Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

(1917-aprel 1918)

IV cild

Yenə mədənlər məsələsi

 

Mədənləri şəhərə bitişdirmək, mədəndəki əmələlərin mənfəətimidir? Və yainki mədənlər şəhərə bitişdirilməsələr o zaman mədən əmələləri həqiqətən də bir şey itirərlərmi?

Mədənlərin şəhərə bitişdirilib bitişdirilməməsi məsələsi qət olunduğu zaman bu məsələlərin əmələlər nöqteyi-nəzərindən həlli vacibdir.

Fərz edəlim ki, Ramana, Zabrat, Balaxanı, Sabunçu və sair neft mədənləri şəhərə bitişdirildi.

Bununla şübhəsiz ki, şəhər kassası dövlətlənəcək. Mədənlərdən alınan külli gəlir şəhərə gələcəkdir. Şəhər böylə bir bitişmədən şikayət etməz, bəlkə faidəsi də bundadır. Çünki hər zaman şəhərlər qiymətli, sərvətli ətrafları kəndilərinə bitişdirmək meylində olmuşlardır. Fəqət mədəndəki əmələlərə böylə bir bitişmək faidəlimidir?

Burasında heç bir şəkk və şübhə yoxdur ki, firqə, məslək şərikligindən daha qüvvətli, daha münir bir qüvvət vardır – məişət birligi. Bir şəhər demokratı ilə bir mədən əmələsi və yainki kənd fəhləsi arasında məsələ öz yerlərinə, öz məişətlərinə gəlincə mütləqa fərq vardır. Bir məsləkə mənsub üç şəhərli ilə iki mədənli təsəvvür etsəniz, bu beş adam şəhər ilə mədən mənfəəti ortaya gəldikdə bir dürlü düşünə bilməzlər. Mütləqa şəhərlilər şəhərin, mədənlilər də mədənin mənfəətini gözədirlər. Mədənlər şəhərə bitişsə, hər halda mədən vəkilləri ümumi dumada şəhər vəkillərindən artıq olamazlar. Böylə olunca təbiidir ki, mədən mənfəəti daima şəhər mənfəətindən sonraya qalacaq, hər bir tədbir haman şəhərlilərin nöqteyi-nəzərindən həll olunub, bu nöqteyi-nəzər o birilərinə üstün gələcəkdir.

İştə, bu kibi həqiqi və təbii cəhətləri nəzərə alaraq ən səmimi demokratlar idarə işlərində geniş surətdə ədəmi-mərkəziyyət üsuli-idarəsini tətbiq etmək istiyorlar. Bunun üçündür ki, böyük şəhərlərdə mərkəzi şəhər dumalarından əlavə yenə demokratiyanın tələbi ilə məhəllə dumalarının təsviyəsinə lüzum görülüyor.

Halbuki mədənlər şəhərə bitişdirilməyib uyezd ilə bərabər ayrı bir zemstvo vahidinə ayrılsa (ki böylə təsəvvür olunmaqdadır), o zaman məsələ bambaşqa olur. O zaman mədənlərin gəliri özlərinə qalır. O zaman şəhərli mənfəəti mədənlər mənfəətini əzə bilməz. Digər tərəfdən mədən uyezdin kəndlərindən də qorxmaya bilər, çünki uyezd kəndlərindəki nüfus hər halda mədəndəki nüfusdan artıq degildir.

Mədənlər dəxi daxil olduğu halda bir zemstvo idarəsi təşkili əmələləri heç bir surətlə qorxuda bilməz. Çünki imdi artıq dövri-sabiq degildir. Mədən zemstvosunda yenə haman o əmələ, o proletarya özü oturacaq. Qabaqki kibi neft mədənçisi və yaxud kənd ağası ağalıq edə bilmiyəcəklərdir.

Mədənlərin hər tərəfdə şəhərə bitişdirilmək xüsusunda qərarlar alan əmələlər görünüyor ki, atəşin natiqlərin təklif və təşviqlərinə uyaraq qərarlarını əcələ surətdə çıxarmışlardır. Fəqət çıxarılan bu qərarları diqqətlə təhlil edərlərsə, görülər ki, bu qərarlar ilə onlar öz mənfəətlərinə, həqiqi mənfəətlərinə qarşı gediyorlar. İnqilabçı bir duma vücudə gətirmək siyasətini icra edən novhəvəslər məsələnin iqtisadi tərəfini tamamilə unudurlar. Fələ və əmələ mənafeini müdafiə edərkən o mənafeə zidd getmiş oluyorlar.

Mədən fəhləsinin iqtisadi və mədəni mənfəəti bütün sərvət və samanı alıb da şəhərə verməkdə degil. Biləks bu sərvət və samanın idarəsini öz əlində saxlamaqda, onu muxtariyyətlə idarə edib öz dərdinə, öz çövrünə, öz mədəni ehtiyaclarına sərf etməkdədir.

Yəqin məsələ iqtisaddan ziyadə siyasətə bağlıdır. Yəqin ki, mədənləri şəhərə bağlamaqla şəhər abadlıq və ümuratını mədənlərə götürməkdən ziyadə mədən inqilabçılığını şəhərə götürmək məqsədi təqib olunuyor. Fəqət buna ehtiyac varmıdır? Əcəba, şəhər demokratiyası hanki bir dəlil ilə özünün inqilabçı olmadığını isbat eləmiş?

Bundan əlavə Bakı dumasına daha ümidli bir inqilab ruhi tabe edən mədən füqərayi-kasibəsi nə olur, qoy mədənin üzərində, uyezd zemstvosunda müasir bir inqilab amili olsun.

Xülasə, məsələyi hanki nöqtədən həll edərsiniz ediniz. Mədənlərin böylə bir israrla şəhərə bitişdirilmək istənilməsinə ciddi heç bir səbəb görməzsiniz! Biləks bu bitişik əmələ və kəndçilər mənfəətinə zidd olduğu aşkardır.

Bizə böylə gəliyor ki, demokratiya naminə hərəkət edən firqələr bu dəfə nəticəsi şübhəli siyasi bir təsir icrası üçün mədən xəlqinin həqiqi və daimi mənfəətlərini fəda eyliyorlar.

 

M.Ə.

“Açıq söz”, 3 avqust 1917, ą536

Ümurat – işlər, əməllər

Üç qurultay

 

 

 

Kazan türk-tatar tarixi-təcəddüdünün nüdrətlə qeyd edə biləcəgi tarixi günlər gördü. Vəqtilə türk övladının vücudə gətirdigi bu mərkəz siyasətin görəcək günləri, saətləri varmış. Əsrlərdən bəri düçar olduğu təhqir, bir gün gələcək də təlafi ediləcəkmiş. Millətin istiqbalına gələcəginə əmin olan əməlpərvərlər, bundan məyus degildilər. bilxassə ki, bu əməlpərvərlər öylə bir millətə mənsub idilər ki, o millət etiqadca öldükdən sonra dirilməyə, bəs bədəlmövtə qaildir. Bir şəxsin qiyaməti öldükdən sonra dirilməsi, dinə aid mafövq-əl-təbiyyatdan olsa da, siyasət qiyamətində dirilən millətlər çoxdur. Bu bir həqiqəti-tarixiyyədir ki, təbiyyatdandır.

İştə, bu həqiqət baharının yeni bir təcəllisi dəxi bu günlərdə Kazanda, “Sevim Bikə” minarəsinin yanında, o ehtişamlı türk abideyi-mədəniyyətinin civari-əzəmətində təzahür etdi.

Qurultay əski türklərin “syezd”idir. Əski Kazan yenə qurultaylar görüyor. Şübhəsiz ki, bu dəfəki qurultaylar, tarixdəki qurultaylardan şəkilcə də, mənaca da başqadır. Bu qurultaylarda artıq cahangirlik qərarı alınmayır. Bu “ginaşlar”da başqalarına qılınc və atəşlə hücum etmək əmri çıxarılmıyor, biləks burada məzlum bir millət öz hüququnu almaq istiyor. Hər növ müqəddəsati təhqir olunub da insanlıq həqqi tapdanan, milli namusu ləkələnən bir millət əl-qolunu saran zəncirin qırılmasından istifadə edərək mövqeini möhkəmlətmək istiyor ki, əsrlərdən bəri çəkdigi məzəllətdən əbədi surətdə qurtarsın!

Bu məqsədlə hal-hazırda Kazanda üç böyük qurultay qurulmuşdur: üləma, əskərlər və ümummüsəlman qurultayı.

Məmləkət müxabirə və mürasiləsindəki bu zövqlük bizə ancaq imdi imkan veriyor bilək ki, bu üç oluğ məclis müttəhid olaraq qurduqları böyük bir məclislərində Rusiya türklərinin tarixində ayrı hərflərlə yazılacaq mühüm bir qərar almışlar: milli-mədəni muxtariyyət qərarı.

Milli-mədəni muxtariyyət tələbi bütün müsəlmanların, bütün millətlərin, bütün tərəqqipərvərlərin müştərək tələbidir. Bu tələb Rusiya inqilabının heç bir vəchlə etiraz etmədigi həqli bir tələbdir. Bir şəxsin hürriyyəti nə dərəcədə şübhə götürməz bir şey isə, bir millətin milli-mədəni muxtariyyəti dəxi o dərəcədə mübahisəsizdir.

Fəqət bu günə qədər sair hürriyyətlərlə ixtiyarlardan istifadəyə müvəqqəti hökumətcə icazə verildigi və müvafiqət göstərildigi halda mədəni milli muxtariyyət tələbinin rəvası Məclisi-Müəssisan qərarına təviq etdirilərdi.

İnqilab hərəkatı böyüdükcə mənayi-inqilab daha doğru bir surətdə anlaşılmaya başladı. Özlərini hər növ muxtariyyət və hüquqa malik görən millətlər, hər şeydən əvvəl həqiqi qüvvələrini səfərbər halına qoyub, haman diləklərini dilədilər. Məclisi-Müəssisanı gözləməyib bu diləklərinin bir an əvvəl qəbulunu tələb etdilər. Finlandiya öylə yapdı, Ukrayna o yol ilə getdi. Gürcüstan kəlisa muxtariyyətini o yol ilə hasil elədi. Bu məsələ milli-məhəlli muxtariyyət həqqində ifrat hesab olunursa, milli-mədəni muxtariyyət tələbi üçün qətiyyən ifrat hesab olunamaz. Millətlərə ehtiyac yoxdur ki, daha nə vəqt toplanacağı bir növ kəsdirilə bilməyən Məclisi-Müəssisanı gözləyib onun qərarını görsünlər və ancaq ondan sonra öz milli-mədəni işlərinin tənziminə başlasınlar. Rusiya ölkəsinin sahibi, Məclisi-Müəssisan Rusiya ölkəsi həqqində qərar vermək istərsə, həqlidir. Yoxsa Rusiyada yaşayan millətlər kəndi vicdanlarına, kəndi imanlarına aid olan bir məsələdə bir o qədər də Məclisi-Müəssisanı gözləmək ehtiyacında degildirlər.

İştə, bu inqilab məntiqinə tabe olaraq Kazanda iclas edən üç qurultay qatışıq bir məclisdə artıq qərar vermişdir ki, bilatəxir milli-mədəni muxtariyyət əsasları haman tətbiq olunsun. Və əgər bu xüsusda dövlət rəsmən müsaidə verməzsə, bilamüsaidə işə başlanılsın. Milli-mədəni muxtariyyət qəvanini-əsasiyyəsinin təhrir və tərtibi isə ikinci ümumrusiya müsəlman qurultayına həvalə edilmişdir və bununla bərabər, böyük məclis burasını dəxi nəzərə almışdır ki, bir həqq və bir tələb nə qədər təbii və nə dərəcə həqli olsa da, madam ki, o həqq ilə tələb həqiqi bir qüvvətə istinad etməmişdir, şübhəsiz ki, yalnız arzu dairəsində qalıb qövldən-felə çıxamaz. Bunun üçün də qərar verilmiş ki, müsəlman soldatlarının təşkilatına əhəmiyyət verilsin və hökuməti-müvəqqətəyə adamlar göndərilib istənilsin ki, ayrı tatar polkları düzəlməsinə müsaidə verilsin. Bu xüsusdakı təşəbbüs arzu olunan nəticəyi hasil etməzsə, o zaman heç bir müsaidə gözləmədən haman tatar polkları təşkilinə başlanılsın.

Bununla bərabər böyük məclis vətəni-ümumimiz Rusiyanın irtica təhlükəsi qarşısında bulunduğuna dəxi laqeyd qalamazdı, qalmamışdır da. Qara qüvvələrin təkrar baş qovzamaqda olduqlarını nəzərə alaraq müttəhidən qərar çıxarmışdır ki, müsəlmanlar bütün qüvvətləri ilə inqilab təşkilatlarına yardım etsinlər.

Milli-mədəni muxtariyyət işinə ruh və mənəviyyələri yüksəltəcək bir iksir! Xüsusi müsəlman polkları – iştə, bu böyük mənəviyyələri inqilabı müdafiə yolunda sərf edəcək qüvvətlər.

Fəqət gərək bu və gərək o biri qüvvətdən millət və ya məmləkət üçün gözlənən faidəyi ala bilmək üçün millətin bütün sinif və təbəqələrində səbat və fədakarlıq lazımdır. Millətini, hürriyyəti, inqilabı sevən hər vicdanlı müsəlmana, hər bir imanlı türkə Kazan qurultaylarının qərarını alqışlayıb, qərarlarını bir an əvvəl qövldən-felə keçməsinə çalışmaq milli bir borcdur.

Milli-mədəni muxtariyyətlərin bilfeil tətbiqi şübhəsiz ki, Məclisi-Müəssisanda milli-mədəni muxtariyyətlərin dəxi müvafiq surətdə həllinə bir müqəddimə ola bilər. Yaşasın milli muxtariyyətlər!

 

M.Ə.Rəsulzadə

 

“Açıq söz”, 4 sentyabr 1917, ą537

 

 

 

Nüdrət – nadir olma, az tapılma

Təlafi – əvəzini çıxma, qisas alma

Mafövq – yuxarıdakı, yuxarı, ali

Mürasilə – yazışma, məktublaşma

Təviq – təxirə salma

Moskva şurası

 

Hücum siyasətinin nəticəsində vaqe olan fəlakətli ricət və yarılış üzündən hasil olan böhran Kadet partiyası nümayəndələrinin hökumətə daxil olub da sosialist-burjua etilafından hasil olma uyuşuq bir kabinə təşkil etmək surətilə həll edilmiş oldu. Bittəbii bu məsələnin surətən həlli idi. Məsələ batinən də həll olunmalı idi. Lazım idi ki, Kerenskiyə verilən ixtiyar və ona göstərilən etimad tam yalnız Petroqrad məhafilinin rəyi olmayıb bütün məmləkətin, məmləkətdəki bütün məhfillərin rəyi olaydı. Lazım idi ki, məmləkət “nicatı” üçün başlanan edam cəzası, hürriyyətlərin təfidi, inqilabçı sosialistlərin həbsi, qəzetələrin bağlanması, “kontrazdadoçni büro”nun “oxrannoye otdeleniya”ya dönməsi kibi fövqəladə tədbirlər əfkari-ammə tərəfindən dəxi təcviz olunaydı. Lazım idi ki, bütün məmləkət deyəydi: “xətərdəyiz, bizi qurtarınız, qurtarınız, bu qurtarış diktatura qiymətinə də olsa!”

Böylə bir qərara malik olmaq üçün nə lazım idi? Yalnız demokratiya ilə demokratik müəssisələrin fikrinə dayanmaq əlbəttə ki, kafi gələməzdi. Çünki burjuaziya ilə dostlaşmış sosializmin müraciət edəcəgi məhzər dəxi özü kibi iki cənbəli olmalıdı.

İştə, Moskva şurası böylə iki cənbəli bir məhzər (auditoriya) olmaq sifətilə çağrılıyor. Buraya demokratiya degil, “bütün məmləkət” gəliyor. Gəliyor ki, Rusiyanın göbəgində, siyasi həyat damarlarının dügünləndigi bu nöqtədə hökumətin sözünü eşitsin, məmləkətin əhvalını ögrənsin və cəmaət rəyini desin.

Əcəba, bu məclis təsəvvür olunduğu kibi bütün məmləkətlərin həqiqi zəbani-halı ola biləcəkmi? Müşkül.

Müşküldür ki, Məclisi-Müəssisanı dördgözlə gözləyən xəlq ondan başqa təsadüflə, dəvətlə, təyinilə yığışan bir məclisin qərarlarına boyun qoysun.

Moskva şurasına inqilabdan zəhləsi getməgə başlamış yorğunlar böyük ümidlər bəsliyor, kadetlərlə onlardan daha sağda olan firqələr isə buna ciddiyyətlə hazırlaşıyorlardı. Purişkeviçin burada nitq edəcəgi isə qəbl-əzvəqt elan olunuyordu. Moskva şurasına təqdim edən “siyasət ərləri”nin məşvərəti isə səngərlərini möhkəmlətiyor, general Kornilova çəkdikləri teleqraflarla adətən diktatura tərənnümünü zümzüməliyorlardı.

Fəqət inqilabın keçiş (istihalə) zamanının nə olduğunu dərk edən mətin qəlbli inqilabçılar isə Moskva şurasına ümid degil, qorxu ilə, ehtiyatla baxıyorlar. Bunlarca sağlaşmaya doğru gedən “Kerenski sosializmi” burjuaziya ilə bağladığı əqdi-ittifaqı möhkəmlətmək üçün əfkari-ümumiyyəyə sökənmək istiyor. Fəqət həqiqi xəlq əfkarını kəndisi ilə bərabər görmədigindən halına münasib “əfkar” qayrıyor. Onlarca məmləkətdə “yeganə və qüvvətli bir hökumət” vücudə gətirmək istəyən “dünki inqilabçılar” bu hökuməti demokratiya əlindən alıb burjuaziyaya vermək istiyorlar. Böylə əhəmiyyətli bir qədəm üçün məmləkətin etimadı ilə “tacdar olmaq” istiyorlar. Moskvaya səfər edən hökuməti-müvəqqətə iştə, “tacdar” olmaq üçün gediyor.

Şübhəsizdir ki, Rusiya əhvali-ictimaiyyəsini nəzərə alaraq bu məmləkətdə burjuaziyasız iş görmək, hökumət sürmək qeyri-mümkün olduğuna qane olan demokratiya məhfilləri ilə məmləkətin nicatını, “inqilabı dayandırmaq və geri basmaqda” görən burjua firqələri arasında olan tərazui-etilaf həqiqi müvazinəsini buluncaya qədər xeyli sallanacaq, hər tərəfin əsl çəkisi aşkar oluncaya qədər dəxi bu tərazu kəffələri (gözləri) çox taqqıldıyacaqlardır.

Əcəba, Moskva şurasına toplaşan məşvərətçilər etilaf tərazusinin hanki gözünü ağırlaşdıracaqlar? Bu məclisin çağrılmış heyətinə nəzərən demək olar ki, “dayandırıcılar” ağır gələ biləcəklərdir.

Fəqət hanki tərəf ağır və ya yüngül gəlirsə gəlsin, Moskva şurasının səlahiyyəti məşvərətçilikdən ötəcək olursa, o zaman bu məclis Məclisi-Müəssisanın əhəmiyyətini azaldacaq və bununla “islahə” degil, “ifsadə” kömək edəcəkdir.

Bugünki Moskva şurası bundan qırx il əvvəl rus ordusu Aya Stefanusa doğru yürürkən İstanbulda vaqe olan Məclisi-Kəbir ilə 1912-ci ildə Balkan ordusunun Çitalcadə dayandığı zaman Kamal Paşa kabinəsi tərəfindən toplanılmış  böyük məclisə pək bənziyor.

 

Moskva məclisi dəxi ehtimal ki, İstanbul məclisləri kibi hər şeydən əvvəl hərb məsələsini həll edəcək, bu xüsusda olacağı qərar daxildəki məsələlərin həlli ilə heç şübhəsiz ki, əlaqədar olacaqdır.

Moskva şurası çıxardığı qətnaməsilə Rusiya əfkari-amməsinə tərcüman ola biləcək bir halda isə şübhəsiz ki, əski Rusiyada məzlum və məqdur olan bütün təbəqə və millətlərin həqiqi mənfəətlərinə müvafiq bir surətdə hərəkət etməli, öylə bir hökumət və öylə bir siyasi qüvvət təşkilinə himmət etməlidir ki, o qüvvət bütün Rusiya millətlərinin milli və siyasi dillərinə ehtiram edərək Rusiya qüvvətini cəmaətin, millətlərin həqli tələblərini boğmaqda degil, onların mətləblərini rəva da görsün.

Moskva şurası hər növ firqə və təqib fövqündə dura bilərsə, böylə yapar.

Fəqət əvvəlcədən söyləmək olar ki, əksəri kadetlərdən və kadet quyruğunda gedənlərdən ibarət olacaq bu şura müşküldür ki, bunu yapsın.

 

M.Ə.

 

“Açıq söz”, 13 avqust 1917, ą539

 

 

 

Ricət – geriyə dönmə, qayıtma

Təfid (təfidən) – təhrif, ələsalınma

Təcviz – mümkün hesab etmə, caiz görmə

Məhzər – məclis, yığıncaq, akt

Cənbə – tərəf, yan

Qəbl-əzvəqt – vaxtından qabaq, əvvəlcədən

 

İstihalə – halını dəyişmə

Kəffə – tərəzi gözü

İfsad – bərbad etmə, fəsad törətmə

 

Məclisi-Müəssisan dəvəti

qarşısında

 

 

 

Hökuməti-müvəqqətənin tazə elanına görə Məclisi-Müəssisan seçkiləri noyabr ayının 12-də, dəvəti isə 28-nə təyin olunmuşdur.

Əvvəlcə, inqilabçı demokratiyanın təzyiqi altında sentyabrın 27-nə təyin olunan seçki vəqtin darlığına görə baş tuta bilməmişdi. Güman ediyorlardı ki, Məclisi-Müəssisan yanvardan tez çağrılamıyacaq. Danışıyorlardı ki, reaksioner firqələr çalışarlar ki, bu məclisin çağrılması hətta müharibə qurtarana qalsın. Şübhəsizdir ki, kadetlərlə reaksionerlərin mənfəəti ondadır ki, Məclisi-Müəssisan seçkisi uzandıqca uzansın. Çünki vəqt getdikcə fürsət hasil oluyor. Xəlqin məişətində hasil olan tənklik onun ruhunda dönüklük doğuruyor. Cəmaət sıxıldıqca sağlaşıyor. Nə vəqt olsaydı da bu çəkişmədən, didişmədən qurtarsaydıq – diyor. Təqsiri hürriyyətdə, demokrasiyada görüyor. Keçmiş zamanın ötücü olduğu hikmətinə əql irdirəmiyor. Bu əhvalı isə istifadə etmək gərək. Bunun üçün də Məclisi-Müəssisanı yubatmaq reaksionerlərin faidəsidir. Burasını bilxassə biz müsəlmanlar, biz inorodistlər nəzərdə tutmalıyız. Çünki Rusiya sağlaşdıqca və Məclisi-Müəssisan sağ fikirlilər əksəriyyətində olduqca məhkum millətlərin əməlləri, diləkləri təhlükəyə məruz qalacaq. Çünki həqqini istəyən bir millətə Kerenski kibi sosialist iş başına keçincə “behudluq” sifətini taxırsa, Allah göstərməsin ki, cahangirlikdə “bədtuli” sahibi olmaq diləgində bulunan Milyukov bağdaşını hökumət düşüncəsinə qoysun. O zaman ey Rusiya millətləri, əlvida, əlvida milli amallara, əlvida muxtariyyət fikirlərinə, əlvida hürriyyətlərə!...

Yuxarıdakı mühakimədən alınacaq nəticə aşkardır. Çalışmalı, Məclisi-Müəssisan seçkilərinə hazırlaşmalı, bir dəqiqəyi belə fövt etməməlidir.

Zaqafqasiya, Dağıstan biistisna olmaq üzrə ümumi bir seçki dairəsi ayrılmışdır. Bakı, Gəncə, İrəvan, Kutaisi, Tiflis quberniyaları ilə Batum və Kars oblastları, Suxum, Qubanski-Çernomorski okruqları bu dairəyə daxildir.

Bütün bu dairədən otuz iki Məclisi-Müəssisan məbusu seçiləcək. Bu otuz iki məbusdan rəsmi hesaba görə 12 məbus müsəlmanların hissəsinə düşəcəkdir. Bu 12 adamı müsəlmanlar bütün Zaqafqasiyadan seçməli. Demək ki, bütün Zaqafqasiya bu adamlara səs verməlidir.

Zaqafqasiyanın bir dairəyə ayrılması bir cəhətdən faidəli, digər cəhətdən müşkülatlıdır. Faidəlidir, çünki böyük dairədən seçilən vəkillərin qiyməti, böyük bir dairəcə tanınmış olduğu təmin edilər. Müşküldür, çünki bu böyüklükdə bir dairənin hər tərəfində az-çox tanınacaq adamların siyahısını tərtib eləmək, bu siyahıyı keçirtmək asan işlərdən degildir. Bunun üçün hazırlıq, çalışqanlıq gərək. Bu, bilxassə müsəlmanlardan ötrü çətin olacaq. Müsəlmanlar bu işə hazırlaşmasalar, hər yanda təşkilat vücudə gətirməsələr, hər tərəfdə mübəlliğlər bulundurmasalar, qorxu vardır ki, başqa firqələrə qazandıralar.

Bunun üçün müsəlmanlara hər partiyadan, hər firqədən, hər millətdən ziyadə Məclisi-Müəssisan seçkilərinə hazırlanmaq lazımdır. Bunun üçün Zaqafqasiya komitəsinin bir an əvvəl dəvəti, təşkil qüvvədən-felə gətirilməlidir. Bu xüsusda milli komitə tərəfindən tədbirlər görülmüş, Zaqafqasiya komitəsinin təşkili avqustun 25-nə təyin olunmuşdur. Zaqafqasiya komitəsinin görəcəgi ən birinci iş heç şübhəsiz ki, Məclisi-Müəssisan seçkilərinə hazırlaşmaq olmalıdır. Bunun üçün heç şübhəsiz ki, ikinci Qafqasiya qurultayını yığmaq lazım gələcək. Bu qurultay seçkilərdə tutulacaq məsləki, zəminəyi hazırlamalı, hanki firqələrlə blok yapmaq və nə kibi hallarda yapmaq mümkün olacağını təyin edəcək və ən mühümi müsəlman məbuslarının siyahısını tərtib edəcəkdir. Böylə bir qurultay olmaz, böylə ümumi bir siyahı tərtib edilməzsə, o zaman müsəlmanlar parçalanar, tikə-tikə olarlar. Bunun nəticəsi isə məlumdur. Səslər öylə parçalana bilər ki, parçaların əksəri bir danə də, adam keçirə bilməz...

 

M.Ə.

“Açıq söz”, 16 avqust 1917, ą542

 

 

 

Əqd – bağlama, tərtib etmə

Məkulat çətinligi

 

Rusiya getdikcə qorxduğu təhlükəyə yaxınlaşıyor. Kövşəmiş, qüvvətlər, nüfuz və etibarından düşmüş hökmlər əvəzində imdi “qıtlıq”la “aclıq” hökm etməkdədir.

Məkulat çətinligi sair çətinliklərin hamısını unutduruyor. Ən böyük və ümumi məsələlər məsələsi qarşısında unuduluyor. Çünki qarnı ac vətəndaşı məkulatdan başqa heç bir şey düşündürmüyor. Rusiyayı təhdid edən təhlükə Riqanın alınması, yaxud cəbhələrin yarılması degildir. Bundan böyük təhlükə Almaniya hücumundan daha uzaqda olan şəhərlərdə, qəsəbələrdə, köylərdə – ərzaq və məkulat idarələri başındadır. Bir Lənkəran hadisəsi, Balaxanı vaqeəsi, Petrovski hekayəsi, xülasə məkulat idarələrinin dağıdılması heç şübhəsiz ki, Tarnopol yarışından daha xətərlidir. Məmləkət daxilində ərzaq işlərində intizam olmaz və ərzaq cəbhələrindəki “yarışlar” azalmazsa, əsl cəbhənin dəxi davam gətirməginə inanmaq boşdur, boş xəyaldır.

İki-üç gündən bəridir ki, şəhərimiz məkulat böhranının şiddətli və həyəcanlı saətlərini keçiriyor. Yeyiləcək unumuz bir neçə günə çatar, diyorlar. Buna qarşı çarə olaraq evləri, anbarları gəziyorlar. Bu gəzişdən hasil olacaq nəticə dərdə şəfa verə biləcəkmi?...

Vəqtdir, bilməlidir ki, bu kibi xüsuslarda taqsalar mənasız, axtarışlar və yainki başqa bu kibi tədbirlər görmək bu çətinlikdəki məsələnin həll ediləməz bir yoluna girməkdir.

Doğrudur ki, cəmaət məntiqdən ziyadə hissiyyata tutuluyor. Ərzaq idarələrindən elədigi tələbində ölçüyü anlıyor. Tələblərində əksərən məntiqlə, həqiqətlə hesablaşmaq istəmiyor. Adətən taqəti üzülmüş ac adam kibi hərəkət ediyor.

Ərzaq idarəsi bu “ac əhvali-ruhiyyə”yə bəzən əhəmiyyət verməyib öz politikasını təqiblə davam ediyor, bəzən “xəlqi iskat” üçün yuxarıdakı “əhvali-ruhiyyə” qarşısında təslim olaraq mənasız axtarışlar kibi faidəsi müşkül tədbirlərə təvəssül ediyor.

Biz, qətiyyən rədd etmiyoruz ki, möhtəkirlər təftiş və nəzarət altına alınmalıdır. Bu olmalıdır. Fəqət bu təftiş və nəzarət bir qism əhalinin sui-zənn altına alınıb da adətən “məsuliyyəti-məskən” hürriyyətindən məhrum olması dərəcəsinə varıncaya qədər varmamalıdır. Çünki bu demokratizm əsası əleyhində naməqul bir “tədbir”dir.

İki gündən bəri şəhərimizdə ərzaq idarəsinin səyyar heyətləri məzkur idarənin əmrnamələri ilə anbarları, evləri gəzərək məkulat axtarıyorlar. Bu heyətlərdən əksəri ilə milli müsəlman komitəsinin təşəbbüsü ilə məxsusi məmurlar da bulunuyor. Axtarış məmurlarına rəfaqət ediyorlar. Bu sayədə axtarış əsnasında vaqe olan bəzi “hadisə”lərin önü alınmış oluyor. Fəqət bununla belə yenə də axtarışlar “hadisə”siz olmuyor.

Un axtarıldığı yerdə qızıl tapılıyor. Ərzaq üçün xırda sandıqçaların, qab-qacaqların içləri belə gəziliyor.

Məlum işdir ki, ərzaq çətinligi vaqe olan yerdə bir tərəfdən mövcud ərzağın müsavatca təqsimi təmin olunduğu kibi digər tərəfdən də ərzaq gətirtməsinə çalışmalıdır.

Birinci növbədən olaraq bizim ərzaq idarələri taqsa, axtarış və kartoçka kibi tədbirlər ittixaz eləmiş, ikinci cəhətə gəlincə dəxi əlbəttə ki, tədbirlər görməmiş degildirlər. Şübhəsiz ki, mümkün olduğu qədər şəhərə un və sair ərzaq gətirilməsi üçün təşəbbüs eləmişlərdir. Fəqət faidəsi nahaq yerə inkar olunan bir təşəbbüsə də ərzaq idarəsi artıq icazə verməlidir. Xüsusi xəridə və füruş aparatı öz işində məharət tapmış makinalardır. Onu tamamilə ortadan qaldırmaq təcrübə ilə görülüyor ki, faidə gətirmiyor. Onun nöqsanlı tərəflərini tədqiq etməli, fəqət onu tamamilə meydandan çıxarmamalıdır. Mənasız, düşüncəsiz taqsalar səmərəsiz inhisarlarla degil, ərzaq idarəsi xüsusi alış-verişçilərin xəridə imkanını əllərindən almaqla bərabər kəndisi böyük bir ərzaq xəridəçisi olmaq surətilə ərzaq işini, qiymətini tədil etməlidir.

 

M.Ə.

 

“Açıq söz”, 24 avqust 1917, ą549

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 22 iyun.- S.26-27.