Geriyə baxmağa dəyər
Ömrün və yaradıcılığın müdriklik zirvəsinə yüksəlişin hər mərhələsinin bədii-fəlsəfi, ictimai-sosial tutumunu bu zirvəyə doğru irəliləyişin zaman və məkan hüdudları müəyyən edir. Zirvəyə doğru qalxdıqca təbiət də dəyişir, insanın aldığı nəfəs, ürəyinin döyüntüləri də dəyişir, eyni çiçəyin fərqli, daha cazibəli ətrini və rəngini duyursan, dağın zirvəsinə qalxdıqca dağ əzəməti, qartal qüruru ilə ağ bənövşə kövrəkliyi, “kölgədə bəslənmiş quzey qarının” zərifliyi ömür yolu haqqında müdriklərin danışdığı nağılı-əfsanəni xatırladır.
Müşahidə edənlər bilər: dağların zirvəsində insan özünü daha əzəmətli, daha vüqarlı hiss edir. Bu hissiyyat zirvəyə alın təri ilə çıxanlara təbiətin bəxşişidir. Sənətkar ömrünün müdriklik çağı dağ silsiləsinin zirvə yüksəlişini xatırladır. Bu zirvəyə ucalmağın, onu fəth etməyin parlaq nümunələrindən biri müasirimiz, ədəbi-ictimai fikrimizin əsas söz sahiblərindən olan Elçin müəllimdir. Yetmiş illik ömrün və 50 illik yaradıcılığın zirvəsindən geriyə baxmağa dəyər. Bu zirvədən sənətkar ömrünü səhifələdikcə xalqın bədii yaddaşına çevrilmiş iki obraz nəzərimizdə canlanır: sənətkarın obrazı və onun yaratdığı xalq obrazı. Bu gün multkulturalizmdən bəhs edənlər, onu dövriyyəyə gətirənlər bəşəriyyətin tarixən əldə etdiyi qənaətlərə, həyat vərdişlərinə yeni bir şey əlavə etmirlər, sadəcə olaraq bunu konkret siyasi kontekstə yönəldirlər. Əslində isə, hər bir xalqın tarixi onun tarix boyu yaratdığı obrazların tarixidir. Xalqlar bir-birindən öz tarixləri ilə yanaşı öz obrazları ilə də fərqlənirlər. Yazıçı yaradıcılığı boyu mənsub olduğu xalqın obrazını yaradır. Xalq içərisində isə hər bir yazıçının öz obrazı var. Klassiklərin obrazını onların əsərləri, bu əsərlərin germenevtik, aksioloji şərhi yaradırsa, müasir yazıçının obrazı, daha konkret bu gün böyük yaradıcılıq yolu keçmiş Elçin müəllimin sənətkar, ictimai xadim, vətəndaş obrazı onu təyin edən ictimai, mənəvi estetik daşıyıcıları ilə vəhdətdə yaranıb.
İndi fəlsəfi-estetik fikirdə dünyanın bədii obrazının Amerika, İtaliya, Fransa, Rusiya və s. tipləri haqqında sanballı tədqiqatlar dövriyyəyə gəlib. Milli bütövlüyün bədii təsdiqi kimi təbiət, ətraf mühit, xalqın psixikası, xarakteri və təfəkkür tərzinin reallaşması milli obrazı şərtləndirən amillər kimi vəhdətdə götürülür.
Elçinin yaratdığı milli obraz tipajının, onun mahiyyətini və buna paralel müəllif obrazını bütün zənginliyi, rəngarəngliyi ilə dərk etmək baxımından yarım əsrin sənət göstəriciləri ilə yanaşı, fərdi istedad və şəxsiyyət də müstəsna rol oynayır. Elçin istedadının ictimai-fəlsəfi məzmunu, vətəndaşlıq tutumu 50 illik zəngin ədəbi-ictimai fəaliyyəti prosesində üzə çıxıb. Ədəbi-ictimai fikrimizə liderlik səlahiyyətini 70 illik ömrün sənət və vətəndaşlıq meyarları reallaşdırıb.
Elçin yarım əsrlik yaradıcılığı boyu doğma xalqının obrazını zəngin tarixi dəyərlər fonunda yaradır. O bunu hekayə, povest və dramlarında tarixi və müasir əhvalatlar, hadisələr mühitində formalaşan xarakterlər, təbiətlə şəxsiyyətin harmoniyası və bütün bunları cazibəli, ahəngdar bədii biçimdə bizə çatdıran müəllif obrazı, təhkiyəsi ilə reallaşdırır. Tənqid və ədəbiyyatşünaslıq janrında isə klassik və müasir ədəbiyyatımızın Nizami, Füzuli, Sabir, Qurbani, Aşıq Ələsgər, Mirzə Cəlil, Ü.Hacıbəyov, Səməd Vurğun, Mikayıl Müşfiq və digərlərinin yaradıcılığı, mühiti, taleyi fonunda milli yaddaşımızı yaradır. Təəssüf ki, adını unutduğum müəlliflərdən biri haqlı göstərir ki, hələ məlum deyil Kutuzovun tarixi xidmətləri böyükdür, yoxsa Tolstoyun “Hərb və sülh”ündəki Kutuzov obrazının. Bu mənada müasirlərimiz, gələcək nəsillər ədəbi yaddaşı tarixi və müasir yaddaşa çevirən sənət adamlarına minnətdar olmalıdırlar. Klassik şairimiz Molla Pənah Vaqifin bədii fikir tariximizdəki xidmətləri fonunda Səməd Vurğunun Vaqif obrazının milli təfəkkürümüzün, milli varlığımızın bütövlüyü baxımından oynadığı rol heç də geridə qalmır. Bu tarixi yanlışlıq deyil, bu tarixin müasir bədii-ictimai təsdiqidir.
Bu gün klassik irsə münasibətdə anlaşılmaz, siyasi ambisiyalardan doğan məqamlar baş alıb gedir. Elçin müəllimin ədəbiyyatımızın Füzuli-Axundov-Sabir mərhələləri haqqında elmi mülahizələrini xatırlamaq yerinə düşər və onu da qeyd etməyi lazım bilirik ki, onun bədii düşüncənin təkamülündə aparıcı ədəbi şəxsiyyəti şərtləndirən bədii-estetik prinsiplər haqqında mülahizələri klassik irsimizə münasibətdəki ifratların mahiyyətini üzə çıxartmaqda metodoloji fon yaradır.
Ədəbi demokratizmi tarixi ədəbi kanonların yarışmasına çevirən mətbuat və televiziyanı – qafiyəpərdazlıq, meyxana meydanına çevirən, bu gün bədii tərəqqidə bir ənənə kimi xüsusi çəkisi və rolu olmayan ədəbi nümunələrin həndəvərində dolanmaq ədəbi tərəqqiyə qətiyyən xidmət etmir, əksinə ədəbi zövqləri korşaldır, sənət meyarlarını müəyyən etməkdə çətinlik çəkən oxucu və dinləyicini əsl ədəbiyyatdan uzaqlaşdırır.
Elçin müəllimin yaradıcılığının müxtəlif istiqamətləri haqqında görkəmli ədəbiyyatşünaslarımızın son illərdəki tədqiqatları ortadadır. Mən yenə də sənətkar və xalq obrazının reallaşması baxımından yazıçının on cildlik əsərlərindəki bəzi məqamlara qayıdacağam.
Son aylar bu oncildliyi oxuduqca sənətkarı, ümumiyyətlə sənəti dərk etmək, mənimsəmək, dəyərləndirmək baxımından mənə son dərəcə maraqlı olan nüyanslar ortaya çıxdı. Elçin müəllim haqlı olaraq qeyd edir ki, “dünyada nə qədər yazıçı mövcuddursa, o qədər də yaradıcılıq psixologiyası var”. Mən deyərdim ki, hər oxucunun da, hər tədqiqatçının da öz psixologiyası var. Yaş və dünyagörüşün səviyyəsinə görə dərketmə imkanları var. Müxtəlif vaxtlarda və psixoloji durumda, əhvali-ruhiyyədə oxuduğum bu əsərlər mənim üçün yenidən bir dünya yaratdı. Qarabağın, Şuşanın, Abşeronun təbiəti ilə harmoniya yaradan bir-birindən zəngin dünyası olan adamlar. Bu adamların taleyini, bu adamların hər birinin duyğularını, iztirablarını oxucuya sevdirən, folklor, nağıl intonasiyasını, ana və nənə nəvazişinin əlçatmazlığını xatırladan, təlqin edən təhkiyə, onun poetik sirləri, estetikası bütün dolğunluğu ilə mənim üçün yenidən açıldı.
Elçin müəllim 50 illik yaradıcılığı boyu hekayə janrına sədaqətli olub. Bu janrın bütün imkanlarını səfərbər etməklə yanaşı, onun poetikasına öz möhürünü vurub. Bu hekayələrdə də zaman və istedad birgə addımlayır, həyat və müşahidə təcrübəsi isə yazıçıya insan qəlbinin daha dərin qatlarına nüfuz etməyə imkan verir. İlk hekayələri ilə son illər yazdığı əsərləri-hekayələri müqayisədə onun bir yazıçı kimi ədəbi-estetik imkanlarını gördüyümüz kimi, hələ gənc nasir Elçinin ədəbiyyata püxtə bir nasir kimi gəldiyini də təsdiq edir. Yazıçının özünün qeyd etdiyi kimi, o ədəbiyyata İlyas Əfəndiyev, Mehdi Hüseyn, İsa Hüseynov imtahanından çıxıb gəlmişdi.
Elçin müəllimin ədəbiyyata gəldiyi illərdə dünyanın müxtəlif xalqlarına mənsub yazarlar həyata milli tarixi dəyərlər kontekstində yanaşmağa başladılar. Bu 60-cıların təfəkkür tipajında dərhal nəzərə çarpırdı. Elçin nəsri də məhz belə bədii-estetik meyarların formalaşmasında öz bədii-tarixi missiyasını ləyaqətlə yerinə yetirdi. Elçin və onun təmsil etdiyi ədəbi nəsil yaradıcılıq təcrübəsinə, ədəbiyyatda yeni başlanğıclara rövnəq verdi. Əvvəlki nəslin nümayəndələri ilə birgə XX əsr Azərbaycan nəsrinin poetik ənənələri zəminində ədəbiyyatın yeni mərhələsini formalaşdırıb inkişaf etdirdilər. Bu ədəbiyyat milli ədəbi-ictimai şüurda, ədəbi zövqlərdə yenilik yaratdı. Bu illər yaranan ədəbiyyat bütövlükdə ədəbi-ictimai proseslərə istiqamət verdi, incəsənətin bütün sahələrinə işıq saldı, ədəbi dili xalq dilinin ən zəngin qatları ilə zənginləşdirdi. Ədəbi-bədii şüur ictimai-siyasi duruma güclü təsir etdi, onu milli ovqata köklədi.
Elçinin hekayə və povestləri milli realizmin yeni
tipi idi. Bunların ideya-estetik modeli hakim yaradıcılıq
prinsiplərinə, onun çərçivələrinə
sığmırdı. Bu əsərlərdə
ortaya qoyulan, dövriyyəyə gətirilən yeni estetik dəyərlər
cəmiyyətin ictimai-siyasi meyarlarını
qabaqlayırdı.
Elçin nəsrinin poetik özünəməxsusluğu,
bədii-fəlsəfi vüsətini zaman etibarı ilə təkamüldə
izləmək baxımından onun müxtəlif tarixi
dövrlərdə yazdığı hekayələrə nəzər
yetirdikdə bir qənaət bizi tərk etmir ki, o bir
yazıçı kimi oxucusunu öz ətrafında olan adi
adamların dünyasına aparır, heç bir ictimai-estetik
müdaxiləyə və kontekstə yol vermir. Bu xarakterlərin bir-birinə
bənzəməyən obrazları fon yaradır, milli, ictimai əxlaq
dəyərləri və meyarları formalaşdırır. Bu nəsrin poetik özünəməxsusluğu onun
bütün estetik qatlarında duyulur. Əsərin
və qəhrəmanların adıyla başlamış
situasiyaların psixoloji rəngarəngliyi oxucuda ovqat
yaradır. “Qırmızı ayı balası” (1969),
“Gümüşü, narıncı, məxməri” (1971),
“Baladadaşın ilk məhəbbəti” (1972), “Bu dünyadan
qatarlar gedir” (1973), “Şuşaya duman gəlib” (1977),
“Qarabağ şikəstəsi” (2003), “Canavarlar” (2008),
“Kaşeyin taleyi” (2012) kimi hekayələrdə XX əsrin əvvəlləri,
Mirzə Cəlil, Ə.Haqverdiyev nəsrinin, xalq ədəbiyyatının yazıçı yaddaşına
hopmuş sinkretik bədii intonasiya tipi, bu intonasiyadakı ovqat
çalarları dərhal nəzərə çarpır. Elçinin bədii təfəkküründə rəmz,
simvolika bütün janrlarda öz yerini tapır. Yeri
düşən hər məqamda Elçin müəllimin
böyük ehtiramla, “unudulmaz” epiteti ilə
xatırladığı Yaşar Qarayev Elçin
yaradıcılığındakı bu cəhəti belə səciyyələndirirdi:
“Elçin rəmzdən, bədii-fəlsəfi şərtilikdən,
kəskin məcazdan cəsarətlə istifadə edir,
psixoloji əhval-ruhiyyəni detalda əyaniləşdirən
mizanlar və cizgilər axtarır, onları
görümlü, baxımlı obraza çevirən epitetlər
tapır. Məhz bu epitetlərin təşkil etdiyi bir mozaikada
bəzən nağıl və hekayə, əfsanə və həqiqət
bir-birilə barışa və qaynayıb-qarışa bilir.
....adi adamların daxilən gizləyib xəlvətdə
saxladığı mənəvi keyfiyyətləri
hamımız üçün estetik sərvətə
çevirir”.
“Qırmızı
ayı balası” hekayəsində C.Səlimovun ailə
iztirabları, ömür-gün yoldaşı Şəfiqə
və qızı Leylasız keçirdiyi günlərin
bütün ağrılarını oxucu real həyat həqiqəti
kimi qəbul edir, çünki Səlimovun Şəfiqəsiz
və Leylasız həyatında mənəvi
bütövlüyün atributları, qütbləri
çatmır və yazıçı bu nisgildən oxucunu qəbul
etməyə hazır olduğu bir şərtiliklə, rəmzlə
xilas edir. Çünki oxucu da Səlimovla birgə
Şəfiqə və Leyla üçün darıxır,
yazıçı bunu sadə bir təsvirlə inandıra
bilir. “C.Səlimov küçəyə
baxan eyvana çıxdı. Budur, həmin sarı bina, həmin
qara daş bina, həmin yeni tikinti ayrıcında
dayanmış həmin milis işçisi, qarşı
eyvandakı həmin güllər, həmin meynə, o biri
eyvanda çeşməyini taxıb küçəyə
tamaşa edən həmin qoca – yüz ildir ki, belədir, hər
şey olduğu kimi. Qabaqlar bu sarı bina da belə solğun
deyildi – meyit rəngli, bu qara daş bina da bu cür matəm
içində deyildi, bu yeni tikintinin toz-torpağı da
projektor işığında işləyən bu traktorun
tırıltısı kimi gecənin bürküsünə
qatışıb ürək qısmırdı...
ayrıcgahda dayanmış həmin milis işçisi də bu cür könülsüz, həvəssiz
deyildi, çeşməyini taxıb eyvandan küçəyə
tamaşa edən bu qoca da bu cür miskin
görünmürdü; əvvəllər – yüz il bundan
qabaq – indi hər tərəfi basmış bu bozluq yox idi; onda
Leyla bu eyvanda gülərdi, bu otaqlardan ev iyi gəlirdi onda.” (I c., səh. 70.).
Elçinin dediyim hekayələri bu janrın
inkişafında xüsusi rol oynadı. Elçin bir
nasir kimi ədəbiyyata real həyat həqiqətlərini,
müasirliyimizin ictimai statusu etibarı ilə xüsusi
seçilməyən adi adamların qayğılarını,
talelərini gətirdi. Vaxtı ilə dediyim bir cəhəti
bir də təkrarlamaq istəyirəm ki, Abşeronun
dünyanın heç bir yerinə bənzəməyən təbiətini,
bu bölgənin sakinlərinin xarakterini Elçin qədər
həssaslıqla,yüksək bədii
koloritlə təsvir edən əsər və
yazıçı xatırlamıram. Bu əsərləri
oxuyanda Şukşini, əsl şimali rus həyatını,
rus xarakterini yaradan böyük sənətkarı
xatırlayıram. Şukşin Şimali Rusiyanın təbiətini,
bu təbiətin bir parçası olan adi adamların
xarakterini hansı bədii vüsətlə yaradırsa,
Elçin də Abşeronun və deyərdim ki, təkcə
Abşeronun yox, Şuşanın, ümumilikdə Azərbaycanın
milli koloritini, bədii obrazını eyni hərarət və
istedadla, milli bədii düşüncə prizmasında
yaradır.
Elçin
müəllim ilk hekayələrindən olan “Baladadaşın
ilk məhəbbəti” haqqında yazır: “Baladadaşa qədər
bizim ədəbiyyatımızdakı baladadaşlar,
onların başlarındakı iri kepkalar yalnız satira
obyekti, ironiya predmeti idi. Görünür, bu iri
kepkalı Baladadaşın daxili aləmindəki incəlik,
lirika, romantika oxucu üçün gözlənilməz oldu.
Oxucu Baladadaş kaloritini hiss etdi, onun mənəvi
dünyasındakı akvareli qiymətləndirdi və bu
qırx ilin səlahiyyəti, güman edirəm, mənə
imkan verir deyim ki, oxucu onu sevdi”.
Burada haşiyə çıxıb onu demək istərdik
ki, ilk hekayələri və povestləri ilə oxucu
Elçini sevdi. Çünki bu əsərlərdə
müəllif müdaxiləsi, müəllif mövqeyi oxucunu
bu qəhrəmanların ən incə, dəruni hisslərinə
yönəltmişdi. “Füzulini sevirəm”,
“Mirzə Cəlili sevirəm”, “Səməd Vurğunu sevirəm”
ifadələri də təsadüfi yaranmayıb. Çünki yazıçı bütün əsərlərinin
baş qəhrəmanıdır.
Elçinin Abşeronun təsviri ilə bağlı
yazıçı və tənqidçi müşahidələri
çoxdur və biri digərini gücləndirir. Lakin məni
bir oxucu kimi heyrətləndirən Elçinin kənd həyatını
dərindən bilməsi, təsvirin təbiiliyinə,
bütövlüyünə xələl gətirən bir
sözün və ifadənin işlədilməməsidir.
Əksinə bu gün az qala unudulmaqda olan bədii
leksikanın elə qatları ilə rastlaşırıq ki,
sanki yazıçı uzun illər kənddə
yaşamış, gözünü ova-ova atı tövlədən
çıxarıb suvarmağa aparmış, hər gün kəndlərindən
keçib gedən qatarlara qoşulub xeyli uzaqlara getmiş, xəfif
bir kövrəklik, qəriblik gətirən çiskinli,
dumanlı axşamların qoynunda böyümüşdür.
1977-ci ildə
qələmə alınmış “Şuşaya duman gəlib”
hekayəsi Elçin müəllimin
yaradıcılığı ilə bahəm XX əsr nəsrimizin
parlaq nümunələrindən biri kimi
yaşadığımız günlərin, taleyin
şuşalılara bəxş etdiyi nakam günlərin,
Şuşasızlığın ağrılarını
yaşayanların, onların yaralarının
qaysaqlarını soyur, Şuşaya gələn o ağ duman
zülmət bir qaranlığa qovuşur. Bu
hekayədə bütövlükdə Şuşanın
obrazını görürük. Bütün
sakinləri ilə, qonaqları ilə, təbiəti ilə
birgə, bir-birini tamamlayan bir tablonun rəngləri kimi.
Doppa Dadaş, Hüsaməddin Alovlu, Cavanşir, Dürdanə,
İskəndər Abışov, Mədinə xanım və
başqaları hekayə janrının çərçivəsində dolğun, bitkin xarakterlər kimi təqdim
olunur. Yığcam bir janrın
hüdudlarında bu qədər fərqli obrazlar yaratmaq, kəskin
psixoloji durumların birindən digərinə keçidlər
etmək mükəmməl söz sənətinin
yaratdığı sirlərdir. Bu hekayə
bu gün bizə Şuşalı günləri qaytarır, bədii
siqləti kimi, ictimai, mənəvi-siyasi tutumu etibarı ilə
qiymətsiz sənət nümunəsidir. Şuşaya
gələn dumanın içində Cavanşir gələcəyi
görür, işığı görür, Dürdanənin
gözlərini, saçlarını görür.
Milli bədii mövzunun, milli problemlərin bəşəri
sənət ölçüləri səviyyəsində təqdimi
Elçin müəllimi hər vaxt
düşündürür. O, hekayə janrında buna parlaq
şəkildə nail olmuşdur və bunu onun son illərdə
qələmə aldığı “Qarabağ şikəstəsi”,
“Canavarlar”, “Kaşeyin taleyi” əsərləri bir daha təsdiq
edir. İndi ədəbiyyatda, ümumiyyətlə
incəsənətdə Qarabağ mövzusundan, bu mövzuda
yaranan əsərlərin keyfiyyətindən çox
danışılır. Müəyyən əsərlər
yazılmışdır, xüsusən poeziyamızda və bədii
publisistikada Qarabağ mövzusu geniş yer tutur və bu əsərlərin
təhlilinə həsr edilmiş xeyli dissertasiya mövcuddur.
Ancaq hələ ki, bu faciənin bütün
mahiyyətini açan incəsənət əsəri ilə
dünyanı istənilən səviyyədə inandıra
bilmirik. Bu faciəni hər an yaşayan bir insan kimi onun mənəvi
ağrılarını ifadə edən sənət əsərləri
ilə az rastlaşmışam. Elçin müəllimin “Qarabağ şikəstəsi”
hekayəsini oxuyarkən bizim bu böyük faciəmizin dəhşətlərini
bir də yaşadım. Burada nə
döyüş səhnələri var, nə süni patetika,
nə də mənfi planda işlənmiş kobud aksentlə
danışan düşmən obrazı. Qaçqın
düşmüş insanların həyat tərzi elə
ustalıqla təsvir edilir ki, özünü bu əzabın
daşıyıcısı, iştirakçısı kimi
hiss edir, bir milyon qaçqının birinə çevrilirsən.
Bu artıq milli faciə hüdudundan
çıxır, bəşər övladının
düçar olduğu real vəziyyət fonu yaradır.
Qaçqınlığın mənəvi-əxlaqi faciəsinin
bu hekayədən əvvəlki təsvirini “Bayraqdar” povestində
görürük. Vətəndə vətənsizliyin,
yurd-yuvasızlığın ağrıları əsərin
bütün qatlarının vəhdətində
reallaşır. Elçinin təhkiyəsi
ilə səciyyəvi olan ironiyanın mahiyyəti dəyişir,
dərin bir lirizm, nisgil intonasiya aparıcı yer tutur.
Povestdə Şuşa qaçqınlarının yataqxana həyatının
heyrətamiz müşahidənin bəhrəsi olan
detalları, Əhməd Ağayeviçin meşşan
psixologiyası, Fərzəli müəllimin – Molla Fərzəlinin
acı taleyi bir axarda birləşdirilir və XX əsrin
sonunda milli faciənin mahiyyətini ortaya qoyur. Qaçqın qəbiristanlığının
təsvirindən doğan fəryad, daxili yanğı və
üsyan bütünlükdə əsərin mahiyyətini
ifadə edir: “Buradakı qəbirlərin başdaşı həmin
yarımçıq tikintinin divarlarından
sökülüb-qoparılıb gətirilmiş kubik
daşlar idi və divarların köhnə suvağı
adda-budda üstündə qalmış o kubik daşlar bu
kiçik qəbiristanlığa elə bir ab-hava gətirmişdilər
ki, elə bil bu qəbirlərin özləri də
qaçqın idi, hardansa qaçıb gəlmişdilər...”
“Bir
görüşün tarixçəsi”, “Toyuğun diri
qalması”, “Dolça” povestləri, “Ağ dəvə”,
“Mahmud və Məryəm”, “Ölüm hökmü”
romanları Elçinin bir nasir kimi iri həcmli janrlara
keçiddə bədii istedadının yeni tərəflərini
üzə çıxartdı. Tarix, folklor, təbiət
motivləri, rəmzləri ilə müasir yazıçı
təfəkkürünü müəyyən edən vətəndaşlıq
konteksti vəhdətdə çıxış etdi. Bu əsərlər Elçinin yazıçı
portretinin, yazıçı obrazının bütün bədii,
estetik, fəlsəfi cizgilərini üzə
çıxardı.
Elçinin müraciət etdiyi janrlar konkret
mövzuların mahiyyətindən irəli gəlir və
çox böyük sosial ictimai mətləbləri hekayədə
olduğu kimi, povest və romanlarda da eyni vüsətlə ifadə
edir. “Dolça” povesti, “Mahmud və Məryəm”
romanı, “Canavarlar” hekayəsində olduğu kimi. “Dolça” povesti cəmiyyətin həyatına
ironik bir baxışdır, metaforik düşüncə
üslubunda qələmə alınmış və XX əsr
nəsrimizin sanballı nümunələrindən biridir.
Oxucu burada yaşadığı cəmiyyətin
mənəvi eybəcərliklərini görür, onun əxlaqına
nifrət edir. Müəllif özü
doğru göstərir ki, “Mənim “Dolça” povestimdəki
it yadına gəlir? Cəmiyyət o itin əxlaqını
pozur, onu sümsük edir.”
Ədəbi-ictimai fikirdə Elçin obrazı onun nəsri
ilə həmahəng Elçin dramaturgiyası və
Elçin tənqidi ilə vəhdətdə
formalaşıb. “Elçin teatrı” və “Elçin tənqidi”
anlamları ədəbi-nəzəri fikir tariximizə öz
estetik səlahiyyəti və əxlaqi dəyərləri ilə
daxil olub.
70-ci illərin
ikinci yarısında ədəbiyyata gəlmiş tənqidçi-ədəbiyyatşünas
nəslinin ədəbi-ictimai fikrə təqdimində, bu nəslin
ədəbiyyat qarşısındakı xidmətlərinin dəyərləndirilməsində
Elçin müəllimin həssaslığı, bir alim kimi
qiymətləri, ictimai xadim kimi fəaliyyəti böyük
rol oynamışdır.
Elçin müəllim yarım əsrlik
yaradıclığı ilə xalqımızın
böyük mənəvi dünyasını, onun dünya
xalqları içərisində bənzərsiz
obrazını təqdim etməkdə böyük enerji, gənclik
ehtirası ilə fəaliyyət göstərir. Və bütün
bunların realizə etdiyi, xalqın etimad və sevgisinin ifadəsi
olan Elçin obrazı zənginləşməkdə, təkamüldədir.
Şirindil Alışanlı
525-ci qəzet.- 2013.- 15 iyun.- S.16.