İnternet medianı Mətbuat Şurasının İdarə Heyətində ən yaxşı “Aynur Camalqızı və Elşad   Eyvazlı təmsil edə bilər”

 

 

"Azərbaycan mediasında haqqı olan və evə ehtiyacı olanlarlar 95%-i evlə təmin olunacaq"

İyulun 12-də jurnalistlərin növbəti qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının nizamnaməsi və idarə heyətində bəzi dəyişikliklər ediləcək.

Qurultayda başqa hansı yeniliklərin gözlənildiyi barədə Mətbuat Şurasının  İdarə Heyətinin üzvü Rəşad Məcid Publika.Az-ın suallarını cavablandırıb.

-Bu qurultayda nələr müzakirə ediləcək, hansı dəyişikliklər ediləcək?

-Jurnalistlərin növbəti qurultayında  internet medianın Mətbuat Şurasında təmsilçiliyi, İdarə heyətində də bu medianın nüməyəndələrinin yer alması fikirləri də gündəmə gətiriləcək.

Qurultayla bağlı Mətbuat Şurası redaksiyalara müraciət ünvanlayır. Həmin sorğularda idarə heyətində kimləri görmək istədikləri barədə fikilərini bildirəcəklər. Onlar fikirlərini yazılı formada Mətbuat Şurasına təqdim edəcəklər. MŞ-da belə bir fikir var ki, internet medianın da təmsilçiləri idarə heyətində yer ala bilərlər.

-Siz kimləri görmək istəyirsiniz idarə heyətində?

-Hesab edirəm ki,  son illərdəki fəaliyyətinə görə, Publika.Az xəbər portalının rəhbəri Aynur Camalqızı və Modern.Az saytının rəhbəri Elşad Eyvazlı internet medianı ən yaxşı təmsil edən şəxslərdir. Həmkarlarıma müaciət etmək istəyirəm ki, namizədləri sırasında bu iki şəxsin də adını qeyd etsinlər. Düşünürəm ki, jurnalistlər də bu namizədləri dəstəkləyib, onların idarə heyətində internet medianın iki layiqli təmsilçisini görə biləcəyik.

-Başqa hansı təkliflər olacaq?

-Qurultay əsasən, yeni idarə heyəti və yeni sədr seçiləcək. Nizamnaməsində dəyişiklik ediləcək, internet medianın MŞ-da təmsilçiliyi əsas müzakirə mövzusu olacaq.

-Sədrlə bağlı təkliflər var?

-Hesab edirəm ki, jurnalistlər yenə də Əflatun Amaşovun sədrliyini dəstəkləyəcəklər. Xüsusən də, son illərdə Ə.Amaşovun MŞ-da fəaliyyəti qənaətbəxşdir. Onun  media ilə ictimaiyyət arasında münasibətlərin yaranmasında və medianın inkişafında rolu böyükdür. Sədr kimi yenə də mən Əflatun Amaşovu görürəm.

-Başqa namizədlər var?

-Yox, düşünmürəm başqa namizədlər olsun. Amma olsa belə, yenə də çoxluq Əflatun Amaşovu dəstəkləyəcək.

-İnternet medianın da Mətbuat Şurasında təmsilçiliyi ilə bağlı yeni komissiyaların yaradılması mümkündürmü?

-Əlbəttə, qurultayda bu mövzu da müzakirə olunacaq. Mətbuat Şurasının idarə heyəti seçiləndən sonra həm köhnə komissiyalar təzələnəcək, həm də yeniləri yaradılacaq. Artıq internet media da qəzetlər kimi peşə davranış qaydalarına qol çəkəcəklərsə, gələcəkdə buna əməl etməyən redaksiyalara qarşı müvafiq tədbirlər görüləcək. İnternet mediadan da KİV-lər kimi peşə davranış qaydaları, kodekslərə əməl etməlidirlər. Buna riayət etməyənlərlə bağlı Mətbuat Şurası ictimai qınaq kimi tövsiyələrini verəcək.

-Mətbuat Şurasında internet media üzvlərinin sayı artır. Mətbuat sözü isə yazılı medianı ifadə edir. Şuranın adının Media Şurası kimi dəyişdirilməsi mümkündürmü?

-Elə bir fikir yoxdur. Amma hesab edirəm ki, mətbuat sözü həm yazılı, həm də on-layn medianı ifadə edir. Zaman keçdikcə, forma dəyişə bilər. Amma onlar da mətbuatdır və adın dəyişməsinə ehtiyac yoxdur.

-Mətbuat Şurasında qadın üzvlərin sayı çox azdır? Gender balansının yaradılması barədə hansı addımlar atıla bilər?

-Mən hər zaman demişəm ki, qadın üzvlərin sayı çox olsun. Hazırda yeganə qadın üzvümüz Vüsalə Mahirqızıdır. Əminəm ki, yeni qadın üzvlərinin qəbul olunması vacibdir. İstərdim ki, ictimaiyyət nümayəndələri arasından da qadın üzvlərimiz olsun. Təəssüf ki, hələ belə bir namizəd görmürəm. Amma bu barədə fikirləri olanlar, jurnalistlər arasında rəğbət qazana biləcəyini düşünən qadınlar da müraciət edə bilərlər.

-Jurnalistlərin ev məsələsi gündəmdədir.Amma bu barədə müxtəlif fikirlər səsləndirilir. Bu barədə nə düşünürsünüz?

-Mətbuat Şurası artıq sənədləri hazırlayıb, Prezident Adminstrasiyasına təqdim edib. Güman edirəm ki, Mətbuat günündə evlər jurnalistlərə paylanacaq. Azərbaycan mediasında haqqı olan və evə ehtiyacı olanlarlar 95%-i evlə təmin olunacaq.

 

525-ci qəzet.- 2013.- 25 iyun.- S.5.