin edirlər. Azərnəşrdə
işə düzəlir. Burda isə tamam başqa
mühit vardı.Mikayıl Müşfiq,Sabit
Rəhman,Nəzakət Ağazadə işləyirdilər
burda...
Mirvarid
Dilbazi,Səmayə Rəfili və
Nəzakət Ağazadə
anamın ən yaxın rəfiqələri idi.Nəzakət
xanım Cümhuriyyət Parlamanın sədr müavini, doktor Həsən bəy Ağayevin
qızı idi, Rəfibəylilərlə
ailəvi dost idilər.Həsən bəy Azərbaycanda
bolşekiv çevrilişindən sonra Tiflisə
qaçır,orada muzdlu qatil tərəfindən qətlə
yetirilir.Sonralar Nəzakət xanım almanşünas kimi
geniş şöhrət qazandı, elmlər doktoru oldu,
lüğətşünas dilçi Əli(Əliheydər)
Orucova ərə getdi.
Nəzakət
xanım xarici səfər zamanı vəfat edir,cənazəsini
təyyarəylə Bakıya gətirirlər.
Cənazəni
qürbətdən
Təyyarəylə
gətirdilər:
Qapadı
dəmir yatağında
Vətən
torpağına yetirdilər
Soyuq
barmaqlarıyla
Yapışdı
ürəyimdən,-
Bu dərd
mənim,bu qəm mənim,
Nəzakət,Nəzakət,
Əziz,
mehriban
rəfiqəm mənim.
Şeirdə
Nigar xanım nisgilli xatirələrə də dalır,
“uşaqlıq illərimiz yetimliklə,möhnətlə
keçdi,gəncliyimiz qayğıyla,zəhmətlə” –deyir,
“nə ata çörəyi yedik,nə gördük qardaş
sovqatı, qamçıladı bizi acı-acı sərt
üzlü yetimlik həyatı” – deyir.
Ömrün
çətin yollarında
Bizə
yar oldu Əli,Rəsul
Onlar
açıqürəkli,
Qaynar məhəbbətli gənclər idi.
O zamanlar
bizimlə
ünsiyyət bağlamaq,
Sadə
sevgi deyil-
Böyük
hünər idi...
Bu misralar da həmin şeirdəndir.
Rəsul
Rzayla Nigar Rəfibəyli 1934-cü ildə
nişanlanmış,bir yerdə Moskvaya təhsil
almağa getmiş, 1937-ci il fevralın 11-də evlənmişlər.
“Şairənin qisməti” adlı qiymətli məqaləsində(
bu məqalə də
qarşınızdakı kitaba daxil edilib) İlyas Əfəndiyev
yazır ki, mən elə bilirdim Rəsulla evlənəndən
sonra Nigar xanımın başından təhlükələr
tamam sovuşubmuş.Demə belə deyilmiş.İlyas müəllimin
xatırladığı faktdan məlum olur ki,NKVD daima Nigar xanımı izləyir, nəzarəti
altında saxlayırmış.
Nigar Rəfibəylinin
və anası Cəvahir xanımın başları
üstündə dolaşan qara buludlar – həbs və
sürgün təhlükəsi – 40-cı illərin ikinci yarısında tamamilə
reallaşıbmış.Akif Rəfiyevin DİN arxivindən üzə
çıxardığı sənəd
bunu aydın sübut edir.Sənəddə deyilir:
Rəfibəyova
Cavahir xanım,1888-ci il təvəllüdlü,Gəncənin
keçmiş general-qubernatoru,1920-ci ildə sovet hakimiyyət
orqanları tərəfindən güllələnmiş X.Rəfibəyovun arvadı.Oğlu
Rəşid son vaxtlara qədər Moskvada təhsil
alırdı.İkinci oğlu Kamil –
müsavatçıdır, Türkiyəyə mühacirət
edib.Hal-hazırda Kars şəhərində
yaşayır.Türk ordusunda xidmətdədir. Müsavatın
İstanbul komitəsiylə və türk kəşfiyyatıyla
bağlıdır. SSRİ-yə
qarşı aktiv kəşfiyyat işi aparır. (çekistələrin növbəti
uydurması –Kamil dayı heç vaxt musavatçı
olmayıb,nə türk ordusuyla,nə türk kəşfiyyatıyla
əlaqəsi vardı, ömrü boyu Türkiyənin
müxtəlif şəhərlərindən həkim kimi
çalışıb – A.) Qızları Nigar Xudadat bəy qızının iki
dayısı Türkiyədə mühacirətdədirlər.
Ana və qız 1936-cı ilə qədər
xariclə məktublaşırdılar. Hal-
hazırda sovet hakimiyyətinə düşmən münasibət
bəsləyirlər”.
Sənədin
sonunda “Sürgün edilsinlər”
təklifi və Qriqoryan imzası var. Bu həmin o Xoren
Qriqoryandır ki,o illərdə Azərbaycan NKVD-sinin rəhbər
işçilərindən biri idi.Bu həmin Xorendir ki, Azərbaycanda
ziyalılara qarşı 37-ci il repressiyalarının fəal təşkilatçılarından
biri olub və sonralar aşkar olunduğu kimi azərbaycanlıları,özəlliklə
də Azərbaycan ziyalılarını məhv etməyi
qarşısına məqsəd qoymuş daşnak imiş.Bu
həmin Xorendir ki,Rəsul Rza
“Qızıl gül olmayaydı” poemasında onun haqqında
yazırdı:
Xorenlər
iş başında
Ruhullalar zirzəmidə , can üstündə...
Xoren Qriqoryan 1956-cı ildə Mir Cəfər
Bağırovun məhkəməsində ittiham olunaraq güllələndi.
Hazırda
biz elə bir dövrdə yaşayırıq ki, əlinə
qələm alan hər kəs sovet vaxtı yaşayan əcdadlarının
görünməmiş igidliklərindən, inanılmaz cəsarətindən
ağız dolu söz açır. “Flankəsi tutmaq istəyiblər,flankəsi az qala tutacaqlarmış” kimi
şayiələr də baş alıb gedir.Amma kimisə
tutmaq niyyəti haqqında bircə
sənəd də üzə çıxmır.
Yuxarıda
gətirdiyim sənəddə “Sürgün olunsunlar” təklifiylə
yanaşı M.C,Bağırovun dərkənarı var
:Ostavitğ. Yəni, “dəyməyin, qalsınlar”.Kim bilir
kefinin hansı dəm çağında Bağırov ailəmizin taleyini həll edən
belə bir qərarı verib.Bəlkə
o vaxtlar artıq tanınmış şair və ictimai xadim
olan Rəsul Rzanın ailəsini dağıtmaq istəməyib.
Axı Rəsul açıq deyirdi,Nigarı sürgün etsələr
mən də onunla gedəcəm
və bu sözləri də şübhəsiz “hara lazımdı” çatdırırdılar.Hər
halda bir bu Bağırov dərkənarıylı nənəmin,anamın,atamın və bizim – onların üç
balasının taleyi həll olundu.
Valideynlərimizin,özəlliklə
də nənəmizin Sibirdən
qayıdıb-qayıtmayacağı məlum deyildi,bizi də
– məni və iki məndən kiçik bacılarımı
yəqin ki, ayrı-ayrı düşərgələrə
göndərəcəkdilər və bir-birimizi bəlkə də
əbədi itirəcəkdik.Yuxarıda gətirdiyim sənəd haqqında o vaxtlar bir
şey bilməsələr də,
sürgün təhlükəsinin nə qədər
gerçək olduğunu
aydın dərk edirdilər.Axı Rəfibəylilər nəslinin
nümayəndələrini müxtəlif vaxtlarda doqquz dəfə sürgün etiblər.
Qırxıncı illərdə anamın dayısı Fərrux
bəyi arvadı Rəxşəndə xanımla
sürgün etdilər, Cavad bəy də növbəti dəfə sürgünə göndərildi.Yaxşı
yadımdadır o vaxtlar anam bütün günü nənəmgildə
olurdu,gecə yarısı evə qayıdır və səhər
tezdən Cavahir xanıma zəng edib guya qardaşı oğlunun səhhətiylə
maraqlanırdı – səsini eşidib anasının tutulmadığına əmin
olurdu.
Yar
–yoldaşından aralanmış,
Dirilərin
cərgəsindən
Adı,sanı qaralanmış
Nakamların
qismətinə dözə bilmirəm,
Dərdinə,möhnətinə dözə bilmirəm.
Bu misralar
da Nigar Rəfibəylinindir və ailəvi dostları Əhməd
Cavadın,Rəsulun və özünün yaxın
yoldaşları Müşfiqin,böyük Hüseyn Cavidin və
yüzlərlə başqalarının aqibətini onlar da
yaşaya bilərdilər.Qismət
Bağırovun bir dərkənarından
asılıymış.
Hüseyn
Cavidin həyat yoldaşı Mişkinaz xanımın vəfatının
təsiriylə yazılmış şeirində Nigar Rəfibəyli Zamana,
Dövrana,daha doğrusu bu zamanı yaradanlara,bu dövranı
idarə edənlərə qəlbinin əzablı
suallarını verir:
Niyə
axdı,niyə günahsız qanlar
Niyə
susdu,niyə,soyuq vicdanlar?!
Əsrin
cinayəti açılmayacaq,
tarix
gizləyəcək
varaqlarında
Sorsa da gələcək
nəsillər,ancaq
Qalacaq suallar dodaqlarında.
Tarix gizlədəcək
varaqlarında
Cavab verməyəcək
nahaq qanlara
Cavab verməyəcək
o dövranlara...
Əsrin vicdanında qalar
bu ləkə
Adsız
şəhidlərin tökülən qanı,
Soyuq
vicdanları oyadar bəlkə
Oyadar
qanlara batan dünyanı
Dünyadan
cəfakeş bir ana getdi,
Ağır
töhmət qoyub zamana getdi
Bir
böyük şairin ilham məbədi
Yumdu
gözlərini,yumdu əbədi
Qəlbi
bala dağlı bir ana getdi
Ağır
töhmət qoyub dövrana getdi...
Müstəqillik
illərində
aşkara çıxarılmış sənədlər və
işıq üzü görmüş tədqiqatlar bəzi
faktlara başqa gözlə baxmağa əsas verir. Əliheydər
Qarayevin məlum və məşum məqaləsinə səbəb
yalnız axtarış zamanı tapılmış şeir
idimi?Xoren Qriqoryanın və xorenlərin Nigar Rəfibəyliyə
qənim kəsilmələri yalnız onların azərbaycanlılara
bəslədikləri nifrətləymi
bağlıydı?Yalnız indi
bildik ki,20-ci illərdə cavan
müsavatçıların
“Gənc Azər” adlı təşkilatları
yaranıbmış. Bu təşkilatın fəaliyyətinə
və darmadağın edilməsinə aid “Gənc Azər” adlı
kitab 1993-cü ildə Bakıda nəşr olunub. Həmin kitabın 12-13-cü
səhifələrində təşkilatın
həbs olunmuş üzvlərindən
birinin istintaqa verdiyi ifadə dərc
edilib:
“Bir dəfə
şagird Nigar Rəfibəyli mənə türk doktor Riza Nuri
bəyin kitabını verdi. Bu kitabda doktor
Azərbaycandan bəhs edərkən yazmışdır ki,Azərbaycan müstəqil olsa da lakin faktiki
olaraq Rusiyanın müstəmləkəsi vəziyyətindədir.Mənim
şəxsən yadımdadır ki,Əmin Abid 1927-28-ci illərdə
sinifdə türk şairi Ömər Seyfəddinin “Bomba” hekayəsini
oxudu. Hekayə mahiyyət və xaraktercə əksinqilabi
idi. Əmin Abid özünə yaxın bildiyi şagirdlərə
həmişə təklif edirdi ki,türk
şairlərinin – pantürkistlərin əsərlərini oxusunlar”.
İfadədə
deyilir ki, Pedtexnikumda oxuduğu illərdə Nigar Rəfibəyli ümumiyyətlə
çoxlu türk jurnalı alırmış və bu ədəbiyyatla
onu Pedtexnikumun müəllimi Əmin Abid təchiz edirmiş.
İfadə verənin iddiasına görə belə kitab və
jurnalları yaymağı Əmin
Abid yalnız inandığı tələbələrinə
etibar edirmiş.
Heç
bir vaxt anamın dilindən belə bir təşkilatın
varlığı,hətta guya onun
üzvü olduğu haqqında bircə kəlmə də eşitməmişdik, müəllimləri
sırasında da Əmin Abidin
adının çəkməsi yadıma gəlmir. Yalnız yadımda o qalıb ki,Əmin Abidin
böyük qardaşı Müznib haqqında deyirdi,zahirən
çox çirkin kişi idi. Azərbaycan ədəbiyyatında
anamın ən çox hörmət bəslədiyi iki şəxsiyyət
Hüseyn Cavid və Cəfər Cabbarlı idi.
“Müşfiqi düşünərkən” adlı
yazısında Nigar Rəfibəyi qeyd edir ki, “
sevimli sənətkarım Cəfər Cabbarlı gəncliyimin
fırtınalı illərində məni böyük
qardaşı əvəz
etmişdi”.
NKVD-KQB-nin
Nigar Rəfibəyliyə xüsusi “diqqətinin” bir səbəbini
də tədqiqatçı Nəsiman Yaqublu açır.
“Nigar Rəfibəyli sovet dövründə niyə təqib
edilirdi?” adlı yazısında ( “Yeni
müsavat” qəzeti 1 avqust
2011) şairənin bəzi
şeirlərinin Türkiyədə, mühacir mətbuatında
dərc olunmasını qeyd edir.Məsələn Azərbaycan
mühacirlərinin Ankarada nəşr olunan “Azərbaycan”
jurnalında hələ anamın sağlığında
(1979,¹231) Nigar xanımın bu şeiri dərc edilib:
Uzaq
ölkələrə,uzaq ellərə
Axışan
buludlar,axan buludlar
Bir
ilıq nəvaziş umarkən sizdən
Könlümü
həsrətlə yaxan buludlar
Solan
çiçəkləri siz öpərsiniz
Siz ey
köksünüzdə örpək buludlar
Yanan səhralara
su səpərsiniz
Ey atlas
buludlar,ipək buludlar!
37-ci il olsaydı danosbazlar
bu sətirləri qurdalayıb
gör nə qədər
antisovet mənalar çıxarardılar.
Şükür ki,bu şeir Türkiyədə
1979-cu ildə çap olunub,daha bu sayaq
şeytançılıqlara çox da fikir verilmədiyi, belə
ucuz çuğulçuluğun
vaxtı keçdiyi illərdə. Amma axır illərəcən
hakimiyyət Nigar xanıma sonacan etibar etmirdi,
ehtiyatla,müəyyən şübhələrlə
yanaşırdı. Düz deyirlər ki, onun cənazəsinin
Birinci Fəxri Xiyabanda Rəsul Rzanın yanında
basdırılmasına icazə verməmək – sovet quruluşunun
Rəfibəylilərdən aldığı son qisas idi.
Əlbəttə mən Nigar Rəfibəylinin
bütün ömrünü başdan ayağa qəm-kədər
içində yaşanılmış bədbəxtçilik
kimi qələmə vermək istəməzdim. Bu ömrün
işıqlı günləri,xoşbəxt
illəri,ayları,günləri də az olmayıb.
Romantik,şairanə
təbiətə malik olan Nigar sifətində xoşbəxtlik
ifadəsiylə yalnız
atalı-analı,qardaşlı,qayğısız
uşaqlıq
çağını deyil, Moskvada təhsil
aldığı illəri də
xatrlayardı.Ömrünün sonrakı mərhələlərində
də ailə sevinclərindən qıtlıq çəkməyib.Qeyri-adi
bir məhəbbətlə sevdiyi övladlarının, sonra
isə nəvələrinin dünyaya gəlməsi ona
sonsuz xoşbəxtlik bəxş
edib.
Mən
analıq duyğusunu
Qul etmədim
şan-şöhrətə
Ən
müqəddəs hisslərimi
Bağladım
bir məhəbbətə...
Üç
beşiyin arxasında
Bəzən
sübhədək oturdum,
Nəğmələrdən,şeirlərdən
Mən onlara dünya qurdum.
Övladlarıyla,nəvələriylə bağlı
qayğılar onu
yaradacılıq həyatından ayırsa da, o tərüddüdsüz
olaraq ikincini birinciyə qurban verirdi.Bu qurbanın təəssüfü
yalnız bəzi şeirlərində yüngül qüssəylə əks olunub. Yaşlı vaxtının
ən böyük sevinci
qırx illik ayrılıqdan,xəbər-ətərsizlikdən
sonra Türkiyədə
qardaşı Kamillə qovuşması oldu.
İlk dəfə
Türkiyə 1956-cı
ilin 26 oktyabrında Rəsulla birgə “Pobeda” gəmisiylə Avropa səyahətinə
çıxdıqları zaman gəlir. Məktublaşmaları
1936-cı ildə bir dəfəlik kəsilmiş Kamil
haqqında heç bir məlumatı yox idi. Heç
bilmirdi ,sağdırmı,bircə tibb təhsili alıb həkim
işlədiyindən xəbəri vardı.Mənə
danışırdı ki, bircə gün İstanbulda
olduqları zaman küçələri dolaşdıqca həkimlərin
lövhələrinə baxırdı, bəlkə birdən
Kamil Rəfibəylinin adına rast gəldi.Təbii ki,Kamilin
İstanbuldamı,Türkiyənin başqa şəhərindəmi yaşadığını da bilmirdi.Onu da bilmirdi ki,böyük
qardaşı Bakıdakı qohumlarını qorumaq
üçün soyadını dəyişmiş,Kamil Arran
olmuşdu.O biri Rəfibəyli əqrabaları
da eyni səbəbdən
Sayqın və Əsgəran soyadlarını qəbul etmişdilər.
1956-cı ildə İstanbul təəssüratlarından
iki şeiri qalıb.
İstanbulun
üstündə duman pərdə-pərdədir
Türk
qızı namaz üstə, yenə başı yerdədir
misralarıyla başlayan “Bosfor sahillərində” adlı şeir
ateist sovet təbliğatının qəlibləri çərçivəsində
yazılıb.İstanbulla bağlı dörd sətirlik
şeirini isə bizə
oxumuşdu,sağlığında çap etdirmədi.
Ölümündən sonra biz nəşr etdik
İstanbul
duman içində
Ürəyim
güman içində
Ümidlərim
puça çıxdı
Dağıldı
bir an içində
“Güman”
– həkim lövhələrinin birində qardaşının
adına rast gələcəyiylə
bağlıydı. “Ümidlərin puça
çıxması” isə elə həmin gün
İstanbuldan uzaqlaşan gəmidə keçirdiyi hisslərin
ifadəsi idi – bir də heç vaxt qardaşını görə
bilməyəcəyinin
ovunmaz ağrısı....
Türkiyədən,Kamil bəydən ilk sorağı məşhur
bəstəkar və dirijor,atamın yaxın dostu Niyazi gətirdi.Qardaş-bacı
qiyabi də olsa bir-birini
tapdılar,məktublaşmağa başladılar.Bu bəlkə
anamın ən xoşbəxt günləri idi. Ailəmizdən
Kamil dayının arvadı
Rüqiyyə xanımı, övladları
Aydını,Bertanı və Nigarı ilk görən biz – Zemfirayla mən olduq.1967-ci ildə,bir
günlük İstanbul səfərimiz zamanı.Kamil dayı
o vaxt başqa şəhərdə yaşayırdı.Bir
neçə il sonra Kamil
dayınını görüşünə Aydınla bərabər İzmir yaxınlığında
Ayvalıq adlı yerdə gəldim.Məndən
bir il sonra isə atamla anam da onunla görüşdülər.
Bu görüşlərin xoşbəxt anları haqqında Nigar Rəfibəylinin
bu kitaba daxil olan “Sağlıqla qall, yaxın qonşu” adlı
Türkiyəyə səfər təəssüratlarında ətraflı
söz açılır.Təkrar etməyəcəm.
Nigar Rəfibəylinin
poeziyasında da,yol qeydləri də daxil
olan prozasında da onun çəkdiyi daxili əzablardan
yox,işıqlı duyğularından söz
açılır.Səciyyəvidir ki, şeirlərindən
biri “İşıqlı dünyam” adlanır.Şeirlərində
“insana,təbiətə sonsuz məhəbbəti”
ifadə olunur.Xasiyyətcə anam həyatsevər
idi,dünyada da, insanlarda da ancaq yaxşı cəhətləri
görmək istəyirdi. Ara-bir rast gəldiyi müzür adamlar haqqında
isə zərif bir istehzayla yazırdı:
Biri rəsmi
salamlaşıb keçir
Biri salam vermək əziyyətindən
uzaqlaşıb keçir
Biri salam vermir
rütbəsi böyüyəndə
Biri
salamlaşmayır
yoldaşımla arası dəyəndə....
Rəsul
Rzaya ara-sıra endirilən zərbələr Nigar Rəfibəylinin
taleyinə də təsirsiz
qalmırdı.Amma bununla bərabər xoşbəxtlikdə də,
bədbəxtlikdə də həmişə Nigarın
yanında Rəsul vardı – sevən həyat yoldaşı,
etibarli dost, həmkar,arxa,onu hər bəladan qoruyan müdafiəçi...Rəsul
Rzanın ən gözəl məhəbbət şeirləri
Nigar xanıma həsr edilib.Nigar xanımın da ən incə şeirləri ərinə
aiddir:
Yerdən
gurultuyla qopub qalxan
təyyarələrin dalınca baxa-baxa qaldım
Uzaq dənizlərdə
Böyük
gəmilərlə səni yola saldım
Stansiyalardan
ayrılıb gedən
Qatarların arxasınca kövrəlib ağladım.
Həmişə
sabaha,vüsala ümid bağladım
Havalar
geniş,
Dəryalar
dərin
nələr görür sənin işıqlı gözlərin.
Təbii
ki,belə həssas şeirlərin
yazılışına
ayrılıq günlərində daha çox ehtiyac
duyulur.Gündə gördüyün,hər zaman
gözünün qabağındakı adam bir müddət səndən məsafə
etibariylə uzaqlaşanda duyğular cəhətdən
daha da yaxınlaşır,daha
da məhrəmləşir , onun yanında
olmadığını daha nisgilli hiss edirsən.
Bir son
bahar da düşdü
Ömrümün
təqvimindən
Nə sənə
məhəbbətim
Nə həsrətim azaldı.
Özüm
də heç bilmirəm
Niyə
bir ömür boyu
Gözüm
uzaq yollarda-
– sənin yolunda
qaldı.
Bir qocaman
dağ olsan
Səni
vurub yıxardım
Ürəyimdən
ən incə
teli necə
qopardım?
Bir sən
oldun könlümün
Yaxın
dostu,həmdəmi
Sən
olmasan tutmazdı
Bəlkə
əlim qələmi
Sən
olmasan baharın,
yazın
ətri olmazdı.
Sən
olmasan bir dünya
Sevinc belə çox azdı.
Baharın
çiçəkləri
Açıb
solmasın sənsiz
Ömrüm
sənsiz olmasın,
şeirim
olmasın sənsiz.
Hisslərinin ən kövrək çağı
müharibə illərinə düşür. Rəsul hərbi müxbir
kimi çalışdığı Krım cəbhəsindən
Nigara yalnız şeirlər yox,müharibənin
dəhşətli səhnələrini təsvir edən ətraflı
məktublar da göndərirdi. Həmin kağızlardan bəziləri
N.Rəfibəylinin bu kitaba daxil olan “Rəsulun məktubları”
adlı yazısında yer alıb.Bu kitabdakı başqa bir mətndə
– Nigar xanımın müharibə illərinə aid gündəliklərində
–Rəsulun cəbhədə olmasıyla bağlı əndişələri,təlaşları
canlanır...
Heç
bir şey – nə bolşevik rejimi tərəfindən güllələnmiş
qubernatorun qızıyla evlənmənin risqi,nə 37-ci ilin
amansız sınaqları, nə sürgün qorxusu, nə
müharibənin ölüm-dirim
təhlükəsi, nə Nigar xəstəliyinin müdhiş diaqnozu,nə məişət
problemləri,xırda-para
umu-küsülər
onları bir-birindən
ayıra bilmədi. Onları həyat yox, ölüm
ayırdı.Daha doğrusu həyatda onları bir-birindən ayırmağa
gücü çatmayan Quruluş onları ölümlərindən
sonra araladı.
Nigar Rəfibəylinin
belə misraları var:
Mən ki,doymamışdım heç vüsalından
Mənə
zülm elədi yaman ayrılıq
Nə
olaydı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq.
Biz ki,bir ruh idik iki bədəndə
O
gülüb sevinsə gülərdim mən də
Vüsalın
bülbülü uçub gedəndə
Daş
kimi qəlbimdə qalan ayrılıq
Bu misralar
da Rəsul Rzanındır:
Mən
bütöv bir yuvaydım
Yel vurdu
paralandım
Mən səndən
ayrılmazdım
Zülmnən
aralandım...
... və mən heç nə edə bilmədim.
Anamı
ümumi qəbirstanlıqda öz anasının,nənəsinin, dayısının,
dayısı oğlanlarının yanında basdırdıq. Dəfn
etdiyimiz dəqiqələrdə qeyri-ixtiyarı anamın
keşməkeşli taleyi haqqında
düşünürdüm. Haçansa kübar, zadəgan ailəsində
bir qız dünyaya gəlir. Başqa zadəgan ailəsi: bu qız
bizim gəlinimiz olacaq deyə qoyun kəsdirir. Sonra siyasi tufanlar qopur, yeddi
yaşlı qızın atasını qətl edirlər,
qurban kəsənlər pərən-pərən olub
dünyaya səpələnirlər. Balaca Nigar yeniyetməlik
çağından öz əlinin zəhmətiylə
çörəyini qazanır,özünü
və anasını saxlayır,özgəsinin şerinə
görə vicdansız təqiblərə və təhqirlərə
düçar olur.Ala gözlü bir gəncə rast gəlir,
onunla bir yerdə yeni həyata qovuşur, dünyanın ədalətinə və
işığına iman gətirir, ömrünün ən
gözəl illərini,yaradıcılığının ən
qaynar çağını ailəsinə, üç
balasına qurban verir,özü ağır xəstə olsa da
xəstə ərinin yanından aralanmır,ona qulluq edir. Qadınlıq,analıq borcunu sona qədər yerinə
yetirir.
... və indi – ərinin
ölümündən sonra, öz ölümündən
sonra yenidən ilk ailəsinin – çox sevdiyi Rəfibəylilərin
yanına qayıdır.
Anamın
bir şəkli də
gözümün qabağına gəlirdi bu dəqiqələrdə:
Moskva ətrafında, güllü-çiçəkli bir
çəməndə çəkdirib bu şəkli.Çox
cavandır,əllərində bir qucaq çöl
çiçəkləri saxlayıb.
Mənə
elə gəlirdi ki,o özü də bizim
həyatımıza,hamımızın ömrünə bu
güllər, çiçəklərlə
dolu bir aləmdən gəlib və
bir gün ora da çəkilib qeyb oldu...
Hamımızın
ona borcu vardı,o isə özünü
hamıya,o cümlədən xəstəliyi zamanı ərinin ala gözlərindəki yaşa
borclu sayırdı:
Bir
ömrü yüz ömrə calasan belə
İnsanlara
borcum qurtarmaz mənim
Paylardım
yurdumun çiçəklərini,
Azalaydı
borcum kaş bir az mənim
Borcluyam həkimin
nicat əlinə,
Vətən
havasına, Vətən gülünə...
Borcluyam
elimin şirin dilinə,
Bu doğma torpağa-daşa borcluyam.
Qardaş
qayğısıyla sevən dostlara
Ala
gözlərdəki yaşa borcluyam
Bir az da
möhlət ver,aparma,ölüm
Qoy bu
borclarımı qaytarım gedim
Dünyaya
məhəbbət borcum var mənim
Qoy ki,haqq-hesabı qurtarım gedim.
Amansız
ölüm möhlət vermədi:
Yuxuda
dünyayla vidalaşırdım
Dünya
gözəl idi,ayrılmaq çətin
Deyirlər,yaxşıdır qocalıb ölmək,
Belədir
qanunu kor təbiətin
Dünyadan
ayrılmaq çətindir,gülüm,
Tez də
gəlsə,gec də aparsa ölüm
Həyatın
günləri keçsə də acı
Ölümdən
istəmir insan əlacı...
O
xalqına,ədəbiyyatına, ailəsinə
və balalarına,nəvələrinə borcunu
artıqlamasıyla ödədi,amma biz ona borcumuzu daha heç
vaxt ödəyə bilməyəcəyik. Onun hər
yazılmamış əsərinin,yaranmamış
şeirinin günahı bizdədir. Bizim
hamımızda və bəlkə də ən çox məndə.Biz
onun vaxtını qarət edirdik, yaradıcılığa aid
olan hisslərini talan edirdik.
Həmişə
yanındaydıq,həmişə onu fikirlərindən
ayırırdıq,daxili dünyasıyla baş-başa
qalmağa,tənha olmağa
imkan vermirdik. O isə atamdan fərqli olaraq tənhalığı
sevirdi,heç vaxt öz-özüylə
qalanda darıxmazdı.Belə tənhalıq dəqiqələri
onunçün əlçatmaz xülya idi. İnsanlar
içində tənhalıq yalqızlıqların ən
ağırıdır. O uzun müddət ayrı
düşdüyü yazı masası haqqında sanki qürbətçi Vətəndən
danışan kimi
danışır:
Üzərinə
sarı xəzan yarpaqları tökülən
Soyuq bir
xiyabana bənzəyir stolum
Vətəndən
ayrı düşən,
Qürbətdən
gələn
Vətən
torpağına
Səcdə
ilə əyilən
Həsrətli
bir adam kimi
mən
çıxıram aydın iş yoluma
Bir dost
kimi qovuşuram yazı stoluma
Sevincim,
qüvvətim, pənahım mənim
İş yerim, stolum, dəzgahım mənim.
Mənəvi
həyat həsrətini “Mətbəx şeirlərində”
bütün səmimiyyəti və ağrısıyla ifadə
edib:
Qadın
olmasaydım əgər,
Qazanların,qabların
Nimçələrin,çömçələrin
aləmindən qaçardım
Səhəri
dəniz qırağında
Qayaların
üstündə açardım...
Ürəyim
bu mətbəx aləmində
yaman
darıxır,
Mən
bir azca da şairəm axı...
Nigar Rəfibəylinin
sayca çox da olmayan şeirləri şairənin məişət
üzərində, ailə qayğıları üzərində,
siyasi təqiblər üzərində qələbəsidir.
Sanki
öz taleyini nəzərdə tutaraq məşhur “Durna” şeirində
yazırdı:
Mən
Yuxuda
durna oluram
Gecələr.
Çırpıb
qanadlarımı
yerdən
üzülürəm
Geniş-geniş
havalarda səf çəkən
Durnaların
qatarına düzülürəm
Uçuruq
uça bildikcə
Uçuruq
diyar-diyar...
Uçuruq
– qəlbimizdə
Torpaqdan
aldığımız
ən
şirin,
ən
incə,
ən
sevimli arzular
Uçuruq
uça bildikcə
Bizə həsrət
qalan ellərə
Qanad
salırıq
Uca-uca
dağların başında
Əylənib
qonaq qalırıq
Torpağın
ətrini aparırıq
ulduzların aləminə
Həyat
səsi qatırıq göydə
Soyuq-soyuq
işıqlanan
Ayın
yalqızlıq qəminə
Səhər
şəfəqlər oyadır məni
Sevinə-sevinə durub
qalxıram ayağa:
Sonra
bütün günü
nə həvəsim
olur,
nə
macalım,
bir də
yerdən üzülüb
durna
olmağa.
Nigar Rəfibəylinin “Bahar”
adlı bir şeiri də var. Şeirdə “pəncərənin
önündə aram-aram puçurlayıb yarpaq
açan,üzərinə qar kimi ağ çiçəklər
tökülən bir ağac”təsvir olunur. Rəssam bu
yaşıllaşan ağacın yarpaqlarını fırçasıyla
kətana köçürür. Fəsillər dəyişir,
“yaz gedir,yay ötüşür,
budaqların üstünə qırov düşür”,
“quşlar şux nəğmələrini” kəsir.
Dəyişdi
təbiətin
Rəngi,
əhvalı,
Yalnız
dəyişmədi
Rəssamın
bahara vurğun xəyalı.
O
baharı yaradırdı
qəlbində
bahar vardı.
Təbiətin
və dolaşıq ictimai həyatın dəyişən fəsillərində – təhlükəli qış
şaxtalarında da, aldadıcı yaz rüzgarlarında
da,qızmar yayın atəşində də, payızın
hüznlü yarpaq tökümündə də Nigar Rəfibəyli
daima qəlbində baharla
yaşadı və qəlbində baharı yaşatdı....
ANAR
525-ci qəzet.-
2013.- 11 iyun.- S.4.