Futbol reportajı

 

 Nəsr

 

 

Vaxtsız itirdiyimiz istedadlı rejissor Vaqif İbrahimoğlu  mənə həsr etdiyi məqalədə yazmışdı ki, mən bütün janrlarda yazılar yazmışam, qalıb bir futbol reportajı. Mərhum dostumun bu  fikrini yada salaraq yazdığım bu yazını qeyri- adi və xüsusi yumor hissinə malik olan Vaqifin işıqlı xatirəsinə ithaf edirəm.

Hörmətli televiziya tamaşaçıları və radio dinləyiciləri! Mikrofonlarımız Bayal şəhərinin Feyzi Bayal adına mərkəzi stadionunda qurulub. Buradan bu gün keçiriləcək tarixi oyundan canlı yayında reportaj aparırıq. Bu gün Bayalstan Cümhuriyyətinin yığma komandası Monqolustan yığmasını qəbul edir. Bu görüşün qalibi – milli takımımızın zəfərinə şübhəmiz yoxdur, –dünya futbol kuboku uğrunda yarışlara vəsiqə qazanacaqdır. Bu vəsiqəyə bu gün məhz bizim komandanın sahib çıxması şübhəsiz heç kəsdə şəkk-şübhə doğurmamalıdır. Monqolustan komandasıyla tanış olmadığım üçün, öz milli takımımızın tərkibini nəzərinizə çatdırıram, hörmətli tamaşaçılar və dinləyicilər. Qapıçı –ingiltərəli legioner Gen Bol, müdafiəçilər Rusiyadan Mixail Misgin, İvan İtgin və Pavel Çirkin. Yaımmüdafiəçilər italiyalı legionerlər Oragetdi, Buragetdi və Haragetdi... Hücumçular –afrikalı legioner Eybi Var, İsraildən Noxud Burax, Hindistandan Adda Budda və nəhayət milli iftixarımız,yığma komandamızda ölkəmizin yeganə təmsilçisi, Bayalstan futbolunun gələcək parlaq ulduzu Vur Tut. Oyunu çinli hakimlər Ay Hay, Vay Vay və koreyalı hakim Kim Çim İr idarə edirlər.

Beləliklə oyun başlayır, 90 dəqiqəlik gərgin mübarizədən şanlı qələbə marşrutuna çıxacağımıza əminik. Artıq ilk uğurumuz göz qabağındadır. Oyunu məhz bizim futbolçular başlayır. İlk zərbəni mərkəz hücumçusu afrikalı Eybi Var edəcəkdir. Hakim fit verir. Eybi Var ilk zərbəylə topu Noxud Buraxa ötürür, amma top israilli oyunçuya çatmadan Monqolustan futbolçusu qabağa şütüyür, topu ələ, daha doğrusu ayağa keçirir. İrəliyə cumur, cərimə meydançasına daxil olur. Zərbə. Qol... Təəssüf ki, oyunda hesabı monqolustanlı rəqiblərimiz açdı. Amma bunun heç bir əhəmiyyəti yoxdur. İrəlidə hələ 88 dəqiqəlik oyun var. Heç bir şəkk-şübhə yoxdur ki, ən qısa zamanda futbolçularımız cavab topu vuracaq, sonra isə yenidən rəqib qapısını fəth edərək qabağa çıxacaqlar. Bu dəfə topu oyuna Adda Budda daxil edəcəkdir. Vur Tuta pas verir. Var Tut topu ələ keçirir. Bəli, təəssüf ki, məhz ələ keçirir, yəni əllə oynayır. Monqollar  mərkəzi dairədən cərimə zərbəsi vuracaqlar. Aman Allah, belə uzaq məsafədən qapını necə sərrast nişan almaq olarmış. Futbolun Vətəni İngiltərədən olan legioner qapıçı Gen Bol heç gözünü qırpa bilmədi ki, top tora düşdü, iki sıfır. Hələ ki, monqollar qabağa çıxıblar. Amma yaxşı bilirsiniz ki, hörmətli tamaşaçılar və dinləyicilər, bu hələ heç nə demək deyil, hələ uzun bir vaxt ehtiyatımz var, şübhəsiz, bu təsadüfi qollar cavabsız qalmayacaq. Futbolsevərlər yaxşı xatırlayır ki, hələ keçən əsrdə dünya futbol çempionatında Şimali Koreya komandası xatirimdan çıxıb hansısa Latın Amerikası ölkəsinin qapıçısına elə oyunun başlanğıcındaca üç top vurmuşdu. Bütün dünya mat-məəttəl qalmışdı, amma oyun boyu Latın Amerikası futbolçuları nəinki üç topa üç cavab topu vurdular, hətta dördüncü topu rəqib qapısından keçirib oyunun qalibi oldular. Bizdə isə hesab hələlik, ancaq iki sıfırdır...yox... bağışlayın, artıq üç sıfır oldu...

Reportajımızı davam etdirək. Havalar isti keçir, dənizdə çimənləri xəbərdar edirik ki, ehtiyatlı olsunlar artıq bir neçə əcnəbi  turist dənizimizdə nərə balığına, yəni akulaya yem olub. Bir neçə dəqiqə  də “Şəbnəm” meyvə şirəsinin reklamına  yer veririk. Bizdən ayrılmayın. Beləliklə reklamdan sonra reportajımızı davam etdiririk. Əfsuslar olsun ki,reklam müddətində rəqiblərimiz qapımızdan daha iki top keçirə bildilər. Amma bu hələ oyunun birinci yarısıdır. Futbol azarkeşlərimiz –heç də məyus olmasınlar. Rəqiblərimiz  qırx dəqiqə ərzində qapımıza beş top vura biliblərsə biz də qalan əlli dəqiqədə beş yox, altı top vurub qalib gələ  bilərik. Buna komandamızın iradəsi, məharəti, fərasəti,qələbəyə  sarsılmaz inamı əsas verir. Qisas qiyamətə qalmaz deyiblər, bizim qisasımız da on beş dəqiqədən sonraya –oyunun ikinci yarısına qalır.

Beləliklə Feyzi  Bayal stadionundan canlı yayınla futbol reportajımızı davam etdiririk. Sevimli tamaşaçılar və dinləyicilər, yəqin artıq bilirsiniz ki, oyunun birinci yarısı bizim komanda üçün o qədər də uğurlu olmadı. Amma heç bir şübhə yoxdur ki, Əməkdar məşqçimiz Amandurdu Yamandurdu fasilə zamanı oyunçularımızı yeni taktiki üsullarla  təlimatlandırıb və  oyunun sonuna qədər bu stadiondan hamımız  qələbə  sevinciylə gedəcəyik. Beləliklə oyunun ikinci yarısı başlanır. Top Vur Tutdadır. Vur Tut topu mərkəzdən öz qapımıza tərəf aparır. Görünür bu məşqçi Amandurdu Yamandurdunun verdiyi yeni taktiki təlimatdır. Doğrudan da maraqlı fənddir. Monqol futbolçuları hələ ki, Vur Tuta heç bir əngəl törədə bilmirlər, elə özümüzünkülər də istedadlı oyunçumuzun parlaq fintlərinə təəccüblə tamaşa edirlər. Vur Tut cərimə meydançasına daxil olur, bizim cərimə meydançamıza, nə qəribə, nə maraqlı bir taktikadır. Qapıya yaxınlaşır, zərbə..Qol...Möhtəşəm bir qol...Vur Tut topu öz qapımızdan keçirdi. Şübhəsiz bu məşqçinin tapşırığı ola bilməzdi, yəqin ki, gənc futbolçumuz qapıları dəyişik salıb, oyunun ikinci yarısında qapıların yerlərini dəyişdiyini nəzərə almayıb. Əlbəttə bu gənc futbolçunun təcrübəsizliyindən ola bilər. Amma qol doğrudan da möhtəşəm qol idi. Kaş bu zərbəni rəqib qapısına vuraydı. Necə də sərrast zərbə idi. Qapıçı Gen Bolçün də tam  gözlənilməz oldu bu zərbə. Şübhəsiz Vur Tutun mahir bombardir kimi parlaq gələcəyi var. Nə isə ...oyun yenidən mərkəzdən başlayır. Oragetdi topu  Buragetdiyə, o da öz növbəsində  Haragetdiyə ötürür. Sonra Haragetdi Buragetdiyə, Buragetdi Oragetdiyə pas verir. Öz aralarında oynayırlar. Məqsəd aydındır, topu mümkün qədər çox özümüzdə saxlamalıyıq ki, yenidən rəqiblərə keçməsin,hesabı artıra bilməsinlər. Şübhəsiz bu təsadüfü məğlubiyyətlərdən sonra komandamız bir az toxtamalıdır, bir az qüvvət toplamalı, sonra var gücüylə qəti hücuma keçib rəqibi darmadağın etməlidir. Zərbə. Qol. Hesab 7;0 oldu. Bu qolun təqsirkarı şübhəsiz qapıçı Gen Boldur, qol təcrübəli qapıçının sadəcə diqqətsizliyinin nəticəsidir. Rəqib komanda hücuma keçib əvvəlcə cərimə meydançamıza, sonra da qapımıza yaxınlaşarkən Gen Bol cib telefonuyla kiminləysə  danışırdı, odur ki, təhlükədən  vaxtlı-vaxtında duyuq düşə bilmədi. Amma oyunun axırına hələ  xeyli var, hələ hər şey dəyişə bilər. Hər halda heç zaman  ümidimizi  itirməməliyik... Səkkizinci top da qapımızdan keçdi. Oyunun axırına hələ on dəqiqə var, hər dəqiqə bir top vursaq hesab bərabərləşər, qalan iki dəqiqədə isə  iki olmasa da, ən azı bir top vurub qalib gələ bilərik. Amma heyf doqquzuncu top da üç müdafiəçinin Misginin, İtkinin, Çirkinin bir-biriylə dalaşıb yumruqlaşması nəticəsində qapıya vuruldu. Hakim hər üçünə sarı vərəqə göstərəndə hər üçü hərəsi bir hakimin üzünə tüpürdü. O zaman hakim qırmızı vərəqələr çıxarıb üçünü də meydançadan qovdu. Əlbəttə oyunçular, lap elə legionerlər olsun, futbol etikasına riayət etməlidir. Qol vura bilmirlərsə heç olmasa bir-birini vurmasınlar. Hakimlərin üzünə tüpürmək də mədəni  hərəkət sayıla bilməz. Müqavilə bağlayıb böyük məbləğlərlə dəvət  etdiyimiz legionerlər ölkəmizin gənc futbolçularına örnək olmalıdırlar. Bugünkü oyunda futbolçularımızdan yalnız Vur Tut bir top vura bildi, o da öz qapımıza. Amma insafən demək lazımdır ki, hazırda  meydanda cəmisi səkkiz oyunçumuz qalsa da onlar yeri gəldikcə monqolları yıxıb sürüyürlər. Hakim isə daha bir futbolçumuza qırmızı vərəqə göstərməkdən çəkinir, bəlkə  yenə də üzünə tüpürüləcəyindən qorxur. Monqollar da bizimkiləri cavabsız qoymur. Üç monqol futbolçusu Noxud Buraxı vurub  burnunu qanatdılar. Hakim Monqolustan komandasının qapısına 11 metrlik zərbə təyin edir. Axır ki, necə deyərlər prestij qolu vurub, hesabı necə deyərlər islada bilərik. Cərimə topunu Eybi Var vuracaq. Geri,  mərkəzi dairəyəcən çəkilir, oradan qaça-qaça gəlib 11 metrlik yerinə çatır. Zərbə.Top Şimal tribunasının sonuncu sırasına düşür. Belə güclü, belə möhtəşəm zərbəni qapıya düz nişan alaraq vursaydı nə olardı!...Monqolların  doqquz qoluna dəyərdi. Heyf... Monqollar yenə hücumdadırlar. Zərbə. Qol. Əlbəttə rəqiblər on bir nəfər, bizimsə meydanda  səkkiz oyunçumuz qalıb, belə olacaq da... Məğlubiyyətimizin bir səbəbkarı da hakimlərdir...Yaxşı  ki, oyunun son dəqiqəsidir. Bu biabırçılıq sona yetir.

Hörmətli televiziya tamaşaçıları,  radio dinləyiciləri, istəkli futbol həvəskarları, sevimli azarkeşlər, heç də qüssələnməyin, kefinizi pozmayın. Müxtəlif ölkələrin legionerləri bizim  milli yığmamızın şərəfini hələ çox yuksəkliklərə ucaldacaq, bizi  qələbədən qələbəyə aparacaqlar. Gələcək möhtəşəm zəfərlərimizə  heç bir şəkk-şübhəniz olmasın. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Feyzi Bayal stadionundan reportajı Tın Tın aparırdı.

 

 

525-ci qəzet.- 2013.- 22 iyun.- S.15.