“Tənha çinarın
pıçıltıları”nın bədii-estetik
funksiyası
Çağdaş
nəsrimizdə
Ağarəhimin (Rəhimovun) məhsuldar və
çevik işləməsi ədəbiyyat həvəskarları
və ədəbiyyatşünaslara yaxşı məlumdur. Onun 2013-cü ildə nəşr
etdirdiyi “Tənha çinarın
pıçıltıları” povesti də qısa zaman kəsiyində
qələmə alınıb maraqlı mövzuya həsr
olunmaqla, müasirlərimizin həyat problemlərinə,
ictimai münasibətlərə, mənəvi-əxlaqi dəyərlərimizdəki
əyintilərə və s. məsələlər həsr olunub.
Əvvəlki
əsərlərində olduğu kimi, Ağarəhim “Tənha çinarın
pıçıltıları”nda orijinal sənətkarlıq
priyomlarından istifadə etməklə, hər bir bədii
hadisəni və obrazların portret xarakteristikasını
ustalıqla işləyib. Bu, ilk növbədə surətlərin
və hadisələrin daha canlı və inandırıcı
olmasında özünü büruzə verir. Əsərdə
oxucu bir sıra səciyyəvi surətlərlə
görüşür. Aran, Sahib, İlahə, Qoçu, Nihad,
Telli xala, Zinət, Sevil, Elmira xanım, Əfruz, Zeynəb
qarı, Əhəd, Şəms, Şabikə, Xuraman, Mikrob Məti,
Qutdanquc Səfər, Razi kişi, Naimə xanım, Çərənçi
Nəsir, Həsənağa Bakinski, Şöhrət və bir
də Tənha Çinar məhz belələrindəndir.
Ağarəhimin
yaradıcılığı ilə bağlı
yazılmış
çoxsaylı monoqrafiya
və məqalə müəllifləri
onun müşahidəli sənətkar olub obrazların və
hadisələrin təsvirində bədii detal və təfərrüatlara
daha dərindən diqqət yetirdiyini və
yaradıcılıq fəndlərindən uğurla
yararlandığını söyləyirlər. Beləliklə,
biz də indiyə qədər söylənilən bəzi nəzər-
nöqtələrinə münasibəti əsərdən gətirdiyimiz
konkret nümunələr əsasında
sübut etməyə çalışacağıq: “Səhər
saat ona az qalırdı. Axşamdan qətiləşdirdiyimiz
kimi, Sahiblə yaxınlıqdakı polis sahə məntəqəsinə
getdik. Sahə müvəkkilinin qəribə görkəmi
vardı. O, yenicə mayor rütbəsi almışdı. Sümükləri
çıxmış arıq üzündə süni,
qondarma, kimlərisə təqlid eləyən bir ifadə duyulurdu.
Diqqətlə baxsaydın, o ifadədə hiyləgərlikdən,
qəzəbdən, mərdimazarlıqdan, xudpəsənlikdən
doğan cizgilər sezilirdi. İlk baxışdan adama elə
gəlirdi ki, onun xarakterində qarşı-qarşıya
dayanan iki cəhət vardı. Birincidə xoş, mehriban, səmimiyyət,
xeyirxahlıq, qayğıkeşlik, ikincidə isə sərtlik,
inamsızlıq, hirs, qəzəb, mərdimazarlıq...
Ortaboylu
bu adamın əyninə geydiyi polis forması bədəninə
kip oturmuşdu. Qarnı qabağa
çıxdığından kostyumunun yaxası
daram-dartışa qalmışdı. Saçları bir qədər
uzun olsaydı, o, kişidən çox hamilə qadın təsiri
bağışlayardı”. Mətndən
göründüyü kimi, bu
nümunədə verilmiş polis işçisinin fərdi
detalları bədii təsviri daha da konkretləşdirir,
ümumi fonun ayrıca bir hissəsini gözümüz
qarşısında tamamlayır.
Ağarəhimin
povestdə istifadə etdiyi bədii detalın uğuru onun
lakonikliyində və konkretliyindədir. Əsərdəki
obrazları xarakterizə edərkən yazıçı bir
çox məqamlarda təfərrüatlara varmaqla, hadisələri
səciyyələndirmək, orada əksini tapmış əsas
və bəzən də ikinci dərəcəli personajların
psixoloji yaşantılarını, hadisələrin
gedişini təsvir edən hekayəçinin (təhkiyəçinin
– N.T.) mövqeyini relyefli verməyə
çalışır. Məsələn, bu tipli psixoloji hal və
yaşantılar Aranın Sahibin valideynləri ilə
görüşüb qatarla geri qayıdarkən kupedə Əhəd
və onun xanımı ilə olan söhbətdə qadının, xüsusilə Şəms
kimilərinin kimliyi ortaya
çıxır.
“Tənha çinarın
pıçıltıları”nda hansı bədii-estetik
funksiyanı yerinə yetirməsindən asılı olmayaraq bədii
detalla təfərrüatı biz qarşılıqlı əlaqələrdə,
vəhdətdə görürük. Çünki povestdə
onlar bir-biri ilə üzvü surətdə bağlı
olduğu kimi, həm də biri digərini tamamlayır. Burada təfərrüat
nüansların təsvirini əks etdirib, obraz və
ideyanın ümumi mənzərəsini ortaya qoyursa, bədii
detal bu təsviri daha da konkretləşdirir.
Təfərrüatla
bədii detal bu əsərdə yazıçının sənətkarlıq keyfiyyəti kimi həm etnik-milli
xüsusda, həm də emosional-xarakteroloji tutumda özünü göstərir.
Hansı xüsusda çıxış etməsindən
asılı olmayaraq, təfərrüat və bədii detal
obraz dəyərləndirilməsindən
fərqli olaraq, onun təsvir olunanlar haqqında obyektivlik
inamı yaratmasıdır. Bu əsərdə oxucu onlarla
tanış olduqca özünü təsvir olunan hadisələrin
episentrində hiss edir.
Ağarəhim
üçün personajların portret xarakteristikasını ustalıqla oxucuya təqdim etmək
daha prioritetlidir. Biz povestdə belə portret
xarakteristikasının tez-tez şahidi oluruq: “Balaca boylu bu
adamın uzun tüklü sifəti, qıvrım
saçları, xırda qonur gözləri, çopur
üzü, qalın çırma dodaqları vardı.
Qıranı xatırladan yekə əyri burnu yuxarı
dodağının üstünə
düşürdü. O olduqca vasvası bir adamıydı.
Eşitdiyi bircə kəlmənin həndəvərində
saatlarla düşünüb vaxt itirməkdən ləzzət
alırmış kimi danışmaqdan yorulmazdı.
Dostları bu xasiyyətinə görə onu Çərənçi
Nəsir deyər çağırırdılar”.
Ağarəhimin
Çərənçi Nəsiri xeyli cəhətləri ilə
onun Mikrob Mətisi və Qutdanquc Səfəri ilə eynidir.
Nümunə gətirdiyimiz parçadan sonra Çərənçi
Nəsirin daxili aləmi ilə oxucu daha yaxından
tanış ola bilir. Məlum olur ki, o, qorxaqdır, cəsarətsizdir,
sözü havaya atandır. Əxlaqsızdı, ədəb-ərkandan
kənardır. Boş yerə guruldamağı
xoşlayır. O, özünün alçaldılmasına
göz yumub məhəl qoymadığından onu meydanda
hamının gözləri qarşısında Həsənağa
Bakinski” (s.146) yaxşıca əzişdirmişdi.
Bildiyimiz
kimi, istənilən bədii əsərin poetik sisteminə
daxil edilən hər bir söz, ifadə, söz birləşmələri,
sintaqmatik vahidlər, frazalar, təfərrüatlar və
detallar yaradıcı şəxsiyyət olan sənətkarın
ya məramı ilə birbaşa bağlı olur, ya müəllif
mövqeyinin ifadəçisi, ya da iradəsinin nəticəsi
kimi çıxış edir.
Ağarəhim
bu povestdə canlı insan obrazlarının nümunəsində
onların yaşam tərzini, psixologiyasını, ömür
sürdükləri dövrdə emosiyalara söykənməklə,
obrazların səciyyəvi fərdi
keyfiyyətlərini təsvir etməyə çalışır. “Tənha çinarın
pıçıltıları”nda Ağarəhimin belə təfərrüatlara
varması təsadüfi hesab edilə bilməz. Çünki
bu povestdə də Ağarəhim üçün müharibə
motivləri əvvəlki əsərlərində (“Qoşa
qanad”, “İkili dünyam”, “Səfalət”, “Girdab”, “Cinayət
və etiraf” və s.) olduğu kimi yetərincə
aparıcıdır.
Fraqmentar
obraz olmasına baxmayaraq “Tənha çinarın
pıçıltıları”ndakı bu qoca olduqca koloritli, xeyirxah, sadə,
açıq, təvazökar və nəcibdir. Qocanın
danışığı, söylədikləri Aranın da,
Naimənin də, hətta Çərənçi Nəsirin də iç dünyasını təlatümə
salır. Onları insan haqqında, onun taleyi haqqında daha dərindən
düşünməyə sövq edir.
Bizə
belə gəlir ki, Ağarəhim povest üzərində
işləyərkən həm Azərbaycan nəsrinin, həm
də öz yaradıcılığında yer almış
müharibənin təsviri təcrübəsinə söykənmişdi.
Bununla belə müəllif bu əsərdə də
müharibə dövrü Azərbaycan insanının faciəvi
situasiyalarda xarakterini özəlliyi ilə göstərə, əks
etdirə bilmişdir.
“Tənha
çinarın pıçıltıları” öz məzmun
və janr göstəricisinə görə bir ümumi
konstruktiv məqamı əks etdirmir. Konkret personajın (yaxud
personajların) timsalında bir insanın taleyini ümumi
insanların taleyinin ifadəçisi kimi onun orqanik hissəsi
kimi götürür. Və məhz bu cəhət, fikrimizcə,
Ağarəhim realizminin xarakterik göstəricisi kimi səciyyələndirilməlidir.
Ağarəhim ədəbi təsvir
tələb edəndən daha artıq qəddar realist kimi əsərə
daxil etdiyi təfərrüatların, bədii detalların
köməyi ilə obraz-simvollardan geniş istifadə etməklə,
mənzərələrin, epizodların ideya, məna və
emosionallıq yükünü artırır.
Beləliklə,
Ağarəhimin “Tənha çinarın
pıçıltıları” povestində biz detalların oynadığı
roldan danışsaq, burada təfərrüatların
obrazları səciyyələndirdiyini,
hadisələri xarakterizə etdiyini, psixoloji yaşantı və
halları dinamik formada ifadə etməni, əsl həqiqəti
oxucuya çatdırma məqsədini daşıdığını
görə bilərik. Ağarəhim povestdə həm də
detalın çoxfunksiyalılığını
nümayiş etdirir. Bununla
müəllif, bir tərəfdən, əsərdə
fikri yığcam ifadə etməyə, digər tərəfdən,
məramın təfərrüatlı təsvirini verməyə
istiqamətlənir və eyni zamanda belə ideya əsərin
kompozisiyasına üzvü surətdə daxil edilir.
“Tənha
çinarın pıçıltıları” povestində,
yuxarıda göstərdiyimiz kimi, cəmiyyət, insanlar,
onların həyatı, ayrı-ayrı fərdlərin taleyi
diqqət mərkəzindədir. Burada
yığcamlığı, konkretliyi ilə seçilən bədii
detallarla, daha geniş fikir yükü daşıyan detallar da
var. Əsərdə demək olar ki,
biz hər şey tapırıq: sevinc və kədər,
rəğbət və nifrət, əzab və
sarsıntı, peşmançılıq və qorxu və s.
Belə olduqda burada insanın özü psixoloji təhlil
obyekti kimi götürülür, yəni psixologizmlər diqqət
mərkəzinə çəkilir. Əlbəttə, buradan
bu da aydın olur ki, povestdə yer almış psixologizmlər həm də müəllifin
öz psixologiyasının bədii inikasıdır. Psixoloji təhlil
isə burada birbaşa müəllif
düşüncələri, yaxud qəhrəmanların
özünütəhlil (Belə halları biz Aranın,
qocanın, Naimənin və b. timsalında yaxşı
görürük – N.T.), yaxud da dolayısı ilə müəllifin
oxucu üçün hazırladığı və onun
ixtiyarına buraxdığı analitik şəkildə yozulan jestlərinin,
əməllərinin təsviri formasında gerçəkləşdirilməsidir.
Povestdə xeyli detallar obrazların psixoloji ovqatını yetərincə
ifadə edə bilir. Belə olduğu halda daxili və zahiri bədii
detallardan müəllifin istifadə etməsi də maraqlı
şəkildə təqdim edilir. Əgər zahiri detallarda
Ağarəhim obrazların zahiri görkəmini, portretini,
peyzajı və s. təqdim edirsə, psixoloji detallarda o, obrazların
daxili aləminə, fikirlərinə, hisslərinə,
emosiyalarına, yaşantılarına mənəvi
bütövlüyünə və şikəstliyinə nəzər
yetirir, nəticə çıxarmağı isə oxucunun
öz ixtiyarına buraxır.
“Tənha
çinarın pıçıltıları”nın baş qəhrəmanı
Aran olduğundan povestdə müəllifin istifadə etdiyi
detalların böyük əksəriyyəti məhz Aran
obrazının səciyyələndirilməsinə
tuşlanıb. Müəllif Aranı əsərin lap əvvəlki
səhifələrindən xüsusi şəkildə mənalandırmağa
çalışmışdır. Aran obrazı bir sıra cəhətləri
ilə tənqidimizi maraqlandıracaqdır. Burada biz digər məqamlara
toxunmayıb “Tənha çinarın
pıçıltıları” povesti ilə bağlı qənaətlərimizi
ümumiləşdirməyə çalışsaq,
aşağıdakı mənzərənin şahidi
olarıq:
1.
Ağarəhimin bu povestindəki ayrı-ayrı hekayələri
vahid süjet xəttinə və fabulaya tabe edilir. Ən
relyeflidən lap kiçiyə qədər yazıçı
ilə onun təsvir etdiyi xarakterlərin əks etdirdiyi həyat
arasında “birləşdirici” məqam durur. “Süjetsizlik”
sindromu onun yaradıcılığına yaddır.
2.
Ağarəhimin povestində kompozisiyanın mühüm
formalarından olan süjet dağınıq hissələrdən
yox, vahid nüvəyə tabe olunur, əsərdə yer alan
polifoniklik də həmin süjetin elementlərinə söykənir.
3. “Tənha
çinarın pıçıltıları” povestinin məzmununun
mühüm hissəsini təşkil edən süjet, əgər,
bir tərəfdən, ictimai
konflikti diqqət mərkəzinə çəkirsə,
digər tərəfdən, fərdi insan talelərinin
özünəməxsus nəticəsini ortaya qoyur. Sahibin,
Aranın, Əfruzun, İlahənin, Qoçunun, Şəmsin, Zeynəb qarının, Mikrob Mətinin,
Qutdanquc Səfərin, Çərənçi Nəsirin, Qoca
kişinin və b. taleyi buna parlaq nümunədir.
4. Əsərdə
yer almış xarakterlərin təsviri
müəllifin və təhkiyəçinin nitqi vasitəsilə
verilməklə, obrazların hərəkətlərində, davranışlarında və hadisələrin
gedişində kifayət qədər uğurlu açılır.
5.
Müəllif oxucunu sistemli və ardıcıl gedən hadisələr
burulğanına atır. “Nisgilli səhər”, “Şarlatanlar
vadisi”, “Ziyanxorlar”, “Tale oyunu”, “Tumanı başa geyməzlər”,
“Rəzil qadın”, “Əsəb gərginliyi”, “Müəmma”,
“Təəssüf və təəccüb” və s. mükəmməllik və
bitkinlik özünü relyefli əks
etdirir.
6.
Povestdəki psixoloji gərilmələr, sarsıntılar və
qarşıdurmalar müəllif mətləblərinin
açılmasına xidmət edir.
7.
Psixoloji hallar, obrazlar
arasındakı mənəvi-əxlaqi münasibətlər mükalimələr fonunda daha dərindən izlənilir.
8. Əsərin
özünəməxsus
üslubundakı müəllif dilindən verilən
maraqlı ifadələr – əxlaq maskası, şarlatanlar
vadisi, Zeynəb qarının dilindəki atalar sözləri,
ibarəli birləşmələr, üslubi fiqurlar oxucu düşüncəsinin ifadəçisi
kimi çıxış edir.
9.
Povestdə təfərrüat və
bədii detalların rəngarəngliyi
və zənginliyi oxucu və tənqidçinin
diqqətinin konsentrasiyasına tuşlanır.
10.
Povestin infrastrukturuna orqanik şəkildə daxil
edilmiş “Tənha çinar”
müəllif ideyasının ifadəçisi olub obraz səviyyəsinə
yüksəldilməklə və onu özündə kifayət
qədər önəmli fəlsəfi-estetik, sosial-psixoloji
mahiyyət daşıyır.
Nizami Tağısoy
525-ci qəzet.- 2013.- 21 iyun.- S.7.