Pərvin: “...ulduzları görməyə
çalışıram!”
Bu yaxınlarda qəzetimizin əməkdaşı, yazar Pərvin bir neçə nüfuzlu mükafata layiq görülüb. Bununla bağlı həmkarımızı təbrik etmək, sevincini, eyni zamanda müxtəlif mövzular ətrafında fikir və düşüncələrini bölüşmək üçün söhbətləşdik. Özünün də dediyi kimi, insanı özündən yaxşı heç kim tanıya və təqdim edə bilməz. Elə isə müəllimə və yazar Pərvini ünvanladığımız suallar vasitəsilə öz cavablarından tanıyaq.
– Pərvin, qısa zaman kəsiyində həm Qızıl Kəlmə, Rəsul Rza mükafatlarına, həm də Milli Kitab Mükafatının ikinciliyinə layiq görüldün. Bir daha təbrik edirəm və soruşmaq istəyirəm; gözə gəlməkdən qorxmursan?
– Sözün düzü, bu tipli mistik məsələlərə – nəfsin, bədnəzərin olduğuna o qədər də inanmıram, daha doğrusu, bu haqda düşünməməyə çalışıram. Göz, nəfs mahiyyətinə görə sadəcə neqativ auradır. Bu, ola bilər. Qorxmuram. Çünki qoruyan Allahdır. Bir də içimdəki inam.
– Amma gənc yaşında bu qədər uğur qazanmaq bəzən adamı mistikaya inanmağa vadar edir...
– Gənc yaşında qazanılan uğurun arxasında heç bir istedad, zəhmət, əziyyət dayanmasa, onda bəlkə də bunu mistika ilə əlaqələndirmək olar. Elə adamlar var ki, balaca bir iş görməklə böyük uğur qazanırlar. Az əziyyətlə istədiklərini əldə edə bilirlər. Mənimsə həyatımda bir az başqa cürdü. Əslinə qalsa,
çəkdiyim əziyyətin həcminə baxanda düşünürəm ki, bəlkə daha yaxşı nəticə ola bilərdi.
– Bu
şikayət deyil ki?
– Yox-yox. Əsla.
Həyatda heç bir arzuma təlaşla yanaşmıram, tez
nail olmaq istəmirəm. Yavaş-yavaş, addım-addım,
az və keyfiyyətli...
– Bəs məşhurluq necə, səni narahat etmir ki?
– Məşhurluq? Özümü məşhur adam
hesab eləmirəm.
– Hər
halda uzun müddətdir ki, ədəbi aləmdəsən və
getdikcə daha da məşhurlaşırsan...
– Məncə,
3-5, hətta 100, 1000, 5000 adam tərəfindən oxunmaq, yaxud
mükafat almaq məşhur yazıçı olmaq deyil.
Getdikcə bəlkə də ola bilər. Amma doğmalarımı
düşünəndə, zamanla daha çox
tanınmağımın onların həyatına hansısa məhdudiyyət
gətirməsini istəmirəm.
– Sən ədəbiyyata
Gənc Ədiblər Məktəbindən gəldin. Uğurların
buradan başladı demək olarmı?
– Əlbəttə.
Əslində karyera uğurlarım Gənc Ədiblər Məktəbindən
də əvvəl magistraturaya
daxil olmağımla başladı. Baxmayaraq ki, hələ
uşaq vaxtlarından yazırdım, amma çap olunmaq, ədəbiyyata
gəlmək, tanınmaq kimi bir
iddiam yox idi. 2009-cu ildə magistr təhsilinin vacibliyini
anladım, çünki universitetdə müəllim işləmək
üçün bu, mütləq idi. Altı ay inanılmaz,
fantastik rejimlə yaşayıb-sutkada bir-iki saat dincəlməklə
çalışdım və magistraturaya daxil oldum. Bu, həm
də yazmaq üçün stimul verdi mənə, sanki beynimdə
hansısa oyanış oldu. Magistr kimi çap olunmaq
üçün AYB-yə gəldim,
“Azərbaycan” jurnalına məqalə təqdim etdim. Elə
o ərəfələrdə Gənc Ədiblər Məktəbinə
qoşuldum. Və oradakı fərqli, yaradıcı mühit,
sərbəst şərait, ədəbi polemikalar müsbət
təsir etdi mənə.
Yazar kimi əldə
etdiklərimin təməli Gənc Ədiblər Məktəbində
qoyulub.
– Müəllimlikdən,
pedaqoji fəaliyyətə olan marağından söz
açdın. Yeri gəlmişkən soruşum; sənin
üçün tələbə auditoriyası daha
doğmadır, yoxsa yazı masası?
–Bunlar
bir-birini tamamlayırlar. Hələ uşaqlıqdan universitetdə
dərs deməyi arzulamışam. Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olan
gündən özümə dedim ki, mən burada müəllim
işləyəcəm. İndi həmin universitetin “Azərbaycan ədəbiyyatı
tarixi” kafedrasında
çalışıram. Xoşbəxtlikdən bu
kafedradakı mühit son dərəcə sərbəst və
yaradıcı mühitdi. Yəni insanı çərçivələrə
salmır. Yazmaq isə indi artıq həyatımın
nizamına, əsas ehtiyacına çevrilib. Ona görə də
deyə bilmərəm – biri o birisindən üstündür.
Yazmağım, ədəbi mühitdə olmağım tələbələrimi maraqlandırır, fərqli
auranı hiss edirlər. Eyni zamanda pedaqoji fəaliyyət yazmaq
üçün mövzu verir. Müəllim işləməsəm,
bəlkə
aylarla ünsiyyətsiz yaşaya bilərəm.
Yəni,
xaraktercə geniş çevrəsi olan, söhbətcil adam
deyiləm. Doğmalarımdan, sevdiklərimdən ibarət
öz dünyam var. Zamanımı daha çox kitablarla,
yazmaqla, oxumaqla, öyrənməklə, internetlə
keçirirəm. Amma yazıçı üçün
ünsiyyət, başqalarının nə
düşündüyünü bilmək, xüsusən də
gənc olduğumuzdan gəncliyin fikirlərini öyrənmək,
səviyyəni hiss eləmək çox vacibdir. Bu baxımdan
müəllimliklə yazıçılıq heç də
bir-birinə mane olmur. Əksinə, biri o birisinə mövzu və
təkan verir.
– Gənc
müəllimə özü ilə az yaş fərqi olan
qaynar gəncliyin qarşısında fərqli müəllim
obrazında görünməkdən sıxılmır ki? Hər
halda tələbələrin arasında oğlanlar da var.
–
Doğrudur, tələbələrlə yaş fərqim
azdır. Qızların da, oğlanların da pərəstişi,
marağı ola bilər. Amma işdə son dərəcə
ciddiyəm. Ona görə kimsə cəhd edib bu barədə
danışmaz... Müəllim kimi prinsipim budur ki,
şəxsiyyət
olaraq tələbəni özümlə bir səviyyədə
görürəm
və ona
sərbəstlik verərək dərs keçirəm. Amma yenə
də buna baxmayaraq mövzu sərhədlərini hiss edirəm
və pozulmasına imkan vermirəm.
–
Yaradıcılığında əsasən qadın talelərini
təsvir edirsən. Bəs sənin öz obrazın bu qadınların hansındasa
varmı, yaxud gələcəkdə bu barədə
yazmağı fikirləşirsənmi?
–Doğrusu,
özümü daha çox gizlətməyə
çalışıram, nəinki yazmağa. Elə insanlar
var ki, götürüb öz həyat hekayəsini yazır və
bununla da məşhurlaşır.
Çünki
insanın özü haqqında yazdığı əsər ən
səmimi əsərdir.
Yəni,
yazıçı özünü tanıdığı qədər
başqa obrazları tanıya bilməz. Yeri gəlmişkən
son zamanlarda insanlar avtobioqrafik səciyyə daşıyan əsərlərə
çox meyil edirlər. Şübhəsiz gələcəkdə
yazmaq olar, məsələn, memuar şəklində.
– “Samir
üçün” hekayəsində sən özün daha
çox görünürsən...
– Doğrudur. Əslində
yazılarımda heç yoxam demək saxtakarlıq olar. O
qadın obrazlarının hansısa faizi özüməm.
Dediyin “Samir üçün” hekayəsində qardaşından nigaran bacı
obrazı var. Qardaşımın hər işinə görə
narahat olub, az qala hər addımını düşünməyim
xarakterimin bir tərəfidi və o hekayədə avtobioqrafik
məqam var. Amma bütövlükdə özümü
yazmıram. Dediyim kimi,
daha
çox gizlənməklə məşğulam. Amma saxta
danışmaqla, qeyri-səmimi yazmaqla yox...
– Taleyran
deyən kimi- dil fikirləri gizlətmək
üçündür...Yazılarında daha çox xoş
ovqat, nikbin ruh hiss olunur. Bu nədən irəli gəlir?
– Bunu
çoxları deyir. Məşhur bir ifadə var ki, iki nəfər
pəncərədən baxır, biri şüşənin
kirini, o biri ulduzları görür. Həmişə
ulduzları görməyə çalışıram. Amma bu
o demək deyil ki, kirdən xəbərim yoxdur. Sadəcə həyatın
o tərəfini, iyrənc, murdar, ürəkbulandıran tərəflərini
o qədər yazan var ki... Düşünürəm axı təkcə
bundan ibarət deyil dünya. Yaxşını da yazmaq və
göstərmək lazımdı. Məncə, ədəbiyyatın
əsas vəzifəsi də budur.
–
Müsahibələrinin birində deyirsən ki, qadın əlçatmaz
olmalıdır, məhz buna görə də sosial şəbəkələrdə
yoxsan. Ümumiyyətlə, sənin fikrincə, mükəmməl
qadın necə olmalıdır?
–
Sözün düzü, ən böyük problemlərimdən
biri maksimalistliyimdir. Bu
sualına cavabımda da həmin xasiyyətim görünəcək.
Mənim düşüncəmə görə, qadın hərtərəfli
olmalıdır. Təkcə əlçatmazlıq əsl
qadın olmaq deyil. O qədər mənasız əlçatmazlar
var ki... Mənə görə, mükəmməl qadın
sevməyi bacaran, daxili aləmi ilə xarici
görünüşü harmoniya təşkil edən, yəni özünə baxan, mütaliəli,
savadlı, mətbəxdə gözəl əl qabiliyyəti
olan, eyni zamanda hökmü, iradəsi olan qadındı.
Üstəgəl yaxşı övlad, yaxşı həyat
yoldaşı, yaxşı ana olmaq. Şübhəsiz ki,
bunların hamısını özündə birləşdirən
qadın mənim üçün idealdır. Bu
ideallığı hansısa mənada yaratmaq
mümkündür.
Mükəmməl
qadın olmağın arxasında çox böyük zəhmət
dayanır.
İndi səninlə
danışa – danışa nəticə çıxarıram
ki, qadın hər şeydən öncə zəhmətkeş
olmalıdır.
– Məncə, bu məqamda mətbəxdən
danışmasaq (nəzərə alsaq ki, sən də bunu
vurğuladın) olmaz. Mətbəxlə aran necədir?
–
Yaxşıdır. Adətən iş yoldaşlarım
zarafatla deyirlər ki, səni mətbəxdə heç təsəvvür
eləmirik. Çünki iş rejimim çətindir-həm
universitet, həm qəzet, həm yazıçılıq.
Amma yazılarıma hansı məsuliyyətlə
yanaşıramsa, mətbəxə də eyni məsuliyyətlə
yanaşıram və çalışıram ki,
narazılıq olmasın.
–
Hansı yeməyi daha dadlı bişirirsən?
– Bəzən
bu suala yarızarafat, yarıciddi cavab verirəm ki,
xaşdan
kababa kimi bütün yeməkləri bişirə bilirəm.
(gülür)
Həqiqətən də belədir. Deyilənə görə,
plovu daha dadlı bişirirəm.
– Məncə,
xaraktercə çox qapalısan. Amma
nə qədər gizlətsən də, təbii ki,
oxucular üçün də şəxsi həyatından
hansısa ştrixlər maraqlıdır. Düzdür, sən
pop ulduz deyilsən ki, şəxsi həyatla gündəmə
gələsən, amma hər halda bəzi nüansları
açsan, yaxşı olar...Məsələn, mən
özüm sənin evli, ya subay olduğunu bilmirəm...
–
(gülür) Azərbaycanda bir gəlin obrazı var da...
Bütün qızıllarını üstündə gəzdirən,
az qala çörək almağa gedəndə də nişan
üzüyünü taxan,
göy qurşağının yeddi rəngində makiyaj
edən və s. Yəqin bu obraza uyğun gəlmədiyim
üçün subay bilirlər məni. Hesab edirəm ki, gəncliyi,
sadə, rəngsiz, boyasız xarici görünüşü
nə qədər mümkündürsə, qorumaq
lazımdır. Şübhəsiz, gələcəkdə
hansısa qüsurlar ortaya çıxanda onları
ört-basdır eləmək qadının əsas işidir.
Sualına gəlincə isə, inşallah beş il olacaq ki,
subay deyiləm...
– Sənin
üçün ailə modeli necədir?
– Mən də, yoldaşım da
özünəməxsus qaydaları, adətləri, bəlkə
də bir az sərt ənənələri, tərbiyə
mexanizmləri olan ailələrin övladlarıyıq. Hər
ikimiz valideynlərimizin təcrübəsindən nəsə
götürmüşük, öyrənmişik, üstəgəl
müasirlik, sevgi, uzun illərin bərabərliyi. Bunlar
hamısı birləşəndə bizim ailə modeli
alınıb.
– Amma indiki zamanda bu modeli qoruyub saxlamaq asan deyil...
–
Doğrudur. Şükürlər olsun ki,
çalışmaqla, eqoistliyi, özünəvurğunluğu
kənara qoyub qarşı tərəfi anlamaqla bu
mümkündür. Uzun illər birgə olan adamlar
üçün çətin olmur. Artıq illər
keçdikcə insan bir-birini o qədər tanıyır ki,
kişinin yumruğunu stola çırpıb “mən beləyəm”
deməsinə, yaxud da ki qadının öz həqiqətini
izah etmək üçün qışqır-bağır
salmasına ehtiyac olmur. Bu baxımdan zaman böyük rol
oynayır.
– Bəs
səncə ailənin maddi durumunu kim düşünməlidir?
– Yenə
də qarşılıqlıdır. Hər iki tərəf.
Heç bir yükü, nə maddi, nə də mənəvi əziyyəti
bir nəfərə yükləmək olmaz. Əslində elə
bir çox problemlərin kökündə qadınların təbiətcə
maddiyyatçı olmaları durur. Özümə gəldikdə
deyə bilərəm ki,
maddiyyata
olan biganəliyim artıq anormal səviyyəyə
çatıb.
Yəni,
o mənada ki, hər bir qadının hansısa arzuları –
“nəyisə geyinim”, “nəyisə alım” kimi istəkləri
olur. Mənim üçün bunların heç biri yoxdur.
(gülür) Mağazaya anamla gedirəm ki, o məni məcbur
eləsin, nələrisə alım.
– Onda həyat
yoldaşını bu məqamda bəxtigətirmiş hesab etmək
olar ki...
–
Doğrudur, xarakterimdə nəyisə tələb eləmək,
nəyisə istəmək, ummaq yoxdur. Hesab edirəm ki,
yaradıcı adam puldan nə qədər uzaq olsa, pul
haqqında nə qədər az fikirləşsə, bir o qədər
onun xeyrinədir.
Atamın
yaxşı bir sözu var: Sən işinlə məşğul
ol, maddiyyat özü gəlib səni tapacaq.
Məncə
eyni fikri şöhrətə də aid eləmək olar.
Hansı adam ki, şöhrətin, maddiyyatın arxasınca qaçır, onun həyat
tərzi də bir az anormal olur, bayağılaşır. Amma
insan sadəcə inandığı işə, zəhmət,
enerji sərf edirsə, zamanla istər maddi firavanlığa,
istərsə də mənəvi rahatlığa nail olur.
– Etiraf edək,
yaradıcı insanla yaşamaq, yola getmək bir az çətin
olur. Onun öz dünyası, öz duyğuları, öz
saatı var- ilhamı gəldimi oturub yazmalıdır. Bu baxımdan sizdə vəziyyət
necədir?
–
(gülür) Qızıl ortanı tutmağa
çalışırıq. Yəni ki, o başa
düşür ki, mən yaradıcı adamam. Mən də
“yazı yazıram” deyib, bunu əlimdə bayraq edib
gününü qara eləmirəm.
Əsasən
gecələr yazıram. Saat 12 – dən, 1-dən sonra...
Bu da
heç kəsə mane olmur. Çünki ailəmin
günahı yoxdur ki, mən yazıçıyam.
Vaxtımın əsas hissəsi evimə sərf
olunmalıdır. Əslində bütun digər işlər,
yaradıcılığa sərf elədiyim vaxt ailəmdən
oğurladığım vaxtdır. Ona görə
günahımı başa düşüb kompensasiya eləməyə
çalışıram. (gülür)
– Hazırda “525-ci qəzet”də
“Yüz gözəl sevgi şeiri” layihəsini təqdim edirsən.
İlk öncə bu layihə barədə
danışmanı istərdim. Ümumiyyətlə, o şeirlərdən hansı
bütövlükdə sənin düşüncəndəki
sevgi anlayışı ilə üst-üstə
düşür?
– İki
aydan çoxdur bu layihəni aparıram. Azərbaycanda klassik
dövrdən tutmuş
müasir ədəbiyyata qədər sevgi şeirlərini
oxuyuram, seçirəm. Maraqlı bir mənzərə
yaranır. Əslinə qalsa, bu sevgi şeirlərinin
timsalında millətimizin sevgiyə münasibəti
görünür. Nə üçünsə qorxuruq bu hissdən,
az qala cinayət hesab edirik. Onu mütləq nəyəsə
büküb, necəsə bəzəyib, ört-basdır edib
göstərməyə çalışırıq. Hələ
lap klassik dövrdən Allaha sevgidən yazırdılar. Eyni
zamanda şahlara, sultanlara həsr olunan şeirlər də
çox idi. Amma bu şeirlərin, yəni istər Allaha, istərsə
də şahlara yazılan şeirlərin içində
hardasa alt qatda qadın gizlədilir. Sovet dövrü məhəbbət
lirikası da maraqlıdır. Sevgi şeirinin ortasında birdən-birə
vətənpərvərlik duyğuları üzə
çıxır. Deyək ki, şeir qadına yazılır,
amma ortada mütləq dövlətə, millətə vətənpərvərlik
mesajları olmalıdı. Yaxud da şair qadından
danışdığı yerdə birdən keçir təbiət
təsvirlərinə. Müasir
zamanda da gözəl sevgi şeirləri var. Amma əksəriyyətində
bir tendensiya var; sanki sevgi şeiridir, amma sevgi ikinci
plandadır. Sapmalar var. Yaxud da çox müasir bir şeirin
altında köhnə tarix görəndə şairin səmimiyyətinə
inam itir. Ona görə məncə,
Azərbaycan
ədəbiyyatında səmimi sevgi
şeiri çox deyil.
Var, amma
göründüyü qədər deyil. Bu da müxtəlif
dövrlərdə zamanın tələbi ilə bağlı
olub. Hansı şeirdə situasiya, hadisə varsa, onu təqdim
eləmək, bu mövzuda esse yazmaq daha rahatdı. O şeirlər
haqqında yazıram ki, orda sevginin hansısa bir fərqli tərəfi,
qeyri-ənənəvi məqamı görünür.
Sualına gəldikdə isə, təqdim etdiyim hər
şeir düşüncəmdəki sevgi idealının bir cəhətini,
tərəfini əks etdirir.
– Layihəndə
son olaraq Fikrət Qocanın şeirini təqdim elədin. AYB-də
son günlərdə baş verənlər fonunda bu qəsdən
atılmış addım idi, yoxsa belə alındı?
–
Doğrusu, təxminən bir-iki ay olar ki, Fikrət Qocanın
lirikasına aid məqalə yazmağı
planlaşdırıram. Və elə bir ay olar ki, özüm
Fikrət müəllimdən son kitablarından istədim. Əslində,
onun əsərləri ilə tanışam, sadəcə yenidən
nəzər salmaq istəyirdim. Məlumdur ki, “Yaş o yaş
deyil ki” şeirinə mahnı da bəstələnib, o
mahnını da, şeiri də çoxdan bəyənirdim...
Onu da deyim ki, Fikrət müəllimin bir yox, bir neçə
şeiri haqqında yazmağı planlaşdırıram. Onun
“Amin” şeiri də mənə çox təsir etmişdi.
Seçim qarşısında qalmışdım... “Amin”
şeirindən də yaza bilərdim. Çünki orada əslində
mənfi kimi qəbul ediləcək qadın obrazının
ilahiləşdirilməsini gördüm. Şeirin sonu belə
bitir: Səni şeytan yaradıb, şeytana amin dedim”. Düşünürəm ki,
müəyyən
vaxtdan sonra Fikrət Qocanın şeirlərinə yenidən
müraciət edəcəyəm, çünki fərqli sevgi
lirikasıdır.
O ki
qaldı sualına bir daha deyirəm ki, məhz həmin
şeiri seçməyim məqsədli olmayıb, amma bu hadisələrlə
üst-üstə düşübsə, görünür
bunun özündə də bir məntiq var...
– Bəs
sənin özünün həmin məsələlərlə
bağlı mövqeyin necədir?
– Hər
adamın hansısa quruma aid olub-olmaması, ordan
çıxması onun öz işidir. Bunun mənə bir
aidiyyatı yoxdur. Bayaq dedim ki, yaradıcı adam puldan nə qədər
uzaq olsa, onun xeyrinədir. Məncə, ikinci yerdə bu durur:
Beyni məşğul edən, insanın əlini qələmdən
soyudan qalmaqallar. Bunlardan da nə qədər uzaq olsam, o qədər
yaxşıdır.
–
Ümumiyyətlə, intriqalara, qalmaqallara meyilli deyilsən deyəsən...
– İnsan üç halda intriqalara
meyilli olur: bu, onun xarakterindədirsə, ikinci insan bekar olanda,
üçüncü halda isə əlindən başqa bir
iş gəlməyəndə. Xoşbəxtlikdən
bunların hər biri məndən uzaqdır.
Yazıçı addım-addım, pillə-pillə, oxumaqla,
yazmaqla, çalışmaqla, işləməklə
ucalmalıdır. Çünki yalnız o yolla qazanılan
nüfuz, şöhrət, oxucu sevgisi uzunmüddətlidir. Amma qalmaqal
unudulan kimi sən də unudulursan və arxivə gedirsən.
İndi elə zəmanədir ki, artıq insanları
hay-küylə təəccübləndirmək
olmur.
Qalmaqala sərf
olunan vaxta heyifim gəlir. Ondansa bir yazı yazmaq qat-qat
düzgün olar.
– “Pərvinin
həmsöhbəti” layihəsi çərçivəsində
ədəbiyyat, elm, sənət adamları ilə xeyli
söhbətlərin olub. Bu söhbətlərin
faydasını hiss edirsənmi?
– Əlbəttə.
Çox. Bu layihə sayəsində xeyli bilgilər əldə
eləmişəm. Əvvəla, bütün həmsöhbətlərimin
yaradıcılığını, fəaliyyətini hərtərəfli
öyrənəndən, onlar haqda geniş məlumat toplayandan
sonra bu söhbətləri etmişəm. İkincisi də istər
Azərbaycan, istərsə də ölkəmizə qonaq gəlmiş
xarici sənət, ədəbiyyat adamları – məsələn,
dünyaşöhrətli rejissor Kşiştof Zanussi,
latış türkoloq-tərcüməçisi Uldis
Berzinş, yazıçı Oljas Süleymenov, rus
yazıçı-tarixşünası Valeri-İvanov
Taqanskiy, məşhur aktrisa Tembi Mtşali, TÜRKSOY sədri
Düsen Kaseinov, türk yazıçı-tərcüməçisi
İmdat Avşar və başqaları ilə canlı
ünsiyyətdən, söhbətlərdən çox
şey öyrənmişəm. Həm də bu müsahibələrin
sayəsində sistemli, ardıcıl işləməyə,
yazmağa vərdiş etmişəm. Yeni layihələr bu
söhbətləri davam etdirməyə imkan vermir. Zamanım
çatmır.
– Mən
analıq məzuniyyətində olanda “525-ci qəzet” də
“Dahilərin qadınları” başlığı altında
silsilə esselərin də çap
olunub. Düzdür izləməyə, oxumağa vaxt
tapmamışam, amma sualım buna aiddir-sənin fikrincə,
dahinin qadını olmaq yaxşıdır, yoxsa dahi qadın
olmaq?
–Əslində,
çox maraqlı bir məsələyə toxundun və qəribədir
ki, layihəni izləməsən də, onu hiss eləyə
bilmisən. İnşallah, bu yay o layihəni tam işləyib
bitirməyi və ilin sonuna kimi kitab şəklində
çap etdirməyi düşünürəm.
Maraqlıdır ki, mən layihənin adını “Dahilərin
qadınları” qoymuşdum,
amma kitabın adını belə fikirləşirəm
– “Dahilərin qadınları – dahi qadınlar”. Məncə,
dahinin qadını olmaq, özü özlüyündə dahilikdir. Amma bu, hər adamda
individualdır. Oxuduqlarımdan və artıq yazdığım
bir neçə essedən nəticə çıxararaq deyə
bilərəm ki,
Dahinin
qadını olmaq da, dahi qadın olmaq da həm xoşbəxtlikdir,
həm bədbəxtlik, həm də məsuliyyət.
Hər
halda bu çox geniş mövzudur. Növbəti yazılarda
da bu cür fərqli sevgilərin xoşbəxt, bədbəxt,
qorxulu tərəflərini açmağa cəhd edəcəyəm.
– Məhz
bu mövzuda layihə aparmaq, esselər yazmaq ideyası necə
yaranmışdı ümumiyyətlə?
– Bakıda, Üns Teatrında rus
rejissoru Roman Vityukun quruluşunda “Yesenin və Aysedora”
tamaşasına baxandan sonra yarandı. Əvvəlcə
Yeseninlə Aysedoranın sevgi hekayəsini yazdım. Sonra
düşündüm ki, niyə də davam etdirməyim bu
yazıları və silsilə esselər alındı. Bilirsən,
biz
diş məcunundan tutmuş, qəbir daşına qədər hər şeyin reklam olunduğu bir
zəmanədə yaşayırıq.
Ona
görə də bu mexanikiləşmiş,
robotlaşmış dövrdə sevgini reklam eləmək yerinə düşür.
–
Başqa bu tipli layihələr nəzərdə tutursanmı?
–
Planlarımda var. “Yüz gözəl sevgi şeiri” silsiləsinə
bənzər, sevgi şeirlərini təqdim elədiyim kimi
dünya və Azərbaycan rəssamlıq nümunələrinə
aid esselər yazmaq istəyirəm. Hər dəfə bir rəsmə
aid öz düşüncələrimi... Məsələn,
Salvador Dalinin bir rəsmi və bu rəsmə mənim
baxışım. Yaxud digər rəssamların... Dərs deyəndən
sonra bu fikrə düşmüşəm. Müasir gəncliyin
dünya ədəbiyyatından, Azərbaycan ədəbiyyatdan
az-çox xəbəri var,
musiqi və rəssamlıq isə sanki çağdaş gənclik
üçün tünd, qaranlıq bir meşədir. Bu
cür yazılarla
əsas məqsədim
gənclərə təsir etməkdir. Əsl sənəti
onların anlayacağı dildə, formada təbliğ etməkdir.
– Gənclərdən
elə danışırsan,
sanki özün gənc deyilsən...
Baxışlarına görə həmyaşıdlarından
seçilirsən. Səncə, nə ilə
bağlıdır?
– Atamla. Sənətə
aid bütün sevgilərimin təməlini atam qoyub. Məncə, bioloji yaşıma görə gənc
olsam da,
ruhən
valideynlərimlə yaşıdam.
– Və
son sualım: hazırda nə yazırsan, gələcəyə
aid hansı planların var?
– Gələcəyə
aid planlar, işlər çoxdur. Qarşıdakı aylarda
yazıçılıqla yanaşı, elmi işlə də
ciddi məşğul olmağı düşünürəm.
Doktorantura təhsili aldığım üçün
dissertasiyanı bu il bitirməliyəm, inşallah. Bu aralar
tərcümələrə
də başlamışam. Bir neçə bəyəndiyim
əsəri tərcümə etmək istəyirəm.
Apardığım layihələr davam edəcək. Amma
çox səmimi desəm, beynimdə bir povest var. Maketi
qurulub, bir hissəsi yazılıb. “Balerina”nın təhkiyəsinə
bənzər, amma bir az da fərqli dildə
yazılmalıdır. Əgər alınsa, yay aylarında
bütün işləri bir kənara qoyub onunla məşğul
olacam.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 15 iyun.- S.20-21.