İnsan və alim
adının ucalığında
Həyat bizə çox şey öyrədir və yaşam boyunca əldə olunan ən dəyərli elmlərdən biri insanlar haqqında bilikdir. İnsan kamilləşdikcə, ətrafında olan kəsləri daha dərindən dərk edir. Mənim bu mənada bəxtim digərlərindən daha çox gətirib. İlk növbədə ona görə ki, ətrafımda sözün əsl mənasında həmişə parlaq, güclü şəxsiyyətlər olub. İkinci səbəb ixtisasımla, daha dəqiq Şərq ədəbiyyatı ilə bağlıdır. Belə ki, Şərq ədəbiyyatı öz dərinliyi və müdrikliyi ilə daima insan təbiətinin incəliklərini dərk etməyi öyrədib.
Mənim həyatdakı mövqeyimin formalaşmasında, yaşam boyu birgə addımladığım insanlar çox önəmli məktəb rolunu oynayıblar. Və bu elm sahəsində ən parlaq təəssüratlarımdan biri Nüşabə Məmməd Mübariz qızı Əlizadə ilə görüş olub.
Əlizadə Nüşabə Məmməd Mübariz qızı 27 aprel 1943-cü ildə anadan olub. 1960-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi bitirdikdən sonra, Nüşabə xanım Bakı Dövlət Universitetinə daxil olub və Şərqşünaslıq fakültəsinin İran filologiyası bölməsinin tələbəsi adını qazanıb.
1965–ci ildə N.Əlizadə öz təhsilini Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsində əyani aspirant olaraq davam etdirir.
Nüşabə xanım öz əmək fəaliyyətinə 1970-ci ildə elə buradaca – AR Milli Elmlər Akademiyası Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsində başlayır. 1973-cü ildə o, İran filologiyası şöbəsində kiçik elmi işçi vəzifəsinə yiyələnir. Elə həmin 1973-cü il “Bozorq Ələvinin nəsri” mövzusunda dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanır və uzun illər Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçi vəzifəsini tutur.
Daha sonra Nüşabə xanım pedaqoji fəaliyyət üçün Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinə dəvət olunub və 1993-cü ildən BDU İran filologiyası kafedrasının dosentidir.
Dosent N. Əlizadə fakültədə bakalavr, o cümlədən magistratura tələbələrinə bir sıra əsas fənnlərdən dərs deyir. Bu fənnlər arasında “Fars ədəbiyyatı”, “Fars ədəbiyyatının tarixi və metodologiyası”, “Fars ədədbiyyatıının müasir problemləri”, “Ədəbiyyat nəzəriyyəsi”, “Mənbəşünaslıq”, “Mətnşünaslıq” və digər fənnlər yer alır.
1998-ci ildən etibarən Nüşabə xanım “XX əsr Azərbaycan-İran ədəbi əlaqələrində poetik bədii tərcümə” mövzusunda doktorluq dissertasiya üzərində çalışır.
Nüşabə xanım həm Azərbaycanda, həm də xaricdə çap olunmuş onlarla elmi əsərin – monoqrafiyaların, məqalələrin, tezis və tərcümələrin, proqramların müəllifidir. Onun elmi əsərlərinin sırasında son dərəcə dəyərli monoqrafiya olan “Bozorq Ələvinin nəsri”ni, “Sədi Şirazinin ”Gülüstan” əsərinin tədrisi” adlı metodik vəsaiti, “Feridun Tonkaboninin novellalarının xüsusiyyətləri”, “ Ale Əhməd və onun dünyagörüşü”, “1960-cı illərin nəsrində Camal Mir Sadeqinin yaradıcılığı”, “Simin Behbehaninin əsərlərinin tərcüməsi”, “Naser Xudayarın nağıl-hekayələri haqqında”, “Şəhriyar poeziyası tərcümələrdə”, “Sadeq Çubəkin hekayələri” adlı məqalələrini, professor Mübariz Əlizadə ilə bir yerdə hazırlanmış “Fars ədəbiyyatı üzrə proqramı”nı və digər əsərlərini qeyd etmək olar.
Dosent N.Əlizadə fars ədəbiyyatı ilə bağlı Azərbaycanda və xaricdə keçirilən beynəlxalq konfrans və seminarlarda daim maraqlı məruzələrlə çıxış edir. 1977-ci ildə Bakıda keçirilən “İran filologiyasının problemləri-VI Ümumittifaq elmi konfransı”nda, 1994-cü ildə Tehranda təşkil olunan “Fars dili və ədəbiyyatı mütəxəssislərinin II beynəlxalq konfransı”nda, 1996-cı ildə yenə də Tehran şəhərində keçirilən “MDB və İran fars dili və ədəbiyyatının tədqiqi və tədrisinə həsr olunmuş beynəlxalq konfrans”da, 1998-ci ildə Tehranda “Məhəmmədhüseyn Şəhriyarın 90 illik yubileyi” beynəlxalq elmi konfransında, 1999-cı ildə Azərbaycan Respublikası elm və mədəniyyət xadimlərinin İran İslam Respublikasının dəvəti ilə Tehran, İsfahan, Zəncan, Rəşt, Qum şəhərlərinə səfəri zamanı, 2006-ci ildə isə Tehran şəhərində təşkil olunan “Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi” beynəlxalq elmi konfransında N.Əlizadə öz elmi tədqiqatları ilə bağlı məruzələrini təqdim etmişdir.
Gözəl şərqşünas, kafedranın dosenti və öz işinin peşəkarı... Mən tələbəliklə yenicə vidalaşıb BDU Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasına ilk dəfə qədəm qoyanda bu xanım məhz bu obrazda mənim qarşımda dayanmışdı.
Özünəməxsus aurası, özünü aparmağında nümayiş etdirdiyi dəqiqlik, dərin düşüncəsi, bizə – o zamankı kollektivin ən gənc üzvlərinə qarşı yumşaq, xeyirxah davranışı bizim aramızda ən səmimi münasibətlərin yaranmasına zəmin hazırladı.
Günbəgün bu insanı müşahidə etdikcə (biz-dünənin tələbələri, çox qısa müddət əvvəl ciddi müəllimlərimiz, bu gün isə həmkarlarımız olan bu insanları çox böyük maraqla izləyirdik) mən bu qadında bu qədər maraqlı, parlaq cəhətlərin ola biləcəyinə təəccüblənirdim.
Nüşabə xanım mənə dərs deməmişdi, ona görə də bizim tanışlığımız mənim kafedrada işləməyə gəldiyim gündən etibarən başladı. Məhz burada mən öyrəndim ki, Nüşabə xanım İranşünaslıq sahəsinin aparıcı mütəxəssislərindəndir. Və mən burada öyrəndim ki, mənim qarşımda Azərbaycan şərqşünaslığının əfsanəsi hesab olunan professor Məmməd Mübariz Əlizadənin və gözəl alim, professor Zinət Əlizadənin qızı dayanır.
Mübariz müəllim bizim üçün görkəmli alim, Əbülqasım Firdovsinin “Şahnamə”sini Azərbaycan dilinə tərcümə edən insan, müəllimlərimizin ustadı idi.
Məmməd Mübariz Əlizadə adı bizdə, həm bizim, həm də bizim pedaqoqlarımızın oxuyub öyrəndikləri kitablar, tədqiqatlarla, assosiasiya olunurdu.
Nüşabə xanımla tanışlıqdan, onun, atası və professor Zinət xanımla bağlı hekayələrini dinlədikdən sonra, biz sanki bu insanların daha əvvəl bizə məlum olmayan xarakterik cəhətlərini yenidən dərk edirdik.
Məmməd Mübariz Əlizadə ata kimi, dost kimi, alim kimi, müəllim və metodist kimi, vətənpərvər və öz xalqının layiqli oğlu kimi, çətin və heyrətamiz ömür yaşamış bir insan kimi-bütün bunları mən onun qızının danışdıqlarına əsasən öyrənirdim.
Yadımdadır ki, Nüşabə xanımın xüsusilə də nitqinə, diksiyasına, danışıq qabiliyyətinə heyran olmuşdum. Elmi mübahisə və ya həyatdan götürülmüş hər hansı bir hekayənin nəqli olub olmadığından asılı olmayaraq Nüşabə xanım dinləyicini konkretliyi ilə, haşiyəyə çıxmayaraq baş verənlərin dəqiq emosional təsvirini verə bilmək bacarığı ilə heyran edirdi.
Auditoriyada da o bizim qarşımıza bu cür çıxır. Onun mühazirələri peşəkarlıq nümunəsidir, bu, bir tərəfdən zəngin informasiyaların verilməsi, digər tərəfdən isə yalnız quru bioqrafik məlumatların deyil, öyrənilən müəllifin psixoloji cəhətlərinin aşkarlanması, canlı şəxsiyyət kimi təqdim olunmasıdır.
Heç vaxt unutmaram, (bəlkə də Nüşabə xanım bunu xatırlamır) bir dəfə müəllimlərdən biri ilə söhbət zamanı hər zaman təmkinli, özünü ələ almağı bacaran Nüşabə xanım, müasir farsdilli poeziyanın görkəmli nümayəndələrindən biri – Simin Behbehanidən bəhs edərkən göz yaşlarını zorla saxladı.
Lakin bütün bunlar kafedra çərçivəsində baş verir, auditoriyada bütün tələbələr onun tələbkarlığından çox gözəl xəbərdardılar! Pedaqoji biliklərinə əsaslanaraq, Nüşabə xanım hər zaman auditoriya ilə məsafəni qorumağı bacarır. Yenə də biz, onun həmkarları, tələbələrin təsəvvür belə etmədiklərini bilirik. Bilirik ki, o, tələbələri necə fikirləşir və onlar üçün narahat olur, dərsdən sonra kafedrada həmin ciddi Nüşabə xanım özünün bəzi tələbələrinin problemlərindən danışır, hətta bəzən onlarla münasibətdə ola bilsin ki, həddindən artıq ciddi olduğu üçün özünü günahlandırır.
Biz isə öyrənirik. O vaxt da öyrənirdik, hələ də onun pedaqoji etikasını, insanpərvərliyini, özündən böyüklərə dərin hörmətlə yanaşmasını, onun həddindən artıq intizamlılığını öyrənirik. Nüşabə xanımın təmkinliliyi və dinamikliyi – bu, başlı-başına ayrıca bir mövzudur.
Onu da qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetində, o cümlədən şərqşünaslıq fakültəsi və xüsusilə İran filologiyası kafedrasında Nüşabə xaniım cavandan yaşlıya, həm rəhbərliyin və müəllim yoldaşlarının və həmçinin tələbələrin böyük ehtiramını qazanmışdır.
Ona olan bu münasibət, sözsüz ki, ilk növbədə insani keyfiyyətləri, yüksək peşəkarlığı ilə yanaşı , Nüşabə müəllimənin hər kəsin bildiyi mərdliyi, düzlüyü və prinsipiallığından qaynaqlanır.
Bu keyfiyyətlərin, Nüşabə xanımın atası professor M. Əlizadəyə nə dərəcədə xas olduğu, Mübariz müəllimi tanıyan hər kəsə məlumdur.
Professor Məmməd Mübariz Əlizadənin Bakı Dövlət Universitetində böyük təntənə ilə qeyd olunan 100 illik yübileyində, görkəmli alim haqqında öz xatirələrini danışan BDU-nun rektoru akad. A.Məhərrəmov, şərqşünaslıq fakültəsinin dekanı dosent E. Əzizov, İran filologiyası kafedrasının müdiri professor M.Kazımov və digərləri, Mübariz müəllimin elm yolundan, onun gözəl əsərlərindən bəhs edərək, prof. M.Əlizadənin həyatın çətin məqamlarında nümayiş etdirdiyi prinsipiallığını, mərdliyini və iradəsini xüsusi qeyd edirdilər. Və həmin mətanət və cəsarətdir ki, Nüşabə xanımın xasiyyətində özünü göstərir.
Bütün bunlarla yanaşı, mən bu məqalədə başqa bir məsələ haqqında danışmaq istəyirəm. Bir dəfə şəxsi söhbətlərimizin birində Nüşabə xanımın özünə bu haqda dedim. Yadımdadır, o vaxt Nüşabə xanım gülümsədi və sanki təəccüblə dedi: “Bilirsən, bu həqiqətdir!” Bizim haqqında danışdığımız gözəl xüsusiyyətdir. Bir dəfə bu xüsusiyyəti Nüşabə xanımda hiss etdikdən sonra, etiraf edim ki, mənə məxsus olan müşahidə ruhu ilə, onun hərəkətlərini, mənim zənnim olduğunu, yoxsa həqiqətən onun təbiətindən irəli gəldiyini anlamaq məqsədilə, izləməyə başladım. Nüşabə xanımla uzun illər eyni kollektivdə işlədikdən sonra, başa düşdüm ki, mən səhv etməmişəm və yalnız o vaxt biz, bu haqda danışdıq. Bizim söhbətimiz isə rəqabət haqqında idi. Məni heyran edən isə o idi ki, bu insanı tanıdığım 20 il ərzində nə onun işlərində, nə sözlərində, nə də gözlərində onu əhatə edən həmkarlarının uğurları ilə bağlı narahatlığın kölgəsini belə görmədim. Bu insan həmişə ona yad olan insanların uğurlarına səmimi qəlbdən sevinir. Nə olmağından asılı olmayaraq, başqalarında gözəl hesab etdiyi hər şey onun sevincinə səbəb olur. Gözəl elmi iş, maraqlı çıxış, xeyirxah söz, gözəl geyim, bu insanın sizdə diqqətini çəkə biləcək hər şey mütləq onun sevincinə səbəb olacaqdır. Və bu sevinci o, mütləq sizinlə bölüşəcək.
Nüşabə xanım yalnız sözdə deyil, bütün ürəyi ilə heyran ola bilmək kimi gözəl xüsusiyyətə sahibdir. Hətta onun elə də rəğbətini qazanmamış insanlar ciddi və əsl uğur nümunəsi nümayiş etdirdikdə, onları layiqincə qiymətləndirir. Heç bir xırda şəxsi intiqam və ya bilərəkdən müsbət keyfiyyətlərin gözardı edilməsi və ya azaldılmasından söz gedə bilməz.
Hətta özü ilə tənha qaldıqda belə o, buna yol verməz. Heyrətamiz müstəqillik və həyatın gözəl qavranılması...
Məhz bu müstəqillik və özünə hörmət onun ətrafdakılara olan münasibətini müəyyən edir. Güman edirəm ki, onun yaxınları ilə olan münasibətləri də bu prinsiplərə söykənir. Buna sübüt olaraq Nüşabə xanım və İslam müəllimin ailəsində hökm sürən səmimi, etibarlı münasibətləri göstərmək olar. Bu münasibətlər həqiqətən qarşılıqlı ehtiram və qayğının nümunəsidir...
Bizim ətrafımızda olan hər bir kəs bizə özündən nə isə verir. Kimi sevindirir, kimi öyrədir, kimi bizi incidir, amma hər halda bu və ya digər şəkildə həyatımıza təsir edir. Yanımızda olan insan nə qədər zəngin, maraqlı olarsa, onun bizim dünyamızda yeri o dərəcədə mühüm olur. Bu mənada, Nüşabə xanımla ünsiyyətdə olan bizlərin hər birinin bəxti təsvirolunmaz dərəcədə gətirib.
Düz deyirlər ki, böyüklərin yanında insan özünü həmişə uşaq kimi hiss edir. Bu, inanılmaz hissdir. Bu təhlükəsizlik və rahatlıq hissidir. Sənətdə böyük isə yanında özünü həmişə tələbə hiss etdiyin müəllimlik hissidir.
Öz sözlərimi dua ilə bitirmək istəyirəm və bütün qəlbimlə hər şeyə qadir, qüdrətli Allahdan öz bilikləri ilə bizə peşəkarlıq yolunda işıq salan və özümüzü hətta bu gün də tələbə kimi hiss etməyimizi təmin edən bütün böyüklərimizə uzun həyat nəsib etməsini diləyirəm.
Əzizimiz Nüşabə xanım, bu gözəl yubiley ilində, Sizi sevən hər kəs adından, Sizə cansağlığı, xoşbəxtlik və uzun məhsuldar həyat arzulayırıq. Amin!
Bilqeyis QULİYEVA,
BDU İran filologiyası kafedrasının
dosenti,
Günel ORUCOVA,
AMEA Dilçilik İnstitutunun
kiçik elmi işçisi
525-ci qəzet.-
2013.- 20 iyun.- S.7.