Uzağa uçan söz arısı
Uzağa uçan arının balı daha təbii, daha keyfiyyətli, mənbəyinin özəlliyinə daha sədaqətli olur. Çəmənlər geniş, çiçəklər növ-növ!.. Hər çiçəklə səmimi, doğru təmas ortalığa təmiz, təbii məhsul qoyur.
Ariflərin gözlərindən yayınmır. Şirin bilib qəbul etdiyimiz o məhsulda hər çiçəyin tamı, acılı-şirinli yaşam tərzi var. Lap söz adamlarının – söz arılarının hasilə gətirdiyi sevincli, kədərli, ümidli sətirlər, misralar kimi. O uzağa uçan, çox gəzən, çox görən, haçalı yollar yoran, ağlayanla gülənin fərqinə varan söz arıları kimi. Qanadlarına güvənən, sirdən şirə çəkmək qabiliyyətinin dərinliyinə enən yazarlardan biri (bəlkə də, birincisi) şair Elçin İsgəndərzadədir. Şairin bu günlərdə oxucu ixtiyarına verilmiş növbəti kitabı – “Qürbət hücrəsində” mülahizələrimizə şübhə yeri qoymur. 2013-cü ildə “Vektor” Nəşrlər Evi tərəfindən nəfis şəkildə nəşr olunan toplu “Əks-səda”, “Ebrülər... Ebrülər...”, “Miniatür motivləri”, “İkiliklər” başlıqları altına yığılan “Şeirlər” və “Poemalar” bölümlərindən ibarətdir.
ÖTƏRİ KİMLİK GƏZİNTİSİ
Elçin sənət aləminə Gəncədə rəhbəri olduğum “İlham” ədəbi birliyindən pərvazlanıb. 30 il bundan əvvəl işıq üzü görən ilk kitabına xeyir-dualı ön söz yazmışam. Gələcəyinə ümidli olmasaydım, gələcək zəfərlərinə zəmanət verməzdim. Bilirdim ki, o, müəlliminin çiyinlərində ağır islaq yükə çevrilməyəcək. Yüngül bir təkan, beş-altı kəlmə xoş söz ona kifayət etdi: “Bu da sirli-sehrli söz aləmi!.. Di sənə yaxşı yol”.
Dədə Ələsgər söz-sənət yoluna çıxanların şərtlərini söyləmişdir. O şərtin biri belədir: “Mərifət elmində dolu gərəkdir”. Dədənin ruhuna cavab verirəm: Deyilən şərt Elçin İsgəndərzadə də var. Amma o, bununla kifayətlənməyib. Elçin elmdə də, sənətdə də, səxavətdə də, insanlıqda da doludur. Dolu olmasaydı, bu qədər qələm işlətməz, kitab yazmaz, ödül qazanmazdı. Təkcə mənim – ustadının 10 kitabını təmənnasız dərc etdirib. Hələ saya gəlməyən başqaları da var. Ona görə də tərcümə edən və tərcümə olunan bu adama bütün dünya, xüsusilə türk elləri qucaq açır.
İndi Elçini axtarsan, nağıllardakı dəmir çarıq, dəmir əsanın varislərində – dəmir təyyarədə, dəmir qatarda, dəmir gəmidə, dəmir avtomobildə taparsan. İşgüzarlığı, vaxtın qədrini bilməyi ilə başqalarından seçilən, fəaliyyət sürətini ən azı orta tezliyə hesablayan şair dayanacaqsız zamanı arxada qoymaq niyyətindədir. Kitab da bir bəhanə oldu. Onun, ötəri də olsa, xarakterik cizgilərinə toxunmadan ötüşə bilmədim.
Uzağa uçan arının balı daha təbii, daha keyfiyyətli olur. O ki, qala söz arısı ola... Dünyada 5 qitə, 200-dən çox ölkə var. Bu ölkələrin hərəsi bir çiçəkdir. Söz arısı Elçin İsgəndərzadə bu ölkələrin əksəriyyəti ilə təmasdadır.
ŞEİRLƏRİ HAQQINDA
Elçinin “Qürbət hücrəsində” kitabı “Fələstinli Xalidin havası” şeirilə açılır. Görək, uzağa uçan söz arısının şanına topladığı bu “balın” tamı necədir? Suriyada didərginlik günləri keçirən, qürbətdə yanıb qaralmış bir zeytun budağına oxşayan Xalid Mevid Şam şəhərinin Əməvi camisində yüksələn əzan səsinə bağlıdır. Bu səsdən nicat gözləyir Xalid:
Xalidin xəyalına
doğulduğu ana yurd, –
məmləkətin göyləri
bəmbəyaz buludları,
ağacları, göyərçinləri,
insanları, umudları,
şəhid ruhları gəlir.
Nə dadır doqquz uşaq atası
Xalid-çiçəkdən çəkilən “balın”
tamı? Acıdır,
amma saxta deyil, doğrudur. Elçinlə Xalidin – müəlliflə
qürbət qəhrəmanının dərd şərikliyi,
tale oxşarlığı var. Şair bu məqamı, bu
fürsəti əldən vermir, elə yerindəcə deyir:
Qarabağlı
qaçqın Məmmədə
yaman
oxşayır fələstinli Xalid,
onun da
gözlərində bir cüt Xarıbülbül
qan
içində ölümə gülümsəyir elə
bil...
Oxucu şeirin ağır havası altında təntiyir,
əzilir. Ancaq bədbinliyə təslim olmur. Heç buna ixtiyarı da yoxdur. Bu
həm də Elçinin zamana nikbin mesajıdır.
Axı başqa bir hava da var. O havanın
çalınacağı günü Xalid də, Məmməd
də səbirsizliklə gözləyir:
Amma Fələstində
qalıb
Xalidin bir
gün oğul toyunda
qol
götürüb oynayacağı hava...
Elçin İsgəndərzadə bir söz
arısı olaraq dünyanın uzaqlarına, ucqarlarına qədər
uça bilir.
Sorağını Şərqdə Monqolustandan,
Qərbdə Fransadan, Almaniyadan, Polşadan, Orta Doğuda
Suriyadan, İraqdan, Şimalda Rusiyadan (türk elləri
ayrıca bir sıradı) alırıq. Bu say 100-ü haqlamaqdadır. Hər
çiçək-ölkənin özünəməxsus tamı – uğuru və qüsuru var. Səyahət
təəssüratı müqayisə etməyə, fərqləndirməyə
və bəşəri nəticə çıxarmağa imkan
verir. ..
Dərd insanın içindən qaynaqlanır. Bu hiss insanın ətrafında
baş verən hallara qarşı etirazıdır. Bu etiraz təlatümlü də, zəif də,
susqun da olur. İki tərəf arasında
daim mücadilə gedir. Gah bu, gah o biri tərəf
üstələyir. Gah dərd insanı
teyləyir, gah insan dərdi. Onu ram eləmək istəyən
də var, ona məcburən qul olub qulluq göstərən də.
Qarabağını – Şuşasını,
Xarıbülbünü itirmiş isti yarası qaysaqlanmayan
Elçin adlı şair isə dərdlə xeyli fərqli
statusda yola getməli olur. Yəni, dərd
şairə o qədər yaxınlaşır, o qədər
doğmalaşır ki, ailəviləşib, ailənin bir
üzvünə çevrilir. Bax, bu deyim, bu bənzətmə
bənzərsizdir:
Dilim qabar
oldu
Vətən
deməkdən...
Balam
doğulduğu kəndi
Soruşur hər gün məndən.
Susuram,
gözüm yaşarır...
...Bəlaya
saldıq Vətəni,
Vətən – başımın bəlası.
İndi mən
dərdin oğluyam,
balam dərdimin
balası.
(“Sevdalı
gilənar yarpağı”)
Elçinin poeziyasında vətəndaşlıq hissləri,
çağırışları çox güclüdür. O, erməni
işğalçılarının Qarabağda törətdiyi
ağrı-acıları yaşasa da, heç vaxt ruhdan
düşmür...
Elçin ölçü hissini itirməyən, ədaləti
gözləyən, tarixi izləyən
türkçü-turançıdır. Elə sevgilərlə dolu
ictimai vəzifəsi də bunu təsdiq edir – Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının Eşbaşkanı...
Zəmanəmizin Marko Polosu olan Elçin İsgəndərzadə
vurğunu olduğu türk ellərini
qarış-qarış gəzdikcə könlünün
sifarişini könüllü yerinə yetirən şair qələmi
daha da bəhrələnir, bu səpkidə bir-birindən mənalı,
gözəl əsərlər yaradır. Bir nümunəyə
də müraciət edəcəyəm. Amma
bu nümunədə ixtisar aparmağa əlim gəlmədi.
Şeir belə adlanır: “Türkük, türkü oxuyuruq”.
Tanrı
dağından gəlirik,
cənnət bağından gəlirik,
Türk
oymağından gəlirik –
Türkük, türkü oxuyuruq.
Qılıncımız
belimizdə,
Qopuzumuz əlimizdə,
Yahu, yahu
– dilimizdə,
Türkük, türkü oxuyuruq.
Əsdikcə
səhər yelləri,
Açılar
könül gülləri,
Atlanar
Turan elləri,
Türkük, türkü oxuyuruq.
Sorma bizdən
kimik, nəyik,
Mövlana
tək pərvanəyik,
Yunus kimi
divanəyik,
Türkük, türkü oxuyuruq.
Elçin poetik fikrini həm heca, həm də sərbəst
vəzndə rahat ifadə edir. Mənə elə gəldi
ki, onun aydın, səmimi, axtarışlı və
yatımlı sərbəsti Nazim Hikmətin üslubunu
xatırladır.
Az
sözlə ortaya böyük mətləb qoymaq bədii
sözlə məşğul olandan böyük ustalıq tələb
edir. Elçin bu çətinliyin də öhdəsindən
məharətlə gəlir. Aşağıdakı ikilikdə
deyilən fikir, bəlkə də, bir poemanın
yüküdür:
Allah,
ölümdən betərdi –
Savaşmadan məğlub olmaq dərdi.
Elçinin şeirləri barədə bitməyən
fikirlərimi çapına vəd edilən sərhədli qəzet
ölçüsü bitirməyə məcbur edir.
POEMALARI HAQQINDA
Bu əsərlər Böyük Vətəndaş və
Böyük Alim-Akademik Xudu Məmmədovun xatirəsinə həsr
olunmuş “Bu qala – bizim qala” poeması ilə sıralanır. Şair iri həcmli
yazılarda da özünə, üslubuna sadiqdir. O, Xudu
dünyasını rəmzlərin – Azıx
mağarasının, türk hilalının, türk
şamanlığının, Xarıbülbülün,
daş-kristalın yardımı ilə ustalıqla
açır və tamamlayır.
Sonrakı
sırada Böyük Ustad Çingiz Ağa Torekul oğlunun adına bağladığı “Turan
savaşçısının nəğmələri”
poemasıdır.
Həyəcan
içində
olan müəllifin yolu Turanın bir
parçası olan Qırğızıstana – “Manas” elinədir.
O yerə ki, orada görüşüb qovuşacağı, dərdləşəcəyi
manasçılar var, şöhrətinin başı buludlara
dirənən yazıçı Çingiz Aytmatov var...
“Şahmar şikəstəsi”. Vaxtilə təsirli qələm
məhsulu olan bu poemanı “525-ci qəzet”in səhifələrində
oxumuşdum. Onu eyni ağrılı təsirin
müşayiətilə yenidən oxudum. Elçin
İsgəndərzadə ümidli, ağrılı qələmilə
Şahmar dünyasını oxucunun gözləri
qarşısında vərəqləyir. “Şahmar
şikəstəsi”ni muğam-rekviyem hesab
eləmək olar. Poema maraqlı quruluşa
malikdir. Müəllif poemanın təsir
gücünü daha da artırmaq üçün qəhrəmanı
Şahmar Əkbərzadənin də şeirlərindən
yerli-yerində istifadə edir.
“Adil Mirseyidin palitrası”. Adil Mirseyidlə
Elçin İsgəndərzadə dostdurlar. Adil rəssam
olsa da, şeir də yazır: “Şeirləri rəsm kimidi, rəsmləri
şeir kimi”. Məncə, Elçinin rəssamlığı
yoxdur. Amma onlar bir-birlərini dərindən
başa düşürlər. Adilin
palitrası, Elçinin poeziyası ilə qaynayıb
qarışır. Gah Adil Elçindən
yazır, gah da Elçin Adildən. İsladıcı
yağışdan, yandırıcı günəşdən
qorunmaq üçün hərəsi bir çətirə
sahiblənib. Hərdən Elçin Adilin
çətirinə sığınır, hərdən Adil
Elçinin çətirinə pənah aparır
–yağış damcılarının nəğməsini,
günəşin sevdalı işığını birlikdə
anlamaq, duymaq üçün.
“Mavi Mərmərə”. Elçinin bu
poeması Fələstin ərəblərinin həyatının
təsviri kontekstində yenə türk mənəviyyatının
ucalığını, zənginliyini, humanistliyini ən vacib
məsələ kimi günün mövzusuna çevirir.
Elçinə görə türklük (həm
də həqiqətən belədir) insani dəyər
ölçüsüdür.
“Biganəlik iqlimi”. Elçin İsgəndərzadənin
poeziyasında bir revanş-qisas ruhu dolaşır. Bu səbəbdən onun poeziyası əsgəridir.
Bu səbəbdən onun poeziyası
işıqlı və ümidlidir. Ancaq
var olan mənfiliklərdən də yan keçmir onun qələmi.
Deyir, özü də necə: sərtliklə,
ağrıya-ağrıya deyir. Şairin təsvirindən
aldığımız təəssürat təəssüfləndiricidir.
Gizlətməli deyil: canımızda olduqca qorxulu hal olan bir
biganəlik kök salıb. Bu əcaib simptom
hamımızda olmasa da, xeylimizdə özünü eybəcər
şəkildə göstərir. Doqquz
iqlimli Azərbaycanda biganəlik də bir iqlimdir – onuncu iqlim.
Bu yaramaz hal dəf olunmalıdır. Nə
qədər ki, biganəlik ayaqdadır,
Deməli,
gecikir son savaş,
hardasa
gecikir ulu zəfər...
“Oğlum Əliyə dualar”. Şairlərin əksəriyyəti
– Nizami Gəncəvidən tutmuş Seyid Əzim Şirvaniyə,
Süleyman Rüstəmə kimi övladlarına müraciət
etmiş, nəsihət vermiş, siyasi termindən bəzək
kimi istifadə etsək, insanlığın yol xəritəsini
cızmışlar. Oğul atası olan
Elçin İsgəndərzadə də bu fürsəti
fövtə verməmişdir. Nəticədə
“Oğlum Əliyə dualar” yaranmışdır.
“Eşq”.
Üverturalı – epiloqlu bu poemanı ömür
ortağı, can sirdaşı, yeganə oğul övladı
Əlinin anasına həsr edib Elçin:
Sən mənim
bəyaz mələyim –
sən
gözümün qarası.
şair
ömrü bir savaşdı,
şair
ömrü iki misra arası...
“Eşq”
poemasında Elçinin bəyaz mələyi – Əlinin
anası 15 dəfə xatırlanıb: Peterburqda, Ərafatda,
Sofiyada, Bişkekdə, Tarsusda, Əskişəhərdə, Gəncədə,
Moskvada, Parisdə, Madriddə, Romada, Varşavada, Şamda, Təbrizdə
və Daşkənddə. Əlbəttə,
xatırlanan, həsrəti çəkilən, kimliyi izah
olunan şair xanımı başqa məkanlarda da arzulanıb,
xəyala gətirilib.
lll
Uzaqlara uçan söz arısının – şair
Elçin İsgəndərzadənin hasilə gətirdiyi məhsul
təbii, təmiz və mənalıdır. Belə
olduğu üçün də əsər “Qızıl kəlmə”
mükafatına layiq görülüb.
İyun,
2013
Qərib Mehdi
525-ci qəzet.- 2013.-
15 iyun.- S .24.