Görüşdük pillələrdə...-
Yüz Gözəl Sevgi
Şeiri
PƏRVİNin təqdimatında
Görəsən, hansını
sevmək daha çətindir? Dünyanın hər üzünü
görən, hər ləzzətini dadan,
tox
(bəlkə
də
bezgin!)
adamı,
yoxsa hələ təzə-təzə
yaşamağa başlayan yeniyetməni?!
Bəlkə
də
burda “sevilmək” sözü,
ya da “özünü sevdirmək” ifadəsi yerinə düşərdi.
Çünki hissin qarşılıqlı deyilsə,
yaşadıqların boş vaxt itkisidi...
O qarşılığı
isə
hər gün qazanmalısan.
Bəli...
Məhz Sən! Sən qazanmalısan. Çünki heç nə öz-özünə
olan deyil... Nəyisə yalnız taleyin, zamanın ixtiyarına buraxmaq acizlikdir. Əsas sirr təəccübləndirməkdədir.
Nə
qədər təəccübləndirə,
heyrətləndirə
bilirsənsə,
sevdirmək qabiliyyətin də
o qədərdir.
Bu məqamda əvvəldəki sualın cavabı açılır.
İndi-indi yaşamağa başlayan romantik,
duyğulu,
kövrək, bir az da sadəlövh gənci sevmək daha rahat
imiş...
Onu ovsunlamağa, təəccübləndirməyə,
ona
özünü
sevdirməyə
nə
var ki?! Sual yaranır...
Sevginin də rahatı, narahatı olurmu?
Əlbəttə...
Eşqi maneələrsiz, çətinliklərsiz,
rəqiblərsiz yaşamaq mümkün də deyil. Kənar təsirləri dəf eləmək, əzmək
çətin olmaz. Dərd onda olur ki,
o təzadlar,
tərəddüdlər, qorxular sənin öz daxilində,
qəlbində,
ruhunda məskən salır. Bax budur narahat sevgi! Və
həmin dərddən yalnız birgə xilas ola bilərsiz. Amma onun ağrıları, qayğıları,
baxışları,
arzuları
fərqlidirsə...
Səni dinləyib anlamaq,
əlindən tutub çıxışı, işığa doğru çıxışı
göstərmək
üçün səbri qalmayıbsa... Neyləməlisən?! Yolu, getdiyi istiqaməti başqadırsa... Neyləməlisən?
... Nəriman Həsənzadənin
“Nərdivan” şeirində
də əsl faciə budu. Ədəbiyyatımızda bu
mövzuda kifayət qədər şeir var. Bu
şeirdə şairin
əsas üstünlüyü
səmimiliyindədir. Çünki
hər aşiq enməyi, qüruba doğru getməyi boynuna almaz. İlk baxışdan şeir yaş fərqinə görə əzab çəkən,
sevgilisinə qovuşa
bilməyən insanın
ağrılarını ifadə
edir. Amma məncə, sevgini əngəlləyən yaş
fərqi deyil! Məhz istiqamətlərin
başqa olmasıdı... Elə ən böyük dərd də nərdivanda görüşməkdir.
Həyatın acısını
da, şirinini də dadmış, dünyanın hər tərəfini görmüş
adam xatirələrinə
enir, onlarla yaşayır, heç nəyə təəccüblənmir
daha. Gələcəyə
etinasızdı. Bu gününə
üstdən, ironik yanaşır. Bəlkə
bundan sonra həqiqi, ömürlük
sevgi yaşayacağına
inanmır da... Keçmişini səhifələməyi,
illər öncə yaşadığı kiçik
fraqmentləri xatırlamağı
vərdiş edib özünə. Gücü
bundan alır yalnız. Sənsə həmin nərdivanla arzularına doğru qalxırsan. Qarşıda
uzun, həm də qəliz yol, baryerlər, tranplinlər və s. N.Həsənzadənin dediyi
kimi – Pillələrdə
görüşürsünüz... Təbiət öz hökmünü haqlı,
ya haqsız, verib artıq. Nə sənin daha əvvəl dünyaya gəlmək, nə də onun azca gecikmək
seçimi yoxdur. Amma bu, ilk baxışdan,
bir toxunuşdan sevgidir. Şimşək kimi... An içində çaxıb başında.
Ya şairin dediyi kimi yolunu
dəyişmədən davam
etməlisən, ya da ürəyinin tələbi ilə üsyan eləməlisən.
Təbiətin hökmünə!
Amma bir düşün! Sən də onunla bərabər dərinliklərə
enmək gücündəsənmi?
Onunla eyni dalğada yaşamağa səbrin, sevgin çatacaqmı? Yaxud da ürəyinə alıb özünlə üzüyuxarı aparmağa
təpərin varmı?!
Məncə, təbiətə
qarşı çıxma!
Şair düz deyir. Yolunla get... Gücü, taqəti varsa, istəyirsə, sevirsə gəlib arxadan çatacaq, özünü yetirəcək
sənə..! Əmin
ol! Əgər Sevirsə!
Nəriman Həsənzadə: “Mən enirdim xəbərsiz!”
Bu dünya nərdivandı –
Qalxanda mehribandı,
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
Sən qalxırdın bu dəmdə,
Mən enirdim xəbərsiz.
Səni
arzularına
Qaldırırdı nərdivan.
Məni
xatirlərə
Endirirdi
bu zaman.
Birimiz –
günçıxana,
Birimiz –
günbatana.
Qalxa bilməzdim daha,
Nə o
güc, nə o taqət.
Sən də enə bilməzdin –
Haqlı,
haqsız vermişdi
Öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya,
Ya sən əvvəl gələydin,
Ya mən
sonra dünyaya.
PƏRVİN
525-ci qəzet.- 2013.- 22 iyun.- S.21.