Tarixi kitabın tarixi tərcüməsi
Elə kitablar var ki, özünə hörmət edən, dünyanı dərk edib mənəvi sərvətinə çevirməyə çalışan hər bir mədəni millət istəyir ki, həmin kitablar onun ana dilində olsun. Hər şeydən əvvəl ona görə ki, müxtəlif dillərdə zühur edən, meydana çıxan bu cür kitabları oxumaq üçün hər bir arzusunda olan adama ən azı onlarla dilləri öyrənmək lazım gələrdi ki, bu, praktik olaraq mümkün deyil. İkincisi, həmin kitabların çox da mükəmməl olmayan tərcüməsi belə ana dilinə böyük (və bir qayda olaraq, universal, ümumbəşəri) təfəkkürün dil- üslub modellərini, maneralarını gətirir, onu (ana dilini) yeni nitq (və idrak!) texnologiyaları ilə zənginləşdirir. Və nəhayət, üçüncüsü isə, qeyri- adi intellektual, əqli- zehni və mənəvi- ruhi təzahürün məhsulu olan bu kitablar çevrildiyi hər hansı dilə mistik bir enerji verir.
Görkəmli amerikan şərqşünas- şumeroloqu Samuel Noah Kramerin məşhur “Tarix Şumerdə başlayır”ı belə kitablardandır. Çox az mütəxəssisin, o da ancaq müəyyən vəziyyətdə, öyrənə bildiyi ən qədim bir dilin – şumercənin mətn- mənbələri əsasında müasir dünyanın ən geniş yayılmış bir dilində – ingiliscə yazılmış kitab artıq alman, fransız, ispan, ərəb, rus, italyan, yapon, türk və s. dillərə tərcümə olunmuş, yalnız şumerşünaslar, yaxud ümumən tarixçilərin deyil, hər bir elmli,mədəni insanın müraciət edəcəyi mötəbər mənbəyə çevrilmişdir. Kitabın bu günlərdə orijinaldan Azərbaycan türkcəsinə tərcümə edilərək nəşr olunması, elə bilirəm ki, öz- özlüyündə böyük hadisədir; ancaq nəzərə alsaq ki, tərcümənin səviyyəsi, keyfiyyəti olduqca yüksəkdir, onda əlavə etmək olar ki, həm də tarixi hadisədir.
Tərcüməçi – hörmətli Tamara xanım Hacıyeva S.N.Kramerin qədim tarixi mənbələrə dayanaraq irəli sürdüyü analitik mülahizələri, tez- tez müraciət etdiyi, ümumişlək olmayan, ona görə də tərcüməyə çətin gələn arxaik anlayışları, eləcə də, müasir dövrün təsisatları ilə apardığı geniş müqayisələri Azərbaycan türkcəsində kifayət qədər dəqiq ifadə etməklə yanaşı, müəllifin canlı, çox hallarda publisistikaya, hətta danışığa çəkən səmimi- söhbətcil üslubunu da qoruyub saxlaya bilmişdir. S.N.Kramer “Tarix Şumerdə başlayır”ı elə yazmışdır ki, dünyanın min illərlə “məsuliyyətsizcəsinə” unutduğu, çox-çox sonralar – XIX əsrdə təsadüfən aşkar olunanda isə tədricən hər bir inkişaf etmiş xalqın iddiasında olduğu möhtəşəm mədəniyyətin sanki sözün geniş mənasında müdafiəçisi, təəssübkeşi və təbliğatçısıdır. Şumer mədəniyyətinin həyatın ən müxtəlif sahələrdəki (kənd təsərrüfatından şəhər idarəçiliyinə, təhsildən məhkəmə- hüquq qaydalarına qədər) uğurlarından bəhs edən müəllif heç bir halda soyuqqanlı və ya təmkinli deyil. Şumer dövründə müəllim- professorların maaşları kifayət etmədiyi üçün tələbələrin valideynlərdən rüşvət gözləməsi faktını ortaya çıxaranda da intonasiyası təəssüf, yaxud tənqiddən tamamilə uzaqdır. Əksinə, o dövrü müasir dövrlə cəsarətlə, hətta qəribə bir nikbinliklə müqayisə edib, indiki kimi onda da belə imiş deyir, müəllim- professorların maaşları kifayət etmirmiş.
Mənə ən çox xoş gələn o oldu ki, S.N.Kramer hansı intonasiya ilə necə yazmışdırsa, Tamara xanım da o cür tərcümə etmiş, daha doğrusu, Şumerin yalnız tədqiqatçısı yox, həm də böyük müdafiəçisi, təəssübkeşi və təbliğatçısı olan müəllifi Azərbaycan türkcəsində danışdıra bilmişdir.
S.N.Kramer gənc yaşlarından həm İraqda- Şumerin mərkəzi Nippurda, həm də dünyanın müxtəlif muzeylərində Şumer mətn- lövhələrini ardıcıl araşdırdığından, bu sahədəki görkəmli mütəxəssislərin, demək olar ki, hamısını yaxşı tanıyıb onlarla bütün ömrü boyu sıx təmasda olduğundan şumerşünaslığa yalnız elmi tədqiqat obyekti, yaxud ixtisas kimi baxmamış, onu kifayət qədər uzun sürən həyatının üzvi tərkib hissəsinə çevirmişdir. Və təsadüfi deyil ki, kitabın təhkiyəsində müəllif – “mən” komponenti olduqca fəaldır... Bu, özünü “Birinci nəşrin ön sözü”nün ilk cümlələrindən göstərir:
“Son 26 ildən bəri şumerologiya, xüsusilə də Şumer ədəbiyyatı üzərində çalışmaqdayam. Apardığım bu tədqiqatların əvvəli ixtisas kitabları, monoqrafiyalar və müxtəlif elmi jurnallarda məqalələr şəklində nəşr edilmişdir. Bu kitab şumerologiya sahəsində apardığım tədqiqatların və nəşrlərin mühüm nəticələrini bir toplu halında oxumağı sevənlərə, humanitarlara və alimlərə təqdim edir”.
S.N.Kramer
(1897- 1993) bu sözləri yazanda 1956- cı il idi. Və onun
altmış yaşı hələ tamam olmamışdı.
1959- cu ildə kitabın ikinci, 1981- ci ildə isə
üçüncü nəşri işıq üzü
gördü.
Müəllif
“mən”i qədirbilən (və təvazökar) Şərq
müdrikləri kimi öz ustadının (və
ustadlarının) üzərindəki əməyini, zəhmətini
(və bu kitabın zühurundakı mənəvi xidmətlərini)
belə yad edir: “...tədqiqatlarımda ən böyük minnətdarlıq
borcum XX əsrin birinci yarısının böyük
şumeroloqu Arno Pöbelin ünvanınadır. Şərqşünaslıq
İnstitutunda Assur lüğəti
çalışmalarının üzvü kimi, onunla gizlicə
oturub, sözlərini hava və su kimi qəbul etdim. Amerika
şumerologiyasının hələ bir elm sahəsi kimi
formalaşmadığı zamanlarda bir Şumer dili ustadı
olan Arno Pöbel uzun- uzadı
vaxtını və biliyini böyük səxavətlə mənə
sərf etdi”.
S.N.Kramerin
əsərinin klassik kitablar üçün səciyyəvi
olan, mükəmməl məntiqə əsaslanmış
maraqlı (və nə qədər paradoksal görünsə
də, eyni zamanda orijinal!) strukturu var. Müəllif hər fəsli
“yazılı tarixdə otuz doqquz ilk”dən birinə həsr
edir: ilk məktəblər, ilk rüşvət, ilk yeniyetmə
özbaşınalığı, ilk “əsəb
savaşı”, ilk ikipalatalı məclis, ilk tarixçi, ilk
vergi güzəşti, ilk məhkəmə qərarı, ilk
atalar sözü və məsəllər, ilk məhəbbət
nəğməsi, ilk mərsiyələr və s. Yalnız
fakt- mənbələrə əsaslanan, uyğun mətnləri
müqayisə edən, tarixi hadisələri – dünyada “ilk”
olanları ortaya çıxaran tədqiqatçının
emosionallığı, yaxud fəal, ehtiraslı “mən”i tarixə
“müdaxilə”lərində, demək olar ki, heç bir məqamda
obyektivliyi (tarixi mənbəni!) zədələmir, mötəbər,
yüksək intellektli, geniş erudisiyalı (və
genişürəkli!) bir redaktor şərhi verir.
Və
çox əhəmiyyətlidir ki, az qala eyni səviyyəli
redaktorluğu tərcümənin elmi redaktoru, şərhlərin,
ön və son sözlərin müəllifi AMEA- nın
müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq
Hacıyev də edir.
Tofiq
müəllimin istər “S.N.Kramer və onun “Tarix Şumerdə
başlayır” kitabı haqqında” ön sözündə,
istərsə də “Şumer və biz” son sözündə
Kitab böyük hörmət (və məhəbbət)lə
təhlil olunur. “Biz” deyəndə bilavasitə bizi, yəni
bütövlükdə türkü və Azərbaycanı, həm
də qismən müasir dünyamızı nəzərdə
tuturam” deyən elmi redaktorun bir azərbaycanlı tədqiqatçı-
alim kimi buna haqqı vardır. Çünki hələ
keçən əsrin yetmişinci illərində gənc
professor Tofiq Hacıyev Azərbaycan dili tarixinə aid mötəbər
tədqiqatlarında ilk dəfə Şumerdən bəhs
edirdi. Və o da ilk dəfə Şumer- türk leksik paralellərinin
miqyasını görüb S.N.Kramer kimi həyəcanlanır,
Azərbaycanda böyük bir həyəcan- təsir məktəbi
yaradacaq ilk şumerşünaslıq mülahizə-
iddiaları ilə çıxış edirdi.
“Tarix
Şumerdə başlayır” kitabının ilk nəşri
çıxanda T.Hacıyevin 20 yaşı vardı, Şumer-
türk leksik paralellərinin verildiyi “Azərbaycan ədəbi
dili tarixi( təşəkkül dövrü” kitabı
çıxanda isə 40 yaşına
çatmışdı... S.N.Kramerin kitabının Azərbaycan
türkcəsinə redaktorluq edəndə isə hörmətli
müəllimim, elmi rəhbərim T.Hacıyev 75- i keçib
100- ə (S.N.Kramer yaşına) yaxınlaşır... Burada təsadüfi
heç nə yoxdur... Çünki “bəşər
övladının hamısı, bütün etnoslar Adəmin
törəmələri olduğu kimi, bugünkü mədəniyyətlərin
hamısı Şumer sivilizasiyasının
övladlarıdır” (T.Hacıyev).
Kitabın
tərcüməsinə, hörmətli tərcüməçi
Tamara xanım Hacıyevaya yalnız bir tənqidi qeydim ola bilərdi
ki, onu da tərcümənin elmi redaktoru son sözün son
cümləsində artıq göstərmişdir:
“Və
deməli, tarix də, elm də Şumerdən başlanır:
bu bizim dünyanın əsas bir sözünə
çevrilib”.
S.N.Kramerin böyük istedad, hörmət və həssaslıqla tərcümə olunmuş kitabının adı Azərbaycan türkcəsində belə olmalı idi: “Tarix Şumerdən başlanır”.
Nizami Cəfərov
525-ci qəzet.-
2013.- 25 iyun.- S.4.