“Azərbaycanda qarşılıqlı
etimada əsaslanan milli və dini münasibətlər sistemi
formalaşıb”
Müsahibimiz
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri
şöbəsinin müdiri, Fəlsəfə elmləri
doktoru Sakit Hüseynovdur. Söhbətimizin məğzini islam
dininin Azərbaycanda yayılması, müstəqillik
dövründə Azərbaycanda dövlət-din münasibətlərinin
tənzimlənməsində, ölkəmizdə dini
tolerantlıq mədəniyyətinin yüksəldilməsində
Heydər Əliyevin, həmçinin Qafqaz Müsəlmanları
İdarəsinin rolu, dinlərarası və mədəniyyətlərarası
dialoqun davamlı inkişafa təsiri təşkil edir.
– Azərbaycanda tolerantlıq mədəniyyətinin
yüksək inkişafının həm də islam dini ilə
bağlı olduğunu qeyd etdiniz. Söhbətimizin bu yerində
islamın Azərbaycanda yayılması, intişar tapması
ilə bağlı fikirlərinizi bilmək istərdik.
– Şərqlə
Qərbin qovşağında yerləşən Azərbaycan
islam dünyasının bir parçası olaraq Qafqazda ən
böyük müsəlman respublikası sayılır. Digər
Qafqaz xalqları kimi Azərbaycan xalqı da tarixən həmişə
öz milli-mənəvi və dini dəyərlərinə
sadiq olub, öz adət-ənənələrinə ehtiramla
yanaşıb. Son illərdə islam dini, islam sivilizasiyası
haqqında yeni-yeni tədqiqat əsərlərinin sayı
çoxalıb, bu sahədə keçirilən beynəlxalq
konfrans və simpoziumların coğrafiyası genişlənib.
Xüsusən, islam mədəniyyətinə diqqətin
artması ABŞ-da baş verən 2001-ci il sentyabr hadisəsindən
sonra daha da mühüm əhəmiyyət kəsb etməyə
başlayıb. Araşdırmalar göstərir ki, son illərdə,
xüsusən, islamın tarixi mahiyyəti, dünya mədəniyyət
tarixində islamın oynadığı rol, onun bəşər
sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miqyasda
keçirilən elmi konfransların və simpoziumların
müzakirə obyektinə çevrilib.
Qeyd edək
ki, Qafqazda islamın yayılması, əsasən, Azərbaycandan
başlayır və Azərbaycan tarixinin böyük bir hissəsini
təşkil edir. Bu baxımdan Azərbaycan Qafqazda islam dəyərlərinin,
islam sivilizasiyasının yayılması və inkişaf etməsində
xüsusi rol oynayıb. Məlumdur ki, islam dininin
dünyanın müxtəlif bölgələrində
yayılması ilə bağlı uzun illər belə bir
fikir formalaşıb ki, guya islam dini “qılınc
gücünə”, “zorakı yolla” yayılıb. Hətta,
xüsusən, Azərbaycanda insanların şüurunda tarixən
belə bir ifadə formalaşıb ki, “biz qılınc
müsəlmanıyıq”. Yəni, ərəb-islam
qoşunları islamı bizlərə guya “qılınc
gücünə” qəbul etdiriblər. Lakin tarixi mənbələr
və dünyada tanınmış şərqşünas
alimlər islamın zorakılıqla
yayılmadığını təsdiq ediblər. Məsələn,
şərqşünas akademik Bartold yazırdı ki, islam
zorakılıqla yayılmayıb, bu dinin
yayıldığı ərazilərdə nə xristianlar, nə
zərdüştlər təqibə məruz qalmayıblar.
İslam dininin Azərbaycanda və bütövlükdə
Qafqazda yayılması prosesində zorakılığın
olmaması və bu prosesin siyasi müqavilələr yolu ilə
həyata keçməsi faktı bir çox elmi ədəbiyyatlarda
öz geniş ifadəsini tapıb. İslamın
dünyanın müxtəlif bölgələrində
yayılması zamanı zorakılığa yol verilməməsi
haqqında göstərişlər olduğunu bir çox
tarixçi alimlər öz əsərlərində şərh
ediblər. Müəyyən mənbələrə istinad edən
Azərbaycanın din alimlərinin əsərlərində də
belə faktlara rast gəlmək olur. Məsələn,
Şeyxülislam Allahşükür Paşazadə məşhur
ərəb tarixçisi Yaqut əl-Həməviyə istinad
edərək göstərib ki, ərəblər Qafqazda yerli əhali
ilə bağladıqları müqavilələrdə öhdəlik
götürürdülər ki, “əhalidən heç kim
öldürülməyəcək, əsir edilməyəcək,
atəşgədələrdən heç biri
dağıdılmayacaq, əhaliyə bayramlarda öz rəqslərini
ifa etməyə, əvvəllər nə edirdilərsə,
onu etməyə mane olmayacaqlar”.
XIX əsrin
əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən
işğal edildikdən sonra çarizm burada öz müstəmləkəçilik
siyasətini daha da dərinləşdirmək
üçün bəzi tədbirlər həyata keçirməyə
başladı. Bu tədbirlərdən biri yerli əhalinin-azərbaycanlıların
dini əqidəsinə təsir göstərmək, onları
həm hüquqi-siyasi, həm də mənəvi- psixoloji cəhətdən
rus çarizminin müstəmləkəçilik
qaydalarına tabe etdirməkdən ibarət idi. Rus
çarizminin Qafqazdakı müstəmləkəçilik
siyasətində din amilindən istifadə etməsini
Şeyxülislam Allahşükür Paşazadə belə
şərh edib: “İranın və Türkiyənin müsəlman
dövlətləri olduğunu
nəzərə alan və onların Qafqaz müsəlmanlarına
daha çox təsir göstərə biləcəyindən
ehtiyat edən Rusiya hökuməti burada həm şiəliyin,
həm də sünniliyin nüfuzunu müəyyən qədər
məhdudlaşdırmaq siyasəti yeridirdi.
Xristianlığın təbliğini gücləndirmək və
bu məqsədlə Türkiyədən və İrandan minlərlə
erməninin və Rusiyadan müxtəlif bidətçi təriqətlərin
nümayəndələrinin Azərbaycana
köçürülməsi, Qafqaz müsəlmanlarının
Türkiyə, İran və ərəb ölkələrindəki
həmməzhəbləri ilə əlaqələrinin məhdudulaşdırılması,
Məkkə, Mədinə, Məşhəd, Kərbəla, Nəcəf
kimi müqəddəs yerlərə ziyarətlərin
qarşısını almaq cəhdləri, müxtəlif
islam mərkəzlərinin və müsəlman nüfuz sahiblərinin
göstərişlərini Qafqaz müsəlmanları
üçün heç bir səlahiyyəti olmaması barədə
rəsmi qərarlar, din xadimlərinin qonşu dövlətlərin
nəfinə fəaliyyət göstərməkdə
günahlandırılıb. Qafqazdan
çıxarılması və sair bu siyasətin tərkib
hissəsini təşkil edirdi”.
– Köçürülmə siyasətindən danışdınız. Bu köçürülmələrdə əsas məqsəd nə idi və nəticəsi necə oldu?
– Qeyd etdiyim kimi, azərbaycanlıların dini əqidəsinə və mənəvi –psixoloji dəyərlərinə təsir edərək onların ruslaşdırılması və getdikcə xristianlaşdırılması məsələsi XIX əsrin əvvəllərində rus çarizminin qarşısında duran ən vacib məqsədlərdən olub. Azərbaycanlıların “ruslaşdırılması” və “xristianlaşdırılması” məqsədi ilə çar hökuməti bu dövrdə Rusiyanın və Ukraynanın mərkəzi quberniyalarından Şimali Azərbaycana xeyli malokan, duxobor və digər təriqətlərdən olan ailələr köçürüb. Məsələn, təkcə, 1833-1843-cü illərdə Rusiyadan Azərbaycana köçürülənlərin hesabına burada 20-yə qədər kənd yaranıb. Bu köçürmələrdən sonra Azərbaycan kəndlilərinin demoqrafik vəziyyətində, həyat tərzində, məişət sferasında müəyyən dəyişikliklər baş verdi ki, bu da yerli əhalinin mənəvi-psixoloji baxışlarında öz əksini tapmaya bilməzdi. Məsələn, yerli əhali Azərbaycana köçürülən ruslara – “hakimiyyət dairələrinə yaxın adamlar” kimi yanaşmağa, gəlmələr isə yerli əhalini “geri qalmış tatarlar” adlandırmağa başladılar. Bəzən isə gəlmələrlə yerli əhali arasında milli məişət zəminində müəyyən münaqişələr yaranırdı. Öz müstəmləkəçilik planlarını hər vasitə ilə möhkəmləndirməyə çalışan çar çinovnikləri xalqın dini-mənəvi dəyərlərinə, minillik əqidəsinə, milli adət-ənənələrinə ciddi təsir göstərməklə azərbaycanlıları ruslaşdırmaq planlarını həyata keçirə bilmirdilər. Əksinə, çarizmin yerlərdəki nümayəndələri xalqa qarşı nə qədər özbaşınalıq edirdilərsə, əhali arasında onlara qarşı narazılıq getdikcə artırdı.
– Müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində, ölkəmizdə dini tolerantlıq mədəniyyətinin yüksəldilməsində ümummilli lider Heydər Əliyevin rolu ilə bağlı ən çox hansı məqamları önə çəkərdiniz?
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 21 iyun.- S.6.