Şair Səlim Babullaoğlu
yeni kitabını təqdim edib
Tanınmış şair, tərcüməçi və esseist Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır” kitabının təqdimatı və imza günü keçirilib.
Tədbirin aparıcısı – “525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli Səlim Babullaoğlunun poetik yaradıcılığı, şeirlərinin fərqli, orijinal keyfiyyətləri barədə fikirlərini bölüşüb. S.Hüseynli təqdim olunan kitabın S.Babullaoğlunun poeziyası barədə daha dolğun təəssürat yaratmaq baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Səlim Babullaoğlunun çağdaş Azərbaycan ədəbiyyatının çox istedadlı nümayəndələrindən biri olduğunu önə çəkib: “Bir çox şairlər var ki, onun yazdığı kitabı başdan sona kimi oxuyursan, amma heç nə anlamırsan. Şükür ki, Səlim Babullaoğlu o cür şairlərdən deyil. Şair, ümumiyyətlə ədəbiyyat adamları son dərəcə əxlaqlı adamlar olmalıdırlar. Səlim həm də bu cəhəti ilə – son dərəcə əxlaqlı olmağı ilə fərlənir. Orta yaşlı ədəbiyyatçılar arasında mən Səlimi güclü bir ədəbiyyat adamı, istedadlı şair olaraq görür və dəyərləndirirəm”.
Şair Əjdər Ol Səlim Babullaoğlunun çoxşaxəli ədəbi fəaliyyətindən söz açıb, onun şeirlərini yüksək qiymətləndirməklə yanaşı, ədəbiyyat cəfakeşi kimi də səciyyələndirib: “İnamla deyə bilərəm ki, Azərbaycan ədəbiyyatında Səlim Babullaoğlunun xüsusi yeri var”.
Tənqidçi Cavanşir Yusifli S.Babullaoğlunun şeirlərindəki fərqliliyi onun daha çox rəqəmlərdən və əşyalardan, ümumiyyətlə çoxlarının yazmadığı predmetlərdən söz açaraq, maraqlı poetik nümunələr yaratması ilə əlaqələndirib. Bundan başqa, şairin Güney Azərbaycan mövzusunda qələmə aldığı şeirlərini də yüksək qiymətləndirən C.Yusifli S.Babullaoğlu yaradıcılığındakı müxtəlif maraqlı nüanslardan da danışıb və onu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.
Yazıçı Səyyad Aran konkret misallar əsasında S.Babullaoğlunun poetik yaradıcılığına nəzər salıb, onun bənzərsiz bədii dəsti-xəttə malik olduğunu, hər əsərində fərqli ab-hava yarada bildiyini qeyd edib. Tanınmış telejurnalist və esseist Rafiq Həşimov, gənc yazarlar Fərid Hüseyn, Qismət Rüstəmov da şairin yeni kitabı haqqında, ümumən Səlim Babullaoğlu yaradıcılığı barədə fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarına minnətdarlıq edən Səlim Babullaoğlu onlar üçün bir neçə şeirini oxuyub.
GÜNEL
525-ci qəzet.- 2013.- 20 iyun.- S.7.