Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

(1917-aprel 1918)IV cild

 

Böhrani-inqilab

 

İyulun ikisi ilə dördü arasında Petroqradda hadis olan qanlı vaqeələr, biri digəri ardından gələn böhranlı vaqeələrlə başa çıxıyor. Kabinədə böhran, küçələrdə üsyan, məmləkətdə həyəcan, bunların hamısının üstündə hücuma başlamış ordunun sınıqlığı, ikinci Kornilov armiyasının hər bir cəhətcə düşmənə üstün ikən məğlub olması məmləkəti, inqilabı yeni bir böhran ilə qarşı-qarşıya qoyuyor.

Fevral inqilabi-əzimini işıqlı ümidlərlə qarşılayan əməlpərvər ürəklər iyul ibtidasında çıxan bu qanlı və əndişəli böhranları nə surətlə qarşılayacaq, hələ bu böhran nəticəsində elan olunan “inqilab diktatura”sına hanki bir baxışla baxacaqlar?

Diktatura demək, idareyi-mütləqə deməkdir ki, tarixdə, inqilab zamanlarında, ixtilal və qarqaşılıqların qabağını saxlamaq üçün müəyyən bir şəxs və ya heyətə hər növ fövqəladə tədbirlər görmək həqqi verməkdən ibarətdir. Diktatura əksərən əksinqilaba müncər olub müvəffəq olduğu zaman hürriyyətlərin təhdidi ilə nəticələnər, olmadığı təqdirdə məmləkəti daha ziyadə bir fəlakət və böhrana uğradır.

Tarixi zamanlarda zamana hökm edə bilmək üçün iqtidarlı ələ malik olmaq ehtiyacı ilə bərabər o zamanın iqtizasını dərkə dəxi böyük ehtiyac vardır.

Bugünki dərdin çarəsini diktatura elanında görən inqilabçılar və hər növ ictima və məclisləri icra komitələrinin pişəzvəqt verəcəkləri icazələrə bağlamaq surətilə “ifratpərvər” cərəyanlarla mübarizə etmək istəyən demokratlar məmləkətin istedad və arzusunu düşünməyərək hücuma başlamaları ilə zamanın iqtizasına həqqilə arif olmadıqlarını bildirməmişlərmidi?

Fevral inqilabı istibdadı bitirdi və o məqsədlə də elan olundu. İmdiki ixtilal isə müharibəyi bitirmək istiyor. Çünki müharibənin davamında həm məmləkətə, həm cümhuriyyətə, həm də demokratiyaya faidə degil, zərər görüyor. Həm həqiqətən də böylədir. Rusiya giriftar olduğu bu qədər müsibətilə bərabər bu qanlı hərbi bir an əvvəl bitirməzsə, əksinqilaba xidmət etmiş olacaq və müharibənin vücudilə bərabər elan olunan hər hanki bir diktatura isə hürriyyət və cümhuriyyətdən ziyadə, irtica qüvvələrinin artmasına xidmət edəcəkdir.

Bu mülahizələr göz qabağına gətirildikdə son günlərdə hadis olan əhvalın nə kibi nəticələrlə qurtaracağı əndişəyi mucib oluyor.

İstibdadın sayılmış sonuncu günlərindən bəri təkrar edilə-edilə hər növ təsir və əhəmiyyətini itirmiş olan “vətən xətərdədir” cümləsi təkrar qəzetələrin baş səhifələrinə keçiyor. Fəqət zamanın əsl bəlası bir kənarda buraxılıb da hər növ günahı məqami-iqtidarda duranlara xas bir zehniyyətlə müharibənin bir an əvvəl tamam olmasını istəyən “ifrat” sosialistlərdən görmək və bu görüş göstərməsilə hərəkət edib inqilab diktaturasını o yolda işlətmək Rusiyayı xətərdən qurtara biləcəkmi?!...

Kadetlərin kabinədən çıxdıqlarından sonra müvəqqəti sosyalist hökuməti kadetlərdən sol burjualarla etilaf edərək bu yeni etilaf hökumətinə diktatura məqamını vermək istiyor. Əcəba, “müdafiəçi” olsa da fəhlə və soldat vəkillərindən ibarət olan demokratiya təşkilatı ilə hökumət tərəfdarı sosialist firqələr diktaturayı qəbul edəcəklərmi?

Diktatura başında Kerenski ilə Seretelinin bulunmasına nəzərən güman etməlidir ki, elan olunan diktatura bu firqə və qüvvətlərin aldığı qərar nəticəsidir. Fəqət teleqraflarda görülən bir xəbər bu mülahizənin hələ tez olduğunu bildirir. Petroqraddan gələn bir teleqraf diyor ki, Fəhlə və Soldat Vəkilləri Mərkəzi Şurası diktaturayı qəbul etməməgə qərar vermişdir.

Bu xəbərlərdə bir növ təzad vardır. Baxalım, hadisələrin cərəyanı nə kibi istiqamət alır.

“Açıq söz”, 12 iyul 1917, ¹517

 

 

 

Tazə Şurayi-Milli

 

Tazə təşkilat üsuli ilə təsis olunan Şurayi-Milli əmələ gəldi. İyulun 12-də bu Şura ilə üz-üzə gəldik: üzünə baxılır, kəndisilə anlaşılır, vicdan və idrakına inanılır bir Şura!

Millətin hər bir təbəqə və sinfinin burada nümayəndəsi var. Məhəllə, həmkar, məarifmənd, üləma, sinif və məslək hamısı burada, millət etimad elədigi, kəndisindən iş istədigi adamlarının hamısını, heç olmasa çoxusunu burada görə bilər.

Şuranın sayı 200 adama qədər çıxa biləcək bir halda. Hazırda 150-yə qədər adam mövcud. Bu Şura qabaqkı şuraya bənzəmiyor. İnqilab zamanının 3-4 ayı təsirsiz keçməmiş, fikirlərdə, təsəvvürlərdə bir növ kamal hasil olmuş. Hər kəs bir məsləki-siyasiyə doğru getməkdə, cəmaətdə siyasət axımları seçilməkdədir. Burada bu axımlardan hamısının nümayəndələri var.

Komitəyə seçilmiş 33 adam eynilə Şuranın kiçik bir nümunəsi.

Komitə seçkisi əsnasında Şura bütün sürətlə toplanmasına rəğmən təşkilata istedad əsəri göstərdi. “Müsavat”çılardan bir heyətin təşəbbüsilə hazırlanmış olan namizədlər siyahısının layihəsi seçkiləri nəticəli bir hala qoydu. 60 ilə 80 arasında sabit bir əksəriyyətlə heyətin siyahısı keçdi. Anlaşıldı ki, Şura əzası arasında müxtəlif cəmiyyət və heyətlərin nümayəndəsi olmaq üzrə qüvvətli və disiplinə tabe müsavatçılar vardır. İştə, bu hal Şurayı işlək bir hala qoydu.

Şübhəsiz ki, işin ibtidası olduğundan və firqə həyatına biz tazə girdigimizdən “Müsavat” firqəsinin bu ilk təcrübəsində nöqsanlar yox degildi. Fəqət nöqsanlı da olsa bu hal özü bir kamaldır.

Şura tərəfindən seçilən komitə bu günə qədər iki iclas etmiş. Bu iclasların da sədrini, müavinlərini, katibini intixab eləmişdir. Bu günlər dəxi 5 şöbəyə bölünüb öz işinə başlayacaq.

Əvət, işə başlayacaq. Fəqət olduqca ağır, məsuliyyətli, zəhmətli bir işə başlayacaq.

15 üzvlük birinci komitə təşkil olunduğu zaman inqilabın ilk günləri, ballı günləridi. Hər kəsdə böyük ümidlər və könüllərdə həyəcanlı fərəhlər vardı. Fəqət bununla bərabər təşkilat naminə heç bir şey yox idi. Öylə bir zamanda müsəlman cəmaət işini idarəyə təşəbbüs edən komitə qüvvəti yetdigi qədər çalışdı. Nəhayət, xəlqimizin təşkilat və özünü idarəyə olan istedadı kəndisini göstərib dairəsinin genişlənməsini istədi. Bu istəyiş iştə, bugünki Şura ilə Komitəyi vücuda gətirdi.

Fəqət yeni vücuda gələn bu komitə bir şeyi dəxi göstərdi ki, cəmaət öz işini öz əlinə almaq istəməsi ilə bərabər bu günə qədər kəndisinə xidmət edən qüvvələrə hala etimad bəsləməkdə və onlardan bundan sonra xidmətlər də gözləməkdədir. Köhnə komitə ərkanının eyni ilə haman yeni komitəyə də seçildikləri bunu göstərməkdədir. Bu hal şübhəsiz ki, xadimlərimizi təşviq edər, ağır vəzifələrini ifa etdikdə kəndilərinə sühulət verər. Böylə bir sühulətə heç şübhəsiz ki, bu günlərdə iş başında bulunmaq vəzifəsilə vəzifələnən millət xadimləri yerdən göyə qədər möhtacdırlar.

İnqilab böhran keçiriyor. Məmləkət təhlükə içərisindədir. Anarxiya gözünü ağardıyor. Bütün Rusiya ilə bərabər millətimizin, əzcümlə Qafqasiya müsəlmanlarının halı da qorxular içindədir. Bu zaman inqilabın ilk günlərindəki zamandan daha məsuliyyətli, daha ciddiyyətlidir. Böylə bir zamanda cəmaət işinə məşğul olanların fikri şübhəsiz ki, hər cəhətcə əmin olmalıdır.

Şuranın, cəmaətin etimadına əmin olan Komitə əlbəttə ki, cəsarətlə öz yolunu gedə bilər və xəlqin etimadı sayəsində məqsədlərinə irişib, milləti də saxlar.

Bu etimad hazırda var. Lazımdır ki, bu etimad davam etsin. Lazımdır ki, bu etimadın həqli olduğu anlaşılsın. Bunun üçün də lazımdır ki, tazə seçilmiş Komitə əzaları gecə-gündüz işləsinlər.

 

İşləsinlər... Müvəffəqiyyətlər!

“Açıq söz”, 16 iyul 1917, ¹520

Sühulət – asanlıq, əlverişlilik

Bələdiyyə seçkiləri həqqində

 

Bələdiyyə seçkilərinin siyahısı hazırlanıyor. Siyahılar əl yazı maşinası ilə yazılıb, sonra daş basmasında çoxlaşdırılacaqdır. İki seçki uçastokunun siyahısı hazırlanıb bu günlərdə məhəllə siyahı mərkəzində qoyulacaqdır.

Siyahıların təxmini hesabından anlaşılmışdır ki, seçki həqqi olmaq üzrə 90 min adam siyahıya daxil edilmişdir. Bu siyahılar müsəlman arvadları həqqində ayrı saxlanıb, yerdə qalan əhali üçün kişi-arvad bir yerdə ümumi surətdə hazırlanmışdır.

Siyahıya daxil edilmiş müsəlman arvadlarının sayı 14.000-dən ziyadədir. Məlumdur ki, müsəlmanlardan bir çoxu arvadlarının adını siyahıya saldırmamışlar. Bundan əlavə evlərin çoxu bağda olduğundan, bağda da əksərən evin arvad-uşağı bulunduğundan yəqin vardır ki, arvadların kişilərə nisbətlə çoxu qələmdən düşmüşdür. Bu mülahizə ilə təxmin edə bilmək olar ki, ümumi siyahıda olan müsəlman kişilərinin əqəllən 20.000-i siyahıya daxil edilməmiş olsun ki, bu surətlə tamam hesabla 35 min müsəlman seçkiçi var deməkdir. 35, 90-a nisbətlə yüzdə 37 təşkil ediyor. Fəqət bu 90 min üstünə şəhərimizdə mövcud olan 15 min qarnizon dəxi əlavə edilsə, o zaman siyahı 105 minə qədər varıyor ki, bu ədədə nisbətlə müsəlman seçkiçilərin qüvvəti yüzdə 30-u təşkil ediyor.

Halbuki müsəlman cəmaətinin ədədi bu nisbətin fövqündədir.

Müsəlman seçkiçilər heç olmasa yüzdə 40-ı təşkil etməlidirlər. Məlum işdir ki, ətalət göstərmiş olanlar siyahıdan qalmışlardır. Fəqət siyahıdan düşmüş olanlar üçün hələ əldə fürsət vardır. Bunlar edə bilərlər ki, özlərinə səmt olan məhəllə siyahı mərkəzlərinə müraciət edib özlərini yazdırtsınlar. İyulun 10-na qədər bu mərkəzlərdəki vəqtilə adresləri qəzetələr vasitəsilə nəşr olunmuşdu – məxsus adamlar vardır ki, xəbər verildigi kibi gedib siyahı kartoçkası aparıb qələmdən qalanları yazıyorlardı. İmdi artıq ona imkan bu qədər. Fəqət onunla bərabər hər kəs istərsə özünü siyahıya yazdıra bilər. Bundan ötrü lazımdır ki, gedib haman məhəllə siyahı mərkəzinə xəbər verib özünü yazdırtsın. Siyahıların hamısı çap edilib elan olunandan 5 gün sonraya qədər buna imkan vardır. Demək ki, hələ iyulun axırına qədər hər kəs qələmdən düşmüşsə özünü yazdırta bilər.

Bundan əlavə vətəndaşlardan bir qismləri ki mədənlərdə çalışıyor, fəqət şəhərdə oluyorlar, yainki kəndlidirlərsə də şəhərdə oluyorlar, burada məşğələləri vardır və ələlümum şəhər ilə daimi surətdə münasibətdədirlər, onların bələdiyyə seçkilərində həqqi vardır. Onlara da lazımdır ki, özlərini yazdırsınlar. Qələmdən düşməgə qoymasınlar.

Bəli, hər kəs həqqini bilər, vətəndaş isə hər kəs istiyorsa, doğma şəhər işlərində ögey olmasın. Hər kəs dərk ediyorsa ki, bütün cəmaətlə bərabər öz ailəsinin həyatı da bu bələdiyyə seçkilərinə bağlıdır, o halda qeydsizlik, başısoyuqluq etməyib çalışmalı, getməli, bilməli, özünü siyahıya qeyd etdirməlidir. Yoxsa adı qələmdən düşər. Adının qələmdən düşməsi ilə həqqi də əlindən alınar. Bir həqq ki, qanlar bahasına alınmış, bir həqq ki, qanlı mübarizə ilə əldə edilmişdir. Millətdaşlar, çalışınız, həqqiniz itməsin!

 

M.Ə.

 

“Açıq söz”, 17 iyul 1917, ¹521

Əqəllən – ən azı, heç olmazsa

 

 

 

Soldan sağa

 

İnqilabçı Rusiya bütün cahan demokratiyasına Rusiyanın kimsənin toprağında gözü bulunmadığını elan etdigi və kimsədən müharibə xəsarəti almadan sülhə hazır olduğunu elan elədigi zaman ən həqiqi və ən mətin bir əsas üzərinə dayanmışdı. Hələ millətlərin öz müqəddəratını özləri təyinə həqqi olduqlarını şanlı bir surətdə qəbul və elan etməsilə Rusiya demokratiyası mövqeini polad qədər möhkəmlətmişdi.

Demokratiyanın bu qərarı şübhəsiz ki, imperialist kadetlərə xoş degildi. Onlar Rusiya ordusunun böylə beynəlmiləl və sülhpərvər mətləblərə uymasını Rusiyadan (daha doğrusu, Rusiya cəngavərlik və cahangirligindən) ötrü bir ölüm hesab ediyorlardı. Buna görə də onlar cahangirlik nəzəriyyəsinin ən qüvvətli nümayəndəsi Milyukovun məqami-vəzarətdən çəkilməsinə baxmayaraq bütün nüfuzları ilə çalışıb sosialist firqələrini bir dərəcəyə qədər özlərilə həmfikir etdilər. Kerenski hərbiyyə vəzarətinə gələrək hücum əmrini verdi.

Kerenskinin hücumu inqilabda ikinci bir dövrün başlanmasına səbəb oldu. Soldan sağa bir hərəkət başlandı.

Bir tərəfdən hürriyyət və sosializm əsaslarının safiyyətini, digər tərəfdən də hücumdan həqiqi heç bir faidə hasil olamıyacağını dərk edən idealistlər Kerenskinin bu əmrini “şumlı” – deyə elan etdilər.

Məəttəəssüf öylə də oldu. Distiplin degil, sözlə ölümə göndərilmək istənilən yorğun ordu yürüyə bilmədi. “Ölmək öldürmək lazım degil!” təşviqi “Vətən üçün ölümə!” əmrindən qüvvətli çıxdı. Ordu basıldı, səflər yarıldı. Tarixdə misli görülməyən bir faciə, bir fəlakət hasil oldu. Səfi-hərbdəki bu məğlubiyyət Petroqrad küçələrində əsəfli hadisələr doğurdu. Bir əqidə saiqəsilə nümayişə çıxan əməlpərvərlərə qara qəsdli adamlar qoşulub qəsdən fitnə törətdilər. Nahaq qanlar axıtdılar.

Hürriyyət hökuməti bu kibi qara təhlükələr qarşısında sağdan sola dönmək məcburiyyətində qaldı. Şanlı surətdə elan olunan hürriyyət əsasları birər-birər fəsx olunmağa başladı. Edam cəzası qaytarıldı. Senzor bərpa edilməgə başladı. Ordu içində ictimalar, ittifaqlar əqdi qadağan edildi. Ordu içindən gedən distiplin təkrar qayıtmalı oldu. Uzaq degildir ki, bütün əskər şuralarındakı soldatlarla zabitlər səfi-hərbiyə aparılsınlar.

“Bütün qüvvət Əmələ və Soldat Vəkillərinə!” tələbi hər tərəfdən qüvvətlə söyləndigi halda, daxilindəki kadetlərin çıxmasilə hökumət artıq özünü zəif hiss ediyor və mütləq burjuaziyanı siniflərlə bərabər çalışmaq lazım olduğu həqqində qərarlar çıxarıyor. Kerenski baş vəzir ikən qapı-qapı gəziyor, vəzir bulamıyor. Kadet firqəsi zamanın ruhu bir nöqtədə olduğunu ölçərək öz şərtlərini təklif ediyor. Şərtlərin başında isə xarici siyasətdə sosialistlik prinsiplərindən əl götürməkdən, Məclisi-Müəssisan yığılmayınca əsaslı heç bir məsələnin həllinə yanaşmamaqdan, Əmələ və Soldat Vəkilləri Şuralarının ilqası duruyor. İnqilab hökuməti bir olub, ordu hər növ siyasətdən uzaqlaşmalıdır, denilir.

Son günlərdə varid olan xəbərlər hökumət ilə Moskva kadetləri arasında etilaf vaqe olamayıb, Kerenskinin qəti surətdə istefa verdigini bildiriyor.

Demək ki, böhrani-hökumət bir az da şiddətli bir hal alıyor. Bundan iki ay əvvəl Milyukov hökumətdən getdigi zaman hasil olan böhran inqilabçı demokratiyanın qələbəsi ilə qurtarmışdı. Bu gün Kerenskinin getməsi ilə qatılaşan böhran əcəba, kimin qələbəsini mucib olacaq?

Hər halda bu qələbə solda degil, sağ tərəfdə bulunacaq. Çünki “hücum” əmrilə artan anarxiya cəbhə yarılması fəlakətini doğurmasına səbəb olmuşdur. İştə, ruhlara təsir edən bu mühüm zamanı hesaba alaraq burjuaziyalı partiyalar, bilxassə kadetlər fürsəti fövt etməyib hökuməti ələ almaq istiyorlar. Buna müvəffəq ola biləcəklərmi?

Rusiya demokratiyası və bu demokratiyanın mənafeini müdafiə üçün meydani-siyasətə atılan firqələrə lazımdır ki, bu babda gözüaçıq tərpənib bu qədər qanlar bahasına ələ keçən mövqei əldən verməsinlər. Bununla biz, əlbəttə, daxili müharibəyi təşviq etmək istəmiyoruz. Haşa, vətən, hürriyyət xətərdə ikən firqə mənfəətləri nəzərə alınmaz. Fəqət bu o zaman olar ki, güzəşt hər iki tərəfdən olub tərəfi-müqabil dəxi “ruhi-zamandan” birtərəfli faidələnmək istəməsin. Halbuki Dövlət Dumasının xüsusi şurasında eşidilən Milyukov ilə Rodziyanko ağzından çıxan sözlər iştə, burjuaların böylə ruhi bir dəqiqəyi gözləməkdə olduqlarını göstəriyor. Öylə bir dəqiqə ki, 3 ayın duması inqilab hökumətini çağırıb izahat istəsin, öylə bir duma ki, Rodziyanko ilə Milyukov fikrincə Mixayıl Aleksandroviç ali hökumət ixtiyarını tac və təxtindən ayrılmış Nikolaydan təhvil aldıqdan sonra müvəqqəti hökumətə degil, ona vermişdir.

 

Əvət, qorxulu bir cərəyandayız. Soldan sağa axan bir cərəyan. Burada səbat istər ki, ayaqlar büdrəməsin!

M.Ə.Rəsulzadə

“Açıq söz”, 24 iyul 1917, ¹527

 

 

 

Şum – uğursuz

Əsəf – təəssüf etmə

Saiqə – səbəb

 

 

 

Federalizm və demokratizm

 

 Biz türk və ya müsəlman federalistləri ilk dəfə Qafqasiya və ya Moskva qurultaylarında Rusiyada yaşayan türk və ya müsəlman millətlərindən ötrü məhəlli muxtariyyət istədigimiz və Rusiyanın milli-məhəlli muxtariyyətlər üzərinə qurulu qoşma xəlq cümhuriyyətilə idarə olunmasını tələb elədigimiz zaman millətdaşlarımızdan bəziləri bizim bu fikrimizə qarşı çıxdılar. Federalizmi bilxassə demokratizm nöqteyi-nəzərindən cərh və tənqid etmək istədilər. Onlar sosializm və bilxassə guya sosial-demokratizm nöqteyi-nəzərindən məsələyə baxıb diyorlardı ki, əmələ qisminin faidəsi hökumətin mərkəzləşməsindədir. Çünki böylə olunca sərmayənin mərkəzləşməsi tezləşər və bu nisbətdə dəxi əmələ qisminin ittihadı və qüvvəti güclü olub özündən faidələnənlərlə bacarıqlı bir surətdə mübarizə edər.

Buna qarşı biz Avropa dövlətlərini nişan veriyor, göstərirdik ki, federalizm heç yanda, nə Amerikada, nə İsveçrədə, nə də Almaniyada əmələ sinfinin tərəqqisinə, təşkilatına mane olmamışdır. Biləks Almaniyada olan qüvvətli əmələ təşkilatı və yararlı əmələ qanunu heç yanda yoxdur.

Moskva qurultayında “federasiya istəyən yalnız biz degiliz, Rusiyadakı məhkum millətlərin əksəri bu tələbdədir” – dedigimiz zaman federasiyanın düşməni Əhməd bəy Salikov cənabları bu millətlərdə federasiya istəyənlərin demokratiya degil, burjua sinifləri olduğunu iddia ediyorlardı.

Moskva qurultayından iki ay keçmədi. Həyat müarizlərimizin nə qədər vahi iddialarda olduğunu göstərdi. Finlandiya demokratiyası əksəriyyətlə sosial demokratiyaya mənsub olduğu halda kəndi vətəninin istiqlalını elana qədər getdi. Ukrayna demokratiyası dəxi muxtariyyətini bilfeil almağa və Rusiya Məclisi-Müəssisanını əmri-vaqe qarşısında bulundurmağa çalışdı. “Rada” məclisi sair demokratik firqələrlə bərabər Ukrayna sosial demokratiyasını dəxi özü ilə bərabər gördü.

Kadet firqəsi kibi firqələr millətlərin bu surətlə öz həqlərini almağa təlaş göstərdiklərini Rusiya demokratiyasına qarşı bir növ etimadsızlıq və ehtiramsızlıq kibi tələqqi etdilər. Hətta “Russkoye vedomosti” kibi mətin bir qəzetə belə velikorusların həyatını, vətənpərəstliklərini qıcıqladı. “Rusiyayı bölüyorlar” – deyə bağırdı.

Əcəba, həqiqət halda millətlərin bu surətlə kəndi həqlərini əldə etməgə çalışmaları və Rusiyanın muxtariyyətlərin ittifaqından ibarət bir federasiya halında qurulmasını tələb etmələri demokratizmin, demokratiyanın əleyhindəmidi?

 

Qətiyyən yox.

 

Ən mütəəssib demokratlar şübhəsiz ki, (Simmervald)a yığışıb beynəlmiləlligi tazədən əhya etmək istəyən sosialistlər, Rusiyada isə bolşeviklərdir. Bolşeviklərcə millətlərin nəinki muxtariyyət, istəsələr tamamilə Rusiyadan ayrılmağa belə ixtiyarları vardır. Bir millət əksəriyyətlə, cəmaətin xahişilə üsuli-idarəsini nasıl qurmaq istərsə həqlidir. Və mədəniyyətcə daha yüksəkdə olan millətlərin demokratiyasına borcdur ki, zəif millətlərə bilaəvəz kömək etsinlər.

Başqa qəzetələr bu cəhəti başıörtülü bir surətdə, təfsirə möhtac cümlələrlə söylədikləri halda Fəhlə və Əskər Vəkilləri Şuralarının keçəndə vaqe olan ictimalarından biri məsələyi aydın bir surətdə həll eləmiş, Rusiya daxilində yaşayan hər millət üçün muxtariyyət degil, istiqlal həqqini belə caiz görmüşdü.

Həyati-siyasiyyənin göstərişi böylə olduğu halda siyasi proqramların maddələri dəxi federasiya əleyhdarlarını degil, tərəfdarlarını həqləndiriyor. Kadet firqəsindən solda olan nə ki firqələr varsa hamısı bu ya o surətlə Rusiyadakı millətlərə milliyyət və topraqları daxilində muxtariyyət həqqini rəva görüb, bu və ya o surətlə Rusiyanın federasiya əsası üzərinə qurulmasına təhəmmül ediyor və ya onu tələb ediyorlar.

Baxalım Rusiyadakı sol firqələrin bu xüsusdakı proqram tələbləri nədən ibarətdir:

Kadetlərdən sola başlayaraq əvvəlcə alalım “Radikalnı-demokratiçeskaya partiya” – denilən firqəyi. Bu firqənin proqramında geniş surətdə milli-siyasi muxtariyyət əsasının bərqərar olması lazım görülüyor. Muxtariyyət idarə ilə bərabər xırda ərazi vahidlərinə varıncaya qədər siyasi muxtariyyət verilməsində dəxi Rusiya tamamiyyəti-mülkiyyəsi üçün heç bir zərər təsəvvür etmiyor. Çünki bu firqənin mülahizəsincə “xırda muxtariyyətlərin ittifaqından hasil olan federasiya və yaxud Rusiya ştatları bütün millətlərə imkan verər ki, yaşasınlar və öz topraqları daxilində kəndilərindən ötrü qiymətdar olan milli-mədəni xüsusiyyətlərini geniş surətdə mühafizə və müdafiə etsinlər”. Bunlardan əlavə firqə düşünüyor ki, “ancaq vase surətdə məhəlli idarə və qanun qoymaq səlahiyyətinə malik olan muxtariyyətlər üzrədir ki, Rusiya tamamiyyəti-mülkiyyəsini saxlamaq mümkün olar”. Federasiya üsulu ilə bərabər firqə tələb ediyor ki, bütün ştatlarda “referendum” (rəyi-aləm) üsulu dəxi keçirilsin. Çünki həqiqi cəmaət idarəsinin binası ancaq rəyi-aləmdir.

Bu firqədən keçdikdən sonra Narodnı sosialist (xəlq sosialisti) firqəsi gəliyor. Xəlq sosialisti firqəsi dəxi Rusiyayı federasiya əsası üzrə milli və məhəlli muxtariyyətlərdən mütəşəkkil bir demokratik cümhuriyyət şəklində təsəvvür ediyor.

Bundan keçdikdən sonra bu gün Rusiyada ən böyük qüvvətə malik olan ictimaiyyun-inqilabiyyun firqəsi dəxi şəkli-idarə həqqindəki proqram maddəsini böylə ifadə eləmişdir:

“Gərək şəhər və gərək kənd cəmiyyətlərinə mümkün olduğu qədər geniş muxtariyyət vermək surətilə xəlq cümhuriyyəti ayrı-ayrı millətlərin münasibətini mümkün olduğu qədər geniş bir federasiya üsuluna rəbt etməli, millətlərdən ötrü bilaşərt və qeyd nə cür olmalarını təyin etmək həqqi”: (pravo samoupravleniya).

Proqram həsbilə sosialist firqələrindən federasiya sözünü dilinə gətirməyən bir firqə vardırsa, o da sosial-demokrat (ictimaiyyun-amiyyun) firqəsidir. Fəqət bu ictimaiyyun-amiyyun firqəsi belə millətlərə həqq veriyor ki, özləri öz təqdirlərini həll etsinlər. Doğrudur ki, proqramda bu özləri öz təqdirlərini həll etsinlər cümləsi aydın degildir. Fəqət firqəyə mənsub olan bəzi şəxslərlə firqə ictimalarında alınan bəzi qərarlara nəzərən əgər rəyi-aləm vasitəsilə bir millət muxtariyyət degil, istiqlal belə istəsə, Rusiya ictimaiyyun-amiyyun əmələ firqəsi bu rəy ilə hesablaşmaq tərəfdarıdır. Demək ki, sosial-demokrat (ictimaiyyun-amiyyun) firqəsi millətlərdən ötrü muxtariyyət və Rusiyadan ötrü federasiyayı bizzat tələb etmiyorsa da bu tələbə təhəmmül göstəriyor. Nasıl ki, Petroqrad sosial-demokrat konferensiyası şəkli-idarə həqqindəki qətnaməsində yalnız muxtariyyət degil, tamamilə Rusiyadan ayrılmayı belə caiz görmüşdür. Nasıl ki, Lehistan istiqlalına Rusiya demokratiyası əgri gözü ilə baxmamış. Nasıl ki, Finlandiya sosial-demokratlarının Rusiyadan ayrılmaya verdikləri qərar Rusiya sosial-demokratları tərəfindən qeyri-təbii görülməmiş. Nasıl ki, Ukrayna “rada”sı (məclisi-millisi) ilə danışığa girişən Sereteli ilə skoblevlər olmuşdur.

Həyat ilə bərabər həyata tətbiq üçün yazılan sol demokratik proqramlarda federasiya ilə muxtariyyət məsələsi bu halda ikən sosialist nəzəriyyəçiləri arasında dəxi milli-siyasi muxtariyyət əsasına tərəfdar olanlar çoxdur.

Məşhur filosof Karl Marks ilə sairləri tərəfindən kapitalın (sərvətin) milliyyət dairəsindən atlayıb beynəlmiləl bir hal almış nəzəriyyəsinə dayanaraq Orta Avropa hökuməti düzəltmək xəyalını bəsliyordu. Bu xəyalı qövldən-felə keçirmək üçün sosial demokratiyanın digər pişrovlarından Karl Kautski bütün dünya federasiyası fikrini ortaya qoydu. Karl Kautskicə dünyadakı millətlər sənaye, ticarət və kapitalın tərəqqisilə biri-birindən tamamilə ayrı və mücərrəd bir surətdə yaşaya bilməyəcəklər, fəqət bu ədəmi-imkan bütün dünyanın bir mərkəzdən idarə olunmasını mucib olacaqmı? Kautskicə dünya bir federasiya şəklini alacaq, millətlər öz içlərində muxtar olub yekdigərlərilə münasibətə gəlincə müttəfiq olacaqlardır. Nasıl ki, ittifaq zatən poçta, teleqraf kibi xüsuslarda bir dərəcəyə qədər hasil belə olmuşdur. Kautskinin rəyincə: “dünyadakı ən kiçik millətlər belə daimi surətdə müstəqil bir həyata malik olmalıdırlar”. “Azad millətlərin muxtar ikən ittifaqları (federasiyaları) dəxi vüsətpərdar olmalı. Çünki sənaye və ticarətin bir qismi getdikcə daha çox millətləri ittifaqa məcbur ediyor”. Federalizm fikri hər zaman demokratiyanın meylini cəlb etmişdir və bu fikir imdi pək həqli olaraq ən məqbul bir fikir halını almışdır.

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 8 iyun.-S.26-27.