Demokratiya və layiq olanların hakimiyyəti
(davamı)
Turqo ensiklopediyaya məqalələr yazırdı, sərvətin
yığılması və bölünməsi barədə
məşhur əsərini çap etdirmişdi. İngiltərədə
XVI əsrdən başlayaraq saray vəzifələrinə
görkəmli elm adamları, tədqiqatçılar cəlb
olunmuşdu. Xəzinə kansleri Frensis
Bekaon böyük filosof idi.
XVIII əsrdə qısa müddətdə faktiki olaraq
baş nazir olmuş Böyük Uilyam Pitt imperiyanın
genişlənməsi və möhkəmlənməsi
üçün böyük işlər görməklə
yanaşı, Demosfenlə müqayisə edilən istedadlı
natiq idi. XIX əsrdə bir neçə dəfə baş
nazir olmuş Uilyam Qladston həm də qədim yunan mədəniyyəti
üzrə görkəmli mütəxəssis hesab olunurdu.
Homer erası barədə elmi əsər
yazmışdı. Süveyş kanalı
səhmlərinin Misirdən alınmasının təşəbbüsçüsü
və icraçısı olan digər baş nazir Bencamin
Dizraeli bir sıra romanların müəllifi idi. XVIII əsr Rusiyasında imperatriça II Yekaterina
Qriqori Potyomkin kimi hətta zadəgan olmayan istedadlı şəxsləri
mühüm dövlət vəzifələrinə gətirmişdi.
Bəzi ölkələrdə isə meritokratiya pərdəsi
altında aparılan ayrı-seçkilik siyasəti
biabırçı nəticələrə səbəb
olurdu. Rozeziyada (indiki Zimbabve Respublikası) 1979-cu ilə qədər
mövcud olan əmlak və təhsil senzi həmin Afrika
ölkəsində əhalinin qara rəngli mütləq
çoxluğunu praktiki olaraq seçkilərdən kənarlaşdırmışdı.
Belə iyrənc aparteidə haqq qazandırmaq
üçün bu ölkənin başçısı olan
Yan Smit o illərdə fəaliyyət göstərən iyrənc
qaydaları öz memuarında həyasızcasına
meritokratiya sistemi adlandırır.
Meritokratiya isə geniş mənada daha istedadlıların
hakimiyyətidir və bu prinsipdən bütöv xalqı əzmək
üçün istifadə edilməsi onu gözdən salmaqla
yanaşı, antihumanist bir addımdır. Əksinə,
bu konsepsiyaya uyğun olaraq cəmiyyətdə təkamülün
gedişində rəhbər vəzifələrə
bütün sosial təbəqələrdən seçilən
ən qabiliyyətli adamların irəli çəkilməsi
prinsipi bərqərar olur. Meritokratiya elə
bir sistemin adıdır ki, burada hakimiyyətə, dövlətin
idarə olunmasına cəmiyyətin müxtəlif təbəqələrindən
ən görkəmli qabiliyyətlərə malik olan
adamların irəli çəkilməsi prinsipi hökm
sürür, ona görə də daha istedadlı olanların
hakimiyyəti adlanır. Damarlarında axan
qana və sərvətə görə adamların iri vəzifələrə
təyin olunması praktikasına son qoyulur. Demokratik quruluşla öyünən respublikalarda isə
klanların, tayfaların dövlət vəzifələrini ələ
keçirmələri hesabına meydan sulamaları yoxa
çıxmır.
Maykl Yanq
özünün yuxarıda adı çəkilən
kitabında XX-XXI əsrlərin sərhədində Britaniya cəmiyyətinin
transformasiyasından söhbət açır, bu və digər
resurslara (sosial, mənşə, var-dövlət, əlaqələr
və sairə) malik olmaqla sosial ierarxiyada adamın yer
tutması ilə şərtlənən klassik sinfi
bölünmənin yerinə yeni ictimai quruluşun gəlməsini
təsvir edir. Bu quruluşda artıq yalnız
qabiliyyət və intellekt insanın sosial vəziyyətini
müəyyən etməklə, daimi layiq olanların idarəçiliyi
– meritokratiya tətbiq edilir. Layiq olmaq
(merrit) bu vaxt intellektin (IQ) iki elementi və qüvvələrin
qoyuluşunun birləşməsi kimi müəyyən
edilmişdir.
Yanq sonrakı dövrdə meritokratiyanın yeni silk
ayrı-seçkiliyi yaratmaq ehtimalından ehtiyat edərək,
onun neqativ cəhətə malik olmasını şişirdir. Müəllif
bildirir ki, 2033-cü ildə Britaniya cəmiyyətində
üsyan qalxması nəticəsində meritokratiyanın sonu
baş verəcəkdir. Üsyan
iştirakçıları belə güman edirlər ki, hər
bir adam həyatının özü tərəfindən
idarə olunması üçün imkana malik
olmalıdır. Ona görə də müəllif gəldiyi
bu nəticəyə görə meritokratik cəmiyyətin xoşa gəlməyən mənzərəsini
təsvir edir. Bu cəmiyyət guya qeyri-bərabərlk
və bir qrup adamların başqaları üzərində
ağalığının yeni formasına çevrilir.
İntellekt öz insaniliyini, öz humanist
başlanğıcını itirir. Yanqın bu xəbərdarlıqlarına
baxmayaraq, həmin sistemin əhəmiyyəti qorunub
saxlanıldı. Termin sonralar yalnız pozitiv rəngə
sahib oldu. Böyük Britaniyadan Sinqapura qədər bir
çox ölkələrdə meritokratiyaya can atılmağa
başlandı.
Digər müəllif, Amartiya Sen isə qeyd edirdi ki, ləyaqət,
layiq olmaq mütləq deyil, nisbi anlayışdır. Ləyaqətin
meyarları cəmiyyətdə ağalıq edən dəyərlərlə
müəyyən edilir.
Məhdudiyyətlərdən,
ənənələrdən, xurafatlardan azad olan zəkanın,
biliyin qeyri-məhdud axtarışı, rasionalizmə və nəhayətsiz
olaraq proqressə can atmaq, maarifçilik epoxasının ən
başlıca irslərindən biri, bəlkə
də başlıca irsidir. Burada bir ədalətli
quruluş kimi meritokratiyanın populyar tərifinin mənşəyi
özünü büruzə verir. Yalnız
öz fəaliyyətində daha yüksək bəhrə verənlər,
səmərəli fəaliyyətə, daha iri yüksəliş
əldə etməyə qabiliyyəti olanlar sosial
ierarxiyanın yüksək pillələrində
olmalıdırlar. Axı cəmiyyətdə
“dəni, alaq otu sayılan dəlicə buğdadan” ayıran
yeganə vasitə dünyanın geniş tutumda mənzərəsini
formalaşdıran təhsildir, konkret sahələrdəki
bütöv bilik universumudur.
Vaxtilə Platon dövlətin idarə edilməsini
filosoflara tapşırmaq zərurətini qeyd etmişdi. Konfutsi də
öz təlimində həmçinin hakimiyyətdə təhsil
görmüş hökmdarların olması zərurətini
moizə edirdi. Lakin zəka və bilik
qazanmaq Platonda və Konfutsidə özlüyündə qiymətli
hadisələr deyildi, onlar ləyaqət və ümumi rifaha
nail olmaq kimi anlayışlarla qırılmaz surətdə
bağlı idi. Beləliklə, Konyutsinin
təliminin əsas müddəalarından biri humanizmi,
insanı sevməyi, rəhimdilliyi ifadə edən “jen” prinsipi
idi. Konfutsi iki prosesin – tərbiyə və
təhsilin birliyini irəli sürürdü. O, təhsilin
məqsədini şəxsiyyətin ruhən yüksəlişi,
onun yüksək əxlaqi keyfiyyətləri daşıyan nəcib
insan idealına qədər təkmilləşməsi hesab
edirdi.
Meritokratik cəmiyyətdə hər bir kəs layiq
olduğu sosial vəziyyətə yiyələnir. Layiq
olanların hakimiyyəti, finişdə nəticələrin bərabərliyini
ön plana çəkən digər təlimdən fərqli
olaraq, yarışın startındakı imkanların bərabərliyi
şüarı ilə çıxış edir.
Meritokratiyanın əsasında rəqabət durur, cəmiyyətdə
yüksək vəziyyətə nail olmaq və
özünü yüksək həyat keyfiyyəti ilə təmin
etmək üçün insan daim öz qabiliyyətlərini
inkişaf etdirməli və bu sahədə digərlərini
ötüb keçməlidir. Lakin meritokratiya həm
də özündə təhlükə gizlədə bilər,
bu sahədə heç də klassik aristokratiyadan, oliqarxiyadan
və ya tiraniyadan geri qalmaya da bilər. Bu
vaxt meritokratiya yalnız ideologiya kimi qalır. Bir aspekti də qeyd etmək lazımdır ki, onun
mütləq, tam şəkildə həyata keçməsinin
tarixi nümunələri mövcud deyildir. Çünki sosial mənşə, var-dövlət,
əlaqələr və başqa resurslar əvvəllərdə
olduğu kimi yenə də bu və ya digər dərəcədə
insanın imkanlarını müəyyən edir və sosial
pilləkən üzrə onun irəliləməsinə
müvafiq qaydada təsir göstərir.
Orta əsrlərdə Suy sülaləsinin
hökmranlığı epoxasında (581-681-ci illər)
Çində dövlət vəzifəsini tutmaq
üçün sərt və mükəmməl imtahan sistemi
meydana gəldi. Tan epoxasının (618-907-ci illər) sonunda imtahan
sistemi daha da inkişaf etdirildi, hətta sadə mənşəli,
sakin erudisiyalı adamlar dövlət imtahanlarını
müvəffəqiyyətlə vermək hesabına nüfuzlu
məmur vəzifəsini tutmaq imkanı qazanırdılar. İmtahan verənlərə üç ciddi sınağa
dözmək lazım gəlirdi. Birinci
imtahan qəza səviyyəsində keçirdi və bir
gün davam edirdi. İmtahanı müvəffəqiyyətlə
verən “itilənmiş istedad” dərəcəsinə layiq
görülürdü.
Bu dərəcə adama əla karyeraya başlamaq
imkanı verirdi, o, qəza icra hakimiyyətində kiçik vəzifə
tuta bilərdi.
Üç ildə bir dəfə əyalət
səviyyəsində imtahanlar keçirilirdi. Bu imtahanları uğurla verən “təmsil edən”
dərəcəsini alırdı.
Üçüncü, ali imtahan turu
ölkənin paytaxtında, bu imtahanlar üçün olan
xüsusi yerdə keçirilirdi, çox məhdud sayda adam
burada iştirak etmək hüququ qazanırdı. Adətən paytaxt imtahanlarında iştirak etmək
üçün dövlət aparatında vəzifə tutmaq
istəyən 8-9 min iddiaçı toplaşırdı.
Yalnız çox az sayda adam “təhsildə
irəli çıxmış” alim dərəcəsi
qazanırdı. Yaxşılardan ən yaxşısı
isə imperatorun özünün iştirak etdiyi imtahan
sınağına buraxılırdı. Bu
imtahanlarda daha çox fərqlənənlər isə şəxsən
imperatora təqdim olunmaq hüququ əldə edirdilər.
Onlardan çoxu üçün bu tədbir həyatın
başlıca hadisəsinə çevrilirdi.
Ümumiyyətlə, Çində təhsilə, bilik
almağa böyük diqqət verilirdi. Filosof Çjan Tszayın
fikrini əsas götürərək keçmiş
epoxaların çinlisi daim “təhsil vasitəsilə
bütün həqiqi olanların meydana gəlməsini və
mövcud olmasını dərk edirdi, dinc və sakit şəraitdə
yaşayırdı”. Bu gün də çinlilər
artıq həmin köhnə arzunu gerçəkliyə
çevirmək, reallaşdırmaq imkanına çox
yaxınlaşmışlar. Onlar başa
düşürlər ki, inkişafa nail olmaq mürəkkəb
işdir, lakin onu qoruyub saxlamaq, böhranlara qurban verməmək
daha mürəkkəbdir. Ölkənin
çiçəklənməsini davam etdirmək
üçün dinc inkişaf idealına sarsılmaz sədaqətə,
ölkədə stabil situasiyanın saxlanmasına xüsusi əhəmiyyət
vermək lazımdır.
Tan
sülaləsinin ağalığı dövründə saray
imtahanı səma ayı təqviminin birinci ayında ölkənin
paytaxtı Çanyan (indiki Sian) şəhərində
keçirilirdi. İkinci ay ərzində isə,
imtahanların nəticələri elan edildikdən sonra
imperator qalibləri parkda təbrik edir və onların şərəfinə
ziyafət təşkil edirdi. Belə şərəflənmələrdən
sonra yenicə “təhsildə irəliləyənlər” dərəcəsini
qazananlar şəhərdə gəzintiyə
çıxmalı idilər. Axı
onların çoxu əyalətlərdən gəlmiş
adamlar idi.
Onlara öz adlarını fəxri daş lövhədə
nəqş etməyə icazə verilirdi.
Müxtəlif sülalələrin epoxaları vaxtı
həmin şəxslərin işıq üzü
görmüş yazılarını hətta bu gün də
seyr etmək mümkündür.
Beləliklə, orta əsrlər Çinində
meritokratiya prinsipi və “maariflənmişlərin hakimiyyəti”
mövcud idi.
Bu prinsipə əksər sülalələrin
hökmranlığı dövründə ciddi surətdə
riayət olunurdu. Bu prinsipin sferasına daim
“təzə qan” axırdı. Çinin tarixindən
hətta çox saylı hadisələr məlumdur ki, həmin
vaxtlarda aşağı sosial təbəqələrdən
çıxanlar görkəmli dövlət xadimlərinə,
islahatçılara, alimlərə və müdriklərə
çevrilirdilər.
Onu da qeyd etmək lazımdır ki, imtahan sistemi kasıb
alim adamlar üçün dövlətin rifahı naminə
xidmət göstərmək imkanı yaradırdı. Nəticədə
məmurluğun inzibati səviyyəsi də yüksəlirdi.
Lakin gec feodalizm dövründə imtahan sistemi tənəzzülə
uğradı. İmtahan sistemində təmiz
konfutsiçilik təliminə yiyələnməyin yüksək
səviyyəsi göstərilməli idi.Həmin dövrdə
imtahan inşa yazıları bütünlüklə bu təlimin
çərçivəsi ilə məhdudlaşdı. Müdriklərin çoxu hesab edirdi ki, imtahan sistemi
həmin dövrün ziyalılarının
bacarıqlarını və istedadlarını güclü
surətdə boğur.
Konfutsinin meritokratiya ideyası imperator Çinində
dövlət imtahan sisteminin tətbiq edilməsinə gətirib
çıxardı. Bu sistem, hər bir adama dövlət
qulluğunu tutmaq, maddi cəhətdən təmin olunmaq və
bütün ailəyə iftixar hissi qazandırmaq
üçün dövlət qulluğuna girməkdən
ötrü imtahandan keçməyə imkan yaradırdı.
Dövlət imtahanlarının Çin sistemi,
yəqin ki, öz başlanğıcını b.e.ə. 165-ci
ildən götürür. Həmin vaxt
dövlət qulluqçusu vəzifəsinə namizədlərin
müəyyən edilməsi üçün imperator
onları paytaxta çağırırdı ki, orada həm də
mənəvi keyfiyyətlər üzrə sınaqdan
keçsinlər. Bu sistem daim inkişaf
edirdi və bir neçə yüz ildən sonra artıq
qulluqçu olmaq istəyən hər bir kəs dövlət
imtahanını verməklə öz qabiliyyətlərini
nümayiş etdirməli idi.
Yüksək vətənpərvərlik və
güclü borc hissinə malik olan dövlət xadimlərinin
tərbiyə olunduğu məktəblərin tətbiq edilməsi
konfutsiçiliyin nailiyyəti hesab olunmalıdır. Nəticədə
konfutsiçilik imperatorun özü tərəfindən qəbul
olundu. Çin imperiyasının əsasını
qoyan imperator Tsin Şi Xuan-di Konfutsi təlimini nəinki qəbul
etmirdi, hətta onun kitablarını yandırmaq əmrini
vermiş və bu göstəriş geniş surətdə
icra olunmuşdu. Sonrakı imperatorların
dövründə isə bu təlimə sitayiş edən
adamlar feodal aristokratiyanın qalıqlarına qarşı səmərəli
əksliyə çevrildilər. Çünki
həmin qalıqlar imperiya dövlətinin birliyinə təhlükə
törədərdilər, axı feodalizm pərakəndəliyi
mərkəzi dövlət hakimiyyətinə heç də rəğbət
bəsləmir.
Digər bir cəhəti də qeyd etmək
lazımdır ki, Çin mədəniyyəti yəqin ki, elə
keyfiyyətlərə malikdir ki, bu günə qədər
özünün qorunub saxlanmasına əsaslı qaydada
kömək etmişdir, onun yaşıdları və hətta
nisbətən cavan sivilizasiyaları isə tarix labirintində
yoxa çıxmışlar.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2013.-
15 iyun.- S.18.