Eynəyinin arxasından gülümsəyən
adam
Elə adamlar var ki, onları gözünü açandan görürsən, bir yerdə böyüyürsən, yaxud qonşu olursan, məktəbli, tələbə, əsgərlik həyatını yaşayırsan və özünə dostlar tapırsan. Valideynləri insan özü seçmədiyi kimi, dostları da adamlar özləri seçmirlər, dostlar onları tapır. Taleyin qisməti kimi.
Siyavuş Məmmədzadə ilə dostluğumun ömrü on ili o tərəfə keçməsə də, ötən illər aramızda olan bağları bərkitməyə macal tapıb. Və mən başa düşmüşəm ki, Siyavuş Məmmədzadə dünyamızın uşaq kimi təmiz adamlarından biridir.
Bu, təkcə mənimçün belə deyil. Onu tanıyanlar hamısı belə düşünür.
Desəm ki, onun humanistliyi
dillər əzbəridir. Yalan olmaz.
O, Yazıçılar Birliyində
çoxlarının gözlədiyi
bir insandır. Dördüncü mərtəbədə isə ələlxüsus.
Şahmata uşaq əyləncəsi
kimi baxır. Ona görə
də kimisə udmağa tələsmir, bu barədə fikirləşmir də.
Amma hərdən deyir:
– Vurum, dağıdım, bunları?! – başını
yuxarı qaldırmadan
şahmat fiqurlarına
işarə edir, sonra gülür, axırda başını
qaldırıb mənə
baxır, – amma yaxşı oğlandır
e (qarşısındakı “şahmatçını” nəzərdə
tutur), adamın heyfi gəlir.
Prezident təqaüdü ona bəziləri kimi, qürur mənbəyi yox, kasıb yazıçı-şairlərimizin əsərlərini tərcümə
üçündür.
– Mənim heç nəyə ehtiyacım yoxdur, prezident təqaüdü bəsimdir.
–Siyavuş Məmmədzadə
tərcümənin əvəzində
pul təklif edənlərə belə
deyir, sonra mənim üzümə baxıb əlavə edir, – Elçinlə bir viski içsək
bəsdir.
Yəni viski tədarükünə
başlaya bilərsiniz. O, bu sözləri deyən zaman sifətində xəfif təbəssüm
yaranır və mən uşaqlıqda yaxından tanıdığım
vəzifəli və insaflı bir adamı xatırlayıram.
Həmin adam
yaxşılığının əvəzini bir qutu filtrli siqaretlə
alırdı. Zahid kimiydi.
Siyavuş müəllim də
eləcə.
– Siyavuş müəllim, bu istedadlı şairdir, poeziyaya fərqli baxışı
var.
Siyavuş müəllim dediklərimi
göydə tutur və deyir.
– Yaxşı da, gətirsin, bir-iki şeirini tərcümə
eliyərəm, çalışaram
ki, orijinaldan güclü olmasın, –deyir və gülümsünür.
“Çalışaram ki, orijinaldan güclü olmasın” sözü Siyavuş Məmmədzadənin sevimli
ifadəsidir və yaradıcı qapılara xüsusi açarıdır. O, bu sözü ilə hər qapını aça bilir. Müəllifdə özünə inam
yaradır.
O, bəyəndiyi, istedadını
və şəxsiyyətini
sevdiyi adamın sözlərinə arxalanır.
– Siyavuş müəllim, bu şairin (ya şairəmizin) şeirlər kitabı çıxıb, sizə
təqdim eləmək
istəyir, istedadlı
adamdır.
– Deyirsən də! Sən dedin, ha! Dedin, qurtardı. Bir-iki şeirini tərcümə
eliyərəm, “Literaturnı
Azərbaycan”ın qapısını
döyərik. Sən
də o jurnal buraxırsınız e, rus
dilində...
– Güney Qafqaz,
– mən deyirəm.
– Hə, bax, verərsən
ora.
Siyavuş Məmədzadə həyatının
cavan vaxtlarından ağrı-acı duyğusunu
dadanlardandır.
O, pis söz işlətməyi,
söyüş söyməyi
qəti xoşlamır,
sanki bu dünyanın adamı deyil. Bir tərəfin
qarabağlı ola (anası şuşalıdır) özü
də söyüş
söyməyəsən!
Telefonu itmişdi,
ya da kimsə
çırpışdırmışdı. Onu bir yerdə almışdıq.
– Orda nəvəmin şəkli vardı...-deyə vaysınır,- heç olmasa
bu adam...- pis söz işlətmək
istəmədiyinə görə
duruxur, – onu geri qaytarsaydı, ya lap elə mənə satsaydı, telefonun pulunu verərdim.
O, Moskvada yaşayan bircə nəvəsiylə
nəfəs alır, çünki tək oğlunun yadigarıdır.
Bu mənada Moskva
Siyavuş müəllimin
həm tələbəlik
xatirəsi, həm də döyünən ürəyidir.
Tez-tez Kiyevi xatırlayır.
– Kiyev mehmanxanası yadındadı? Ən yuxarı mərtəbə,
viski stolun üstündə, yarımçıq
saxladıq, – deyə gözləri yol çəkir... – yaxşı
günləridi, –deyir.
Mənsə həmin səfərdən
bir epizodu xatırlayıram.
Kiyev mehmanxanasının
restoranında oturmuşduq. Nahar edirdik.
Kiyev Siyavuşun çox sevdiyi şəhərlərdən
biridir. Orada çoxlu dostları
var.
– Anar, məndən olsa, Yazıçılar Birliyinin binası təmir olunana kimi burada qalardıq,
– deyə Siyavuş müəllif bizimlə birgə səfərdə
olan AYB sədri ilə zarafat eləmək istəyir və Anar müəllim
də özünəxas
yumorla tam ciddi deyir:
– Məndən olsa, elə təmirdən sonra da burada
qalarıq.
Siyavuş Məmmədzadə dostlarına
qarşı çox diqqətlidir. Məmməd Orucu çox
istəyir və zaman-zaman bu istedadlı yazıçının
“Vişnevka”dakı bağ
evinə əlidolu baş çəkir.
Uşaqların imtahanlarından belə xəbər tutmaq istəyir və dostlarının, onların
övladlarının uğuruna
sevinir, hətta fəxr edir.
– Balalardı da, onları qorumaq lazımdır, – deyir.
Siyavuş müəllim fədakar adamdır. Sevdiyi, bəyəndiyi qələm
adamlarının əsərlərini
təmənnasız tərcümə
edir.
Öncələr fikir verməsəm də, indi bu
sətirləri yaza-yaza
yadıma salıram ki, o, mənim onlarla hekayəmi, bir pyesimi, “Don Juan”, “Yovşan qağayılar” kimi irihəcmli romanlarımı ruscaya tərcümə edib. “Balıq
adam” romanımın
bir hissəsini özgə dilə həm çevirib, həm də redaktə edib.
Və bütün
bunların hamısı
təmənnasız olub. İndi də
“Şah Abbas” romanını tərcümə
barədə fikirləşir.
Bilirəm ki, həmin əsəri Siyavuşdan başqa heç kim
ruscaya çevirə bilməyəcək, çünki
orta əsrlər dililə zəngin əsərdir, amma yenə də qıymıram. İstəyirəm
ki, bu ixtiyar
adam sağlam
və qayğısız
qocalıq yaşasın.
Mən öz adımdan dedim, amma ustad
yazarımız Anar başda olmaqla özgələri də mənim sözlərimə
şərik çıxarlar,
çünki Siyavuş
müəllim onların
cild-cild əsərlərini
tərcümə edib.
Təxminən 50-yə qədər klassik və müasir Azərbaycan şairinin və elə bir o qədər də nasirin əsərinə başqa dildə həyat verib. Onun əksər tərcüməçilərdən
bir üstünlüyü
də var ki, hər iki
dildə – Azərbaycan
və rus dillərində sərbəst
yazıb-yaradır, hər
iki dilə də uğurlu tərcümələr edir.
Siyavuş Məmmədzadənin yaradıcılığı haqqında
Anar müəllimin “Ədəbi körpülər
ustası” məqaləsindən
bir sitat gətirsəm, elə bilirəm, yerinə düşər: “Rus dilində yazdığı
poema və şeirlərində müəllifin
dərin etirafları,
məktəb və tələbə illərinə
olan sevgisi, Vətənin tərənnümü
və həyat həqiqətləri öz
əksini tapıb”.
Mən Siyavuş Məmmədzadənin
tərcüməçilik fəaliyyətindən danışdım,
amma şairliyini xatırlatmaq, az
qala, yadımdan çıxmışdı. Çünki tərcüməçi başqalarının
əməyini qiymətləndirir,
onları geniş oxucu arenasına çıxardır, özünün
yarıdıcılığı isə kənarda qalır. Bu, modelyer, dərzi olmaq kimi bir
görəvdir. Hamını bəzəyib üzə çıxardır, özü
isə arxa planda qalır.
Düşünürəm ki, Siyavuş Məmmədzadənin
poeziyası haqqında
daha geniş məqaləyə ehtiyac
var. İndilikdə isə
böyük şairimiz
Bəxtiyar Vahabzadənin
“Günəbaxan insanlar”
kitabına yazdığı
ön sözdən bir sitat gətirəcəm:
“Siyavuş şeirlərində
məzmunla yanaşı,
sözlərin nəğməliyinə,
səslərin alliterasiyasına,
cinaslılığına xüsusi
diqqət yetirir. Dili, onun rəng
və çalarlarını
yaxşı bilmədən
səslərin uyarlılığına,
sözlərin müxtəlif
mənalarını yerinə
görə işlətməyə
nail olmaq mümkün
deyil”.
Sitat burda qurtarır, amma bir bənd
şeiri xatırlamasam,
günah olar:
Şuşanı qar gördüm, qar gördüm.
Elimi var gördüm, var gördüm.
Səslədim ötən günləri,
Daşları kar gördüm, kar gördüm.
Madam ki, söhbət Siyavuş Məmmədzadənin
poeziyasından düşdü,
onda dəyərli tənqidçimiz Vaqif Yusiflinin “Ədəbiyyat adamı” məqaləsini unutmaq olmaz: “...Öz doğma dilinin şeir incəliklərinə qəvvas
kimi baş vura bilməsəydi, onun tərcümələri
sevilməzdi və neçə Azərbaycan şairi özgə dildə rəğbət doğurmazdı...”
Bu qeydləri qələmə
alarkən xəbər
aldım ki, Siyavuş müəllim növbəti hekayəmi kompüterdə yığmağa
verib.
Bir azdan, yəqin ki, gələcək və aramızda təxminən belə bir dialoq olacaq:
– Hekayəni oxudum, yaxşıdır, verdim yığılmağa,
hörmətin də eləmişəm, tak çto, heç nə lazım deyil.
– Çox sağ olun, – mən deyəcəm.
– Qonaqlığı kim verəcək?
– soruşacaq.
– Əlbəttə ki,
siz.
– Mən niyə?
– Çünki orijinaldan güclü eləmisiniz.
Həmişəki kimi ürəkdən
güləcək:
– Yaxşı, zəng elə, o kimdi...- adını xatırlamır...-
ona, sifarişini ver.
Sifarişi çoxdan eləmişəm,
Siyavuş müəllim.
Üstəlik bir viski də sizdən!
Haydı,
gülə-gülə!
12.06.13
Bakı
Elçin Hüseynbəyli
525-ci qəzet.-
2013.- 15 iyun.- S.19.