Dərdi çin-çin olan şair

 

Bir  ömürlük  şair  ağrı-acısından,  ölümsüz    amansız  ələmindən,  yurd-yuva  yarasından,  gorgah  kədərindən    ahından, ata-ana  nisgilindən  doğan, bir  az  da   dünyəvi   məhəbbət   motivləri  üzərində  köklənən  “Sevgi   Allahı” kitabını  diqqətlə  oxudum.  Bu,  dərdkeş,  Vətən  yarası  üstündə  misra-misra  közərən, çırtdaq-çırtdaq yanan, alovlanan, ağrıların çiynindən hər dəqiqə yıxılan istedadlı şairimiz Nazim Əhmədlinin kitabıdır. Dünya boyda ayrılıq, həsrət, ələm adlı anlamları hər şeirində, hər misrasında, hər bəndində duyduğum  şairin şeirləri məni kövrəltdi. Mən də onun kimi için-için göynədim.

Nazim Əhmədlinin qeyri-iradi, poetik, ağrılı deyimlərinin içində bir qədər boğulan kimi oldum və bir də mənə elə gəldi ki, Nazim yıxılan ucalıqdan mən də yıxıldım. Şair mərhum atası Şamilin nisgilli yoxluğundan, bir də doğulduğu dağların ucalığından yıxılıb. Bu dəhşətli bir şair hüznüdür. İstədim ki, onun kitabının közünü qurdalamaqla, onun dərdinə şərik olmaqla bir növ bu dərdkeş, ələmli şairi ovudum.

Bəli, mənim şair dostum bütün şeirlərində hüznlüdür,kədərlidir,sinəsi ümumbəşəri və Vətən ağrısı ilə doludur. O, həmişə gözünü leysanlara, hamilə buludlara, qaralan üfüqlərə, hələlik bizdən əlçatmazlıqda qalan qarlı dağlara dikib, Qarabağ yarası kimi sızıldayır, qəhərin içində boğulur, sözün ağırlığı, fikrin qətran kimi qaranlığı onu qarsır. “Dünyanın yolları” şeiri  Nazim Əhmədlinin ən ağrılı, düşündürücü, həm də olduqca təsirli şeiridir.Bu şeirdə ata nisgili,ana fəryadı,perik düşən el dərdi,sönən ocaqların köz yeri kimi qaralması, əbədi ayrılıq, ölüm və nəhayət, şair ömrünün  didərginlik  anları birləşir. Adama elə gəlir ki, şairin ayaq  izlərindən doğulan, indi ot kəfənini geyib üzüüstə dağların döşündən yıxılıb heçliyə yuvarlanan yollar bir daha geri dönməz. Şairə elə gəlir ki, buludlar leysan-leysan yıxılır, ağzını yalquzaq  dünyaya açan dərələr cəhənnəm əzabı ilə doludur. O, əzəmətli diyarımızın axar-baxarından, yerində kül qaralan evlərimizin ana laylasından, beşik yuxusundan, bir də yurda keşik çəkə bilməyən, qolları çatılan, dili tutulan, səsi, ünü içində ölən  oğul qeyrətindən yıxılıb. Hər birimizə bir kənd boyda qəbir qazılıb, bu yıxılmalar, bu yoxluqlar həmin şeirdə bir daha mənalaşır:

 

Dağlardan yollar yıxıldı,

Buluddan  sular yıxıldı,

Boyumdan qollar yıxıldı,

Atamın  qolları  idi.

 

Yıxılan çox zaman qalxa bilmir, ya yanıb külə dönür, ya uzun-uzadı, diri-diri zarıncı olur. Fikrimizcə, biz ümumən dünya boyda ağrının ucalığında, bir daşın üstündə tək ayaqla dayanıb ömrümüzün ümidsiz sonsuzluğuna boylanırıq. O ucalıq Nazimin doğulduğu, dünyanın bəlkə də ən uca, ən təmiz, ən ilahi kəndlərindən biri olan Əhmədli idi. O kəndin saçını ala buludlar, ayağını isə coşqun çaylar yuyurdu. O kənd bizim idi, o kəndə hələ düşmən gülləsi dəyməmişdi, o kəndi biz dini adətimizə məxsus şəkildə dəfn edə bilmədik. O kəndin nəşi üstə doyunca, şair kimi ağlamadıq. Ancaq lap uzaqlarda analarımızın “vay kəndim, vay evim, vay ölən igidim” deyimini eşitdik. Küləklər orda ana və bacılarımızın qanlı saçlarını bir-birinə dolaşdırdı. El öz amansız dərdini sinəsinə sıxıb yoxluğa yuvarlandı.Ölkə-ölkə dağıldı, ölən öldü, qalan çadır düşərgələrində sozala-sozala qaldı.Bax, amansızlıq zamanın sərt şilləsi kimi üzümüzə çırpıldı.Bu əsl milli, həm də ümumbəşəri bir faciə idi.

“Biz gedib yox olan yer” şeiri də sanki bizim ümumi yaramızın üstə köklənib, ağrımızdan süzülüb ömür yolumuza tökülür:

 

Könül, nə yağmurdu belə,

Buludlar yıxılan yerdən.

Boynuma bir qol dolandı,

O dağlar yıxılan yerdən.

 

Hardan bu sərin yel əsir,

Obalar dustaq,el əsir.

Fələklər hara tələsir,

Biz gedib yox olan yerdə.

 

Şair qəflətən Qarabağ yaylasının Laçın ucalığından yıxılan gündən dərdini köksünə sıxıb qarışıq və çox alabəzək yuxular görür.Yuxularda başını anasının dizləri üstünə qoyub ecazkar ana laylası ilə uyuyur. Atası Şamil kişi tez-tez onu səsləyir, gözündən yurd yerinə od tökülür, özünü böyük səngərində görür. Sonra üzünü yanmış divarları köz-köz olmuş ata evinin daş sütununa söykəyib, uzaqlara, bir daha yıxılmayacağı ucalıqlara boylanır.Qəfil oyanır, nə yurd yeri,nə ata evi, nə atası, nə də ömrünün xoş cavanlıq çağları və nə də çiçək tamlı, beçə ballı diyarı var, nə də yalın uşaq ayağının saldığı südəmər cığırlar. Bu şair üçün dəhşətdir. Həyat bizi hər an sərt və amansız məngənə kimi sıxır:

 

Əlimdə manqal tutmuşam,

Qolumda qandal, yatmışam,

Ovcumda tonqal çatmışam,

Alışıb ovcumun içi.

 

–-deyən şair şükr edə bilər ki, hələ ağac kimi ayaq üstə ölməyib. Ömür-gün şairə dağ çəkir, gözü görə-görə doğma səs, söz, sənət və gözəllik məbədi olan Qarabağ təbiətin özü boyda tabuta  çevrilib.Bu ağrı ruhunda  ipə-sapa düzülən “Ömür-gün” şeiri təbii və inandırıcıdır.Şairin fikir dərinliyi, məna düzümü, poetik qayəsi şairanədir, ağrılıdır:

         

Saçımdan asdı alnımı,

Fələyim yazdı alnımı,

Dərdimə basdım alnımı,

Alnım – yarımçıq möhürdü.

 

Biz bayaq qeyd etdik ki, şair sanki tikan üstə yatır, gecələr yerinə qor olur, ağrılı yuxular görür. Bu şeirdə də Nazim yenə yuxulara qayıdır:

 

Ömür-gün axı nəyidi,

Ürəyim dərd pətəyidi,

Bu dəli yuxu nəyidi,

Gəl, onu yozaq bir yerə.

 

Nazim Əhmədli indi qəmdən-qüssədən tanrıma çəkilən bir həyat yaşayır.Şairə elə gəlir ki, o, hər dəqiqə kimsəsiz və tənhadır, qəmdən qaçır, ağrıdan bezir, fəqət bu deyimlər artıq onun canına və qanına hopur, bir ovuc külə dönmüş ata-baba ocağına çökən qəm həm də şairi için-için oyur. “Qəm” şeiri  bu baxımından çox dəyərlidir. Şeirdən aydın olur ki, şair özünü bir qəm pərdəsi içində, ah-nalə caynağında hiss edir.Bir növ onun qarsan dərdini içinə çəkib dünyəvi hisslərə qapılır. Bu yerdə kiçik bir misal gətirək.İngilis şairi C.Q.Bayron  yazır: “Şair o zaman böyük olur ki, onun ürəyinin dərin qatlarından təkcə öz fərdi və milli ağrısı yox, ümumbəşəri bir kədər, bir ağrı keçməlidir.”Yəni hər bir şair öz dərdi içindən baş qaldırıb dünyəviləşməlidir. Nazim Əhmədli bir şair kimi geniş diapazonlu, öz poetik mənini möhürləmiş, kövrək duyğulu bir qələm əhlidir. Onun şeirlərində dərin bir lirizm, bir struktur uyarlıq var. Şair heç bir sözü, misranı və bəndi fikirsiz buraxmır.O, hər şeirini poetik yükün  altında sınaqdan çıxarır. Dərd onun başından nə qədər basırsa, o, bir  o qədər yuxarı boylanır, ilkinliyə can atır. Bu, Vətən və onun ağrıları baxımından ona gərəkli görünür. O, dərd çamırlığında boğulmur, digər tərəfdən şair dərddən yuxarı dumanlı, alabəzək olan çox şeyi seçə bilmir:

 

Yarpağam, bükülər canım,

Tüstüyəm, çəkilər  canım,

Toxunma, tökülər canım,

Qurşaqdan  dərdəm  yuxarı.

 

Şairin dərdli səsi göylərə ün salır,buludları silkələyir,dərdin ətəyindən tutub, əflaka ucalmaq istəyir. Fələkləri oyadır, sonra da yenə dəli bir yağmura dönür, buludların gözündə tuluq-tuluq olur, yanıb külə dönmüş ormanlarımıza, 16 ildir alovu, közü sönməyən, tüstülənən evlərimizə tökülür.Fəqət şair bu qanlı-qadalı, tilsimli yolu keçə bilmir. Bu çarəsizliyi sözün kəsəri üstünə yığır:

 

Quş  salar qanad səsimə,

Dayanar külək səsimə,

Oyanar fələk səsimə,

Çığırsam bəmdən yuxarı.

 

Dərd çoxdu, çəkə bilmirəm,

Yol yoxdu, keçə bilmirəm,

Baxıram, seçə bilmirəm,

O nədi, dərddən yuxarı.

 

Şairin anası Firuzə xanıma həsr etdiyi şeir “Dərd” adlanır. Bu şeir də ağrılıdır. Şair oxucuya üzünü tutur, onun bəyaz yuxularını birlikdə yozmağı və düşdüyü dərdin quzğun caynaqlarından necə xilas olmağın yollarını arayır:

 

Anamın durmaz göz yaşı,

Durmaz, qurumaz göz yaşı,

Daşdı, qurumaz göz yaşı,

Dərddi pozaqmı, pozaqmı?!

 

Nazim Əhmədlinin hər bir şeirinin içində bir ağrı düyünü var.Bu düyün nə vaxt açılacaq, şair o dağlara nə vaxt qayıdacaq, anasının və bacısının üzü nə vaxt güləcək, Əhmədli çəmənliyinin çiçəklərindən nə vaxt üzəcək? Bunlar hələ şair üçün sonu görünməyən, cavabı bilinməyən suallardır.

Nazim Əhmədli təəssüf edir ki, nə üçün onun doğulduğu bu axarlı-baxarlı, bu əzəmətli diyar fələyin çarxına gəlib? Nə üçün onun yurd-yuvası belə amansızcasına yağmalanıb, gorgahı daş-qalaq edilib, yolları bağlanıb, aydın üfüqləri qaralıb? Artıq indi onun nə yurdu var, nə ev-eşiyi, nə də hər şeirində vurğuladığı o ucalıqlar.Şeirə diqqət edək:

Yaz gedib, qış qalıb,qardaş,

Yurd  köçüb, daş qalıb, qardaş,

Bağlarım boş qalıb, qardaş,

Yağılar yığıma gəlib.

 

Həm kürəm, həm də ki, bədəm,

Bir canam,bir də ki, bədən,

Bilmirəm, niyə bu Vətən,

Fələyin çarxına gəlir?

 

Əlbəttə, biz kiçik bir yazıda Nazim Əhmədlinin “Sevgi Allahı” kitabında toplanmış bütün şeirlərini bir-bir təhlil edə bilmərik. Bu, bir qəzet məqaləsi üçün artıqlıq edər. Ancaq hər halda çalışdıq ki, Nazim şeirinin ağrılı dünyası şeirinin poetik düzümü və mənası ilə az da olsa oxucuları tanış edək. Onun ümummilli ağrılarını şaxələndirək və deyək ki, bu  şair bəlkə də yurd ağrısından, ata yoxluğundan, ana laylasının  Laçınlı harayından doğulub. Nazim həm də bu ağrıları ilə yanaşı, nisbətən dünyəvi mövzu olan məhəbbət lirikasından, şair emosionallığından da xali deyil. Şair nə qədər dərd, ələm içində qovrulsa da, ali sevgi-məhəbbət hisslərini də dəyərli şəkildə ifadə edə bilir və nəticədə şöhrət qanadlı qəlbə, hissə, duyğuya  hakim kəsilən şeirlər yazır.

Qətiyyətlə demək olar ki, Nazim öz içinə ağlayan, öz dünyası içində əriyən balaca, qara balıq kimi dərd dəryasında çırpınan, sözün dəli haraylarında boğulmayan şairdir. Onun hər bir şeiri təbii və obrazlıdır, deyim tərzi quru fikir və çeynənmiş ifadələrdən xalidir. Onun bütün şeirləri ruhən onun özüdür. Şair hər şeirində çılpaqlıqdan və sözçülükdən uzaqdır. O, bir şair kimi ənənəvi qafiyə pərvazlıqdan, sürüşkən ifadələrdən, quru və cansız fikirlərdən çox-çox uzaqdır. O, sözün qan yaddaşını, qohumluq hissini önə çəkir. Nəticədə kamil,poetik sənət nümunələri yarada bilir.

“Bu gecə,” “Dəli şeir”, “Ağrı”, “Məni özünə dərd elə”, “Həsrət”, “Payız”, “Dağların”, “Bir sən bilirsən” və s. bu kimi şeirləri də ayrıca təhlilə layiqdir. “Ağrı” şeirinin son bəndindəki ümumiləşdirməyə fikir verək:

        

Daha ağlamağa güc də qalmayıb,

Bir məzar eşməyə künc də qalmayıb,

Bütün göz yaşları ağlanıb daha,

Kimlər ağlayacaq məni, nə bilim?!

 

Nazim Əhmədli cinas bayatılarında da ümumi yaralarımızın poetik həllini daha qabarıq verə bilir. Şair doğma Qarabağımızın necə faciələrlə üzləşdiyini tutarlı şəkildə söz üstə kökləyir:

 

Nazim bax, qar apağdı,

Dərd tapan Qarabağdı.

Qoluma çatılan bağ,

Ağ deyil, qara bağdı.

 

Şair hər an hüznlü, kövrəkdir və eyni zamanda özünü soyuq dərd sazağının əlində giryan olduğunu deyir. Və birdən az qalır ki, cikkə çəkib çığırsın ki, “hanı mənim yurdum-yuvam, hanı mənim elim-obam, hanı mənim dərəm, dağım, ecazkar yaylaqlarım, ana beşiyim, ata qayğım və bir də ömrün şirin, dadlı anları?” “Vətən süsləməsi” şeirinin ağrısına baxaq:

  

Üstünə göydən od yağsın,

El-obam hanı, ay Lələ?

Qar yağıb dağın döşünə,

Üşüyür canım, ay Lələ.

        

Fikrimin sonunu Nazim Əhmədliyə müraciətlə yekunlaşdırmaq istəyirəm. Və deyirəm: istedadlı həmvətənlim, şeirlərini bələdçi edib dəli bir həsrətin ovcunda quş kimi çırpına-çırpına mən də o ucalıqlara boylandım. Təbiidir ki, hər ikimizin yarası bir, ağrısı birdir.  Hər ikimiz o ucalıqlardan ağzı üstə yıxılıb, o gorgahlardan uzaq düşüb dərdin ovcunda əzilib muma dönürük. Özün demişkən: Qolum qara bağla bağlanıb, yolları qar basıb, bəyaz buludlar zirvələrin qaşında sırsıra bağlayıb, keybir bulaqlar, coşmuş çaylar məcrasını dəyişib, ormanlar ölüb, çiçəklər matəm libası geyib. Xarı-Bülbül perik düşüb. Mən inanıram ki, dərdimizin sükut buzu tezliklə əriyəcək, biz daha mənalı, daha məzmunlu şeirin qanadlarında yıxıldığımız ucalıqlara doğru dizin-dizin də olsa sürünüb haqqın dərgahına qovuşacağıq. Bax, onda sənin daha ağrılı,daha dəyərli şeirlərin yazılacaq. Adını nə qoyacaqsan, özün bilərsən!

 

Ənvər Əhməd

 

525-ci qəzet.- 2013.- 13 iyun.- S.7.