Yarpaq tökümü və yaxud... Düşüncələrim

 

 Atın yəhəri, günün səhəriyolun urvatlı, yolçu qardaş!..

lll

İnsanın ölümündən qabaqkı Etirafları - Günah Dualarıdır...

lll

Əlində çəkic olanda, hər adamı mismar yerinə qoyma, yoxsa qayıdıb səni də yaralayar...

 

lll

Başa qaxılan Yaxşılıqişin ucunda verilən çörək kimidir...

lll

Şahın da Şah yükü boyda qayğısı var...

lll

Əsl dostun saatı həm də sənin Vaxtını və Zamanını ölçər...

lll

Bu gün aldadıcı görünən, sabah düşündürücü ola bilər...

 

lll

Bacınızı təkcə bir səbəbə -  tabutunun üstündə dil deyib ağlamasına, ağı deməsinə görə sevməyə dəyər...

lll

Dərd - onu içində çəkmək üçündür, başqasına göstərmək və yükləmək üçün  yox...

lll

Haqq sənindirsə, Haqqın da Sənindir.  Haqqı da qoru, haqqını da...

lll

İçində Qəflət gəzdirən düşmənsəngərdəkindən daha qorxuludur...

lll

Gözəl qadının bəzəyi aldadıcı, qəzəbi yandırıcı, xəyanəti öldürücü olur...

 

lll

İnsanın ən böyük qələbəsi- tamahınadır, ən böyük məğlubiyyəti də tamahınadır...

 

lll

Həyatın axarını pozma! Pozub xeyrinə dəyişməyə cəhd etmə – ziyan görərsən. Zamanı qabaqlamağa tələssən,  zaman səni daha tez qabaqlayar...

 

lll

İçdiyin su, oturduğun kölgə- sanma ki, dədəndən qalıb, özünə və kölgənə baxıb qürrələnmə ki, bu da mənimdir...

lll

Ağıllı başa zərbə çox dəyər, amma sarsıtmaz...

lll

Qabağında gedən - əl tutanın, dalınca gələn isə ətək tutanındır...

lll

Daş üzlü insandərdi yaşamaq üçün yox, aşırmaq üçün yaşayır...

lll

Qeybət və Nifrət -  həsəd  və paxıllıqdan doğar...

lll

Dili sözlünün əli qələmli olur, gözü sözlünün əməli qorxulu...

 

lll

İnsani münasibətlərdə ikrah doğuran hərəkətlərdən ən asanı və ən ucuzu həyasızlıqdır...

lll

Qapını da qəlbini də açıq saxla, bağlama Allahın xeyir-bərəkət qapısını, Şeytana da daş at! Qismətin  yetişəcək!..

lll

Barmaqlarını özün bilərsən, özünü gözə soxma...

 

lll

Rəqibinin zəifləməsini gözləmək, yenicə açmış çiçəyin nə vaxtsa afat vuracağını gözləmək kimi bir şeydir.

 

lll

Bərk yağış yağır... Göydən tökülən damlalar elə bil yerin, torpağın  sinəsini çimdikləyir...

 

lll

İstedadlı  adamın “düşmənlərindən” biri-istedadsız dostudur, gec-tez çəkib, dartıb öz səmtinə yıxacaq...

 

lll

İlk təəssürat bəzən aldadıcı olur... Odur ki, rəy söyləməyə tələsmə!

 

lll

Daşlaş yaşa, Başla yaşa!..

 

lll

Beli əyməyən yükü bəhanə etmə!

Beli əyən yük ağır sayılar...

 

lll

İnsanın gözü həm görəndir, həm də  görünən...

lll

Görəsən, insanın göz yaşları niyə dupduru olur? Hansısa könül bulağının gözündən və közündən mayalandığındanmı?..

 

lll

Sənin Taleyinə damğa vuran da elə Tale özüdür...

lll

Hər münasibətdə və sövdələşmədə sətiraltı məna axtarma, səmimi ol və səmimiyyət axtar – axırda udan özün olacaqsan!..

lll

Ya qabaqda get, ya arxada – ortada dolaşmaq bir ömür deyil...  

lll

Ağlı olanın Tamahı artıq olmaz, Tamahı olanın Ağlı...

 

lll

Xəyallara, nostalji hisslərə uyub özünü təcrid etmə, yorma özünü – “ Allah kərimdir”  deyib, - Ümidlə   yaşa, İnamlı ol, Ümid və İnam yaşadacaq səni!..

lll

Təlaşın və əsəbin düşməni – Təmkindir.

lll

Yatdığın yataq, durduğun otaq, udduğun hava, üzünə çilədiyin  bir ovuc su – sənin müqəddəs həyat tərzin, “ömür-gün” yoldaşındır – qədrini bil!..

lll

Xoş sifətin, xoş qılığın, diqqətin və yanımcıllığın yoxdursa – bəs nəyin var sənin, İnsan oğlu?! 

lll

Yalnız ölüm ayağında can ver! Danışanda, yeriyəndə, bir sözlə gündəlik həyatında can verib üzmə başqasını, yorma kimsəni...

 

lll

Nadanlıq insanlığı gəmirir, çeynəyir və udur...

lll

Bəxtindən gileylənmə, taleyindən şikayətlənmə,  -  Allah verəndir...

Sən yalnız öz yazını poza bilərsən, Allah bəndəsi!?

lll

Qaldıranı qaldır, yıxanı yıx!..

 

lll

Həyat – güzgüdür: səni də, başqasını da olduğu kimi göstərir... Səhvin – yaxşı görə bilməməyindir...

lll

Məclisdə oldun – doğuşu tərsinə gətirmə - yeyənlə  ye, gülənlə gül, duranla dur...

lll

Səndən qaçan, qaçıran da özünsən...

lll

Sən özünsənsə, gözündə də gizlətmə özünü...

lll

Hamı Toy edir, hamı dəvətnamə paylayır, hamı da deyinir...

lll

Yüyənsiz atı hərə bir cür çapar...

lll

Əzəl gərək Ürəyin  səxavətli ola, sonra cibin...

lll

Təkəbbür və Təmkin -  üz-üzə  yatan iki düşməndir...

lll

Ucalıq –boyla deyil, qəlblədir ...

lll

Hər xırdalıq  və xırdaçılıq ailəni də, dostluğu da içindən yeyən qurd kimidir...

lll

Şöhrət və Dövlət – barama qurdu kimi bir şeydir, - aldadıb içəri salar, toxuyar və geri qaytarmaz... Arxaya qayıdan yolunu fikirləşmisənmi?!

lll

Külqabı da təmiz olanda gözəl görünür...

lll

Hirsli adamı Şeytan idarə edir...

lll

Əncir yeganə ağacdır ki, çiçək açmadan bar verir...

 

lll

Satqınlar və məlunlar hər dövrdə olub və onlar həmişə öz zamanlarına oxşayıblar...

 

lll

Əli ətəkdə olanın öz ətəyi olmasa, axırda da urvatsız qalacaq...

 

lll

Oğru adam doğru danışmaz.

 

lll

Hamı qəbiristanlıqda Mələk olur, çıxıb gedəndən sonra – yolu da, fikirləri də əfi ilanın dili kimi haçalanır...

lll

Ölü də Yiyəsi ilə Qiymətə minir...

lll

Məsuliyyətli Adam yatanda da özünə hesabat verir...

lll

Çəpgöz adam yolunun axarını, dayaz adam sözünün axırını düz gətirməz...

lll

Ayağının altını görmürsənsə, göyə əl uzadıb dua etməyin nə faydası!?.

lll

Dünyanı fani bilib yaşamaqdansa, əbədi dünyaya getmək daha yaxşıdır...

lll

Gözləri görməyən Allah bəndəsinin qəlbində gözəllik dünyası barədə öz dünyası var...Əl uzatmasan, toxunmasan yaxşıdır...

lll

Göydən Yarpaq Yağışı yağır – PAYIZDI – hər qopan yarpaq isə bir insanın ömrü və həm də bir insanın ölümüdür...  

lll

Kasıb suda olur, varlı quruda. Su abrını bir paltarda da örtə bilər, ancaq abır örtmək üçün çox şey gərəkdir. 

lll

Ən qorxulu şey – insanın içindəkini və düşündüyünü deməməsi, dilə gətirməməsidir...

lll

İnsan doğulduğu kimi də ölür: çılpaq gəlib, çılpaq da gedir...

lll

Mədə niyyəti başqadır, Mədəniyyət başqa...

lll

Heç bir insan istəyinə, arzusuna və iradəsinə görə əlil, şikəst və ya dəli doğulmur, - özünü bir anlıq onun yerində gör, -  mərhəmətli ol, mərhəmət göstər!..

lll

Sabah nə olacağını tək Allah bilir, Onun da yerdəki bəndələriylə peyk rabitəsi yoxdur...

lll

İnsan səmimi olanda güclüdür...

lll

Məhəbbət və qısqanclıq – Allah və şeytandır...

lll

Əmim bir qonşusuna deyərdi: “Mən  qaravuşam,   sən qızıl quş... Mən yaxında oturub uzağı gözləyirəm, sənsə, özünü qara mıxa  pərçimləyib məhv edirsən, ay bədbəxt!..”

 

lll

İnsanın və insanlığın ən böyük faciəsi budur: nə ölüb yenidən dirilə bilir, nə də itirdiyi günləri geri qaytarıb istədiyi kimi yaşaya bilir...

lll

Yaxşıların və yaxşılıq edənlərin vəzifəsi, rütbəsi və bölgüsü olmur: yaxşı elə yaxşıdır!..

 

lll

Uşağı  ata-anadan və ya baba-nənədən – hər hansı birindən kənar saxlayırsansa, təcrid edirsənsə - böyük günaha batmış olursan; nə vaxtsa bunun cəzasını alacaqsan...

lll

... ŞöhrƏt iki üzlüdür: ya işdə, ya da evdə-ailədə... hər ikisi birdən və bir yerdə ola bilməz – biri açılanda biri bağlanar...

lll

Quzğunlara yem olmaq – riyakarlara qucaq açmaqdan yaxşıdır, çünki birincilər ölüləri didir, ikincilər diriləri...

lll

VƏZİFƏYƏ kənardan baxmaq – həsəd və paxıllıqdır, içəridən baxmaq – şərəf və məmnunluq...

lll

Tənə vuran,  büdrəcəyin halda, Pinə də vuracaq...

lll

Ərk səndədirsə, Savab da səndədir...

lll

Allah bütün çətinlikləri insanları sınamaq üçün yaradıb...

lll

İnsanı çaşdıran - kölgəsinin  boyundan artıq görünməsidir...

lll

Allahın Adını döyənək edincə, öz Adını yüyənək elə!..

lll

ATAM bir tanışına deyərdi ki, sənin kişi olmağına nə inamın çatar, nə də ömrün yetər...

lll

İrad bildirəndə  inad göstərmə...

lll

Sağlam Can yoxdur, Nikbin Həyat var...

lll

Mən səninəm, sən mənim – düz bəndəyiksə, hər ikimiz Allahın!..

 

İmamverdi İsmayılov

 

525-ci qəzet.- 2013.- 12 iyun.- S.7.