Orxan Arasın təqdimatında
“Kaşqardan Berlinədək portretlər və kitablar”
Tanınmış
yazıçı-publisist Orxan Arasın türk dilində
“Kaşqardan Berlinədək portretlər və kitablar” toplusu
bugünlərdə Ankarada işıq üzü
görüb. Kitabda geniş bir coğrafiyanı əhatə
edən adıçəkilən ərazinin
tanınmış yazıçı və şairlərinin,
ictimai xadimlərinin ədəbi portretləri çox
maraqlı, oxunaqlı bir dillə təsvir olunub.
Kitab məşhur
qırğız yazıçısı Çingiz Aytmatov
haqqında yazı ilə açılır. Müəllif
yazıçı ilə görüşdən sonra
aldığı təəssüratları, fikir və
düşüncələrini bölüşüb.
“Azərbaycanın
Dədə Qorqudu Bəxtiyar Vahabzadə” məqaləsində
O. Aras şairimizi bütün türk dünyasının
böyük oğlu kimi səciyyələndirib və xatirələrini
qələmə alıb: “Ustad Azərbaycanın mənəvi
baxımdan ən quraqlıq vaxtında yetişmiş bir milli
çinardı. Onu bir məqalə daxilində anlatmaq
mümkün deyil. O cildlərlə kitaba sığmayan bir
şəxsiyyətdi. O eyni zamanda böyük bir Türkiyə
sevdalısıydı. Bir dönəm bəzi beyinsizlərin
Türkiyəni və türk dilini yox saymaq istədikləri
anda “Bizim Türkiyədən başqa kimimiz var?” adlı
çox gözəl bir məqalə yazmışdı”.
Kitabda həmçinin
tarixi şəxsiyyətlərdən Məhəmmədəmin
Rəsulzadə, Fətəli Xan Xoyski, Behbud xan Cavanşir, Əbülfəz
Elçibəy və türk dünyasının digər
tanınmış siyasi xadimləri haqqında dəyərli
yazılar öz əksini tapıb.
“İsa
Muğannanın cild-cild kitablarının içində hakim
ideologiyaya bulaşmamış onlarla hekayə və roman var.
Amma hansı dəyərimizin yetərincə qədrini
bilmişik ki, İsa Muğanna da tanınsın və
bilinsin!” Bu düşüncələr isə Azərbaycanın
görkəmli yazıçısı İsa Muğanna
haqqındakı yazıda qeyd edilib.
Orxan Aras
nəşrdə akademik İsa Həbibbəyli, filosof Səlahəddin
Xəlilov, “muğamın sultanı” adlandırdığı
Alim Qasımov, eləcə də Azərbaycanın bir
çox elm və sənət adamları haqqında
sanballı fikirlərlə çıxış edib:
“...Naxçıvandan İsa Həbibbəyli kimi müəllimlər
çıxdıqca zirvələrdə dalğalanan
bayraqların sayı daha da artacaq”.
“...Bu
mübarizə içində iki fərqli mədəniyyət
arasında professor Səlahəddin Xəlilov kimi fəlsəfi
körpülər qurma çalışmaları diqqətəlayiqdir
və yeni tədqiqatçılar üçün istiqamətverici
mahiyyət daşıyır. Belə çalışmalar
insanı və mədəniyyətləri daha yetkin edəcək”.
“...Bu
torpaqların daha çox Alim Qasımovlar yetişdirəcəyindən
və dünyaya səsimizi çatdıracağından əmin
ola bilərik. Yetər ki, biz özümüzün qədrini
bilək...”
O.Aras
kitabda azərbaycanlı qələm dostları haqqında da
ayrıca yazılarla düşüncələrini
bölüşüb. “Anar” adlı yazısında Azərbaycanın
Xalq yazıçısı Anarla birgə səfərlərindən
aldığı zəngin təəssüratı lirik dillə
qələmə alıb.
“Sabir bəy
Azərbaycanı müstəqilliyə qovuşduran ən
önəmli insanlardan biridir. Bütün siyasi
çalışmalarına rəğmən əsas işindən
vaz keçmir və kitablar yazmağa davam edir”. Bu fikirlər
isə müəllifin Xalq şairi Sabir Rüstəmxanlı
haqqında yazdığı məqaləsində yer alıb.
“Azərbaycanın
duyğulu şairi Ramiz Rövşən” yazısında
şairin yaradıcılığı təhlil süzgəcindən
keçirilib: “Bəlkə mən də Ramiz Rövşən
kimi və ya onunla əl-ələ
“biz olmayan yerə” getmək istəyirəm. Şeiriylə
Tanrının nəfəsini bizlərə göndərən
şair üçün nələr yazıla bilər ki?”
“Fikrət
Sadıqın “Taleyin acığına” kitabı bir həyatı
başdan-başa –enişiylə, yoxuşuyla, coşqusuyla
ortaya qoyan bir əsərdir –desəm yanılmaram. Hələ
Fikrət Sadıq kimi doğrya doğru, yalana yalan deyə bilən,
özü doğru, sözü doğru bir şair haqqında
düşüncələr daha artıq bir dəyərə
sahib deyilmi?”. Bu fikirlər toplu
müəllifinin “İçli bir şair Fikrət Sadıq” yazısında təqdim
olunub.
“Eşq dərdiylə
dərdlənməyin, ölməyin artıq qəribsəndiyi
bir dünyada yaşayırıq və Qulu Ağsəs kimi
şairlər də zamanın inadına bunları yazırlar.
Onun şeirlərində təmiz bir dil və sakit ifadə
var. Onun şeirlərini oxumağa başlayanda içimdə
sərin küləklər əsməyə başlayır”.
Bu fkirlər isə O.Arasın “Qulu Ağsəs və onun
şeiri” yazısındandır.
“Əskilməyən
dost – Tofiq Abdin” məqaləsində müəllif onu bu
duyğusuz, çürüməyə başlayan dünyada hələ
saflığın, duru, su kimi təmiz insanlığın təmsilçisi
kimi xarakterizə edib: “Tofiq Abdin şair və sənətkar
olmaqdan əlavə, vəfa adamıdır. Bunu xüsusilə
söyləməliyəm ki, Tofiq abi həm Türkiyə, həm
də Azərbaycan türklərinə gərəkli
insandır”.
“Öz səsinlə
sənin şeirlərini dinləmək məni daha çox
sevindirmişdi. Çünki sənin səsində Azərbaycanın
dərdləri, hüznləri, idealları, ümidləri və
qəhrəmanlıqlarıyla bütün bir keçmişi
vardı. ..” Bunu O.Aras Azərbaycanın sevilən şairi
Rüstəm Behrudi haqqında yazdığı məqalədə
qeyd edib.
“Bir Aqil
dost” yazısında Aqil Abbasın
yaradıcılığı haqqında düşüncələr
önə çəkilib: “Onun son dəfə oxuduğum
“Çadırda Üzeyir Hacıbəyli doğula bilməz” və
“Dolu” romanları nə qədər usta qələm sahibi
olduğuna məni inandırmış oldu”.
O.Aras
“Şair və jurnalist Rəşad Məcid” yazısında qələm
dostunun lirik yaradıcılığının məziyyətlərindən
söz açıb: “Rəşad Məcidin şeirlərində
sevgi və həsrət çox güclüdür. Şeirlərinin
bir qismində itirilmiş və həsrətlə yad edilən
Vətənin izi, səsi, kədəri çox aydın bir
şəkildə görünsə də, təməlində
həmişə sevgi var.
Burdan əvvəl,
burdan sonra,
Bilə-bilə
ki, yol yoxdu,
Havasızdı,
işıqsızdı,
Nə
sağ yoxdu, nə sol yoxdu,
Gedirəm,
yenə gedirəm.
Sağı-solu
olmayan, bütün yolların qapandığı, əngəllərin,
yasaqların getdikcə artdığı bir aləmdə “getmək,
yenə getmək” bir cəsarət və eşq yolçusunun
işidir. Eşq yolçuları Şərqin minlərlə
illik yaxşılıq və gözəllik
yolçularıdır”.
Müəllif
yazıçı Yaşar haqqındakı yazısında
onun tək hekayə kitabı olan “Yeddi”də toplanmış əsərlərin
ədəbi məziyyətlərini vurğulayıb: “Tək
hekayə kitabı olan “Yeddi” məncə, Azərbaycan ədəbiyyatında
çox böyk əhəmiyyətə malikdir”.
Publisist
“Sevginin yolu və yolçusu Elçin İsgəndərzadə”,
“Türk Don Juanı Elçin Hüseynbəyli”, “Hardaydın
sən, Zakir Fəxri” yazılarında da azərbaycanlı həmkarları
haqqında isti, səmimi fikirlərini anladıb: “Mənə
görə Elçin İsgəndərzadə şairliyindən
və alimliyindən əlavə, əsrimizin Övliya Çələbisidir”.
“Elçin Hüseynbəylinin “On üçüncü həvari-141-ci Don Juan” əsəri yetkin bir yazıçının əsəridir”.
“Niyə
bir az da durmadım orda? Niyə o adamla birgə bu yalan
dünyanın yalanına hayqırmadım? Kitab köksümdə
və üzərindəki o qırıq, köhnə təkər
sanki ürəyimi əzərək fırlanır. Bir ney səsi
və mənim səsim: hardaydın sən Zakir Fəxri,
harda?”.
Kitabda həmçinin
türk ellərinin yetişdirdiyi bir çox görkəmli
söz, sənət adamı haqqında səmimi, duyğu dolu
yazılar toplanıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 25 iyun.- S.7.