Ey bahar, anama
oxşatdım səni!
Baharın
nəfəsi dəydi üzümə,
Elə bil anamın nəfəsi idi.
Qapıda
qayğılı bir quş oxudu,
Nəğməsi anamın nəğməsi idi.
Əsdi sərin-sərin
xəfif küləklər,
Durnalar göylərdən bir köç saldılar.
Uçduqca
havada göy kəpənəklər,
Qızılı şəfəqlər yarpaqladılar.
Laləli
düzlərin rəngi qırmızı,
Çiçəkli çöllərin
naxışı min-min.
Yağış
titrədəndə körpə yarpızı,
Sandım şah damarı əsdi qəlbimin.
Elə
bil səmada alışdı odlar,
Şimşəklər oynadı, ildırım
çaxdı.
Göydə
gözlərini sıxdı buludlar,
Yerdə çiçəklərin göz yaşı
axdı.
Ey bahar,
qarşıma gülərüz çıxdın,
Anama
oxşatdım, anama
səni.
Ruhuma
hopdurub, köksümə sıxdım
Sənin nəfəsini, sənin nəğməni.
Eşqinlə
köklədim şair eşqimi,
Köçdü təravətin duyğularıma.
Anam
yuxulara döndüyü kimi,
Sən də dönərmisən yuxularıma?
Bir həsrət
üşüdür nədən qəlbimi,
Əlimin altında sinəm ocaqdı.
Nəfəsin
anamın nəfəsi kimi,
Bir
payız gizlicə soyuyacaqdı...
Göz
dikili qalıb sonsuz yollara,
Duyğular ürəyin toyu, yasıdı.
Demə, anam hara, bəs bahar hara? –
İnsan təbiətin bir parçasıdı.
Hər
köçən yarpağın göynəkdi yeri,
Sızlayan budaqlar bir də isinməz.
Bahar
qayıdacaq, dönəcək geri,
Anamın
səfəri sonsuz, tükənməz...
Bir
çiynimdə sevinc, bir çiynimdə qəm,
Qoymadım içimdə ümidlər ölə.
Deyirəm
bir zaman bu bahar kimi
Anam da dünyaya təzədən gələ.
Ey bahar,
anama oxşatdım səni!
Hicranmı dolaşdı, de, yollarında?
Sən hələ,
sən hələ heç gəlməmişdən
Harasa köçürdün xəyallarımda.
13-15.02.2013
lll
Bir ömürdə –
Bir gizli
sevgi yaşadılar...
Görüşdülər
gizli,
Bu
dünyanın sevincini, qəmini
Bölüşdülər gizli.
İki qəlbin
çırpıntılarını
Eşitdilər, duydular gizli.
Oğrun-oğrun
keçdilər
İnsanların axınından.
Nə məclislərdə
birgə göründülər,
Nə küçədə, yolda birgə addım
atdılar.
Nə
toya, nə şənliyə getdilər,
Nə birlikdə şəkil çəkdirdilər.
Vaxt oldu,
sübhədək
O burda, bu
orda yatmadılar,
Hamını aldatdılar.
Təkcə
ürəklərini aldatmadılar
Bu məhəbbət
oğruları...
Yanvar
2013-cü il
Şaiq ölən gün
O dəm,
o an,
O vaxt, o
zaman
İçimdən
ilğımlar, odlar keçən
Səhra idim, çöl idim.
Şaiq Vəli
ölən gün
Mən də
öldüm...
Amma məni
Sonra dəfn
edərsiniz –
ən
sonda...
Şairi
öldürüb,
Ağlamaq nədir? –
bilərsiniz onda...
Bilərsiniz
ölümdən betərdir
Bir ürəyin göynəmi.
Sorarsınız,
nə idi,
Şairin dərdi, qəmi?!
Mən
azdan-çoxdan bilirdim
Şaiqin dərdini.
Şaiq
ölən gün
Hirsimdən
öldürdüm
Olmayan
imkanımı...
Bizi birgə
dəfn edərsiniz,
Bütün
imkansız şairlər
Bir sinif
kimi öləndə...
Bir də
Şaiqin
məzarı üstə
Yovşan
güləndə...
08.02.2013
Dağ çayı
Sıldırım
daşların,
Sərt
qayaların
Tutub əllərindən,
Ətəklərindən
–
Axır dağ çayı.
Əl
uzadıb
Sağ
sahildən,
Sol sahildən
Çiçək
dərir...
Dənizə
tələsir –
Sonsuz dənizə.
Dağlar
uca,
Dəniz
nəhəng...
Belə
kükrəyəsən,
Belə daşasan.
Bir ucadan
ayrılanda,
Bir ucaya
qovuşasan...
15.02.2013
Ürək, ağrımağın
zamanı deyil
Hərdən
gizli-gizli, hərdən aşikar,
Sinəmi göynədən ağrılarım var.
Bir
ömrü isidib, onu yaşadan
Neçə şirin-şirin duyğularım var.
Qoy səni
yormasın yoxuşlar, yollar,
Ürək, ağrımağın zamanı deyil.
Sənsiz
nə karəyəm danışam, güləm,
Bu alovlu
sinəm, bu odlu sinəm
Sevgi təşnəsidir əzəldən, bilsən.
Çox əllər
tutsa da bəzən əlimdən,
Yüz əl itələdi geri sinəmdən.
Yaxın
gəl, düşünək, bir sən, bir də mən,
Ürək, ağrımağın zamanı deyil.
Təkcə
sevinc deyil, bilirəm, həyat,
Beş-on işləyib, yorulur saat.
O,
zamanı sayır, sən ömrü saydın,
Çox
çətin olardı sən vurmasaydın,
Xeyirxah, rəhmli, mərd olmasaydın.
Geriyə
baxanda dönərək indi,
Qəlbimdə nə qədər suallar dindi.
Atəşindən
illər, günlər isindi,
Hərdən
yorulanda, fikrə dalanda,
Sən mənə
söylədin – həyat şirindi,
Ürək, ağrımağın zamanı deyil.
Nə
çəkmişik, bilən olnsuz biləcək,
Ötən çox günləri ulduz biləcək.
Dostlar kədərlənib,
düşmən güləcək,
Darıxma,
ürəyim, olanlar olur,
Bir
gün ağrımağın vaxtı gələcək,
İndi ağrımağın zamanı deyil.
17.02.2013
Özüm bilə-bilə
Səni
soraqladım, səni axtardım,
Dolandım yaxını, gəzdim uzağı.
Arzum, həsrətim
oldun,
Bunu məndən
yaxşı kim bildi axı?!
Elə mənim dedim, mənim olmadın,
Könlümə,
ruhuma axıb dolmadın,
Sakit həyatıma
kəsildin qənim,
Uzaq ulduz kimi, gözəlim mənim.
Hər səhər,
hər axşam yolunda durdum,
Küçənizdə
bitən salxım söyüdün
Ürkək
tellərini oxşadım, hördüm,
Ona ürək verdim, o, sən deyilsən.
Bəlkə
həsrətim də uçub gedərdi,
Söyüdtək üstümə bir yol əyilsən.
Yox, indi
bunu da istəmirəm mən,
Gözümdən düşərsən bir gün əyilsən.
Arxanca
kölgətək sürünəsiyəm,
Özüm
bilə-bilə mənim deyilsən...
Bağışlamaz
Olarmı bu eşqi salmamaq yada?
Hesabı hesaba qatma heç zaman.
Çiynində
xalqının əli varsa da,
O əli
çiynindən atma heç zaman!
Alovlara
çaxıl, odlara qalan,
Günəşə
üz çevir, aydan daldalan,
Xalqa
üz çevirmə, xalq bağışlamaz!
Tanrı
bəxşişiyik, doğuluruq biz,
Ata
çörəyilə, ana südüylə
Güclənir dizimiz, vurur qəlbimiz.
Naxələf
yaransaq mindən birimiz,
Ata
bağışlayar, ana unudar,
Xalqa xəyanəti
xalq bağışlamaz!
Onsuz da
qısadır ömrün möhləti,
Xalqdan
uzaqlarda gəzmə şöhrəti,
Gözləsən, sən ondan gözlə hörməti.
Dolanıb
gizlində, gəzib xəlvəti,
Adına
nahaqdan yazsan töhməti,
Allah
bağışlayar, xalq bağışlamaz!
27-28 fevral2013.
Şəmkir,
Dəllər-Cəyir
Atamın şəkli
Bir yanda
saatın dəmir əqrəbi,
Bir yanda zamanın suları axır.
Başımın
üstündə atamın şəkli,
Gözləri gözümün içinə baxır.
Mənim
iş otağım, mənim öz dünyam,
Kitablar, varaqlar, sözüm-söhbətim.
Burda
çarpışıram hər səhər, axşam,
Xəyaldı, sualdı ömür möhlətim.
Dünəndə nə qaldı? – Bir həsrət yeri,
Anlar, dəqiqələr sanlı, çəkili.
Zaman
ötüşdümü – qayıtmır geri,
Mənə
nələr demir atamın şəkli!
Atalı
anlar da xatirə olur,
Analı dünya da xatirə olur.
Elə
zaman gəlir, elə vaxt gəlir
Gördüyün röya da xatirə olur.
Şəkil
mənə baxır sağdan, solumdan,
O, mənim
ömrümü-günümü sayır.
Mehriban-mehriban
tutur qolumdan,
Bir arzu qurtarır, biri başlayır.
Vaxtın
hesabını istəyir məndən,
Arzular sevdalı, ömür istəkli.
Daha
çoxdan çıxıb şəkilliyindən,
Atamın özüdü atamın şəkli.
Vaxtı
sakit-sakit seyr eləsək də,
Vaxt gəlir sükut da haray qoparır.
Atamın
şəkili tutub əlimdən,
Məni haralara çəkib aparır?!
İnana
bilmirəm ömrün hökmünə,
Könlümə uşaqlıq həvəsi gəlir.
Atamın
şəklinin qaçır üstünə,
Atamın oğlunun nəvəsi gəlir.
Sizdədir
mənası uzaşan anın,
Şəkillər, şəkillər,
sirr-soraqsınız.
Başına
dolanım qoca dünyanın,
Biz
qurtaran yerdə – sizlər varsınız!
28 fevral 2013.
Şəmkir,
Dəllər-Cəyir
Qara qarğa,
sənin neçə yaşın var?
Yurda gəldim,
sən də gəldin qəfildən,
Nələr
keçdi xəyalımdan, biləsən!
İllər
ötür, oxuyursan hələ sən,
Qara qarğa, sənin neçə yaşın var?
Hər
ağacın qoynu sənə bir xana,
Burda məni gözləyərdi bir ana.
Könlün
olsun könlüm kimi virana,
Qara qarğa, sənin neçə yaşın var?
Çəmən
idi bu yerlərin yanı bəs,
Sən gördüyün o insanlar hanı bəs?
Avazından
zara gəldim, bəsdi, bəs!
Qara qarğa, sənin neçə yaşın var?
Yerdə
gəzib, göydə qanad çalırsan,
Güzarını hara gəldi salırsan.
Biz
gedirik, sən sonraya qalırsan,
Qara qarğa, sənin neçə yaşın var?
Hicran nədi
bilməmisən hələ sən,
Öldüm
getdim, səni görüm öləsən!
Gərək
elə mən gələndə gələsən,
Qara qarğa, sənin neçə yaşın var?!
Üşüməsə
tər çiçəklər solarmı,
Bəxtəvər
gül ləçəyini yolarmı,
Üç
yüz il də ömür sürmək
olarmı –
Qara qarğa, sənin neçə yaşın var?!
Ömür
keçdi, qocalıram ha, demə,
Yaxşı-yaman gördüyünə “qa” demə.
Dediyini,
aman gündü, ta demə –
Qara qarğa, sənin neçə yaşın var?!
27-28 fevral.
Şəmkir,
Dəllər-Cəyir
Köhnə soyuducu
Zamana
qovuşur saat da, an da,
Uzaq həqiqətlər yaxın xəyaldı.
Köhnə
soyuducu yol kənarında
Yadıma qəmli bir hekayət saldı.
Şəmkirdə
olmuşdu çox illər əvvəl,
Xəyala gələndə fikir də çaşır.
Dünənə
yetməyir uzandıqca əl,
Ürək yüklənəndə, vaxt
yaxınlaşır.
İnsana
hər zaman gülmür arzular,
Kim deyir uşaqlıq dərddən uzaqdı?
Ömrün
baharı var, ömrün qışı var,
Gün
var ki güneydi, gün var sazaqdı.
Qayğısız
uşaqlar, qəmsiz uşaqlar
Gizlənpac
oynadı günün bir günü.
Kim bilir
qarşıda axı nələr var,
Kim öncədən bilir, de, öldüyünü?
Biri kol
dalında, birisi ağac,
Hərəsi bir yanda daldalandılar.
İndi
tapacağam!
Tez ol,
gizlən, qaç!
Hər
sadə sözdə də bir zabitə var.
Birdən
qanad çalır ölüm mələyi,
Köhnə
soyuducu sanki “gəl!” – deyir.
Qopur
fırtınası, əsir küləyi,
İnsana
son sözü tək əcəl deyir.
Köhnə
soyuducu – ölüm beşiyi,
Qaçıb
bu beşikdə gizlənir uşaq.
Dostları
axtarır evi, eşiyi,
Ölüm
harda tapır – əcələ bir bax!
Çöldən
açılaydı gərək qapısı,
Gizlənən
can verir, tapan ləngiyir.
Burda
yorğun düşür uşaqlar hamsı,
Orda “öldüm!” – deyib, nəfəs təngiyir.
Unuda
bilmirəm bu hekayəni,
Atını hər yerdə çapıbdı
ölüm.
İşə
bax – ən güclü o gizlənəni
Bağlı
sandıqda da tapıbdı ölüm...
Fevral 2013
Taleh Həmid
525-ci qəzet.- 2013.- 15 iyun.- S.30.