Azərbaycan teatrında Tofiq Kazımov fenomeni

 

 

TOFİQ KAZIMOVun Azərbaycan milli sənət düşüncəsində qorunan irsi onu  milli teatr sənətinin bənzərsiz fenomeni kimi qavramağa və bu baxımdan fərqli yaradıcı metodunu tədqiq etməyə əsas verir. Azərbaycan milli teatrşünaslığının bu aspektə bir növ “laqeyd” yanaşmasını anlamaq mümkündür: şərti olaraq 140 il hesablanan milli teatr tariximizdə TOFİQ KAZIMOV kimi fenomen sayıla biləcək faktlar, demək olar ki, çox az sayda qeydə alınıb. “Tamaşanın müəllifi” yaradıcı iddiasında olan TOFİQ KAZIMOV   m ü ə l l i f l i k   anlayışının ehtiva etdiyi bütün məqamları “rejissor sənəti”nə gətirən ilk sənətkarımızdır, desək, məsələnin ciddiliyini açıq-aydın görə bilərik. Təbii ki, Azərbaycan teatr sənətində yaradıcılıqla məşğul olan digər, sözün əsl mənasında böyük rejissorlar teatr sənətinin mövcud olan imkanlarından və fərdi istedadlarından qaynaqlanan şərtlərlə bədii səhnə əsərləri yaratmağa müəssər olublar. Lakin bu rejissorların yaradıcılığına konseptual mövqedən yanaşanda, aydın olur ki, onlar şüurlu tərzdə “mediator” – ötürücü funksiyasını öz bədii-estetik görüşləri zəminində yerinə yetiriblər. Sxematik təsvir etsək, ənənəvi rejissuranın konseptual modelini dramaturgiya-teatr-tamaşaçı şəklində göstərə bilərik. Bu modelin başlıca şərti tamaşanın ədəbi əsası olan dramaturji əsərin – pyesin dominant roludur.

Rejissor Tofiq Kazımov mövcud olan “teatr qanunları”nı ilk tamaşalarından yaradıcı həmlələrilə öncə “təftiş”, getdikcə isə şüurlu surətdə inkar etməyə başladı. Bu gün, yaşadığımız zaman nöqtəsindən “Tofiq Kazımov dövrü”nə nəzər salanda, bu inqilabçı sənətkarın yaradıcı konsepsiyası açıq-aydın görünür və bu günkü elmi-nəzəri üsullarla kifayət qədər səlis tədqiq edilə bilir. Aydın məsələdir ki, yaradıcılığa başlayarkən, Tofiq Kazımov günlərimizdə olan zəngin nəzəri konsepsiyalara malik deyildi. İndi kateqorial şəkildə açıqlaya bildiyimiz mənaları o, hər yeni tamaşası ilə kəşf edir, onlara səhnə biçimi, səhnə forması verirdi.

Zaman isə öz “işi”ni görürdü: Tofiq Kazımovun yaradıcılığı özü-özlüyündə milli teatr prosesinin mühüm mərhələsini təşkil edərək, milli rejissuranın inkişaf səmtlərini müəyyənləşdirirdi. Gec də olsa, elmi-nəzəri düşüncəmiz öz funksiyasını yerinə yetirərək, “T.Kazımov fenomeni”ni anlamağa cəhd etdi, onun haqqında ciddi məqalələr və monoqrafiyalar yazıldı...

“Tofiq Kazımov” rejissor fenomeni, bizcə, ilk növbədə zaman anlayışına üzvi şəkildə bağlıdır. Bu bağlılığı “düstur” şəklində açıqlamaq üçün aşağıdakı zaman təsnifatından istifadə etmək olar:

 

– virtual ZAMAN

– fərdi-psixoloji ZAMAN

– bədii-estetik ZAMAN

– səhnə məkanının ZAMANI

– qavrayış ZAMANI

– eydetik ZAMAN

 

Milli-etnik sənət düşüncəsinin nümayəndəsi olan sənətkar öz yaradıcılığında mənsub olduğu mədəniyyətin bədii-estetik formalarını ümumbəşəri, virtual Zamanın enerjisi ilə canlandıranda, yaratdığı əsər eyni dərəcədə ümumbəşəri və milli dəyər qazanır. Başqa sözlə, virtual Zamana həssas olan sənətkar marginal (sərhəddə bərqərar olan) və milli mədəniyyətlə bəşəri mədəniyyətin arasında ötürücü funksiyasını yerinə yetirir.

Tofiq Kazımovun rejissor irsinə bu baxımdan nəzər salanda, görürük ki, onun milli dramaturgiya əsasında hazırladığı tamaşalar, əslində, başqa mədəniyyətlər üçün rahat “oxunan” informativ mesajdır. Və əksinə, yabançı dramaturji əsərlər əsasında qurduğu tamaşalar milli mədəniyyətə yeni “bilgi”lər ötürməyə qadir olan səhnənamələrdir.

Tofiq Kazımovun bir sənətkar kimi fərdi-psixoloji Zamanının parametrləri və keyfiyyəti onun mənşəyi, tərbiyəsi, təhsili və fərdi, məhrəm tərcihlərilə müəyyənləşdirilir. Belə ki, zatən xalis aydınlar, ziyalılar zümrəsinə mənsub olan Tofiq Kazımovun fərdi-psixoloji Zamanına Azərbaycan ziyalılığının bütün səciyyələri ilə yanaşı, ümumbəşəri dəyərlərin də təsiri çox böyük olub. Haşiyə çıxaraq, burada vurğulamalıyıq ki, məhz bu keyfiyyət sosialist realizmi təliminin və təcrübəsinin sərt çərçivələrinə sığmırdı və rejissoru hər zaman rejimlə konfliktlərə düçar edirdi. Burada məşhur “Prokrust yatağı” Tofiq Kazımovun vəziyyətinə bariz illüstrasiya ola bilər. Yunan mifologiyasından bildiyimiz kimi, Prokrust adlı zalım hökmdar elə bir yataq düzəltdirmişdi ki, üzərinə zorla uzatdığı insanların ya ayaqları, ya da başları yerləşmirdi. Qəddar Prokrust məsələni özünəməxsus “sadəlik”lə həll edirmiş: yatağa yerləşməyən bədən üzvünü kəsdirib, həmin adamı ya şikəst edirdi, ya da ki, öldürürdü. Sosialist realizminin “Prokrust yatağı”nda yaradıcılıqla məşğul olmağa məhkum edilmiş Tofiq Kazımov fərdi-psixoloji Zamanının təbəddülatlarını olduğu kimi səhnədə gerçəkləşdirməkdən ötrü min bir “fənd”ə əl atmağa və ya Ezop dili ilə danışmağa məcbur olurdu. Bəzən bu məcburi “fənd”lər səhnədən demək istədiklərini həddindən artıq mürəkkəbləşdirirdi. Və sosialist realizminin üzdəniraq təəssübkeşləri bundan yapışaraq, səbəbin məğzinə varmadan nəticəni qamçılamağa qalxırdılar.

Tofiq Kazımovun fərdi-psixoloji Zamanının formalaşmasına mükəmməl təhsili və ömrünün sonunacan qoruyub-saxladığı, dünyaya bəslədiyi  m a r a q   güclü təsir göstərmişdi. Əslində, onun malik olduğu fərdi-psixoloji Zaman Qərb-Şərq sosial-psixoloji özəlliklərini özündə birləşdirən kosmopolit – Dünya Vətəndaşının fərdi-psixoloji Zamanı idi. Bu baxımdan belə bir qənaətə gəlmək olur: əgər o, əksər azərbaycanlılar kimi doğma məmləkətinə bu qədər qırılmaz tellərlə bağlı olmasaydı, qürbətdə, deyək ki, Moskvada... Parisdə... İstanbulda, lap elə Kopenhagendə rahatca yaşayıb, uğurlu yaradıcı fəaliyyətlə məşğul olacaqdı.

İstənilən sənətkarın təxəyyülünün və bədii-estetik Zamanının formalaşmasından ötrü mühüm olan amillərin sırasında iki şərt daha vacib sayılır. Birinci şərt fitri estetik zövqdür. Bu keyfiyyət fitri olduğuna görə, onu kiməsə aşılamaq mümkün deyil. Estetik zövqü yalnız inkişaf etdirmək olar. İkinci şərt isə “bədiilik” başlanğıcını bir anlayışlar sistemi kimi konseptual şəkildə əxz etmək və bədiiliyin bütün kateqoriyalarını ifadəli və təsirli səhnə obrazlarında canlandırmaqdır.

Görkəmli rus mədəniyyətşünası M.M.Baxtinin elmi dövriyyəyə buraxdığı “xronotop” (zaman-məkan vəhdəti) anlayışı Tofiq Kazımovdan ötrü lap əvvəldən canlı məzmunla “dolu” idi.

Heç şübhəsiz ki, Tofiq Kazımovun yaradıcılığı fenomen kimi qəbul edilərək, sözügedən əməliyyata, yəni milli teatr prosesinin bir qolu kimi təhlil olunmağa layiq “obyekt”dir.

İstənilən prosesin gözəçarpan səciyyələrindən biri onun stadiyanallığıdır. Sözügedən səciyyə həm prosesin gedişatını müəyyənləşdirən  təməli kateqoriyadır, həm də onu bir obyekt kimi təhlil etməkdən ötrü səmərəli dövriyyələşdirmə üsuludur. Tofiq Kazımova Azərbaycan milli teatr prosesinin bir qolu kimi yanaşanda, bu prosesin stadiyalarını, mərhələlərini müəyyənləşdirmək səmərəli əməliyyat olmalıdır.

Bir proses kimi Tofiq Kazımovun yaradıcılığı enerji tutumu və mənəvi-psixoloji gərginliyi ilə fərqlənir. Müəyyən mənada onun keyfiyyətini bədii-estetik  kollaps, enerji partlayışı adlandırmaq olar. Fizikadan bildiyimiz kimi, kollaps enerjinin son dərəcə sıx olduğu anda baş verir. Və bu partlayışın nəticəsində yeni dünyalar, yeni aləmlər yaranır. Metafiziki araşdırma üsulundan imtina edərək, deməliyik ki, Tofiq Kazımovun yaradıcı enerjisinin “partlayış”ları nəticəsində Azərbaycan milli teatr prosesində yeni mənalar, yeni baxış  bucaqları, yeni üslublar yarandı.

İstənilən prosesin digər önəmli keyfiyyəti onun daim hərəkətə olan intensiyasıdır, yəni hərəkətə meyilli olmasıdır. Bu baxımdan Tofiq Kazımovun rejissurasının stadiyanallığının kəskin intensiyası daha dəqiq anlaşılır. Konkret insanı proses kimi təhlil etmək nə qədər çətin olsa da, onun rejissurasını mərhələlərə bölmək qaçılmazdır. Bizcə, Tofiq Kazımov rejissurasının mərhələlərini aşağıdakı təsnifatda göstərmək mümkündür:

 

– latent (gizli, qapalı) mərhələ;

– aktuallaşdırma (dərk etmə) mərhələsi;

– kondensasiya (toplama) mərhələsi;

– gerçəkləşdirmə mərhələsi;

– məhsuldar böhran mərhələsi.

 

lll       

 

Bu gün T.Kazımovun Zamanı bitgin, iki tarixlə – doğum tarixi və ölüm tarixi ilə məhdudlaşdırılmış əbədi zamanın bir kəsiyidir. Sözügedən zaman kəsiyi öz növbəsində iki tarixlə məhdudlaşdırılır: T.Kazımovun ilk tamaşasını hazırladığı tarix və sənətkarın sonuncu tamaşasını bəlirdən tarix. Gerçəklikdə bu zaman kəsiklərini bir-birindən ayırmaq mümkün deyil, çünki onlar vahid insan bioqrafiyasının iç-içə olan olaylarıdır. Lakin ilk tamaşa ilə sonuncu tamaşanın arasındakı zaman kəsiyi bizə T.Kazımovun yaradıcılığına bütövlükdə bitgin, tamamlanmış bir sənət əsəri kimi yanaşmaq imkanı verir.

Zaman içində bitgin bir əsər kimi yer tutan T.Kazımovun yaradıcı irsi, təbii ki, dəyişməz, sabit bir hal və hadisə kimi artıq heç bir təsirə, dəyişikliklərə, müdaxilələrə məruz qala bilməyəcək. Dəyişə bilən yalnız bizim münasibətimizdir. Fərqlənə biləcək yalnız bizim yanaşma prinsiplərimizdir. Mübahisə doğura biləcək yalnız bizim təhlil və dəyərləndirmə üsullarımızdır. İndiki zamanımızın bizə verdiyi təhlil imkanları, sözsüz ki, mütləq deyil. Humanitar elmlərin sürətli inkişafı yeni təhlil aspektlərini, üsullarını, vasitələrini açacaq. Heç şübhəsiz ki, bizdən sonra gələn yeni tədqiqatçılar nəsli T.Kazımovun yaradıcı irsində bu gün bizdən ötrü qapalı olan tam yeni məzmun və məna qatlarını aşkarlayacaq və gələcək zamanda T.Kazımovun Zamanı başqa bir rakursdan görünəcək. Biz əminik ki, bu böyük sənətkarın irsi hələ bir çox aspektdən tədqiq olunacaq. Bu qənaətimizə arxalanaraq, “T.Kazımov Zamanı”nın bu gün bizdən ötrü maraqlı və vacib məqamlarına toxunmağa çalışdıq.

 

Məryəm Əlizadə

 

525-ci qəzet.- 2013.-15 iyun.- S.17.