“Rusiya, qalx
ayağa və ucal!”
Görkəmli yazıçı Yuri Polyakovun Puşkin muzeyində 10 fevral
2013-cü il tarixli nitqi.
Y.Polyakov
Rusiyanın ən nüfuzlu ədəbi mətbuat orqanı olan “Literaturnaya qazeta”nın baş redaktoru, bir sıra dəyərli
povest, roman və ssenarilərin müəllifidir.
Onun rəhbərlik etdiyi “LQ” hələ sovet dönəmində, sabiq baş redaktor A.Çakovski dövründən
başlayaraq ictimai-siyasi
həyatın, ədəbi
prosesin ən aktual məsələlərinə
fəal müdaxilə
etməsi, onu işıqlandırması ilə
fərqlənib. Y.Polyakovun
A.S.Puşkinin ölüm
günü tarixində
söylədiyi nitqi böyük rus şairinə iki əsr ərzində yanaşma çalarlarına
güzgü tutur, xüsusən SSRİ dağılandan
sonrakı illərdə,
siyasi iqlimin dəyişməsi, ifrat “demokratik”, əslində konyuktur təmayüllərin
təzahürlərinə də
işıq salır, geniş müstəvidə
“sənətkar və
zaman”, “klassik irs – tarix” probleminin
bəzi mühüm məqamlarını incələyir.
Bu baxımdan Polyakovun
çıxışının beynəlxalq ədəbi aləmdə, o cümlədən
Azərbaycanın ədəbi
mühitində maraq doğuracağına, düşüncələrə,
fikir mübadiləsinə
təkan verə biləcəyinə inanaraq,
Yuri Mixayloviç Polyakovun
Puşkin haqqında nitqinin Azərbaycan oxucularına təqdimatını faydalı
sayaraq, ana dilimizə çevirib
“525-ci qəzet”in auditoriyasına
təqdim edirik.
Puşkini oxuduqca sanki müqtədir söz incilərilə ağzınadək
dolu mədəniyyət
layına varırsan. Puşkini düşündükcə
anlayırsan ki, sənin fikirlərin artıq Rusiyanın milli dahisi haqqında
çoxdan düşünülmüş,
söylənmiş, yazılmışların
yalnız əks-sədasıdır.
“Dünyəvi İncilin” bunca bol-bol fərqli oxunmaları, şərhləri
olmalıymış ki,
onlar həcmcə Allahın vəhy etdiyi qaynağın özünü də yüz qat üstələyirlər.
Axı hər bir insanın, hər dövranın, hər baxışın, hər yanlışın da öz Puşkini
var. Vaxtilə ondan gizli azadlıq və maarifçilik cəsarəti enerjisini əxz edirdilər, onun sayəsində qadağa və qəliblərdən qurtuluş
nəşəsilə alışıb
yanırdılar, sonralar
isə, əksinə,
onda dayaq axtarırdılar ki, cahanşümul yenidənqurmanın
“uşaqsayağı şıltaqlığına
və üsyankar pozğunçuluğuna” qarşı
dura bilsinlər. Puşkində əksəriyyət üçün yalnız
(dahilər istisna olmaqla) öz xalqının dərd-sərindən
yayınıb ümumdünya
miqyaslı yaralara üz tutmaq vasitəsi – rus cahanşümüllüyünün mənasını arayırdılar.
Sarbanların “çılğın kor-koranəliyi”
və “qara camaatın köntöy dikbaşlığı” illərində
böyük şair başqa nəhənglərimizlə
bərabər gözümçıxdıya
salındı və sinfi baxımdan yad mədəniyyətin qoruyucusu oldu. Onun hər
bir istedadlı gəncliyə xas olan çılğınlığı,
üsyankar ruhu azadlıq hərəkatının
ilk mərhələsinin ayağına
yazıldı və tarixin rişxəndli ədası ucbatından,
“müasirliyin gəmisindən
tulladılmağa” məhkum
olmuş dəyərli
imperiya irsi yükünə “imtiyaz vəsiqəsinə” çevrildi.
O çətin, lakin labüd gərdişi – dövranın açıqfikirli
adamları üçün
1929-cu ildə Puşkinlə
və məsləkdaşları
ilə sıx bağlı olmuş “Literaturnaya qazeta”nın
nəşrinin davam etdirilməsi vacib bir iş oldu.
Sovet dönəmində
sosializm quruculuğundan
bezikənlər və
dialektik materializm hökmlərilə düşünməyi
ağır qavrayanlardan
kimi xaricə üz tutdu, kimi də Puşkin
aləminə sığındı,
– axı şairin alliterasiya – allüziya baxışları mavi ümmana pərən-pərən
səpələnmiş adalar
kimi idi, – ömrün boyu gəz, dolan, başını girlə.
Bizlər, 70-ci illərin şairləri
Puşkinin söz güləşdirmələrindəki erotizmdən cuşa gəlirdik. Hərçənd, sonralar məlum
oldu ki, “direktiv abır-həya” yenə də qüvvəyə mindirilmiş
statuslu eyş-işrətdən
yaxşıdır. “Qaz
vur – qazan dolsun” materializmi dialektik materializmi yerində otuzdurarmış...
Bizim dahimizin
irsində bir gizli saxlancda olduğu kimi, gələcək ədəbi
təmayüllərin, cərəyanların,
qollu-budaqlı trendlərin
cücərtiləri gizlənirmiş.
Puşkin
həssaslıqla deyirdi
ki, yaradıcılığın
öz təbiəti isə sənətkarı
özünə aludəçiliyə
doğru çəkir:
“Sən şahsan: tək yaşa. Azad yolunla Azad ağlın deyən səmtə addımla...” Amma istedad, tənqidçilərin
ziyafət süfrəsindəki
nərə balığı
boyunca şişirdikləri
ədəbi həşəratdan
onunla fərqlənir ki, həqiqi sənətkar hər şeyin həddini bilir.
Bəli,
o, “xalqın sevgisindən
vaz keçə” bilər, “söz üçün canından”
keçə bilsə
də, eyni zamanda ali
amal, xalqın, ana torpağın yolunda ömrünü qurban verməyə hazırdı”. Və jurnal höcətlərinin
daimi davakarı olan, vəba epidemiyasının doğurduğu
üsyanların qanlı
qurbanlarından sarsılan
Puşkin yazırdı:
“Belə faciələr
göz önündə
ola-ola bizim ədəbiyyatımızın it boğuşmasını düşünməyə
macal yoxdur!”
90-cı illərin əvvəllərində
bir yazımda işlətdiyim sitatın
oxucular arasında vəlvələ salması
yadımdadır. Hamı, hələ məktəbdə
“mənasız və amansız rus üsyanı” haqqında eşitmiş olsa da, klassikin (Puşkinin – Red.) sözünün
ardı ənənəvi
olaraq verilmişdi:
“Bizlərdə ağlasığmaz
çevrilişlər xəyalına
düşənlər ya
cavandılar, xalqımızı
tanımırlar, ya da daşqəlbli adamlardı ki, onlarçün özgəsinin
başı – mis quruşu, öz boğazı – bir abbası...”
Axı,
belə də oldu... Bəs indinin özündə
necə, məgər dahinin cəsarətlə söylədiyi xəbərdarlığı
yaxşımı xatırlayırıq?
Əmma elə budur!
“Ata-baba gorlarına məhəbbət” əvvəlcə
“əks-inqilabi”, daha sonra işə sadəcə “qeyri-intelligent”,
yekəxana ironiyaya layiq duyğu sayıldığı illərdə
belə bütöv nəsillər məhz Puşkin yaradıcılığından
əsl vətənpərvərlik
enerjisini alırdılar.
70-ci illərdə geniş ədəbi məclislərin
birində cavan şairəmiz öz şeirinin əvəzinə
birdən “Rusiyaya qarayaxanları”nı oxudu və “estrada su xəndanlarını”
peşiman edən
salon ayağa qalxaraq gur alqışlar qopardı. Sonralar vəzifə sahibləri uzun zaman qurdalandılar
ki, görən, şairə sözlərini
hansı hədəfə
tuşlayıb?.. Yaxşı olardı ki, məmurlar, yekdilliklə ayağa qalxan salonun niyə vəcdə gəldiyini araşdıraydılar. Onda
ola bilsin,
bu gün biz başqa ölkədə yaşayardıq.
Yenə
də xalqı düşündürən və
iqtidarı narahat edən “rus məsələsi”nin də həllini Puşkində tapa bilərik, hərçənd
“rus məsələsi”lə
qayğılanan adam iqtidarı heç də qorxutmamalıdır!
Təsadüf deyil ki, şair öz istəkli qəhrəmanı
haqqında “Tatyana, rus
qəlbli qadın...” deyib. “Qəlbli”! Dahilərdə təsadüfi sözlər
olmur və müəllif Tatyananın
soy-köklərinin xalisliyini
bildirmək istəsəydi,
elə də edərdi. Şairin öz ailəsinin, sadiq məsləkdaşları
və “ilham pəriləri”nin tarixçəsinə üz
tutaq. Görəcəyik ki, qanlarında
o dövrün aristokratik
beynəlmiləli qaynayıb
qarışıb. Lakin
onların hamısı
qəlbən rusdular!
Və işıqlı dahiyə
qarşı birləşmiş
qaragüruh Vətənimizin
dirçəlişinə qarşı
duran indiki toplumu necə də xatırladır! Sənətkar, özü
qoyduğu qanunlar üzrə mühakimə
edilməlidir, – kəlamı
az qala
çağırılmış bayatı kimi səslənir. Bunu nə köhnəpərəstlər,
nə də yenilikçilər danır.
Amma axı xalqın özü də, onun dövlətçilik
donu da, sənətkar tərəfindən
tarixin gərdişi hökmüylə müəyyənləşdirilmiş
qanunlar üzrə mühakimə edilməlidir.
Hər cürə ehkamların dağıldığı zəmanəmizdə,
Puşkinin hər tərəfdən əsə
biləcək düşüncə
küləklərinə açıq
olduğu bu vaxtlarda, azadə rus konservatizminin amacları ilə bağlı “Rusiyanın ən dərrakəli ərəninin” dövlətçi-siyasətçi
fəaliyyətini qiymətləndirmək,
dəyərləndirmək imkanı yaranıb. Öz dostunu məhz “liberal konservator” saymış Vyazemski əvvəllər
Puşkinin patriotik “vasvasılığını” bəyənmirdi.
Hərçənd “Rusiyaya böhtan atanlar” müəllifinin cəsarətlə bildirdiyi “müqəddəs müttəfiqlərin” namərdliyi və Krım qəzası Vyazemskini maariflənmiş Avropanın “qeyzlənmiş övladlarına” başqa gözlə baxmağa, qələm dostunun acı uzaqgörənliyini anlamağa vadar etdi. İndi şairin geniş məkanda əl-qol açmış imperiyaya fərəhlə dolu misralarını xatırlayarkən, dərk edirsən ki, bizim paradoks sevənlərimizin çılğınlıqla söylədikləri xəbərdarlıq gerçəkləşib. Bizlər get-gedə əcdadlarımızın torpaqlarında azalmaqdayıq, ayağa qalxsaq da, “soyuq fin dağlarından qızmar Kolxida və Tavridayadək” deyimi kimi olan deyil. Amma azala-azala, çəkilə-çəkilə biz bəxtəvər olduqmu? Xeyr, olmadıq... Di gəl, indi də poeziyamız nataraz, mənasızcasına əngin Rusiyaya tuşlanan həsrətnamələrlə dopdoludur. Necə deyərlər, dərsdən ibrət alınmadı.
Ötən iyirmi il boyu Puşkini inadla “dosent varidatına” bir növ, verbal rəmzə çevirməyə cəhd göstərilirdi, yəni, ilkin mənaya məhəl qoymadan elə də, belə də yozula biləcək rəmzə. Niyə, nə üçün? Səbəblər çoxdur. Biri isə apaydındır: əks-təqdirdə etiraf edilməlidir ki, yaradıcılıq təkamülü bizim dahi ustadımızı belə qənaətə gətirib: şair, əlbəttə, “nə fikrini, nə boynunu” əyməməlidir, amma eyni zamanda da onun dövlətin daimi qənimi olmağa, çalmağa, damğalamağa, badalaq vurmağa, “ali amalları dəllalların “hökmünə” verməyə haqqı yoxdur.
Şair heç də hakimiyyətin (“iqtidar amansız deyilsə əgər”) barışmaz düşməni olmalı deyil. O, “ məbədləri”, yeni nəsilləri həyat eşqi, hünər və qurucu revanşa səsləyən örnəkləri – el qəhrəmanlarını məsxərəyə qoymamalıdır.
Çünki şair “Rusiya, ayağa qalx, yüksəl və ucal!” (yəni, əsrlə ayaqlaş, qüdrətli sülhsevərliyinlə nümunə göstər!) deməyincə, Vətən qalxıb ucalan deyil.
Çevirəni:
S.M.Əmmədzadə
525-ci qəzet.-
2013.- 22 iyun.- S.19.