İnformasiya cəmiyyətinə “İncəgülü
saz və söz şöləni”ndən baxış
Bu qeydləri qələmə almağa məni vadar eləyən
Facebook vasitəçiliyi ilə “İncə günü –
İncəgülü saz və söz şöləni”nə
dəvət edilməyim və həmin tədbirin tarixçəsini
araşdırarkən apardığım müşahidələr,
diqqətimi çəkən məqamlar oldu. İnternet şəbəkəsində
yerləşdirimiş materiallarla tanış
olduqca özüm üçün bir qədər gözlənilməz
və gözlənilməz olduğu qədər də
maraqlı prosesin şahidi, iştirakçısı
olduğum qənaətinə gəldim. Tovuz rayonunda
hazırlanıb oradan da efirə yayılan “Türkel TV”nin əməkdaşı
Çiçək Mahmudqızının
hazırladığı proqramları, təşkil etdiyi,
quruluş verib apardığı tədbirləri
(hamısını olmasa da) nəzərdən keçirəndə
ölkəmizin mədəni həyatında yeni bir istiqamətin
formalaşmaqda olduğunun fərqinə vardım. Bu prosesin
önündə bəzilərini yaxından
tanıdığım və ədəbiyyatda, sənətdə
yeni yol açmağa, yeni səviyyə, estetik sistem müəyyənləşdirməyə
iddialı olan adamların olduğunu görsəydim, bəlkə
mənə o qədər də gözlənilməz
olmazdı. İşin sürpriz tərəfi içində
yaşadığımız yeni zəmanənin – “informasiya cəmiyyətinin”
dolğun mədəni hadisələrindən birinin əyalətdə
yaranmağı, saz və ənənəvi söz
üstündə meydana gəlməyidir...
İki
ildir Azərbaycanın ən ucqar nöqtələrindən
birində, Qazax rayonunun Ermənistanla sərhədində yerləşən
İncə dərəsində təşkil olunan “İncə
günü – İncəgülü saz və söz
şöləni”ni ölkəmizin
müasir mədəni həyatının mühüm hadisəsi
adlandırmağa heç bir tərəddüd etmirəm. Əslən İncədən olan şairə
Çiçək Mahmudqızının böyük zəhmət
və fədakarlıq hesabına araya-ərsəyə gətirdiyi
bu şölən müasir tarixi gerçəklik kontekstində
böyük ictimai məna və əhəmiyyət
daşıyır. Tədbirin ən mühüm cəhəti
isə “informasiya cəmiyyətinin” yeni bir təzahürü
kimi yaranması və “informasiya cəmiyyətinə” təsir göstərmək, onu hərəkətə
gətirmək gücündə olan hadisəyə
çevrilməsidir.
Getdikcə balacalaşan və daralan dünyada gedən
qlobal proseslər fonunda bu gün Azərbaycan mədəniyyəti
özünün bir keyfiyyət mərhələsindən digərinə
transformasiya dövrünü (“keçid dövrü” deməkdən
çox ehtiyatlanıram) yaşayır. Dünya boyunca baş verən
qlobal proses – “informasiya cəmiyyətinin” formalaşması,
ictimai və fərdi münasibətlərin
informasiyalaşması, başqa sözlə desək,
informasiya texnika və texnologiyalarının qeyri-adi inkişafı ilə
cəmiyyətdə ən kasıbından ən
varlısına qədər hər kəsin gündəlik həyatına
daxil olması mədəniyyətə köklü təsir
göstərir və təbiidir ki, Azərbaycan da bu prosesdən
kənarda qalmır. Daha bir əsaslı faktor isə Azərbaycanın
özündə milli səviyyədə gedən proseslərlə
bağlıdır: müstəqillik qazanandan sonra yeni siyasi,
ictimai və mədəni şərtlər daxilində
yaşayan ölkədə bir çox keyfiyyətlər
zamanın sınağından keçir. Zaman
bizim toplum üçün daha sürətlə ötür,
bir çox dəyərlər, dəyərlərə
münasibət sürətlə dəyişir. Bu
baş gicəlləndirən dəyişmələr içində nəyi
və nələrisə itirir, nəyi və nələrisə
qazanırıq. Beləliklə, Azərbaycan mədəniyyətinin
tərkib hissəsi olan incəsənət: bədii söz,
musiqi, teatr, kino, rəssamlıq yeni dövrün
reallıqları ilə yan-yana, çiyin-çiyinə yol
gedir və bəzən uçurumun qarşısından
keçən, bəzən ağzı yoxuşa dirənən
yolda nələr baş verdiyini izləmək çox
maraqlıdır...
Milli mədəniyyətin
başlıca təkamül qüvvəsi olan elitar və ya
seçmə sənət bugünkü informalasiyaşma
prosesinin önə çıxardığı “kütləvi mədəniyyətə” bir
çox cəhətdən ayaq uydura bilmir: KVN ciddi teatrı
üstələyir; meyxanaya və dedektivə (bunu da “nəsrin
meyxanası” adlandırmaq olar) maraq ciddi ədəbiyyata
marağın önündədir (hələ demirəm ki,
“Tı kto takoy, davay dosvidaniya” beynəlxalq miqyasda maraqları
fəth edir), kinonun, rəssamlığın hansı istiqamətə
getdiyi ictimaiyyəti o qədər də maraqlandırmır (və
ya qayğılandırmır)... Bu
qarışıqlığın içində maraqlı
tendensiyalar da müşahidə olunur, ciddi ictimai rezonans yarada
biləcək hadisələr baş verir: məsələn,
muğam müsabiqəsinin yaratdığı ictimai əks-səda
kimi...
Belə
bir şəraitdə mədəni həyatı daha geniş
üfüqlər boyunca dalğalandıra biləcək hadisələrə
və həmin hadisələri yaratmağa qadir fədakar
insanlara çox böyük ehtiyac duyulur (rəsmi komissiyaya, səlahiyyətli
quruma deyil, məhz İnsan(lar)a). Bu baxımdan, Çiçək
Mahmudqızının təkbaşına meydana qoyduğu
“İncə günü – İncəgülü saz və
söz şöləni” müstəsna tarixi məna kəsb
edir. Azərbaycanın müasir mədəniyyətində
özünəməxsus yeri olan ucqar bir bölgədə
zamanla səsləşən, müasir dövrün
çağırışlarına cavab verən, ictimai fikrə
təsiri olan belə bir tədbirin təşkil edilib
ünvanına – ictimaiyyətə çatdırılması,
ən mühümü isə ictimaiyyət tərəfindən
qəbul edilməsi öz məzmununa və dəyərinə
görə ciddi dövlət əhəmiyyəti
daşıyır.
Sinəsi
üç kəndə ana qoynu olan İncə dərəsində
Hacı Mahmud əfəndi Qərani kimi insanların and yerinə
çevrilmiş nüfuzlu tarixi şəxsiyyətin,
Aşıq Avdı Qaymaqlı kimi nəhəng sənət
korifeyinin, Azərbaycanın milli azadlıq mübarizəsində,
xüsusilə azad mətbuatın yaranıb formalaşmasında
müqayisəyəgəlməz xidmətləri olmuş
şair Ağamalı Sadiq Əfəndinin, Azərbaycan ədəbiyyatında
və jurnalistikasında bənzərsiz iz qoymuş Akif Səmədin,
şair-jurnalist Aslan Kəmərlinin, Aşıq Cəlal,
Aşıq Şəmistan, Aşıq Kərəm kimi sənətkarların
məzarları başında anılması mənəvi dəyərlərimizə
sahib çıxmağın layiqli nümunəsidir. Məmməd
İlqar, Məmməd Dəmirçioğlu, İbrahim
İlyaslı, Rəfael İncəyurd, Məhəmməd
Astanbəyli (bu siyahının başında Çiçək
xanımın özünü qeyd etmək daha ədalətli
olardı) kimi şairlərin, söz adamlarının; saz-söz sənətimizi layiqincə
yaşadan, ona müasir ruh verən istedadlı
aşıqların – Şaiqin, Qəribin, Nazimin,
İlhamın, Hüsənin, Həsənin ata-ana yurdunun
ayağına gəlmələri, doğma insanlar
qarşısında çıxış etmələri və
buradan dünyaya səslənmək imkanı qazanmaları cəmiyyətin
düşüncəsinə müsbət impuls verən, eyni zamanda geniş ictimai əks-səda
doğuran qiymətli təşəbbüsdür.
Bir cəhəti də xüsusi vurğulamaq istəyirəm
ki, “İncə günü – İncəgülü saz və
söz şöləni” məhəlli (lokal) hadisə deyil,
yeni tarixi gerçəkliyin yaratdığı və Azərbaycan
Respublikasının coğrafi hüdudlarından
çox-çox uzaqlarda əks-səda doğuran milli hadisədir. Yəni bu
cür tədbirlərin keçirilməsi yalnız hansısa
bir elin-obanın (konkret olaraq, İncə dərəsinin) mənafeyinə
deyil, dövlətin və bütövlüklə millətin
mənafeyinə xidmət edir.
Əslində,
şölən iştirakçılarının, burada
çıxış edənlərin coğrafi mənsubiyyəti
də təkcə İncə dərəsi və ya Qazax rayonu ilə məhdudlaşmır:
bu il bu şöləndə Cənubi Azərbaycandan
Aşıq Məhbub Xəlili kimi nadir istedad sahibi iştirak
etdi, Borçalının, Azərbaycanın müxtəlif
rayonlarının, xüsusilə də işğal altında
olan bölgələrin saz-söz adamları bir araya gəldilər.
Türkiyədən Aşıq Maksud Fəryadi
tədbirə çağdaş texnologiyanın
yaratdığı imkanlar üzərindən qatıldı. Əli Quliyevin –
müasir virtuoz saz ifaçılığı
ustadının saz və söz şölənin
başında olması məclisə ayrı dəyər gətirdi.
Əldə olunan ən yaxşı nəticə isə budur
ki, şölən İncə dərəsindən dünyaya
yol sala bildi, dünyadakı azərbaycanlılara milli dəyərlərimizi
nümayiş etdirdi. Bu uğurun təminatçısı
şölənin özünü “informasiya cəmiyyətinin”
üzvü kimi təsdiqləyə bilməsindədir.
Çünki “İncə günü – İncəgülü” yeni “informasiya cəmiyyətinin”
qarşısına yeni dəyərlərlə
çıxır, belə demək mümkündürsə,
“informasiya cəmiyyətinin” mənəvi
tələbatına yeni tarixi
reallıqların meydana gətirdiyi resurslar (mənəvi və
texniki) ilə cavab verir. Əslində,
“informasiya cəmiyyətinin” ən böyük və qorxunc təhlükəsi
ənənəyə güclü rəqiblər (qənimlər)
yaratmasıdır. Lakin “İncə günü –
İncəgülü saz və söz şöləni” elə
bir enerjiyə malikdir ki, yeni informasiya texnika və
texnologiyaları onun timsalında ənənənin, kökə
və torpağa bağlılığın
daşıyıcısına, ötürücüsünə
çevrilir, sabahı əndişə yaradan ənənəvi
mədəniyyəti yeni tarixi mənzilə aparır. Təşkilat
işlərinin bir çoxu məhz sosial informasiya kanalları
vasitəsilə həyata keçirilir: tədbir Facebook vasitəsilə
anons edilir, dəvətnamələr sosial şəbəkə
üzərindən çatdırılır. Tədbir
gedərkən Azərbaycandan kənarda olan insanlar müasir
texnologiyaların yardımı ilə tədbirin gedişinə
qatılır. Şölən başa
çatandan sonra da informasiya texnologiyaları dövrədə
qalır, internet üzərindən yayılan “Türkel TV”
onun yayılmasını təmin edir. Proqram
efirdə yayıldıqdan sonra yenidən sosial paylaşım
şəbəkələrinə yüklənir və ona efirdə
baxmaq imkanı olmayan hər kəsə
çatdırılır. Sosial şəbəkələrdə
zəncirvari paylaşımlar edilir. Beləliklə
də saza, sözə, sənətə, ən əsası isə
torpağa və doğma yurda sevgisi olan hər kəs bu səxavətli
şölənin yaratdığı dalğanın enerjisindən
bəhrələnə bilir.
Bu həm də daim unudulmaq, yaddan çıxmaq qorxusu
yaşayan ənənəvi sənətin və ənənəvi
dəyərlərin populyarlaşdırılması, kütləviləşdirilməsi,
milli sərvət kimi cəmiyyətin bütün üzvləri
arasında bərabər bölüşdürülməsi
baxımından çox önəmlidir.
Bu, tarixin yetişdirdiyi, cəmiyyət
qarşısına qoyduğu ictimai sifarişdir.
Şölənin təqdimatı baxımından bir
neçə arzumu da ifadə etmədən sözün
üstündən keçə bilmirəm. Çiçək
xanımın çəkdiyi zəhmətin
ağırlığı, fiziki miqyasları nə qədər
böyük olsa da, şölənin əhatə dairəsini
bir qədər də genişləndirmək mümkün idi:
iki gün davam edən tədbir zamanı İncə dərəsində
toxunan zərif naxışlı xalçaların
yığcam sərgisini təşkil etmək, ən
azından bənzərsiz əl işləri olan bu
xalçalardan fon kimi istifadə etmək çox faydalı
olardı: həm misli-bərabəri olmayan qeyri-adi gözəlliyi
nümayiş etdirmək, həm də bazara təqdim etmək
cəhətdən – yaşadığımız iqtisadi şəraitdə
İncə dərəsi kimi ucqar bölgələrin bazara
açılımına böyük ehtiyac var. Mübaliğəsiz
demək olar ki, İncə dərəsinin xalçaları
burada yetişmiş aşıq və poeziya sənətindən
heç də geri qalmır və əslində, bu
üç sənət bir-birini üzvi şəkildə
tamamlayır. Yaxud əslən bu torpağın yetirmələri
olan istedadlı rəssamların – Nəvai Məmmədoğlunun,
Qafar Sarıvəllinin, Məmməd Dərimçioğlunun
rəsm əsərlərini, eləcə də dizayn işlərini
sərgiləmək işin keyfiyyətini və rəngarəngliyini
daha da artıra, işgüzarlıq səviyyəsini yüksəldə
bilərdi. Ən istisna halda, şölənin televiziya təqdimatı
zamanı həm İncəli xalçalarından, həm də
rəssamların əsərlərindən yığcam
vernisajların hazırlanıb təqdim olunması onun
sanbalına sanbal qatardı və ümidvaram ki, Çiçək
xanım gələcək layihələrini hazırlayarkən
bu qeydlər üzərində də düşünəcək...
Mənə
elə gəlir ki, Çiçək Mahmudqızının
uğurlu təcrübəsindən istifadə edib, sırf
ictimai təşəbbüsün bəhrəsi olan bu cür
tədbirlərin coğrafiyasını daha da genişləndirmək
mümkündür və lazımdır: məsələn,
Şuşa, Kəlbəcər, Ağdam, Gülablı, Mərcanlı,
Müskanlı... günü kimi sənət şölənlərinin
keçirilməsi həm dünyanın diqqətini
işğal altında olan bölgələrimizə cəlb
etmək, həm də hər qarış torpağının
özünəməxsus dadı olan yurdumuzun mənəvi dəyərlərinin
yaşadılması, o torpaqdan kənarda doğulmuş
insanlara ötürülməsi baxımından faydalı ola
bilərdi. Sadəcə, burada ictimaiyyət
arasından təşəbbüskar və fədakar insanların
ortaya çıxmasına, xalqın mənəvi tələbatı
ilə təmas qurulmasına ehtiyac var.
İnternet
vasitəsilə tanış olduğum daha
bir maraqlı sənət hadisəsi də Çiçək
xanımın “Bənövşə yaşlar” kitabının
təqdimatı oldu. Kəpəzin qoynunda,
Göygölün üstündə, Toğana kəndində
açıq havada qurulmuş bu meydan tədbiri həm sənət
və elm adamlarını bir araya gətirmək, həm də
bu mərasimi estetik baxımdan yüksək səviyyədə
qurmaq və sonradan yaya bilmək, kütləviləşdirmək
baxımından qiymətləndirilməli, təqdir
olunmalıdır. Burada təkcə Çiçək
xanımın şeirlər kitabı deyil, söz, sənət,
sənətə sevgi, eləcə də Azərbaycan təbiəti
təqdim və təbliğ olunur. Bu da bir
həqiqətdir ki, kitabın təqdimatı və həmin təqdimatın
televiziya yayımı kitabın özündən daha
böyük təsir yaratmaq gücünə malikdir.
Çiçək Mahmudqızının “Türkel TV”də apardığı proqram da daim dəyişən, yeniləşən dünyada saz və söz meydanı kimi milli dəyərlərimizə xidmət edir. Çiçək Mahmudqızının təşəbbüsü ələ alıb böyük fədakarlıqla təşkil etdiyi saz-söz yığıncaqları və “Türkel TV”də apardığı proqram bu gün bizimlə informasiya dilində danışan zamanın çağırışına bəzən öz mənəvi ehtiyacını çətin ifadə edən ictimaiyyətin qəlbindən gələn cavabdır və mən gələcəyin üfüqlərində bu azman işlərin incə cizgilərini görürəm...
Məti
OSMANOĞLU
525-ci qəzet.-
2013.- 22 iyun.- S.24.