Ədəbiyyatın gücü
Qırğız xalqının böyük
yazıçısı Çingiz
Aytmatov illər əvvəl Almaniyaya gəlmişdi. Hessen əyalətinin
kiçik bir qəsəbəsi olan Biedenkopf şəhərində
yüzlərlə oxucusuyla
görüşdü və
onlara ömürlərində
eşitmədikləri melodik
bir səslə “Manas” dastanından parçalar oxudu. O yığıncaqda Aytmatov
Moskvadakı qarşılaşdığı
bir hadisədən danışdı:
“Əfqanıstan müharibəsi
illəriydi. Moskvada küçədə gedərkən
bir rus qadını
qaçaraq yanıma gəldi və “Mən Akbarım” – deyərək ağladı
və mənə sarıldı. Anladım ki mənim bir
kitabımda hekayəsini
izah etdiyim yaralı qurd Akbar kimi o da oğlunu
döyüşdə itirmiş
yaralı bir anaydı. Bunları mənə heç deməsə da mən anlamışdım.
Bu, ədəbiyyatın gücüydü”.
Həqiqətən də ədəbiyyatın
özünə məxsus
izahat tərzi vardır və bir insanın taleyi kimi bir
millətin bütün
ruhunu da orda ortaya çıxarmaq
mümkündür. Bu gücdən
kimi humanist duyğularla
faydalanarkən, kimi də pis əməllərinə
çatmaq üçün
yararlanmaqdadır. Ünlü
tarixçi İlhan Bardakçı illər əvvəl mənə: “Orxan bəy, yalnız almanca nəşr olunmuş 2300 erməni əsəri var Almaniyada” – demişdi. Bu əsərlərin
çoxu bizim xalqımız və ölkəmiz haqqında yalanlarla dolu idi, şübhəsiz.
Biz də, bu böyük
gücdən istifadə
etmək üçün,
ağır da olsa, hərəkətə
keçmək üzrəyik,
deyim ki, gənc yazıçılarımız
da bu ümidlə
yazmağa başlamalıdırlar.
1980-ci illərdən Azərbaycan
ədəbi mühitində
kitabları görünən
Əjdər Olun Almaniyanın ən önəmli nəşriyyatlarından
“Edition Winterwork” tərəfindən
bir kitabının nəşr olunması, bizə görə, əhəmiyyətli bir addımdır. İndiyə
qədər Avropada müxtəlif yazarlarımızın
əsərləri nəşr
olunmasına baxmayaraq,
kafi bir yayım şəbəkəsinə
qoşulmadıqları üçün
təqdimatı çox
yaxşı aparılmırdı.
Amma Əjdər Olun naşiri, onun “Usta Yusifin
kamançası” kitabını
bir ay ərzində Almaniyanın bütün kitabçılarına, alman
dövlət və milli kitabxanalarına, Vyana, Sürix bazarına çıxardı.
Elə indidən internetdə dünyanın
ən böyük axtarış mühərriki
“Google”-da iki səhifəlik təqdimat
bölümü var. Yenə
ən böyük satış şirkəti
olan “Amazon”da kitabın rəsmi ilə birlikdə təqdimat yazısı yer alıb. Bu, həqiqətən ədəbiyyatımız
adına ilk addım olması baxımından sevindirici bir olaydır. “Edition Winterwork”
nəşriyyat kitabı
həm Leypziq, həm də Frankfurt kitab sərgilərində tanıdacağını
bəyan edib.
Təbii
ki, bütün bu gözəl xəbərlərin ən
əhəmiyyətli səbəbi
Əjdər Olun kitabının tərcüməsinə
çox ciddi yanaşılması və
dilimizi yaxşı bilən bir alman (Karl Hermann Kiel) tərəfindən
tərcümə edilməsiydi.
Karl Hermann dilimizi çox
yaxşı bilməsinə
baxmayaraq, hekayələri
tərcümə edərkən
yalnız öz məlumatı ilə kifayətlənmir, hər
mövzuda ətrafındakı
insanlardan da soruşurdu. İki gündə bir telefon açır və tərcümə etdiyi hissələri mənimlə də müzakirə edirdi. Hər cümləyə ən gözəl mənanı tapana qədər çalışırdı.
Kitabın tərcüməsi
ilə əlaqədar
onunla o qədər danışmışdıq ki,
kitab çıxdıqdan
sonra Əjdər Ola bunları izah etmiş və kitab qədər yalnız tərcümə
haqqında da bir kitab yazıla
biləcəyini anlatmışdım.
Hələ kitabda keçən bir söz Karl Hermannı çox qorxudarkən məni də bir xeyli güldürmüşdü.
Bir hekayədə keçən “Mürdəşir”
sözü haqqında
bir xeyli müzakirə etmişdik.
“Mürdəşir” sözünün
almanca mənası, doğrusu, o anda mənim də ağlıma gəlməmişdi. Çünki
bilindiyi kimi, almanlarda cənazəni yumaq ənənəsi yoxdur. Karl Hermann mənə
dedikdən sonra mən öz işimlə məşğul
oldum və çox gec saatda birdən “mürdəşir” sözü
ağlıma gəldi
və dərhal Karl Hermanna telefon açdım, “mürdəşir”
sözünün almanca
qarşılığını söylədim. Gecə saat ikiymiş və
Karl Hermann yatırmış. Yuxulu-yuxulu “mürdəşir”
sözünün almancasını eşidincə qorxmuş və
davamlı telefonda “Was, was?!” – “Nə, nə?!” – deyə
qışqırmışdı. Anlaşılan, çox
qorxmuşdu. Ertəsi gün bir araya gəlmiş və
çox gülmüşdük. İnsan iki xalqın və
iki dilin nə qədər fərqli olduğunu, tamam ayrı mədəniyyətlərin
aradaki fərqlərini ancaq və ancaq tərcümələrdə
görə bilir. Və yaxşı tərcümənin də
kitabın dəyərini artırdığını, oxucuya
daha asan çatmasını təmin etməsi
baxımından əhəmiyyətini göstərir.
Əjdər
Olun 7 hekayəsinin yer aldığı kitab, şübhəsiz,
alman oxucular üçün bir Azərbaycan pəncərəsi
açacaq. O pəncərədən, minlərlə kilometr
uzaqdakı bir ölkənin sadə insanları,
ağrılar, ürək sıxan ayrılıqlar, hər
yerdə insanı özünə bağlayan eşq bir film
kimi o pəncərənin qarşısından axıb gedəcək.
Ümid
edirəm, bu pəncərələr çoxalar və gənc
respublikanın daha çox rəngləri, daha çox
melodiyaları və daha çox insani duyğuları o pəncərələrdən
xaricilərə göstərilərək ölkəmizin təqdimatına
qatqısı olar.
Orxan ARAS
525-ci qəzet.-
2013.- 22 iyun.- S.21.