Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

 

 

 

(Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi)

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

(1917-aprel 1918)

IV cild

 

Bizim federalistligimizə müariz çıxan millətdaşlara Avstriya sosial-demokratı Şpingeri iqtibas edib diyorlardı ki: “Şpirengircə millət yerə bağlı olmayıb bir cameəti-şəxsiyyətdir. Ona görə də millətin hüququ muxtariyyəti-şəxsiyyə (şəxsiyyəti-təbiyyə) ilə təmin oluna bilər”. Fəqət rəyi-federalizm əleyhində iqtibas olunan bu aləmi sosial-demokrat belə federalizm əleyhində degil, tam lehindədir. Baxınız nə diyor: “gülməli degilmidir ki, Almaniya kibi bir növdən olan cameət (Kalifkinyev) müttəfiq dövlət olsun da, heyəti-daxiliyyəsi ilə bu qədər müxtəlif növ və cinslərdən təşəkkül edən Avstriya müttəhid bir dövlət təşkil etsin? Məgər Avstriyaya nisbətlə bir millətdən olub da şivələr arasındakı fərqi Avstriyaya nisbətlə heç mənziləsində olan İtaliyada federasiya tərəfdarlığı gündən-günə artmıyormu? Fransada gündən-günə federasiya lehinə qalxan səslər yüksəlmiyormu? Digər tərəfdən dünyanın hər tərəfində təcrübələr edildikdən sonra aya, həqiqətən də adamlar tapıla bilərmi desin ki, federasiya zəifdən ibarətdir”.

Doğrudur ki, dünyanın böyük amillərindən birisi iqtisaddır. Doğrudur ki, iqtisad tərəqqi etdikcə millətlər arasında uzaqlıq götürülüb, ittifaq və ittihad hasil oluyor. Bu ittihad mədəni cəmaət daxilindəki əfrad arasındakı ittihad və ittifaqdan artıq degildir. Cəmiyyət bədəvi ikən əfradı o qədər də özünü biri-birinə mərbut hiss etmiyor. Bunun üçün də taifələrlə illər arasında sülh bərpa olmayıb daima daxili vuruşmalarla məşğul oluyorlar. Halbuki mədəni bir cəmiyyətdə bu toqquşma yox. Fəqət bununla bərabər kim iddia eliyər ki, mədəni bir insan nəfsən və fərdən bədəvi bir insandan daha ziyadə müstəqil, daha ziyadə muxtar degildir. Millətlərin ittifaqı da böylədir. Federasiya dəxi bu mənaya malikdir.

Doğrudur ki, iqtisad millətləri yaxınlaşdırıyor. Fəqət bu da doğrudur ki, iqtisadiyyat millətlərin muxtariyyət və istiqlalı sayəsində tərəqqi ediyor.

Hər millətin özünəməxsus sosial-demokrat firqəsi var. Bu firqələrin hamısı iqtisadi məqsəddə bir ikən tərzi-hərəkətdə ayrılıyorlar. Hətta Rusiya daxilində yaşayan bütün məhkum millətlərin özlərinə məxsus müstəqil əmələ firqələri vardır. Bunlar sinfi mübarizələrini davam etdirdikləri zaman milli intereslərini də tutamıyorlar. “Palevensiyon” namində bir yəhudi sosial-demokrat firqəsi vardır. Bu firqənin məramı bilirsinizmi nədir? Bütün yəhudiləri dünya üzüündən yığıb da Fələstində bir yəhudi hökuməti vücuda gətirmək – sionizm tərəfdalığı, əcəba, proqramının başında “Bütün yəhudi füqərayi-kasibəsi birləşin!” şüarını yazan bu əmələ firqəsinə nə lazım olmuşdur ki, əsatirlər içində yox olub getmiş yəhud hökuməti tazədən ehya etməgə çalışıyor? Sosialist ikən “vətəni ruyi-zəmin, milləti növi-bəşər degilmidir?”. Görünüyor ki, degildir. Neçün?

Baxalım bu suala “Palevensiyon” özü nə diyor. O diyor ki: kapitalın xasiyyətində mərkəzləşmək vardır. Fəqət hər milli kapital istər ki, bu mərkəz onun vətənində olsun. Bütün dünya əmələləri kapitala qarşı mübarizə edirlər. Fəqət milli kapital ilə mübarizə etmək və əmələnin bir məhəll daxilində, bir vətəndə olması sərmayə ilə mübarizəni yüngüllətiyor. Bu gün yersiz, yurdsuz olan yəhudi əmələsi daimən gəzmək, səyahət etmək, qaraçı kibi buradan-ora getmək məcburiyyətindədir. Yəhudi əmələsinin bu səyyarlığı kəndisini məcbur ediyor ki, gəlginli olduğundan yerli əmələ ilə rəqabət etsin. Zəhmətini ucuz satsın. Çünki böylə etməzsə müşkülat çəkər, bununla yəhudi əmələsi həm özünü müşkülata salır, həm də yerli əmələnin mübarizəsini çətinləşdirir. Bundan isə ümumdünya əmələlərinin kapitala qarşı mübarizəsi mütəzərrər oluyor. Halbuki xüsusi bir yəhudi hökuməti və milli bir dairə olursa, o zaman yəhudi əmələsinin halı daha yaxşı olub mədəniyyət və sosializm yolundakı mübarizəsi də müvəffəqiyyətli olar.

Görüyorsunuz ki, heç bir yeri-yurdu olmayan yəhudi əmələsi belə ali sosializm fikri naminə yurd arıyor. Süni bir surətdə olsa da yəhudi səltənəti vücuda gətirmək arzusunu bəsliyor. Görünüyor ki, milli-mədəni muxtariyyət üsulu yəhudi millətini, yəhudi külliyyətini (massasını) belə qane etmiyor. Yəhudi demokratiyası ərzi-mövudini hala arayıb duruyor.

Əcəba, biz nə cür adamlarız ki, dünyanın ən böyük bir millətinə mənsub ikən, Rusiyanın ərazicə ən böyük bir qisminə malik ikən yer, yurd qədrini biləməz bir hala gəliyoruz. Yoxsa bolluq içində böyüdügümüzdən ərköyün uşaqlar kibi nemətin qədrini bilmiyoruz. Yoxsa gözlüyoruz ki, “mövcud”umuzu itirib də sonradan “mövud”lar arxasınamı düşəlim?!

Yəqin ki, böylə olmaz. Rusiyada yaşayan bütün türk əqvamı federasiya lehində olduqlarını elam ilə muxtariyyət istədiklərini elan etdilər. Bu elanlar ilə şübhəsiz ki, onlar öz məqsədlərini qandıqlarını isbat etdilər. Həm bütünlüklə mədəniyyətə, tərəqqiyə, demokratizmə də qarşı getmədilər.

Karl Marks ilə Lassal əmələ firqəsinin bəyannaməsini yazdıqları zaman bu bəyannamənin başına “Cümlə cahan füqərayi-kasibəsi toplaşın!” deyə yazmışlardı. Bu cümlə imdi dəxi bütün sosial-demokrat firqələrinin müqəddəs şüarıdır. Fəqət bu müqəddəs şüar bütün dünya millətləri birləşməyincə mümkün degildir, qövldən-felə çıxamaz. Daima arzu halında qalıb da bir həqiqət şəklini alamaz. Bütün dünya millətləri hər kəs öz yer və yurdunda müstəqil və muxtar olaraq başqa müstəqil və muxtar millətlərlə ittifaq etməzsə, füqərayi-kasibənin toplaşması da mümkün olamaz. Buna görə də hər millətin demokratiyasına fərzdir ki, bəşəriyyətin qəsd etdigi uzaq niyətinə çatmaq üçün füqərayi-kasibəyi ittihada dəvət etməkdən əvvəl və ya onunla bərabər dünya millətlərini də ittifaqa çağırsın və “cümlə cahan füqərayi-kasibəsi toplaşın!” şüarilə bərabər desin ki:

 

“Cümlə cahan millətləri anlaşın!..”

M.Ə.Rəsulzadə

“Açıq söz”, 25 iyul 1917, ¹528

 

 

 

Cərh – yaralama, biabır etmə

Vase – geniş

Müariz – etiraz edən

Əhya – diriltmə, bərpa etmə

Vahi – boş, əsassız

Mövud – vəd edilmiş

Ruyi-zəmin-yer üzü

Amil – faktor

 

 

 

Ətrafın bitişdirilməsi

 

 

 

Bələdiyyə seçkiləri münasibətilə şəhər ətrafının dəxi şəhərə bitişdirilməsi xüsusunda bir məsələ qalxmışdır. Bu məsələyi qaldıran sol sosialist firqələridir. Bunların tələbinə görə bütün mədənlər dəxi şəhər qələmrovuna tabe olub Balaxanı, Sabunçu, Binəqazi, Beliqorod, Bibiheybət nə kibi varsa hamı mədənlər şəhərdən hesab olunub, buradakı əmələlər dəxi şəhər seçkilərinə iştirak eləməlidirlər. Vəqtilə bu məsələ əmələ və sosialist dairələrində şiddətlə bəhs olunaraq tələb olunurdu ki, duma bu təklifi qəbul eləsin. Bəziləri bütün əmələ mədən rayonlarının birdən-birə şəhərə bitişdirilməsinin qeyri-mümkün olduğunu qanaraq bu tələbi uzaq bir zəmanə qədər təxir etdirərək imdiki zamanda isə Beliqorod ilə Bibiheybətin bitişdirilməsi lehində duruyorlardı.

Sonra bu məsələ qanunən həll edilməsi lazım gəldigini nəzərə alıb məsələ yalnız bir arzu halında qalaraq hələlik şəhər seçkilərinin ancaq şəhər daxilində icra olunması təhti-qərarə alınmışdır. Bu qərarə görə dəxi şəhər seçkiçilərinin siyahısı ancaq şəhər dairəsinə məxsus olaraq hazırlanmağı, tərtib və təzim olunaraq çap olunmağı və bu gün, ya sabah elan olunacaqdır.

İşlər qurtarmaq üzrə ikən mədənlərin şəhərə bitişdirilməsi məsələsi təkrar ortaya düşmüşdür. Keçəndə bir kərə seçki komitəsinin iclası vəqti icraiyyə komitəsinin rəisi Melnikov cənabları komitə rəisinə bildirmişdir ki, kənardakı mədən dairələrinin şəhərə bitişdirilməsi məsələsi icraiyyə komitəsində baxılacağından siyahıların elanı ayın 27-nə qədər baxılmasın.

Məsələnin tazədən baxılması əcəba, necə ola bilər. İcraiyyə komitəsinin ən çox edə biləcəgi bir şey varsa bundan ibarət ola bilər ki, şəhər dumasına yazar, bu məsələnin baxılmasını tələb edər. İmdiki şəhər duması isə məlum işdir ki, bu xüsusda “hə” degil, “yox” cavabını verəcək. O zaman demək ki, xüsusi Zaqafqasiya komitəsinə müraciət etmək, sonra ixtilafın həlli üçün müvəqqəti hökumətə getmək lazım gələcək. Bu isə azı ay yarım vəqt istəyəcək. Bu qədər təxirə nə işin, nə də zamanın təhəmmülü vardır.

İştə, bu mülahizələrlə çox güman var ki, tazə qaldırılmış olan bu əsaslı məsələ həll edilməyib qalar və qalması da imdiki zamanda işin mənfəətindəndir. Məsələnin əsl əsasına gəlincə söyləməliyiz ki, bir kərə Balaxanı, Sabunçu və sair uzaq mədən dairə yerinin şəhərə bitişdirilməsinə qətiyyən lüzum da, imkan da yoxdur. Çünki bu yer çox maneələrə düçar ola bilər. Çünki bu məhəllələr şəhər ilə felən bitişik degildir. Beliqorod ilə Bibiheybətə gəlincə, bunlar həqqində bir az başqa dürlü düşünmək mümkündür. Çünki bu yerlər felən şəhərə bitişmişdir və bir növ şəhər həyatı ilə yaşamağa başlamışdır. Buna görə də bu xüsusda vaqe olan tələblərdə bir növ məntiq görülə bilər. Yalnız bu qədər var ki, sol firqələr burasından bəhs edərkən bu rayonlar daxilində olan mədənlərdən bəhs ediyorlar, bu mədənlər daxilində olan kəndlərdən məsələn: Keşlə, Əhmədli, Zığ və Bibiheybət kəndlərindən söz açmıyorlar. Bərqərəz Bibiheybət ilə Beliqorod mədən dairələrini şəhərə bitişdirmək lazım gələrsə heç şübhəsiz ki, fövqüzzikr kəndlər də şəhərə bitişdirilməlidir. Başqa dürlü təsəvvür eləmək müsəlman demokratiyasının mənfəətinə köz dürtmək deməkdir.

 

M.Ə.

“Açıq söz”, 28 iyul 1917, ¹531

 

 

 

Harada mədən, orada bən!

(Mədənlərin bitişdirilməsi münasibətilə)

 

 

İcraiyyə komitəsinin neft mədənlərinin də Bakı şəhərinə bitişdirilib bu surətlə bələdiyyə seçkilərinə başlanmasına qərar verdigi məlumdur.

Mədənlərin şəhərə bitişdirilməsi məsələsini qalxızanlar Fəhlə və Soldat Vəkilləri Şurasıdır. Bu xüsusda ən çox səy edənlər sol fəhlə firqələri, bilxassə bolşeviklərdir. Bunların bu xüsusda israrlarından məqsədləri bəllidir, istiyorlar ki, hər nə süni yol ilə olsa da Bakı dumasının gəlirini öz əllərinə keçirsinlər.

Mədənlərin birdən-birə götürülüb də şəhərə bitişdirilməsi, hər nə qədər bu məsələ əcələ surətdə həll olunmaq istənilərsə də, böyük bir məsələdir. Bunun həlli ətraflı mübahisə, ciddi məlumat istər. Bu biri-birindən ayrı olub kəndinə möhtac dairələrə malik topraqları bir idarə altına almaq təsəvvür olunduğu kibi asan məsələlərdən degildir.

Bu məsələyə bağlı çətinligi müsəlləm bir çox məsələlərlə bərabər mədənə yaxın olan kəndlərin də məsələsi vardır. Fəqət partiyaları layihəsində bu məsələ qətiyyən nəzərə alınmamış, ancaq mədənlərdən bəhs olunmuşdur. Yalnız müsəlman komitəsi adamlarının etirazından sonra sosialistlər razı olmuşdur ki, bu günə qədər mədəndəki kəndlərin rəyləri bilinsin, əgər onlar şəhərə bitişdirilmək istərlərsə, o zaman onlar da mədənlərlə bərabər şəhərə bitişdirilsinlər.

Məlum işdir ki, bu qədər böyük bir məsələdə üç günün içində kəndlərin rəylərin almaq müşkül bir əmrdir. Fəqət bu müşküli icraiyyə komitəsi tərəfindən seçilən üç nəfərdən ibarət komisyon asanlıqla həll etmək istəmiş, gecə ikən kəndlərə komissar göndərib xəbər elətdirmişlər ki, sabah saət 9-a qədər deməlisiniz görək şəhərə bitişmək istiyorsunuz, ya yox?

Bittəbii kəndlilər neçün böylə əcələ bir surətdə divara sıxıldıqlarının səbəbini anlayamamışlar. Nə cavab verəcəklərini bir dürlü təyin edəməmişlər. Əlbəttə edəmməzlər də.

Mədənlərin xüsusi bir idarəyə malik olmaları məsələsi böyük bir tarixə malik məsələlərdəndir. Neft mədənçilərinin bu xüsusda müəyyən layihələri olmuş, bu layihələrlə onlar vəqtilə istəmişlərdi ki, mədənləri xüsusi surətdə özünü idarə edir bir şəklə qoysunlar. Zemstvo məsələsinə baxıldıqda dəxi neft mədənçiləri mədənləri ayrıca başlı-başına bir zemstvo vahidi etmək fikrində idilər. Bu fikrə isə müsəlmanlar daima qarşı gəlmişlər və bu ayrılmaq qəsdilə həmişə mübarizə etmişlərdir. Çünki kəndlərin, uyezdin mülkündə əmələ gələn mədənləri ayrı bir idarəyə ayırmaq, mədən yanındakı kəndləri başına buraxmaq onları ölümə məhkum etmək deməkdir. Kəndlərlə mədənlər biri-birinə mərbutdur. Kəndlərin məişəti mədənlərə bağlıdır. Mədən onları təbii kənd həyatından məhrum eləmiş. Bu gün ayrı bir idarəyə ayrılarsa, o kəndlər qan damarları tutulmuş fəlc bir bədən halına gələrlər ki, bu dünyanın ən dövlətli, qızıl fantan üstündə əgləşdikləri zamanda yoxsul bir halə gəlməkdən ibarətdir. Necə ki, bu vəqtə qədər sovet syezdi fəhlələrin tələbinə müqabil az-çox nə kibi xəstəxanələr açmış, məktəb təsis eləmiş, yol çəkmişsə, bunların hamısında mədən içindəki kəndləri unutmuşdur. Kəndlilərin bu ümumi müəssisələrdən faidələnməgə həqləri yoxdur.

Burada anlaşılan odur ki, kəndlərlə mədənlərin müqəddəratı birdir. Mədənlərlə kəndlərə məxsus yaxşı olardı ki, bir zemstvo vahidi təşkil etmək həqqi verilə idi. O zaman Bakı uyezdi mədənlərdən gələn milyonlarla gəlirdən faidələnib müasir və abad olardı. Əgər zemstvo degil, mədənlərin şəhərə bitişdirilməsi qəti surətdə qəbula keçərsə, o zaman yenə də kəndlərin mənfəəti mədənlərdən ayrılmamaqdadır. Mədən ət isə kənd sümükdür. Sümügü ətdən ayırmaq olmaz. Mədənlər kəndlərin qan damarlarıdır. Kəndləri qansız buraxmaq olmaz. Mədənlər ətraflarındakı kəndlərin təbiiligini, məkarətlərini, kəndliklərini əllərindən almışdır. İmdi qətiyyən həqli degildirlər ki, onlar suyu, şirəsi sıxılmış yaramaz puçal kibi atıb tapdalansınlar. Kəndlilər tapdanağa razı olmamalıdırlar. Kəndlərin bu məsələdə ayrı məsləkləri ola bilməz. Onlar üçün burası müsəlləm olmalıdır ki, “bizə mədəndən ayrıldı yoxdur”, “harada mədən orada bən” – iştə, mədənlə əlaqədar olan kəndlərimizin verəcəgi qərar.

Fəqət bu qərarı aydın surətdə qəbul edə bilmək üçün kəndistana vəqt lazımdır. Kəndistan divara sıxışdırılıb ultimatumvari cavaba məhkum etdirilməsin. Köhnə polis idarəsinə yaraşan bir surətlə kəndisinə gedilib də “tez ol, bu saət de görüm bitişmək istiyorsunuz,yoxsa yox!” kibi məchul suallarla kəndisinə müraciət olunmasın. Bu xüsusda lazımdır ki, onlara heç olmasa bir həftə, on gün möhlət verilsin. Bu möhləti kəndlilər özləri də ala bilərlər. Onlar heç də məcbur degildirlər ki, bu kibi əsaslı məsələdə ildırım surətilə cavab hazırlasınlar. Qoy hər bir kənd düşünsün və desin:

 

Harada mədən orada bən!

M.Ə.Rəsulzadə

“Açıq söz”, 30 iyul 1917, ¹532

 

 

 

Məkarim – nəcib əməllər

Müsəlləm – şübhəsiz, tapşırılmış

Əmələlərlə mədənçilər

 

 

 

Mədən əmələlərinin mədən sahiblərinə təqdim  elədikləri şərikli iş şərait və tərifəsi son günlərdə əmələlərlə mədənçilərin münasibatında ciddi hallar vücudə gətirmişdir.

“Kollektivni doqovor” denilən əmələ şərt və qiymətləri aylardan bəri neftçilərə təqdim olunub müzakirə olunmuş, uzanmış. Bu günə qədər gətirilmiş, imdi isə mədənçilər tərəfindən rədd edilmişdir.

Əmələlər məişətin bahalığını ortaya çəkərək tələb ediyorlar ki, muzdlar bu bahalıq nisbətində artırılsın. Tainki əmələlər 1914-cü ildəki kibi dolana bilsinlər. Əmələlərin bu hesabla təqdim elədikləri tərifəyə görə günəmuzd əmələ 9 manata işləməlidir. Sair qiymətlər dəxi bu qərar ilə olmalıdır.

Buna müqabil mədənçilər ağlıyor, göyniyorlar. Mədənlər buna təhəmmül etməz, diyorlar. Çünki neftin qiyməti qanunən sabitdir. Bu qədər artıq mahyanələr verildigi təqdirdə mədənlər dayanamaz, zərər çıxararlar. Buna görə də neftin qiyməti artırılmayınca vaqe olan tələbləri qəbul edəmiyəcəklərində israr ediyorlar.

Mədənçilərin bu bəyanını məsai komissarı Ramişvili cənabları da həqiqətə müvafiq bulur, əmələlərə təklif ediyorlar ki, neft qiyməti məsələsi həll oluncaya qədər bir-iki aylıq avans almaqla iktifa etsinlər.

İki gün əvvəl bütün zavod komitələrindən ibarət olan əmələ konferensiyası bu məsələyi müzakirə edərək mədənçilərin təklif elədikləri avansdan qətiyyən boyun qaçırıb, “kollektivni doqovor”un qəbul edilməsi üçün israr eləmiş və buna görə də Petroqrada teleqraf çəkmişdir. Konferensiyanın göndərdigi teleqrafda əhvalın təhdidamiz olduğu qeyd olunuyor, bu təhdid şübhəsiz ki, bütün əmələlərin ümumi tətil elan etmələrindən ibarətdir. Teleqrafa nə cavab gələcəyi hələ məlum degildir. Fəqət əmələlərin tətilə hazırlaşmaqda olduqları görülüyor. Bu xüsusda hətta xüsusi bir heyət dəxi intixab edilmişdir ki, bu heyət “əmələlərin mübarizəsini” idarə etsin.

Konferensiyada tədbir olaraq neft mədənçilərindən bəzisinin haman tutulub həbsə salınmaları təklif olunuyordu. Böylə ifrat tədbirlərə qədər gedən cərəyanın mövcud olması ilə elan oluna biləcək ümumi tətilin qeyri-müntəzir bir takım müşkilatə dəxi meydan verə biləcəgi möhtəməldir.

Hər halda neft mədənləri bir hali-böhran keçiriyor. Bu böhranın məmləkət mənafei nöqteyi-nəzərindən nə dərəcədə mühüm olduğunu söyləmək artıqdır. Bakı bütün paravozların, müdafieyi-vətənə işləyən zavodların ən gərəkli bir üzvüdür. Neft mədənləri dayandıqda bütün Rusiya texnikası bir növ fəlc halına gəliyor. Bunun üçün Bakıdakı mədən böhranı bir növ məmləkət böhranı deməkdir. Onun üçün bu məsələnin dövləti bir əhəmiyyəti vardır. Burasını nəzərə alaraq Tiflisdən fövqəladə bir surətdə Bakıya məxsus bir komisyon göndəriliyor ki, böhranı keçirməyə çalışsın.

Komisyon böhranı yatırtmaya müvəffəq olacaqmı, yoxmu əlbəttə, bunu görəriz. Şübhəsiz ki, əmələlərdən təhəmmül istəniləməz, vətən üçün qoy bir az da sərmayə sahibləri düşünsünlər. Fəqət böhranın zail olması üçün bir tərəfdən mədənçilər təzyiq olunduğu kibi, digər tərəfdən də əmələlərə icrai-təsir olunmalıdır ki, tələbnamələrində ifrata varmasınlar. Çünki neft qiymətinin artırılması ilə bərabər verilən ifrat tələb bir çox mədənçilərin iflasını mucib olar ki, o zaman əmələlərin özləri zavodları, mədənləri əllərinə alıb idarə etməyi lazım gətirər. Bu isə bir çox müşkilatə və nəticəsi qaranlıq tədbir və təşəbbüslərə səbəb ola bilər.

Hər halda Bakı ciddi bir böhran ilə üz-üzə gəlmiş, bunun müvafiq bir surətdə həllini isə yalnız Bakı degil, bütün məmləkət gözliyor.

M.Ə.

“Açıq söz”, 1 avqust 1917, ¹534

Milisya təşkilatı

 

 

 

Tazə idarənin paydar olmasıyla köhnə idarələr, bilxassə polisə idarələri dəgişməlidi. Qara Nikolay əsrinin hər növ fənalıqlarına adət edən rüşvətxor, müstəbid, müşərrəf qulluqçular çıxarılıb, yerinə milis təyin olunmalıdı. Milis xəlq tərəfindən təyin olunan məmurlardır ki, şəhərin inzibatına, qaidə və nizamla dolanmasına baxar. Köhnə üsuli-idarədə “qarodovoy” mənsəbinə tazə istilahla “milis” denilir. Fəqət fərq yalnız isimdə degil, müsəmmada da olmalı, ona görə də “milis” qarodovoya bənzəməməlidir.

Bu vəqtə qədər Bakıda cəmaətin özündən seçilmə milisi yox idi. Milisin vəzifəsini əskərlər görüyorlardı. Əskərlərin milis vəzifəsində olduğunun nə qədər qeyri-təbii olduğunu neçə aylıq Bakı təcrübəsi dəxi göstərdi. Şübhəsiz ki, bu müvəqqəti bir tədbir idi. Bu müvəqqəti tədbir imdi daimi tədbirə əvəz olunmaq istənilir. Bakı şəhəri milis naçalnikinin qəzetələrlə elan elədiginə nəzərən tazə milis təşkilatına başlanılmışdır. Bu elanda göstərilən şərtlərə görə milis ayda yüz manat məvacib alacaq, kazarmalarda olacaq. Milisligə qəbul tərtibi isə böylədir: milis olacaq adam 20 yaşından kiçik olmamalıdır. Savadlı olmalıdır. Şəxsini göstərən sənəd göstərməlidir. Əskərliklə olan münasibatını bildirməlidir. Şəhadətnamə göstərməlidir ki, martdan əvvəl polisə qulluğunda olmamışdır. Səhhəti həqqində həkimdən şəhadətnamə almalıdır. Sosialist firqələri bürosunun birindən və yainki Əmələ və Soldat Vəkilləri Şurasından, icraiyyə komitəsindən və yainki cəmaət etimadına məhzər adamlardan, yəni bu təşkilatlara seçilmiş şəxslərdən sərfnaməsi olmalıdır.

Yuxarıdakı əsaslara malik olmayan ərizələr milis rəisinin elanına görə nəticəsiz buraxılacaqdır.

Bu şərtlərin hamısı yaxşı, yalnız müərrifligə aid şərtdə bir növ inhisar görülüyor. Nədən isə sosialist firqələrinə ayrıca bir imtiyaz verilmişdir. Bu imtiyaz bilxassə hər nədənsə məzkur firqələr, Əmələ və Soldat Vəkilləri Şuraları ilə münasibatı az olan qism əhaliyi milisligə getməkdən mən edəcəkdir. Bu isə heç şübhəsiz ki, şəhərimizin zabitəsini yenə birtərəfli edib lazım olduğu dərəcədə əhalinin rəngarəng mənfəətini bütün müqtəziyatilə müdafiə edə bilməyəcəkdir. Bakıda sosialist firqələri icraiyyə komitəsi və bu komitələrin ayrı-ayrı əzaları qədər, onlardan daha səlahiyyətli və etibarlı cəmaət təşkilatları vardır ki, bu təşkilatlar xəlqə yaxındırlar. Onları tanıyorlar, kimin milis ola biləcəgini daha yaxşı bilərlər. Məsələn: neçün gərək Bakı müsəlman cəmaət təşkilatının komitəsi kibi sahibi-nüfuz və etibar bir müəssisənin bu xüsusdakı müərrifligi nəzəri-etinayə alınmasın?

Hökumət, ancaq o zaman hökumət ola bilər ki, icraiyyatında tamamilə bitərəf qalsın, partizanlıq icraiyyətə qədər varsa, milis tutulduğu zaman belə onun bu və ya o biri siyasi bir firqəyə mənsub olduğu nəzəri-etinayə alınsa, o zaman müərriflik həqqinə malik olmayan firqələr nəzərində milis nəfəratının nə dərəcədə etimadlı olacağı şübhəlidir. Halbuki bunların hər bir cəhətcə bitərəf olmaları lazımdır. Siyasi firqələr hökumətin əsasatinə, məsləkinə, politikasına icrayi-təsir eləməli, bunun üçün vəzirlər kabinəsi ilə məsuliyyətli məmuriyyətlərə öz tərəfdarları ilə məsləkdaşlarının təyininə çalışmalıdır, yoxsa adi bir milisonerə varıncaya qədər məmurlar təyinində firqə komitələrinin rəyi aranılırsa, bu zaman qanunu bitərəfanə icra edən adil məmurlar üzünə həsrət qalarız.

Milislərin inqilab zamanlarında böyük əhəmiyyətləri olduğunu etiraf edəriz. Etiraf edəriz ki, onların siyasətən sahibi-etibar olduqlarına diqqət etməlidir. Fəqət bu diqqət aparatını öylə vücudə gətirməlidir ki, müxtəlif dilli, çox cinsli əhalinin mənafei ilə inqilab mənafei ikisi də təmin olunsun. Yoxsa vaqe olan bir tədbir ikinci bir səhvi mucib olur ki, bunun zərəri o birisindən az olmaz.

Milislərin yalnız məhdud və müəyyən inqilab müəssisələrinin degil, eyni zamanda əhalinin geniş təbəqatı tərəfindən dəxi etimada məzhər olmalıdır. Bunun üçün də lazımdır ki, milis nəfərləri qəbul edildikdə yuxarıdakı üsuldan daha müvafiq bir təhqiq aparatına müraciət olunsun.

 

M.Ə.

 

“Açıq söz”, 2 avqust 1917, ¹535

 

 

 

Müsəmma – adlandırılmış

Müərrif – təqdim edilən, namizəd irəli sürən

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 15 iyun.- S.26-27.