Erməninin xisləti, türkün yenilməzliyi,

 

YAXUD QİSAS QİYAMƏTƏ QALMAYANDA...

 

 

Firuzə Məmmədli mənim ilk gənclik çağlarımdan, daha doğrusu, özümü ədəbiyyata meylli bir gənc kimi dərk etdiyim zamanlardan – 80-ci illərdən üzü bəri “Ulduz”, “Azərbaycan” jurnallarından, “Ədəbiyyat qəzeti”ndən həmişə boy-boy ucalıb, zaman-zaman yorulmaz-usanmaz axtarışları və istedadının gücü ilə “Azərbaycan poeziyasının Firuzəsi” (V.Yusifli) məqamına yüksəlib. Elmi-tənqidi düşüncədə də Firuzənin yeri, obrazlı desək, poeziya mərtəbəsindədir. XX əsr Azərbaycan poeziyasının tarixi inkişaf yolunu ardıcıl şəkildə araşdıran, çağdaş ədəbi prosesə həssas münasibətilə seçilən ədəbiyyatşünas-tənqidçi V.Yusifli yazır: “Mən Firuzə xanımın “Ömrün axarı” kitabında toplanan nəsr əsərlərini də oxudum. Deyim ki, bunlar heç də “şairin nəsri” deyil, elə nəsr kimi doğulan yazılardır. Firuzə xanımı nəsr yazmağa vadar edən nə idi, deyə bilmərəm. Görünür, şeirdə ifadə edə bilmədiklərini nəsrdə deyə bilmək üçün yazıb bunları. Firuzə xanımın nəsri qətiyyən şair Firuzə Məmmədlinin imicinə xələl gətirmir. Əksinə, mən deyərdim ki, o, bu yolda axtarışlarını davam etdirsin... Çünki nəsrə məxsus özəllikləri onun yazılarında görürəm. Amma mənim üçün, bütün Azərbaycan oxucuları üçün şair Firuzə Məmmədli obrazı, daha əzizdir, daha doğmadır”.

Şair Firuzə Məmmədli haqqında çox yazılıb. Hətta mənim bildiyimə görə, bu yazılardan ibarət ayrıca bir ədəbi-tənqidi məqalələr məcmuəsi də çap olunub. Yenə də mənim bildiyimə görə, F.Məmmədlinin nəsri haqqında çox az yazılıb. Bəlkə də heç yazılmayıb. Bir fakt da buna işarə edir. Şairənin “Seçilmiş əsərləri”nin yeddi cildliyinin beşinci cildi başdan-ayağa nəsr əsərlərindən ibarət olduğu halda (bir neçə müsahibə və məqaləsi ilə bərabər), kitabda “Ön söz” əvəzinə verilən məqalələrdə (V.Yusiflinin “Azərbaycan poeziyasının Firuzəsi” və Əbülfəz Əzimlinin “Poeziyanın ruhu, ruhun poeziyası” yazılarında) ancaq şeir yaradıcılığı təhlil predmeti olur. Yalnız V.Yusİflinin məqaləsinin son abzaslarında F.Məmmədlinin nəsri haqqında qısa xarakteristika verilir. Məsələ burasındadır ki, bu abzaslar F.Məmmədlinin nəsri haqqında tənqidin ilk sözü kimi maraq doğurur və ciddi əhəmiyyət kəsb edir.

Beşinci cilddə F.Məmmədlinin “Ruhun qisası”, “İkinci həyat”, “Köhnə məscid həyəti”, “Sular sonası” povestləri və xeyli sayda hekayələri toplanıb. Bu əsərləri çox diqqətlə oxuyandan sonra onların həqiqi nasir qələmindən çıxdığına heç bir şübhəm qalmadı. Məsələ burasındadır ki, bu əsərləri oxumamışdan onları V.Yusiflinin təbirincə desək, “şairin nəsri” kimi qəbul edir və bu düşüncə mənə Firuzənin nəsrinə tənqidi yanaşma təlqin edirdi. Amma etiraf edim ki, elə birinci povestin oxusundan sonra mən çox dərin düşüncələrə dalmışdım və qarşımda sözün tam mənasında ciddi bir nasirin əsərlərinin dayandığının  fərqinə varırdım. Bu qənaətim povestdən-povestə keçdikcə bir qədər də möhkəmləndi. V.Yusifli çox dəqiq tutmuşdu ki, bunlar heç də “şairin nəsri” deyil, elə nəsr kimi doğulan yazılardır”. Mən F.Məmmədlinin nəsrində çox mükəmməl bir nəsr dili gördüm. Söhbət elə bir dildən gedir ki, fərdi nəsr üslubunun ortada olmasına heç bir şübhə yeri qoymur. Məhz bu cəhətə və bir sıra digər ciddi məziyyətlərinə görə Firuzənin nəsrinin orijinal nəsr təfəkkürünün məhsulu olduğuna şübhəm qalmadı. Ədəbi tənqidin “görünür, şeirdə ifadə edə bilmədiklərini nəsrdə deyə bilmək üçün yazıb bunları” (V.Yusifli) qənaəti məni heç cür razı salmadı. Şeirdən nəsrə keçid heç vaxt belə orijinal nəsr üslubu doğura bilməz. Firuzənin nəsri poetik təfəkkürlə heç cürə qarışıb-çülğalaşmayan, tam fərqli bir təfəkkürün, sanki qələmini ancaq  nəsr sahəsində sınayan və öz üslubu ilə ətrafındakıların hamısından fərqlənən, öz nəsr, “mən”ini ortaya qoyan bir nasirin yaradıcılığıdır. “Bütün Azərbaycan oxucuları üçün şair Firuzə Məmmədli obrazı” nə qədər doğma və əziz olsa da, demək lazım gəlir ki, “Ruhun qisası”, “İkinci həyat”, “Köhnə məscid həyəti”, “Sular sonası” povestlərinin müəllifi nasir Firuzə Məmmədli şair Firuzə Məmmədli ilə rəqabətə davam gətirə biləcək bir gücdədir və bu güc ona Azərbaycan nəsrində öz yerini tutmağa kifayət edəcək.

 

lll

 

Firuzənin nəsri güclü bədii ümumiləşdirmələri ilə diqqəti çəkir. Prozaik məzmun bu nəsrə tamamilə yaddır. Məzmunun polifonikliyi və metaforik ifadəsi bu nəsrin əsas səciyyəvi cəhəti kimi yadda qalır. Bədii təsvirin ətinə-qanına hopdurulmuş ironiya idrakın hüdudlarını genişləndirir. Bu nəsrdə deyilənlə, təhkiyə olunanla idrak olunan arasında əsaslı fərq var. Hər bir ifadə, hər bir cümlə və abzas,  düşüncə müstəvisində öz hüdudlarını aşır, oxucunu nəhayətsiz düşüncələr axarına salır.  Bu mənada “Ruhun qisası” povesti xüsusilə seçilir (Povest 1996-cı ildə yazılmış, ilk dəfə “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsinin 15 iyun 2003-cu il nömrəsində çap olunmuşdur). Əsər cəmi on dörd səhifədir. Müəllif bu on dörd səhifəlik povesti yeddi hekayətə ayırıb. Geniş götürəndə ön dörd səhifə povest həcmi deyil. Ənənəvi normativlərlə düşünsək, bu bir hekayə həcmidir. Lakin “Ruhun qisası” öz məna-məzmun genişliyi ilə bizi bu normativ düşüncə orbitindən çıxarır. Əsəri dönə-dönə mütaliə etdikdə orada bir roman materialının yerləşdirildiyini görməmək mümkün deyil.

“Ruhun qisası” Qarabağ mövzusunda yazılmış bir əsərdir. “O, 18 yaşlarında bir mesxeti türkü idi. Özbəkistandan köçüb buraya pənah gətirmişdilər. Adı gərək ki, Əhməd idi. Hə, Əhməd Abdullayev. “Qarabağ bizimdir” deyib canını tapşırdı”. Bu sözlər povestdə “əsirlikdən qurtarmış bir qadının dediklərindən” qeydi ilə epiqraf kimi verilir. “Qarabağ bizimdir” deyib canını tapşıran Əhməd Abdullayevin faciəsi Azərbaycan-erməni savaşında xalqımızın qəhrəmanlıqla həlak olan igid oğullarının dönməz xarakterini, hüdudsuz Vətən sevgisini görüntüyə gətirir. Bununla belə, Qarabağ mövzusunun bədii həllində ənənəviliyin davamı kimi səslənir. Birinci hekayət erməni əsirliyində onun miqyassız məhrumiyyətlərinin və facəli ölümünün təsvirinə həsr olunub və bu təsvirlər də ilkin planda mövzuya ənənəvi münasibətdən xəbər verir. Yəni, biz Qarabağ mövzusuna, Azərbaycan-erməni savaşına həsr edilmiş yüzlərlə nəsr əsərində əsirlikdə can verən soydaşlarımızın mətin xarakteri, erməni vəhşiliyi qarşısında sarsılmazlığı, ermənilərin insanlığa qarşı yönəlmiş cinayətləri haqqında çox oxumuşuq. Və biz çox vaxt nəql olunanı oxumuşuq. Ancaq birinci hekayətdə mövzunun ənənəviliyi ilə bərabər, onun təqdimində və bədii həllində bir qeyri-ənənəvilik də var. Əhmədin başına gələnlər bu “hekayət”də nəql olunmur, vizual görüntüyə gətirilir. Müəllif sanki hadisələri ekranda canlandırır. Bizim gözlərimiz qarşısında canvermə anında çapalayan, – “gah titrəyən, gah da hərəkətsiz düşüb qalan bədən” canlanır. Biz “çiyinləri arasında al-qırmızı fəvvarə axan” başı kəsilmiş Əhmədi görürük. Təsvirin mükəmməliyi və vizuallığını, sanki hadisələrin bizim gözlərimiz qarşısında baş vermiş kimi səciyyələnməsinin mükəmməlliyini şərtləndirən odur ki, başı kəsilməkdə olan və yaxud kəsilmiş qəhrəman başına gətirilənləri özü də görür, duyur: “Görür ki, həmin qaban avtomatın küpü ilə onun gicgahına güclü bir zərbə endirdi. Sonra o biri qaban bıçağı çəkib bir an içində onun boğazını üzdü. Sonra saçlarından yapışıb kəsilmiş başı qanı şoruldaya-şoruldaya öz boyu bərabərinə qaldırdı və yolun kənarındakı zibilliyə tulladı”.

Firuzənin təsvir və təhkiyəsində reallıq bütün çılpaqlığı, acıları və dəhşətləri ilə görünür. Bütün məqamlarda təsvir və təhkiyəni psixoloji gərginlik müşaiyət edir. Qəddi-qamətli bir gənci “özü kimi bir sürü qabana göstərərək”, “yaxşı qurbanlıqdı” deyib, erməni varlığını ortalığa qoyan təbiəti ilə (qana hərisliyi, nadanlığı, təcavüzə və təcavüzkarlığa meyli, bütövlükdə isə xəstə millətçi xarakteri ilə) “yerdə canı ilə əlləşən cəsədin” canını tapşırsa da, ruhunu qoruyub saxlaması, bu ruhun “bu dünya ilə hələ işinin qurtarmaması”, onu intiqama səsləməsi arasındakı paralelizm hər iki xalqın mənəvi dünyası arasında müqayisəyəgəlməz fərqlərin mükəmməl bədii ifadəsi olmaqla bərabər, hadisələrin sonrakı davamının qeyri-ənənəviliyini də işarələyir.

“O isə hələ bu dünya ilə işini qurtarmamışdı. Yerdə canı ilə əlləşən cəsədi onu intiqama səsləyirdi”- povestin ekspozisiyasını bu sözlər formalaşdırır. Psixoloji təsviririn gərginliyini bu sözlər şərtləndirir. Gələcək hadisələrin cərəyanını bu sözlər istiqamətləndirir. Başsız bədənin, haqqı əlindən alınmış, görünməmiş təcavüzə məruz qalmış VƏTƏN oğlunun  ruhunun bu intiqama köklənməsi , bu intiqamın reallaşacağı heç də baş tutmayacaq sevda təsiri bağışlamır.Erməni rəzaləti, VƏTƏN oğlunun Qarabağ sevgisi cəmi iki səhifəlik parçada o qədər vüsətli əks olunur ki, biz başsız bədənin, bədənsiz ruhun bu intiqamına  (bu intiqamın yerdə qalmayacağına) zərrə qədər şübhə etmirik.

Bununla belə, bu məqamda heç də müəllifin yerində olmaq istəməzdik. Çünki, hadisələrin sonrakı cərəyanını, bu intiqamın necə, nə şəkildə reallaşacağını və onun necə mənalandırılacağını təsəvvürə gətirmək o qədər də asan deyil və bəlkə də, qeyri-mümkündür.

Ancaq F.Məmmədli bu qeyri-mümkünü mümkün edə bilib, həm də çox ustalıqla. Məhz mövzunun bədii həllindəki gözlənilməzlik, qeyri-adilik və bu qeyri-adilikdəki inandırıcılıq və təbillik əsərin ideya-bədii mükəmməlliyini şərtləndirən əsas amilə çevrilir.

Povestin ikincidən epiloq əvəzi yeddinci hekayətə qədərki sonrakı hissələri bir erməni ailəsində cərəyan edir və bu ailədəki yeniyetmə bir qızın taleyini önə çəkir. Hadisələrin cərəyan etdiyi məkan ermənilərin xəyanət və zor gücünə işğal etdiyi bizim Vətən torpaqları – Dağlıq Qarabağ ərazisidir. Əsərdə Dağlıq Qarabağın adı çəkilmir, hadisələri təhkiyə edən erməni qızı “dərdsiz-qayğısız böyüdüyü” və ürəyincə olan malikanələrinin babasının “dünyanın cənnəti” adlandırdığı bir torpaqda yerləşməsindən, babasının tez-tez bu torpaq uğrunda axıdılmış qanlardan danışmasından söz açır. Söhbətin Qarabağ torpaqlarından getməsi aydın olur. Erməni qızı tez-tez babasının kabinetində divardakı türk xalçasının üstündən asılan bir bıçaqdan söz salır, babasının hər səhər o bıçağın tiyəsini vəhşi bir ehtirasla əmməsini müşahidə etdiyini söyləyir. Yeniyətmə erməni qızının təhkiyəsində oxuyuruq: “Mən bu mənzərəni ilk dəfə görəndə babamın gözünə necə göründümsə, kişi bıçağı tullayıb ikiəlli boğazımdan yapışdı. Sonrası yadımda deyil”.

Babanın öz nəvəsini görən gözü yoxdur və tez-tez təkrar edir: “Bu qız bizlərə oxşamır. Onun gözləri mənə qəribə baxır”.

Baba, sözün həqiqi mənasında, nəvəsindən çəkinir, onu görəndə hansısa bir fövqəlqüvvənin təsiri ilə həmişə gözlərinin önündə vaxtilə başını kəsdiyi türk oğlunun xəyalı canlanır. Baba türk oğlunun intiqamından qorxur (həmişə bu hissin təsiri altındadır) və bu hissin təsirilə əlini həmişə boğazına atır (Bıçaqla başını kəsdiyi Əhmədin bıçağını öz boğazında hiss edir).

Erməni ailəsi gündəlik həyat şəraitində təsvir edilir. Baba hər gün olduğu kimi türk xalçasının üstündən asılmış bıçağın tiyəsini əmməkdə davam edir. Erməni qızının təhkiyəsindən öyrənirik ki, günlərin birində təbii ki, babanın təhriki ilə oğulları “ciyərli olmaq üçün (yəni, əslində türk başı kəsməyə hazır olmaq üçün – T.S) xoruz başı kəsməyi məşq etməli idi. Heç biri ürək eləmədi”. (Bu, onların humanizmini yox, fitrətən qorxaq olduqlarını nümayiş etdirir). Hadisəni müşahidə edən erməni qızı hansısa bir hissin təsiri altında qaçıb türk xalçasının üstündən asılmış bıçağı götürüb həyətə çıxır və bir göz qırpımında xoruzun başını bədənindən ayırır. “Qanın fışqırmağı ilə babamdan dəhşətli bir çığırtı qopdu. Mən geri qanrılıb nəvələrini müşahidə etmək üçün xüsusi münsiflər stolu arxasında əyləşmiş babamı ikəlli boğazından yapışan gördüm. Özüm də mat qaldım. Barmaqlarının arasından qan sızırdı. Başını kəsdiyim xoruza tərəf dönəndə gördüyüm mənzərədən tüklərim ürpəşdi. Ayağımın altında 18-19 yaşlarında gözəl bir türk oğlu (türk oğlu olduğunu mənə kim dedi) çapalayırdı. Bu da ani olaraq gözümə göründü. Mən bıçağı tullayıb türkün başına tərəf əyildim. Saçlarından tutub boyum bərabəri qaldıranda (vaxtilə babasının türk oğlunun başını kəsib boyu bərabərinə qaldırdığı kimi) gördüm ki, bu xoruzun başıdır. Elə bu zaman babam əvvəlkindən də dəhşətlə çığırıb əllərini boğazına atdı. Mən xoruzun başını zibiliyyə tullayıb babama tərəf qaçanda o, əllərini boğazından çəkib məni rədd edirmiş kimi fəryad qopardı. Babamın boğazında iti bıçaqla cızılmış dərinin üstündə yavaş-yavaş qan laxtalanırdı. Sanki mən bıçağı xoruzun deyil, babamın boğazına çəkmişdim”.

Əhmədin vəhşicəsinə qətlə yetirilməsi erməninin törətdiyi nə birinci, nə də sonuncu cinayət idi. Şəhər (yəqin ki, Şuşa, ya bəlkə də Xocalı – T.S) “öz işğalının ilk saatlarını yaşayanda” biz “yolun kənarında içərisi qız-gəlinlə dolu yanmış avtobus”u, “döyülüb şil-küt edilmiş bir dəstə əsir cavan”ın “Qələbə Allahı şərəfinə qurban kəsildiyi”ni görürük. Gördüklərimiz bizi heyrətləndirməklə bərabər, bizdə dəhşətli psixoloji ağrılar yaşatmaqla bərabər, bu qanın yerdə qalmayacağına, Haqqın dərgahında erməninin gec-tez, amma mütləq öz əməlinə görə cavab verəcəyinə qəti inam yaradır.

Povestdə hadisələrin sonrakı cərəyanı bu inama tabe tutulur, çıxış nöqtəsini bu inamdan götürür. Erməni rəzaləti qarşısında Əhmədin cismini tərk edən ruhu Haqqın dərgahında da sakitləşmir, intiqam hissi ilə aşıb-daşır. Əhmədin ruhu Haqqın səsini eşidir. “Haqq dedi: Sən intiqam ala bilməzsən. Bunu sənsiz edəcəklər”.

Görünür ki, Haqqın qüdrəti sayəsində Əhmədin ruhu erməni qızının varlığına köçürülür. Sanki Haqqın dərgahında erməni qızına İntiqam ilahəsi statusu verilir.

Xoruz əhvalatından on il keçib. Babası intiqamdan yaxa qurtarmaq üçün bütün varlığında türk oğlu Əhmədi gördüyü nəvəsini təhsil almaq adı ilə öz yanından uzaqlaşdırıb, Moskvaya göndərib. Ancaq İntiqam ilahəsi ondan cismən uzaqlaşıb, ruhən bir an da olsa babasını tərk etməyib, intiqam niyyətindən əl çəkməyib. Anası deyəndə ki, “baban qocalıb, xortdana dönüb”, erməni qızı özündən asılı olmayaraq “həmin oğlanı – xoruzu kəsərkən gözünə görünən oğlanı” – Əhmədi xatırlayır (bu xatırlamanın alt qatında belə bir düşüncə dayanır ki, başqa nə cür ola bilərdi, babam öz əməlinin, daha doğrusu, cinayətinin cəzasını alır), onun varlığını öz varlığında duyur: “O həm məndəydi, həm kənarda. Budur, mən onu həm kənarda, həm də öz içərimdə müşahidə edirəm”. Varlığında hiss etdiyi Əhməd onu intiqama tələsdirir, anasının, babasının, əslində bütün nəsil-kökünün istəyinə rəğmən o, təhsilini, bütün işini-gücünü atıb babasının yanına qayıdır, ondan ruhuna köçmüş türk oğlunun intiqamını almaq üçün.

Mənsub olduğu millətin, qohum-əqrabasının həm keçmişdə – onun yaşı çatmayan vaxtlarda, həm indi- onun gözü qarşısında törətdiyi rəzalətlər, bu rəzalətlər haqqında etirafları onun varlığını, ruhunu büsbütün dəyişir.  Biz bu dəyişmə prosesinin psixoloji əsaslarını görür, duyur, eşidirik: “Hərdən lap ağ  eləyirlər. Dözə bilmirəm belə vaxtlarda. “Türk qanı ilə suvarırıq əkinlərimizi” deyirlər. “Ən gözəl şərabımız türk qanıdır” deyirlər. Belə sözləri eşidəndə başım gicəllənir, məndə ikinci bir “mən” peyda olur. Həmin türk gəncinin nə yuxuda, nə də aşkarda görmədiyim gözəl başı qalxır çiyinlərimin üstündən”.

Erməni qızı babasının törətdiyi cinayəti sənədləşdirən fotoşəklə baxır. Bu şəkildə babası “üz-gözü qapqara tük, əlindəki qanlı bıçağı ayağı altına sərilmiş bir cəsədin paltarına silib təmizləyir”. Erməni qızı bu dəhşətə dəhşətlə baxır, fotoşəklin təsiri altında “hərdən boğazında iti bıçaq yerinin ağrısını duyur”.

Evlərinə qayıdanda gözünü xalçanın üstündəki bıçaqdan ayıra bilmir. Babasını yoxlamaq üçün onun yanına girəndə babası onu Əhməd şəklində görür, “Əhməd, Əhməd....” deyib onu qovmağa çalışır. Bu səhnədən dəhşətə gələn qız özünü otaqdan bayıra atır. Otağa daxil olan oğlanları atalarını başı kəsilmiş vəziyyətdə tapırlar. “Tiyəsi qanlı yatağan (bıçaq) babamın kəsilmiş başının yanında düşüb qalmışdı”. Babanın başını kim kəsmişdi? Bir-birini əvəz edən müstəntiqlər bu müəmmadan heç cür baş aça bilmirlər. Bıçağın üstündə tək bir nəfərin – varlığında Əhmədin ruhunu daşıyan nəvənin əl izləri var. Onu istintaqa çəkirlər. “Maraqlanmışdım, nənəmdən bir ötəri eşitmişdim ki, babam bu bıçaqla (yatağanla) “Əhməd” adlı bir türk oğlunun başını kəsibmiş. Türklərin (azərbaycanlıların) qatı düşməni idi babam. Yadıma düşdü ki, babam çapalaya-çapalaya mənə baxır və “Əhməd, Əhməd”, – deyirdi. Nənəmin üstünə qaçdım. “Siz nahaq məni günahlandırırsınız. Qatil babamdır”. Mən demək istəyirdim ki, Əhməddir. “Babam Əhmədin qatili idi, Əhməd də babamın qatili oldu”.

Erməni qızı müstəntiqləri və bütün ətrafındakıları inandırmağa çalışır ki, “o (yəni Əhməd) ölü də olsa, ruhu diridir və öz intiqamını almışdır. Ola bilsin ki, bunun üçün mənim əllərimdən istifadə etmişdir”.

“Ruhun qisası” povesti ermənilərin tökdüyü nahaq qanların yerdə qalmaycağından danışır. Ancaq bu motiv povestin fəlsəfəsini ifadə etmir. Şübhəsiz ki, burada fərdi intiqamdan, hansısa bir qan intiqamından söhbət getmir. Povestin fabulasında Azərbaycan xalqına qarşı yönəlmiş genosiddən, etnik təmizləmə siyasətindən və bu yolda nəhayətsiz qanların tökülməsindən, bu qanın yerdə qalmayacağına qəti bir inamdan söhbət gedir. Povestin “epiloq əvəzi yeddinci hekayət”ində artıq yaşı yüzü haqlamış, müəllif təhkiyəsində deyildiyi kimi, “dünyanın əvvəlindən gələn”, qocalıb qarılaşmış erməni qızı tarixin hansısa dönəmində bu torpaqların əsl sahiblərinin geri qayıtması, “öz yurd-yuvalarını işğalçılardan təmizləməsini yaxşı xatırlayır: “Vəcdlə danışırdı o hadisələrdən “Odu e, bir də gördüm minlərlə Əhməd yeriyir. Hamısı da təpədən-dırnağa silahlı. Gəldilər, düşmənlərini qovub torpaqlarına sahibləndilər”. Məsələyə tarixin gözü ilə yanaşsaq, bu hadisə hələ baş verməyib. Biz itirdiklərimizi hələ geri qaytarmamışıq. Ancaq povestdə hadisələrin cərəyanının bütün məntiqi buna aparır. Biz baş verməmiş hadisənin baş verdiyinə, işğal altında olan torpaqlarımızı düşmən tapdağından təmizlədiyimizə, və yaxud təmizləyəcəyimizə, qətiyyən şübhə etmirik. Məsələ müəllif mövqeyində ifadə olunan bu nikbin notda deyil, gələcəyə inam pafosunun qüvvətliliyində də deyil. Əlbəttə, milli varlığımızı qoruyub saxlamaq baxımından bu da balaca məsələ deyil. Məsələ burasındadır ki, müəllifin mövzunun bədii həllinə qlobal düşüncə müstəvisində baxışı da povestdə tam şəkildə gerçəkləşə bilib.

Erməni qızı artıq söz-söhbətlərdən, müstəntiq dindirmələrindən cana doyub, özünü dəliliyə vurur və xeyli müddət dəlixana həyatı yaşamalı olur. Süjetin bu istiqamətdəki hərəkəti qəhrəmanın ötüb-keçənlərə retrospektiv baxışlarını, baş verənlərin mahiyyəti haqqında düşüncələrini oxucularla bölüşməsinə şərait yaradır. Erməni qızı İnsan və əməlləri, xarakteri-xüsləti haqqında düşünür, bu düşüncələr son dərəcə bədbin notlarla yüklənib. “İnsanın içində bu qədər yırtıcılıq nədəndir?...Biz insanda ali keyfiyyətdən – şüurdan danışırıq. Əgər şüur insanı günahsız körpələri nizəyə keçirib oda atmağa, saf, bakirə qız uşaqlarını iyrənc ehtiraslarının qurbanı etməyə, bığ yeri təzə tərləyən cavanların başını kəsməyə... sövq edirsə, ona ali demək olarmı? Belə çıxmırmı ki, insan heyvanlardan qat-qat aşağı səviyyənin məxluqatıdır?! Hərislik, tamahkarlıq, mənəmlik, mənimlik, düşgünlük, ehtiras, yırtıcılıq!.. Budur insanın təbiəti”. Erməni qızının belə düşünməsi, onun insan haqqında düşüncələrində zərrə qədər işıqlı məqamın olmaması bizi təəccübləndirmir. Çünki obrazın bu cür düşünməsi povestdə psixoloji cəhətdən tam əsaslandırılıb. Bütün həyatı boyu eşitdikləri, gördükləri, duyduqları onu İnsanın qeyri-insani təbiəti haqqında düşüncələr burulğanında qalmasını şərtləndirir. Ancaq tarixdən üzü bəri İnsanın təbiətinin mürəkkəbliyi, ziddiyyətləri və eybəcərliyi, insanın insanlıqdan çıxıb “qulyabanıya çevrilməsi” (Y.Səmədoğlu) haqqında, müəyyən mənada, fəlsəfi mühakimələr axarı, insan təbiətinə fəlsəfi nöqteyi-nəzərdən baxış bizim çağdaş ədəbiyyatımızda artıq keçilmiş mərhələdir. (Y.Səmədoğlunun “Qətl günü” romanındakı Tatar Temirin, Elçinin “Mahmud və Məryəm” romanındakı Mahmudun, Anarın “Otel otağı” povestindəki Kərim Əsgəroğlunun insan və onun xisləti barədə düşüncələrini yada salmaq olar). Ancaq “Ruhun qisası” povestində erməni qızının insanın təbiəti haqqında düşüncələri “keçilmişlərin təkrarı” təəssüratı yaratmır. Əlbəttə, erməni qızının mühakimələrində İnsana fəlsəfi münasibətin konturları aşkar görünən bir cəhətdir. Bu cəhət, yuxarıda qeyd etdiyimiz kimi, ədəbi ənənə orbitindən kənarda deyil. Yəni, insan xisləti haqqında bunlar təzə söz, təzə qənaətlər deyildir. Ancaq erməni qızının düşüncələri bizim üçün həm də yenidir, ədəbiyyatımızda bədii inikasını tapmamış bir estetik konsepsiyanı gerçəkləşdirir. Əslində, erməni qızının İnsan haqqında qənaətləri, ümumiyyətlə, İnsana fəlsəfi baxışın ifadəsi deyil. Onun düşüncələrində yer alan mənfur insan obrazı – erməni xarakterinin – xislətinin metaforalaşmasıdır. Çünki erməni qızının düşüncəsində İnsanın adına və xarakterinə yazılanların hamısı ermənilərin törətdiyi rəzalətlərdən qaynaqlanır. F.Məmmədli müəllif mövqeyini heç cürə çılpaqlaşdırmaq fikrinə düşmür. Povestdə ermənilərin törətdiyi vəhşilikləri erməni qızının öz pozulmamış (antitürk əhvali-ruhiyyəsi ilə zəhərlənməmiş) xarakteri ilə, ən əsası isə varlığında türk oğlunun ruhunu daşıyaraq və məhz bu ruhun təlqini ilə təmizlənərək, bəsirət gözünü açmaq imkanı əldə edərək götür-qoy edib insan haqqında ən bədbin qənaətlərə gəlməsi tam təbii bir proses kimi verilir. Erməni xisləti haqqında ən real həqiqətlər varlığında türk oğlunun ruhunu daşıyan erməni qızının taleyindən keçərək həyata vəsiqə alır. Povestin oxunaqlığını və bədiiliyini şərtləndirən əsas cəhət də budur.

 

Təyyar Salamoğlu,

Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2013.- 22 iyun.- S.28.