Kitablar, rəylər
ELÇİN HÜSEYNBƏYLİNİN
QARABAĞ “SƏYAHƏTİ”
(Elçin
Hüseynbəyli. “Ağ. Qara”.
“Qələmnəşr”, Bakı, 2013)
Dünya ədəbiyyatında
müharibə mövzusunda çoxlu əsərlər
yazılıb və bu əsərlərin bir qismi sözün
əsl mənasında bədii təsir gücü, tarixi əhəmiyyəti
baxımından həmişə oxucuların diqqətini cəlb
etmişdir. Daha doğrusu, bir insan-oxucu nəsli
dünyadan köçmüş, yenisi gəlmiş, amma
müharibə həqqında yazılan əsərlərə
maraq qətiyyən azalmamışdır. Deyək ki, Lev
Tolstoy və Ernest Heminquey kimi yazıçıların
müharibə “dərsləri” hələ də davam edir və milyonlarla oxucuları bu bəşəri
fəlakətin mahiyyəti barədə düşünməyə
səsləyir. Azərbaycan
ədəbiyyatında müharibə haqqında geniş, epik
lövhələri əhatə edən əsərlər
İkinci Dünya müharibəsi bitdikdən sonra yazılmağa
başladı. İndi bəzi müəlliflər iddia
edirlər ki, Azərbaycan ədəbiyyatında, xüsusilə
nəsrdə Böyük Vətən müharibəsi ilə
bağlı əsl həqiqətlər heç də əks
olunmamışdır və bunun da əsas səbəbi
sosialist realizmi prinsiplərinin kor-koranə tətbiqi ilə
bağlı olmuşdur. Əlbəttə, bu
fikirlə qətiyyən razılaşmaq olmaz. Azərbaycan
ədəbiyyatı istər müharibə illərində,
istərsə də müharibədən sonrakı dövrdə
üzərinə düşən missiyanı yerinə yetirmişdir. Müharibə illərində Poeziya və
Publisistika, müharibə bitdikdən sonra isə Nəsr
müharibə həqiqətlərini əks etdirən
nümunələr ortaya qoydu. Burada söhbət nəsrdən
gedir və biz Əbülhəsənin “Müharibə” (“Dostluq qalası”) romanını,
Mehdi Hüseynin, İsmayıl Şıxlının,
Hüseyn Abbaszadənin, Nurəddin Babayevin, İmran
Qasımov, Həsən Seyidbəylinin və b. müəlliflərin
povest və hekayələrini xatırlada bilərik. Olsun ki, daha sanballı əsərlər yazıla bilərdi,
amma yazılan əsərlər Azərbaycan və
Böyük Vətən müharibəsi mövzusunu bir
çox aspektlərdən əhatə edə bilir.
Bəs müasir Azərbaycan ədəbiyyatında
Qarabağda baş verən hadisələr, xüsusilə
müharibə ilə bağlı həqiqətlər necə
əks olunur?
Bu suala cavab vermək təbii ki, kiçik bir yazının məqsədinə
aid deyil (Yenə də adlar çəkə bilərdik:
Elçin Əfəndiyev, Hüseynbala Mirələmov, Aqil
Abbas, Yusif Kərimov, Eyvaz Zeynalov, və b). Ayrıca, daha
geniş bir yazının mövzusudur bu. Biz yalnız həmin
mövzunun bir yazıçının-Elçin Hüseynbəylinin
nəsr əsərlərində necə inikas olunduğunu izləyəcəyik.
Elçin Hüseynbəyli son on üç ildə
Qarabağda baş verən olaylarla bağlı qələmə
aldığı povestlərini, hekayələrini “Ağ. Qara” adı ilə bir kitabda
cəmləyib və belə baxanda “Ağ. Qara” kitabı bir
yazıçının “Qarabağnaməsi” də adlana bilər. Doğrudur,
kitabdakı hekayələrin bəzilərinin Qarabağ
müharibəsi ilə heç bir əlaqəsi yoxdur, amma təsvir
olunan məkanın müəyyən cizgiləri haqda təsəvvür
yaradır. Kitaba yazılan son sözdə oxuyuruq:
“Kitabın adı da təsadüfi seçilməyib.
Ağ-qara yazıçının ovqatını əks etdirir. “Ağ hekayələr”i oxuyanda adamın bir
gözü ağlayır, biri gülür, “qara hekayələr”i
oxuyanda isə adamın ürəyindən qara qanlar axır. Hər bir halda bu yazılar doğma
Qarabağ haqqındadır: onun indiki
ağrı-acıları, xoş xatirələri ilə birgə”.
Əlbəttə,
bu fikirlə bağlı elə bir ciddi iradımız yoxdur. Sadəcə
olaraq “bir
gözümüzün ağlayıb”, o birisinin “gülməsi”,
ya da ürəyimizdən “qara qanlar axması” bir az
mübahisəlidir. Bu fikri bütün
oxucuların gözlərinə və ürəklərinə
şamil etmək olmaz. Şəxsən mən bir oxucu
kimi, “ağlayıb
gülməkdən” daha çox düşüncələrə
qərq oldum.
Qarabağda baş verən hadisə və olaylar,
xüsusilə, müharibə ilə bağlı səhnələr
ilk növbədə, təbii və inandırıcı
olmalıdır. Buna ancaq o zaman nail ola bilərik ki,
bu müharibənin mahiyyətini dərk edək,
müşahidələrimiz dəqiq və reallığı
ilə seçilsin, yalnız təsəvvür əsasında
olmasın, təsvir olunan obrazlar süni və qondarma təsir
bağışlamasın. Elçin Hüseynbəylinin
Qarabağ müharibəsi ilə bağlı ilk sözü
“Qurdun şərqisi” (“Əsirlər” və “Qoca” adı ilə
iki hissə) adlı povesti olmuşdur. Bu
povestdə, eləcə də Elçinin bundan sonra
yazdığı hekayələrdə müharibəyə
tamam fərqli bir münasibətlə
qarşılaşırıq. Nədir bu fərqli
münasibət? Vaxtilə
yazıçılarımızı qınayırdılar ki, əgər
sən bir azərbaycanlının Böyük Vətən
müharibəsində igidliyini, qəhrəmanlığını
təsvir etmək istəyirsənsə, mütləq onun
keçdiyi döyüş yolunu izləməlisən.Axı,
qəhrəmanlıq, məsələn, Həzi Aslanov kimi
general olmaq və Sovet İttifaqı Qəhramanı kimi
uğurlu, şərəfli bir yol keçmək heç də
asan başa gəlmir.
Elçinin Qarabağda baş verən hadisə və
olaylarla, xüsusilə, müharibə ilə bağlı qələmə
aldığı nəsr əsərlərinin heç birində
döyüş səhnələrinə rast gəlmədik. Ümumiyyətlə,
təkcə Elçin Hüseynbəylinin deyil, Qarabağ
müharibəsi ilə bağlı yazılan roman, povest və
hekayələrin bir-iki nümunəsi istisna olunmaqla heç
birində canlı müharibənin özünü
görmürük. Bunun səbəblərini
necə izah edək? Yazıçıların bir çoxunun həmin
o canlı müharibənin iştirakçısı
olmamasındamı? Yaxud, bu müharibənin öz xarakteri etibarilə
çox ziddiyyətli xarakter daşımasındamı?
Bir tərəfdən güclü dövlətlərin köməyi
və “qayğısı” ilə silahlanan düşmən
ordusu, o biri tərəfdən çox zəif, hələ
heç ordu adlana bilməyən kiçik, pərakəndə
qruplar.. (Ordu sonralar,
torpaqlarımızın iyirmi faizi əldən gedəndən
sonra yaranacaqdı).
Əslində, bizim fikrimizcə, döyüş səhnələrinin
təsvirinə ehtiyac duyulmaması təbii idi. Artıq bu
üsul ənənəvi idi, sırf texniki xarakter
daşıyırdı və beləliklə, öz əhəmiyyətini
də itirmişdi. Bir də ki, “canlı
müharibə” anlayışı heç də üz-üzə
gələn qüvvələrin çarpışması demək
deyil. Canlı müharibə daha çox həmin
müharibənin ağırlıqlarını çiynində
daşıyan, əzabını çəkən, təkcə
maddi deyil, mənəvi itkilərlə üzləşən
insanın keçdiyi yolu səciyyələndirir. Biz Elçin Hüseynbəylinin hekayələrində,
povestlərində də məhz canlı müharibəni bu
şəkildə görürük. Daha doğrusu,
müharibə psixologiyasının ayrı-ayrı fərdlərin
həyatında, varlığında necə iz
buraxdığının şahidi oluruq.Az-çox ənənəvi
“canlı müharibə” səhnələri
ilə diqqəti cəlb edən “Dolu” romanında da (Aqil Abbas)
silahların, topların, tankların deyil, psixologiyaların döyüşünü
izləməli oluruq və qeyd edək ki, “Dolu” Azərbaycan nəsrində
bu istiqamətin artıq aparıcı olduğunu sübut edir.
Mətləbdən uzaqlaşmayaq. “Əsirlər” və “Qoca” povestləri Elçin
Hüseynbəylinin və həm də onun təsvir etdiyi
obrazların müharibəyə fərdi münasibətinin
şahidi oluruq. O fərdilik bundan ibarətdir ki, müharibə
haqqında yalnız həqiqəti yazmaq lazımdır.
Müharibə təkcə qəhrəmanlar, igidlər
yetirmir, qorxaqlar, satqınlar, xainlər, tərəddüd edib
fərariliyə yuvarlananlar da az deyil.
Yurdsevər, torpaqsevər insanlarla yanaşı, şəhərə,
zahiri dəbdəbəyə, rahat yaşamağa uyanlar da var. Müharibə bu
mənada insanları çeşidləyir, kimin kim olduğunu
ortaya çıxarır. Bu mənada Elçin
Hüseynbəylinin müharibəyə fərdi münasibətini
onun təsvir etdiyi obrazların həyat tərzində,
düşüncəsində də görə bilirik.
İki döyüşçünü- biri
yaşlı, birisə cavan – “mövqeyə” göndərirlər. Onlar
tapdıqları tankı ağacların budaqları ilə
örtür və sonra yola düşürlər. Ancaq ayrıldıqları dəstəyə
çata bilmir və meşədə ermənilərə əsir
düşürlər. Onları əsir götürənlərdən
biri “kirvə Armik”dir. Ermənilər bu iki əsirdən-yaşlı
kişi Xəlildən və cavan oğlan
Yavuzdan gizlətdikləri tankın yerini soruşurlar. Traktorçu olmuş Xəlil bir xeyli müddət
müqavimət göstərir, cavan oğlan isə elə hey
atasını, anasını xatırlayır, qəbul
imtahanları yaxınlaşdığı üçün
xiffət çəkir. Təsvirlərdən
belə anlaşılır ki, müharibənin ilk illəridir,
əsir düşənlərin müharibə barədə təsəvvürləri
çox zəifdir. Cavan oğlan deyir ki: “Belə də
müharibə olar? Belə də əsirlik olar!? Nə güllə atdıq, nə güllə səsi
eşitdik. Axmaq kimi Armikin tələsinə
düşdük..Anamın ağlamasına,
yalvarışlarına qulaq asmadım. Mən axı bir
günlüyə gəldim, bircə günlüyə..Müharibə belə olmur, mən onu kinolarda
görmüşəm”. Cavan oğlanın içində
əsirlikdən qurtulmaq duyğusu kök salır və
yaşlı kişiyə deyir ki: “Armik də tanış
çıxdı, sənin tanışın, get indi
özün danış onunla, denən ki, bir gündən
sonra mənim imtahanlarım başlayır, mən evimizi istəyirəm.
De ki, mən o cındırın yerini bilmirəm,
qoy məni buraxsınlar. Birbaşa Bakıya
gedərəm, qohumlarımın yanına. Babamın tüfəngini də özümə
qaytarsınlar”. Cavan oğlanın bu
sözlərini, tərəddüd və həyəcanlarını
təbii sayırıq. Onun “Mən
heç evlənməmişəm də.Anam yola salanda “evlənsəydin,
heç olmasa iyini uşağından alardım” deyirdi. Anama-atama yazığım gəlir. Onların
nə günahı!?”. Sonda
cavan oğlan dözə bilmir, “evimizi istəyirəm” deyib
qapını təpikləməyə başlayır,
tankın yerini qışqırır. “Yaşlı kişi
yüyürüb arxadan onu qamarladı, əlləri ilə
boğazını sıxdı. Oğlan əlləriylə
onun əllərini, üz-gözünü cırmaqlamağa
başladı..Yaşlı kişi isə avtomat
sıralamasından və öz ulartısından başqa
heç bir səs eşitmədi”.
Povestin ikinci hissəsində yaşlı kişinin
yaralı halda bir neçə gün meşədə gəzib
axırda tankı basdırdıqları yerə gəlib
çıxması, amma yerində yekə bir çala və
soluxmuş ağac budaqlarını görməsi, sonra isə
öz kəndinə gedib çıxması və artıq
heç kimi görməməsi təsvir edilir. “Heç nə
dəyişməmişdi. Kəndlərindən
başqa. İndi kəndləri,
bağları vəhşi adanı
xatırladırdı”.Boşalmış kənddə bir
neçə ay tək-tənha dolanır, öz əli ilə
tikdiyi, illər uzunu arzuladığı evin pilləkənlərinin
də söküldüyünü görür.
Yaşlı kişi bir xeyli ermənini qətlə
yetirir, onların qocanın verdiyi çaxırdan içib
yerdəcə qıvrılırdılar, “qocanın sifətində
ölüm gülürdü”. Armikin oğlu onu
öldürür. Povestin sonunu müəllif belə
bitirir: “Qurdun şərqisi” ideoloji əsərdir. Birinci fəsildə müharibənin dərkolunmazlığı
təsvir olunur. İkinci fəsil bizim yenicə
başlayan özünüdərkimizin və məğlubiyyətimizin
göstəricisidir. Üçüncü
fəsildə qalibiyyət olmalıdır. Xəlilin oğlu Xaqan Armikin oğluna qalib gəlməlidir.
Hələlik real ilk iki fəsildir.
Azərbaycan əsgəri qalib gəlməsə,
üçüncü fəsildə təxminən bunlar
yazılacaq.
Bu fəsil qəhrəman Azərbaycan (türk) əsgərinə
həsr olunmalıydı. Və bircə cümlə: “..Armikin
dəstəsi kəndi geridə qoyub öz yerlərinə
qayıdırdı. Qurd oğlu Qurd isə qeyzindən
ulayırdı. Qisas qiyamətə qalmamalıydı”.
Elçin
Hüseynbəylinin “Qisas qiyamətə qalmamalıydı”
fikri təəssüf ki, hələ reallaşmayıb və
təbii ki, Xəlilin oğlu Xaqan haçansa başlanacaq
savaşda qalib gələcək. Yeri gəlmişkən qeyd
edək ki, hələ Azərbaycan nəsrində qalib Azərbaycan
əsgərinin dolbun, yaddaqalan və heç vaxt unudulmayacaq
obrazı hələ də yaradılmayıb. Elə bir obraz
ki, müharibənin bütün
ağırlıqlarını çiynində
daşımış olsun, bir döyüşçü kimi
də, bir insan kimi də, bir azərbaycanlı kimi də
yaddaşlara həkk olunsun. Bizim Qarabağ müharibəsində
nə qədər (bəlkə qədərindən də
artıq) Milli Qəhrəmanlarımız var. Amma onların
hansının həyatı, döyüş yolu, qəhrəmanlığı
bir romanın ya povestin mövzusuna çevrilib. Söhbət əlbəttə,
bədii şəkildə ümumiləşdirilən
obrazlardan gedir.
Elçin
Hüseynbəylinin də belə bir qəhrəmanı
yaratmağa gücü çatar...Amma hələlik söhbət
olacaqlardan yox, olmuşlardan gedir və bu baxımdan “Qurdun
şərqisi” povestindən sonra Elçinin “Gözünə
gün düşür”, “Çıxılmazlıq”, “Ölən
gözlərdə də ümid var”, “Boz eşşəyin məktubları”,
“Ağsaqqal” hekayələrindən də söz açmaq istəyirik.
Elçin
Hüseynbəyli səhv etmiriksə, artıq yeddi romanın
müəllifidir və bir romançı kimi də ədəbi
ictimaiyyətdə müsbət rəy doğurmuşdur. Ancaq
heç bir fərqləndirmə və müqayisə aparmadan
deyə bilərik ki, o, bir hekayəçi kimi daha ustadır. Ən
yaxşı hekayələrində Elçin bəlkə
romanlarda deyə bilmədiyi sözü deyə bilir, oxucu
üçün qaranlıq bir nöqtə qoymur. Məsələn,
onun “Gözünə gün düşür” hekayəsini biz
son illərdə nəsrimizdə diqqəti cəlb edən ən
uğurlu hekayələrdən biri hesab etmək olar. Bu hekayədə
hətta bir romanın məzmununa sığa biləcək
hadisələr var, təsvir olunan obraz isə doğrudan da
İNSAN və MÜHARİBƏ problemini
özündə dolğunluqla əks etdirir. Hekayənin qəhrəmanı
ağır xəstəliyə tutulmuş əlli üç yaşlı
onkoloq-həkimdir və onun yeganə arzusu doğulduğu kəndi,
öz həyətlərini son dəfə görmək, orada
ölməkdir. Bu niyyətlə o, tanış yollarla öz kəndlərinə
doğru yol alır. “Kəndlər yox idi, onların kölgələri
qalmışdı. Evlərin çardaqları, divarları
sökülüb aparılmışdı, talan edilmişdi,
yalnız yaşayış üçün yararsız olan kərpic
tövlələrin, toyuq hinlərinin divarları
qalırdı. O, bunları
aydınca görməsə də duyurdu.Evlərin bir qismini sərhədin
o tayında, Arazın güneyində yaşayan iranlı
soydaşları, bir qismini də ermənilər
aparmışdılar”. Xəstə həkim çox çətinliklə
də olsa, öz həyətlərinə girir və yurdunun
yağmalandığını görür: “Xarabalığa
dönmüş evə girdi. Bir zamanlar üstündə iməklədiyi,
qardaş-bacıları ilə qaçdı-tutdu
oynadığı evin döşəməsi də
sökülmüşdü. Ara-sıra çürük taxta
qırıqları gözə dəyirdi. ..Kimsəsizlik hər
tərəfə hakim kəsilmişdi”. Amma bu, uzun çəkmir,
kənddə olan iki erməni əsgəri onu qabaqlarına
qatır, kənddən iki kilometr aralıda yerləşən
zastavaya gətirirlər. Zastavada o, erməni zabitinə məsələni
açır və deyir ki, mənim ömrümə bircə
gün qalıb, istəyirəm öz kəndimdə öz qəbrimi
qazım, ölə bilməsəm, sizlərdən kim isə
məni öldürsün. Zabit tərəddüd edir, amma həkim
ona rüşvət vəd edir, gəlib qəbristanlığa
çatırlar. Həkim sürünə-sürünə
atasının qəbrinə çatır, daha qəbir qazmaq
lazım olmur, çünki atasının qəbrinin
yalnız yeri qalmışdı, özü uçulmuşdu və
xəstə həkim özünü həmin boş qəbirə
yuvarladır. “Gözlərinin önünə
güllü-çiçəkli dağlar, məktəb illəri,
quzu otardığı yerlər, çayda balıq tutduğu
günlər gəlirdi. Hər şey gözəl idi. Onun
yadında daha çox günəş qalmışdı. Amma bu gözəllik yox olmuşdu və
bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu
gözəlliyin və itkinin yerini acı bir boşluq
doldururdu...
Səhər
açılırdı. Həkimin ürəyi və
yaddaşı hələ diriydi.
Ölərkən hiss elədi ki, gözünə
gün düşür. Gözlərimi ovuşdurdum”.Hekayə beləcə
sona yetir və “gözlərimi ovuşdurdum” cümləsi elə
bil bizi qəflət yuxusundan ayıldır. Bu hadisənin
Qarabağ həsrəti ilə yaşayan hər bir azərbaycanlıya
dəxli var,-deyə düşünürük. Amma Elçin
Hüseynbəylinin qəhrəmanı kimi ölümə
yox, öldürməyə, torpaqlarımızı azad etməyə
getməliyik!
Elçinin bu hekayəsi öz
psixoloji gərginliyi ilə də seçilir. Biz hadisələrin
təsviri ilə bağlı məqamların bütün
hekayə boyu psixoloji çalarlarla ifadə edildiyini izləyirik.
Hadisənin özü maraq doğurur, amma obrazın
keçirdiyi sarsıntılar daha təsirlidir. Elçinin
“Çıxılmazlıq” və
“Ölən günlərdə də ümid var” hekayələrini
də psixoloji səpkidə yazılan hekayələr kimi qəbul
edirik. Məktəblilər üçün
yazılmış “Füruzə qaşlı xəncər”
hekayəsində isə hadisələr isə dinamikliyi ilə
seçilir. Bir azərbaycanlı qadının-Zeynəbin məlum
hadisələr zamanı Xocalıdan Ağdama doğru əzablı
yolu sadə, aydın və səlis bir təhkiyə tərzi
ilə məktəbli oxuculara çatdırılır.
Biz Elçin Hüseynbəylinin əsasən
Qarabağ müharibəsi ilə bağlı povestindən və
hekayələrindən söz açdıq.Çox
arzulayardıq ki, o, bu mövzuda axtarışlarını
davam etdirsin. Yeni hekayələrində psixoloji
boyalarını daha da artırsın, təkcə müharibənin doğurduğu
acılıqları öz varlığında yaşadan və
ÇIXILMAZLIQ
qarşısında qalan obrazları deyil, həm də
Qalib gəlmək həvəsiylə alışıb yanan,
öz kəndinə ölməyə yox, düşməni məhv
etməyə can atan obrazlar yaratsın...
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2013.- 22 iyun.- S.25,29.