Demokratiya və layiq olanların hakimiyyəti
(davamı)
Söhbət
iki nəhəng çayın – Yantszı və Huanhonun vadilərindəki
düzənliklərdə oturaq kəndli sivilizasiyasının
təşəkkul tapması və inkişaf etməsindən
gedir. Tarixin atası Heredot əgər Misiri “Nilin hədiyyəsi”
adlandırırdısa, Çini də tam hüquqla bu iki
çayın hədiyyəsi hesab etmək olar. Əkinçilik
çinlilərin başlıca məşğuliyyətinə
çevrilmiş, onları torpağa və nəticə
etibarilə Vətənə bağlamışdı. İnsan
əkinçiliyi icad edən vaxtdan, burada kəndlilər
öz yerlərini dəyişmədən bir ərazidə əsasən
düyü becərmiş, özünü qida ilə təmin
etmişdir. Beləliklə, digər bütün
sivilizasiyalardan fərqli olaraq Çin heç də
işğallar və əhalinin miqrasiyası nəticəsində
formalaşmamışdır.
Çinlilər
xırda istisnalar nəzərə alınmaqla yeni ərazilər
axtarmaq eşqindən uzaq olmuş, köçərilərin
qüdrəti zəiflədikdən sonra da şimala doğru
genişlənmək lüzumuna əhəmiyyət verməmişlər.
Çin xalqı daimi öz ərazisində
yaşamış, başqa xalqlar, məsələn,
qonşusu Çingiz xan monqolları kimi və ya Meyci
inqilabından sonrakı yaponlar kimi işğallara meyl etməmişdir.
Dünyanın başqa ölkələrinə mühzacirət
edən çinlilər də daim kompakt yaşamağa
üstünlük vermişlər. Onlar reallığı
yaxşı qiymətləndirməyi bacardıqlarından,
illüziya xarakterli şans axtarmaq fikrinə düşməmişlər.
Bütün
bunlar çinliləri dərk etmək üçün əlahiddə
mühüm elementdir, çünki bu, mənşələr
anlayışını sual altında qoyur. Xalq miqrasiya edən
vaxt və ölkə işğal nəticəsində
anneksiyaya məruz qaldıqda, bir qayda olaraq həmin hadisələr
xalqın həyatına və düşüncə tərzinə
təsir göstərməmiş qalmır, hətta
güclü müvəqqəti başlanğıc
situasiyası yaradır. Belə vəziyyət isə taleyinin
fərqliliyinə də hörmət bəsləməli olan
Çində mövcud olmamışdır.
Çin
mədəniyyətinin özündə də elə cəhətlər
vardır ki, onlar tarixi uzun ömürlülüyə qeyri-adi
xidmət göstərmişdir. Ən vacib cəhət ondan
ibarətdir ki, Çin özlüyündə yeganə
sayılmalı olan yazı sistemini
formalaşdırmışdır. İlk imperator Tsin Şi
Xuan-dinin dövründə yazı unifikasiya edilmişdi, vahid
şəklə salınmışdı. Bu yazı Avrasiya qitəsinin
bütün digər yazı sistemlərində olan kimi səsləri
ifadə etmir, ideyaların və situasiyaların təqdim edilməsi
əsasında işləyir. Belə yazı öz növbəsində
unikal bir daimilik üçün əsas olmağa xidmət
edir.
Bunun ən
parlaq nümunəsi odur ki, çinlilər əslində
üç min il ərzində heç siyasi sistemlərini də
dəyişməmişlər. Bu günə kimi ölkəyə,
şəklini dəyişsə də, daim bir partiya rəhbərlik
edir. Hazırkı dövrdə bu kommunist partiyasının
hakimiyyətidir, əvvəllər isə ölkəyə
imperiya imtahanlarından keçən adamlar rəhbərlik
edirdilər və onlar qarovulçulardan tutmuş baş nazirə
qədər bütün dövlət postlarını
tuturdular.
Fransız
Maarifçiliyinin də yüksək qiymətləndirdiyi
meritokratiya sistemi istənilən çinliyə imkan verirdi ki,
imtahanlarda istədiyi qədər iştirak etsin. Nəticədə,
Çin Avropadakı intibah dövrünə qədər,
qalan bütün dünyadan irəlidə idi. Lakin burada da hər
şey Alp dağlarının qarı kimi təmiz deyildi.
Başqalarına nisbətən dövlət qulluqçusunun
oğlunun imtahanlarda uğur qazanması daha asan idi. Lakin
müsbət misallar da az deyildi. Belə məlumatlar vardır
ki, hansısa kəndin sakinləri bacarıqlı
uşağın təhsilinin haqqını birlikdə ödəyirdilər.
Deməli, icma istedadların yetişdirilməsində birgə
iştirak edir, bu yükü ümumilikdə
daşıyır, bu vaxt çinli üçün vacib
sayılan ailə bağlılığı hissinə də
qalib gələ bilirdi. Belə sistem daim ölkəyə xidməti,
ordenlərin təklif etdiyi adamların ictima pilləkəni
üzrə irəliləməsi çərçivəsini tətbiq
edən fransız feodalizmindən fərqli olaraq, ən
yaxşı beyinləri təklif edirdi. O vaxtlar həm də “beyinlərin
axması” da yox idi. Ancaq sonralar Qərbdə də
burjuaziyanın yüksəlməsi ilə təhsilin əhəmiyyətini
başa düşməyə başladılar.
Yaxşıdan
bəhrələnmək qaydası heç də
unudulmamışdır. Bu gün Çində kimsə öz
namizədliyini partiya üzvlüyünə qəbul olunmaq
üçün irəli sürdükdə, əvvəlcə
həmin namizəd barədə üç il ərzində təhqiqat
xarakterli öyrənmə gedir. Onun ünsiyyətdə
olduğu adamlardan, qohumlarından, sinif yoldaşlarından,
dostlarından, müəllimlərindən sorğu ilə
geniş məlumat alınır. Bu vaxt başqa
iddiaçılar da mövcud olduğundan, kiminsə iradəsinin
hökm etməsi deyil, namizədlər arasında əsl
yarış mühiti özünü göstərir. Bu,
heç də rəqabət deyildir, çünki rəqabətdə
məğlub rəqib az qala məhv edilir, yarışda isə
məğlub olan sıradan çıxmır, gələcəkdə
də öz şansını sınamaq imkanına malik olur.
Müsbət nəticə əldə edən iddiaçı
isə partiya sıralarına qəbul olunur.
Çin
Kommunist Partiyasının tərkibində hazırda 82 milyon,
başqa sözlə, ölkə əhalisinin təqribən 6
faizinə qədər üzv vardır. İmperator
epoxasında da təqribən həmin nisbətdə dövlət
qulluqçusu var idi. Məhz buna görə də Qərb
demokratiyasının ideyaları Çində kök sala bilmədi.
Çinlilər
tarixlərinin uzunluğu qədər daimiliyə öyrəşmişlər.
Çinli üçün uzun muddətlilik səmərəliliyin
sinonimidir. Bunu da onlar başa düşürlər ki, sistem əgər
uzun muddət yaxşı işləyirsə, onu niyə dəyişdirmək
lazımdır.
Uzun
ömürlülüklə muşayiət olunma, çinlilərdə
heç də dəyişikliklərə neqativ münasibət
bəslənməsinə gətirib çıxarmır. Nə
qədər paradoksal görünsə də, Çində
ona “dostcasına” münasibət bəslənilir. Bu ölkədə
nə özünü xilas etmə dini, nə cənnət, nə
əbədilik mövcud deyildir ki, onlar insanlara cari dövrdə
baş verən hadisələrin öhdəsindən gəlməyə
kömək edə bilsin. Yeganə əbədilik – ilin
mövsümlərinin dəyişikliyə məruz qalmadan
bir-birini əvəz etməsidir. Ona görə də təəccüblü
deyildir ki, Çin fikrinin əsas kitabı “Dəyişikliklər
Kitabı” adlanır.
Kitabda belə
bir kəlmə vardır ki, bu, gerçəkliyin dərk edilməsinin
altından xətt çəkir: yeganə dəyişilməyən
şey – həmin dəyişikliklərdir.
Avropalılar,
başqa xalqlar dəyişikliklərə nifrətlə
yanaşırlar. Belə bir vaxtda isə çinlilərin dəyişikliklərə
dostcasına münasibəti onlara imkan verdi ki, XX əsrin ən
güclü sarsıntılarını yaşamaqla, onları
geridə qoysunlar. Ölkədə uzun müddət vətəndaş
müharibəsi getmiş, Mao Tsze-dunun həyata keçirdiyi
“Böyük sıçrayış” və “Mədəni
inqilab” Çin xalqına ağır həyat itkisi, ondan daha
böyük miqyasdakı iqtisadi zərbə və sosial
problemlərin dərinləşməsi hesabına başa gəlmişdi.
Bütün bu sınaqlardan sonra Çin xalqı qamətini
düzəltmiş, həyatın bütün sahələrində
həqiqətən də misli görünməmiş nailiyyətlər
qazanmağa başlamışdır. Onu da yaddan
çıxarmaq olmaz ki, digər millətlərin uzun
sırasında belə, Çin xalqı heç vaxt ayaq
üstə möhkəm dayanmaq bacarığını itirməmişdir.
Son
beş min il ərzində uğur və uğursuzluqlar yolu ilə
irəliləyən Çin Qərb
iqtisadçılarının rəyinə görə
2016-cı ildə iqtisadi cəhətdən ən güclü
dünya dövlətinə çevriləcəkdir.
Çinli
həyatda baş verən təsadüfləri də adi hal
hesab edir. Təsadüf anlayışına çinlilərin
cavabı kəndli mədəniyyətinin cavabıdır: ilin
mövsüm dəyişikliyinin ritmi qətiyyən pozulmur,
qışdan sonra daim yaz gəlir, ancaq heç kəs
qabaqcadan deyə bilməz ki, bu yaz günəşli və ya
yağışlı olacaqdır.
Təəccüb
doğuran cəhətlərdən biri də budur ki, Çində
mərkəzi hakimiyyət belə regional rəngarəngliyə
malik olan bu dərəcədə böyük bir ölkəni
qoruyub saxlaya bilmişdir. İmperiya kimi təşəkkül
tapdıqdan sonra Çinin ərazi bütövlüyünə,
müvəqqəti işğal illəri nəzərə
alınmasa, iki min ildən artıq bir müddətdə xələl
gəlməmişdir. Bu ərazini heç də nə hərbi
qüdrət, nə də iqtisadi güc qoruyub
saxlamamışdır, onun bütövlüyünü
ölkə üçün ümumilikdə vahid olan mədəniyyət
hifz edib saxlamışdır. Mədəniyyət Çinin
tarixən ərazi bütövlüyünün başlıca
dayağı olmuşdur.
Çinlilər
XIII əsrdə monqolların, XX əsrin birinci
yarısında yaponların işğallarına məruz
qalsalar da, işğalçının mədəniyətini
və ya həyat tərzini qəbul etməmiş, əcdadlarından
qalıb, onlara çatan mədəniyyətin həyati hərarətindən
güc alıb, bədbəxtlikləri dəf edərək,
ölkənin milli varlığını davam etdirməyə
müvəffəq olmuşlar.
Filosof Han
Feyə (“Han Fey-tszı” kitabına) görə, ölkədə
mərkəzi doktrina hüququn alimliyi idi. Bu Leqizm fəlsəfəsi
idi, bura aristokratiyanın kənarlaşdırılması və
fərdlərin öyrəndiklərindən, qabiliyyətlərindən
və təşəbbüslərindən asılı olaraq
irəli çəkilməsi yolu ilə çox sayda
meritokratiya elementləri daxil edilmişdi. Bu dövlət
qoşunlarının, idarə etməyə köhnə
aristokratiya sistemini saxlayan digər ölkələrin
ordularını xeyli üstələməsinə gətirib
çıxardı. İki min illik tarix ərzində leqizm
Çin fəlsəfəsinin əsas hissəsi olaraq
qaldı, ona baxmayaraq ki, sonrakı Tsin sülaləsindən
(1644-1911-ci illər) sonra o xeyli sadələşdirilmişdi.
Lakin
meritokratiya idarəetməsi bürokratik elementlərlə
birlikdə indiyədək Çin dövlətinin təməl
daşı olaraq qalır. Bunu dövlət qulluğuna
standartlaşdırılmış “dövlət
imtahanlarından” istifadə edilməsində müşahidə
etmək mümkündür, onun isə əsası Suy
sülaləsi zamanında qoyulmuşdur.
Çində
problemlərin bütünlüklə yoxluğunu güman etmək
də ağılsızlıqdır, onlar ölkənin
ölçüsünə uyğun olaraq həm də xeyli
çoxalmış olur. Həddən kök adam öz
ağırlığından əziyyət çəkdiyi
kimi, Çin də əhalisinin çoxluğundan, bəzi
regionlarda sakinlərin izafi sıxlığından əziyyət
çəkir.
Dövlətin
miqyasının böyüklüyü yerli “kiçik
çarlara imkan verir ki, mərkəzi hakimiyyətin göstərişlərini,
lazım gəldikdə öz xeyirlərinə təhrif etsinlər
və onların təsirlərini heçə endirsinlər.
Çin tarixinin bu daimiliyi ucbatından qəribə
görünsə də, ölkə öz
varlığının bütün ömrü ərzində
çətinliklərlə üzləşmişdir.
Çinlilər hesab etmirlər ki, onlar tiraniya tipli dövlətdə
yaşayırlar. Lakin yerli kiçik çarların
korrupsiyasının əmələ gətirdiyi ədalətsizlik
bəzi hallarda özünü büruzə verir. Çində
korrupsiya və rüşvətə qarşı ən
ağır cəzalar tətbiq edilir, bunda cinayəti sübut
olunanlar edam edilirlər. Yaddan çıxarmaq olmaz ki, Çin
əyaləti öz ölçüsünə görə
Avropa dövlətinə bərabərdir.
Əgər
Avropada 27 dövlətin (Avropa İttifaqına daxil olan
dövlətlərin) birgə işləməsinə nail
oluna bilinmirsə, hər gün hansısa iqtisadi və digər
problemlər üzə çıxırsa, 87 Avropa dövlətini
birgə fəaliyyət göstərməyə məcbur etməyin
olduqca çətin olduğu aydınca başa
düşülməlidir.
Əyalətlərin
sakinlərinin müxtəlif ənənələri, mətbəx,
tarixi və ya hətta dili ola bilər, lakin onların
hamısını Çin yazısı birləşdirir.
Çin
yazısı bu xalqın mədəniyyətinin ən
başlıca dayaq sütunudur. Məhz bu yazı ölkəni
məkanda və zamanda birləşdirmiş və möhkəmləndirmişdir.
Belə
ki, məsələn, teleefirdə və kinoteatrlarda
nümayiş etdirilən filmlərin hamısı subtitrlərlə
göstərilir və beləliklə, onları bütün əyalətlərdə
eyni qaydada başa düşə bilirlər.
Eynilə
həmin qaydada müasir çinli Konfutsi epoxasının
daş lövhəsindəki yazını oxuya bilir. Baxmayaraq
ki, həmin vaxtlar o sözlərin necə tələffüz
olunması haqqında onun elementar anlayışı da yoxdur.
Bunu orta əsrlərdə Avropada latın dilinin geniş
yayılması və istifadə edilməsi ilə müqayisə
etmək olar. Bu dil müəllimlərə, alimlərə qitənin
istənilən şəhərində, universitetində
işləməyə imkan verirdi. Buna baxmayaraq, sonralar millətçiliyin
yüksəlişi ilə bu sistem dağıdıldı.
Qatı
millətçilər isə təmsil etdikləri xalqı
barama qılafında saxlamağı özlərinin az qala ali
məqsədi hesab edir, öz çürük ideyaları
naminə bəşəriyyətin onlara guya yad olan nailiyyətlərinə
ağız büzmələrini də bir igidlik nişanəsi
kimi qələmə verirlər. Millətçilik, təsadüfi
deyil ki, hitlerçilər də özlərini naitsist
adlandırırdılar, xalqları qan axıtmağa,
müharibə Moloxuna çox sayda qurbanlar verməyə
sürükləməklə öz sərsəm əməllərini
guya millət yolundakı qəhrəmanlıq kimi qələmə
verməkdən həzz alırlar.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2013.- 22 iyun.-
S.18.