Milli Elmlər Akademiyasında Xalq
yazıçısı Elçinin 70 illiyi ilə
bağlı elmi sessiya keçirilib
Ötən
gün Milli Elmlər Akademiyasında, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı
ilə, Xalq yazıçısı, professor Elçin Əfəndiyevin
70 illik yubileyi münasibətinə həsr olunan elmi sessiya təşkil
edilib.
Tədbiri
açan institutun direktoru, professor Teymur Kərimli Elçin Əfəndiyevi
obrazlı şəkildə Azərbaycan söz
mülkünün sultanı adlandırıb: “Elçin Əfəndiyevin
istedadı özünü ədəbiyyatın bir çox
janrlarında parlaq şəkildə göstərib. Elə
düşünürəm ki, Azərbaycan ədəbiyyatında
alimliyi yazıçılığına,
yazıçılığı da alimliyinə dov gələ
bilməyən və hər iki sahəni zənginləşdirən
əsərlər ərsəyə gətirmiş iki şəxsiyyətin
adını çəkməli olsaq, mütləq Mir Cəlal
müəllimi və Elçini göz önündə
tutmalıyıq. Mənim fikrimcə, Elçin Əfəndiyev
bir yazıçı kimi hadisələrin səhnə
arxasına keçməyi bacarır və beləliklə,
bütün həyat hadisələrinin mahiyyətini
özü də görür və bizə də göstərir.
Məhz buna görə Elçinin əsərləri bu qədər
həyati və təbiidir. Elçin zəngin mütaliəyə
malik bir sənətkardır. O, artıq 55 ildir ki, qələmi
və elmi ilə Azərbaycan xalqına xidmət edir. Həm də
təkcə Azərbaycan xalqına yox, bütün bəşəriyyətə.
Xalq yazıçısı Elçinin bundan sonrakı
sağlam və mənalı ömrünü də söz
mülkünün abadlaşmasına, Xeyirin Şər üzərində
qələbəsinə, insanların mənəvi təkamülünə,
xalqımızın səadətinə, dövlətçiliyimizin
möhkəmlənməsinə ithaf edəcəyinə
heç bir şübhəmiz yoxdur”.
Akademik
İsa Həbibbəyli Elçin Əfəndiyevin Azərbaycan
ədəbi-ictimai fikir tarixində hərtərəfli şəxsiyyət
– həm yazıçı, həm ədəbiyyatşünas,
həm dramaturq, həm də ictimai xadim kimi qəbul
olunduğunu dilə gətirib: “Hər şey yaradıcı
Elçindən başlayır. Tənqidçi, dramaturq,
ictimai xadim olan Elçin də. Yazıçılıq
Elçin müəllimin hərtərəfli fəaliyyətinin
onurğa sütununu təşkil edir. Onun “Baladadaşın
ilk məhəbbəti” Azərbaycan hekayə janrının ən
möhtəşəm nümunələrindən hesab edirəm.
Onun “Dolça” povesti bu janrın ən gözəl təzahürüdür.
“Mahmud və Məryəm” romanı son yarıməsrlik zamanın
ən yaxşı romanıdır. Onun əsasında yüksək
səviyyəli filmin çəkilməsi də bunu sübut
edir. Bütün bu kimi əsərləri onun Azərbaycan
gerçəkliyinin ən təbii, dolğun və gözəl
şəkildə əks etdirməsinin isbatıdır”.
Professor
Şirindil Alışanlı “Xalqın və sənətkarın
obrazı” adlı məruzəsində Azərbaycan ictimai
fikrində və ədəbiyyatında Elçin Əfəndiyevi
böyük söz sahibi kimi səciyyələndirib: “O bu səlahiyyətə
ömrünün yetmişinci,
yaradıcılığının əllinci zirvəsində
nail olub. Elçin bizim ədəbiyyatımızda
altmışıncı illər nəslinin böyük
nümayəndəsidir. O bizim ədəbiyyatımıza yeni
dəst-xətt, yeni janrlar, yeni nəfəs, yeni qəhrəmanlar
gətirdi. Onun hekayələri, romanları, kinopovestləri bu
gün təkcə bizim ədəbiyyatımızda,
dramaturgiyamızda deyil, dünya səviyyəsinə
çıxacaq əsərlərdir. Bu gün bizim ədəbi-ictimai
fikrimizdə, tənqidimizdə, teatrımızda Elçin Əfəndiyevin
xətti ilə böyük məktəblər var. Bizdə Cəfər
Cabbarlı, İlyas Əfəndiyev teatrı olduğu kimi
artıq Elçin teatrı da formalaşıb və
özünü təsdiqləyib. Elçin dramaturgiyası
olmadan bizim müasir teatrımızı təsəvvür eləmək
qeyri-mümkündür. Elçin böyük hekayə
ustasıdır, böyük romanlar müəllifidir. Həmçinin
Elçin bizim ədəbiyyatşünaslığımızın
və tənqidimizin ən böyük söz sahibidir. O əlli
ildən artıqdır ki, ədəbiyyatşünaslıq və
tənqidlə məşğuldur. Bir çox
monoqrafiyaların müəllifidir, bizim ədəbi prosesləri
ardıcıl izləyən, vaxtında dəyərləndirən
böyük söz sahibidir. Məmməd Cəfər, Məmməd
Arif, Yaşar Qarayev tənqidi olduğu kimi Elçin tənqidi
də var. 70-ci illərin ikinci yarısında ədəbiyyata
gəlmiş tənqidçi nəsrin yetişməsində,
dəyərləndirilməsində Elçin Əfəndiyevin
çox böyük xidmətləri var. Bu gün də
Elçin müəllim böyük enerji ilə, böyük
yaradıcılıq ehtirası ilə həm öz əsərlərinin
tərcüməsi ilə bizim ədəbiyyatımızı
xaricdə təbliğ edir. Biz Elçin müəllimdən
daha böyük, daha sanballı əsərlər gözləyirik”.
Elmi
sessiyada tənqidçi Tehran Əlişanoğlu “Nəsrin və
əsrin yaddaşı”, professor Bədirxan Əhmədov “Milli
dramaturgiyamızda Elçin mərhələsi”, Sara
Osmanlı “Görkəmli ədəbiyyatşünas- tənqidçi”
mövzusunda məruzələrlə çıxış
ediblər.
Məruzələrdən
sonra professorlar Tofiq Hacıyev, Qəzənfər Paşayev
Elçin yaradıcılığı haqqında
düşüncələrini bölüşüblər.
Nizami adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının
sədri, filologiya elmləri doktoru Asif Rüstəmli
adıçəkilən qurumun mükafatını yubilyara təqdim
edib.
Sonda
çıxış edən yubilyar Nizami İnstitutunun
keçirdiyi bu tədbir üçün minnətdarlığını
bildirib və iştirakından məmnunluğunu ifadə edib:
“Mənim üçün bu tədbirdə iştirak etmək
çox xoş bir hadisədir. Çünki mənim həyatımın,
gənclik çağlarımın ilk on ili məhz bu
institutla bağlıdır. Digər tərəfdən isə
Nizami İnstitutu bizim ədəbiyyatımızın
inkişafında çox böyük və səmərəli
fəaliyyət göstərmiş bir elm ocağıdır.
Azərbayan ədəbi tənqidinin, Azərbaycan ədəbiyyatşünaslığının
inkişafında, onun nəzəri bazasının möhkəmlənməsində,
genişlənməsində, dünyanı ehtiva etməsində
bu institutun fövqəladə rolu olub. Burada böyük ədəbiyyat
xadimlərimiz, ədəbiyyatşünaslarımız, tənqidçilərimiz
işləyiblər. Onların bir qismi mənim xatirimdədir,
bəziləri ilə təmasda olmuşam. Unudulmaz akademiklər
Məmməd Arif, Məmməd Cəfər, böyük alimlərimizdən
Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə,
sonrakı nəslin nümayəndələrindən Məsud Əlioğlu,
Bəkir Nəbiyev və digərləri ilə ünsiyyətdə
olmuşam. Onların hamısının adını sayıb
qurtarmaq mümkün deyil. Adını çəkdiyim və
çəkmədiyim bu insanların ruhlarının şad
olmasını diləyirəm, çünki onların
qoyduğu ədəbiyyat ənənəsi bu gün bu
institutda davam edir, ədəbiyyatın inkişafında bu
gün də bu elm ocağı onların dövründə
olduğu kimi fədakarcasına fəaliyyət göstərir”.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 13 iyun.- S.7.